ƏBU BƏKRİN PEYĞƏMBƏRDƏN (S) NƏQL ETDİYİ HƏDİS Quran ayələri barəsində aparılan bəhsdə isbat olundu ki, peyğəmbərlərin varisləri onlardan irs aparırlar və onların irsi vəfatlarından sonra sədəqə kimi yoxsulların arasında bölüşdürülmür. Indi gəlin sünnü alimlərinin nəql etdikləri və beləliklə də birinci xəlifənin Peyğəmbər (s)-in qızının ata irsindən məhrum etməsinə bəraət qazandırdıqları hədisi araşdıraq. Əvvəlcə hədis kitablarında mövcud olan hədisləri nəql edirik, sonra onların məfhumu barəsində mühakimə yürüdəcəyik. 1. "Biz peyğəmbərlər qızıl, gümüş, yer və irs qoymuruq. Biz inam, hikmət, elm və hədisi irs qoyuruq." 2. "Peyğəmbərlər irs üçün bir şey qoymurlar." (Yaxud: onlara irs yetişmir.) 3. "Peyğəmbər irs üçün bir şey qoymur." (Yaxud: ona irs yetişmir.) 4. "Irs üçün bir şey qoymuruq. Bizdən qalan şeylər sədəqədir." Bunlar sünnü mühəddislərinin nəql etdikləri hədislərdir. Birinci xəlifə Fatimə (ə)-ın atasından irs aparmasının qarşısını aldıqda dördüncü hədisə istinad edirdi. Bu barədə Əbu Hüreyrənin nəql etdiyi beşinci bir hədis də vardır. Lakin onun hədislərinin nə vəziyyətdə olması məlum olduğu üçün, onu nəql etmirik (hətta "Əs-Səqifə" kitabının müəllifi Əbu Bəkr Cövhəri bu hədisin həqiqətdən çox-çox uzaq olduğunu etiraf etmişdir) və qeyd olunan dörd hədisi araşdırıb təhlil edirik. Birinci hədis barəsində onu deməliyik ki, məqsəd peyğəmbərlərin özlərindən sonra heç nəyi irs qoymaması deyil, bunu çatdırmaqdır ki, Peyğəmbərin vəzifəsi öz şərəfli ömrünü qızıl-gümüş yığmağa, bağ-bağat salmağa sərf etmək, sonra isə onları öz varisləri üçün irs qoyub getmək deyil. Onlardan yadigar qalan şey qızıl və gümüş deyil, hikmət, elm, sünnədir. Bu mətləb isə "Əgər bir peyğəmbər öz ömrünü camaatı hidayət edib onlara yol göstərmək üçün sərf etsə və tam zahidliklə, qənaətlə keçinsə, onda onun vəfatından sonra "peyğəmbərlərin heç nəyi irs qoymamaları" hökmünə görə gərək onun qoyub getdiyi mal-dövlət dərhal onun varislərindən alınsın və sədəqə verilsin"–fikrinin tam əksidir. Daha dəqiq desək, hədisdə məqsəd budur ki, peyğəmbərlərin ümməti, yaxud varisləri onların vəfatından sonra mal-dövlət və sərvət irsinin intizarını çəkməməlidir. Çünki onlar bu iş üçün deyil, dini, şəriəti, elmi və hikməti camaatın arasında yayıb bunları özlərindən yadigar qoymaq üçün gəlmişlər. Şiə alimlərinin Imam Sadiq (ə)-dan bu məzmunda nəql etdikləri bir hədis təsdiq edir ki, Peyğəmbər (s)-in məqsədi elə bu imiş. Imam Sadiq (ə) buyurur: "Alimlər peyğəmbərlərin varisləridir. Çünki peyğəmbərlər özlərindən dinar və dirhəm irs qoymurlar, onlar (camaat üçün) öz hədislərini yadigar qoyurlar." Bu hədis və buna oxşar olan sair hədislərdə məqsəd budur ki, mal-dövlət toplamaq peyğəmbərlərə layiq bir iş deyildir. Onlara layiq olan iş öz ümmətləri üçün elm və iman qoyub getməkdir. Buna görə də bu, "əgər bir peyğəmbər özündən sonra bir şeyi irs qoyub getsə, onu varisinin əlindən tutub almaq lazımdır" kimi iddia üçün bir sənəd ola bilməz. Deməli, ikinci və üçüncü hədisdə də qısa və yığcam nəql olunduğuna baxmayaraq, məqsəd elə budur. Həqiqətdə Peyğəmbər (s) yalnız bir hədis buyurmuşdur, amma sonralar nəql edilərkən dəyişdirilmiş və qısa şəkildə nəql olunmuşdur. Bura qədər ilk üç hədisi düzgün şəkildə təfsir edib onların Quranla olan ixtilafını aradan qaldırdıq. (Belə ki, Qurani-Məcid peyğəmbərlərin övladlarının onlardan irs aparmasını xəbər verir). Mühüm məsələ dördüncü hədisdir. Çünki qeyd etdiyimiz izahlar bu hədisi təfsir edə bilməz. Bu hədisdə aşkar şəkildə deyilir ki, bir peyğəmbərin, yaxud peyğəmbərlərin qoyub getdikləri mal-dövlət gərək "sədəqə" olaraq zəbt olunsun. Indi belə bir sual qarşıya çıxır: əgər hədisdə məqsəd bu hökmün bütün peyğəmbərlərə şamil olmasıdırsa, bu halda onun məzmunu Quran ilə müxalif olar və etibardan düşər. Yox, əgər məqsəd bu hökmün təkcə islam Peyğəmbərinə şamil olmasıdırsa və o, bütün peyğəmbərlərin arasında belə bir müstəsna xüsusiyyətə malikdirsə, bu halda Quranın ayələri ilə külli şəkildə müxalif və zidd olmasa belə, Quranın irs və onun varislər arasında bölünməsi qaydası (bu qayda külli və ümumidir, islam Peyğəmbərinə də şamildir) barəsində olan çoxlu ayələri qarşısında bu hədisə əməl etmək onunla şərtlənəcəkdir ki, qeyd olunan hədis, onunla Quran ayələrini məxsuslaşdırmaq mümkün olacaq bir həddə düzgün və mötəbər olmalıdır. Lakin xəlifənin istinad etdiyi bu hədis bir neçə cəhətdən etibarsızdır: 1. Peyğəmbər (s) səhabələri içərisində bu hədisi heç kəs deyil, yalnız birinci xəlifə nəql etmişdir. (Səhabələrdən heç kim bu hədisi nəql etməmişdir.) Onun bu hədisi təklikdə nəql etməsi əbəs deyildir və bu, danılmaz bir tarixi məsələdir. Hətta ibni Həcər təkcə onun bu hədisi nəql etməsini onun ələmiyyətinə (elmdə hamıdan üstün olmasına) dair bir dəlil gətirmişdir. Bəli, tarixdə yeganə hal budur ki, Əli (ə)-ın Peyğəmbərin mirası barəsində Abbasla etdiyi mübahisə zamanı Ömər onların arasında mühakimə yürütdükdə birinci xəlifənin nəql etdiyi hədisə istinad etdi və o məclisdə beş nəfər həmin hədisin doğruluğuna şəhadət verdi. Ibni Əbil-Hədid yazır: "Peyğəmbərin vəfatından sonra Əbu Bəkr bu hədisi nəql etməkdə tənha idi və ondan başqa heç kəs bu hədisi nəql etməmişdi. Yalnız bəzən deyilirdi ki, Malik ibni Ovs da o hədisi nəql etmişdir. Amma Ömərin xilafəti dövründə mühacirlərin bəzisi onun doğruluğuna şəhadət vermişdir." Bundan başqa görəsən birinci xəlifənin yalnız özünün iddiaçısı olduğu halda, özündən başqa bir kəsin xəbəri olmayan bir hədisi şahid gətirməsi düzgündürmü? Burada deyilə bilər ki, qazi məhkəmədə öz elminə (yəqininə) əməl edərək öz şəxsi elmi əsasında münaqişəni həll edə bilər. Habelə deyilə bilər ki, xəlifə bu hədisi Peyğəmbərin özündən eşitdiyinə görə öz elminə etimad edərək övladın mirasına aid olan ayələri məxsuslaşdıraraq onun əsasında qəzavət edə bilər. Amma xəlifənin Fədəki əvvəlcə verib, yenidən qaytarması kimi bir-birinə zidd olan işləri və tərəddüdü sübut edir ki, o, qeyd olunan hədisin düzgünlüyünə tam əmin deyilmiş. Buna əsasən, xəlifənin Fatimə (ə)-ın ata mirasını onun əlindən almaqda öz elminə əməl edərək Peyğəmbərdən eşitdiyi hədislə Allah Kitabına təxsis vurmasını necə iddia etmək olar?! 2. Əgər Peyğəmbərin özündən sonra qalan mal-dövlət Allahın hökmü əsasında milliləşdirilib müsəlmanların rifahı üçün sərf olunmalı idisə, onda nə üçün Peyğəmbər (s) bu məsələni özünün yeganə varisinə deməmişdi?! Görəsən Peyğəmbəri-Əkrəm (s)-in ilahi hökmü–öz qızına aid olduğu halda–ondan gizlətməsi, yaxud ona dediyi halda onun bu sözə etina etməməsi əqlə sığarmı?! Belə bir şey heç vaxt mümkün ola bilməz. Çünki Peyğəmbər (s)-in isməti (məsum olması) və onun əziz qızının günahdan uzaq olması onların barəsində belə bir ehtimal verilməsinə mane olur. Fatimə (ə)-ın inkar etməsini də belə bir qanunun düzgün olmamasına dair bir sübut gətirməmişik. Qeyd olunan hədis də siyasi səbəblərə görə Peyğəmbər (s)-in əsil varisini öz haqqından məhrum etmək istəyənlərin beyninin məhsulu və onların şəxsi nəzərləridir. 3. Əgər xəlifənin nəql etdiyi hədis düzgün və etibarlı olsaydı, onda nə üçün Fədək məsələsi qrupların çəkişməsinə və təzadlı siyasətlərə düçar olurdu və hər xəlifə öz hakimiyyəti dövründə onunla müxtəlif tərzdə rəftar edirdi?! Tarixə müraciət etməklə məlum olur ki, xəlifələrin hakimiyyəti dövründə Fədəkin vəziyyəti heç vaxt sabit olmamışdır: Bəzi vaxtlar əsil sahiblərinə qaytarılmış, bəzi vaxtlar da müsadirə edilmişdir. Ümumiyyətlə, bu, hər bir əsrdə həssas bir məsələ, islami bir müşkül kimi qarşıya çıxırmış. Əvvəllərdə qeyd olunduğu kimi, Ömərin xilafəti dövründə Fədək Əli (ə) və Abbasa qaytarıldı. Osmanın xilafəti dövründə Mərvanın mülkünə qatıldı. Müaviyənin xilafəti dövründə isə (Həsən ibni Əli (ə)-ın vəfatından sonra) Fədək üç nəfərin (Mərvan, Ömər ibni Osman, Yəzid ibni Müaviyə) arasında bölüşdürüldü. Mərvanın xilafəti dövründə hamısı onun ixtiyarına keçdi. Mərvan da onu öz oğlu Əbdül Əzizə bağışladı. O da öz oğlu Ömərə hədiyyə etdi. Ömər ibni Əbdül-Əziz öz rəhbərliyi dövründə onu Zəhra (ə)-ın övladlarına qaytardı. Yəzid ibni Əbdül-Məlik xilafətə çatanda onu Fatimə (ə)-ın övladlarından aldı və bir müddət Bəni-Mərvan ailəsində (onların xilafəti süqut edənə qədər) əldən-ələ keçdi. Abbasilərin xilafəti dövründə Fədək xas bir hərəkətə malik idi. Əbül-As Səffah onu Əbdullah ibni Həsən ibni Əli (ə)-a qaytardı, Əbu Cəfər Mənsur onu geri aldı. Məhdi Abbasi onu Fatimə (ə) övladlarına qaytardı. Musa ibni Məhdi və onun qardaşı onu geri aldı. Nəhayət, xilafət Məmuna çatanda Fədəki qaytardı. Mütəvəkkil xəlifə olanda onu öz həqiqi sahiblərindən geri aldı. Əgər Peyğəmbər (s) övladlarının irsdən məhrum olması haqda olan hədis həqiqi və düzgün olsaydı, heç vaxt Fədəkin belə təəssüflü və müəmmalı taleyi olmazdı. 4. Peyğəmbəri-Əkrəm (s)-in Fədəkdən savayı başqa mirasları da var idi, lakin birinci xəlifənin göstərdiyi təzyiqlər Peyğəmbər (s)-in irsinin məcmusundan yalnız Fədək üzərinə yönəlmişdi. Peyğəmbər (s)-dən sonra irs qalan şeylərdən biri onun zövcələrinin evləri idi ki, elə həmin vaxt onların əlində qaldı və xəlifə onlara əhəmiyyət vermədi, evlərin vəziyyətini aydınlaşdırmaq üçün onların sorağına heç kimi göndərmədi ki, nəticədə o evlərin Peyğəmbər (s)-in öz mülkü olmasımı, yoxsa, o həzrət öz sağlığında onları öz zövcələrinə bağışlaması məlum olsun. Əbu Bəkr nəinki bu barədə təhqiqat aparmadı, üstəlik öz cənazəsinin Peyğəmbər (s)-in pak qəbrinin yanında dəfn olunması üçün qızı Ayişədən icazə aldı, çünki o, öz qızını Peyğəmbər (s)-in varisi hesab edirdi. Əbu Bəkr nəinki Peyğəmbər (s)-in zövcələrinin evlərini müsadirə etmədi, heç Peyğəmbər (s)-in üzüyünü, əmmaməsini, qılıncını, atını və paltarlarını da Əli (ə)-dan almadı, onların barəsində bir söz də demədi. Ibni Əbil-Hədid irs barəsindəki bu ayrı-seçkilikdən o qədər heyrətlənir ki, ona bəraət qazandırmaq üçün özündən bir dəlil düzəltmək istəyir, lakin onun gətirdiyi dəlillər o qədər əsassız və gülüncdür ki, nəql edib araşdırmağa dəyməz. Görəsən irsdən məhrum olmaq təkcə Peyğəmbər (s)-in qızına məxsus idi, yoxsa onun bütün varislərinə şamil idi, yaxud ümumiyyətlə, heç cür məhrumiyyət mövcud deyilmiş və siyasi səbəblər Fatimə (ə)-ı irsdən məhrum etmişdi? 5. Əgər islam şəriətində Peyğəmbər (s)-in varislərinin onun mirasından məhrum edilməsi vacib və qəti bir hökm idisə, onda nə üçün Fatimə (ə) "Təthir" ayəsinin hökmünə görə hər növ aludəlikdən uzaq olduğu halda, öz odlu xütbəsində belə buyurur: "Ey Əbu Quhafənin oğlu! Məgər Allahın Kitabında yazılıbdırmı ki, sənə öz atandan irs qalsın, mən isə atamdan irs aparmayam?! Qəribə bir şey deyirsən! Qəsdən Allahın Kitabını boşlayıb, ona arxa çevirdinizmi?! Təsəvvür etdiniz ki, mən atamın qoyub getdiyi mal-dövlətdən irs aparmıram və mənimlə atam arasında bağlılıq yoxdur Allah bu barədə sizin üçün xüsusi bir ayə nazil etmiş və o ayədə atamı irs qanunundan çıxarmışdırmı? Yoxsa deyirsiniz ki, iki din ardıcılları bir-birindən irs aparmırlar?! Mən və atam bir dində deyilikmi?! Yoxsa siz Quranın ümum və xüsusunu atamdan və əmioğlumdan yaxşı bilirsiniz?! Bu cilovlanmış və yəhərlənmiş miniyi götür ki, bunlar qiyamət günü səninlə üzbəüz olacaq. Əlbəttə, Allah ən yaxşı qazi, Məhəmməd (s) ən yaxşı rəhbərdir. Qiyamət mənim və sənin üçün ən yaxşı vədəgahdır. Qiyamət günü batilə uyanlar ziyankar olacaqlar!" Qeyd etdiyimiz hədisin doğru və qəti olmasına ehtimal vermək–bu odlu xütbənin mövcudluğu ilə–düzgün bir işdirmi?! Bu necə qanundur ki, sırf şəkildə Peyğəmbər (s)-in əziz qızı ilə və onun əmioğlusuna aiddir və onların özləri bundan xəbərsizdir, hədisin aid olmadığı başqa bir şəxs isə ondan agahdır! Bu mövzunun axırında bəzi mətləbləri qeyd edirik: a) Peyğəmbər (s)-in qızının dövrün xəlifəsi ilə olan münaqişəsi dörd şey barəsində idi: 1) Peyğəmbəri-Əkrəm (s)-in mirası. 2) Fədək (Peyğəmbər (s) sağlığında onu qızına bağışlamışdı və ona ərəbcə "nihlə" deyilir). 3) Zəvil-qürba payı. ("Ənfal" surəsinin 41-ci ayəsində gəlmişdir). 4) Hökumət və vilayət (rəhbərlik). Həzrət Zəhra (ə)-ın xitabəsində bu dörd şeyə işarə olunmuşdu. Buna görə də bəzi vaxtlar "irs", bəzi vaxtlar isə "nihlə" sözünü işlətmişdi. Ibni Əbil-Hədid bu mövzu barəsində geniş şəkildə bəhs etmişdir. ("Nəhcül-bəlağə"nin şərhi, 16-cı cild, səh. 230) b) Bəzi şiə alimləri (məsələn, Seyyid Mürtəza) "la nuvərrisu ma tərəkna sədəqəh" hədisini elə təfsir etmişlər ki, Peyğəmbər (s)-in qızının irs aparması ilə heç bir ziddiyyəti yoxdur. Onlar deyirlər ki, "nuvərrisu" ərəb ədəbiyyatı baxımından məlum feldir, "ma" movsulun məfuludur. "Sədəqə" sözü isə ya "hal", ya da ki "təmyiz" olduğuna görə mənsubdur. Bu halda hədisin mənası belə olacaq: "Sədəqə olaraq qoyduğumuz şeyi irs qoymuruq." Söz yoxdur ki, Peyğəmbər (s)-in sağlığında sədəqə kimi olan şey irs yetişəsi deyildi. Bu mətləb isə "Peyğəmbər (s) heç vaxt özündən bir şey irs qoymur" sözündən tamamilə fərqlənir. Amma bu təfsirdə bir irad vardır. Çünki bu mətləb təkcə Peyğəmbər (s)-ə məxsus deyil, belə ki, hər bir müsəlman şəxs də öz sağlığında bir şeyi sədəqə versə, yaxud vəqf etsə, o irs deyildir və heç vaxt övladına çatmaz. v) Fatimə (ə)-ın sözlərinin məcmusu–istər o həzrətin xitabəsində, istərsə də xəlifə ilə mübahisəsində göstərir ki, o, mövcud vəziyyətdən çox narahat və öz müxaliflərinə qarşı qəzəbli idi, həyatda olduğu müddətdə onlardan razı olmamışdı. FATİMƏ (Ə)-IN QƏZƏBİ Qeyd olunduğu kimi, Fatimə (ə)-ın Əbu Bəkrlə olan münaqişəsi müsbət bir nəticə vermədi, Fədək o həzrətdən alındı və Zəhra (ə) xəlifəyə qarşı qəzəbli olan bir halda dünyadan getdi. Bu məsələ tarixi cəhətdən o qədər aydındır ki, onu heç vaxt inkar etmək olmaz. Sünnü aləminin məşhur hədisçisi Buxari yazır: "Xəlifə Peyğəmbər (s)-dən nəql etdiyi hədisə istinad edərək Fədəki Fatimədən aldıqda, Fatimə ona qəzəb etdi və vəfat edənə qədər bir daha onunla danışmadı." Ibni Qüteybə "Əl-imamətu vəs-siyasət" kitabında (1-ci cild, səh.14) yazır: Ömər Əbu Bəkrə dedi:–"Gəl gedək Fatimənin yanına, çünki biz onu qəzəbləndirmişik." Onlar Zəhranın evinin qapısına gəlib daxil olmaq üçün icazə istədilər. Amma o, daxil olmağa icazə vermədi. Nəhayət Əlinin vasitəçiliyi ilə evə daxil oldular, lakin Zəhra üzünü o iki nəfərdən döndərdi və salamlarını almadı. Onun halını soruşduqdan və Fədəki ona verməmələrinin səbəbini dedikdən sonra Zəhra onların cavabında dedi:–"Sizi and verirəm Allaha, siz Peyğəmbərin "Fatimənin razılığı mənim razılığım, onun qəzəbi mənim qəzəbimdir. Fatimə mənim qızımdır, hər kəs onu çox istəsə, məni çox istəmişdir, hər kəs onu razı etsə, məni razı etmişdir, hər kəs Zəhranı qəzəbləndirsə, məni qəzəbləndirmişdir" deyə buyurduğunu eşitməmişsinizmi?" Bu vaxt hər ikisi təsdiq etdilər və dedilər ki, bəli, biz bunu Peyğəmbərdən eşitmişik. Zəhra (ə.s) yenə dedi:–"Mən Allahı və mələkləri şahid tuturam ki, siz məni qəzəbləndirmisiniz və məni razı etməmişsiniz. Peyğəmbərlə görüşəndə sizin əlinizdən ona şikayət edəcəyəm!" Əbu Bəkr dedi:–Mən Peyğəmbərin və sənin qəzəbindən Allaha pənah aparıram! (Bu vaxt ağlamağa başladı.) Zəhra (ə.s) dedi: Allaha and olsun, mən hər namazdan sonra sənə nifrin edirəm! Əbu Bəkr ağlar halda Zəhranın evini tərk etdi. Camaat onun ətrafına yığışdı. O dedi:–Sizin hər biriniz gecəni öz halalınızla və tam rahatlıqla keçirirsiniz, halbuki məni belə bir işə saldınız. Sizin beyətinizə mənim ehtiyacım yoxdur. Məni xilafət məqamından götürün!" Islam hədisçilərinin hamısı Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər: "Fatimə mənim ciyərimin parasıdır. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir." "Allahın salamı ona olsun: anadan olduğu gün, vəfat etdiyi gün və (qiyamətdə) diriləcəyi gün." İMAM (Ə) VƏ ŞURA Peyğəmbər (s)-in vəfatından sonra xəlifə seçkisi həmişə eyni qaydada olmamışdı: onların hər biri xüsusi bir formada seçilmişdi. Məsələn, Əbu Bəkr ənsarın köməyi və onların böyük bir qrupunun Bəni-Saidə Səqifəsində yığışması ilə seçildi və sonra mühacirlərdən ya icbari, ya da ixtiyari surətdə beyət alındı. Ömər şəxsən Əbu Bəkr tərəfindən xilafətə seçildi, Osman isə üzvləri ikinci xəlifə tərəfindən təyin edilən altı nəfərlik şura yolu ilə seçildi. Seçki üslubunda mövcud olan fərqlər xilafətin seçkili olmaması və imamın camaat tərəfindən seçilməsi barədə Peyğəmbər (s)-dən heç bir göstərişin gəlib çatmadığını sübut edir. Əks halda Peyğəmbər (s)-in vəfatından sonra xəlifələrin bir-birinə zidd olan müxtəlif yollarla seçilməsinin, Peyğəmbər (s)-in göstərişinə etina etməmələrinin və camaatın sakit qalaraq seçki üsuluna qarşı etiraz etməmələrinin heç bir mənası yox idi. Bu ziddiyyət göstərir ki, islamda rəhbərlik və imamət məqamı Allah tərəfindən təyin edilən bir mənsəbdir. Lakin o tayfanın başçıları bu məsələdə, başqa məsələlərdə olduğu kimi, Peyğəmbər (s)-in aşkar göstərişinə etina etməyib, camaatı seçki yolu ilə rəhbər seçməyə sövq etdilər. Camaat tərəfindən rəhbər seçilməsi tamamilə yeni bir iş olduğuna görə və bu səhnəni idarə edənlərin bu zəmində səriştəsiz olmasına görə rəhbər seçkisi müxtəlif yollarla keçirildi. ƏBU BƏKR DUZ-ÇÖRƏK HAQQINI ÖDƏYİR Əbu Bəkrin xilafətə seçilməsində Ömər çox çalışdı. Bu işdə onun əsas məqsədi Əbu Bəkrin vəfatından sonra (o, yaşca Ömərdən böyük idi) xilafətə çatmaq idi. Işin əvvəlində Əmirəl-möminin Əli (ə) Ömərə üz tutub dedi: "(Inəyi) yaxşı sağ, çünki, onun bəhrəsi sənə çatacaq. Bu gün (xilafəti) onun üçün möhkəm bağla ki, sabah onu sənə qaytarsın." Əbu Bəkr də nankorluq etmədi və ölüm yatağına düşəndə Osmanı çağırıb göstəriş verdi ki, onun vəsiyyətini belə yazsın: "Bu, Əbdüllah ibni Osmanın(Bu, Əbu Bəkrin əsl adıdır. )dünya həyatının axırında, axirət mərhələsinin ilk anlarında müsəlmanlar üçün yazdığı əhdnamədir: Elə bir saatda ki, mömin fikir, iş və yaxşılıq, kafir isə təslim olma halındadır." Xəlifənin sözü bura çatanda huşdan getdi. Osman xəlifənin vəsiyyətnaməni tamamlamazdan əvvəl öldüyünü güman etdiyinə görə əhdnaməni özü tamamladı və belə yazdı: "Özündən sonra Xəttabın oğlunu canişin təyin etdi." Bir azdan xəlifə ayıldı, Osmanın yazdığını gördükdə soruşdu:–Mənim vəsiyyətimi nə üçün belə yazdın? Osman dedi:–Bilirdim ki, ondan başqasını istəmirsiniz. Əgər bu hadisə quraşdırılmış olsaydı belə, yenə də demək olar ki, Ömərin seçilməsində Osmanın rolu təsirsiz deyildi və bir səriştəli siyasətçi kimi öz rolunu gözəl şəkildə ifa etmişdi. Sonrakı illərdə Ömər "haqtanıyan" oldu və Osmanı özündən sonra xəlifə seçdi, duz-çörək haqqının əvəzini verdi. TAYFALAR ARASINDA AYRI-SEÇKİLİK VƏ SİNFİ İXTİLAFLAR Islamın böyük iftixarlarından biri, eləcə də hal-hazırda dünyanın məhrum və məzlum təbəqələrinin islama yönəlməsinin səbəbi hər növ ayrı-seçkiliyin məhkum edilməsidir. Onun nüfuzlu şüarı budur: "Allah yanında sizin ən əziziniz ən təqvalı (pərhizkar) olanınızdır." Peyğəmbər (s)-in dövründə silahlı qüvvələrinin və dövlət qulluqçularının maaşı və xüsusi bir gəliri yox idi, onların məişət xərcləri müharibə qənimətlərindən təmin olunurdu. Müşriklərlə aparılan müharibələrdə əldə edilən qənimətlərin beşdə biri çıxılandan sonra ordu qüvvələri arasında bölüşdürülür və bu zaman ayrı-ayrı şəxslərin islamdakı xidmətləri, onların irqləri və Peyğəmbər (s)-lə olan qohumluqları nəzərə alınmırdı. Birinci xəlifənin dövründə də iş eyni qayda ilə davam etdi, lakin ikinci xəlifənin vaxtında dəyişdi. Islamın yayılıb genişlənməsi nəticəsində xəlifə islam qulluqçuları və ordu qüvvələrinə maaş vermək üçün bir idarə yaratdı. Amma maaşın miqdarını təyin edən zaman təqva, hərbi və siyasi hazırlıq, keçmiş xidmətlər, yaxud heç olmazsa islamdan başqa bir şeyin əsas olmaması əvəzinə tayfa və əsil-nəsəb əsas götürüldü. Bu idarədə ərəblər əcəmdən, Qəhtan ərəbi Ədnan ərəbindən, Müzər ərəbi Rəbiə ərəbindən, Qüreyş qeyri-Qüreyşdən, Bəni-Haşim Bəni-Üməyyədən üstün sayılırdı və onlara çox maaş verilirdi. Məşhur tarixçilərdən ibni Əsir, Yəqubi, Cürci Zeydan və s. öz tarixlərində islamın dövlət və hərbi qulluqçuları üçün müəyyən olunmuş maaşlar barədə fərqli rəqəmlər göstərmişlər. Maaşlar arasındakı fərq heyrətləndiricidir. Məşhur sərmayədar olan Abbas ibni Əbdül-Müttəlibin illik maaşı on iki min dirhəm olduğu halda, bir misirli hərbçinin illik maaşı üç yüz dirhəmdən çox deyildi. Peyğəmbər (s)-in zövcələrinin hər birinin illik maaşı altı min dirhəm idi, halbuki bir yəmənli hərbiçinin illik maaşı dörd yüz dirhəmə çatmırdı. Müaviyə və onun atası Əbu Süfyanın illik maaşı beş min dirhəm idi, halbuki mühacirət etməyən, adi bir məkkəli adamın illik maaşı altı yüz dirhəm idi. Xəlifə özünün bu işi ilə Peyğəmbər (s) və Quran tərəfindən ləğv olunan ayrı-seçkiliyi yenidən dirçəltdi, islam cəmiyyətini ədalətsiz sinfi ixtilaflara düçar etdi. Çox keçmədən islam cəmiyyətində dəhşətli sinfi imtiyazlar və ziddiyyətlər yarandı, mal-dövlət yığanlar, dünyapərəstlər xəlifənin himayəsi altında qızıl-gümüş yığmağa və zəhmətkeşlər, fəhlələr istismar olunmağa başladı. Xəlifə valilərin və dünyapərəstlərin bir qrupunun - Səd Vəqqas, Əmr-As, Əbu Hüreyrə kimi - mal-dövlətini müsadirə edərək həmişə çalışırdı ki, sinfi ziddiyyətlər həddindən artıq dərinləşməsin. Buna baxmayaraq onun iqtisadi nəzəriyyələri və əməli tədbirləri ilk əvvəldən səhv və yersiz imtiyazlar əsasında olduğuna görə, mal-dövlətin müsadirə olunması heç bir fayda vermədi və qarşıdakı əngəli götürmədi, işi gələcəkdə ayrı-seçkilik ruhuna malik olan bir rəhbərlik üçün daha da asanlaşdırdı, ayrı-seçkilikdə ona tam səlahiyyət verdi. O dövrün mal-dövlət sövdəgərləri al-verin rövnəqlənməsi nəticəsində qul alır və onları işləməyə, həmçinin həm öz yaşayışlarını idarə etməyə, həm də öz ərbablarına illik, yaxud aylıq məbləğ ödəməyə məcbur edirdilər. Yazıq qul da bu məbləği ödəmək üçün səhərdən-axşama kimi vurnuxub cana gəlirdi. İRANLI FƏHLƏNİN XƏLİFƏDƏN İMDAD DİLƏYİ Əbu Lölö ləqəbi ilə tanınan Firuz Irani, Müğeyrə ibni Şöbənin qulamı idi. O öz güzəranını təmin etməkdən əlavə, hər gün iki dirhəm də Müğeyrəyə verməli idi. Bir gün Əbu Lölö bazarda Öməri gördü, ondan kömək istəyib dedi:–Müğeyrə mənim üçün ağır vergi qoymuşdur! Onun zirəkliyindən xəbərdar olan xəlifə soruşdu:–Nə bacarırsan? Dedi:–Dülgərlik, nəqqaşlıq və dəmirçilik. Xəlifə etinasızlıqla dedi:–Bu qədər sənət müqabilində bu pul çox deyildir. Eşitmişəm ki, sən külək ilə işləyən dəyirman düzəldə bilirsən. Mənim üçün belə bir dəyirman düzəldə bilərsənmi? O, xəlifənin sözlərindən çox narahat oldu və onu qətl ilə təhdid edib dedi:–Sənin üçün elə bir dəyirman düzəldərəm ki, nə şərqdə, nə də ki, qərbdə misli olmaz! Xəlifə iranlı fəhlənin bu cür cəsarətindən narahat oldu və onun yanındakı şəxsə dedi:–Bu iranlı qul məni qətl ilə hədələyir! O, öz xilafətinin axırlarında başa düşmüşdü ki, islam cəmiyyətinin ruhu aludə olmuşdur və cəmiyyətdə zülm, istismar bir bəla kimi sürətlə inkişaf etməkdədir. Ona görə də camaata vədə verirdi ki, sağ qalarsa bir il cəmiyyətin içərisində gəzib-dolaşacaq, onların işlərinə yaxından baş çəkəcək. Çünki şikayətlərin çoxunun ona gəlib çatmadığını bilirdi. Doktor Əliverdi nəql edir ki, ikinci xəlifə deyirmiş: "Ayrı-seçkilik salmaq və birini digərindən üstün tutmaqda qəlblərin bir-biri ilə ülfət bağlamasından başqa bir məqsədim yox idi. Əgər yeni ildə sağ qalsam, hamının arasında bərabərlik bərqərar edəcəyəm, ayrı-seçkiliyi aradan qaldırıb Peyğəmbər və Əbu Bəkr edən kimi, ağla qaranın, ərəblə əcəmin arasında fərq qoymayacağam." Lakin xəlifə sağ qalmadı, əcəl onun arzularına çatmasına mane oldu: Firuzun qılıncı onun ömrünü xətm etdi. Amma əsası onun tərəfindən qoyulan üsul üçüncü xəlifənin dəhşətli ayrı-seçkiliyinin əsasını təşkil etdi, islam hökumətini kütlələrin qəzəb dalğasının hədəfinə çevirdi. Firuzun qılıncı zəhmətkeş kütlələrin qəzəbinin nişanəsi idi. Əgər xəlifə Firuzun əli ilə öldürülməsəydi belə, onsuz da sabah ona tərəf çoxlu qılınclar uzanacaqdı. Bizim yazıçılar və xətiblər elə təsəvvür edirlər ki, islam cəmiyyətindəki sinfi ziddiyyətlər və ayrı-seçkiliklərin əsası Osmanın hakimiyyəti dövründə qoyulmuşdur, halbuki, onun dövründə ayrı-seçkilik sadəcə olaraq özünün ən yüksək həddinə çatmışdı, bu da camaatın onun hökuməti əleyhinə qiyam etmələrinə səbəb oldu. Amma ayrı-seçkiliyin əsası ikinci xəlifənin dövründə qoyulmuşdu. Bəli, Peyğəmbər (s)-dən sonra ilk dəfə olaraq bu nəğmələri zümzümə edən və tüstüsü həm özünün, həm də qeyrilərinin gözünə dolan şəxs ikinci xəlifə idi. O, həmişə deyirdi: "Ərəbin bir-birini əsir etməsi çirkin bir işdir, çünki Allah geniş əcəm ölkələrini əsir almaq üçün hazır etmişdir." Ondan da çirkin iş bu idi ki, o, şəriət qanunlarını pozur və deyirdi: "Əcəm övladları atadan qalan şeylərini o vaxt irs apara bilərlər ki, ərəb ölkəsində dünyaya gəlmiş olsunlar." Onun tərəfindən qoyulan ayrı-seçkiliyin nümunələrindən biri bu idi ki, əcəmin Mədinədə yaşamağına heç vaxt icazə vermirdi. Müğeyrənin qulu Firuz da qabaqlar aldığı icazəyə görə Mədinədə yaşayırdı. Elə bu və buna oxşar ayrı-seçkiliklər nəticəsində, xəlifə üç nəfər iranlının–Firuz, Hürmüzan şahzadəsi və Əbu Lölönün qızı Cəfinənin tədbiri ilə öldürüldü. O, Firuzun qılınc zərbəsi ilə yaralandı və üç gündən sonra dünyadan getdi. Haqdan dönməyin acı meyvəsini dadmış xəlifənin həyatının son anları olan həssas dəqiqələrdə düzgün və qətiyyətlə fikirləşəcəyi və daha da ağır olan məsuliyyətləri qəbul etməyəcəyi, müsəlmanlar üçün ləyaqətli bir rəhbər seçəcəyi gözlənilirdi. Lakin təəssüflər olsun ki, bu həssas anlarda elə bir şura təşkil etdi ki, bu yolla islam cəmiyyətinin bir daha ləyaqətli bir rəhbərdən məhrum edilməsi və millətçi bir adamın seçilməsi qəti oldu. Hətta ikinci xəlifənin özü deyirdi ki, əgər Osman rəhbərliyi ələ keçirsə, öz qohumlarını camaatın boynuna mindirəcək. Amma bütün bu məsələlərdən agah olduğu halda əmr etdi ki, şura təşkil olunsun. Bu şura barəsində Imam (ə) ("Şiqşiqiyyə" xütbəsində) buyurur: "Bu şuradan Allaha pənah aparıram!" Biz tam bitərəfliklə şuranın bütün hadisələrini nəql edirik, sonra isə çox ağır və acınacaqlı vəziyyət yaradaraq islam hökumətinin Bəni-Üməyyə tərəfindən yüz il müddətində ələ alınmasına, sonradan isə Bəni-Abbasın onu öz mülkü etməsinə səbəb olan bu tarixi hadisə barəsində mühakimə yürüdəcəyik. ŞURA ÜZVLƏRİNİN SEÇİLMƏSİ Xəlifənin ölümü yaxınlaşırdı və onun özü də həyatının son anlarını keçirdiyini hiss edirdi. Ətrafdan özünə canişin təyin etməklə əlaqədar söz-söhbət eşidilirdi. Ayişə Hüzeyfənin oğlu Əbdüllahın vasitəsi ilə xəbər göndərib dedi ki: "Məhəmmədin ümmətini çobansız qoymasın və tezliklə özü üçün bir canişin təyin etsin, çünki o, törənəcək fitnə-fəsaddan qorxur." Ömərin oğlu da atasına elə bu sözü dedi və əlavə etdi: "Əgər sən öz sürünün çobanını geri çağırsan, istəməzsənmi ki, qayıdan kimi bir nəfəri öz yerində qoysun və sürünü canavardan qorusun?!" Xəlifəyə baş çəkməyə gələnlər də bu məsələyə toxunur və bəziləri deyirdi ki, oğlu Əbdüllahı özünə canişin seçsin. Xəlifə öz oğlunun ləyaqətsizliyindən agah idi, üzr gətirib deyirdi: "Xəttab nəsli üçün xilafət məsuliyyətini boynuna alan bir nəfər kifayətdir." Sonra dedi ki, Peyğəmbər (s) dünyadan gedəndə "razı olduğu altı nəfəri" çağırsınlar, müsəlmanlar xəlifə seçməyi onların öhdəsinə qoysun. Bu altı nəfər: Əli (ə), Osman, Təlhə, Zübeyr, Səd Vəqqas və Əbdürrəhman ibni Ovfdan ibarət idi. Bu şəxslər xəlifənin yatağının dövrəsinə yığışdıqda o, qaş-qabaqlı və tutqun sifətlə onlara baxıb dedi:–"Görünür ki, hamınız məndən sonra rəhbərliyi ələ almaq istəyirsiniz!" Sonra Əli (ə)-dan başqa hamısına bir-bir xitab edib bəzi-bəzi sözlər dedi və müəyyən dəlillər gətirməklə heç birinin xilafəti öhdəsinə almaq üçün ləyaqəti olmadığını bildirdi. Sonra Əli (ə)-a üz tutdu və o həzrətin həyatı boyu zarafatcıl olmasından başqa bir "zəif nöqtə" tapa bilmədi. Sonra əlavə etdi ki, əgər o rəhbərliyi əlinə alsa, aydın, haqq və aşkar üsul əsasında ümmətə rəhbərlik edəcək. Axırda Osmana dedi:–Belə görürəm ki, Qüreyş səni rəhbərliyə seçmişdir və nəhayət, sən Bəni-Üməyyəni və Bəni-Əbi Müeyti camaata hakim və beytül-malı onlara məxsus etmisən. O vaxt qəzəblənmiş ərəb tayfaları sənə qarşı qiyam edib səni evində öldürürlər. Əgər belə bir hadisə baş versə, mənim sözümü yada sal. (Sonra şura üzvlərinə üz tutub dedi:) Əgər bir-birinizə kömək etsəniz, özünüz və övladlarınız xilafətin meyvəsindən dərəcəksiniz, amma əgər bir-birinizə həsəd edib qəzəblənsəniz Müaviyə xilafəti qəsb edəcək. Ömərin sözləri sona çatanda Məhəmməd ibni Məsləməni çağırıb dedi:–Məni dəfn edib qayıtdıqdan sonra əlli nəfər silahlı ilə bu altı nəfəri xilafət üçün dəvət et, hamısını bir evə yığıb silahlılarla birlikdə evin qapısında dayan, qoy onlar öz aralarında bir nəfəri xilafətə seçsinlər. Əgər onlardan beş nəfəri bir fikrə gəlsələr və bir nəfəri də müxalifət etsə, onun boynunu vur. Əgər dörd nəfər bir olsa və iki nəfər müxalifət etsə, o ikisini öldür. Əgər iki bərabər dəstəyə bölünsələr, haqq Əbdürrəhman olan tərəfdədir. Bu halda o biri üç nəfəri də bunlarla razılaşmağa dəvət et. Əgər razılıq hasil olmasa, ikinci dəstəni aradan götür. Əgər üç gün keçəndən sonra şura üzvləri arasında fikir birliyi yaranmasa, altısını da edam et və qoy müsəlmanlar özlərinə rəhbər seçsinlər. Camaat Ömərin dəfn mərasimindən qayıtdıqda Məhəmməd ibni Məsləmə əlli nəfər silahlı ilə şura üzvlərini bir evə yığdı və onları Ömərin göstərişindən agah etdi. Ilk iş bu oldu ki, Əli (ə)-la yaxşı münasibətdə olmayan Təlhə Osmanın xeyrinə olaraq kənara çəkildi. Çünki Əli (ə) və Osman olan yerdə heç kəsin onu xilafətə seçməyəcəyini bilirdi, buna görə də Osmanın xeyrinə kənara çəkilərək Əli (ə)-ın seçilməsi və müvəffəqiyyət ehtimalını azaltmağı məsləhət gördü. Təlhənin Əli (ə)-la olan ixtilafının səbəbi bu idi ki, o, Əbu Bəkr kimi Təym qəbiləsindən idi. Əbu Bəkr xilafətə seçiləndən sonra Təym və Bəni-Haşim qəbilələrinin münasibətləri şiddətlə gərginləşdi və uzun müddət davam etdi. Zübeyrlə Əli (ə) dayıoğlu-bibioğlu idi. O, həzrətlə olan qohumluğuna görə Imam (ə)-ın xeyrinə, Səd Vəqqas da Əbdürrəhmanın xeyrinə kənara çəkildi. (Hər ikisi Zöhrə qəbiləsindən idi.) Nəhayət, şura üzvlərindən üç nəfər qaldı ki, hər üçü iki rəy toplamışdı. Bu üç nəfərdən hər hansı biri bir nəfərə tərəf meyl etsəydi, qələbə onun idi. Bu vaxt Əbdürrəhman üzünü Əli (ə) və Osmana tutub dedi:–Sizin hansınız öz haqqını digərinə verməyə və onun xeyrinə kənara çəkilməyə hazırdır? Hər ikisi sükut etdi və heç nə demədi. Əbdürrəhman sözünə davam etdi:–Sizi şahid tuturam ki, mən özümü xilafət səhnəsindən çıxarıram ki, ikinizdən birini seçəm. (Sonra üzünü Əli (ə)-a tutub dedi:) Səninlə bu şərtlə beyət edirəm ki, Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə əməl edib Şeyxeynin yolunu gedəsən. Əli (ə) onun axırıncı şərtini qəbul etmədi və dedi:–Mən sənin beyətini bu şərtlə qəbul edirəm ki, Allahın Kitabı, Peyğəmbər (s)-in sünnəsi və öz ictihadım və elmim əsasında əməl edəm. Əbdürrəhman Əli (ə)-dan mənfi cavab eşitdikdə Osmana xitab edərək həmin sözləri təkrar etdi. Osman dərhal dedi:–Bəli! (Yəni, şərtləri qəbul edirəm!). Bu vaxt Əbdürrəhman əlini Osmanın əlinə vurdu və onu "möminlərin əmiri" kimi salamladı, sonra isə iclasın nəticəsini çöldə şuranın rəyini gözləyən müsəlmanlara xəbər verdi. Əli (ə) elə ilk əvvəldən şuranın necə nəticələnəcəyindən xəbərdar idi. Hətta Ibni Abbas da şura üzvlərinin tərkibindən xəbərdar olandan sonra üçüncü dəfə olaraq, Əli (ə)-ın xilafətdən qəti şəkildə məhrum olacağını demişdi. Ona görə də Əbdürrəhman ibni Ovfun Osmanla beyət etməklə öz rolunu gözəl şəkildə ifa etdiyi vaxt Əli (ə) ona dedi:–Sən ümid edirsən ki, Osman ömrünün axırında xilafəti sənə təhvil verəcək, buna görə də onu seçdin. Ömər də Əbu Bəkri elə bu ümidlə seçmişdi. Amma mən ümidvaram ki, Allah sizin aranıza təfriqə salsın. Tarixçilər qeyd edirlər ki, çox keçmədən Əbdürrəhmanla Osman arasında münasibət kəskin şəkildə gərginləşdi və Əbdürrəhman ölənə kimi bir-biri ilə danışmadılar. Bu deyilənlər ikinci xəlifənin təyin etdiyi altı nəfərlik şura barədə qısa məlumat idi. Bu hadisələrlə əlaqədar qəzavət etməzdən qabaq, Imam (ə)-ın bu barədə olan fikrini əks etdiririk. Imam (ə) "Şiqşiqiyyə" xütbəsində ("Nəhcül-bəlağə"nin üçüncü xütbəsi) belə buyurur: "Ömər öldüyü zaman xilafət işini şuranın ixtiyarına verdi. O, təsəvvür edirdi ki, mən də onun üzvləri kimiyəm. Ilahi, o şuradan Sənə pənah aparıram! Əbu Bəkrlə olan vaxtdan bu gün bunlarla bir sırada olana qədər nə vaxt mənim haqq olmağımda şəkk olunub?! Amma çarəsizlikdən eniş-yoxuşlarda onlarla razılaşdım və şurada iştirak etdim. Lakin şura üzvlərindən biri (Təlhə, yaxud Səd Vəqqas) mənə qarşı olan ədavətinə görə məndən üz döndərdi və mənim rəqibimin xeyrinə olaraq kənara çəkildi, digəri də (Əbdürrəhman) xəlifə ilə olan qohumluğuna görə adlarının çəkilməsi yaxşı olmayan iki nəfərlə birlikdə (yəni Təlhə və Zübeyr) xəlifənin xeyrinə səs verdilər." "Nəhcül-bəlağə"də Ömərin təşkil etdiyi şura barəsində bundan artıq söz getməmişdir. Lakin əziz oxucularımız siyasət səhnəsinin oyunbazlarının cinayətlərindən, xəlifənin qərəzçiliyindən və ziddiyyətli sözlərindən daha yaxşı agah olsunlar deyə, bəzi məsələləri qeyd edirik. |