ÖMƏRİN TƏŞKİL ETDİYİ ŞURANIN TƏHLİL EDİLİB ARAŞDIRILMASI Bu təhlildə hadisənin həssas nöqtələri üzərində dayanıb cüzi məsələləri nəql etməyəcəyik: 1. Müxtəlif qrupların ikinci xəlifəyə, özü üçün canişin seçməyi təklif etməsi göstərir ki, ümumxalq kütləsi fitri olaraq dərk edirdi ki, müsəlmanların rəisi öz sağlığında islam cəmiyyətinin gələcək rəhbərini seçməlidir, çünki əks halda cəmiyyəti başdan-başa fitnə-fəsad tutması və nahaq qanlar axıdılması mümkündür. Bununla belə, sünnü alimləri hansı əsasa görə "Peyğəmbər (s) canişin təyin etmədən vəfat etdi"–deyə iddia edirlər?! 2. Canişinin xəlifənin öz tərəfindən seçilməsi təklifi göstərir ki, Peyğəmbər (s) vəfat edəndən sonra "Şura hökuməti" əsassız bir tədbir idi və əvvəllər heç vaxt belə bir iş olmayıbdır. Əks halda, Peyğəmbər (s) tərəfindən şura təşkil etmək barədə aşkar əmr verilmiş olsaydı, onda ikinci xəlifəyə hansı dəlilə görə canişin təyin etmək təklifi irəli sürülmüşdü? Şura ilə olan hökumət, Allah tərəfindən Imam təyin olunmasını nəzərə almadıqda bəşərin seçə bildiyi ən ağıllı hökumət üsuludur. Bu növ hökumət hazırkı dövrdə dillər əzbəri olmuşdur və onun tərəfdarları, hay-küy qoparmaqla demək istəyirlər ki, islamda hökumətin əsası mütləq şəkildə və hətta Peyğəmbər (s)-in vəfatından sonra belə, şura növlü hökumətdir. Maraqlıdır ki, belə bir hökumət islam tarixində heç vaxt qurulmamışdır. Görəsən, "Peyğəmbər (s)-in dostları və səhabələrinin hamısı xəta və səhv edərək o həzrətin əmrinə etina etməmişlər" - deyə iddia etmək olarmı? 3. Ömər camaatın tələblərinə verdiyi cavabda dedi:–"Əgər Əbu Übeydə sağ olsaydı, onu özümə canişin seçərdim, çünki Peyğəmbərdən eşitmişəm ki, o bu ümmətin əminidir (əmanətdarıdır) və əgər Əbu Hüzeyfənin qulamı Salim sağ olsaydı, onu özümə canişin seçərdim, çünki, Peyğəmbərdən eşitmişəm ki, o, Allahın dostudur." O vaxt Ömər dirilərin fikrində olmaqdan daha çox ölülərin fikrində idi, bu da ölüpərəstlikdən əlavə, həm də onun əsrində yaşayan dirilərə qarşı hörmətsizlik idi. Bundan da əlavə, əgər Əbu Übeydə və Salimin seçilməsində Peyğəmbərin onları ümmətin əmini və Allahın dostu adlandırması əsas sayılırdısa, onda Ömər nə üçün Əli (ə) barəsində bir söz demədi, halbuki Peyğəmbər (s) onun barəsində "Əli haqq ilə, haqq da Əli ilədir" - deyə buyurmuşdu. Ömər Əli (ə)-ın məqamı, onun pak ruhiyyəsi və fəzilətləri, misilsiz qəzavətləri, fədakarlıqları və Kitaba, sünnəyə olan dərin və misilsiz elmindən hamıdan artıq agah olduğu halda, nə üçün Əli (ə)-ın adını dilinə gətirmədi və heç vaxt bir nəfərin kinini və həsədini qaldırmayan ölüləri yada saldı?! 4. Əgər imamət məqamı ilahi bir məqam olaraq peyğəmbərlik vəzifələrinin davamıdırsa, onda gərək imamı tanımaqda ilahi göstərişə əməl olunsun və əgər ictimai bir məqamdırsa, gərək onu tanımaqda ümumxalq rəyi nəzərə alınsın. Amma üzvləri şəxsən xəlifə tərəfindən təyin olunan şura yolu ilə Imam seçmək nə ilahi göstəriş əsasındadır, nə də ümumi rəy sorğusu əsasında. Əgər sonrakı xəlifəni əvvəlki xəlifə təyin edəcəkdirsə, nə üçün işi altı nəfərlik şuraya həvalə edirlər?! Sünnülərin nəzərinə görə Imam ictimaiyyət tərəfindən, yaxud məşvərət əhlinin rəy birliyi yolu ilə seçilməlidir və keçmiş xəlifənin rəyinin bu işdə azacıq olsa belə, dəyəri yoxdur. Lakin onların bu işə nə üçün haqq donu geyindirib altı nəfərlik şuranın qanununun icrasını vacib hesab etmələri məlum deyil. Əgər imamı seçmək ümmətin haqqıdırsa xəlifə hansı dəlilə görə o haqqı camaatdan alıb üzvlərini özü təyin etdiyi bir şuranın ixtiyarına qoyur? 5. Şuranın üzvlərinin yalnız bu altı nəfərdən təşkil olunmasının səbəbi məlum deyil. Əgər onların seçilməsinin səbəbi Peyğəmbər (s)-in vəfat etdiyi vaxt onlardan razı olması idisə, onda bu razılıq Əmmarın, Hüzeyfə Yəmaninin, Əbu Zərin, Miqdadın, Übeyy ibni Kəbin və s. barəsində də var idi. Məsələn, Peyğəmbər (s) Əmmarın barəsində buyurur: "Əmmar haqq ilə, haqq da onunladır, o, haqqın mehvəridir və haqq onun vücudunda dövr edir." Əbu Zərin barəsində buyurur: "Yer Əbuzər kimi doğruçu olan bir kəsi ağuşuna almamış və səma ondan doğruçu bir kəsə kölgə salmamışdır." Bununla belə, görəsən Ömər nə üçün bunları şuraya üzv olmaqdan məhrum etdi və əksəriyyəti Əli (ə)-a qarşı pis münasibətdə olan şəxsləri seçdi?! Onların arasında yalnız Zübeyr o həzrəti istəyirdi, qalan dörd nəfər onun əleyhinə idi. Zübeyrin də rəyi gələcəkdə Əli (ə)-ın zərərinə tamam olurdu. Çünki Zübeyr o günə kimi özünü Əli (ə) ilə bir səviyyədə görmürdü, amma bu işdən sonra onunla bir sırada oldu və Osmanın qətlə yetirilməsindən sonra xilafət iddiasına düşdü. Əgər şurada üzv olmaqda Bədr, Ühüd döyüşlərində iştirak etmək, yaxud mühacir olmaq əsas sayılırdısa, onda bu xususiyyətlər başqa şəxslərdə də var idi. Nə üçün onların içərisində bu altı nəfər seçildi? 6. Xəlifə iddia edirdi ki, Peyğəmbər (s) vəfat edəndə onlardan razı idi, buna görə də məhz onları şuraya üzv seçmişdir. Halbuki o, şura üzvləri barəsində olan söhbətində Təlhəni başqa cür təqdim etdi və ona dedi: "Hicab ayəsi nazil olanda sən bir söz dedin ki, Peyğəmbər sənə qəzəbləndi, vəfat etdiyi günə kimi sənə qarşı qəzəbli idi." Görəsən, bu iki nəzərdən hansı biri qəbul olunmalıdır? Xəlifə şura üzvlərini tənqid edəndə elə sözlər dedi ki, onların əksəriyyətinin nəinki xilafət üçün, hətta şura üçün üzv olmaq səlahiyyətini də şübhə altına salırdı. Məsələn, Zübeyrin barəsində dedi: "Sən bir gün insansan, bir gün şeytan!" Görəsən belə bir şəxs xilafət şurasında iştirak edə və ya islam xəlifəsi ola bilərmi?! Əgər o, şura günündə şeytani bir niyyətlə məclisdə iştirak edirdisə, onu şeytani fikirlərdən saxlayan nə idi? Osmanın barəsində dedi: "Sən xəlifə olsan, Bəni-Üməyyəni və Bəni-Əbi Müeyti camaatın çiyninə çıxaracaqsan." və s. Belə bir ruhiyyəyə malik olan və qohumluq təəssübünə görə haqdan dönən bir şəxsin şurada üzv, yaxud xəlifə olmağa ləyaqəti varmı? 7. Xəlifə haradan bilirdi ki, Osman xilafətə seçiləcək və qohum-əqrəbasını camaatın çiyninə mindirəcək, bir gün gələcək ki, camaat onun əleyhinə qiyam edəcək (və sonra ona dedi ki, bu anlarda onu yad eləsin)? Xəlifə bu uzaqgörənliyi, yaxud "qeyb" xəbərlərini haradan bilirdi? Məsələ tamamilə aydındır, çünki o, sadəcə olaraq şura üzvlərini elə seçmişdi ki, Osmanın seçilməsi və Əli (ə)-ın məhrumiyyəti labüd idi. 8. Ömər Əli (ə)-ın barəsində nə qədər çalışdısa, onda bir eyb tapa bilmədi. Yalnız bir söz dedi ki, sonralar Əmr As da onu bəhanə gətirib deyirdi: "Əli çox zarafatcıldır." Ömər Imam (ə)-ın geniş qəlbli, güzəştə gedən olmasını və maddi şeylərə etinasız yanaşmasını zarafatçıl olmaq kimi təsəvvür edirdi. Bir rəhbərin malik olacağı şey ilk növbədə haqqı icra etməkdə ciddi, qətiyyətli və möhkəm, camaatın hüquqlarını qorumaqda isə iradəli olmaqdır. Imam (ə) bu xususiyyətlərə malik olan ən üstün şəxs idi. Hətta ikinci xəlifə bu həqiqəti etiraf edib demişdi: "Əgər sən rəhbərliyi əlinə alsan, camaatı aşkar haqqa və aydın yola doğru rəhbərlik edəcəksən." 9. Nə üçün Ömər Əbdürrəhman ibni Ovfa "veto" haqqı verdi və "rəylər bərabər olan surətdə Əbdürrəhman olan tərəf qələbə çalır" - dedi? Bir kəs deyə bilər ki, xəlifənin bundan başqa çarəsi yox idi. Çünki rəylər bərabər olan halda "bərabərlik" müşkülü həll olunmalı idi, xəlifə də Əbdürrəhmana "veto" haqqı verməklə bu müşkülü aradan qaldırdı. Bunun cavabı aydındır. Çünki Əbdürrəhmana bu üstünlüyün verilməsinin səbəbi Osmanın qələbə qazanma ehtimalını artırmaqdan başqa bir şey deyildi. Əbdürrəhman Osmanın bacısının əri idi və aydındır ki, bu məsələdə qohumluq amilini yaddan çıxarmayacaqdı, hətta pak təbiətli bir şəxs olmasını fərz etsək belə, qohumluq hissi istər-istəməz onun rəyinə təsir edəcəkdi. Bu müşkülü həll etmək üçün Ömər başqa bir qrupun rəyini son qərar kimi qəbul edib deyə bilərdi ki, əgər iki dəstə bərabər şəkildə rəy toplasa, axırıncı rəy Səd Vəqqasın qohumu və Osmanın bacısının əri Əbdürrəhmanla yox, Peyğəmbər (s)-in pak dostlarından olan bir qrupun razılaşdığı tərəf ilə olacaqdır. 10. Ömər aldığı yaraların şiddətli ağrısından qıvrılıb-açılan halda məclisdəkilərə deyirdi: "Məndən sonra ixtilafa yol verməyin və ikitirəlilikdən uzaq olun, əks halda xilafət Müaviyənin olacaq, hakimiyyəti sizdən alacaq." Bununla belə, o, Osmanın yaxın qohumu olan Əbdürrəhmana "veto" haqqı vermişdi. Osman və Müaviyə–hər ikisi Bəni-Üməyyə şəcərəsinin napak və xəbis meyvəsidir. Osmanın xilafəti sonralar Müaviyənin hakimiyyətinin möhkəmlənməsinə səbəb oldu. Xəlifə bəzi valilərin mal-dövlətini müsadirə edir və onları məqamlarından çıxarırdı, lakin Müaviyə hökumətinə əsla toxunmur, onu Şamda mal-dövlət yığmaqda, öz hökumətinin əsaslarını möhkəmləndirməkdə azad buraxırdı. Halbuki onun, dövrün əksər valilərinin üslubu olan sadə bir vali kimi vəzifəsini yerinə yetirmədiyini, onun sarayının Qeysər və Kəsranın nümayəndələrinin saraylarından heç də geri qalmadığını bilirdi. Görəsən, demək olmazmı ki, bu işdə başqa bir məqsəd də var imiş, o da islamdan qabaq Bəni-Haşimlə qan düşməni olan Bəni-Üməyyənin mövqeyini möhkəmlətmək imiş. Bəli, əsas məqsəd bu idi ki, Bəni-Haşim nə vaxtsa islam mərkəzində (Mədinədə) hakimiyyəti və qüdrəti əlinə keçirsə və camaat da onlara tərəf meyl etsə, onda qüdrətli bir xarici dövlət müntəzəm surətdə onlara maneçilik törətsin. (Elə belə də oldu). 11. Ömər özünün azadlıq tərəfdarı olmasını aşkar etmək üçün deyirdi: "Oğlum Əbdüllaha rəy verməyin, çünki onun hətta öz arvadını boşamağa belə, ləyaqəti yoxdur." Lakin buna baxmayaraq onu şuranın məşvərətçisi seçdi və dedi: "Əgər şura üzvləri bərabər rəy toplasalar, hər iki tərəf oğlum Əbdüllaha təslim olsunlar. Amma Həsən ibni Əli və Əbdüllah Ibni Abbasın şuranın üzvü, yaxud məşvərətçisi olmasına icazə vermədi və dedi ki, onlar iclasda dinləyici kimi iştirak edə bilərlər. 12. Ümumiyyətlə, Ömər Əbu Bəkr kimi Əli (ə)-ı canişinlik üçün seçsəydi və bu yolla da çoxlu fəsadın qarşısını alsaydı nə olardı?! Bu halda Müaviyədən Mərvana qədər Bəni-Üməyyədə nə özbaşınalıq etməyə qüdrət, nə cürət və nə də ki, cürət etməyə fürsət olardı. Həmçinin beytül-malı qarət edərək öz mülkünə qatmaq, ayrı-seçkilik salmaq, camaatın xilafət hakimlərinin rəftarı, eləcə də islam qayda-qanunlarının ayaqlar altında tapdalanan cahiliyyət adət-ənənələrinin dirçəlməsi nəticəsində etiqadın sarsılması və s. kimi məsələlərin heç biri qarşıya çıxmazdı. Imam (ə)-ın fövqəl-adə əqli, fiziki və əxlaqi qüdrəti, düşmənçiliyin aradan qalxmasına sərf olunan bir o qədər şücaəti və səyləri islamın ali-insani qanunlarının, dəyərlərinin genişlənib yayılması, müxtəlif millət və tayfaların qəlblərinin islama cəlb edilməsi yolunda sərf olunsaydı, şübhəsiz, dünyaya və insaniyyətə tam başqa üfüqlər, parlaq bir gələcək ümidi verərdi. 13. Təəccüblüdür! Ömər bir tərəfdən Əbdürrəhmanı imanı yer üzündəki insanların yarısının imanından çox olan bir mömin hesab edir, digər tərəfdən isə bu Qüreyş sərmayədarını "Ümmətin Fironu" adlandırır. Tarixin sübut etdiyinə əsasən, həqiqətdə Əbdürrəhman ibni Ovf Qüreyşin məşhur sərmayədarı və möhtəkir bir şəxs idi. O, öləndən sonra külli miqdarda sərvət irs qoymuşdu. Məsələn, min baş inəyi, üç min baş qoyunu, yüz baş atı var idi, Mədinənin Cərf məntəqəsini iyirmi öküzlə əkib-becərirdi. Onun dörd arvadı var idi, öləndə arvadlarının hər birinə səksən min dinar (qızıl pul) irs çatmışdı. Bu məbləğ onun sərvətinin səkkizdə birinin dörddə biri (otuz ikidə biri) idi ki, arvadlarına çatmışdı. Xəstə ikən öz arvadlarından birini boşayanda onun irsiyyəsini səksən üç min dinarla razılaşmışdı. Bu halda belə bir şəxsin imanının yer üzünün adamlarının yarısının imanından çox olmasını demək olarmı?! 14. Əbdürrəhman Osmanın seçilməsində hiyləyə əl atdı. Əvvəlcə Əli (ə)-a təklif etdi ki, Allahın Kitabına, Peyğəmbərin sünnəsinə və Şeyxeynin yoluna uyğun olaraq əməl etsin. O bilirdi ki, əgər Şeyxeynin tutduğu yol Quran və Peyğəmbər sünnəsi ilə uyğun olsa, bu halda müstəqil bir iş deyil və onunla müxalifət olunsa heç bir dəyərə malik olmayacaq. Amma israr edirdi ki, Əli (ə)-la beyət gərək bu üç şərt əsasında olsun. O bilirdi ki, Əli (ə) axırıncı şərti heç vaxt qəbul etməyəcək. Buna görə də o həzrət bu şərti qəbul etmədikdə Əbdürrəhman mövzunu öz arvadının qardaşı Osmanla müzakirə etdi, o da dərhal qəbul etdi. 15. Hökumət Imam (ə) üçün əsl məqsəd yox, ilahi qanunların icra olunması üçün bir vasitə idi. Halbuki onun rəqibi üçün vasitə deyil, əsl məqsəd idi. Əgər Imam (ə) xilafətə Osmanın baxdığı niyyətlə baxsaydı, zahirdə Əbdürrəhmanın şərtini qəbul edib əməldə ondan boyun qaçırması çox asan bir iş olardı. Lakin bu işi görmədi, çünki o, haqqı heç vaxt batil yolla ələ gətirmək istəmirdi. 16. Imam (ə) elə ilk əvvəldən ikinci xəlifənin hiyləsindən və namizədlərin mənfur niyyətlərindən agah idi. Buna görə də şuranın tərkibindən və şərtlərindən agah olduqda əmisi Abbasa dedi: "Bu dəfə də biz xilafətdən məhrum olduq." Təkcə Imam (ə) deyil, Əbdüllah Ibni Abbas da şuranın belə bir tərkibindən agah olduqda dedi: "Ömər istəyir ki, Osman xəlifə olsun." 17. Ömər Məhəmməd ibni Məsləməyə göstəriş verdi ki, əgər azlıqda olanlar çoxluqda olanlarla razılaşmasalar, dərhal onları edam et, şuranın rəydə bərabər olan cinahı Əbdürrəhmanın olduğu cinahla razılaşmasa, onları dərhal öldür və əgər namizədlər üç gün müddətində canişin təyin etməkdə razılaşmasalar, hamısını qılıncdan keçir. Afərin bu hürriyyətə!! Dünyanın harasında azlıqda olanlar çoxluqda olanların qarşısında öldürülməlidir?! Islam cəmiyyətinin rəhbərliyi düz on il belə bir daşürəkli şəxsin əlində idi. Onun nə düzgün bir tədbiri var idi, nə də insani mürüvvəti və duyğusu. Buna görə də onun barəsində deyirdilər: "Ömərin qamçısı Həccacın qılıncından qorxunc idi." Osmanın xilafətə seçilməsi Bəni-Üməyyəyə o qədər azadlıq, qüdrət və cürət verdi ki, Osmanla bir nəsildən olan Əbu Süfyan bir gün Ühüd şəhidlərinin qəbristanlığına getdi və islamın böyük sərkərdəsi olan Həmzənin qəbrini (Həmzə Əbu Süfyan və onun dostları ilə olan müharibədə şəhid olmuşdu) təpikləyib dedi: "Əba-Yəli, dur ayağa! Üstündə döyüşdüyümüz şey bizim əlimizə düşmüşdür." Osmanın xilafətinin ilk günlərində qohum-əqrəbası onun evinə gəlmişdilər, həmin qoca dinsiz (Əbu Süfyan) oradakılara üz tutub dedi: "Xilafəti əldən-ələ ötürün, öz işçilərinizi Bəni-Üməyyədən seçin, çünki hakimiyyətdən başqa bir hədəf yoxdur–nə cənnət var, nə də cəhənnəm!" ƏLİ (Ə)-IN NƏZƏRİNDƏ ƏHLİ-BEYT (Ə)-IN İLAHİ VƏZİFƏSİ Əli (ə)-ın Peyğəmbər (s)-in vəfatından sonrakı iyirmi beş illik həyatında həssas və ibrətamiz hissələr vardır. Bunların bəzilərini əvvəllər qeyd etmişdik, bəzilərini də indi qeyd edəcəyik. Bunlardan aşağıdakıları göstərmək olar: 1. Imam (ə)-ın xəlifələrin müqabilində tutduğu mövqe və onlarla rəftarı. 2. Müsəlmanlara islam hökmlərini öyrətmək. 3. Imam (ə)-ın ictimai fəaliyyətləri. Imam (ə)-ın xəlifələrin qarşısında seçdiyi mövqeyi bəyan etməzdən əvvəl gərək o həzrətin Peyğəmbər (s) ailəsi, yaxud Imamın öz sözü ilə desək, "Ali-Məhəmməd" barəsində fikirlərini bəyan edək ki, Əli (ə)-ın xəlifələrlə həmkarlıq etməsinin islamın inkişaf edib yayılması istiqamətində olması aydın olsun. Bu həmkarlıq Imam (ə)-ın onları haqqın mehvəri və həqiqi rəhbər hesab etməsi demək deyildi. O həzrət onlarla həmkarlıq etməklə onların siyasi və elmi müşküllərini həll edir və Peyğəmbər (s) ailəsini haqq ustadları və həqiqi rəhbərlər hesab edirdi. Hətta buyururdu: "Bu ümmətdən heç kəs Peyğəmbər (s) ailəsi ilə müqayisə oluna bilməz və onların nemətindən bəhrələnən kəs heç vaxt onlarla bərabər ola bilməz." Imam (ə) başqa yerdə Ali-Məhəmməd (s)-in elmi fəzilətlərinin bir hissəsinə işarə edərək buyurur: "Peyğəmbərin Əhli-beyti onun gizli sirlərinin keşikçisi, fərmanlarına itaət edənlər, onun elm xəzinələri və kitabının mühafizəçiləridir. Onlar islam ölkəsini zəlzələlərdən qoruyan dağlardır. Peyğəmbər onların vasitəsi ilə öz arxasını möhkəmlətdi və özünə rahatlıq bəxş etdi." Həzrət Əli (ə) başqa bir yerdə onları dinin əsası və mütləq sütunu hesab edir və buyurur ki, onların rəftar və əməllərinə baxmaqla tüğyançıları həddini aşmaqdan saxlamaq, haqq karvanından geri qalanları ona çatdırmaq olar. Başqa bir yerdə buyurur: "Peyğəmbərinizin Əhli-beytinə baxın və onların yolu ilə gedin, çünki onların ardınca getmək sizi həqiqət yolundan çıxarmaz və azğınlığa qaytarmaz. Əgər bir yerdə dayansalar, siz də dayanın, ayağa qalxsalar, siz də qalxın. Heç vaxt onlardan qabağa keçməyin, əks halda düz yoldan azarsınız; onlardan geri də qalmayın, əks halda həlak olarsınız." Imam (ə) Peyğəmbər (s) Əhli-beytini tanımağı Allah və Peyğəmbərə mərifətlə yanaşı bilir və buyurur: "Sizin hər hansı biriniz Allahın, Onun Peyğəmbərinin və risalət Əhli-beytinin haqqını tanıyan halda yatağında ölsə, şəhid kimi dünyadan getmişdir." Imam (ə)-ın sözlərinin bu hissəsində risalət haqqını tanımağı Allahın və onun Rəsulunun haqqını tanımaqla yanaşı qeyd etməsi islam hədisçilərinin Peyğəmbər (s)-dən nəql etdikləri hədisin məzmununu göstərir. O hədis belədir: "Hər kəs öz zəmanəsinin imamını tanımayan bir halda ölsə, cahiliyyət ölümü ilə dünyadan getmişdir." Imam (ə) başqa bir yerdə hər bir əsr və zamanda ilahi feyzin davam etməsinə işarə edərək buyurur: "Peyğəmbər ailəsinin məsəli səma ulduzları kimidir: Əgər biri batsa, digəri çıxacaqdır." Imam (ə) risalət ailəsinin xüsusiyyətlərinin vəsfində və bəyanında çox sözlər demişdir, amma onların hamısını qeyd etməyə imkan yoxdur. Nümunə olaraq, bir neçəsini də qeyd edirik. Həzrət onların adları barəsində buyurur: "Atam-anam o kəslərə fəda olsun ki, onların adları göylərdə tanınmış, yerdə isə naməlum qalmışdır." Imamın indi qeyd edəcəyimiz sözünün bütünlüklə haqq yolu gedənlər üçün olmasına baxmayaraq onların ən yaxşı nümunələri Əhli-beytdir: "(Onlar) dinin həqiqətini, üsul və fürusunu eşitməklə yox, tam əql ilə və ona əməl etməklə tanımışlar; çünki elm raviləri (rəvayətçiləri) çox, ona əməl edənlər isə azdır." Imam (ə) aşağıda qeyd edəcəyimiz kəlamda onların yüksək məqamlarını tərifləmişdir, başqa yerdə isə onların vilayət və rəhbərliklərini aşkar etmiş, onları ümmətin valiləri və hakimləri, Peyğəmbər (s)-in haqq canişinləri, onun malik olduğu mənsəblərin (nübüvvətdən başqa) varisləri kimi tanıtdırmışdır: "Vilayət və imamət xüsusiyyətləri (elm və möcüzə) onlarındır, Peyğəmbər (s)-in vəsiyyəti onların barəsindədir və onlar Peyğəmbərin varisləridir." Başda Əli (ə) olmaqla Peyğəmbər (s) ailəsinin məqamı aydın olandan sonra Imam (ə)-ın xəlifələrə qarşı rəftarını mötəbər və əsil tarixi sənədlərə istinad etməklə şərh edirik. İMAM (Ə) XƏLİFƏLƏRİN YEGANƏ QƏZAVƏT VƏ ELM MƏNBƏYİ İDİ Imam (ə)-ın xilafətdən kənar edildiyi iyirmi beş il müddətində sükut etməsi mütləq sükut, yəni rəhbərlik işlərinə ümumiyyətlə müdaxilə etməməsi mənasına deyildi. Xilafət məqamı və siyasi rəhbərliyin başqaları tərəfindən qəsb edilməsinə, fərdlərin vəzifəyə təyin edilməsi, yaxud vəzifədən çıxarılması, həmçinin islam dövlətinin əmlakının başqalarının ixtiyarında olmasına baxmayaraq, ümmətin yeganə müəllimi Imam Əliyyibni Əbu-Talib (ə) idi və bütün siniflər onun elmi qarşısında baş əyirdilər. Imam (ə)-ın bu dövrdəki ən böyük xidmətlərindən biri bu idi ki, o, islamın yenicə qurulan məhkəmə sisteminə rəhbərlik edirdi. Hər vaxt bu sistemdə bir çətinlik qarşıya çıxsaydı, dərhal məsələni o həzrətə xəbər verib onun həlli yollarını araşdırmasını istəyirdilər. Bəzi vaxtlar da bir kəs ona müraciət etmədən, Imam (ə)-ın özü dövrün xəlifəsinə (o, həm də qəzavət işlərini öhdəsinə almışdı) düzgün istiqamət verir, hökm verməkdə yol verdiyi səhvləri ona başa salırdı. O həzrət özünün möcüzəli və qəti qəzavətləri ilə Peyğəmbər (s) səhabəsinin zehnlərində təəccüb dalğası yaradırdı. Imam (ə) onların xilafətini rəsmi şəkildə qəbul etmir, özünü Allahın hökmü əsasında Peyqəmbər (s)-in canişini, cəmiyyətin idarə işləri və ümmətin rəhbərliyi üçün ən ləyaqətli şəxs bilirdi, lakin buna baxmayaraq, hər yerdə islamın və müsəlmanların mənafeyi məsələsi qarşıya çıxsaydı, hər növ xidməti, köməyi, hətta canından keçməyi və fədakarlığı belə əsirgəmir, müşkülləri həll etmək üçün tələsərdi. Imam (ə)-ın məqam və şəni uca, ruhu isə böyük idi, bəziləri kimi deyildi ki, xilafəti ondan aldıqları təqdirdə bir daha məmləkətin heç bir işində müdaxilə etməsin, heç bir müşkülün həll edilməsində tədbir görməsin, nəticədə islam cəmiyyətini hərc-mərclik, narazıçılıq bürüsün və xilafət aparatı süstlüyə düçar olub süqut etsin. Imam (ə) belə bir şəxs deyildi. O, islam övladı idi və islamın ağuşunda boya-başa çatmışdı, o, Peyğəmbər (s) tərəfindən əkilən islam ağacının boya-başa çatmasında çoxlu əziyyətlərə qatlaşmış və bu yolda qan vermişdi. Əli (ə)-ın imanı və pak vicdanı islamın müşkülləri, müsəlmanların çətin işləri qarşısında susaraq hər növ müdaxilədən çəkinməyə icazə vermirdi. Islamın dünyada yayılıb möhkəmlənməsi, ümməti dinin təlimləri, üsul və fürusundan agah etmək, təzə zühur etmiş bu din barəsində tədqiqat aparmaq üçün Mədinəyə gələn dəstə-dəstə yəhudi və məsihi alimlərinin yanında islamın əzəmətini hifz etmək və s. kimi məsələlər Imam (ə) üçün əsas məqsəd idi. Mümkün olan və xilafət aparatı ona maneçilik törətmədiyi vaxta qədər yol göstərməyi və rəhbərliyi əsirgəmirdi. Üstəlik bu işlərdən daha da sevinirdi. Imam (ə) Malik Əştərin vasitəsilə Misir camaatına göndərdiyi məktubda bu həqiqəti açıb göstərmiş və özünün xəlifələrlə həmkarlıq etməsinin səbəbini belə bəyan etmişdir: "Mən əvvəldə əl saxladım (və onları özlərinə tapşırdım), nəhayət gördüm ki, bəziləri islamdan dönərək camaatı Məhəmməd (s)-in dinini məhv etməyə dəvət edirlər. Qorxdum ki, əgər islamın və müsəlmanların köməyinə çatmasam, islamda elə bir itki, yaxud viranlıq görəcəyəm ki, mənim üçün onun müsibəti ilğım kimi itib gedən bir neçə günlük hökumətdən uzaq olmaqdan daha böyükdür." Bu məktub Imam (ə)-ın pak ruhiyyəsini və islam cəmiyyətinin işlərində müdaxilə etməkdə açıq məntiqini aydın şəkildə əks etdirir. Belə ki, cəmiyyətin idarə olunmasını zorla əlinə keçirən qrupu Imam (ə) rəsmiyyətlə tanımırdı. ƏLİ (Ə) PEYĞƏMBƏR (S) TƏRƏFİNDƏN TƏQDİM OLUNUR Peyğəmbər (s)-in vəfatından sonra, xəlifələrin və o həzrətin dostlarının bəzisinin müşkülləri həll etmək məqsədilə Əli (ə)-a müraciət etmələrinin bir səbəbi də o həzrətin dərin elmi və ədalətli qəzavəti haqqında Peyğəmbər (ə)-dən eşitdikləri hədislər idi. O cümlədən: "Ümmətin islami sünnə və qəzavət qanunları barədə ən biliklisi Əli ibni Əbu Talibdir." Onlar əziz Peyğəmbər (s)-dən eşitmişdilər ki, o həzrət Zeyd ibni Sabit, Übeyy ibni Kəb kimi şəxsləri tanış edəndə Əli (ə) barəsində buyurmuşdu: "Sizin içinizdə qəzavət üsullarını ən yaxşı bilən Əlidir." Hələ Peyğəmbər (s)-in kəlamının əks-sədası səhabələrin qulaqlarında idi ki, buyurdu: "Mən elm şəhəriyəm, Əli onun darvazasıdır. Hər kəs bu şəhərə daxil olmaq istəsə, gərək həmin darvazadan gəlsin." Belə olan halda xilafət aparatı və Peyğəmbər (s)-in dostları öz müşküllərini niyə Imam (ə) ilə həll etməməli və onun rəyinin nüfuzunu artırmamalı idilər, halbuki, onlar şahid olmuşdular ki, Yəmən əhalisi Peyğəmbər (s)-ə "Bizə elə bir adam göndər ki, dini bizim üçün başa salsın, islam qanunlarını bizə öyrətsin və Allahın Kitabı əsasında qəzavət etsin"–deyəndə Rəsuli-Əkrəm (s) Əli (ə)-a üz tutub buyurmuşdu: "Ey Əli, Yəmənə tərəf yola düş və Allah dinini onlara öyrət, onları islam qanunları ilə tanış et və onların arasında Allahın Kitabı ilə qəzavət et. (Sonra əlini Əli (ə)-ın sinəsinə vurub dedi:) Get, Allah sənin qəlbini haqqa hidayət etsin, sənin dilini səhvdən və xətadan saxlasın!" Peyğəmbər (s)-in Əli (ə) barəsində etdiyi dua elə qəbul olunmuşdu ki, Imam (ə) buyururdu: "O zamandan indiyə kimi heç bir çətin məsələdə şəkk etməmişəm." PEYĞƏMBƏR (S) DÖVRÜNDƏ ƏLİ (Ə)-IN QƏZAVƏTİ Əmirəl-möminin Əli (ə) təkcə xəlifələrin dövründə ən yaxşı hakim və ümmət içərisində haqla qəzavət edən yeganə qazi deyildi, o, həm də Peyğəmbəri-Əkrəm (s)-in dövründə Yəməndə və Mədinədə camaatın ən gözəl qəzavətçisi idi. Rəsuli-Əkrəm (s) onun qəzavətlərini tərifləyərək özündən sonra islam cəmiyyətinin çətin məsələlərdə kimə müraciət etmələrini əməldə bəyan edirdi. Indi Əli (ə)-ın Peyğəmbəri-Əkrəm (s)-in öz sağlığında hökm etdiyi və o həzrət tərəfindən təsdiq olunan və bəyənilən qəzavətlərdən nümunə olaraq ikisini qeyd edirik: 1. Əli (ə) Peyğəmbər (s)-in tərəfindən Yəməndə olarkən belə bir hadisə baş verdi: Bir neçə nəfər şiri ovlayıb onu dərin bir çalada mühasirə etmiş, onun ətrafında səngər qurmuşdular. Birdən onlardan birinin ayağı sürüşdü və o, canını qorumaq üçün yanındakının əlindən yapışdı, o da o birisinin və beləliklə hamısı çalaya düşdülər. Şir də onlara həmlə edib yaraladı. Onların hamısı yaranın təsirindən öldülər. Onların yaxın adamlarının aralarında mübahisə düşdü. Imam (ə) hadisədən xəbərdar olduqda buyurdu: "Mən sizin aranızda hökm edərəm, əgər mənim qəzavətimə razı olmasanız, mübahisəni Peyğəmbər (s)-in hüzurunda deyin, o da sizin aranızda qəzavət etsin. (Sonra buyurdu:) O dörd nəfərdən birincisinin qəyyumuna dörddə bir diyə, ikincinin qəyyumuna üçdə bir, üçüncünün qəyyumuna yarım diyə, dördüncünün qəyyumuna isə tam bir diyə verilməlidir. Imam (ə)-dan soruşdular ki, nə üçün birincinin qəyyumuna dörddə bir diyə verilməlidir? Imam (ə) cavabda buyurdu:–Çünki ondan sonra üç nəfər ölmüşdür. Ikinci şəxsin qəyyumuna üçdə bir diyə verilməlidir, çünki ondan sonra iki nəfər ölmüşdür. Üçüncü nəfərin qəyyumuna yarım diyə verilməlidir, çünki ondan sonra bir nəfər qətlə yetişmişdir, dördüncü nəfər üçün tam diyə ödənilməlidir, çünki o, öldürülən axırıncı şəxsdir. Ölənlərin yaxın adamları Imam (ə)-ın qəzavətinə razı olmadılar və Mədinəyə gedib əhvalatı Peyğəmbər (s)-ə dedilər. O həzrət buyurdu: "Qəzavət elə Əlinin qəzavət etdiyi kimidir!" Sünnü mühəddisləri Imam (ə)-ın bu mövzu barəsindəki qəzavətini qeyd olunduğu kimi nəql etmişlər, lakin şiə hədisçiləri onu başqa cür də nəql etmişlər. Bu nəqlə əsasən, Imam (ə) buyurdu: "Birinci adam şirə yem olmuşdur və daha onun diyəsi heç kimin öhdəsinə deyil, lakin birincinin qəyyumu ikincinin qəyyumuna diyənin üçdə bir qədər, ikincinin qəyyumu üçüncünün qəyyumuna yarım diyə, üçüncünün qəyyumu da dördüncünün qəyyumuna tam diyə verməlidir." Şiə alimləri əvvəlki hədisi düzgün hesab etmirlər, çünki onun sənəd silsiləsində mötəbər olmayan şəxslər mövcuddur, amma ikinci hədisə tamamilə etibar edirlər. Bu qəzavətdə mühüm məsələ budur ki, Imam (ə) dördüncü şəxsin qan bahasını əvvəlki üç nəfərin qəyyumları arasında bərabər şəkildə böldü. Beləliklə də, qan bahasının üçdə birini birinci şəxsin qəyyumu ikincinin adamlarına verməli, ikincinin qəyyumu onun üçdə ikisini (öz haqqının üçdə birini birincidən aldığının üstünə qoyub və) üçüncünün adamlarına verməlidir, üçüncünün də qəyyumu tam diyə verməlidir, yəni əvvəlkindən aldığı üçdə iki miqdar diyənin üstünə üçdə birini qoyub bir tam diyə şəklində dördüncünün qəyyumuna verməlidir. Bu halda dördüncü şəxsin diyəsi bərabər olaraq əvvəlki üç nəfərin arasında bölünmüş olur.("Cəvahirül-kəlam", 6-cı cild, "Diyat" kitabı, "Təzahümü-mucibat" bəhsi ) 2. Peyğəmbər (s) bir dəstə müsəlmanla məsciddə oturmuşdu. Iki nəfər içəri daxil oldu və aralarındakı münaqişəni söylədilər və dedilər ki, bir nəfərin öküzü buynuzu ilə vurub digərinin heyvanını öldürmüşdür. Öküzün sahibi öldürülən heyvanın qiymətini verməyə zamindir, yoxsa zamin deyil?! Müsəlmanlardan biri dərhal cavab verib dedi:–"Mükəlləf olmayan bir heyvan heç kimin malına zamin deyil." Kuleyninin "Kafi"də nəql etdiyinə əsasən, Peyğəmbər (s) Əbu Bəkr və Ömərə dedi ki, bu məsələni həll etsinlər. Hər ikisi dedi:–"Bir heyvan başqasını öldürmüşdür, heyvan üçün də heç bir zəmanət yoxdur." Sonra Əli (ə)-a buyurdu ki, qəzavət etsin. Imam (ə) indiki dövrdə də hüquq orqanlarında istifadə olunan ümumi bir qanun irəli sürməklə müşkülü həll etdi və buyurdu: "Xəsarəti o kəs ödəməlidir ki, o müqəssirdir və heyvan barəsində öz vəzifəsinə əməl etməmişdir. Əgər heyvanın sahibi onu qorumaq üçün kifayət qədər çalışıb yaxşı yerdə saxlamışsa, öküzün sahibi də öz vəzifəsinə əməl etməyərək onu buraxmış olsa, bu halda öküzün sahibi müqəssirdir və ona dəyən xəsarəti ödəməlidir. Amma əgər hadisə bunun əksinə baş vermiş olsa, o zamin deyildir." Peyğəmbər (s) ümumi bir qanunla yanaşı olan bu qəzavəti eşitdikdə əllərini göyə qaldırdı və dedi: "Allaha həmd olsun ki, mənim Əhli-beytimdən peyğəmbərlər kimi qəzavət edən bir şəxs qərar vermişdir." Əlbəttə, Əmirəl-möminin Əli (ə)-ın Peyğəmbər (s) dövründəki qəzavətləri qeyd etdiyimizlə bitmir. O həzrətin Peyğəmbər (s)-in sağlığında çoxlu heyrətləndirici qəzavətləri olmuşdur ki, tarix və rəvayət kitablarında dərc olunmuşdur. İMAM ƏLİ (Ə) VƏ BİRİNCİ XƏLİFƏNİN SİYASİ ÇƏTİNLİKLƏRİ Peyğəmbər (s)-in öz dostlarının və səhabələrinin hüzurunda Əmirəl-möminin Əli (ə)-ı hərtərəfli şəkildə təqdim etməsi nəticəsində Əli (ə) o həzrət vəfat edəndən sonra elmi və ideoloji baxımdan ümmətin müraciət yeri kimi tanındı. Hətta Peyğəmbər (s)-in vəfatından sonra Əli (ə)-ı xilafətdən kənarlaşdıran şəxslər belə, elmi, əqidəvi və hətta siyasi müşküllərdə ondan kömək istəyirdilər. Xəlifələrin Imam (ə)-dan kömək istəmələri qəti və danılmaz tarixi məsələlərdəndir və onların saysız-hesabsız qəti dəlilləri vardır, heç bir insaflı adam onu inkar edə bilməz. Bunun özü göstərir ki, Əli (ə) ümmət içərisində kitab, sünnə, üsul, füru və islamın siyasi məsələlərində hamıdan artıq agah (ələm) idi. Indi isə hər xəlifənin Əli (ə)-dan elm, siyasət barəsində kömək istəmələrindən bir neçə nümunəni qeyd edirik: ƏBU BƏKRİN ELMİ VƏ SİYASİ MÜŞKÜLLƏRİ VƏ ƏLİ (Ə) Birinci xəlifə siyasət, əqidə və təlim, Quran təfsiri və islam hökmləri kimi məsələlərdə Əli (ə)-a müraciət edərək onun göstərişlərindən tam şəkildə bəhrələnirdi. Burada bəzi nümunələri qeyd edirik: ROMALILARLA MÜHARİBƏ Təzə təşəkkül tapmış islam hökumətinin ən qatı düşmənlərindən biri Roma imperatorluğu idi, o həmişə islam hökumətini şimal tərəfdən təhdid edirdi. Peyğəmbəri-Əkrəm (s) ömrünün axır anlarına kimi romalılar tərəfindən gözlənilən təhlükəni unutmadı. Hicrətin yeddinci ilində Cəfər ibni Əbu Talibin rəhbərliyi ilə Şam sərhədlərinə bir qoşun bölməsi göndərdi, lakin islam ordusu özünün üç sərkərdəsini itirməklə və heç bir müsbət nəticə alınmadan Mədinəyə qayıtdı. Peyğəmbər (s) bu məğlubiyyətin əvəzini çıxmaq üçün hicrətin doqquzuncu ilində böyük bir ordu ilə Təbuka yola düşdü, lakin düşmən ordusu ilə qarşılaşmadan Mədinəyə qayıtdı. Bununla belə, Peyğəmbər (s) həmişə romalıların hücum etmə ehtimalı barəsində fikirləşirdi. Elə buna görə də ömrünün son anlarında, xəstəlik yatağında olarkən, Şam sərhədlərinə getmək üçün ənsar və mühacirdən ibarət bir ordu təşkil etdi. Amma bu ordu müəyyən səbəblərə görə Mədinədən çıxmadı. Peyğəmbər (s) vəfat edəndə islam ordusu Mədinənin bir neçə kilometrliyində düşərgə salmışdı. Peyğəmbər (s)-in vəfatından sonra, Mədinənin böhranlı siyasi fəzası sakitləşəndən və Əbu Bəkr rəhbərliyi ələ keçirəndən sonra, xəlifə Peyğəmbər (s)-in romalılarla müharibəyə verdiyi fərmanı icra edib-etməməkdə tərəddüd edirdi. Buna görə də bir neçə səhabə ilə məşvərət etdi. Onların hər biri bir cür fikir söyləyərək onu qane edə bilmədilər. Nəhayət, Əli (ə)-la məşvərətə başladı. O həzrət Əbu Bəkri Peyğəmbər (s)-in fərmanını icra etmək üçün təşviq etdi, həm də buyurdu ki, əgər romalılarla müharibə edərsə, qələbə çalacaqdır. Xəlifə Imam (ə)-ın təşviq etməsindən çox xoşhal olub dedi:–"Ağzını xeyirə açdın və xeyirə müjdə verdin!" YƏHUDİLƏRİN BÖYÜK ALİMİ İLƏ MÜBAHİSƏ Peyğəmbər (s)-in vəfatından sonra yəhudi və məsihi alimlərindən təşkil olunmuş dəstələr müsəlmanların əqidələrini zəiflətmək, ruhiyyələrini sarsıtmaq üçün islam mərkəzinə gəlir, çox mürəkkəb və müəmmalı suallar verirdilər. O cümlədən, yəhudi əhbarından (alimlərindən) bir qrupu Mədinəyə gəlib birinci xəlifəyə dedilər: Biz Tövratda oxumuşuq ki, peyğəmbərlərin canişinləri onların ümmətlərinin ən biliklisi olmalıdır. Sən Peyğəmbərinizin xəlifəsisənsə, de görək Allah haradadır: yerdədir, yoxsa göylərdə? Əbu Bəkr onları qane edə bilməyən bir cavab verib Allah üçün ərşdə xüsusi bir yer olduğunu söylədi. Bu vaxt yəhudi alimləri ona etiraz edib dedilər: Bu halda gərək yerdə Allah olmasın! Bu həssas anlarda Əli (ə) islamın dadına çatdı və islam cəmiyyətinin heysiyyətini qoruyub saxladı. O, özünün dərin məntiqi ilə belə cavab verdi: "Məkanları Allah yaratmışdır və məkanlar heç vaxt Onu əhatə edə bilməz. O hər yerdə vardır, lakin heç vaxt heç bir varlıqla təması və qonşuluğu ola bilməz. Onun hər şeyə elmi əhatəsi vardır və heç nə Onun tədbir dairəsindən xaricdə deyildir." Bu cavabda Imam (ə) aydın dəlillərlə Allahın məkanla əhatə oluna bilməməsini isbat etdi və yəhudi alimini elə təəcübləndirdi ki, o ixtiyarsız olaraq Əli (ə)-ın sözlərinin haqq olmasını və yalnız onun xilafət məqamına layiq olmasını etiraf etdi. Imam (ə) özünün ilk ifadəsində (məkanları Allah yaratmışdır...) tövhid dəlilindən istifadə etdi və "kainatda Allahdan başqa zatən qədim olan (qədimün biz-zat) varlıq yoxdur və Ondan qeyri hər nə vardırsa, Onun məxluqudur" hökmünə əsasən Allah üçün hər hansı bir məkanın ola bilməsini rədd etdi. Çünki əgər Allah məkanda olsa, gərək məkan əvvəldən Onun vücudu ilə birgə olsun, halbuki, kainatda hər nə varsa, (o cümlədən bütün məkanlar) Onun məxluqudur, buna görə də heç nə Onun zatı ilə birgə ola bilməz. Daha aydın desək, əgər Allah üçün bir məkan fərz olunsa, onda gərək bu məkan ya Allahın zatı kimi qədim olsun, ya da Onun məxluqu sayılsın. Birinci fərz tövhid dəlili və "varlıq aləmində Allahdan başqa qədim olan heç bir şey yoxdur" qanunu ilə, ikinci fərz isə "fərz olunan məkan Allahın məxluqudur" əslinin hökmünə əsasən isbat edir ki, Onun heç bir məkana ehtiyacı yoxdur. Çünki Allah var idi və bu məkan mövcud deyildi, sonradan onu yaratdı. Əli (ə) özünün ikinci ifadəsində (O, hər yerdə vardır, lakin heç vaxt heç bir mövcudla təması və qonşuluğu ola bilməz) Allahın sifətlərindən birinə istinad etmişdir. O da budur ki, O, sonsuz (qeyri-məhdud) bir vücuddur, sonsuzluğun qayəsi budur ki, hər yerdə mövcud olsun, elmi cəhətdən hər şeyi əhatə etmiş olsun. Cism olmaması hökmünə əsasən, heç bir mövcudla səthi təmasda və heç nə ilə yanaşı deyil. Görəsən, bu qısa və dolğun mənalı ifadələr Əli (ə)-ın dərin elminə, onun ilahi elmdən bəhrələndiyinə dair bir sübut deyilmi?! Əlbəttə, Əli (ə)-ın Allahın sifətləri barəsində yəhudi alimləri ilə apardığı mübahisələr bununla bitmir. Həm sonrakı iki xəlifənin, həm də özünün xilafəti dövründə dəfələrlə onlarla mübahisə aparmışdır. Əbu Nəim Isfahani Əli (ə)-ın qırx nəfər yəhudi alimi ilə müzakirəsini nəql etmişdir. O həzrətin bu mübahisələrdəki sözlərini şərh etmək bu kitaba sığmaz, bunun üçün müstəqil bir kitab yazılmalıdır. Imam (ə)-ın ayrı-ayrı şəxslərlə elmi mübahisə üsulu onların elmi məlumat və agahlıqlarının səviyyəsinə uyğun olurdu. Bəzi vaxtlar ən dəqiq isbat yollarından istifadə edir, bəzən də təşbih və misal vurma ilə məsələni aydınlaşdırırdı. |