 MƏDİNƏDƏ
Məkkədəki
ağrılı-acılı illər arxada qaldı. Peyğəmbər (s) və müsəlmanlar Mədinəyə hicrət
etdilər. Həmzə də ilkin hicrət edən müsəlmanlardan idi. O da digər mühacirlər
kimi Peyğəmbərin (s) gəlişi intizarındaydı.
Həzrət
Peyğəmbər (s) Mədinədə hökumət təşkil etdi. Cəmiyyət Allahın dini əsasında
qurulmağa başladı. Hicrətdən bir qədər sonra peyğəmbər Həmzə, Əli (ə) və
Fatiməni (s) çağırıb, onlara buyurdu: «Mənimlə beyət edin, razılıq beyəti!»
Həmzə soruşdu: «Atam-anam sənə fəda olsun, nəyə beyət edək, məgər əvvəl beyət
etməmişik?» Peyğəmbər (s) buyurdu: «Ey Allahın və Onun rəsulunun şiri! Allah və
Onun rəsulu ilə vəfadarlıq və möhkəmlik beyəti et. Bu yolla imanın
kamilləşəcək». Həmzə dedi: «Olsun, baş üstə». Sonra isə beyət üçün əlini
uzatdı.(«Biharul-ənvar», 22-ci cild, səh. 278. )
Zaman
keçir, İslamın günbəgün artan qüdrəti düşmənləri daha çox qorxuya salırdı. Onlar
İslama zərbə vurmaq haqqında planlar cızırdılar. Möminlər isə Allahın dinini
canları-qanları ilə qorumaq əzmindəydilər. Artıq iman Həmzənin ruhunda və
canında kök atmışdı. O, müsəlman olduğu gündən Allahın əmrləri qarşısında təslim
olmuş, Onun rəsuluna itaət etmiş, həyatını və gücünü bu yolda xərcləmişdi. Buna
görə də o, «əsədullah və əsədul-rəsulihi» («Allahın şiri və Onun rəsulunun
şiri») ləqəbini qazanmışdı. Müsəlmanların müşriklərlə ilk döyüşündə Həmzə qoşun
başçısı məqamına yüksəldi.
Peyğəmbərin
(s) bayraq verdiyi və hərbi iş ardınca göndərdiyi ilk şəxs Həmzə oldu.
Əbu-Cəhlin rəhbərlik etdiyi, Şamdan qayıdan 300 nəfərlik karvan dəniz sahilinə
çatdı. Həmzə yarısı mühacir, yarısı ənsar olan 30 nəfərlik dəstə ilə həmin yerdə
karvana çatdı. Tərəflər döyüş üçün sıraya düzüldülər. Amma hər iki tərəflə
peymanı olan bir şəxsin vasitəçiliyi ilə döyüş baş tutmadı.(«Sireye-ibn-Haşim», 2-ci cild, səh. 245. )Həmzə və yoldaşları Mədinəyə qayıtdılar, Əbu-Cəhl isə karvanla birlikdə Məkkəyə
yola düşdü. Bununla belə, Həmzə ilk dəfə peyğəmbərdən bayraq alıb, meydana gedən
şəxs adını qazandı. Bu hadisə hicrətin ilk ilində, ramazan ayında baş
vermişdi.(Məcazi 1-ci cild, səh. 246. )
Nəql
olunur ki, Həmzə Əbu-Cəhlin dəstəsi ilə rastlaşdıqda bir şer oxudu. Bu şerdə ilk
dəfə meydana göndərilməsini özü üçün iftixar sayırdı.(«Sireye-ibn-Haşim», 2-ci cild, səh. 246.) BƏDR
DÖYÜŞÜ
Təcavüzkar
kafirlər və müşriklər müsəlmanların güclənməsindən çox narahat idilər. Onlar
Mədinəyə hicrət etmiş müsəlmanların Məkkədəki evlərini qarət edir, xaraba
qoyurdular. Artıq mövqelər aşkarlanmışdı. Müsəlmanlar belə bir qərara gəldilər
ki, qüreyşin Məkkəyə xeyli mal aparan ticarət karvanını müsadirə etsinlər.
Bundan xəbər tutan qüreyş başçıları karvana güclü bir mühafizə dəstəsi
qoşmuşdular. Karvana Əbu-Süfyan başçılıq edirdi. O, karvanın yolunu dəyişib,
müsəlmanların ağlına gəlməyən bir yolla hərəkət etmək istədi. Müsəlmanların da
savaş məqsədləri yoxdu. Amma təsadüfi görüş döyüşü labüdləşdirdi. Küfr
başçılarının təkəbbürü də qarşıdurmanı qaçılmaz edən səbəblərdən oldu. Onlar
müsəlmanları qorxutmaq üçün döyüşmək qərarına gəldilər. Hər iki dəstə üzbəüz
düzüldü. Allahın yardımı, qeybi ümidlər İslam qoşununu ruhlandırırdı. Düşmən
qoşunu isə tərəddüdlər içində çabalayırdı. Onlar hərbi cəhətdən üstün olsalar
da, qəlblərindənki tərəddüdlər mövqelərini zəiflədirdi. Döyüş başlamazdan qabaq
kafirlərin Əsvəd Məxzumi adlı bir başçısı döyüşçülərdəki ümidsizliyi görüb,
onları şücaətləndirmək qərarına gəldi. Ona görə də o bir gedişlə döyüşçüləri
hərəkətə gətirməyə çalışdı. Onlarla belə bir müqavilə bağladı ki, üç yoldan
birini seçsinlər: ya özlərini müsəlmanların hovuzlarına çatdırıb su içsinlər, ya
hovuzları dağıtsınlar, ya da öldürülsünlər. Özü isə qoşundan ayrılıb, hovuzlara
tərəf hərəkət etdi. Amma məqsədə çatmamış Həmzə ilə üz-üzə gəldi. Həmzə bir
zərbə ilə onun qılçasını üzdü.(«Sireye-ibn-Haşim», 2-ci cild, səh. 276. ) Əsvəd yerə yıxılmasına və
ayağından qan axmasına baxmayaraq, sürünə-sürünə özünü hovuza çatdırmaq istədi.
Amma Həmzənin iti qılıncı onun boğazına dirəndi və başı bədənindən ayrıldı.
Beləcə, Həmzə Əsvədin su içmək arzusunu gözündə qoydu.(«Tarixe-Təbəri», 2-ci cild, səh. 127. )
Həmzənin
şücaəti tövhid qoşununun əzmini artırdı və müşriklərin canına üşütmə saldı.
Sonra döyüşün ilk mərhələsi, təkbətək döyüş başlandı. Müşriklərdən üç döyüşçü
qabağa çıxıb, qarşı tərəfdən rəqib tələb etdi. Müsəlmanlar Əli (ə), Həmzə və
Übeydə meydana girdi. Həmzə həmin gün yaxasına dəvəquşu lələyi sancmışdı. Bu
əlamət onu müsəlman döyüşçülər arasında fərqləndirirdi.(Məğazi 1-ci cild, səh. 76. )
Əli
(ə) Vəlidlə, Həmzə Şeybə ilə, Übeydə isə Ütbə ilə üzbəüz dayanmışdı.
Allah-təalanın şir ürəkli mücahidlərinin təkbir sədaları altında döyüş başlandı.
Qılıncların parıltısı meydanın toz-dumanında görünməz oldu. Ürəklər döyünür,
gözlər intizar içində döyüş meydanını izləyirdi. Çox keçməmiş Əli (ə) və Həmzə
öz rəqiblərinə qalib gəlib, ayağı kəsilmiş Übeydənin köməyinə tələsdilər və
müşrik döyüşçünün boynunu vurub, onu həlak etdilər.(İbn Əsir, Kamil, 1-ci cild, səh. 531.)
Daha
sonra ümumi həmlə başlandı. Həmzə böyük rəşadət və qəhrəmanlıqla döyüşə girişib,
düşmən ordusunun köksünə vardı. O, qorxudan döyüşçülər arasında gizlənmiş bir
çox küfr başçılarını öldürdü və növbəti bir qəhrəmanlıq dastanı yaratdı. Hamı
Həmzənin şücaətindən danışırdı. Onun yaxın silahdaşı Əmirəl-möminin (ə) belə
buyurur: «Müşriklərdən birini təqib edirdim. Bir müsəlmanla bir müşrikin
vuruşduğunu gördüm. Bu döyüşdə müsəlman şəhid oldu. Polad zireh geymiş Təyəmə
adlı qatil məni tanıyıb, nərə çəkərək dedi: «Ey Əbu-Talib oğlu, meydana gəl!»
Sonra isə qılınc çəkib, hücuma keçdi. Mən qalxanla özümü müdafiə etdim. Amma
onun ağır zərbəsi qalxanı əzdi. Qılıncımla onun cavabını verdim və boynundan bir
zərbə vurdum. Başının üzüldüyünü zənn etdim. Amma zireh möhkəm olduğundan qılınc
təsir etməmişdi. Bu vaxt arxadan bir qılınc parladı. Başımı aşağı saldım. Göydən
enən qılınc düşmənin başını papağıyla birgə üzüb atdı. Bu vaxt qulağımda isti və
tanış bir səs cingildədi: «Tut onu, ey Əli! Mənəm, Əbdül-Müttəlibin oğlu». Dönüb
arxaya baxanda Seyyidüş-şühəda əmimi gördüm. Öldürülmüş müşrik isə ərəbin
şücaətli qəhrəmanlarından sayılan Təyəmə ibn Ədi idi».(«Biharul-ənvar», 19-cu cild, səh. 338. )
Tarixçilər
Bədr döyüşü haqqında yazırlar ki, bu döyüşdə müşriklərin əksəriyyətini Həmzə və
Əli (ə) öldürdü. Bədr döyüşü başa çatanda müşriklərin yetmişə yaxın cəngavərinin
cəsədi torpağa sərili qalmışdı. Bu zərbə qüreyşi sarsıtdı. Həmzənin öldürücü
qılıncını müşriklər heç vaxt unutmadılar. Bundan sonrakı döyüşlərdə müsəlmanlara
qarşı fitnəni qızışdıran Əbu-Süfyan Məkkənin fəthi zamanı canını qurtarmaq
məqsədi ilə riyakarcasına İslamı qəbul etdi. Osmanın vaxtında Ühüddə Həmzənin
qəbri yanından keçərkən qəbiri təpikləməklə öz kinini bildirmişdi və tənə ilə
demişdi: Ey Əbu-Əmarə! O şeydən (xilafət) ötrü ki, bir-birimizə qılınc çəkirdik,
bu gün həmin şey bizim uşaqlarımızın əlindədir və onunla əylənirlər!»(«Şərhe-Nəhcül-bəlağə», 16-cı cild, səh. 136. ) ŞƏHADƏT
ŞÖVQÜ
Hadisələr
bir-birini əvəz edirdi. Məkkədən gələn xəbərlər açıq-aşkar düşmənin məkrlərindən
danışırdı. Haqla batilin baş-başa gəlməsi qaçılmaz idi. Dinin hifzi və İslam
məktəbinin qorunması böyük fədakarlıqlar tələb edirdi. Həmzənin iman və etiqadı
getdikcə möhkəmlənirdi. O, fədakarlıq üçün alışıb-yanırdı. Artıq Ühüd savaşı
üçün şərait yaranmaqdaydı. Sanki Allah-təala öz imtahan və sınağı sayəsində,
çətin hadisələr burulğanı və qanlı savaşlarda müsəlmanların fədakarlıq və
möhkəmliyini nümayiş etdirmək istəyirdi. Həmzə səfər azuqəsini hazırlamış
müsafir tək əbədi saraya doğru tələsməkdəydi. Məbudla görüş şövqü onun
əl-ayağından dünya bağlarını açmışdı. O, azad və rahat idi.
Amma
daxilində başqa bir qovğa vardı. Onun dar cisim qəfəsi uca ruhuna tab
gətirmirdi. Həmzənin ruhunda kök atmış məhbubla görüş şirinliyi duyğusu intizar
kölgəsini ağırlaşdırmışdı. Onun yalnız ilahi zikrə məşğul olan dil-dodağı
danışıq və təamdan imtina etmişdi. Son gecə gəlib çatdı. Bu gecə Həmzənin qədr
gecəsi idi. Bu gecənin səhəri Allah yolunda şəhadət səadəti Həmzənin sorağına
gələcəkdi.
Həmin
gecə həzrət Peyğəmbər (s) Həmzəni yanına çağırıb buyurdu: «Əmican, zənnimcə,
tezliklə məndən uzaq düşəcək və məndən qeybdə olacaqsan. Demək istəyirəm ki,
Allahla görüş zamanı səndən İslam və iman şərtləri haqqında soruşulanda nə cavab
verəcəksən?» Bu sözlərdən şəhid olacağını anlayan Həmzənin gözləri yaşla doldu
və dedi: «Ey Peyğəmbər, mənə yol göstər və bu sualların cavabını öyrət». Həzrət
(s) buyurdu: «Ey Həmzə, ixlasla şəhadət ver ki, «la ilahə illəllah,
muhəmmədər-rəsulullah». Həmzə dedi: «Şəhadət verirəm». Peyğəmbər (s) sözünə
davam etdi: «Sonra de ki, behişt və cəhənnəm haqdır, qiyamət günü gələcək və ona
heç bir şəkk yoxdur. Şəhadət ver ki, sirat və mizan haqdır. Hər kəs zərrəcə
yaxşılıq və pislik etsə, əməlinin mükafatını və cəzasını görəcək. Şəhadət ver
ki, bir dəstə behiştdə və digər bir dəstə cəhənnəmdə olacaq. Şəhadət ver ki, Əli
(ə) əmirəl-möminindir». Həmzə dedi: Şəhadət verirəm və bütün bunları etiraf
edirəm, inanıram». Həzrət əlavə etdi: «Şəhadət ver ki, Həsən (ə) və Hüseyn (ə),
eləcə də, Hüseynin (ə) nəslindən gələcək imamlar haqdırlar». Həmzə ərz etdi:
«İnanıram və təsdiq edirəm».
Həzrət
(s) öz söhbətində yeni bir mərhələyə keçdi və öz buyuruqları ilə Həmzəni riqqətə
gətirdi: «De ki, Həmzə Seyyidüş-şühəda, şəhidlər ağası, Allah və Onun rəsulunun
şiri və Peyğəmbərin (s) əmisidir». Şəhadət qoxulu sözləri eşidib, Həmzə o qədər
ağladı ki, heydən düşdü. Sonra bu xoş müjdənin şükrü olaraq, dodaqlarını
Peyğəmbərin (s) gözlərinə qoyub öpdü. Həzrət (s) buyurdu: «De ki, qardaşım
Əbu-Talibin oğlu Cəfər behiştdə mələklərlədir. Şəhadət ver ki, Məhəmməd və onun
ailəsi Allah məxluqlarının ən üstünləridir».
Sonra
Peyğəmbər (s) Həmzəyə xitabla buyurdu: «Ey Həmzə, Peyğəmbər Əhli-beytinə (s)
iman gətir, ölümün və həyatın bu əqidə əsasında olsun. Onların dostu ilə dost,
düşmənləri ilə düşmən ol». Həmzə dedi: «Ey Allah Rəsulu! Bütün deyilənlərin
doğruluğunu təsdiq edirəm. Bu əqidəmə Allahı şahid tuturam».
Nəhayət,
Peyğəmbər (s) Həmzəyə dua edib, buyurdu: «Allah səni öz əqidəndə möhkəm və
müvəffəq etsin.»(«Biharul-ənvar», 22-ci cild, səh. 278. )Həmzənin din yolunda fədakarlığa eşqi misilsiz idi.
Əbu-Süfyanın Mədinə üzərinə qoşun çəkməsi xəbəri gələndə müsəlmanlar iki yoldan
birini seçməli oldular: onlar ya şəhərdə qalıb, düşmənlə Mədinə küçələrində
döyüşməli, ya da şəhərdən çıxıb, müşrik qoşunu ilə üzbəüz dayanmalıydılar. Bədr
döyüşündə iştirak edə bilməmiş cavanlar təklif edirdilər ki, döyüş şəhərdən
kənarda olsun. Onlar düşmənlə savaş və şəhadət eşqindəydilər. Bəzi yaşlılar və
düşüncə sahibləri, eləcə də Həmzə dedi: «Ey peyğəmbər, qorxuruq ki, şəhərdə
qalsaq, düşmən ondan çəkindiyimizi zənn edər və bu ehtimal onları daha da
cəsarətləndirər. Bədr döyüşündə 300 nəfərlə idin və Allah sənə qələbə nəsib
etdi. Bu günsə biz çoxuq. Məgər belə bir günün gəlib çatmasının gözləmirdikmi?!
Biz bunu Allahdan istəmişik. Allah həmin fürsəti bu gün qismət etmişdir.(Məğazi 1-ci cild, səh. 210. )
Hamı
bir nəfər kimi şəhadətə tələsirdi. Həmzə dedi: «And olsun Allaha, bu qılıncımla
Mədinə kənarında onlarla çarpışanadək dilimə bir şey vurmayacağam».(həmin mənbə, səh. 211. ) |