BEYTÜL-MALI BÖLÜŞDÜRMƏZDƏN ƏVVƏL ƏLİ (Ə)-IN XÜTBƏSİ Əli (ə) beytül-malın bölüşdürülməsinə dair əmr verməzdən əvvəl belə bir xütbə buyurdu: "Ey camaat! Heç kəs anadan qulam və ya kəniz doğulmamışdır. Hamı azaddır. Allah sizlərdən bəzisinə bol nemət bağışlamışdır. Çətinlikdə olanlar gərək səbirli olsun, həm də öz səbirliliyi ilə Allaha minnət qoymasın. Indi Beytül-mal bizim yanımızdadır və onu hamının arasında bərabər şəkildə böləcəyəm."("Kafi", 8-ci cild, səh.68 ) Imam (ə)-ın sözü bura çatanda Mərvan üzünü Təlhə və Zübeyrə tutub dedi:–"Əli bu sözləri ilə sizi nəzərdə tutur. Sizin başqaları ilə fərqiniz olmayacaq." Əskafi "Nəqzü-Osmaniyyə" kitabında (bu kitabda Cafizin yazdığı "Osmaniyyə" kitabının iradlarına cavab vermişdir) Imam (ə)-ın sözlərini daha ətraflı şəkildə şərh edərək yazır: "Əli (ə) beyətin ikinci günündə (35-ci hicri ilin zilhəccə ayının 19-u, şənbə günü) minbərə çıxdı və uzun bir çıxışda belə dedi:–"...Camaat! Mən sizi Peyğəmbərin aydın yoluna vadar edir və öz əmrlərimi cəmiyyət arasında icra edirəm. Mən deyənlərə əməl edin, qadağan etdiyim şeylərdən özünüzü qoruyun. (Sonra minbərin sağına-soluna baxıb buyurdu:) Ey camaat! Əgər mən bu dünyada batıb qalan suya, mülkə, yorğa minik heyvanlarına, qulamlara və gözəl kənizlərə sahib olan şəxsləri bu işlərindən çəkindirsəm və pis əməlləri ilə tanış etsəm mənə qarşı çıxmasınlar və deməsinlər ki, Əbu Talibin oğlu bizi öz hüquqlarımızdan məhrum etdi. Hər kəs ki, Peyğəmbər (s)-lə müsahib olmağına görə başqalarından üstün olmasını güman edirsə, bilməlidir ki, üstün olmağın meyarı tamamilə başqa bir şeydir. Üstünlük o şəxsə məxsusdur ki, Allahın və Peyğəmbərin (s) çağırışına müsbət cavab verib islamı qəbul etmiş olsun. Belə olan halda hüquqi baxımdan hamı bir-biri ilə bərabər olacaqdır. Siz Allahın bəndələrisiniz, mal da Allahın malıdır, o sizin aranızda bərabər şəkildə bölüşdürüləcək. Heç kim (bu işdə) başqasından üstün deyil. Beytül-mal sizin aranızda bölünəcək və bu bölgüdə ərəblə-əcəm eyni səviyyədə olacaqdır.("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 7-ci cild, səh.37 ) BEYTÜL-MALIN BÖLÜNMƏ QAYDASI Imam öz katibi olan Əbdüllah ibni Əbu-Rafeyə(Əbu Rafenin özü və ailəsi ilk gündən etibarən Peyğəmbər (s)-in dostlarından və əli ™-ı sevənlərdən idi. ) göstəriş verdi ki, mühacir və ənsarın hər birinə üç dinar versin. Bu vaxt Səhl ibni Hənif Ənsari etiraz edib dedi:–Heç rəvadırmı ki, mən dünənə kimi öz qulamım olmuş qara bir adamla bərabər olum?! Imam (ə) buyurdu: Allahın Kitabında Ismail övladları ilə Ishaq övladları arasında heç bir fərq görmürəm! ƏVVƏLKİ VALİLƏRİN İŞDƏN GÖTÜRÜLMƏSİ Imam (ə)-ın çıxardığı siyasi qərarlardan ən mühümü başda Müaviyə olmaqla əvvəlki xəlifənin təyin etdiyi hakimləri vəzifədən götürmək idi. Əli (ə) xilafəti qəbul etdiyi ilk gündən etibarən qərara aldı ki, Osmanın dövründə müsəlmanların beytül-malını və ümumi əmlakını özlərinin siyasi məqsədlərinə xərcləyən, yaxud onu özlərinin və övladlarının ixtiyarına keçirən, özləri üçün Kəsra və Qeysər hökumətləri kimi bir hökumət düzəldən bütün hakimləri işdən götürsün. Imam (ə)-ın Osmana etdiyi etirazlarından biri də Müaviyənin Şamda hakimiyyətdə qalması idi. Camaat bu etirazı Əli (ə)-ın dilindən dəfələrlə eşitmişdilər. Imam (ə) 36-cı hicri ilin əvvəlində layiqli və səlahiyyətli şəxsləri böyük islam əyalətlərinə hakim təyin etdi. Osman ibni Hüneyfi Bəsrəyə, Əmmar ibni Şəhabı Kufəyə, Übeydullah Ibni Abbası Yəmənə, Qeys ibni Sədi Misrə və Səhl ibni Hənifi Şama göndərdi. Yolun yarısından qayıdan Səhl ibni Hənifdən başqa hamısı tam müvəffəqiyyətlə göndərildikləri məntəqəyə daxil oldular və oranın idarə olunma işlərini öz əllərinə aldılar.("Tarixi-Təbəri", 5-ci cild, səh.161 ) Keçmiş valilərin, xüsusilə də Müaviyənin işdən götürülməsi barədə elə o günlərdə və ondan sonra da söz-söhbət gedirdi. Uzaqgörməyən, mövcud şərait və vəziyyətdən agah olmayan şəxslər bu işi Əli (ə)-ın siyasi işlərdə və ölkə idarə etməkdə bir zəifliyi, onun hökumətində nöqsanlı hal hesab edərək deyirdilər ki, Əli (ə) siyasət, məkr və hiylə əhli olmadığına, onun əxlaqi və siyasi əqidəsində yalan və zahirpərəstliyin qeyri-mövcudluğuna, eləcə də əvvəlki valilərin öz yerlərində qalmalarını Allahın razılığına zidd hesab etdiklərinə görə Müaviyə və onun kimiləri vəzifədən götürmüş, nəticədə acıncaqlı hadisələrlə qarşılaşmışdır; əgər o, əvvəlki valiləri işdən çıxarmasaydı və vəziyyəti nəzarət altına alana qədər onları öz işlərində saxlayıb sonra işdən çıxarsaydı, onda heç vaxt Cəməl, Siffeyn müharibələri kimi hadisələrlə qarşılaşmaz, öz hakimiyyətində daha da artıq müvəffəqiyyət qazanardı. Bu təzə bir söz deyildir. Imam (ə)-ın hakimiyyətinin ilk günlərində də bəziləri Əli (ə)-a bunu təklif etdilər, lakin o bunu qəbul etmədi. Ərəb aləmində dörd məşhur siyasətçidən biri olan Müğeyrə ibni Şöbə Imam (ə)-ın qərarından xəbərdar olanda o həzrətin evinə getdi, onunla müzakirəyə başladı və dedi:–Məsləhət görürəm ki, Osmanın təyin etdiyi valiləri bir il müddətində öz məqamlarında saxlayasan; camaatdan sənin üçün beyət alındıqdan, sənin hakimiyyətin şərqdən tutmuş Baxtərə kimi olan islam ölkələrində bərqərar olandan, vəziyyəti tam nəzarət altına aldıqdan sonra hər kəsi istəsən işdən çıxar və hər kəsi də istəsən öz məqamında saxla. Imam (ə) cavabında dedi:–Allaha and olsun, mən öz dinimdə yaltaqlıq etmərəm, ölkənin idarə işlərini alçaq, yaramaz adamlara tapşırmaram! Müğeyrə dedi:–Indi ki, Osmanın hakimlərinin hamısı barəsində dediyim sözü qəbul etmirsən, heç olmazsa Müaviyə ilə mülayim rəftar et, qoy hələlik o, Şam camaatından sənin üçün beyət alsın, sonradan rahatlıqla və xatircəmliklə onu vəzifəsindən azad et. Imam buyurdu: Allaha and olsun, heç iki gün də icazə vermərəm ki, Müaviyə camaatın malına və canına hakim olsun! Müğeyrə Əli (ə)-a təsir edə bilmədiyindən məyus oldu. Sabahı gün yenə də Əli (ə)-ın evinə gəlib o həzrətin Müaviyəni işdən çıxarmaq barəsində olan rəyini təsdiq etdi və dedi:–Həyatda hiyləyə və yalana əl atmaq sənin məqamına layiq olan bir iş deyildir. Nə qədər gec deyil, Müaviyəni vəzifədən azad et! Ibni Abbas deyir: Mən Əli (ə)-a dedim ki, Müğeyrə Müaviyənin yerində saxlanmasını təklif etdikdə xeyirxahlıqdan və məsləhətli fikirdən başqa bir məqsədi yox idi, lakin ikinci təklifində məqsədi onun əksinədir. Məncə, yaxşı olardı ki, Müaviyəni işdən götürməyəsən. Özü sənə beyət etdikdən, Şam camaatından da sənin üçün beyət aldıqdan sonra onu Şamdan çıxarmaq mənim öhdəmdə qalsın. Lakin Imam (ə) bu təklifi də qəbul etmədi.("Tarixi-Təbəri", 5-ci cild, səh.160 ) Indi keçmiş valilərin, xüsusilə Müaviyənin işdən çıxarılması məsələsini siyasi qanunlar, ictimai şərait, eləcə də həm islam cəmiyyətinin məsləhətləri, həm də Imam (ə)-ın şəxsi məsləhətləri əsasında araşdırırıq. Əvvəlki valilərin öz yerlərində saxlanılmasının müsəlmanların və islamın mənafeyinə zidd olduğunu nəzərə almaqla, belə bir sual yaranır ki, görəsən siyasi qanunlar və ölkə idarəçiliyi nöqteyi-nəzərindən onların vəzifədə saxlanması məsləhət idimi, yoxsa burada təqva ilə siyasətin yolu bir idi?! Əgər Imam (ə)-dan qeyrisi də xilafətdə olsaydı, onda onun sabiq valiləri işdən çıxarmaqdan başqa bir çıxış yolu olmazdımı? Əgər Osmandan sonra Müaviyə xilafətə seçilsəydi onun başqa bir rolu olmayacaqdımı? MÜAVİYƏNİ İŞDƏN GÖTÜRMƏKDƏ İMAM (Ə)-IN TƏLƏSMƏSİNİN SƏBƏBİ Şəkk yoxdur ki, Müaviyə kimi mənfur şəxslərin mövqeyini möhkəmləndirmək Imam (ə)-ın məşhur olduğu təqvaya, doğruluğa və paklığa zidd bir iş idi. Lakin əsas məsələ belə şəxslərin yerində saxlanılmasının siyasətə və tədbirə uyğun, uzaqgörənliklə yanaşı olub-olmaması idi. Əgər təqvasız bir adam Imam (ə)-ın mövqeyində olsaydı və onun iş üstünə gətirildiyi həmin adamların vasitəsi ilə hakimiyyətə gəlsəydi, onda görəsən belə şəxsləri öz məqam və mənsəblərində saxlayardımı, yoxsa Imam (ə)-ın (təqvası və islamın ali mənafeyini nəzərə almasından əlavə) şəxsi biliyi, uzaqgörənliyi və məsləhətləri da bu cür şəxsləri öz məqam və mənsəblərindən uzaqlaşdırıb, islamın əsas məqam və mənsəblərini müsəlmanların və inqilabçıların razı olduqları şəxslərə tapşırmağı tələb edərdi? Birinci nəzəriyyənin tərəfdarı deyirlər ki, Imam (ə)-ın təqvası bu cür şəxsləri islami mənsəblərdən uzaqlaşdırmasına səbəb oldu. Halbuki onun şəxsi mənafeyi Siffeyn, Nəhrəvan müharibələri kimi hadisələrlə qarşılaşmaması üçün Müaviyə ilə heç bir işi olmamasını, bir müddət onunla əməkdaşlıq etməsini tələb edirdi. Lakin Misirli alim və "Əbqəriyyətül-Imam Əli" kitabının müəllifi mərhum Abbas Mahmud Əqqad və müasir yazıçı Həsən Sədr kimiləri ikinci nəzəriyyəni təsdiq edir və dəlil gətirməklə göstərirlər ki, əgər Imam (ə) bundan başqa bir yol seçsəydi, daha çox çətinliklərlə qarşılaşacaqdı. Müaviyə kimilərin işdən çıxarılmasını həm o həzrətin təqvası gərəkli bilirdi, həm də axır-aqibəti fikirləşmək, uzaqgörənlik və ölkə idarə etmək kimi işlər bu fəsad ünsürünü xilafət hüdudlarından uzaqlaşdırmağı tələb edirdi. Düzdür ki, Imam (ə) Müaviyəni vəzifədən azad etdikdən sonra şamlıların müxalifəti ilə qarşılaşdı, lakin onun vəzifədə saxlanılması təkcə bu qrupun deyil, həm də Imamı iş üstünə gətirən və əvvəllər zülmə məruz qalan inqilabçıların müxalifətinə səbəb olar, müxalifətlər və müşküllər günbəgün artar, islam cəmiyyəti daha da artıq iğtişaş və təfriqəyə düçar olardı. Indi bu nəzəriyyəni araşdırırıq. 1. Imam (ə) məhrumiyyətdə olan, zülm altında inləyən və Osmanın məmurlarının zülmlərindən cana gələn inqilabçıların vasitəsi ilə xilafətə seçilmişdi. Nəhayət, inqilabçılar Mədinədə bir yerə yığışaraq Osmanı öldürdülər. Məhrumiyyətdə olan xalq kütlələrinin qəzəb və tüğyanının qüdrəti elə bir həddə idi ki, Təlhə və Zübeyr kimi şəxsləri sükuta və Əli (ə)-la beyət etməyə vadar etdi. Bu inqilabçılar beyət əlaməti olaraq Imam (ə)-ın əlini ona görə sıxırdılar ki, islam ölkəsində olan özbaşınalıqlara son qoysun və hakim sinfin fəsad və pozğunçu əməllərinin yolu bağlansın. Səhabənin yaxşı əməl sahibləri bu qrupla yanaşı idi. Bunlar da əvvəlki xəlifədən tamamilə narazı idilər, lakin sakit və bitərəf qalmış və xəlifənin qətlindən sonra Imam (ə)-la beyət etmişdilər. Digər tərəfdən də Müaviyənin törətdiyi fitnə-fəsad və diktatorçuluq heç kəsə gizli deyildi. Əgər Əli (ə) onun barəsində etinasızlıq etsəydi, onda bu iş Müaviyə ilə bir növ saziş, eləcə də inqilabçıların və əməlisaleh səhabələrin məqsədlərinə məhəl qoymamaq kimi cilvələnərdi. Müaviyə kimi alçaq bir şəxsin mövqeyinin möhkəmlənməsi Imam (ə)-a sadiq qalan fədakarların nəzərində bir növ siyasi saziş və riyakarlıq sülhü hesab olunardı. Müaviyə də bu işdən özünə bəraət qazandırmaq üçün nə qədər istifadə etsəydi, Əli (ə) da bir o qədər ziyana düşərdi. Camaatın tufana bənzər və barışmaz həyəcanlarını Əbu Süfyanın oğlunun hakimiyyətdən çıxarılmasının elan edilməsindən başqa heç nə yatıra bilməzdi. Əgər Imam (ə) Müaviyə ilə saziş etsəydi, elə hakimiyyətin ilk günlərindən etibarən öz tərəfdarlarının əksəriyyətini əldən verər, onların üsyankarlıq ruhiyyələri yenidən təhrik olunar, Əli (ə)-la müxalifətin əsası qoyular və yalnız hər bir şəraitdə Imam (ə)-ın sözlərinə təslim olan azsaylı şəxslər ona vəfadar qalardı. Nəticədə, islam hökumətinin mərkəzində dərin ixtilaf yaranardı, Imam (ə)-ın arxasında olan mütəşəkkil kütlələr onunla müvafiq və müxalif olan dəstələrə bölünərdi, Əli (ə)-ın hökumətinin ömrü elə ilk günlərdə bitərdi. 2. Zülm ilə barışmayan inqilabçıların Imam (ə)-ın Müaviyə ilə sazişini qəbul edəcəklərini, Əli (ə)-ın müttəfiqləri cərgələrində ixtilaf və ikitirəliliyin qarşıya çıxmamasını fərz etsək belə, görəsən Müaviyə Imam (ə)-ın əməkdaşlığa və həmkarlığa dəvəti qarşısında nə kimi əksül-əməl göstərərdi; görəsən, o, Əli (ə)-ın dəvətini qəbul edib Şam əhalisindən onun üçün beyət alacaqdımı və nəticədə Imam (ə)-ın Şam nahiyəsindən fikri rahat olacaqdımı?! Yoxsa Müaviyə özünün xas ayıqlığı və uzaqgörənliyi ilə bu saziş və əməkdaşlığın bir neçə gündən artıq çəkməyəcəyini, Əli (ə) islam hökumətinin hüdudlarında tamamilə möhkəmlənib hakim olduqdan sonra onu işdən götürəcəyini və onun özbaşınalığına son qoyacağını dərk edəcəkdi?! Müaviyənin hiyləgərliyi heç kimə gizli deyildi. O, Əli (ə)-ı hamıdan çox tanıyır və bilirdi ki, onun hökuməti sayəsində özbaşınalıq edərək beytül-malı öz siyasi qərəzləri yolunda xərcləyə bilməyəcəkdir. Həmçinin o bilirdi ki, Imam (ə) onu həmkarlığa dəvət edərsə, onda bu məsləhətli və müvəqqəti bir sazişdən başqa bir şey ola bilməz, sonralar onu tam qüdrətlə məhv edəcək, böyük Şam vilayətini əməlisaleh şəxslərə tapşıracaq. Qeyd olunanlara diqqət yetirməklə məlum olur ki, Müaviyə heç vaxt Imam (ə)-ın dəvətini qəbul etməyəcəkdi, şamlılar arasında ondan "Osmanın köynəyi" kimi öz mövqeyini möhkəmlətmək, Əli (ə)-ı Osmanın qətlində əli olmasında müttəhim etmək üçün istifadə edərdi. Ibni Abbas Imam (ə)-a hətta mövcud qarışıq şəraitə hakim olacağı bir vaxta kimi saziş təklif edirdisə, Müaviyə Əli (ə)-ın onunla sazişinin müvəqqəti olduğunu ondan da yaxşı bilirdi və o halda Imam (ə)-ın dəvətini heç bir vəchlə qəbul etməz, bir çarə fikrinə düşərdi. ƏLDƏN ÇIXMAQDA OLAN FÜRSƏT Müaviyənin əlinə düşən böyük fürsət və bəhanə Osmanın qətli idi. Əgər o elə ilk günlərdə bu fürsətdən lazımınca istifadə etməsəydi, daha heç vaxt istifadə edə biməyəcəkdi. Müaviyə xəlifənin qanlı köynəyini, onun arvadı Nailənin kəsik barmaqları ilə birlikdə (o barmaqlar öz ərini müdafiə edən zaman kəsilmişdi) şamlıları Osmanın intiqamını almağa təhrik etkəm üçün Şamda minbərin yuxarısından asmışdı. (Müaviyə iddia edirdi ki, Osman Əli (ə)-ın təhriki ilə öldürülmüşdür.) Əgər o elə ilk günlərdə Əli (ə)-ın dəvətini qəbul etsəydi, artıq Osmanın qətlini Imam (ə)-ın boynuna ata bilməyəcək və onun "məzlumiyyəti"ni o həzrətin əleyhinə bir bəhanə edə bilməyəcəkdi. Osmanın öldürülməsi yeganə bir tarixi fürsət idi ki, Müaviyə ondan Əli (ə)-ın əleyhinə bir kəsici silah kimi istifadə edə bilərdi. Bu silahdan istifadə olunması məhz o vaxt mümkün olardı ki, Əli (ə)-ın dəvətini qəbul etməsin. Əgər qəbul etsəydi, bu işi ilə o həzrətin rəhbərliyi təsbit olunur, Osmanın qanı da arada batır, fürsət əldən çıxırdı. İRSİ BİR HÖKUMƏTİN PLANLAŞDIRILMASI Müaviyə uzun illər boyu xüsusi bir zirəkliklə və saysız-hesabsız bəxşişlər etməklə, həmçinin onun hökuməti ilə razılaşmayan şəxsiyyətləri sürgün etməklə, təbliğatlar aparmaqla və dövrün xəlifəsinin razılığını cəlb etməklə irsi bir səltənətin müqəddiməsini hazırlamışdı. O, özünün çoxdankı arzularını həyata keçirmək üçün həmişə Osmanın ölümünü gözləyirdi. Buna görə də, hətta xəlifənin evinin mühasirəyə alınmasından xəbər tutandan sonra belə, ona kömək etmədi ki, Osmanın kölgəsi tez bir zamanda onun üstündən çəkilsin və o öz arzusuna çatsın. Belə bir adam heç vaxt Əli (ə)-ın dəvətini qəbul etməzdi, əksinə bu hadisədən öz xeyrinə və Imam (ə)-ın zərərinə istifadə edərdi. Tarixdə qeyd olunur ki, xəlifə Müaviyədən kömək istədi, lakin o, xəlifənin ağır vəziyyətindən tamamilə xəbərdar olduğu bir halda ona kömək etmədi. Əmirəl-möminin Əli (ə) Müaviyəyə yazdığı məktublardan birində belə yazır:"Sən Osmana o vaxt kömək etdin ki, kömək etmək yalnız sənin xeyrinə idi; o vaxt onu xar və zəlil etdin ki, kömək etmək yalnız onun xeyrinə idi."("Nəhcül-bəlağə", 37-ci məktub ) Əmirəl-möminin Əli (ə) başqa bir məktubda ona belə yazır: "Allaha and olsun, sənin əmioğlunu səndən başqası öldürmədi. Mən ümidvaram ki, onun günahı kimi səni də onun dalınca göndərəm."("Əl-iqdül-fərid", 2-ci cild, səh.225 ) Ibni Abbas Müaviyəyə bir məktubda belə yazırdı: "Allaha and olsun, sən Osmanın ölümünü gözləyirdin, onun məhv olmasını istədiyin üçün camaatı ona kömək etməyə qoymadın. Onun kömək istəyən məktubu sənə gəlib çatdı, lakin ona etina etmədin. Halbuki camaatın onu öldürməyincə ondan əl çəkməyəcəklərini bilirdin. Osman məzlumcasına öldürülübsə, deməli ən böyük zülmkar sən olmusan."("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 4-cü cild, səh.58 ) Görəsən, onun öz arzusuna çatmaq üçün xəlifənin ölümünü, yaxud qətlini gözlədiyi bu vəziyyətdə Imam (ə)-ın dəvətini qəbul edər və ruzgarın ona verdiyi fürsəti əldən verərdimi? MÜAVİYƏNİN ÇOXDANKI XİLAFƏT ARZUSU Qeyd olunan dəlillər isbat edir ki, Müaviyə kimi mənfur ünsürlərin xilafətdən kənar edilməsi təkcə doğruçuluğun, pərhizkarlığın tələbi deyildi, həm də aqibəti düşünmək, uzaqgörənlik, elm, siyasət, mümkün qədər ən az ziyana düşmək də elə onu tələb edirdi. Imam (ə)-ın seçdiyi yol həqiqəti dərk edən bir siyasətçinin seçə biləcəyi ən düzgün yol idi. Müaviyə ilə əməkdaşlıq etməyin çoxlu ziyandan başqa nəticəsi olmazdı. Ibni Abbasın Imam (ə)-a özünün qədim düşməni ilə əməkdaşlıq və mülayim rəftar etməsini tövsiyə etməsi də, həqiqətgörənlikdən uzaq idi. Tanınmış ərəb siyasətçisi Müğeyrə ibni Şöbənin də Imam (ə)-a əvvəlcə Müaviyəni hakimiyyətdən salmamasını tövsiyə etməsi, sonrakı gün bunun əksinə danışaraq "onu işdən çıxarması məsləhətə uyğundur" deməsinə gəldikdə isə onun bu sözlərin hansını sədaqətlə deməsi məlum deyildi. Bəzi sadəlövhlər təsəvvür edirdilər ki, Müaviyənin öz məqamında saxlanılması Əli (ə)-ın şəxsən öz xeyrinədir. Lakin Imam (ə) haqq yolunu hər şeydən üstün saydığına görə işin nəticəsini nəzərə almadan, onun hərbi və siyasi nəticələrini araşdırmadan Müaviyənin işdən götürülməsinə dair hökm verdi. Bu şəxslər Müaviyənin xəbis ruhiyyəsindən, xilafətə çatmaq üçün məkrli tədbirlərindən, üçüncü xəlifənin dövründəki fəaliyyətlərindən, Osmanın qətlindən sonra məktublar yaymasından, Imam (ə)-ın tərəfindən onun işdən çıxarılması hökmündən və s. xəbərdar deyildilər və məsələni çox səthi şəkildə araşdırmışlar. Indi bu məsələnin tarixi dəlillərindən bəzilərini nəql edirik. (Bu dəlillər göstərir ki, Müaviyənin zahirdə islami olan bir imperiyanın təşkil edilməsindən başqa bir məqsədi yox idi, əgər Imam (ə) Şamın hakimiyyətini ona tapşırsaydı belə, buna qane olmayacaq və ondan sui-istifadə edəcəkdi.) Xəlifənin qətlindən sonra Nöman ibni Bəşir Osmanın qanlı köynəyini və onun arvadının məktubunu özü ilə götürüb Şama yola düşdü və Mədinədəki vəziyyəti məlumat verdi. Müaviyə minbərə çıxıb Osmanın köynəyini əlinə aldı, onu camaata göstərib hamını xəlifənin intiqamını almağa çağırdı. Camaat xəlifənin qanlı köynəyini görüb hönkür-hönkür ağlaşdılar, sonra dedilər: "Sən xəlifənin əmioğlusu, onun şəri (və qanuni) qəyyumusan. Biz də sənin kimi onun intiqamını almaq istəyirik." Daha sonra onu Şam məntəqəsinin əmiri kimi qəbul edib beyət etdilər. Müaviyə Şamın görkəmli şəxsiyyətlərini məsələdən agah etmək üçün adamlar göndərdi, Həms şəhərinin nüfuzlu şəxsiyyəti sayılan Şərhbil Kindiyə də bir məktub yazıb, Şamın "əmirəl-mömini" olaraq onunla beyət etməsini təklif etdi. O, cavabda yazdı: "Sən böyük bir səhvə yol vermisən! Mənə deyirsən ki, səninlə bir "əmirəl-möminin" kimi beyət edim. Keçmiş xəlifənin intiqamını məntəqənin əmiri yox, yalnız müsəlmanların xəlifəsi ala bilər. Buna görə də, mən sənin təkcə Şamın deyil, bütün müsəlmanların xəlifəsi kimi qəbul və sənə beyət edirəm." Şərəhbilin məktubu Müaviyəyə çatanda çox xoşhal oldu və məktubu Şam əhalisinə oxudu, onlardan özünə, müsəlmanların xəlifəsi kimi beyət aldı. Sonra isə Əli (ə)-la yazışmağa başladı.("Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.69-70 ) Tarixin bu hissəsi göstərir ki, Müaviyə xilafəti qəbul etməyə o qədər hazır idi ki, hətta Həms şəhərinin nüfuzlu bir şəxsiyyətinin beyət etməsi ilə dərhal özünü xilafətə namizəd göstərdi, Şamda bu məsələni ortaya atdı və elə oradaca camaatdan inqilabçıların, xüsusilə mühacirin və ənsarın Əli (ə)-la beyətinə etina etmədən özünə beyət aldı. O, uzun illər boyu elə şərait hazırlamışdı ki, beyət məsələsinin irəli çəkilməsi və beyət alınması elə bir yığıncaqdaca başlanıb qurtardı. 2. Müaviyə Mədinə camaatının Əli (ə)-la beyət etməsindən xəbərdar olduqda, hələ Imam (ə)-dan ona məktub gəlib çatmamış, iki məktub–birini Zübeyrə, digərini isə Təlhəyə yazdı və hər ikisini Iraqın iki böyük islami şəhəri olan Kufə və Bəsrəni ələ keçirmək üçün təhrik etdi. O, Zübeyrə belə yazmışdı: "Mən Şam camaatından sənin üçün beyət almışam. Tez bir zamanda Kufəni və Bəsrəni ələ keçirmək üçün özünü hazırla. Səndən sonra da Təlhə ilə beyət etdim. Tez olun, Osmanın intiqamını almaq üçün qiyam edin, camaatı da bu işə dəvət edin." Zübeyr məktubdan çox xoşhal oldu, Təlhəni də bu işdən xəbərdar etdi. Hər ikisi qərara aldılar ki, Imam (ə)-ın əleyhinə qiyam etsinlər. Müaviyənin Təlhəyə yazdığı məktub Zübeyrə yazdığı məktubdan tamamilə fərqli idi. O, bu məktubda belə yazmışdı: "Mən xilafəti sizin hər ikinizə eyni səviyyədə verirəm. Sizin hər biriniz xilafəti digərinə versə, onun vəfatından sonra müsəlmanların xəlifəsi olacaq." Şübhəsiz, Təlhə və Zübeyri xilafətə və Kufə ilə Bəsrənin işğal olunmasına təhrik etməkdə məqsəd yalnız Əli (ə)-ın mövqeyini zəiflətmək və Şamda özlərinin mövqeyini möhkəmlətmək, nəticədə Imam (ə)-ın tərəfdarları arasında ixtilaf yaradaraq o iki nəfərin həmkarlığı ilə rəhbərliyi Əli (ə)-ın əlindən almaq idi. Sonra isə Təlhə və Zübeyrə (bu iki dünyapərəst və sadəlövh adama) qələbə çalmaq çox asan bir iş idi. 3. Müaviyə işin əvvəllərində və Siffeyn müharibəsinin ortalarında Imam (ə)-a təklif etdi ki, Şam və Misri muxtariyyət şəklində ona tapşırsın, bu iki məntəqənin vergisi onun ixtiyarında olsun və Imam (ə)-ın vəfatından sonra o, müsəlmanların xəlifəsi olsun. Indi bu mətləbi bir az da izah edirik: Imam (ə) xilafətin əvvəlində tanınmış şəxsiyyət olan Cərir Bəcliyə bir məktub verib Şama göndərdi. O məktubda yazılmışdı: "Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər mənimlə də beyət etmişlər. Mühacir və ənsarın hamılıqla mənim xilafətimə beyət etmələrindən sonra başqasının xilafətə seçilməyə haqqı yoxdur–istər beyət vaxtı Mədinədə olmuş olsun, istərsə də olmasın." Cərir Şama daxil oldu və məktubu Müaviyəyə verdi. Lakin o, cavab verməkdə bəhanə gətirdi, Ütbə və Əmr-As kimi şəxslərlə məşvərət etdi. Nəhayət, öz qəlbində gizlətdiklərini aşkar edib bildirdi ki, əgər Əli Şam və Misri ona həvalə edib onların gəlirini onun öhdəsinə qoysa, bu halda onun xilafətini qəbul edəcək. Imam (ə)-ın səfiri bir məktub yazaraq Müaviyənin fikrini o həzrətə xəbər verdi. Imam (ə) da ona məktub yazaraq buyurdu: "Müaviyə mənimlə beyət etməmək və nəhayətdə öz məqsədinə çatmaq istəyir. O, vaxtı yubatmaqla və Misrin, Şamın muxtariyyət məsələsini irəli çəkməklə yerini möhkəmlətmək istəyir. Əgər o beyət etsə, daha yaxşı. Əks halda Şamı tərk et və bizə tərəf gəl."("Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.89; "Vəqətu-Siffeyn", səh.538 ) Imam (ə)-ın verdiyi cavabdan məlum olduğu kimi, Müaviyənin bu təklifi irəli sürməkdə məqsədi bu idi ki, Əli (ə)-la beyət vasitəsilə itaət etməyə iltizamlı olmasın və o, müstəqil şəkildə Misir və Şam kimi böyük məntəqələrə rəhbərlik etsin, Imam (ə) da heç vaxt oranın işlərinə və məmurlarının təyin edilməsinə müdaxilə etməsin. Müaviyənin bu məntəqədə yerini bərkidəndən sonra Imamın əleyhinə və onun hökumətini devirmək üçün necə planları olduğunu təkcə Allah bilir! Bundan əlavə, bu nə əqlin, nə də şəriətin rəsmi şəkildə qəbul etmədiyi "ikihakimiyyətlilik" tezisidir. Bunun nəticəsi isə islam hökumətinin parçalanmasından başqa bir şey olmayacaqdı.(Əl-imamətu vəs-siyasət" 1-ci cild, səh.87 ) Müaviyənin Imam (ə) tərəfindən bir nümayəndə deyil, bütövlükdə xilafəti ələ keçirmək istəməsinin şahidi Əli (ə)-ın ona yazdığı məktubdakı bir cümləsidir: "Ey Müaviyə, bil ki, sən "azad olunmuşlar"dansan ki, xilafət onlara caiz deyil, onların beyət etməsi ilə heç kəs xilafətə çatmaz və onların şurada üzv olmağa haqları yoxdur."("Tüləqa" (yəni azad olunmuşlar) Məkkənin fəthində Peyğəmbərin əfv edib bağışladığı şəxslərə deyilir) "OSMANIN QATİLLƏRİ" ADLI BƏHANƏ Müaviyə Imam (ə)-ın xilafəti dövründə hər şeydən çox "Osmanın qatilləri" məsələsini irəli çəkir və Əli (ə)-dan onları (qatilləri) təhvil verməsini istəyirdi. O yaxşı bilirdi ki, Osmanın qatilləri bir-iki nəfər deyil ki, Imam (ə) onları tutub təhvil verə bilsin. Çünki Mədinə şəhəri, Misir və Iraq əhalisindən təşkil olunan böyük bir qrup xəlifənin evini mühasirəyə alıb onu öldürmüşdülər. Onları tək-tək axtarıb tapmaq da mümkün deyildi. Müaviyənin məqsədi təkcə xəlifənin qətlində iştirak edənlərin yox, hücumçuların hamısının tutulması idi. Bundan əlavə, bu kimi işlər barəsində təhqiqat aparmaq xəlifənin əmioğlusunun deyil, islam xəlifəsinin işi idi. Xəlifənin qatillərinin tutulub Müaviyəyə təhvil verilməsi də bir növ onun xilafəti kimi cilvələnərdi. Imam (ə) Müaviyəyə yazdığı məktublardan birində buyurur: "Osmanın qatilləri barəsində həddindən artıq israr edirsən. Əgər öz nadürüst fikrindən dönsən, həm sənin, həm də başqalarının barəsində Allahın Kitabı əsasında rəftar edəcəyəm. Amma sənin istədiyin şey (Şam və Misrə hakimlik) uşağın ana döşü ilə aldanmasına oxşayır." Başqa bir məktubda isə belə yazır: "Bil ki, həsrətlə tələb etdiyin şey "azad olunanlar"a çatmaz ki, müsəlmanların rəhbəri olsunlar, onların xilafətseçmə şurasına üzv olmağa haqları yoxdur." Osmanın intiqamının alınması və qatillərinin təhvil verilməsi məsələsinin yalnız bir bəhanə olmasının və Müaviyənin bundan istifadə edərək xilafətə keçmək istəməsinin aydın dəlili budur ki, Əli (ə) şəhadətə çatandan və Müaviyə xilafəti ələ keçirəndən sonra unudulan ilk şey elə Osmanın intiqamı və qatillərin tutulması məsələsi idi. Hətta Osmanın qızı Müaviyənin ətəyindən yapışıb atasının intiqamının qatillərdən alınmasını tələb etdikdə o belə cavab verdi: "Bu iş mənim əlimdən gəlməz, sənin müsəlmanların xəlifəsinin əmiqızısı olmağın kifayətdir." |