 HƏMZƏ İSLAMDAN
QABAQ
Peyğəmbərin
(s) babası Əbdül-Müttəlib Hicazın sevimli şəxslərindən idi. Bəni-haşim qəbiləsi
içində onun xüsusi hörməti vardı. Oğlanları Əbdül-Müttəlibin şöhrətini daha da
artırırdılar. «Əshabe-fil» hadisəsindən dörd il qabaq onun daha bir oğlu oldu və
körpənin adını Həmzə qoydular. Həmzə Əbdül-Müttəlibin və anası Halə binti
Vəhəbin ağuşunda boya-başa çatdı. Halə binti Vəhəb İslam Peyğəmbərinin (s) anası
Amənənin əmisi qızı idi.(«Üsdul-ğabə», 2-ci cild, səh. 46) Həmzə bu ailədə nəfsitox,
cəsarətli və səxavətli bir uşaq kimi tərbiyələnirdi. Həmzənin uşaqlıq dövründə
bu ailədə daha bir övlad, Abdullahın oğlu Məhəmməd dünyaya gəldi. Həzrət
Məhəmməd (s) Həmzədən dörd yaş kiçik idi.(Muğazi, Vaqidi, 1-ci cild, səh. 70. ) Bu yaş fərqi səbəbindən Həmzənin
uşaqlıq və gənclik dövrü Peyğəmbərlə birgə keçirdi. Bundan əlavə, Peyğəmbər (s)
Həmzə ilə süd qardaşı idi. Peyğəmbər (s) Həlimə Sədiyyəyə tapşırılmamışdan qabaq
ona bir neçə gün Əbu-Ləhəbin kənizi süd vermişdi. O, Həmzənin də süd anası idi.
Həmzənin uşaq yaşlarından Peyğəmbərlə yaxınlığı ona bir sıra fəzilətlər
qazandırmışdı. Hicaz mühiti həmin dövrdə fitnə-fəsadla dolu olsa da, Həmzə heç
vaxt günaha yol verməmişdi. O, xoşagəlməz rəftarlardan çəkinər və həzrət
İbrahimin pak ayinlərinə əməl edərdi. Həmzə daim saleh işlər ardınca tələsərdi.
O yaxşı at çapar, ox atar və öz dövrünün pəhləvanları ilə kəmər tutardı.
Həmzənin sağlam və güclü bədəni vardı. Onu övladlarının adı ilə «Əbu-Yəla» və
«Əbu-Əmmarə» çağırardılar. Həzrət Peyğəmbər (s) Xədicə ilə evlənmək istədikdə
əmiləri ilə məsləhətləşdikdən sonra, nəhayət, Həmzə ilə birgə Xədicənin atası
Xüvəylidin yanına elçiliyə getdilər.(«Tarixe-peyğəmbəre-İslam», səh. 69. ) Bəzilərinin fikrincə, Xüvəylid bu
izdivacdan qabaq dünyasını dəyişmişdi və elçilikdə Xədicənin əmisi Əmru ibn Əsəd
iştirak edirdi.
Həzrət
Məhəmmədin (s) peyğəmbərliyinin başlanması ilə əzabkeş Hicaz xalqı üçün ümid
qapısı açılmışdı. İslamı qurtuluş yolu kimi qəbul edənlər tədricən ona iman
gətirirdilər və yeni ayinin nüfuzu günbəgün artırdı. Bu vəziyyət müşrikləri
narahat edirdi. Onlar Peyğəmbər əleyhinə təbliğatlarını gücləndirirdilər.
Həmzə
Peyğəmbərin (s) dəvətinin haqq olmasına əmin idi. Həzrətin (s) əxlaqı, rəftarı,
şəxsiyyəti və bəyanları Həmzəni inandırmışdı ki, o, həqiqətən də, Allahın
peyğəmbəridir. Amma Həmzə öz imanını açıqlamağı məsləhət bilmirdi. Bundan ötrü
münasib fürsət lazım idi. Həmzə fürsət axtarırdı ki, öz qanlı qılıncının
kölgəsində müşriklərlə vuruşsun və Allahın dinini müdafiə etsin. Həmzə öz
imanını gizlətdiyindən rahatcasına Qüreyş başçılarının toplantılarında iştirak
edir və onların söhbətlərindən xəbərdar olurdu.
Bir
gün Həmzə Kəbə yaxınlığında Qüreyş başçıları ilə oturub, onların söhbətlərini
dinləyirdi. Müşriklər onların saraylarını alt-üst edəcək tufan haqqında
danışırdılar. Bu tufan onların arzularını, xalqı azdırıb bəhrələnmək
məqsədlərini gözlərində qoyası idi. Haqqında danışdıqları kəs onların
başqalarının bədbəxtliyi üzərində qurulmuş xoşbəxtliklərini hədələyirdi. Onların
söhbəti gəncləri özünə tərəf çəkən, guya ailələrdə ixtilaf salan Məhəmməd və
onun yeni ayinləri haqqındaydı.
İslamın
yaşı artdıqca, müsəlmanların sayı çoxaldıqca Qüreyşdən olan düşmənlərin
müqaviməti də güclənir, kinləri aşkara çıxır, Peyğəmbər və müsəlmanlarla
ədavətləri həddi aşırdı. Həmzə bütün baş verənləri diqqətlə izləyirdi. Həzrət
Peyğəmbərin (s) dözüm və iradəsi onu heyrətə gətirirdi. Peyğəmbərin (s) səbr və
mübarizəsi Həmzənin qəlbindəki imanı gücləndirir və şirkin ona yol tapmasının
əbədi olaraq qarşısını alırdı. O, uşaqlıqdan Peyğəmbərlə ünsiyyətdə olmuşdu.
Bilirdi ki, Peyğəmbər sədaqətli, əmanətdar və doğruçudur. Onun qəlbində Həzrət
Məhəmmədə (s) qarşı gizli bir eşq çağlayırdı. Nəhayət, münasib fürsət yarandı və
Həmzə öz imanını izhar etdi.
Bəziləri
onun besətin (peyğəmbərliyin) ikinci, bəziləri isə besətin altıncı ili İslamı
qəbul etdiyini bildirirlər.(«Üsdul-ğabə» 2-ci cild, səh. 46; «Əyanuş-şiə» 1-ci cild, səh. 243. ) Hər halda Həmzənin İslamı qəbul
etməsi səhnəsi olduqca maraqlıdır. HƏMZƏ İSLAMI QƏBUL
ETDİYİNİ BİLDİRİR
Əbu-Cəhl
Məkkədə şirk başçılarından idi. O, cidd-cəhdlə bütpərəstliyi himayə edirdi. Bir
gün həzrət Peyğəmbər (s) Səfa dağının yanından keçərkən Əbu-Cəhl onun qarşısını
kəsdi, ona və İslama təhqirlər yağdırdı. Nəhayət, yorulub, Kəbəyə doğru getdi və
Kəbənin yaxınlığındakı bir dəstə qüreyşlə oturdu. Həzrət Məhəmməd (s) Əbu-Cəhlin
bu hərəkətini cavabsız qoydu.
Kəbə
yaxınlığında əyləşənlər hələ evlərinə dağılışmamış Həmzə göründü. O daim ova
gedər və ovdan qayıtdıqda əvvəlcə Allah evini təvaf edərdi. (təvaf-Kəbənin
başına dolanmaq) Kəbə ətrafında adamların toplaşması Həmzəyə təəccüblü göründü.
Abdullah ibn Cədanın kənizi Səfa ətəyindəki otağından Peyğəmbərin (s) təhqir
olunması səhnəsini görmüşdü. O, özünü Həmzəyə çatdırıb, baş vermiş hadisəni
olduğu kimi danışdı. Həmzə möhkəm qəzəbləndi və fəryad çəkərək dedi: «Əbu-Cəhl
haradadır?» Həmzənin qəzəbindən qorxuya düşmüş müşriklər Əbu-Cəhli
göstərdilər.
Həmzə
qızmış şir tək Əbu-Cəhlin üstünə şığıdı. Ona macal verməyib, əlindəki kamanla
başına bir zərbə vurdu. Əbu-Cəhlin başı yarıldı, üzünü qan bürüdü.(İbn Əsir, Kamil, 1-ci cild, səh. 501. ) Sonra onu yerə yıxıb, ayağını boğazına dirədi və boğmaq istədi. Amma Əbu-Cəhlin
ölümü fitnə-fəsada daha da rəvac verərdi. Ətrafdakı adamlar yaxınlaşıb,
çətinliklə də olsa, Əbu-Cəhli Həmzənin əlindən aldılar.(«Biharul-ənvar», 18-ci cild, səh. 211. )
Hadisəyə
şahid olanlar Həmzənin müsəlmanlığından xəbərsiz olduqları üçün onun bu
hərəkətini məzluma kömək, cavanmərdlik kimi yozdular. Onun qəzəbini soyutmaq və
İslama qarşı mənfi hisslərini qızışdırmaq üçün dedilər: «Sən ki müsəlman
deyilsən, nə üçün Məhəmmədin (s) incidilməsi səni narahat etsin?!» Deyilən
sözlər Həmzəni daha da qəzəbləndirdi. Qəlbində aşıb-daşan imanı açıqlamaq
zərurəti yaranmışdı. Həmzə öz sirrini açaraq dedi: «Mən müsəlmanam. Allahın
birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm. Əşhədu əlla ilahə
illəllah və ənnə Muhəmmədər-rəsulullah. And olsun Allaha, imanımdan əl
çəkməyəcəm. Əgər gücünüz varsa, mənim qabağımda dayanın.(«Əyanuş-şiə», 6-cı cild, səh. 243. )Həmzənin sözləri müşrikləri elə yandırdı ki, ona hücum etdilər. Amma dağ tək
əzəmətli Həmzəni yerindən tərpətmək müşkül bir iş idi. Əbu-Cəhl də hücum
edənlərin qarşısını almağa çalışdı. O, işin sonundan qorxur və canını təhlükəyə
atmaq istəmirdi.
Həmzənin
öz müsəlmanlığını açıqlaması bir sıra dəyişikliklərə səbəb oldu. Peyğəmbərin (s)
mövqeyi möhkəmləndi, qüreyşin planları alt-üst oldu, həzrətin (s) qəlbini
isitdi.
Həmzənin
qəzəbi soyuduqdan sonra qəlbini sakitləşdirmək, imanını möhkəmləndirmək üçün
Peyğəmbərin (s) yanına gəldi və ərz etdi: «Dediklərin həqiqətdirmi?» Həzrət (s)
buyurdu: «Bəli» və Həmzə üçün bir neçə ayə oxudu. Eşitdiyi Allah kəlamları
Həmzənin qəlbinə sığal çəkdi və imanını gücləndirdi.
Həmzə
həzrət Məhəmmədə (s) dedi: «Dinini aşkarla. And olsun Allaha, istəmirəm ki,
səmanın kölgə saldığı şey mənim olsun və keçmişdəkilərin ayinində qalım.(«Əssəhih min sirətil-rəsulil-əzəm», 2-ci cild, səh. 77.) Həzrət Peyğəmbər (s) ona dua etdi və Allahdan istədi ki, Həmzənin imanını
möhkəmləndirsin.
Həmzənin
izhar etdiyi müqəddəs qeyrət, onun peyğəmbər və İslamı himayəsi, Əbu-Cəhlin
təhqirlərinə layiqli cavab verməsi tərifəlayiqdir. İmam Səccad (ə) bu qeyrət və
əzmi mədh etmiş, Həmzənin uyğun münasibətlərini onun behiştə daxil olması üçün
amil saymışdır.(«Biharul-ənvar», 22-ci cild, səh. 273. ) Müsəlmanlığını məqamında izhar etmiş Həmzə belə bir şer
oxumuşdur:
Həmd
olsun qəlbimi düzən Allaha,
İman
nurun cana süzən Allaha.
Bir
dinlə hidayət qıldı ki məni,
Bu
din bəndələrin səadət şəmi.
Oxunduqca
bizə o nur ayələr
Nisgil
dolu gözdən sevinc ələnər.
Fələklərdən
ayə enən o rəhbər
Nemətdir,
baxmayın ona birtəhər.
And
olsun Allaha, nə qədər varam
Onu
ağır gündə tənha qoymaram.
| («Əyanuş-şiə», 6-cı cild, səh. 244. )
Həmzə
İslam ayinlərinə əqidəsini aşkarladıqdan sonra qüreyş anladı ki, Peyğəmbərin (s)
müdafiə gücü artmışdır. Bu səbəbdən də Peyğəmbərə qarşı pisliklərini bir qədər
məhdudlaşdırdılar.(«Sireye-ibn-Haşim», 1-ci cild, səh. 312. )Bu hadisə Əbu-Talibi də çox sevindirdi. O, Həmzənin əzm və
iradəsi haqqında şer də qoşdu.(«Tarixe-Peyambəre-İslam», səh. 98. )
İslamın
başlanğıc dövründə Həmzənin himayədarlığı əhəmiyyətli rol oynadı. Onun şücaəti
məsum imamların da diqqət mərkəzində olmuşdur. Həzrət Peyğəmbərin (s) vəfatından
sonra Həmzənin yoxluğu daha çox hiss olunur. Hətta xilafət qəsb olunduğu vaxt
Əmirəl-möminin (ə) Həmzəni xatırlayaraq buyurur: «And olsun Allaha, əgər Həmzə
və Cəfər sağ olsaydılar, heç vaxt filankəs xilafətə tamah salmazdı. Amma nə edim
ki, Əqil və Abbasla qalmışam!» Həzrət (ə) Səqifənin səhəri gün Həmzə və Cəfəri
yardıma çağırır, «Ey Cəfər, ey Həmzə», deyə fəryad edir.
Sudəyr
deyir: İmam Baqirin (ə) yanında idim. Peyğəmbərin (s) vəfatından sonrakı dövrdən
söhbət düşdü. Deyildi ki, həmin vaxt Əliyə (ə) yardım edilmədi. Bir şəxs imamdan
soruşdu ki, bəs bəni-Haşimin gücü-qüvvəsi harada idi ki, imama yardım
göstərilmədi. Həzrət (ə) buyurdu: «Bəni-Haşimdən kim qalmışdı ki? Cəfər və Həmzə
şəhadətə yetişmişdi, Abbas və Əqil isə gücsüz idi. Bir də onların
müsəlmanlığından elə də böyük müddət ötüşməmişdi. And olsun Allaha, Həmzə və
Cəfər sağ olsaydılar, həmin iki şəxs (iki xəlifə) arzusuna çatmazdı. Onlar
canlarını fəda edərdilər ki, həmin vəziyyət yaranmasın».(«Səfinətul-bihar», 1-ci cild, səh. 338.)
İmam
Baqirin (ə) dilindən nəql olunmuş bu sözlər həzrət Seyyidüş-şühədanın
vücudundakı imanın dərinliyini, yüksək rəşadətini və Allahın rəsulunu himayəsini
açıq şəkildə göstərir. İslamın ilkin qəribçilik dövrlərində Həmzə öz himayəsini
ondan əsirgəmədi. Həzrət Peyğəmbərin (s) evinin qabağına çirkab tökmək
Əbu-Ləhəbin adəti idi. Bir dəfə Həmzə Əbu-Ləhəbin bu işinə şahid olur. Həmin
çirkabı götürüb Əbu-Ləhəbin başına tökür. Əbu-Ləhəb üz-gözündən çirkabı
təmizləyə-təmizləyə «axmaq təkallahlı» deyir. Sonralar başqalarını bu işə təhrik
etsə də, özü bir daha belə rəftara cürət etmir.(«Qamusur-rical», 7-ci cild, səh. 40. )
Həmzənin
peyğəmbərlə yaxınlığı möminlərin ümidini artırırdı. Ömər ibn Xəttab İslamı qəbul
etməmişdən qabaq Peyğəmbər (s) və onun ayinlərinə qəzəblənərək müsəlman olmuş
bacısının evinə gedir. Amma orada Quran ayələrini eşidib, qəlbi yumşalır. Ömər
həzrət Peyğəmbərin (s) özü ilə görüşmək istəyir. Bu məqsədlə onun evinə gəlir.
Həmin vaxt orada müsəlmanlar cəm olmuşdular. Silahlı Ömər qapını döyür. Evdəki
müsəlmanlar Ömərin səsini tanıyıb, qorxurlar. Amma Həmzə tövrünü pozmadan deyir:
«Qoyun daxil olsun. Əgər məqsədi xeyirdirsə, xidmətindəyik. Yox əgər pis
məqsədlə gəlmişdirsə, öz qılıncımızla onu öldürərik!»
Peyğəmbər
(s) Ömərə daxil olmaq icazəsini verir. Ömər Həzrətlə (s) görüşdən sonra İslamı
qəbul edir.(«Sireye-ibn-Haşim», 1-ci cild, səh. 370. ) HİCRƏT
ASTANASINDA
Həzrət
Məhəmmədin (s) ardıcıllarına təzyiqlər artırdı. Bir qrup müsəlman qüreyşin
hücumlarından amanda qalmaq üçün Həbəşəyə hicrət etdilər. Həzrət (s) Taifdə
münasib şərait görmədiyindən Yəsribə (sonradan Mədinə adlandı) hicrət etmək
qərarına gəldi. Həmzə Məkkədə qalıb peyğəmbəri himayə edənlər arasında
idi.
Peyğəmbər
(s) həcc mərasimində bir qrup yəsribli müsəlmanla gizli şəkildə görüşdü və onlar
İslamı qəbul etdiklərini bildirdilər. Minanın Əqəbə hissəsində sonralar «Əqəbə
peymanı» kimi tanınmış müqavilə bağlandı. Bu müqaviləyə əsasən Peyğəmbərin (s)
Mədinəyə hicrətin təmin olunmalı idi. Bu hadisədə Həmzənin də mühüm rolu vardı.
Həzrət Peyğəmbər (s) həcc əməllərindən sonra Əbdül-Müttəlibin Əqəbədə yerləşən
evində Mədinədən gələn nümayəndələrlə görüşdü. Bu görüş müşriklərdən gizli
keçirilirdi. Onlar Peyğəmbərlə müdafiə haqqında müqavilə bağladılar və söz
verdilər ki, Peyğəmbəri və mühacir müsəlmanları canları-qanları ilə
qoruyacaqlar.
Müşriklərin
bu görüşə mane olmamaları üçün Həmzə və Əli (ə) keşikdə dayanmışdı. Əqəbədə
Peyğəmbərin (s) gizli şəkildə bir qrup adamla görüşdüyünü eşidən müşriklər
silahlanıb, həmin yerə gəldilər. Onları əli qılınclı Həmzə və Əli (ə) qarşıladı.
Toplantı haqqında soruşub, həmin yerə getmək istədikdə Həmzə dedi: «Burada kimsə
yoxdur və biz heç kimi görməmişik. And olsun Allaha, kim keçmək istəsə, onu
öldürəcəyəm.
Bu
səs Peyğəmbərin (s) və ona beyət edənlərin qulağına çatdı. Məclisdəkilər qılınca
əl atmaq istəsələr də, həzrət (s) buna etiraz etdi və buyurdu: «Döyüşmək
vəzifəmiz yoxdur». Sonra məclisdəkilərin dağılıb getməsini istədi. Oradakılar
fürsətdən istifadə edib, məclisi tərk etdilər. Peyğəmbər (s) isə Məkkəyə
qayıtdı.(«Biharul-ənvar», 19-cu cild, səh. 12.)
Tədricən
hicrət üçün şərait yaranırdı. Həmzə Peyğəmbərin (s) və Əlinin (ə) yanında idi.
O, İslamın müdafiəsinə və bu yolda hər bir fədakarlığa hazır idi. Peyğəmbər (s)
hicrət etməmiş bir qrup müsəlman Məkkəni tərk edib, Mədinəyə üz tutdu. |