 ÜHÜD
MEYDANINDA
Həmin
ilin ramazan ayı, oruc tutmuş müsəlmanlar üçün çox əlamətdar idi. Onlar iman,
Allaha və Onun rəsuluna eşqin nümayişi günlərini yaşayırdılar.
İntizar
gecəsi ötüşdü. Səhərdən savaş və qan qoxusu gəlirdi. Allah aşiqlərinin başı
üzərində şəhadət göyərçini qanad çalırdı. Onlardan biri də Həmzə idi. Küfr
leşkəri İslam qoşunu qarşısında, Mədinənin şimalında Ühüd dağının ətəyində
cərgələnirdi. Müşrüklər Bədr döyüşündə öldürülən adamlarının intiqamını almaq
həvəsindəydilər. Müsəlmanlar da Peyğəmbərin (s) başçılığı altında rəşadət
göstərmək əzmindəydilər.
Hər
iki qoşun öz mövqeyində möhkəmlənirdi. Həzrət Peyğəmbər (s) oxatanların bir
hissəsini Məşrif təpəsində yerləşdirmişdi ki, düşmən İslam ordusuna arxadan
həmlə edə bilməsin.
Əvvəlcə
təkbətək döyüş başladı. Əli (ə) doqquz kafirlə döyüşdü və onların həyatına son
qoydu. Həmzə isə savaş fürsəti gözləyirdi. Qeyd olundu ki, o, qılıncını düşmən
qanı ilə sirab edənədək dilinə bir şey vurmayacağını əhd etmişdi. Həmzə hələ də
orucunu açmamışdı.
Ümumi
həmlə başlayanda İslam döyüşçüləri düşmən leşkərinin üzərinə hücuma keçdilər.
Həmzə qəhrəmancasına düşmən qoşununun bağrını yarmaqdaydı. O bu döyüşdə iki
qılıncla vuruşur və fəryad edirdi ki, mən Allahın şiriyəm.(«Əyanuş-şiə», 6-cı cild, səh. 245. ) Düşmən qoşunundan bir çoxlarını öldürdükdən sonra İslam qərargahına qayıtdı. Bir
qədər sonra ikinci dəfə hücuma keçdi. Həmzə bu qanlı səhnənin qəhrəmanı idi. O,
meydana şücaətlə girir, müşrikləri pərən-pərən salırdı. Kimsə bu ağır zərbələrə
tab gətirmək gücündə deyildi.(«Biharul-ənvar», 20-ci cild, səh. 55. ) O kimini öldürür, kimini əsir
götürürdü. Həmzə qoşunun ənginliyinə daxil olmaqla, canını təhlükəyə atırdı.
Yoldaşları onu ehtiyatlı olmağa çağıraraq deyirdilər: «Cavan və güclü olduğun
vaxt bir bu qədər təhlükəyə atılmazdın. Nə səbəbdən bu yaşda bu qədər
qorxusuzsan? Ey Həmzə, qılınc qoca-cavan, güclü-zəif tanımır. Düşmənə bu qədər
yaxınlaşma». Amma Həmzənin batinindən kimsənin xəbəri yoxdu. O, eşitdiyi
nəsihətlər müqabilində belə dedi: «Cavanlıqda hadisələrdən və təhlükələrdən çox
ehtiyat edirdim. Çünki bu dünyadan getməyim, ölümü yoxluq kimi başa düşürdüm.
Əlbəttə ki, hamı ölümdən çəkinir. Amma indi Məhəmmədin (s) nuru bərəkətindən
ölümü yoxluq bilmirəm. And olsun Allaha, o məni ayıltdı, dünyaya gözlərimi açdı.
Ölümü yoxluq bilmədiyimdən qorxusuz döyüşürəm. Ölümü əbədi həyata qapı bilənlər
bu qapıdan Allahın behiştinə daxil olmağa tələsirlər. ŞƏHADƏT YOLUNDA NƏ
AYAQ, NƏ BAŞ?
Zərrəcə
qəlbimi qorxutmur savaş
Əldə
qanlı qılınc, könüldə sevinc,
Can
təndən qopmasa, çətin qala dinc.
Rahatlıq
eşqiylə döyünür ürək,
Dünya
bir körpüdür keçilsin gərək.
|
İslam
qoşununun rəşadəti, xüsusi ilə Həmzə və Əli (ə) kimi insanların qəhrəmanlığı
müsəlmanları qələbə ilə müjdələdi və düşmən məğlubiyyətin acısını daddı.
Müsəlmanların aramsız hücumları qarşısında qaçmaqdan savayı yol qalmadı. Amma
ehtiyat qüvvələrin və təpədəki oxatanların öz mövqeyini tərk etməsi nəticəsində
İslam qoşununa arxadan hücum baş tutdu. Müsəlmanların bir hissəsi şəhid oldu,
bir hissəsi qaçdı. Əli (ə) və Həmzə əvvəlki şücaətlə vuruşurdular. Həmzə yenə də
düşmən leşkərinin bağrını yarıb qılınc çalırdı. O, Ühüd döyüşündə şəhadətə
yetməzdən qabaq otuz bir müşriki qılıncdan keçirdi.(«Əsədul-ğabə», 2-ci cild, səh. 48. ) Əsir
düşmüş kafirlərdən biri müsəlmanlardan soruşdu: «Meydandakı yaxasına dəvəquşu
lələyi taxmış kişi kim idi?» Onun Həmzə olduğunu bildirdilər. Əsir dedi: «Bizi
bu hala salan o oldu».(Həmin mənbə. )
Həmzə
savaş meydanında tanınmaq üçün yaxasına əlamət taxardı. Bəzi döyüşçülər
başlarına lələk taxmaqla, alınlarına xüsusi parça bağlamaqla fədakar
döyüşəcəklərini bildirirdilər. SEYYİDÜŞ-ŞÜHƏDANIN
ŞƏHADƏTİ
Həmzə
ardı-arası kəsilməz həmlələrlə döyüşü davam etdirirdi. Hər ötən an onun Allahla
görüş şövqünü artırırdı. O aramsız hücumlar edir, düşmənlərin başını bədənindən
ayırır, onları pərən-pərən salırdı.
Əbu-Süfyanın
Bədr döyüşündə atasını, qardaşını, oğlunu itirmiş arvadı Hind bu arada intiqam
üçün münasib fürsət gördü. O öz qulamı Vəhşini çağırıb ona vəd etdi ki, əgər
Həmzəni öldürə bilsə, azad ediləcək. Vəhşi meydanda hərlənib, Həmzəni öldürmək
üçün münasib məqam axtarırdı. O, Həmzə ilə üzbəüz gəlməyə cürət etmədiyindən
qəfil hücum üçün pusqu seçirdi. Vəhşi qorxusuz döyüşən Həmzənin haqqında etiraf
edərək demişdi: «Onun qılıncı kimə çatırdısa, həyatına son qoyurdu»(İbn Əsir, Kamil, 1-ci cild, səh. 553. )
Vəhşi
bir ağacın dalında pusquda dayandı. Həssas bir məqamda Həmzə yerə yıxıldı və
zirehi kənara düşdü. Onun bədəninin bir hissəsini zirehsiz görən Vəhşi fürsəti
fövtə vermədi. Pusqudan çıxıb nizəni Həmzəyə tuşladı.(«Üsdul-ğabə», 2-ci cild, səh. 47. ) Bəli, Hindin kin silahı küfür pusqusundan Vəhşinin əli ilə atıldı və İslamın
sadiq dostunun cisminə sancıldı. Həmzə Vəhşiyə doğru hücum etmək istəsə də,
yarası ona imkan vermədi və fədakar mücahid yerə yıxıldı. O öz məhbubu ilə görüş
şövqünün işığında dünyaya vida dedi və ruhu tən qəfəsindən pərvaz etdi. 59 yaşı
tamam olmuş Seyyidüş-şühəda Həmzə əbədiyyətə qovuşdu.
Həmzənin
öldüyünə əmin olan Vəhşi onun cəsədinə yaxınlaşıb zireh və silahını götürdü.
Sonra sinəsini yarıb, ciyərini çıxardı. Kin və qəzəb alovunda qovrulan Hind
Həmzənin ciyərini çeynəməklə özünü sakitləşdirdi. Ona bu hərəkəti ilə bağlı
«ciyəryeyən» ləqəbi də verilmişdir. Amma bu iş onun qəzəbini soyutmadı. Vəhşi
ilə birlikdə meydana gəlib, Həmzənin cəsədinə yaxınlaşdı. Amansız qadın şəhidin
burnunu və qulaqlarını kəsdi. Bu görünməmiş cinayət Hinddən yadigar qaldı.(Məğazi 1-ci cild, səh. 286. )
Nəhayət,
Ühüd savaşı başa çatdı. Müsəlmanlar uğrunda döyüşüb, şəhid verdikləri namaza
durdular. Peyğəmbər (s) ilk öncə vəfalı əmisi haqqında soruşdu. Həmzənin şəhid
olduğunu bildirdilər. Həzrət onu görmək istədi. Səhabələrdən biri onun yerini
bildiyini dedi. Cənazəni axtarıb tapsalar da, Həmzənin vəziyyətini Peyğəmbərə
deməkdən çəkindilər. Gedənlərin qayıtmadığını görən Peyğəmbər Əlini (ə) onların
ardınca göndərdi. Amma Əli (ə) də cəsədin vəziyyətini gördükdən sonra həzrətin
(s) yanına qayıda bilmədi. Həzrət (s) xəbər çıxmadığını görüb, özü Həmzənin
cəsədini axtarmağa başladı. Nəhayət, cənazəni tapdı. Onun tikə-tikə
parçalandığını görüb ağladı və dünya dolu kədərlə buyurdu: «Məni bu qədər
qəzəbləndirən səhnə ilə üzləşməmişdim».(Həmin mənbə 1-ci cild, səh. 289. ) Sonra üzünü şəhidin peykərinə
tutub buyurdu: «Ey Həmzə! Ey Allah Peyğəmbərinin (s) əmisi! Ey Allahın və Onun
rəsulunun şiri! İşin yaxşı idi, çətinlikləri aradan qaldırdı. Sən Allah rəsulunu
himayə etdin, onun müdafiəsinə qalxdın.(«Əyanuş-şiə», 6-cı cild, səh. 246. )Bu yolda canını fəda etdin. İndi
behiştdə hurilərlə, Allahın rəhməti civarındasan. Artıq Allahın razılığını
qazanmısan və əbədi səadətə çatmısan.»
Gördüyü
səhnədən qəzəbi alovlanmış Peyğəmbər (s) əhd etdi ki, əgər qüreyşi ələ keçirsə,
onların da öldürülənləri ilə belə rəftar edəcək və Həmzəyə görə onların
yetmişini bu kökə salacaq. Amma bu vaxt Allah-təaladan belə bir ayə nazil oldu:
«İntiqam almaq məqsədi ilə cəza verəsi olsanız, həmin şəxsi özünüz
cəzalandırıldığınız şəkildə cəzalandırın. Əgər səbr etsəniz, bu, səbr edənlər
üçün daha xeyirlidir»(«Nəhl» surəsi, ayə 126. ). Ayə nazil olduğundan sonra həzrət
(s) buyurdu: «Səbr edəcəyəm».(«Tənqihul-məqal», 1-ci cild, səh. 375. ) |