 MÜQƏDDİMƏ
Kamillik
zirvəsinə göz dikmiş insanın ilahi yolla hərəkətdə əzm və iradəsi artır. Fəzilət
və hikmət sahibi olan insanlar həmin bu kamillik zirvəsi, kamal qülləsidirlər.
Onların həyat tarixçəsi ilahi yolun necə keçilməsi dərsini öyrədir. «İdeallarla
tanışlıq» adlı silsilə kitabçalarda şücaətli və səxavətli şəxsiyyətlərin
həyatından danışılmışdır. Bu çöhrələrin təsvirində qələm acizdir, məqamlarının
vəsfində dil!
Onlar
əhdlərinə vəfa etdilər, son nəfəsədək möhkəm dayandılar, al qanları onların
sədaqətini sübut etdi. Onlar qəlblərini eşq nuru ilə diriltdilər, iman yolunda
can verib, əbədilik qazandılar. Bu insanlar həmişə diridirlər və Allahın yanında
ruzilərdən bəhrələnirlər. Onlar «Allah» deyib, son nəfəsədək öz əqidələrindən
dönmədilər və nəhayət, şəhadət camını başlarına çəkdilər. Bu, ilahi yola
sədaqətin sübutu idi.
Qandan
da rəsmi sənəd varmı?! Hansı imza şəhadətdən mötəbərdir?! Onlar Allahı
axtardılar, qəlblərini ilahi eşqə təslim etdilər. Elə ki, qəlb məhəbbətlə doldu,
ruhun hicabı olan cismi aradan götürdülər. Tənləri can oldu, canları isə Allaha
fəda!
Bu
kitabçalarda iman, cihad, şəhadət, haqpərəstlik ideallarının iftixar və əzəmət
dolu həyatlarının təsviri verilsə də, onların haqqı bu işlə ödənmiş
sayılmamışdır. Onların ruhlarının ucalığının, imanlarının böyüklüyünün sonadək
açıqlandığı iddia olunmur. Çünki bu insanlar bəşəri kamilliyin uca qülləsində
dayanmışlar və bu məqamın sözlərlə təsviri mümkünsüzdür. Amma.
Çəkə
bilməsən də dəryanın suyun,
Susuzluğu
yatır, qoy olsun payın.
|
Bu
kitabda oxuyacaqlarınız İslamın rəşadətli sərkərdəsi, tövhid qoşununun güclü
qolu, Allah Peyğəmbərinin (s) əmisi və vəfalı dostu həzrət Seyyidüş-şühəda
(«şəhidlər ağası») Həmzənin həyatına ötəri bir baxışdır. Bu şəxs ilk gündən
Allah dinini himayə etdi və Ühüd döyüşündə şəhadət iftixarını qazandı.
Ümid
edirik ki, bu həyat tarixçəsi haqpərəstlər üçün bir nümunə olsun və iman
kölgəsində kəramət axtaran gənclərə sədaqət dərsi versin. Olsun ki, bu
silsilədən olan digər kitabçalar da oxucuların İslamın tarixi şəxsiyyətləri ilə
tanışlığında faydalı ola.
Qum,
Cəvad Mühəddisi, 1998 HƏMZƏNİN
FƏZİLƏTLƏRİ
Həmzənin
həyat səhifələrini varaqladıqda onun iman və əməl baxımından fəzilətləri, yüksək
məqamı ilə tanış ola bilsək də, Həzrət Peyğəmbərin (s) və məsum imamların (ə)
buyuruqları onun məqamını daha aydın göstərir. Uyğun buyuruqlardan bəzilərini
xatırlayaq.
İslam
Peyğəmbəri (s) buyurur: «Qardaşlarımın ən yaxşısı Əli (ə), əmilərimin ən yaxşısı
Həmzədir».(«Biharul-ənvar», 22-ci cild, səh. 274. )Başqa bir rəvayətdə oxuyuruq: «Qiyamət günü məhşər səhnəsinə
süvari halda daxil olanlardan biri əmim Həmzədir. Allahın və rəsulunun şiri Əzba
dəvəyə süvar halda gələr.(Həmin mənbə, səh. 273. ) İmam Baqir (ə) buyurur: «Ərşin
sütununa yazılmışdır: «Həmzə Allahın və Onun rəsulunun şiri, şəhidlərin
sərvəridir».(Həmin mənbə, səh. 280. )
İmamlar
daim həzrət Həmzənin şəxsiyyətinə, onun və Cəfər Təyyarın nəslindən olduqlarına
görə daim fəxr etmişlər. Həzrət Əli (ə) uca məqama malik olmasına baxmayaraq,
xilafət məsələsi şuraya tapşırılanda Seyyidüş-şühəda Həmzə kimi əmisinin
olmasını özünə imtiyaz saymışdır və xəlifənin təyin olunacağı məclisdə buyurur:
«Sizi Allaha and verirəm, aranızda elə bir şəxs varmı ki, Həmzə kimi, Allahın və
Onun rəsulunun şiri kimi əmisi olmuş olsun?!»
İmam
Hüseyn (ə) də öz növbəsində xalqa Həmzənin şəxsiyyəti haqqında danışaraq, onu
tanıtdırmaqla xalqın döyüş əhval-ruhiyyəsini gücləndirir. İmam Hüseyn (ə)
Kərbəladakı xütbələrində, imam Səccad (ə) Dəməşq məscidindəki nitqində Həmzə ilə
iftixar edir. İmam Baqir (ə) «Əhzab» surəsinin 23-cü ayəsini («Möminlər arasında
Allahla bağladıqları əhdə sadiq olanlar var. Onlardan kimisi şəhid olmuş, kimisi
də şəhid olmasını gözləyir.) təfsir edərkən buyurur: «Allah ilə elə əhd
etmişdilər ki, heç zaman qaçmasınlar. Əhdinə vəfa edən və əcəli çatanlar Həmzə
ilə Cəfər oldu. Şəhadətini gözləyən isə Əli (ə) idi.(«Biharul-ənvar», 22-ci cild, səh. 277)
Allahın
Rəsulu (s) buyurmuşdu: «Qiyamət günü mənə dörd bayraq verilər: «Həmd» bayrağını
özüm tutaram; «La ilahə illəllah» bayrağını Əliyə (ə) verərəm, o, yüngül
hesabdan sonra behiştə daxil olacaq dəstənin önündə gedər; «Əllahu əkbər»
bayrağını isə Həmzəyə tapşıraram, o başqa bir dəstənin önündə olar; «Sübhan
əllah» bayrağını isə Cəfərə verərəm, onun arxasında bir dəstə insan dayanar.
Həmin vaxt ümmətimin şəfaəti üçün onların yanında dayanaram».(Həmin mənbə, 8-ci cild, səh. 7. )
İslam
Peyğəmbəri (s) hicrətdən sonra müsəlmanlar arasında qardaşlıq əqdi yaradarkən,
onları qardaşlaşdırarkən, Həmzə ilə Zeyd ibn Harisə arasında da qardaşlıq əqdi
oxuyur.(«Əyanuş-şiə», 6-cı cild, səh. 244.)
Seyyidüş-şühəda,
yəni «şəhidlər ağası» ləqəbini Həmzəyə həzrət Peyğəmbər (s) verdi.(Həmin mənbə, 6-cı cild, səh. 243. ) Hüseyn
ibn Əlinin Kərbəlada şəhadətindən sonra bu ləqəb daha çox ona aid
edilmişdir.
Cabir
ibn Abdullah deyir: «Bir gün Müaviyənin göstərişi ilə Ühüddə quyu qazılırdı.
Qazıntı zamanı sanki yenicə basdırılmış Ühüd şəhidlərinin cənazələri üzə çıxdı.
Oradakılar hönkürtü vurub ağladılar. Həmin vaxt Ühüd savaşından 40 il ötmüşdü.
Həmzənin cənazəsinin bel ilə zədələnmiş ayağından qan axdı».(«Tənqihul-məqal», 1-ci cild, səh. 375. )
Peyğəmbər
(s) Həmzəyə xüsusi bir məhəbbət bəsləyirdi. «Həmzə» adını o qədər xoşlayırdı ki,
övladı üçün ondan ad istəyənlərə bu adı təklif edirdi. Həzrət (s) övladı üçün ad
istəyən bir kişiyə buyurdu: «Onun adını «Həmzə» qoy. Bu ad mənim üçün ən əziz
adlardandır».(«Kafi», 6-cı cild, səh. 19. ) |