KUFƏ, İSLAMIN XİLAFƏT MƏRKƏZİ
Islam günəşi Məkkə diyarında parladı və on üç ildən sonra Yəsribin səmasında zahir oldu. On il nur saçdıqdan sonra qüruba endi. Bu zaman artıq yarımada əhalisinin üzünə yeni bir üfüq açmış, Hicaz, xüsusilə Mədinə şəhəri dini və siyasi mərkəz kimi tanınmışdı. Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra xəlifənin mühacir və ənsar tərəfindən seçilməsi Mədinənin islam xilafətinin qərargahı olmasına səbəb olmuşdu. Xəlifələr ətraf yerlərə valilər və məmurlar göndərməklə ölkəni idarə edirdilər. Onlar ölkələri fəth etmək, maneələri və sədləri aradan götürməklə həmin məntəqələrdə islamı yayırdılar.
Əmirəl-möminin (ə) Peyğəmbər (s)-in tərəfindən təyin olunmaqla yanaşı, mühacir və ənsar tərəfindən də seçilmişdi. Buna görə də təbii olaraq o həzrət də özündən əvvəlki xəlifələr kimi Mədinəni xilafət mərkəzi seçməli və elə oradan da ölkəni idarə etməli idi. O, xilafətin əvvəllərində elə həmin yolu seçərək məktub yazmaq, layiqli və bacarıqlı şəxsləri göndərmək, dünyapərəstləri işdən götürmək, atəşli və təsirli nitqlər söyləməklə ölkə işlərini idarə edirdi. O həzrət, Əbu Bəkrin xilafətinin əvvəlindən etibarən 25 il müddətində haqq yolundan azmış islam dövlətini islah etməklə məşğul idi. Amma gözlənilmədən "nakisinlər" məsələsi qarşıya çıxdı, yəni o həzrətlə hamıdan əvvəl beyət etmiş olan şəxslər öz əhd-peymanlarını pozdular və imama qarşı qiyam etdilər. Hövlnak və ürəkyandıran xəbərlər ona çatdıqda məlum oldu ki, nakisinlər Bəni-Üməyyənin maddi köməkliyi və Peyğəmbər (s)-in zövcəsinin hörmət və nüfuzu sayəsində Iraqın cənubunda Bəsrəni ələ keçirdikdən sonra Imam (ə)-ın dostlarını və təyin etdiyi məmurları nahaq yerə öldürmüşlər. Buna görə də Imam (ə) nakisinləri və onlarla əlbir olanları tənbeh etmək üçün öz ordusu ilə Mədinədən çıxıb Bəsrənin yaxınlığında düşərgə saldı. Imam (ə)-ın haqq ordusu ilə nakisinlərin batil ordusu arasında baş verən müharibədə haqq ordusu qələbə çaldı, qiyamçıların başçıları öldürüldü, çoxları da qaçdılar. Bəsrə yenidən islam hökumətinin ağuşuna qayıtdı, şəhərin və onun əhalisinin vəziyyəti öz təbii qaydasına düşdü. Məşhur Quran təfsirçisi və Imam (ə)-ın seçilmiş tələbəsi olan Ibni Abbas oraya hakim təyin olundu. Qayda üzrə Imam (ə) gəldiyi yolla Mədinəyə qayıtmalı, Peyğəmbər (s)-in qəbrinin kənarında və o həzrətin səhabələrinin köməkliyi ilə islam təlimlərini yaymalı, cəmiyyətin xəstə ruhunu müalicə etməli, ucqar məntəqələrə əsgər göndərməklə islamın qüdrət və nüfuzunu genişləndirməli, xilafətin digər işləri ilə məşğul olmalı və hər növ çəkişmələrdən və qarşıdurmadan uzaq olmalı idi. Lakin bunlar hadisənin zahiri idi; zahirə baxan hər bir şəxs Imam (ə)-ın vəzifəsinin məhz bunlardan ibarət olduğunu deyirdi. Xüsusilə Mədinə şəhəri xas bir müqəddəsliyə, mənəviyyata malik idi. Çünki islamın həqiqi mərkəzi, Peyğəmbər (s)-in məzarı, mühacir və ənsardan olan səhabələrin mərkəzi idi, xəlifəni seçmək və ya işdən çıxarmaq məsələsi onların əlində idi. Bütün bunlara baxmayaraq Imam (ə) dostları ilə məşvərət etdikdən və fikir mübadiləsi apardıqdan sonra Kufəyə getdi və bir müddət orada qaldı.("Əl-imamətu vəs-siyasət", səh.85 (Hələb çapı) ) Bunun da iki səbəbi var idi:
1. Əmirəl-möminin (ə) böyük bir dəstə ilə Mədinədən hərəkət etmişdi və yolda bəzi dəstələr ona qoşulmuşdu. Lakin Imam (ə)-ın əsgərlərinin və onun yolunda canından keçməyə hazır olanların əksəriyyətini Kufə və onun ətrafından olanlar təşkil edirdi.(Məsudi Imam ™-a qoşulan kufəlilərin sayını yeddi min nəfər qeyd etmişdir, başqa rəvayətə görə isə altı min beş yüz nəfər olub. Yəqubi də altı min nəfər yazmışdır. ( "Murucuz-zəhəb", 2-ci cild, səh.368.) Ibni Abbas deyir: Zi-Qarda düşdüyümüz vaxt Imama ™ dedim ki, Kufədən sizin köməyinizə çox az adam gəlmişdir. Imam ™ buyurdu: "Nə bir nəfər artıq, nə də ki əskik, düz altı min beş yüz altmış nəfərdir." Imamın bu qədər dəqiq hesabından təəccübləndim və öz-özümə dedim ki, mütləq onları saymalıyam. Ziqarda on beş gün qaldıq, sonra yola düşüb Kufə qoşununu gördükdə onları dəqiq şəkildə saydım, gördüm ki, elə Imam ™ buyurduğu qədərdir. Bu vaxt heyrətlənib dedim: "Allahu Əkbər! Sədəqəllahu və Rəsuluh!" "Nəhcül-bəlağə"nin şərhi", (Ibni Əbil-Hədid), 2-ci cild, səh.187 ) Ona görə ki, Imam (ə) nakisinlərin qiyamını yatırmaq üçün böyük səhabə olan Əmmar Yasir və özünün böyük oğlu Həsən (ə)-ın vasitəsi ilə Kufə camaatından kömək istədikdə (Kufə Iraqın mühüm mərkəzi idi) oranın əhalisindən böyük bir qrupu Imam (ə)-ın çağırışına müsbət cavab verərək onun göndərdiyi nümayəndələrlə birlikdə cəbhəyə yola düşdülər. Amma Əbu Musa Əşəri və onun həmfikirləri kömək etməkdən imtina edib öz sözləri və rəftarları ilə camaatın cihada getməsinə maneçilik törətdilər. Imam (ə) nakisinlərə qələbə çaldıqdan və düşməni məğlub etdikdən sonra haqqı müdafiə etmək üçün əhalinin məişət və həyat şəraitləri ilə maraqlandı, ona cihadda kömək edənlərə təşəkkür etdi, cihadda iştirak etməyib evdə oturanları isə danlayaraq məzəmmət etdi.
2. Imam (ə) bilirdi ki, nakisinlərin qiyamı Müaviyənin günahlarından biridir, çünki onları əhd-peymanı pozmağa məhz Müaviyə təşviq etmişdi və onları aldadaraq məxfi şəkildə onlarla "beyət" etmiş və hətta Zübeyrə yazdığı məktubda qiyamın yollarını tamamilə göstərərək Şam əhalisindən onun üçün beyət aldığını qeyd etmişdi. Həm də ona məsləhət vermişdi ki, tez bir zamanda Kufəni və Bəsrəni işğal edib Osmanın intiqamını alsın və Əbu Talibin oğlunun o iki şəhərə hakim olmasına yol verməsin. Düşmənin oxunun boşa çıxdığına, qiyam yatırıldığına görə fitnənin kökü tez bir zamanda kəsilməli və Bəni-Üməyyənin məlun şaxəsi islam cəmiyyətindən kəsilib atılmalı idi. Kufə Şama ən yaxın olan məntəqə idi. Iraq isə ordu toplama və fədai yetirən bir məntəqə idi. Imam (ə) hər yerdən çox oraya güvənirdi. O həzrət öz xütbələrinin birində bu mətləbə işarə edərək buyurur: "Allaha and olsun, mən sizə tərəf öz meylimlə deyil, çarəsizlikdən gəldim."("Nəhcül-bəlağə", 70-ci xütbə )
Buna görə də Imam (ə) Kufəni özünə qərargah seçərək xilafət mərkəzini Mədinədən Iraqa köçürtdü, 36-cı hicri ilinin rəcəb ayının on ikisində, şənbə günü Bəsrə ağsaqqallarından olan bir dəstə ilə Kufəyə daxil oldu. Quran qariləri və şəhərin hörmətli şəxsləri qabaqda olmaqla Kufə əhalisi Imam (ə)-ı qarşılamağa çıxdılar, onun gəlişini bayram keçirdilər. Onlar Imam (ə)-ın qalması üçün darül-imarəni nəzərdə tutmuşdular. Buna görə də o həzrəti oraya aparmaq üçün icazə istədilər ki, həzrət orada məskən salıb yaşasın. Lakin Imam (ə) əvvəllər zülm və fəsad mərkəzi olan bu qəsrə getməkdən imtina edərək buyurdu: "Qəsr fəsad mərkəzidir." Nəhayət, Cödət ibni Hübeyrə Məxzuminin mənzilində məskən saldı (o, imamın bacısı Ümmü Haninin bacısı oğlu idi).("Vəqətu-Siffeyn", səh.8 )
Əmirəl-möminin (ə) camaatla danışmaq üçün geniş bir məntəqə olan Rəhbədə dayandı və atdan endi. Əvvəlcə orada olan məsciddə iki rəkət namaz qıldı, sonra minbərə çıxdı. Allaha həmd-səna etdikdən, Peyğəmbərə salavat göndərdikdən sonra söhbətə başladı: "Ey Kufə camaatı! Islamda sizin üçün bir fəzilət vardır, bir şərtlə ki, onu başqa şəklə salmayasınız. Mən sizi haqqa dəvət etdim, siz də səsimə səs verdiniz. Pis bir işi başladınız, lakin onu dəyişdirdiniz. Siz elə kəslərin önündə gedirsiniz ki, onlar sizin dəvətinizi qəbul edib, daxil olduğunuz yerə daxil olmuşlar. Sizin üçün qorxduğum ən pis şey ikidir: nəfsani istəklərə tabe olmaq və uzun-uzadı arzular. Nəfsani istəklərə tabe olmaq (insanı) haqdan saxlayar, uzun-uzadı arzular isə axirəti yaddan çıxarar. Agah olun (və bilin) ki, dünyaya arxa çevirənlər köç etmiş və axirət intizarında olanlar hərəkətə gəlmişdir; bu iki dəstənin hər birinin övladları vardır. Siz axirət övladlarından olun. Bu gün əməl günüdür, hesab günü yox; sabah hesab günüdür, əməl günü yox. Allaha şükür olsun ki, Öz dostuna kömək edib düşmənini xar, doğruçunu və haqq tərəfdarını əziz, əhd-peyman pozanı və batilə yuvarlananı zəlil etdi. Təqva və pərhizkarlığı özünüzə adət edin. Allah Peyğəmbərinin ailəsinə itaət edən şəxsə itaət edin, çünki bu şəxslər itaət olunmaq üçün özlərini islama və Peyğəmbərə qarşı qoyaraq xilafət iddiası edənlərdən daha ləyaqətlidirlər. Onlar bizimlə qarşı-qarşıya durur, bizdən onlara çatan fəzilətlə özlərini bizdən üstün sayır, bizim məqam və haqqımızı inkar edirlər. Onlar öz günahlarının cəzasına çatacaq, tezliklə o biri dünyada öz azğınlıqlarının nəticəsi ilə qarşılaşacaqlar. Agah olun (və bilin) ki, sizlərdən bəziləri mənə kömək etməkdən boyun qaçırdılar. Mən də onları danlayıb məzəmmət edirəm. Onları tərk edin və xoşlarına gəlməyən şeyləri onlara eşitdirin ki, camaatın razılığını qazansınlar, Allahın hizbi (dəstəsi) şeytanın hizbindən (dəstəsindən) seçilib ayrılsın.(Nəhcül-bəlağə", (Əbdüh), 27 və 41-ci xütbələr; "Vəqətu Siffeyn", səh.3 )
HAKİMLƏR ƏDALƏT ƏSASINDA TƏYİN EDİLİR
Imam (ə)-ın döyüşə getməyən Kufəlilərlə mülayim rəftar etməsi bəzi ifratçıların xoşuna gəlmədi, Imam (ə)-ın keşikçi dəstələrinin rəisi Malik ibni Həbib Yərbui ayağa qalxıb etirazla dedi:–Məncə belə cüzi cəza tədbiri onlar üçün çox azdır! Allaha and olsun, əgər mənə əmr etsən, onları öldürərəm!
Imam (ə) "sübhanəllah" - söyləməklə ona xəbərdarlıq edib buyurdu: Həbib, həddini aşdın!
Həbib yenə ayağa qalxıb dedi:–Xoşagəlməz hadisələrin qarşısını almaq üçün həddi aşıb kobud rəftar etmək düşmənlə mülayim davranmaqdan daha təsirlidir!
Imam (ə) özünün hikmətli məntiqi ilə onu hidayət etməyə başladı və buyurdu: Allah belə bir göstəriş verməmişdir. Daha zülm və təcavüz nəyə lazımdır?! Allah-təala buyurur: "Hər kəs günahsız (məzlum) olaraq öldürülsə, onun qəyyumuna intiqam almaq üçün qanuni bir qüdrət bağışlayarıq, amma o, qisas alarkən israf etməməlidir (ifrata varmamalıdır). Həqiqətən öldürülənin qəyyumuna Allah tərəfindən kömək olunur." Qatilin yerinə başqasından intiqam alınıb öldürülməsi qətldə israf hesab olunur.
AÇIQ SİYASİ FƏZA
Kufə qanun pozanları keşikçilərin rəisi ilə müzakirədə Imam (ə)-ın ədalətinin şahidi oldular və siyasi fəzanın tam açıq-aydın olduğunu gördülər. Buna görə də özlərinin əks mövqedə dayanmalarının səbəbini açıqladılar. O cümlədən:
1. Əbu Bərdət ibni Ovf adlı bir nəfər ayağa durub Cəməldə öldürülənlər barəsində bir sual soruşmaqla Imam (ə)-ın qoşununa qoşulmamasının səbəbini aydınlaşdırdı. O, Imam (ə)-dan soruşdu: Zübeyr və Təlhənin cəsədininin yanında öldürülənləri gördünmü? Onlar nə üçün öldürüldülər?
Imam (ə) onun səbəbini aydınlaşdırmaqla soruşanın etimadını qazandı və dedi:–Onlar mənim hökumətimə tabe olanları və dövlət işçilərini qılıncdan keçirdilər, Rəbiə Əbdi kimi şəxsiyyəti bir dəstə müsəlmanla birlikdə öldürdülər. Çünki öldürülənlər kimi əhd-peymanı pozmayacaqlarını və öz imamlarına qarşı məkr və hiylə işlətməyəcəklərini demişdilər. Mən də nakisinlərə dedim ki, dövlət işçilərinin qatillərini təhvil versinlər, onlardan qisas alınsın. Bu vaxt Allahın Kitabı mənimlə onların arasında hökm etsin. Onlar qatilləri təhvil verməkdən imtina edərək mənimlə müharibəyə başladılar, halbuki (əvvəldə) mənə beyət etmişdilər. Onlar mənim min nəfərə yaxın silahdaşımın qanını axıtmışdılar. Mən də qatillərdən qisas almaq və nakisinlərin qiyamını yatırtmaq üçün döyüşüb, qiyamı yatırtdım. Bu məsələ barəsində yenəmi şəkk-şübhən var?
Cavab verdi: Mən sənin haqlı olub-olmamağına şəkk edirdim, lakin bu açıqlamadan sonra onların məkrli tədbirləri və hiylələri mənə aydın oldu. Indi başa düşdüm ki, sən hidayət olunmuş və həqiqətgörənsən.(Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.104 )
Bundan da azad və açıq siyasi fəza ola bilərdimi ki, cihaddan boyun qaçıran şəxslər öz qanunsuz işlərinin səbəbini (hakim dövlətin haqq olub-olmamasında şəkk etməyi) Imam (ə)-ın dostlarından və yüksək vəzifəli dövlət işçilərindən ibarət olan bir cəmiyyətin içərisində deyib cavabını da alsın?! Sual soruşan şəxs Əli tərəfdarı olmazdan əvvəl Osmanın tərəfdarı idi, sonralar isə Əli (ə)-ın tərəfində müharibədə iştirak etdi. Bunlara baxmayaraq batində Müaviyə ilə sirdaş idi. Buna görə də Əli (ə) şəhid olduqdan sonra Müaviyəyə etdiyi xidmətlərin əvəzində Fülucət adlı yerdə geniş bir ərazini ona verdilər.(Yenə orada )
2. Süleyman ibni Sürəd Xəzai. O, Peyğəmbər (s) səhabələrindən biri idi, amma "Cəməl" müharibəsində Imam (ə)-ı himayə etməmiş və cihaddan boyun qaçırmışdı. O, Imam (ə)-ın yanına gəldi. Əli (ə) onunla görüşüb dedi:–Mənim tutduğum yolun haqq olduğuna şəkk etdin və mənim qoşunuma qoşulmaqdan çəkindin. Halbuki mən səni ən doğruçu və mənə kömək etməkdə ən qabaqcıl bir şəxs hesab edirdim. Sən hansı səbəbə görə Peyğəmbərin Əhli-Beytinə kömək etmədin və onlara yardım etmək üçün rəğbət göstərmədin?
Süleyman xəcalətli halda üzrxahlıq edib dedi:–Ötən günləri yada salma (və keçmişdən söz açma) və məni məzəmmət etmə. Mehr-məhəbbət və dostluğumuzu saxla, sənə sədaqətlə kömək edəcəyəm. Hələlik iş sona çatmayıbdır. Daha mühüm işlər var ki, onda yenə də dost-düşməni tanıyacaqsan.
Imam (ə) Süleymanın təvəqqesinin əksinə olaraq onun üzrxahlığı qarşısında sükut edib bir söz demədi. Süleyman bir az oturduqdan sonra ayağa durdu, həzrət Müctəba (ə)-ın yanına gəlib dedi:–Imamın məzəmmət və danlağından təəccüb etmirsənmi?!
Imam (ə)-ın oğlu mehribanlıqla dedi:–O adamı çox məzəmmət edərlər ki, onun dostluğuna və köməyinə ümid bağlasınlar.
Bu vaxt o səhabə Imam (ə)-ın əleyhinə baş verəcək digər qiyamlardan xəbər verdi və dedi ki, o günlərdə Süleyman kimi pak və sədaqətli şəxslərə həmişəkindən artıq ehtiyac var. Sonra belə dedi:–Bəzi hadisələr qarşıdadır. Düşmən nizələri bir yerə yığışar, qılınclar qınından çıxar. O zaman mənim kimilərə daha çox ehtiyac vardır. Mənim razı olmağımı yalan və xəyanət kimi təsəvvür etməyin, məni bu xeyirxah işdə müttəhim etməyin.
Həzrət Müctəba (ə) buyurdu: Allah sənə rəhmət eləsin! Biz heç vaxt səni müttəhim etmirik.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.106 )
Süleyman ibni Sürəd o vaxtdan etibarən bir an belə, Peyğəmbər (s) Əhli-Beytini müdafiə etməkdən usanmadı. O, Siffeyn müharibəsində Əli (ə)-ın tərəfində iştirak etdi və döyüş meydanında Hovşəb kimi adlı-sanlı pəhləvanı həlak etdi. Müaviyənin ölümündən sonra Imam Hüseyn (ə)-a məktub yazıb onu Iraqa dəvət etdi. Hərçənd Kərbəlada o həzrətə kömək etmədi, lakin əvəzində "Təvvabin" (tövbə edənlər) adı altında dörd min nəfərlik böyük bir dəstə ilə Hüseyn (ə)-ın intiqamını almaq üçün qiyam etdi və 65-ci hicri ilində "Eynü Əbu-Vərdə" adlı bir məntəqədə Şamdan göndərilən böyük bir qoşunla vuruşub nəhayət, şəhidlik məqamına çatdı.("Murucuz-zəhəb", 3-cü cild, səh.101-102)
3. Məhəmməd ibni Müxnəf deyir: "Imam (ə) Kufəyə gələndə atamla birlikdə onun yanına getdik. O həzrətin hüzurunda nakisinlərlə cihad etməkdən boyun qaçıran Iraqın hörmətli adamları və qəbilə başçıları var idi. Imam (ə) onları danlayıb deyirdi: "Siz ki, öz qəbilələrinizin başçılarısınız, bəs nə üçün geri çəkildiniz? Əgər saymamazlıq üzündən olmuşdursa, onda hamınız ziyankarsınız. Yox, əgər mənim və silahdaşlarımın haqq olmasında şübhəniz vardısa, hamınız mənim düşmənimsiniz."
Onların hamısı bir ağızdan dedilər ki, biz sənin dostunla dost, düşməninlə düşmənik. Bu vaxt onların hərəsi bir bəhanə gətirdi, bəzisi xəstə, bəzisi isə səfərdə olduğuna görə üzrxahlıq etdi. Imam (ə) onların bəhanələri qarşısında sükut etdi, lakin atamın və bizim qəbilənin etdiyi xidmətləri təqdirəlayiq bilib dedi:–"Müxnəf ibni Səlim və onun qəbiləsi Quranın bu ayədə vəsf etdiyi adamlar kimi deyildirlər: "Sizin aranızda bəzi şəxslər (münafiqlər) vardır ki, başqalarını süstlüyə vadar edirlər. Əgər sizə bir müsibət üz versə, deyərlər: Allah bizə bir nemət verdi ki, mücahidlərlə birlikdə olmadıq ki, giriftarçılıqlara şahid olaq və əgər sizə nemət yetişsə, sizinlə onların arasında dostluq əlaqələri olmamışdır kimi, deyərlər: "Kaş onlarla birlikdə olaydıq ki, böyük qələbələrə nail olaydıq!"
Nəhayət, Imam (ə) sorğu-sual aparıb onların üzrxahlığını qəbul etməklə, yaxud onların qarşısında sükut etməklə bildirdi ki, bu dəfə əfv olundular və üzrləri qəbul olundu, amma gələcəkdə bu kimi işlər təkrar olunmasın. Əgər Imam (ə) onları bu qədər məzəmmət edib danlamasaydı, gələcəkdə də bu cür əks mövqedə dayanacaqları ehtimal olunurdu.(Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.106-107; "Vəqətu Siffeyn", səh.10; "Nisa" surəsi, ayə:72-73 )
İMAM (Ə)-IN KUFƏDƏ QILDIĞI İLK CÜMƏ NAMAZINDAKI XÜTBƏSİ
Imam (ə) Kufəyə gəldikdən sonra iqamə qəsdi edərək namazını tamam qıldı. Cümə günü Kufə camaatı ilə cümə namazını qıldı. O, xütbələrindən birində Allaha həmd-səna edib, Peyğəmbərə salavat göndərəndən sonra camaata belə buyurdu:–Sizə təqvalı olmağı tövsiyə edirəm. Təqva Allahın Öz bəndələrinə tövsiyə etdiyi ən yaxşı şey, Allahın razılığını qazanmaq üçün ən yaxşı vasitə və Onun dərgahında ən gözəl aqibət sərmayəsidir. Sizə təqvalı olmaq və yaxşılıq etmək əmr olunub. Allaha itaət etmək üçün yaradılmısınız... Öz işlərinizi riyakarlıq olmadan, şöhrətpərəstlik məqsədi güdmədən yalnız Allah üçün yerinə yetirin. Hər kəs Allahdan başqası üçün bir iş görsə, Allah onu elə həmin adama tapşırar. Hər kəs də Allah üçün iş görsə, Allah onun əcr və savabını Öz öhdəsinə alar. Allahın əzabından qorxun (və bilin) ki, O sizi əbəs yerə yaratmamışdır. Allah sizin işlərinizdən agahdır və həyatınızın müddətini sizin üçün müəyyən etmişdir. Dünyaya aldanmayın, çünki dünya öz əhlini aldadar. Aldanan o kəsdir ki, dünya onu aldatsın. Axirət həqiqi həyat dünyasıdır–əgər camaat bilsə. Allahdan istəyirəm ki, şəhidlərin məqamını, peyğəmbərlərlə birgə olmağı və xoşbəxt insanların yaşayışını mənə nəsib etsin.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh. 108; "Vəqətu Siffeyn", səh.14 )
VALİLƏRİN GÖNDƏRİLMƏSİ
Əmirəl-möminin (ə) Kufədə düşərgə saldıqdan sonra o vaxta qədər öz tərəfindən vali göndərilməyən islami məntəqələrə əməli saleh və müəyyən şərtlərə malik olan şəxslər göndərdi. Tarixdə bu valilərin və onların göndərildikləri məntəqələrin adları dəqiq şəkildə qeyd edilmişdir.("Tarixi-Təbəri", 3-cü cild, səh.332; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.108; "Vəqətu Siffeyn", səh.14-15 )
O cümlədən, Xüləyd ibni Qürrəni Xorasana göndərdi. O, Nişapura çatanda xəbər tutdu ki, camaat Kəsra padşahının Kabulda yaşayan varisləri tərəfindən təhrik olunaraq islam hökumətinə qarşı çıxmağa və müxalifətçiliyə vadar edilmişlər. Əli (ə)-ın göndərdiyi hakim ixtiyarında olan qüvvələrlə onları məğlub etdi, bəzilərini isə əsir tutub Kufəyə göndərdi.("Vəqətu Siffeyn", səh.12 )
Ətraf yerlərə valilərin göndərilməsi ilə Əli (ə)-ın hakimiyyəti islami məntəqələrin hamısında bərqərar oldu. Lakin Şamda Müaviyənin müxalifəti bir yaralı nöqtə kimi qalmaqda idi. Onun tez bir zamanda aradan götürülməsi üçün əməlli-başlı bir tədbir həyata keçirmək lazım idi.
Əli (ə)-ın hakimiyyətinin bu hissəsini şərh etməzdən əvvəl Kufədə baş verən maraqlı bir hadisəni qeyd edirik. Əli (ə) Iraq əhalisi ilə əlaqə yaratmaq üçün onların uzun müddət Kəsra şahlarının istismarı altında olan bir dəstəsi ilə görüşdü. Imam (ə) onlardan soruşdu ki, Kəsra sülaləsindən neçə nəfər sizə hökmranlıq etmişdir? Cavab verdilər: Otuz iki padşah.
Imam (ə) o şahların hakimiyyət üsulu barədə soruşduqda cavab verdilər ki, onların hamısının üsulu bir idi, lakin Hürmüzün oğlu Kəsra özünə xüsusi bir üsul seçmişdi. O, ölkənin sərvətini özünə götürürdü. Bizim böyüklərimiz onunla müxalifətə başladıqda camaatın xeyrinə olan hər şeyi viran etdi, öz xeyrinə olanları isə mənimsədi. Camaatı təhqir edərək Fars millətini qəzəbləndirdi. Camaat da qiyam edib onu öldürdü. Onun arvadları dul, övladları yetim qaldı.
Imam (ə) onlara belə buyurdu: "Allah-təala insanları haqq əsasında yaratdı və hər bir insan üçün haqq əməldən başqa bir şeyə razı olmaz. Ilahi səltənətdə, Onun yaratdığı hər bir şeydə bir ibrət dərsi vardır. O da budur ki, məmləkət tədbirsiz deyildir və hökmən bir hökumət qurulmalıdır. Bizim işimiz o vaxt vəhdətdə olar ki, sonradan gələnlər keçmişdəkilərə bədbinlik etməsinlər. Hər vaxt sonradan gələnlər keçmişdəkilərə bədbin olub onların yaxşı adət-ənənələri ilə müxalifət etmişlərsə, həm özləri məhv olmuşlar, həm də digərlərini məhv etmişlər."
Sonra Imam (ə) onların başçısını-Nərsanı onlara əmir təyin etdi.("Vəqətu Siffeyn", səh.14 )
İMAM (Ə)-IN BƏZİ ŞƏHƏR HAKİMLƏRİNƏ YAZDIĞI MƏKTUBLAR
Kufəyə daxil olduqdan və ətraf məntəqələrə vali göndərdikdən sonra hər şeydən öncə Müaviyənin mərkəzi dövlətə itaətsizliyi Imam (ə)-ın diqqət mərkəzində idi. O daim bu iyrənc yaranı islam cəmiyyətindən kəsib atmaq barədə fikirləşirdi. Digər tərəfdən isə bəzi hakimlərin vəziyyəti və onların səmimi olub-olmaması Imam (ə)-a çox da aydın deyildi. Onlar nə özlərinin, nə də öz yerlərinin əhalisinin o həzrətlə beyət edib-etməməsini hələ də bildirməmişdilər. Buna görə də Imam (ə) üçüncü xəlifənin fərmanı ilə iş üstünə gələn bəzi hakimlərə məktub yazıb onlardan tələb etdi ki, öz vəziyyətlərini aydınlaşdırsınlar və həm özlərinin, həm də rəhbərlik etdikləri məntəqələrin əhalisinin beyətini elan etsinlər.(Kamil" (Ibni Əsir), 3-cü cild, səh.141)
Imam (ə)-ın məktublarından ikisi daha əhəmiyyətlidir. Onların birini Həmdanın valisi Cərir ibni Əbdüllah Bəcəliyə, digərini isə Azərbaycanın valisi Əşəs ibni Qeys Kindiyə yazmışdı. Indi bu iki məktubu qeyd edirik.
İMAM (Ə)-IN HƏMDAN VALİSİNƏ YAZDIĞI MƏKTUB
"Allah-təala bir millətin vəziyyətini, o millətin özləri öz düşüncələrini dəyişməyincə dəyişdirməz. Mən səni Təlhənin və Zübeyrin əməllərindən agah edirəm. Onlar mənimlə beyəti pozub mənim təyin etdiyim valinin–Osman ibni Hənifin başına bəla gətirmişlər. Mən ənsar və mühacirlə birlikdə Mədinədən çıxdım, yol üstündəki Əzib adlı bir məntəqədə oğlum Həsənə, Əbdüllah Ibni Abbasa, Əmmar Yasirə, Qeys ibni Səd ibni Übadəyə göstəriş verdim ki, Kufəyə gedib camaatı islam ordusunda iştirak etməyə, əhd-peyman pozanların qiyamını yatırmağa dəvət etsinlər. Kufəlilər bu çağırışa müsbət cavab verdi. Mən Bəsrənin yaxınlığında düşərgə saldım və qiyamın başçılarını üzürlü saydım, onların günahlarından keçdim və yenə də onlara dedim ki, mənimlə olan beyətlərini möhkəmlətsinlər. Lakin onlar müharibədən başqa bir şeyə razı olmadılar. Mən də Allahdan kömək istəyərək döyüşə girişdim. Bəziləri öldürüldü, bəziləri də Bəsrəyə qaçdılar. Bundan sonra mənim müharibədən əvvəl istədiyim şeyi məndən istədilər. Mən də onların sağ-salamatçılığını istədim. Sülh və səfa müharibənin yerinə keçdi. Əbdüllah Ibni Abbası oranın valisi təyin edib Kufəyə gəldim. Bu məktubu Zəhr ibni Qeysin vasitəsi ilə sənə göndərirəm. Hər şey barəsində ondan soruşa bilərsən."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.70-71; "Vəqətu Siffeyn", səh.91-92; "Əl-imamətu vəs-siyasət", səh.82 )
Bu məktubda və həmçinin Əşəsə yazılan digər məktublarda Qüreyşin adlı-sanlı şəxslərindən olan Təlhə və Zübeyr ilə qarşılaşmağının səbəbinin aydınlaşdırılmasına səy olunmuşdur ki, onların əvvəlcə Imam (ə) ilə beyət edərək sonradan öz əhd-peymanlarını pozması, cəmiyyətin asayiş və nizam-intizamını bir-birinə vurması, iğtişaş və qiyam yaratmaları hamıya məlum olsun.
Imam (ə)-ın məktubu Həmdan valisinə çatanda o, camaata üz tutub dedi:–Ey camaat, bu məktub Əmirəl-möminin Əli ibni Əbu Talibdəndir. O, din və dünya işlərində etimadlı bir şəxsdir. Onun düşmənə qələbə çalmasına görə Allaha şükür edirik. Ey camaat, islama ilk iman gətirənlər–mühacir, ənsar və tabeinlər onunla beyət etmişdir. Əgər xilafət məsələsini bütün müsəlmanların arasında səsə qoysaydılar, onda onun bu iş üçün ən layiqli adam olması məlum olardı. Camaat, həyatın davam etməsi ictimaiyyətlə qaynayıb-qarışmaqda, fəna və ölüm isə ayrılıq və təfriqədədir. Nə qədər ki, siz haqqa sadiqsiniz, Əli sizə rəhbərlik edəcəkdir. Əgər haqq yolundan çıxsanız, o sizi doğru yola qaytarar."
Camaat hakimin sözlərini eşitdikdən sonra dedi:–Biz eşitdik və ona itaət edirik; hamımız onun hakimiyyətinə razıyıq.
Bundan sonra həm hakim özünün, həm də camaatın Imam (ə)-a itaət etməsi ilə əlaqədar o həzrətə bir məktub yazdı.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-çü cild, səh.71-72; "Vəqətu Siffeyn", səh.61 )
Bu zaman Zəhr ibni Qeys (Əli (ə)-ın məktubunu gətirən şəxs) yerindən qalxdı, gözəl və şirin bir xütbə oxuyaraq dedi:–Ey camaat! Mühacir və ənsar Əlini kamil bir şəxs kimi tanıdıqlarına və onun Allahın Kitabı haqqında dərin elmə malik olmasına görə onunla beyət etdilər. Lakin Təlhə və Zübeyr nahaq yerə öz beyətlərini pozdular, camaatı qiyama təhrik etdilər və müharibə odunu qızışdırdılar.("Əl-imamətu vəs-siyasət", səh.82-83; "Vəqətu Siffeyn", səh.17-18)
Həmdan hakiminin və islam hökumətinin qərbində yerləşən camaatın beyət etməsi Imam (ə)-ın hökumətinin əsaslarını möhkəmlətdi. Bir neçə müddətdən sonra hakim Imamın etimadını qazanmaq üçün Kufəyə yola düşdü.