ƏHD-PEYMAN POZANLAR BƏSRƏYƏ YAXINLAŞIR Nakisinlər karvanı Bəsrənin yaxınlığına çatanda Təmim qəbiləsindən bir nəfər Ayişəyə dedi ki, Bəsrəyə daxil olmazdan qabaq oranın başçılarını öz məqsədindən agah etsin. Ayişə Bəsrənin böyük şəxsiyyətlərinə çoxlu məktublar yazdı, özü isə "Hüfeyr" adlı bir məntəqədə oturaq salıb məktubların cavablarını gözləməyə başladı. Ibni Əbil-Hədid Əbu-Müxnəfdən nəql edir ki, Təlhə və Zübeyr də Bəsrənin hakimi Osman ibni Hənifə məktub yazıb ona təklif etmişdilər ki, darül-imarəni onlara təhvil versin. Bu məktub Osman ibni Hənifə çatdıqda o, Əhnəf ibni Qeysi çağırıb hadisənin nə yerdə olduğunu ona dedi. Əhnəf ona məsləhət verib dedi:–"Osmanın intiqamını almaq" adı ilə qiyam edənlərin özləri onun qanını axıtmışlar. Mən məsləhət görürəm ki, onlara lazımi cavab vermək üçün döyüşə hazırlaşasan. Sən hakimsən, camaat sənin sözünü eşidər. Onlar gəlib bura çatmamış sən onlara tərəf hərəkət et. Osman dedi:–Mənim də fikrim belədir, lakin Imam (ə)-ın əmrini gözləyirik. Əhnəfdən sonra Hükeym ibni Cəbəllə Əbdi gəldi. Osman Təlhə və Zübeyrin məktubunu ona da oxudu, o da elə Əhnəfin sözünü təkrar edib dedi:–Icazə ver, mən onların qarşısına çıxım. Əgər Əmirəl-möminin (ə)-a tabe olsalar, lap yaxşı; əks halda onlarla döyüşərəm. Osman dedi:–Əgər onlarla qarşılaşmaq lazım gəlsə, mən özüm bu iş üçün daha yaxşıyam. Hükeym dedi:–Nə qədər ki, gec deyil, tədbir gör. Əgər nakisinlər Bəsrəyə daxil olsalar, Peyğəmbər (s)-in zövcəsi onlarla birgə olduğuna görə camaatı öz tərəfinə çəkəcəklər, səni də işdən çıxaracaqlar. Bu zaman Imam (ə)-dan Osman ibni Hənifə bir məktub gəldi. Məktubda Təlhə və Zübeyrin əhd-peymanı pozmaları və Bəsrəyə tərəf hərəkət etmələri bildirilmişdi. Həmçinin ona əmr olunmuşdu ki, onları öz əhdlərinə sadiq qalmağa dəvət etsin, qəbul edəcəkləri təqdirdə onlara qarşı yaxşı rəftar etsin, əks halda işi müharibə yolu ilə bitirsin. Allah onlarla Osmanın arasında qəzavət edər. Imam (ə) məktubu Rəbəzədən göndərmişdi. Məktub o həzrətin diktəsi və onun katibi Übeydullahın xətti ilə yazılmışdı.("Əl-imamətu vəs-siyasət", -ci cild, səh.59 ) Imam (ə)-ın məktubu Bəsrənin hakiminə çatandan sonra o, öz dostları ilə məsləhətləşdi və dərhal Bəsrənin hörmətli şəxsiyyətlərindən olan Imran ibni Həsən və Əbül-Əsvəd Düəlini(Əli ™-ın nümunəvi şagirdi və nəhv elminin banisi ) çağırıb onlara göstəriş verdi ki, nakisinlərin Bəsrənin kənarındakı düşərgəsinə gedib Zübeyr və Təlhə ilə görüşsün və Bəsrəyə hansı məqsədlə qoşun yeritmək istədiklərini öyrənsinlər. Onlar da dərhal nakisinlərin düşərgəsinə getdilər. Ayişə, Təlhə və Zübeyrlə görüşdülər. Ayişə onlara belə cavab verdi: Bir neçə nəfər müsəlmanların imamını təqsiri olmadan öldürmüş, əziz qanını nahaq yerə axıtmış, haram (toxunulmaz) malı qarət etmiş və haram aylara olan hörmətə sadiq qalmamışlar. Mən bura gəlmişəm ki, bu şəxslərin günahlarını aşkar edib camaata bu iş qarşısında nə edəcəklərini deyim. (Başqa bir rəvayətə görə sonra dedi:) Mən bura gəlmişəm ki, bir qoşun yaradam və onun köməyi ilə Osmanın düşmənlərini cəzalandıram. Bu sözlərdən sonra hər ikisi Ayişənin hüzurundan çıxıb Təlhə və Zübeyrin yanına getdilər və onlara dedilər:–Bura nə üçün gəlmisiniz? Onlar dedilər: Osmanın intiqamını almaq üçün. Valinin nümayəndələri dedilər: Məgər siz Əli ilə beyət etməmişdinizmi? Dedilər: Biz Əştərin qılıncının qorxusundan beyət etdik. Bu söhbətdən sonra nümayəndələr geri qayıtdılar və hakimi nakisinlərin fikir və məqsədlərindən xəbərdar etdilər. O qərara aldı ki, hərbi qüvvələrlə onların Bəsrəyə yaxınlaşmasının qarşısını alsın. Carçılar şəhərdə və onun ətraf yerlərində car çəkərək camaatı məscidə dəvət etdilər. Hakimin carçısı iz itirmək üçün özünü Kufəli və Qeys qəbiləsinin bir üzvü kimi təqdim edib dedi:–Əgər bunlar "biz öz canımızın qorxusundan Bəsrəyə gəlmişik" deyə iddia etsələr, onda əsassız bir söz demiş olarlar, çünki onlar ilahi hərəmdə (Məkkədə) idilər. Ora elə bir yerdir ki, hətta havada uçan quşlar da əmin-amanlıqdadırlar. Əgər Osmanın intiqamını almaq üçün bura gəlmiş olduğunu desələr, yalandır, çünki Osmanın qatilləri Bəsrədə deyillər ki, onlar bura gələlər. Ey camaat, onlara qarşı qiyam edin və onları gəldikləri yerə qaytarın!" Bu zaman Əsvəd adlı bir kişi ayağa durub dedi:–Onlar bizi Osmanın qatilləri hesab etmirlər. Onlar bizim köməyimiz ilə Osmanın intiqamını almaq üçün buraya gəlmişlər. Camaatın əksəriyyəti Əsvədin sözünə qarşı çıxsa da, məlum oldu ki, Təlhə və Zübeyrin Bəsrə əhalisi arasında müəyyən qədər havadarları vardır. Nakisinlərin karvanı düşərgə salıb əyləndikləri yerdən Bəsrəyə tərəf, Osman ibni Hənif də onları qarşılayıb geri qaytarmaq üçün hərəkət etdi. Hər iki qoşun "Mərbəd" adlı məntəqədə qarşı-qarşıya dayandı. Təlhə və Zübeyrin qoşunu həmin yerin sağında, Osman ibni Hənifin qoşunu isə solunda yerləşirdi. Təlhə ilə Zübeyr Osmanın fəziləti və məzlumiyyəti barədə danışaraq camaatı onun intiqamını almağa çağırdılar. Öz tərəfdarlarının "təsdiq" səsləri ucaldı. Bu zaman hakimin tərəfdarları o iki nəfərin sözlərini təkzib etdilər və beləliklə, tərəflər arasında müharibə başlandı. Amma Osman ibni Hənifin tərəfdarları arasında azacıq belə, narazılıq yaranmadı. Vəziyyətin belə olduğunu görən Ayişə sözə başlayıb dedi:–Həmişə camaat Osmanın ətrafındakı məmurlardan şikayətlənər və çətin məsələlərini bizimlə müzakirə edərdilər. Biz buna görə ağlamadıq. Biz onun günahsız, pərhizkar, vəfadar, xəbərçilərin isə hiyləgər və yalançı olduğunu anladıq. Onu tənqid edənlər gücləndikdə, onun evinə hücum edib qanını haram ayda, özü də günahsız olaraq axıtdılar. Sizin vəzifəniz budur ki, qatilləri tutub onların barəsində Allah hökmünü icra edəsiniz.("Ali-Imran" surəsi, ayə:23 ) Ayişənin sözləri Osman ibni Hənifin qoşununda çaxnaşma saldı. Bəziləri Ayişənin sözlərini təsdiq, bəziləri isə təkzib etdi, sonra bir-birlərinə torpaq, daş atmağa başladılar. Bu vaxt Ayişə "Mərbəd"dən çıxıb Dəbbağin adlı bir yerə getdi. Hələ də, Osmanın qoşununda ikitirəlik hökm sürürdü. Nəhayət, bir qrup onlardan ayrılıb nakisinlərə qoşuldu. NAKİSİNLƏRİN SÖZLƏRİ Ayişənin düşərgə saldığı yerdə Bəni-Səd qəbiləsindən bir nəfər ondan məsələyə aydınlıq verməsini istəyib dedi:–Ey Ümmül-möminin! Bizim üçün Osmanı öldürmək sənin evdən çıxıb bu məlun dəvəyə minməyindən çox asan idi. Allah tərəfindən sənin üçün ehtiram və hörmət pərdəsi var idi, lakin sən öz hörmət pərdəni yırtdın və öz hörmətini aradan götürdün.(Peyğəmbərin zövcələri barəsində nazil olan ayədir ( "Əhzab" surəsi, 33) ) Əgər öz xoşunla gəlmisənsə, elə buradanca qayıt; yox əgər zorla gətirilmisənsə, onda biz sənə kömək edərik. Həmin qəbilədən bir nəfər Təlhə və Zübeyrə xitab edərək dedi:–Ey Zübeyr, sən Peyğəmbərin həvarilərindən sayılırsan. Ey Təlhə, sən isə öz əlinlə Allah Rəsulunu təhlükədən qorudun. Ananızı (Ayişəni) sizinlə birlikdə görürəm. Deyin görüm, arvadlarınızı da özünüzlə gətirmisinizmi? Onlar dedilər: Yox. Həmin cavan dedi:–Mən elə bu andan etibarən sizdən ayrılıram. Sonra bir şer oxudu, onun ilk beyti belədir: "Öz arvadlarınızı pərdə arxasında oturtdunuz, lakin öz ananızı (bu işə) sövq etmisiniz. Allaha and olsun, bu çox insafsızlıq əlamətidir."("Əl-Kamil" (Ibni Əsir), 3-cü cild, səh.213-214; "Tarixi-Təbəri", 3-cü cild, səh.482 ) Bu vaxt Hükeym ibni Cəbəllə Əbdi öz adamları ilə birlikdə Imam (ə)-ın Bəsrədəki hakiminə köməyə tələsdi. Onlarla Təlhə və Zübeyrin tərəfdarları arasında şiddətli toqquşma baş verdi. Ayişə bu döyüşə son qoymaq üçün həmin yerdən "Bəni Mazən" qəbiristanlığına tərəf getməyi əmr etdi. Ora çatanda tam qaranlıq idi. Gecənin qaranlığı döyüşün dayanmasına səbəb oldu, hakim də şəhərə qayıtdı. Ayişənin adamları gecə ikən Darür-rizq adlı bir yerə yığışaraq döyüşə hazırlaşdılar. O günün sabahı Hükeym ibni Cəbəllə onlara həmlə etdi və tərəflər arasında güclü toqquşma baş verdi. Hər iki tərəfdən çoxlu adam öldürüldü və yaralandı. TƏRƏFLƏR ARASINDA MÜVƏQQƏTİ SÜLH Islam tarixçilərinin hamısı bura qədər baş verən hadisələri yuxarıda qeyd etdiyimiz kimi yazmışlar. Əsas məsələ hadisənin gedişatının sonrakı mərhələsi, yəni hər iki tərəfin nə üçün döyüşdən əl çəkib gözləmə mövqeyində dayanmaq üçün razılığa gəlməsidir. Burada Təbəri və ona tabe olan Cəzəri ("Kamil" kitabında) bu məsələni iki cür yazmışlar. Hər iki nəzərlə tanış olduqdan sonra ikincinin həqiqətlə uyğun olduğu hiss olunur. Buna baxmayaraq biz hər iki nəzəri qeyd edirik: a) Təlhə və Zübeyr necə beyət etmişdi? Təbəri yazır: Tərəflər razılaşdılar ki, Mədinə əhalisinə bir məktub yazıb Təlhə və Zübeyrin Əli (ə)-la necə beyət etmələrini soruşsunlar. Əgər Mədinə əhalisi onların könüllü və tam azad şəkildə beyət etməsinə şahidlik etsələr, bu zaman ikisi də oradan Mədinəyə qayıtsın və Osman ibni Hənifə qarşı çıxmasınlar. Əgər mədinəlilər onların məcburiyyət və qorxu əsasında beyət etmələrinə şahidlik etsələr, bu halda gərək Osman Bəsrəni tərk etsin və darül-imarəni (hökumət evini), beytül-malı və hökumətə aid olan şeyləri Təlhə və Zübeyrin ixtiyarında qoysun. Təbəri bu sülhnaməni öz tarix kitabında göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, Kəb ibni Sur onu götürüb Mədinəyə yola düşdü. Cümə günü Mədinə məscidində Bəsrə əhalisinin sözünü mədinəlilərə çatdırdı. Lakin Üsamə adlı bir nəfərdən başqa heç kəs ona cavab vermədi. Üsamə dedi:–Onların beyəti öz arzuları ilə deyil, məcburiyyət və qorxu üzündən olmuşdu. Camaat bu sözdən o qədər qəzəbləndi ki, hətta onu öldürmək belə istədilər. Əgər Süheyb və Məhəmməd ibni Məsləmə kimi adamlar onun köməyinə çatmasaydılar, onun qanı axıdılacaqdı. Kəb Bəsrəyə qayıdandan sonra Mədinə məscidində gördüklərini söylədi. Buna görə də, Təlhə və Zübeyr Osman ibni Hənifə bir məktub göndərib ondan tələb etdilər ki, darül-imarəni tərk etsin. Çünki o iki nəfərin beyəti könüllü və azad şəkildə qəbul etmədikləri sübut olundu. Sülhlə bağlı müqavilənin səbəbinin məhz bu olması aşağıdakı səbəblərdən çox da ağlabatan deyil və həqiqətdən uzaqdır: 1. Onu söyləyən Seyf ibni Ömərdir ki, təhlilçilər və təhqiqatçılar onu saleh və doğruçu hesab etmirlər. Lakin çox təəssüflər olsun ki, "Tarixi-Təbəri"nin bir hissəsi (11-36-cı hicri ilinin hadisələri) onun söylədiyi hadisələrlə doludur. 2. Bəsrədən Mədinəyə gedib-qayıtmaq çox vaxt istəyirdi və nakisinlər bilirdilər ki, Imam (ə) Mədinədən hərəkət edərək onları təqib etməkdədir. Buna görə də əhd-peymana xəyanət edənlər belə bir təhlükənin yaxınlaşdığını bildikləri halda şəhəri ələ keçirmədən və hakimi aradan götürmədən məktubun cavabının gəlməsini oturub gözləməyi məsləhət bilməzdilər. 3. Belə bir şərti o adamlar qəbul edər ki, Peyğəmbər (s)-in dostlarının o iki nəfərin könüllü şəkildə beyət etmələrinə şahidlik edəcəklərinə arxayın olsunlar. Halbuki bu arxayınçılıq onların əleyhinə idi. Buna görə də Təbərinin Seyf ibni Ömərə istinadən nəql etdiyinə görə, yalnız Imam (ə)-la beyət etməyən bir nəfər o iki nəfərin məcburi olaraq beyət etdiklərini təsdiq etmişdir. Seyfin özünün nəql etdiyinə əsasən, başqaları cavab verməyib sükut etmişdilər. 4. Onların beyətinin məcburi olmamasının ən yaxşı dəlili budur ki, Səd Vəqqas, Əbdüllah ibni Ömər, Üsamə, Həssan və s. kimilər beyətdən imtina etdilər, heç kəsin də onlarla işi olmadı. Əgər Təlhə və Zübeyr də beyət etməyə razı olmasaydılar, beyət etməyənlərin cərgəsində ola bilərdilər. Belə ki, Imam (ə) bu məsələdən agah olanda Zübeyrin barəsində buyurdu: "Zübeyr güman edir ki, zahirdə beyət etmiş və batində müxalif olmuşdur. O, hər bir halda öz beyətini təsdiq etmişdir, amma iddia edir ki, batində onun əksini gizlətmişdir. Bu sözlər üçün gərək şahid gətirsin. Əgər şahid olmasa, onda onun beyəti əvvəlki kimi qalır və tabe olub itaət etməsi gərəkdir."("Nəhcül-bəlağə"nin şərhi (Əbdüh) ) Sonralar, əhd-peymanı pozanlar öldürülən zaman Imam (ə) o iki nəfərin vəziyyətini belə şərh edir: "Ilahi, Təlhə və Zübeyr mənimlə əlaqələrini kəsdilər və mənə zülm etdilər. Öz beyətlərini pozdular, camaatı mənim əleyhimə qaldırdılar. Ilahi, onların bağladqları şeyləri aç, onların toxuduqlarını möhkəm etmə, arzu etdikləri və gördükləri işin cəzasını onlara göstər. Mən müharibəyə başlamazdan əvvəl onlara möhlət verdim ki, etdikləri beyətə qayıtsınlar. Lakin nankorluq etdilər və hər iki dünyanın sağlamlığını əldən verdilər."(Yenə orada, 133-cü xütbə ) b) Imam (ə)-dan vəzifənin nə olduğunu öyrənmək. Bu razılaşma ilə əlaqədar başqa rəvayətdə deyilir ki, Osman ibni Hənif nakisinlərə xitab edərək dedi ki, o, Əli (ə)-ın məmurudur və Imam (ə)-a məktub yazıb öz vəzifəsinin nə olduğunu öyrənməyincə onların istəklərini qətiyyən qəbul edə bilməz.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.216; "Kamil", 3-cü cild, səh.486; "Tarixi-Təbəri", 9-cu cild, səh.319 (Axırıncı kitab müqavilənin mətnini də nəql etmişdir) ) Ibni Qüteybə "Əl-imamətu vəs-siyasət" kitabında əlavə edir: "Tərəflər razılaşdılar ki, Osman ibni Hənif öz vəzifəsində qalsın və darül-imarə, məscid, beytül-mal onun ixtiyarında olsun. Təlhə və Zübeyr də Əli (ə)-dan bir xəbər gəlib çatana qədər istədikləri yerdə düşərgə salsınlar. Əgər Imam (ə)-la razılaşsalar heç, əks halda hər kəs özünə yol seçməkdə azad olacaq. Sonra bu barədə əhd bağladılar və hər iki tərəfdən bir neçə nəfəri şahid tutdular.(Əl-imamətu vəs-siyasət -ci cild, səh.64 ) Hadisənin bu cür nəql olunması onun daha düzgün olduğuna inam yaradır. Əlbəttə, bu, nakisinlərin başçılarının bu razılaşmanı səmimi qəlbdən qəbul etməsi demək deyildir. Əksinə, onlar müqaviləni zahirdə qəbul etmiş və qərara almışdılar ki, elə yaranan ilk fürsətdə qəfil hücum edərək darül-imarəni ələ keçirib Osman ibni Hənifi Bəsrə hakimiyyətindən kənarlaşdırsınlar. Buna görə də Ayişə Zeyd ibni Suhana bir məktub yazaraq onu özünə "övlad" hesab etdi, onların dəstəsinə qoşulmasını, yaxud heç olmazsa, evində oturub Əliyə kömək etməməsini istədi. Zeyd onun cavabında yazdı: "Allah Ümmül-möminə rəhm eləsin! Ona öz evində oturmaq, bizə isə cihad etmək əmr olunmuşdur. O, öz vəzifəsini yerinə yetirməyib bizi öz vəzifəsinə (evdə oturmağa) dəvət edir. Digər tərəfdən, o, bizə aid olan vəzifəni yerinə yetirmək üçün qiyam etmişdir və bizi öz vəzifəmizə əməl etməyə qoymur." Ibni Əbil-Hədid belə nəql edir: Nakisinlərin başçıları bir-biri ilə məşvərət edib dedilər ki, zəif olduqlarına görə, əgər Əli öz ordusu ilə gəlib çatsa, onların işi bitəcəkdir. Buna görə də ətrafdakı qəbilə başçılarına məktub yazdılar, bəzi qəbilələrin razılığını (Əzb, Zəbbəh, Qeys ibni Qeylan kimi) cəlb edə bildilər, bəzi qəbilələr də Əli (ə)-a sadiq qaldılar.(Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 9-cu cild, səh.320-321 ) QANLI ÇEVRİLİŞ Belə bir şəraitdə nakisinlərin başçıları cürətləndilər. Osmanın məktub göndərməsindən çox keçməmiş soyuq və küləkli bir gecədə, xiftən namazı vaxtında (başqa bir rəvayətə görə sübh namazı vaxtı) darül-imarənin məscidinə hücum etdilər. Məscidin, darül-imarənin və zindanın keşikçilərini öldürəndən sonra (öldürülənlərin sayı müxtəlif cür nəql olunmuşdur) şəhərin ən mühüm yerlərini ələ keçirdilər. Sonra camaatın diqqətini cəlb etmək üçün başçılardan hər biri çıxış etdi. Təlhə öldürülən xəlifəni tərifləyərək dedi: "Xəlifə günaha batmışdı və buna görə də tövbə etdi. Əvvəlcə biz onu tənbeh etmək istəyirdik, lakin səfehlər bizə imkan verməyib onu öldürdülər." Onun sözü bu yerə çatanda camaat etiraza başlayıb dedi:–Səndən xəlifə barəsində bizə gəlib çatan məktubların məzmunu indi dediklərinin tam əksinə idi. Sən bizi onun əleyhinə qiyam etməyə dəvət edirdin." Bu vaxt Zübeyr ayağa durub özünə bəraət qazandırdı və dedi:–Məndən sizə heç bir məktub gəlməyibdir." Əbdül-Qeys qəbiləsindən bir kişi ayağa durub dörd xəlifənin hər birinin tarixini araşdırdı və dedi: "Bütün xəlifələrin seçilməsi siz mühacir və ənsarın vasitəsi ilə olurdu və bizimlə heç vaxt məşvərət etmirdiniz. Əli ilə də bizim rəyimizi soruşmadan beyət etdiniz. Indi ona nə kimi irad tutursunuz?! Məgər o, ümumxalq əmlakını mənmsəyibdirmi?! O, haqdan qeyri bir şeyə əməl etmişdirmi?! Qanunsuz bir iş görmüşdürmü?! Əgər bu işlərdən heç biri baş verməmişdirsə, onda nə üçün qiyam etmisiniz?! Kişinin cəsarətli və güclü məntiqlə yanaşı olan fikri maddiyyata uyanların qəzəbini coşdurdu, onu tutub öldürmək istədilər, lakin qəbiləsi bu işə mane oldu. Sabahı gün yenidən o kişinin üstünə töküldülər və onu müdafiə etmək istəyən yetmiş nəfərlə birlikdə qılıncdan keçirtdilər. Sonra namazda imamətdən tutmuş beytül-mala kimi bütün işləri əllərinə keçirərək öz arzularının bir qisminə çatdılar.("Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.65; "Kamil", 3-cü cild, səh.217; "Tarixi-Təbəri", 3-cü cild, səh.485 ) ŞƏHƏR HAKİMİNİN TALEYİ Əli (ə)-ın mövqeyini qorumaqda hakimin göstərdiyi sədaqət nakisinləri bərk qəzəbləndirmişdi. Buna görə də onu tutan kimi bərk əzişdirdilər, başının və üzünün tüklərini yoldular. Sonra onu öldürüb-öldürməmək barədə məsləhətləşdilər. Nəhayət onun qardaşı Səhl ibni Hənif Mədinədə bunun əvəzini çıxa biləcəyindən qorxaraq onu buraxmağı qərara aldılar. Osman ibni Hənif Əli (ə)-la görüşmək üçün Bəsrədən çıxdı. Əli (ə) onu bu vəziyyətdə görəndə zarafatla buyurdu: "Bizim yanımızdan qoca bir kişi kimi getdin, indi isə cavan bir oğlan camalında qayıtmısan!" Sonra hadisəni Imam (ə)-a söylədi. Bu qanlı çevrilişdə öldürülənlərin sayı müxtəlif nəql edilmişdir. Təbərinin öz "Tarix"ində və Cəzərinin "Kamil"də nəql etdiyinə görə öldürülənlərin sayı qırx nəfər idi, lakin Ibni Əbil-Hədid onların sayını yetmiş nəfər qeyd etmişdir. Əbu Müxnəfin "Cəməl" kitabında nəql etdiyinə görə isə dörd yüz nəfər öldürülmüşdü.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid) 9-cu cild, səh.321 ) Nakisinlər məscidin, darül-imarənin və zindanın keşikçilərinin hamısını hiyləgərliklə ələ aldılar və sonra hamısının başını faciəli surətdə kəsdilər. HÜKEYM İBNİ CƏBƏLLƏNİN QİYAMI Hükeym ibni Cəbəllə Osman ibni Hənifin acınacaqlı şəkildə işdən çıxarılmasından və keşikçilərin faciəli şəkildə qətlə yetirilməsindən bərk narahat oldu. Qərara aldı ki, Əbdül Qeys qəbiləsindən olan üç yüz nəfərlə köməkləşib onlarla döyüşsün. O, dörd dəstə təşkil etdi, özünün üç qardaşını da dəstələrə sərkərdə təyin edərək nakisinlərə həmlə etdi. Nakisinlər təbliğat yolu ilə camaatı Hükeymin əleyhinə qaldırmaq üçün ilk dəfə olaraq Peyğəmbər (s)-in zövcəsini dəvəyə mindirdilər və onun mövqeyindən sui-istifadə edərək camaatın diqqətini özlərinə cəlb etdilər. Buna görə də Hükeymin qiyam etdiyi günü kiçik "Cəməl günü" adlandırdılar. Bu döyüşdə Hükeymin ətrafında olan üç yüz nəfər və onun üç qardaşı öldürüldü. Beləliklə, də Bəsrənin rəhbərliyi heç bir ciddi maneə olmadan Təlhə və Zübeyrin ixtiyarına keçdi. Onların da hər biri rəhbərliyi öz əlinə almaq istəyirdi. Buna görə də namazda imamət etmək üstündə kəskin mübahisə saldılar, çünki birinci gündə kimin (namazda) Imam olması sonrakı rəhbərliyin əlaməti idi. Ayişə bu ixtilafdan xəbər tutduqda hər ikisinin kənara çəkilməsini əmr etdi, namazın imamətini də Təlhənin və Zübeyrin oğlanlarına tapşırdı: bir gün camaat namazını Əbdüllah ibni Zübeyr, bir gün isə Məhəmməd ibni Təlhə qılırdı. Beytül-malın qapısını açdıqda gözləri müsəlmanların gülli miqdarda sərvətdən ibarət olan xəzinəsinə sataşdı. Bu vaxt Zübeyr bu ayəni oxudu: "Allah sizə bol qənimətlər əldə edəcəyinizi vəd etmişdi və bu qənimətləri tezliklə verdi." Sonra dedi: "Biz bu sərvətə sahib olmaq üçün bəsrəlilərdən daha irəliyik". Bunu deyib bütün mal-dövləti və sərvəti zəbt etdi. (Imam (ə) Bəsrəyə hakim olandan sonra onların hamısını müsadirə edib beytül-mala qaytardı.)(Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid) 9-cu cild, səh.322; "Tarixi-Təbəri", 3-cü cild; "Kamil", 3-cild ) ƏLİ (Ə) BU ÇEVRİLİŞDƏN XƏBƏR TUTUR Rəbəzə məntəqəsi xatirələrlə dolu bir yerdir. Imam (ə) qədim zamanlardan bu məntəqə ilə tanış idi. Xüsusilə də o həzrətin sadiq dostlarının biri–Peyğəmbər (s)-in yaxın səhabəsi Əbuzərin hakim quruluşda israfçılıq və ayrı-seçkiliyə qarşı etirazlı çıxışlar etdiyi üçün o məntəqəyə sürgün olunduğu vaxtlar daha çox xatirəli günlər idi. Uzun illər keçəndən sonra ilahi qəzavü-qədər Əli (ə)-ı bu məntəqəyə gətirmişdi: O, əhd-peyman pozanları ələ keçirmək üçün qüvvə toplamaq məqsədi ilə buraya gəlmişdi. Imam (ə) bu məntəqədə olanda nakisinlərin çevriliş etməsini eşitdi və bildi ki, Təlhə və Zübeyr Bəsrəyə daxil olmuş, darül-imarənin, məscidin, beytül-malın və zindanın keşikçilərini öldürmüş, yüzlərlə insanın qanını axıdaraq şəhəri ələ keçirmiş, onun təyin etdiyi hakimi döyüb-təhqir etdikdən və baş və saqqalını yolduqdan sonra oradan qovmuş, zəhərli təbliğatlarla Bəsrə qəbilələrindən bəzilərini öz tərəflərinə çəkə bilmişlər. Imam (ə) nakisinləri darmadağın etmək üçün Kufə camaatından kömək almaq fikrində idi, çünki Iraqda onun üçün qalan yeganə səngər Kufə şəhəri və onun ətraf qəbilələri idi. Lakin Kufənin valisi Əbu Musa Əşəri bu yolda böyük bir maneə idi, çünki o, hər cür qiyamı fitnə təsəvvür edir, camaatın Əli (ə)-a kömək etməsinə mane olurdu. Əbu Musa mühacir və ənsarın Imam (ə)-la beyət etməsindən qabaq Kufənin valisi idi və o həzrət xilafətə gələndən sonra Malik Əştərin məsləhəti ilə öz vəzifəsində qalmışdı. Malikin məsləhətindən əlavə, Əbu Musanın beytül-malda israfa yol verməməsi, zülm etməməsi və dünya malına rəğbət göstərməməsi Imam tərəfindən onun həmin vəzifədə saxlanmasına səbəb oldu. Əbu Musa bu xüsusiyyətlərinə görə Osmanın təyin etdiyi başqa hakimlərdən fərqlənirdi. Beləliklə, Imam (ə) qərara aldı ki, bəzilərini Kufəyə yollasın, Əbu Musaya və Kufə camaatına məktub göndərsin, onlar da ora qüvvə göndərmək üçün şərait yaratsınlar; əks halda valini azad edib yerinə başqasını təyin etsin. Indi Imam (ə)-ın bu tədbirlə bağlı gördüyü işləri şərh edirik. 1. MƏHƏMMƏD İBNİ ƏBU-BƏKRİN KUFƏYƏ GÖNDƏRİLMƏSİ Imam (ə) bir məktub yazıb Məhəmməd ibni Əbu-Bəkri və Məhəmməd ibni Cəfərlə Kufəyə göndərdi ki, ümumi bir yığıncaqda o həzrətin kömək istədiyini Kufə camaatına çatdırsın. Lakin Əbu Musanın öz fikrində nadancasına israrı hər iki nəfərin bu tədbirlə bağlı səylərini nəticəsiz etdi. Camaat Əbu Musaya müraciət edəndə o deyirdi: "Evdə oturmaq axirət yolu, qiyam etmək isə dünya yoludur (hansını istəsəniz seçin)." Imam (ə)-ın nümayəndələri heç bir müsbət nəticə əldə etmədən Kufəni tərk etdilər və "Ziqar" adlı bir məntəqədə o həzrətlə görüşüb baş verən hadisələri ona söylədilər.("Tarixi-Təbəri", 3-cü cild səh.393 və 496 ) 2. İBNİ ABBASIN VƏ ƏŞTƏRİN GÖNDƏRİLMƏSİ Başqa vaxtlarda olduğu kimi, bu məsələ barəsində də Imam (ə)-ın fikri bu idi ki, mümkün olan vaxta qədər məsələni sülh və razılaşma yolu ilə həll edib müharibəyə əl atmasın. Buna görə də Əbu Musanı işdən götürməzdən əvvəl daha iki nəfər sözü keçən və nüfuzlu şəxsi–Ibni Abbası və Malik Əştəri Kufəyə göndərdi ki, məsələni müzakirə yolu ilə həll etsinlər. O həzrət Malikə buyurdu: "Heç bir nəticə əldə edilməsə, gərək onun qüsur və nöqsanlarını aradan qaldırasan." Onlar Kufəyə yola düşdü və Əbu Musa ilə görüşüb məsləhət etdilər. Bu dəfə Əbu Musa sözünü dəyişərək dedi: "Bu elə bir fitnədir ki, onda yuxulu insan oyaqdan, oyaq oturandan, o da ayaq üstə durandan, o da süvaridən və süvari olub tələsən adamdan yaxşıdır." Imam (ə)-ın nümayəndələri bu dəfə də çox çalışdılar, lakin heç bir nəticə əldə etməyib məyus halda qayıtdılar və Imam (ə)-ı Əbu Musanın inad və əks mövqe tutmasından xəbərdar etdilər.(Yenə orada, 3-cü cild, səh.497) 3. İMAM HƏSƏN (Ə) VƏ ƏMMAR YASİRİN GÖNDƏRİLMƏSİ Bu dəfə Imam (ə) öz sözünü çatdırmaq üçün daha yüksək vəzifəli, ehtirama layiq şəxslərin köməyindən istifadə etməyi qərara aldı. Bu iş üçün ən ləyaqətli şəxs o həzrətin böyük oğlu həzrət Müctəba (ə) və Əmmar Yasir idi. Birincisi Peyğəmbər (s)-in nəvəsi idi. Peyğəmbər (s) həmişə ona mehr-məhəbbət göstərirdi. Ikincinin tərifini isə müsəlmanlar Peyğəmbər (s)-in özündən çox eşitmişdilər. Onlar Imam (ə)-ın yazdığı bir məktubla Kufəyə daxil oldular. Əvvəlcə həzrət Müctəba (ə) məktubu camaata oxudu. Onun məzmunu belə idi: "Allahın bəndəsi Əli Əmirəl-möminindən Kufə camaatına, şərəfli və yüksək mənsəbli ərəb dostlarına salamlar olsun! Mən sizi Osmanın (qətl) məsələsindən elə agah edim ki, onu eşitməyiniz görməyiniz kimi olsun. Camaat onun işlərinə irad tutdu. Mən də mühacirdən olan bir nəfər kimi çalışırdım ki, onu az danlayaraq düz yola dəvət edim. Lakin Təlhə və Zübeyr kimiləri ona qarşı hürkmüş bir dəvə kimi idilər ki, dəvəyə azacıq təzyiq göstərilməsi onun sürətlə getməsinə, yavaş sürülməsi isə onun xoşagəlməz "həda" səsinə (karvanı sürmək üçün çalınan musiqi səsi) səbəb olur. Bu iki nəfərdən başqa, Ayişə də qəfildən onun üstünə qəzəbləndi. Nəhayət, bir dəstə adam ona hücum edib öldürdülər. Bu vaxt camaat əsla tərəddüd etmədən, tam rəğbətlə mənə beyət etdi. Ey camaat! Hicrət etmək üçün (Mədinə) öz əhlini çölə qovmuş, qaynar qazan halına düşmüş, fitnə qopmuşdur. Öz rəhbərinizə tərəf gəlin və düşmənlərinizlə cihad etməyə tələsin!"("Nəhcül-bəlağə", birinci məktub ) Imam (ə)-ın məktubu oxunandan sonra nümayəndələr həqiqəti camaata söyləmək üçün sözə başladılar. Imam Həsən (ə) danışmağa başlayanda gözlər ona dikildi. Dinləyicilər dodaqaltı ona dua edir və Allahdan onun məntiqini möhkəmləndirməsini istəyirdilər. Həzrət Müctəba (ə) nizəyə söykənmiş halda öz sözünə belə başladı: "Camaat! Biz gəlmişik ki, sizi və müsəlmanlarla beyət məsələsində Allahın Kitabına, Onun Peyğəmbərinin sünnəsinə ən bilikli, ən ədalətli, ən yaxşı və ən mətin bir şəxsə tərəf çağıraq. Sizi elə bir şəxsə tərəf dəvət edirik ki, Quran ona irad tutmamış, sünnə onu inkar etməmişdir. O, iki cəhətdən (iman və qohumluq) bağlılığı olan şəxsə (Peyğəmbərə) hamıdan əvvəl iman gətirmiş və heç vaxt onu tək qoymamışdır. Camaat onun (Peyğəmbərin) ətrafından dağıldığı vaxtlarda Allah onu, Peyğəmbər (s)-in köməkçisi hesab edirdi. O, başqaları müşrik olan zaman Peyğəmbərlə birlikdə namaz qılırdı. Camaat, indi belə bir şəxs sizdən kömək istəyir, sizi haqqa dəvət edir vəistəyir ki, siz ona arxa duraraq əhd-peymanlarını pozan, o həzrətin əməli saleh dostlarını öldürüb beytül-malı qarət edən şəxslərə qarşı qiyam edəsiniz. Ayağa qalxın! Allahın rəhməti sizə olsun, Ona tərəf hərəkət edin və yaxşı işlər görüb, pis işlərdən kənar olun, yaxşı adamların hazırladığı şeyləri siz də hazırlayın!." Ibni Əbil-Hədid Imam Həsən (ə)-ın iki çıxışını məşhur tarixçi olan Əbi Müxnəfin dilindən nəql edir. Biz onların birinin tərcüməsi ilə kifayətlənirik. Həzrət Müctəba (ə)-ın düşünən insanları hərəkətə gətirən və Əli (ə)-ın mövqeyini açıqlayan hər iki çıxışı tamamilə möcüzəlidir.("Tarixi-Təbəri", 3-cü cild, səh.499-500; "Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 14-cü cild, səh.11-14 ) Həzrət Müctəba (ə)-ın sözü sona çatdıqda Əmmar Yasir ayağa qalxdı. O, Allaha həmd-səna edib Peyğəmbərə salavat göndərdikdən sonra belə dedi: "Camaat! Peyğəmbərin qardaşı və əmioğlusu sizi Allah dininə kömək etməyə çağırır. Sizin imamınız qanunsuz bir iş görmür. O, təlim görməyə ehtiyacı olmayan bir alim, heç vaxt qorxmayan bir qüdrət sahibi, parlaq keçmişə malik olan bir şəxsdir ki, heç kim iman, elm və fəzilətdə onunla ayaqlaşa bilməz. Əgər onunla görüşsəniz, həqiqəti sizin üçün aydınlaşdırar." Onların sözləri qəlbləri və yatmış vicdanları ayıltdı, sadəlövh hakimin yaratdığı vəziyyəti tamamilə dəyişdi. Çox keçmədən xalq kütlələri arasında böyük bir canlanma yarandı. Xüsusilə, Zeyd ibni Suhan Ayişənin məktubunu Kufə camaatına oxuyanda hamını heyrət bürüdü. Ayişə o məktubda Zeydə yazmışdı ki, öz evində otursun və Əliyə kömək etməsin. Zeyd məktubu oxuyandan sonra fəryad çəkib dedi: "Camaat! Agah olun! Ümmül-mömininin vəzifəsi evdə oturmaq, mənim vəzifəm isə döyüş meydanında vuruşmaqdır. Indi o, bizi öz vəzifəsinə dəvət edir, özü isə bizim vəzifəmizi öhdəsinə götürür." Bu hadisələrin məcmusu vəziyyəti Imam (ə)-ın xeyrinə dəyişdirdi və böyük bir dəstə–təqribən on iki min nəfər o həzrətə kömək etmək üçün öz hazırlıqlarını bildirdi. Əbu Tüfeyl deyir: "Kufə döyüşçüləri yola düşüb hələ Imamın ordusuna gəlib çatmazdan əvvəl Imam mənə dedi ki, Kufədən gələn köməkçilərin sayı on iki min bir nəfərdir. Onlar gələndən sonra hamısını saydım, o həzrətin dediyi rəqəmdən nə bir nəfər az, nə də ki, çox idi." Amma Şeyx Müfid Kufədən Imam (ə)-ın ordusuna qoşulanların sayını altı min altı yüz nəfər qeyd edərək yazır: "Imam (ə) Ibni Abbasa dedi ki, iki gün müddətində qeyd olunan sayda adam ona tərəf gələcək, Təlhə və Zübeyri öldürəcəklər. Ibni Abbas da dedi ki, gələnlərin sayı dəqiqləşdirildi və altı min altı yüz nəfər olduğu məlum oldu.("Əl-Cəməl", səh.157 ) |