ON BİRİNCİ İMAMA E’TİQAD Bir qrup şiə bildirirdi ki, imam Həsən Əsgərinin (ə) vəfatından sonra imamət məsələsi şübhəli qaldığından, Cə’fərin və ya başqa bir şəxsin imam olduğu bilinmədiyindən, şübhələrdən yaxa qurtarmaq üçün imam Həsən Əsgərinin (ə) imamətində dayanmaq lazımdır. DURĞUNLUQ (FƏTRƏT) DÖVRÜNƏ E’TİQAD Bir dəstə şiə belə düşünürdü ki, imam Həsən Əsgərinin (ə) imamətindən sonra ilahi höccətlər düzümü arasında fasilə yaranmışdır. Onlar yer üzündə ilahi höccətin olmamasını mümkün sayırdılar. Bildirirdilər ki, həzrət İsa və İslam Peyğəmbəri arasında da ilahi höccət olmamışdır. Bu insanlar imam Həsən Əsgərinin (ə) dünyasını dəyişməsinə inanırdılar. Sadəcə, ondan sonra kimsənin canişin olduğunu qəbul etmirdilər. Dəlil göstərirdilər ki, həzrət Peyğəmbərdən də sonra bir peyğəmbər gəlməmişdir. Əvvəldə qeyd etdiyimiz kimi, imam Həsən Əsgəridən (ə) sonra meydana çıxmış bütün bu firqələr zaman keçdikcə on birinci imamın övladı olduğundan xəbər tutdular. Hazırda bu firqələr haqqında yalnız kitablarda yazılmışdır. DÖRD NAİB («NƏVVABE-ƏRBƏƏ») İmam Mehdi (ə) kiçik qeyb dövründə dörd şəxsi özünə xüsusi naib seçib, şiələrə təqdim etmişdir. Bu dörd şəxs əvvəlki imamların səhabələrindən və təqvalı şiə alimlərindən olmuşlar. Dörd naiblə tanış olaq: Osman ibn Səid Əmri, Məhəmməd ibn Osman ibn Səid Əmri, Hüseyn ibn Ruh Növbəxti, Əli ibn Məhəmməd Səməri. Şiələr bu dörd səfir haqqındakı mə’lumatların əksərini Şeyx Tusinin «Əl-ğeybət» kitabından götürmüşlər. Şeyx Tusi öz növbəsində iki mənbəyə istinad etmişdi. Bu kitablardan biri Məhəmməd ibn Osman ibn Səid Əmrinin qızı Ümmü-Gülsümün oğlu İbn-Bərinənin kitabıdır. İkinci kitab Əhməd ibn Nuhun «Əxbarul-vukəlail-ərbəə» əsəridir. Uyğun iki kitab hansı səbəblərdənsə məhv olub getmişdir. Təəssüf ki, Şeyx Tusi və digər alimlər dörd səfirin həyatı haqqında olduqca az mə’lumat vermişlər. Bu səbəbdən də imam Mehdinin (ə) dörd xüsusi səfirinin həyatı haqqında ətraflı mə’lumat əldə etmək mümkün deyil. Mənbələrdəki mə’lumatların imkan verdiyi qədər bu səfirlər haqqında dörd başlıq altında söhbət aparacağıq: Dörd naib; Dörd naibin seçilmə me’yarı; Naiblərin şiələrlə rabitə yolu; Dörd naibin vəzifələri və məs’uliyyətləri. Dörd naibdən biri: Əbu Əmr, Osman ibn Səid Əmri Osman ibn Səid Əmri imam Mehdinin (ə) ilk xüsusi nümayəndəsi və səfiri olmuşdur. Bu şəxs şiələr arasında xüsusi məqama malik idi. Onu «Əsədi» kimi tanıyırdılar. Çünki o bəni-Əsəd qəbiləsindən idi. Anasının babası Əmri adlandırıldığından bu səfirə Əmri də demişlər. Bundan əlavə, imam Həsən Əsgəri (ə) buyurmuşdur: «Əbu-Əmr əvəzində Əmri deyin». Bu səbəbdən də səfir Əmri adı ilə məşhurdur. Əsgər və ya Samirrada yaşadığına görə ona Əsgəri də demişlər. Onun yağsatan kimi tanınmasının səbəbi öz siyasi fəaliyyətlərini pərdələmək məqsədi ilə yağ satmaqla məşğul olmasıdır. Əmri şiələrdən qəbul etdiyi dini ödəncləri yağ qablarında gizlədər və bu yolla imam Həsən Əsgəriyə (ə) çatdırardı. Şeyx Tusi öz «Rical» kitabında Osman ibn Səidi həm imam Hadinin (ə), həm də imam Həsən Əsgərinin (ə) səhabələrindən saymışdır. Kəşşi Osmanın keçmişi haqqında yazır: «O, on bir yaşından imam Hadiyə (ə) xidmət etmişdir». Bir şey aydındır ki, Osman ibn Səid Əmri yeniyetmə dövründən əhli-beytə xidmət iftixarı qazanmışdır. O bir neçə imama xidmət etmiş, imam Hadinin (ə) vəkili olmuş, imam Hadinin (ə) ömrünün son on ilində vəkalət qurumuna rəhbərlik etmişdir. İmam Həsən Əsgərinin (ə) vəkillərinin rəisi də Əmri olmuşdur. Şiələrin vəkillər vasitəsi ilə imam Həsən Əsgəriyə (ə) göndərdiyi dini ödənclər Osmana təhvil verilmiş, o da öz növbəsində bu əmanətləri imama çatdırmışdır. Növbəti mərhələdə Osman imam Mehdinin (ə) xüsusi naibi məqamına çatmışdır. Şeyx Tusi bu barədə yazır: Əhməd ibn İshaq ibn Sə’d Qummi deyir: «Bir gün imam Hadinin (ə) xidmətinə gedib ərz etdim ki, mən tez-tez uzaqda olduğumdan öz şər’i suallarıma cavab ala bilmirəm. Soruşdum ki, kimin sözünü qəbul edim və kimə itaət göstərim? İmam (ə) buyurdu: «Əbu-Əmr (Osman ibn Səid) e’tibarlı şəxsdir. Mən ona e’timad edirəm. O, sizə nə deyirsə, mənim tərəfimdən deyir». İmam Hadi (ə) dünyasını dəyişdikdən sonra imam Həsən Əsgərinin (ə) xidmətinə gedib eyni sualla ona müraciət etdim. İmam Həsən Əsgəri (ə) atası imam Hadinin (ə) dediklərini təkrarladı və buyurdu. «Əbu-Əmr həm əvvəlki imamların, həm də mənim e’tibar etdiyim bir şəxsdir. Məndən sonra da belə olasıdır. Sizə nə desə, mənim tərəfimdən deyir və sizə nə çatdırsa, mənim tərəfimdən çatdırır». Həzrətin Osman ibn Səid Əmri haqqındakı bu sözləri şiələr arasında məşhur idi. Əbdüllah ibn Cə’fər deyir: İmam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il sonra Allah evinin ziyarəti üçün Məkkəyə yola düşdük. Əhməd ibn İshaqla görüşdük və Osman ibn Səid Əmrinin onunla olduğunu gördük. Osman ibn Səid Əmriyə müraciətlə dedik: «Əhməd ibn İshaq bizim aramızda e’timad sahibidir. O, sizin məqamınız haqqında imam Hadinin (ə) və imam Həsən Əsgərinin (ə) dediyi sözləri bizə çatdırmışdır». Sonra həmin iki rəvayəti onun üçün zikr etdik. Osman ibn Səid Əmri imam Hadinin (ə) və imam Həsən Əsgərinin (ə) onun haqqında dediyi sözləri eşidib Allahın lütfünə şükür olaraq torpağa düşüb bu ne’mətə görə səcdə etdi. Bu səhnəni müşahidə edən Əhməd ibn İshaq və ətrafdakılar ağladılar. Əbdüllah ibn Cə’fər deyir: Sonra onu Allaha və həmin iki imama and verib imam Mehdini (ə) görüb-görmədiyi barədə soruşdum. Onun gözləri doldu, ağladı və dedi: «Bəli, mən həzrəti görmüşəm. Onun xüsusiyyətlərini sənə deyirəm. Amma nə qədər ki, sağam, bu barədə kimsəyə heç nə danışma. Şeyx Tusi yazır: «Osman ibn Səid Əmri imam Həsən Əsgərinin (ə) göstərişi ilə Yəmən şiələrindən toplanmış malı onlardan təhvil aldı. İmam Həsən Əsgəri (ə) Osmanın e’tibarına işarə edərək oradakılara dedi: «Bəli, şahid olun ki, Osman ibn Səid Əmri mənim vəkilimdir və onun oğlu Məhəmməd oğlum Mehdinin (ə) vəkili olacaq». Başqa bir rəvayətə əsasən, imam Həsən Əsgəri öz canişinini e’tibarlı şiələrdən qırx nəfərinə tanıtdırdı. Bu adamlar arasında Hüseyn ibn Əyyub, Əli ibn Bilal, Əhməd ibn Hilal, Osman ibn Səid də vardı. Həzrət həmin qırx nəfərə müraciətlə buyurdu: «Artıq onu görə bilməyəcəksiniz». Sonra oradakılara tapşırdı ki, imam Mehdinin (ə) qeyb dövründə onun nümayəndəsi Osmana itaət etsinlər. İmam Həsən Əsgərinin (ə) vəfatından sonra Osman ibn Səid Əmri ona qüsl verdi, kəfənlədi və dəfn etdi. Bütün bunlar onun uca məqamının sübutudur. İmam Mehdinin (ə) göstərişləri də Osman vasitəsi ilə şiələrə çatdırılırdı. İmam Həsən Əsgərinin vəfatından sonra Qumdan və İranın digər nöqtələrindən bir qrup şiə Samirraya dini ödənc gətirdilər. Onlar Samirraya çatdıqda imam Həsən Əsgərinin (ə) dünyasını dəyişdiyini bildilər. Bir qrup şəxs onlara imamın qardaşı Cə’fəri canişin kimi tanıtdırdı və Cə’fər gətirilən malın ona verilməsini istədi. Cə’fər sualları cavablandıra bilmədiyindən hey’ət gətirdiyi əmanəti ona verməkdən imtina etdi. Şiələr Samirradan çıxdıqları vaxt imam Mehdinin (ə) nümayəndəsi onlarla görüşdü. Gətirilən malların nişanələri imam tərəfindən sadalandıqdan sonra onlar həmin əmanətləri həzrət Mehdiyə (ə) təhvil verdilər. İmam onlara bildirdi ki, bundan sonra Samirraya gəlməsinlər və onun Bağdaddakı nümayəndəsinə (Osman ibn Səid) müraciət etsinlər. Osman ibn Səid imam Həsən Əsgərinin (ə) vəfatından sonra Samirradan Bağdada getdi və Kərx məntəqəsində sakin oldu. Osman ömrünün sonunadək sakin olduğu yerdə naiblik işinə məşğul oldu. O, imam Həsən Əsgərinin (ə) imaməti dövründə olduğu kimi müqəddəs nahiyəyə ünvanlanmış namələri, ödəncləri qəbul edirdi. Şeyx Tusi bu barədə yazır: Sahibul-Əmrin (imam Mehdinin) göstərişləri Osman və onun oğlu Məhəmməd tərəfindən şiələrə çatdırılırdı. Bu göstərişlər imama ünvanlanmış sualların cavabı və zəruri məsələlər haqqında olurdu. İmamın məktublarındakı dəstxətt imam Həsən Əsgərinin (ə) məktublarındakı dəstxətt idi. Şiələr hər iki şəxsin ədalətli olduğunu qəbul edirdilər. Osman ibn Səid dünyasını dəyişdikdən sonra oğlu Məhəmməd ona qüsl verdi və onu dəfn etdi. Biz hicri 308-330-cu illərdə Bağdadda onu ziyarət edirdik. Sonradan həmin yeri Əbu-Mənsur ibn Fərəc tə’mir etdi və qəbrin üzərində günbəz tikildi. Ətrafdakılar onun ziyarətinə gələr və onda təbərrük axtarardılar. Deyirlər ki, bu saleh şəxs imam Hüseynin (ə) süd qardaşı olmuşdur.» OSMAN İBN SƏİD ƏMRİNİN SƏFİRLİYİNİN DƏLİLLƏRİ Deyilənlərdən mə’lum olur ki, Osman ibn Səid Əmri həzrət Mehdinin (ə) ilk səfiri və naibi olmuşdur. Çünki əvvəla, bu şəxs imam Həsən Əsgərinin (ə) evində xüsusi mövqeyə malik olmuş və həzrət onu e’tibarlı saymışdır. İkincisi, imam Həsən Əsgərinin (ə) qüsl və dəfn işləri bu şəxsin ixtiyarına verilmişdir. Hansı ki, şiələrin e’tiqadına görə imamı imam dəfn etməlidir. İmam Mehdi (ə) ixtifada olduğundan naibi onun nümayəndəsi olaraq bu işləri öhdəsinə almışdır. Üçüncüsü, həm imam Mehdi (ə), həm də imam Həsən Əsgəri (ə) Osmanın nümayəndəliyini bir qrup şəxsə bəyan etmişlər. Dördüncüsü, həzrətin namələri və göstərişləri Osman ibn Səid vasitəsi ilə çatdırılardı. Nəhayət, həzrətin nümayəndəsi olduğu vaxt onda kəramətlər görünmüşdü. OSMAN İBN SƏİD ƏMRİNİN VƏFAT TARİXİ Osman ibn Səid Əmrinin şiə tarixində mühüm rolu olsa da, onun ölüm tarixi mə’lum deyildir. Hər halda tarixçilər bu tarixi müəyyənləşdirmək üçün sə’y göstərmişlər. Haşim Mə’ruf Həsəni yazır: «Osman ibn Səidin səfirliyi hicri 265-ci ilədək davam etdi». Amma bu mə’lumat verilərkən heç bir mənbə göstərilmir. Cavad Əli yazır: «On ikinci imamın qeybindən iyirmi il sonra onun ilk səfiri dünyasını dəyişdi. (hicri 270-ci il)». Bə’ziləri bildirirlər ki, Osman ibn Səid Əmri imam Həsən Əsgəridən (ə) sonra və hicri 267-ci ildən qabaq vəfat etmişdir. Çünki yalandan naiblik iddiasına düşmüş Əhməd ibn Hilal həqiqi naib Məhəmməd ibn Osmanla müxalifətçilik etmiş, onun səfirliyini qəbul etməmişdir. Bu şəxs hicri 267-ci ildə ölmüşdür. Demək, Osman ibn Səid Əmrinin vəfatı bu tarixdən əvvələ təsadüf edir. MƏHƏMMƏD İBN OSMAN İBN SƏİD ƏMRİ İmam Mehdinin (ə) xüsusi naibi, ikinci səfir birinci səfirin oğlu Məhəmməd ibn Osman ibn Səid Əmri olmuşdur. O, atası dünyasını dəyişdikdən sonra səfirlik məqamına çatmış və müqəddəs nahiyə tərəfindən vəkillik etmişdir. Məhəmməd ibn Osman da öz atası kimi şiə böyüklərindən olmuş, təqva və ədaləti ilə seçilmişdir. Bu şəxs imam Həsən Əsgərinin (ə) e’tibarlı yaxınlarından olmuş və şiələr tərəfindən sevilmişdir. Atası haqqında danışılarkən bəyan olunduğu kimi, Əhməd ibn İshaq imam Həsən Əsgəriyə (ə) sual ünvanlandığı vaxt imam buyurmuşdur: «Əmri və onun oğlu hər ikisi e’tibarlıdır. Onların çatdırdığı mənim tərəfimdəndir və sənə dedikləri mənim dediklərimdir. Onları dinlə və onlara itaət et. Çünki bu iki şəxs mənim e’tibar etdiyim adamlardır». MƏHƏMMƏD İBN OSMAN ƏMRİNİN SƏFİRLİYİNİN DƏLİLLƏRİ Məhəmməd ibn Osman ibn Səid Əmri təqvalı və e’tibarlı bir şəxs olmasından əlavə, əhli-beytə xidmətdə ötmüş və ləyaqətli bir keçmişə malik idi. Atasının dövründə bu şəxsin vəkalət qurumunda fəal iştirakı vardı. Onun səfir seçilməsi üçün ciddi əsaslar vardı ki, bu əsasları nəzərinizə çatdırırıq: Bu şəxs imam Həsən Əsgərinin (ə) dövründə imamın diqqətini cəlb etmiş və imam onun haqqında buyurmuşdur: «Məhəmməd ibn Osman mənim üçün e’tibarlı şəxsdir». İmam Həsən Əsgəri (ə) onun e’tibarlı olduğunu bildirməklə yanaşı, həm də oğlu imam Mehdinin (ə) vəkili olduğunu qeyd etmişdir. İmam Mehdinin (ə) birinci səfiri vəsiyyətində demişdir: «Məndən sonra oğlum Məhəmməd müqəddəs nahiyənin xüsusi naibidir və ona müraciət edin». Birinci səfirin vəsiyyəti əsasında oğlu Məhəmməd onun cənazəsini dəfnə hazırlayır. İmamiyyə şiələri arasında mövcud olan əqidəyə əsasən, imamın cənazəsini dəfnə imam hazırlamalıdır. Məhəmmədin atası həzrət Mehdinin (ə) göstərişi ilə imam Həsən Əsgərinin (ə) cənazəsini dəfnə hazırlamışdı. Ən əsası isə ikinci səfir müqəddəs nahiyə tərəfindən məktubları və göstərişləri xalqa çatdırırdı. Bu məktublar ötən dövrdəki dəst-xəttlə yazılırdı. Vəkillər bu xətt vasitəsi ilə Məhəmməd ibn Osmanın imam Mehdi (ə) ilə rabitəsinə əmin olurdular. O həm də bə’zi vəkillərin imam Mehdi (ə) ilə görüşünü təşkil edirdi. İmam Mehdi (ə) bu görüşlərdə bildirmişdi: «Məhəmməd ibn Osman mənim səfirimdir». Şeyx Səduq «Əl-ğeybət» kitabında bu məsələyə toxunduqdan sonra yazır: «Bu məsələ şiələr üçün bir dəlil ola bilər ki, Məhəmməd ibn Osman atasından sonra həzrət Mehdinin (ə) səfiri seçilmişdir. Əbdüllah ibn Cə’fər Həmidi deyir: «Məhəmməd ibn Osman Əmridən soruşdum: «İmam Mehdini (ə) görmüsənmi?» Dedi: «Bəli, son dəfə həzrəti Məkkədə Allah evinin yanında ziyarət etdim.» Əbu-Nəsr deyir: «Məhəmməd ibn Osman bütün məsələlərini imam Həsən Əsgəri (ə) və imam-Zamandan, eləcə də, atası Osman ibn Səiddən əxz etdiyi fiqh kitabları təsnif etmişdi. Məhəmmədin vəsiyyətinə əsasən, kitablar üçüncü səfir Hüseyn ibn Ruha təhvil verilmişdir. Axırda isə dördüncü səfir Əli ibn Məhəmməd Səməri həmin kitabları təhvil almışdı. Məhəmməd ibn Osman təqribən qırx il imam Mehdinin (ə) xüsusi naibi olmuşdur. O, yalandan nümayəndəlik iddiası edənləri məğlub etmiş və nəhayət, hicri 305-ci ilə camadiül-əvvəl ayının sonlarında dünyasını dəyişmişdi. Məhəmməd ibn Osman ölümündən iki ay qabaq imam Mehdi (ə) tərəfindən öz ölümü haqqında xəbər tutmuşdu. Bu səbəbdən də əvvəlcədən özü üçün qəbir hazırlamışdı. Məhəmməd və’d edilən gün dünyasını dəyişdi. Həzrət Höccətin (ə) göstərişi ilə Məhəmməd vəsiyyət etdi ki, ondan sonra növbəti səfir Hüseyn ibn Ruh Növbəxtidir. HÜSEYN İBN RUH NÖVBƏXTİ (ƏBÜL-QASİM) İmam Mehdinin (ə) üçüncü səfiri böyük Şeyx Hüseyn ibn Ruh Növbəxti olmuşdur. O, Məhəmməd ibn Osman Əmrinin həyatı dövründə müqəddəs nahiyə tərəfindən Məhəmmədin canişini tə’yin edilmişdir. Məhəmməd ibn Osman ömrünün son illərində növbəti səfirin qəbulu üçün şiələri hazırlamışdır. Hüseyn ibn Ruh Növbəxti Məhəmməd ibn Osman dünyasını dəyişdikdən sonra, hicri 305-ci ildə naiblik vəzifəsini öhdəsinə götürmüşdür. Bu səfirin də anadan olduğu tarix əvvəlki iki səfirin anadan olduğu tarix kimi mə’lum deyil. Amma bə’ziləri qeyd etmişlər ki, Hüseyn ibn Ruh imam Həsən Əsgərinin (ə) səhabələrindən olmuşdur. Əgər bu söz doğru olsa, onun hicri III əsrin birinci yarısında dünyaya gəldiyini qəbul etmək olar. Belə ki, o həzrətin səfirliyini qəbul etdiyi vaxt altmışdan çox yaşı olmuşdur. Bə’ziləri isə belə qeyd edirlər ki, Hüseyn ibn Ruh imam Həsən Əsgərinin (ə) dövrü arasında əlli il hüdudunda fasilə olduğundan onun on birinci imamın səhabəsi olması inandırıcı deyil. Bu şəxs ikinci səfirin dövründə onun işçilərindən olmuş və son illərdə Məhəmməd ibn Osman tərəfindən baş vəkil tə’yin edilmişdir. Hüseyn ibn Ruhun Bağdad şiələri arasında xüsusi bir ictimai mövqeyi vardı. Hətta ölkə başçılarının da bu şəxsə münasibəti müsbət idi. Məhəmməd ibn Osman Əmrinin qızı Ümmü-Gülsüm deyir: «Hüseyn ibn Ruh uzun illər boyu Məhəmməd ibn Osmanın vəkili və əmlakına nəzarətçi oldu. O, Məhəmməd ibn Osmanın tapşırıqlarını şiə başçılarına çatdırırdı. Məhəmməd ibn Osman onu o qədər yaxın sayırdı ki, öz sirləri barədə onunla söhbət edirdi. Atam ayda ona otuz dinar maaş verirdi. Bundan əlavə ali-Fərat kimi şiə rəisləri ona e’timad göstərərək yardım edirdilər. Hüseyn ibn Ruhun şiələrin qəlbində xüsusi yeri var idi. Çünki onlar bu şəxsin atamın yaxınlarından olduğunu və e’tibarlı sayıldığını bilirdilər. Onun qarşıdakı məs’uliyyəti atamın dövründə müəyyənləşmişdi. Atam həzrət Mehdi (ə) tərəfindən göstəriş almışdı ki, onu öz canişini seçsin. Atamı tanıyanlar arasında onun naibliyinə şübhə edənlər yox idi. Mən onun vəkilliyinə şübhə edən bir şiə tanımıram». Şeyx Səduq Məhəmməd ibn Əli Əsvəddən rəvayət edərək deyir: «İxtiyarında olan vəqf malları Məhəmməd ibn Osmanın yanına aparırdım və o da məndən qəbul edirdi. Ömrünün son günlərində apardığım malları onun göstərişi ilə Hüseyn ibn Ruha təhvil verdim və qəbz istədim. Hüseyn ibn Ruh istəyimi Məhəmməd ibn Osmana çatdırdı. Məhəmməd ibn Osman mənə tapşırdı ki, ondan qəbz istəməyim və sonra buyurdu: «Hüseyn ibn Ruha çatan şey mənim əlimə çatmış kimidir». Həmin vaxtdan başlayaraq ixtiyarıma verilən malları onun yanına aparır və qəbz tələb etmirdim». Əslində Məhəmməd ibn Osman ibn Səid Əmri bu səfirlik işi ilə Hüseyn ibn Ruhun gələcək məqamını vəkillərə və xalqa bəyan edirdi. Çünki vəkillər təhvil aldıqları mala qəbz verir, səfirlər isə qəbz yazmırdılar. Hüseyn ibn Ruh Məhəmməd ibn Osmanla həmkarlıq etdiyi dövrdə üstün mövqe qazandığı üçün ehtiyaclı şiələrə yardım göstərirdi. Şeyx Səduq yazır: «Ələvilərdən biri öz maddi ehtiyacını vəzirə bildirmiş, amma ondan müsbət cavab almamışdı. Bunu eşidən Hüseyn ibn Ruh vəzirə xəbər göndərdi və ələvinin çətinliyi həll oldu. Cə’fər ibn Məhəmməd ibn Mütəyyil deyir: «Məhəmməd ibn Osman Əmri ölüm yatağında olarkən orada idim. Həmin məqamda o dedi: «Məndən sonra Hüseyn ibn Ruh imam Mehdinin (ə) nümayəndəsi mənsəbinə tə’yin olur». İmam Mehdinin (ə) göstərişi ilə Məhəmməd ibn Osman Hüseyn ibn Ruhun səfirliyi üçün hazırlıq gördüyündən o, şiələr, xüsusi ilə də, vəkillər və vəkalət qurumunun işçiləri tərəfindən çətinliklə qarşılaşmadı. Onun yeganə problemi haqqında Şeyx Tusi yazır: «Əbu-Əbdüllah Həsən Vəcəna Bağdadın on vəkilindən biri kimi Nəsibin və Mosulda fəaliyyət göstərirdi. O, hicri 307-ci ildə Məhəmməd ibn Fəzl Mosuli adlı biri ilə görüşdü və onun Hüseyn ibn Ruhun səfirliyini qəbul etmədiyini başa düşdü. Həsən Vəcəna onu Hüseyn ibn Ruhun səfirliyinə inandırmaq üçün çalışsa da, Məhəmməd ibn Fəzl Mosuli bu həqiqəti qəbul etmədi. O, əvvəlki iki səfirdə gördüyü kəramətləri Hüseyn ibn Ruhda da görmək istəyirdi. Həsən Vəcəna onu Bağdada gətirdi və o öz gözləri ilə Hüseyn ibn Ruhun kəramətini müşahidə etdi. Dərhal öz əməlindən peşiman olub Hüseyn ibn Ruhun səfirliyini qəbul etdi. Hüseyn ibn Ruh Məhəmməd ibn Osman vəfat etdikdən sonra rəsmi səfirlik fəaliyyətinə başladı və vəkalət qurumunun işlərini əlinə aldı. İşin başlanğıcında Məhəmməd ibn Osman Əmrinin xadimi onun yanına gəlib Əbu-Cə’fərin əsasını, sandıqçasının açarını ona çatdırdı və dedi: «Əbu-Cə’fər mənə buyurdu: «Mən torpağa tapşırıldıqdan sonra bu əşyaları Hüseyn ibn Ruha, mənim canişinimə təhvil ver; imamların möhürləri bu sandıqçadadır». Hüseyn ibn Ruhun səfirliyi dövründə İbn-Fəratın xəlifə Müqtədirin vəziri olması ilə şiələr müəyyən həddə rahatlıq tapdılar. Hüseyn ibn Ruh Növbəxtinin özünün də hakimiyyət dairələrində xüsusi hörməti vardı. Bu iki səbəbdən əvvəlki səfirlərin dövrlərindən fərqli olaraq Hüseyn ibn Ruhun dövründə şiələr rahat nəfəs aldılar və hökumət onlara heç bir maneçilik törətmədi. Yalnız hicri 313-cü ildə şiə kimi tanınmış Qəramitə həcc karvanına hücum etdiyi vaxt Bağdadda şiələrə qarşı hücumlar oldu, İbn-Fərat və onun oğlu tutularaq həbs edildi. Həmin il Hüseyn ibn Ruh gizlənsə də, növbəti ildə həbs edilərək beş il zindanda qaldı. Hicri 317-ci ildə o azadlığa çıxdı və yenidən öz fəaliyyətini davam etdirdi. Hüseyn ibn Ruh hicri 305-ci ildən 326-cı ilədək, iyirmi bir il müddətində müqəddəs nahiyə tərəfindən səfirlik vəzifəsini öhdəsinə götürdü. Hicri 326-cı il, şə’banın 18-də dünyasını dəyişdi. O, Bağdadda dəfn olunmuşdur və qəbri şiələrin ziyarətgahıdır. İmam Mehdinin (ə) göstərişi və onun vəsiyyəti əsasında səfirlik məqamı Əli ibn Məhəmməd Səməriyə çatdı. ƏBÜL-HƏSƏN ƏLİ İBN MƏHƏMMƏD SƏMƏRİ İmam Mehdinin (ə) dördüncü və sonuncu naibi Əli ibn Məhəmməd Səməridir. O, həzrət Höccətin (ə) göstərişi ilə Hüseyn ibn Ruhdan sonra səfirlik məqamına seçildi. Bu şəxs hicri 326-cı ildən 329-cu (328-ci) il, şə’ban ayının on beşinədək vəkalət qurumuna rəhbərlik etdi. Əli ibn Məhəmməd Səməri abbasi vəziri Cə’fər ibn Məhəmmədin bacısının əri idi. Bu qohumluq əlaqəsi onun Abbasilər hakimiyyətinə tə’sir etməsində mühüm rol oynamışdır. Əli ibn Məhəmməd Səməri e’tiqadlı şiə ailəsindən olmuş və vəkalət qurumunda öz gözəl xidməti ilə şöhrət qazanmışdır. Onun müsbət keçmişi, e’tibarlılığı səbəbindən səfirlik məqamını əldə etməsində şiələr və vəkalət qurumu tərəfindən çətinliyi olmamışdır. Vəkillər və xüsusi şiələr bu şəxsi imamın həqiqi səfiri olaraq rəsmi tanımış və dini ödəncləri müqəddəs nahiyəyə çatdırmaq üçün ona təhvil vermişlər. Şeyx Hürr Amili nəql edir ki, Səməri ailəsinin əksər üzvləri Bəsrədə böyük əmlaka sahib olmuşlar. Onlar öz gəlirlərinin yarısını imam Həsən Əsgəriyə (ə) vəqf etmiş və uyğun gəliri imamın ixtiyarına vermişlər. Əli ibn Məhəmməd Səməri səfirliyinin qısa müddətli olması və siyasi vəziyyətin ağırlığı səbəbindən geniş fəaliyyət göstərə bilməmişdir. Bu da ola bilər ki, səfir təqiyyəyə riayət edib, gizli fəaliyyət göstərdiyindən onun bir çox işləri qapalı qalmışdır. Müqəddəs nahiyə tərəfindən son fərman Əli ibn Məhəmməd Səmərinin vəfatından altı gün qabaq verilmişdir. Bu fərmanda imam Mehdi (ə) Səmərinin vəfat tarixini bildirir və e’lan edirdi ki, bu səfirdən sonra xüsusi naib olmayacaqdır. Qeyd olunurdu ki, Səmərinin ölümü ilə kiçik qeyb dövrü başa çatır və böyük qeyb dövrü başlayır. Həmin bildirişdə deyilirdi: «Rəhman və Rəhim Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səməri! Allah sənin ölüm müsibətində din qardaşlarının mükafatını böyük edər. Altı gündən sonra dünyanı dəyişəcəksən. Öz hesab-kitabını qaydaya sal və naiblik, canişinlik haqqında kimsəyə vəsiyyət etmə ki, sənin yerində otursun. Çünki ikinci qeyb dövrü başlamışdır. Allah istədiyi günə qədər zühur olmayacaq. O, qəlblərin bərkləşəcəyi, yer üzünü zülm-sitəm bürüyəcəyi uzun bir müddətdən sonra baş verəcək. Çoxları müşahidə iddiası edəcək. Bil ki, Süfyaninin ayağa qalxmasından və Səmadan nida qopmasından qabaq kim məni gördüyünü iddia etsə, yalançıdır. Güc və qüdrət uca mərtəbəli Allaha məxsusdur». Şeyx Səduq Əbu Məhəmməd Həsən ibn Əhməd Mükəttəbin dilindən yazır: «Biz Əli ibn Məhəmməd Səməri dünyasını dəyişəndə Bağdadda Mədinətus-Səlamda idik. Ölümdən bir neçə gün qabaq onunla görüşdük. O, həzrətin bu fərmanını bizə göstərdi. Biz imamın göstərişlərinin üzünü köçürdük və Əli ibn Məhəmməd Səmərini tərk etdik. Və’d olunmuş altıncı gün çatdıqda onun yanına getdik və ölüm yatağında olduğunu gördük. Ondan soruşdular ki, özündən sonra canişini kimdir, imam Mehdinin (ə) naibi kim olacaq? O dedi: «Allah öz istəyini yerinə yetirəcək. (Yə’ni kiçik qeyb dövrü başa çatmışdır və böyük qeyb dövründə imam Mehdinin (ə) xüsusi naibi olmayacaq; Bu Allahın iradəsidir). Bu sözləri deyib canını yaradana təslim etdi. Bu sözlər onun son sözləri oldu». Bu tarixdən başlayaraq xüsusi naiblərlə imam Mehdi (ə) arasındakı əlaqə kəsildi və böyük qeyb dövrü başladı. Mə’lumdur ki, Əli ibn Məhəmməd Səmərinin vəfat tarixi hicri 329-cu il şə’ban ayının on beşinə təsadüf edir. Amma Şeyx Səduq onun üç yüz iyirmi səkkizinci ildə vəfat etdiyini bildirir. SON FƏRMANDAKI BƏ’Zİ NÖQTƏLƏR İmam Mehdi (ə) Əli ibn Məhəmməd Səmərinin ölümündən altı gün qabaq bu hadisə barədə xəbər vermişdi. Və’d edilən gün imamın səfiri dünyasını dəyişdi. Uyğun tarixin qabaqcadan dəqiq göstərilməsi sübut edir ki, fərman, doğrudan da, həzrət Mehdi (ə) tərəfindən verilmişdir. İmam Mehdi (ə) Əbül-Həsən Səməriyə göstəriş vermişdi ki, özündən sonra üçün canişin tə’yin etməsin. Bu göstəriş bir daha sübut edir ki, imamla birbaşa rabitəyə son qoyulmuşdu. Artıq xalq səfirlər vasitəsi ilə imama müraciət edə bilməzdilər. Bu fərmanda kiçik qeyb dövrünün başa çatdığı və böyük qeyb dövrünün başlandığı bəyan olunmuşdu. Həzrət Mehdi (ə) Allahın izni ilə zühur edə bilər və bizə onun zühur tarixi bəlli deyil. Uyğun fərmanda zühurun iki əlaməti bəyan olunmuşdur. Bunlardan biri Süfyaninin qiyamı, digəri isə səmadan gələsi nidadır. DÖRD NAİBİN SEÇİLMƏ ME’YARI Ötən söhbətlərdə qeyd olunduğu kimi, mə’sum imamlar müxtəlif insanları özləri üçün vəkil seçmişlər. İmam Həsən Əsgərinin (ə) dövründə vəkalət qurumunda on nəfər fəaliyyət göstərirdi. Bu e’tibarlı adamlar arasında kiçik qeyb dövrü üçün dörd səfir hansı me’yarla seçilmişdir? Sualın cavabında əvvəlcə onu deməliyik ki, mə’sum imamlar hikmət əsasında rəftar etmişlər. Şəksiz ki, uyğun seçim üçün dəqiq me’yarlar olmuşdur. Biz bu me’yarları bilsək də, bilməsək də, onların mövcudluğu şübhə doğurmamalıdır. Yalnız onu demək olar ki, uyğun me’yarlar İslam dəyərlərinə əsaslanmışdır. Bütün me’yarlar arasında iman, elm, təqva, bəndəlik ön yerdə dayanır. Mə’sum imamların vəkili məqamına çatmış bütün insanlarda bu xüsusiyyətlər olmuşdur. Amma kiçik qeyb dövründə müqəddəs nahiyə tərəfindən səfirliyə seçilənlərdə bu xüsusiyyətlər daha üstün həddə olmuşdur. Yuxarıda sadalanmış xüsusiyyətlərə daha bir neçə xüsusiyyət əlavə edə bilərik: 1. Ən üstün şəkildə təqiyyə və sirsaxlama. Məsələn, Hüseyn ibn Ruh Növbəxti ciddi şəkildə təqiyyə edər və sirr saxlayardı. Belə ki, bütün məzhəblərdən olan alimlər Hüseyn ibn Ruhu özlərinə aid edirdilər. Hüseyn ibn Ruh yalnız təqiyyə sayəsində hamını razı sala bilmişdi. O hətta öz xidmətçilərindən birini Müaviyəyə lə’nət oxuduğu üçün işdən uzaqlaşdırmışdı. Hüseyn ibn Ruh təqiyyə səbəbindən məclislərdə ilk üç xəlifə haqqında xoş sözlər deyərdi. Onun sözləri yaxın şiələrdən birini təəccübləndirmişdi və həmin şəxs gülümsəmişdi. İbn Ruh onu bu işinə görə məzəmmət etmişdi. Çünki həmin şiənin gülüşü səfirin əsil əqidəsini aça bilərdi. Həzrət Mehdinin (ə) birinci səfiri Osman ibn Səid özünü abbasi rejiminin tə’qiblərindən qorumaq üçün təqiyyəyə ciddi əməl edərdi. Hətta heç bir dini və ya siyasi məclisdə aşkar şəkildə mübahisə etməzdi. 2. Ali bir dərəcədə səbr və müqavimət. Səfirlərin işi çox mühüm olduğundan və düşmən imam Mehdini (ə) ələ keçirmək istədiyindən istənilən bir zəiflik və süstlük olduqca mənfi nəticələr verə bilərdi. Ona görə də səfirlər başqalarından daha möhkəm və dözümlü olmalı idilər. Bə’ziləri Əbu-Səhl Növbəxtidən soruşdular: «Nə üçün imamın xüsusi naibi sən yox, Hüseyn ibn Ruh oldu? O belə cavab verdi: «İmamlar bu məqama kimin daha layiqli olduğunu hamıdan yaxşı bilirlər. Mən düşmənlərlə get-gəl edən adamam və tez-tez mübahisə edirəm. Hüseyn ibn Ruhun imam haqqında bildiklərini mən bilsəydim, düşmənlərlə mübahisə zamanı onları məğlub etmək üçün hər şeyi açardım və nəticədə imamın yeri mə’lum olardı. Amma Hüseyn ibn Ruh imamı əbası altında gizlətsə, onu tikə-tikə doğrasalar da, əbasını qaldırıb imamı göstərməz». Əbu-Səhl Növbəxtinin bu sözləri Hüseyn ibn Ruhun nə dərəcədə səbirli və dözümlü olduğunu göstərir. 3. Səfir başqalarına nisbətən dərrakəli, ağıllı və agah olmalıdır. Şeyx Tusi «Əl-ğeybət» kitabında səfirlərin dərrakə və agahlığını göstərən bir rəvayət nəql edir. Bu rəvayətlə qarşıda tanış ola bilərsiniz. 4. İmam Mehdi (ə) zalım abbasi hakimiyyətinin diqqətini cəlb etməmiş insanları naib seçirdi. Çünki bu iş olduqca məxfi bir iş idi. Məsələn, birinci səfir Osman ibn Səid Əmri yağsatan kimi tanınırdı. Abbasilərin ağlına da gəlmirdi ki, o imamın xüsusi səfiri ola bilər. İkinci səfir Məhəmməd ibn Osman da atası kimi diqqəti cəlb etməmiş bir şəxs idi. Üçüncü səfir isə sarayla əlaqəli idi və sarayda xüsusi nüfuzu vardı. Abbasilər onun imam Mehdi (ə) ilə əlaqədə olduğunu təsəvvürlərinə belə gətirmirdilər. Bu səbəbdən də Seyyid Məhəmməd Sədr deyir: «Kiçik qeyb dövründə ələvilər səfirlik məsələsinə qatılmadılar və bu iş başqalarına tapşırıldı. Hansı ki, həmin vaxt ələvilər arasında elmi, ibadəti ilə seçilən ləyaqətli insanlar vardı. Belə bir seçimin səbəbi aydındır. Ələvilərin həyat tarixçəsi uyğun məsələni daha dəqiq aydınlaşdırır. Çünki ələvilər tarix boyu zülmə qarşı çıxmış və qiyamlar qaldırmışdılar. Ona görə də dövlətin bütün diqqəti ələvilərin üstündə cəmlənmişdi. Ələvilər həm imamların tərəfdarı idilər, həm də zülmə qarşı mübarizənin önündə gedirdilər. Zalım hakimlər yaxşı bilirdilər ki, yalnız ələvilər onlarla barışmaz mövqedə dayanır. Əlbəttə ki, belə bir zümrə daim nəzarət altında saxlanası idi. Nəzarət altında saxlanılan insan isə müqəddəs nahiyə tərəfindən səfirlik kimi mühüm bir işi öhdəsinə götürə bilməz. DÖRD NAİBİN ŞİƏLƏRLƏ RABİTƏSİNİN XÜSUSİYYƏTLƏRİ Vəkalət qurumu, xüsusi ilə də imamın səfirləri siyasi durum təhlükəli olduğundan şiələr tərəfindən tanınmırdılar. Səfirliyin başlanğıcında, xüsusi ilə Osman ibn Səid Əmrinin səfirliyi dövründə onun naibliyi xalqa mə’lum deyildi. Təbii ki, belə bir şəraitdə şiələrlə səfir arasında ciddi rabitələr ola bilməzdi. Yalnız bir qrup xüsusi vəkil onu həzrətin naibi kimi tanıyır və şər’i məsələləri ondan soruşurdular. Zaman ötdükcə vəkillərin ciddi təlaşları sayəsində naiblik şiələr arasında öz yerini tapırdı. Təqiyyəyə əməl etməklə əlaqələr güclənirdi. Şiələr dörd naiblə iki növ əlaqə saxlayırdılar. Bu əlaqələrdən biri vasitəli, digəri isə vasitəsiz idi. Vəkalət qurumunun əsasını vasitəli rabitə təşkil edirdi. Çünki bu qurum Abbasilərin zülmündən aşkar fəaliyyət göstərə bilmirdi. Ona görə də xalqla rabitədə gizli yollardan istifadə olunurdu. Bu rabitə növündə vəkillər vasitə rolu oynayırdılar. Xalq öz istəklərini vəkillərə bildirir, şər’i ödənclərini onlara çatdırırdılar. Vəkillər də öz növbəsində onlara verilmiş əmanəti imamın səfirlərinə təqdim edirdilər. Müqəddəs nahiyədən səfirlər vasitəsi ilə cavablar əldə olunurdu. Bu rabitə piramida şəklində təsəvvür edilərsə, səfir onun təpə nöqtəsini, vəkillər yan tərəfini, xalq isə oturacağını təşkil etmiş olar. Bu piramidasayağı rabitə əvvəlcə Bağdad şiələri arasında qurulmuşdu. Uyğun rabitə sonra daha da genişləndi. Məhəmməd ibn Osmanın Bağdadda on vəkili vardı. Bunlardan biri də Hüseyn ibn Ruh idi. Bu adamlar Məhəmməd ibn Osmanın ticarət işlərində vəkilləri kimi tanınırdılar. Əslində isə onlar həzrət Mehdinin (ə) vəkalət qurumunda fəaliyyət göstərirdilər. İşin başlanğıcında hətta ətrafdakı böyük alimlər də imam Həsən Əsgərinin (ə) canişinliyindən xəbərsiz idilər. Məsələn, Məclisinin «Biharul-ənvar», Şeyx Tusinin «Əl-ğeybət» kitabında nəql etdiyi bir rəvayətə əsasən Məhəmməd ibn İbrahim Məhzyar Əhvazi imam Həsən Əsgərinin (ə) vəfatından sonra həzrət Höccəti (ə) tanımırdı. Yalnız bir neçə il ötdükdən sonra o, imamın canişinini tanımaq üçün İraqa səfər etdi. Dinvərdə xalq imam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il ötməsinə baxmayaraq şər’i ödəncləri kimə verəcəklərini bilmirdilər. Onlar Əhməd ibn Məhəmməd Dinvərinin yanına gedib bu barədə soruşdular. Dinvəri belə cavab verdi: «Ey camaat, hələ ki vəziyyət mə’lum deyil. Hazırda kimin imamın səfiri və naibi olduğu bilinmir». Kiçik qeyb dövründə naib fəaliyyətə başlayanda belə bir rabitə növü yox idi. Qərar vardı ki, naiblik məsələsi məxfi qalsın. Vəkalət qurumunun işinin gizli aparılmasının səbəbi hakimlərin bu işə qarşı gördükləri amansız tədbirlər idi. Zaman ötdükcə şiələr səfirin adını və əlamətlərini vəkillərdən öyrənir və onlarla birbaşa əlaqə saxlaya bilirdilər. Səfirlərlə birbaşa rabitə yalnız ikinci səfirin dövründə həyata keçməyə başladı. Şeyx Tusi birbaşa rabitə haqqında yazır: «Bir qrup e’tibarlı şəxs həzrət Mehdinin (ə) səfirlərinin yanına gedib məktub verməklə öz istəklərini həzrətə çatdırırdılar. Müqəddəs nahiyədən verilən cavabları da səfirlər xalqa ötürürdü. Birbaşa rabitə zamanı bə’zən suallar yazılı şəkildə verilir və bir neçə gün sonra cavab alınırdı. Bə’zi rəvayətlərdə belə nəql olunur: «Üç gün ötəndən sonra dostum mənə dedi ki, Məhəmməd ibn Osmanın yanına gedib məktubun cavabını alıb». Başqa bir yerdə isə belə bildirilir: «Üç gün sonra məktubumun cavabı verildi». DÖRD NAİBİN VƏZİFƏLƏRİ VƏ MƏS’ULİYYƏTLƏRİ; HƏZRƏT MEHDİNİN VÜCUDU İLƏ BAĞLI ŞÜBHƏLƏRİN ARADAN QALDIRILMASI Kiçik qeyb dövründə siyasi şərait ağır olduğundan şiələr imam Həsən Əsgərinin (ə) övladı olmasından xəbərsiz idilər. Əgər həzrət Mehdi (ə) məxfi həyat sürməsəydi, zalım rejim tərəfindən öldürülərdi. Hicri 360-cı ildə imam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdə yalnız ən yaxın adamlar həzrət Mehdinin (ə) varlığından xəbərdar idi. Dörd naibin, xüsusi ilə birinci səfirin ən mühüm vəzifələrindən biri bu idi ki, imam Həsən Əsgərinin (ə) övladı olduğunu şiələrə sübut etsin. İmam Hadi (ə) və imam Həsən Əsgəri (ə) tərəfindən e’timadlı sayılan və imamiyyə şiələrinin böyüklərinin sədaqətli bildiyi Osman ibn Səid Əmri uyğun həssas dövrdə xalqın imam Mehdi (ə) ilə bağlı şübhələrini aradan qaldıra bildi. Eləcə də sübuta yetirdi ki, o, müqəddəs nahiyə tərəfindən xüsusi vəkildir. Bə’zənsə Osman ibn Səid Əmrinin gətirdiyi dəlillərlə kifayətlənmir və ondan kəramət, mö’cüzəyə oxşar bir şey istəyirdilər. Osman müqəddəs nahiyənin yardımları ilə insanları həqiqətə inandırırdı. Məhəmməd ibn Yə’qub Sə’d Əş’əri Qummidən bu barədə belə nəql edir: «Qum şiələri arasında xüsusi məqama malik olan Həsən ibn Nəzr imam Həsən Əsgərinin (ə) vəfatından sonra tərəddüddə qaldı. O, Əbu-Səddam və başqaları ilə qərara gəldi ki, növbəti imamı axtarsınlar. Həsən ibn Nəzr Əbu-Səddama dedi: «Bu il həccə getmək istəyirəm». Əbu-Səddam ondan bu səfəri tə’xirə salmasını istədi. Amma Həsən ibn Nəzr yuxu görüb qorxduğunu və bu səbəbdən də hökmən həccə gedəcəyini bildirdi. O, yola çıxmazdan qabaq Əhməd ibn Yə’la ibn Həmmamdan imama çatası əmlak haqqında vəsiyyət etdi. Tapşırdı ki, imam Həsən Əsgərinin (ə) canişini mə’lum olanadək bu əmanətləri qorusun. O, Bağdada getdi və orada müqəddəs nahiyə tərəfindən verilmiş bir fərman əlinə keçdi. Beləcə, həzrət Mehdinin (ə) imamətinə və Osman ibn Səid Əmrinin xüsusi vəkilliyinə əmin oldu». Osman ibn Səid Əmrinin dövründə bu vəzifəni yerinə yetirmək çox ağır idi. Digər səfirlərin fəaliyyəti zamanında həzrət Mehdinin (ə) imamlığı və səfirlərin tə’yinatı hansısa bir həddə şiələr üçün sübuta yetirilmişdir. Məhəmməd ibn Osmanın dövründə də müəyyən həddə şəkk-şübhələr vardı. Bu səbəbdən də uyğun mövzuda Məhəmməd ibn Osmandan rəvayətlər nəql olunmuşdur. İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI Səfirlər bütün hallarda imamın adını və əlamətlərini məxfi saxlamalı idilər. Çünki bu məsələlərin aşkar olunması imam üçün təhlükə yaradırdı. İmam Mehdi (ə) Məhəmməd ibn Osman ibn Səid Əmriyə fərmanında bəyan edirdi ki, onun adını və əlamətlərini açıqlamaqdan çəkinsin və bu istiqamətdə çalışsın. Bu vəzifənin çox mühüm olduğunu nəzərə alaraq, deyə bilərik ki, səfirlərin seçilməsində mühüm me’yarlardan biri məhz bu xüsusiyyət idi. Əvvəlki söhbətlərimizdə Əbu-Səhl Növbəxtiyə ünvanlanmış sual və onun cavabı haqqında danışdıq. Həmin söhbət uyğun məsələnin necə zəruri olduğunu bariz şəkildə göstərirdi. VƏKALƏT QURUMUNUN TƏŞKİLATLANMASI VƏ ONUN HİMAYƏSİ Kiçik qeyb dövründə xalqın imam Mehdi (ə) ilə birbaşa rabitəsi kəsildi. İmamla rabitə vəkalət qurumu vasitəsi ilə gerçəkləşirdi. Əvvəlki imamların dövründə Bağdadda, Samirrada və başqa məntəqələrdə vəkalət qurumunun çoxsaylı vəkilləri fəaliyyət göstərirdi. İmam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdən sonra vəkalət qurumuna rəhbərlik dörd naibin ixtiyarına keçdi. Hər bir naib öz dövründə uyğun quruma rəhbərlik edirdi. Bu qurum vasitəsi ilə şiələr öz suallarını vəkillərə ünvanlayır, onlar da səfirlər vasitəsi ilə müqəddəs nahiyədən alınmış cavabları şiələrə çatdırırdılar. Xüms-zəkat kimi dini ödənclər də vəkillərə verilirdi və vəkillər bu əmanətləri quruma çatdırırdılar. Onlar öz fəaliyyətlərində vəkalət qurumunu düşmənin nüfuzundan qorumağa borclu idilər. Əgər düşmən vəkalət qurumuna nüfuz edə bilsəydi, vəkilləri və məs’ulları tanımaqla xalqla imam arasındakı əlaqəni kəsə bilərdi. İmam özü də bu istiqamətdə vəkillərə kömək göstərirdi. Məsələn, Mö’təzidin vəziri Übeydullah ibn Süleyman vəkalət qurumunu dağıtmaq üçün həzrətin vəkillərindən birinə dini ödənc göndərmişdi. O, bu yolla vəkillərin kimliyini müəyyənləşdirmək istəyirdi. Həzrət Höccət (ə) bu məsələdən xəbər tutan kimi fərman verdi ki, müvəqqəti olaraq heç bir vəkil xalqdan şər’i ödənc qəbul etməsin. Məhəmməd ibn Osman ibn Sə’di Əmri imam Mehdinin (ə) bu fərmanını vəkillərə çatdırdı və bu yolla vəzirin qurğusu puça çıxdı. |