DOQQUZUNCU FƏSİL
İMAM MEHDININ (Ə) YOLU VƏ ƏSƏRLƏRI «MÜŞK SONLUQ»
İmam Mehdinin (ə) yolu və əsərləri haqqında bir çox mə’lumatlar əldə edilmişdir. Kitabın sonunda onlardan bə’zilərini xülasə şəkildə nəzərdən keçirmək yerinə düşər.
İmam Mehdinin (ə) üslubu, rəftarı və əsərləri iki baxımdan araşdırıla bilər: kiçik qeyb dövründə və zühur dövranında. Bu səciyyələr bizim üçün yaxşı bir nümunə olduğundan onlardan bə’zilərini xatırlamaq münasib olar.
İmamın hidayət və rəhbərlik, müsəlmanların və şiələrin hifzi, ümumdünya inqilabı üçün şərait və yardımçıların hazırlanması kimi şə’nləri vardır .Həzrət bütün şə’nləri və vəzifələrini ən üstün şəkildə yerinə yetirməkdədir. Qeyb prinsipinə uyğun gələn bütün işlərdə həzrətin diqqəti vardır. Belə ki, rəvayətdə nəql olunmuşdur: «Qeybim dövründə məndən faydalanmaq buludlar arxasında gizlənmiş günəşdən faydalanmaq kimidir».
Həzrət cəmiyyətdə iştirak etmədiyi üçün yox, sadəcə, zahir olmadığı üçün Ğaib (qeybdə olan) adlandırılmışdır. Qeybin cəmiyyətdə hazır olmamaq kimi yozulması həzrətə qarşı yersiz bir böhtandır. Belə düşünənlər zühurla hüzur arasındakı fərqi bilmirlər. Həzrətin gəlişi onun hüzuru yox, zühuru mə’nasındadır. Onun aşiqləri Allahdan həzrətin hüzurunu yox, zühurunu diləyirlər. Həzrət zahir olduğu vaxt insanlar heyrətdən yerində donar və təəccüblə deyərlər ki, biz onu nə vaxtsa görmüşük.
Həzrətin xüsusiyyətlərini öyrənmək üçün müxtəlif rəvayətlərə, dualara, ziyarətnamələrə, həzrətin bə’zi şiələrə ünvanladığı fərman və məktublara, həzrətin hüzuruna nail olmuş e’tibarlı insanların söhbətlərinə müraciət etmək olar.
Dualarda, göstərişlərdə daha çox nəzərə çarpan həzrətin şiələrin vəziyyətinə, problemlərinə diqqət yetirməsidir. Bu mətnlərdə bəyan olunmuş bə’zi nöqtələrə nəzər salırıq:
1. Şiələrin vəziyyətindən xəbərdarlıq;
Şeyx Müfid üçün çıxarılmış fərmanda bildirilir: «Biz sizin vəziyyətinizdən agahıq və bu sahədə bizim üçün gizli bir şey yoxdur».
2. Şiələrin çətinlikdən və düşmənlərin şərindən hifzi;
Həmin göstərişdə bildirilir: «Biz sizə yardımda yubanmamış və sizi yaddan çıxarmamışıq. Əgər belə olmasaydı, çətinliklər və müsibətlər sizi sarsıdar, düşmənləriniz kökünüzü qazardılar».
İmamın xalqa yardımına misal olaraq Bəhreyn xalqının istilaçılar və onların nökərlərinin əlindən xilas olunmasını göstərmək olar. Bəhreynin baş naziri şiələrlə kitab əhlindən olan hərbi kafirlər kimi rəftar etmək istədikdə, onlardan zəlilcəsinə cizyə almaq planı qurduqda, kişilərini öldürüb, qadın və uşaqlarını əsir götürmək qərarına gəldikdə həzrət Mehdi (ə) onun hiylələrini puça çıxarmaq üçün böyük rol oynadı.
3. Xalq arasında hüzur;
No’maninin «Əl-ğeybət» kitabında oxuyuruq: «Sahibul-əmr (imam Mehdi (ə)) onların arasında gəzir, bazarlarına get-gəl edir, xalçaları üstə qədəm götürür. Amma onu tanımırlar. O, yalnız Allahın izni ilə özünü insanlara tanıtdırır».
Digər bir rəvayətdə həzrət Əli (ə) buyurur: «And olsun Əlinin Allahına, Allahın höccəti onların arasındadır. Küçə və bazarlarında gəzir, evlərinə varid olur, şərq və qərbə səyahət edir, xalqın danışdıqlarını eşidir, cəmiyyətlərində iştirak edir, onlara salam verir. O, xalqı görür.»
«Nüdbə» duasında belə oxuyuruq: «Canım sənə qurban! Sən bizim aramızda olan qaibsən. Canım sənə fəda! Sən vətənindən uzaq düşmüş o kəssən ki, bizdən uzaq düşməmisən».
4. Həcc mərasimində daimi hüzur.
«Kəmalud-dində» oxuyuruq: «Həzrət hər il həcc mərasimində iştirak edir. Hamını görür və tanıyır. Başqaları isə onu görür, amma tanımır».
Sadalanan xüsusiyyətlərdən əlavə, həzrət çətinliyə düşənlərə əl tutur, yolunu itirənlərə yol göstərir, əlacsız xəstələrə şəfa verir, mö’minlərə dua edir, bə’zilərinin dəfnində iştirak edir, alimlərin bə’zi elmi məsələlərini aydınlaşdırır, ümidsizlərə ürək-dirək verir. O tanınsa da, tanınmasa da, özü birbaşa və ya başqasının vasitəsi ilə aşiqlərinə əl tutur.
Həzrətin bə’zi tərbiyəvi və əxlaqi xüsusiyyətlərini nəzərdən keçirək:
Rəvayətdə nəql olunur: «Bizim Qaim qiyam edəndə əlini bəndələrin başına qoyar, onların ağıllarını təmərküzləşdirər, əxlaqlarını kamala çatdırar. Həzrətin diqqəti və hidayəti sayəsində düşüncələr çiçəklənər, bir çox ictimai fəsadların səbəbi olan dar baxışlar, əxlaqi çirkinliklər aradan qalxar».
«Mehdi (ə) dövlətində bütün xalqa hikmət və elm öyrədilər».
«Mehdi qiyam etdiyi vaxt Allah-təala bəndələrin qəlbinə ehtiyacsızlıq hissi salar».
«Bizim Qaim qiyam edəndə sinələrdən kinlər çıxar».
«Qaim qiyam edəndə hər bir əhli-beyt düşməninə iman təklif edər. Əgər qəlbən qəbul etsələr onları bağışlayar, qəbul etməsələr, boyunlarını vurar».
«O, xalqı Allahın kitabına, peyğəmbər sünnətinə, Əli vilayətinə və düşmənlərə arxa çevirməyə çağırır».
«Həzrət Peyğəmbər (s) buyurur: «Onun yolu və sünnələri mənim yolum və sünnəmdir. Xalqı mənim din və ayinimə gətirər və onları Allahımın kitabına də’vət edər».
İmamın ictimai səciyyələri haqqında bə’zi nöqtələri qeyd edək:
«Yer üzünü zülm-sitəm bürüdükdən sonra onu ədalətlə doldurar».
«Mehdi (ə) sizə göstərər ki, ədalətli yol necədir».
«Ədaləti hamını əhatəyə alar».
«And olsun Allaha, Mehdi (ə) ədaləti evlərə isti-soyuğun daxil olduğu kimi daxil edər».
«Qeyri-qanuni rabitələr, məstedici içkilər, sələmçilik aradan qalxar, xalq ibadət-itaətə üz tutar, əmanətlər qorunar, şər insanlar məhv edilər, saleh insanlar qalxar».
«Bizim Qaim qiyam edəndə həqiqi dostluq, həqiqi səmimiyyət ayaq tutub gəzər, hər bir ehtiyaclı öz iman qardaşının cibindən ehtiyac duyduğu qədər götürər və qardaşı bu işi ona qadağan etməz».
«Əsil yollar genişləndirilər, yol üstə tikilmiş məscidlər sökülər, balkonlar və küçəyə açılan pəncərələr bağlanar, küçəyə açılan su ayaqları tutular».
«Sizə həzrət Mehdinin (ə) gəlişi ilə müjdə verirəm. Göy və yerin sakinləri ondan razı olar. O, sərmayələri düzgün şəkildə bölər. (Bir şəxs Peyğəmbərdən bu bölgünün necəliyi haqqında soruşdu və həzrət buyurdu) Yə’ni xalq arasında bərabər bölər».
«Mehdi (ə) xalq arasında elə bir bölgü aparar ki, bir nəfər də olsa, ehtiyaclı tapılmaz, kimsə zəkata möhtac olmaz».
İndi isə zühur dövrünün siyasi səciyyələri ilə tanış olaq:
«Qaim qiyam etdiyi vaxt batil dövlətlər məhv olar».
«Həmin gün İslam hökumətindən savay heç bir hökumət olmaz».
«Heç şübhəsiz ki, gecə və gündüzün çatdığı hər bir nöqtəyə Məhəmməd (s) ayinləri çatacaq və yer üzündə şirkdən əsər qalmayacaq».
«O yalnız qılınc tanıyar».
«Mehdi (ə) dövləti dünyanın şərqini və qərbini də’vət edər».
«Allahın düşmənlərini öldürər ki, Allah razı olsun».
«Mehdi (ə) qiyam etdiyi vaxt «Əşhədu Əlla İlahə İlləllah və Əşhədu Ənnə Muhəmmədən Rəsulullah» fəryadının çatmadığı yer qalmaz».
«Peyğəmbərdən soruşdular ki, əsrin imamı zimmə əhli ilə necə rəftar edər? Həzrət buyurdu: «İslam Peyğəmbəri kimi onlarla müqavilə bağlayar, onlar da mütilik göstərərək öz əlləri ilə cizyə ödəyərlər».
«O, qiyam qaldıranda ədalətlə hakimlik edər, onun dövründə zülmün kökü kəsilər və yollar əmin-aman olar.»
«O, azğınlar arasında qılınc çəkər və kimsədən tövbə qəbul etməz. Vay Mehdi (ə) ilə düşmənçilik edənin halına».
«Pərvərdigara! Sənə ümid edirik ki, imam zamanın kəraməti ilə dövlət zühura gətirəsən, İslam və əhlinə onunla izzət bəxş edəsən, nifaq və nifaq əhlini zəlil buyurasan».
«Allah-təala həzrət Mehdi (ə) vasitəsi ilə bu ümməti büdrəmələrdən sonra islah edər».
«Qaimin tərəfdarları Allah razı olanadək öz qılınclarını yerə qoymazlar».
«Bizim Qaim qiyam edən zaman qan-tər axar, mübarizə meydanlarında atlara süvar olunar».
«Haradadır təcavüzkarların qəddini qıran? Haradadır şirk və nifaq binalarını viran qoyan? Haradadır azğınlıq və tüğyan əhlini məhv edən?»
Zühur dövrünün iqtisadi səciyyələrinə nəzər salaq:
«Həmin zamanda mənim ümmətim bu vaxtadək heç bir ümmətin bəhrələnmədiyi ne’mətlərdən bəhrələnər. Yer üzü başdan-başa məhsul verər və heç nəyi onlara əsirgəməz. Hər kəs həzrət Mehdinin (ə) yanına gəlib ondan mal istəsə, həzrət yubanmadan onun istədiyini əta edər».
«Mehdinin (ə) dövlətində sələmçilik aradan götürülər».
«Mehdi (ə) bütün ölkələrdəki nümayəndələrinə tapşırar ki, şəhərlər abad edilsin».
«Yer üzü Mehdinin (ə) əli ilə abad, xürrəm olar».
«Yerin təkindəki bütün mə’dən və xəzinələr həzrətin hökuməti zamanı aşkarlanıb, istixrac olar. Yer üzündəki bütün xarabalıqlar həzrət tərəfindən abad edilər».
«Yer bütün olanlarını cücərdər, mal-qara bol olar».
«Həzrətin zühuru zamanı səmadan bol yağış yağar, torpağın təkində göyərməyən bir şey qalmaz».
«Var-dövlət hesaba alınmadan bölünər».
«Bizim Qaim qiyam edən zaman zalım hakimlərin mənimsədiyi və ya həvalə etdiyi torpaqlar geri qaytarılar.»
«Həzrət xalq arasında elə bir bölgü aparar ki, heç bir ehtiyaclı qalmaz».
Uyğun dövrün elmi səciyyələrinə nəzər salaq:
«Elm və bilik 27 hərfdən, şö’bədən ibarətdir. Peyğəmbərlər onun yalnız ikisini xalq üçün gətirmişlər. Xalq bu günədək 27 hərfdən ikisini tanımışdır. Qaim qiyam etdiyi vaxt qalan 25 şö’bə də aşkar olar».
«Qaim qiyam edəndə Allah-təala bizim şiələrin qulaqlarını və gözlərini o qədər gücləndirər ki, onlarla Qaim arasında vasitəçiyə ehtiyac qalmaz. Onunla danışar və onun danışdıqlarını eşidərlər, o öz yerində insanlar isə ucqarda olduqları vaxt onları görər».
«Mö’min şəxs Qaimin zamanında şərqdə olduğu halda qərbdəki qardaşını görər. Eləcə də, qərbdə olan kəs şərqdəki qardaşını müşahidə edər».
«(Me’rac hədisində buyurulur:) Küləkləri ona müti edərəm, şimşəkli buludlar ona ram olar. Onu səmalara səfər üçün vasitə ilə səmalara ucalmağa müvəffəq edərəm».
Hüzur dövrünün mühakimə səciyyələrinə nəzər salaq:
«O (Mehdi (ə)) xalq arasında həzrət Davud kimi mühakimə edər».
«Həzrət Mehdi (ə) həzrət Davud və Süleyman kimi hakimlik edər və dəlil tələb etməz».
«Həzrət Tövrat əhli ilə Tövratla, İncil əhli ilə İncillə, Zəbur əhli ilə Zəburla, Qur’an əhli ilə Qur’anla mühakimə aparar».
«Hətta qadınlar da evlərdə Allahın kitabı və peyğəmbər sünnəsi əsasında mühakimə edərlər».
«Onun hökmlərində rüşvətə yol yoxdur».
Hüzur dövründə həyatvericilik səciyyələri:
«Həzrət kitab və sünnədə tərk olunmuş hökmləri dirildər».
«Allah-təala Mehdinin (ə) vasitəsi ilə bid’ətləri və azğınlıqları aradan qaldırar, sünnələr dirildilər».
«Allah-təala onun vasitəsi ilə ölü torpaqları dirildər, dini onun əli ilə aşkarlayar, müşriklərə xoş gəlməsə də, haqqı gerçəkləşdirər».
«Bütün bid’ətlər aradan qaldırılar, bütün sünnələr canlandırılar».
«İmam Sadiq (ə) bir Qur’an ayəsinin təfsirində buyurur: «İnsanların kafir olması ilə yer öləndən sonra Allah-təala onu Qaim vasitəsi ilə dirildər».
«Haradadır Qur’an və onun hədlərini diriltmək üçün arzu edilən kəs? Haradadır din və din əhlinin nişanələrini dirildən kəs?
Peyğəmbərlik və ələvilik səciyyələri:
«Onlar arasında peyğəmbər üsulu ilə rəftar edər, peyğəmbərin yolunu gözləyər».
«Cəddi peyğəmbərin yolu ilə gedər və həyat tərzi Əmirəl-mö’mininin (ə) həyatı kimi olar».
«Həzrət Mehdi (ə) mənim yolumu davam etdirər, mənim yolumdan kənarlaşmaz».
«Bütün bid’ətləri Mehdi (ə) aradan qaldırar və əməl edilməyən bir sünnə qalmaz».
«Qaim qiyam edən vaxt, bir zaman Peyğəmbər (s) yeni əmr gətirdiyi tək yeni əmr gətirər».
İmam Mehdinin (ə) fərdi səciyyələri:
«Gecə namazı və gecələr oyaqlıq səbəbindən həzrət Mehdinin (ə) rəngi sarıya çalır. Fəda olum o kəsə ki, gecələr səcdə və rüku halındadır, ulduzların tülu və qürubunu izləyir. Fəda olum o kəsə ki, Allah yolunda edilən məzəmmətlər ona tə’sir göstərmir. O mütləq qaranlıqlarda hidayət çırağıdır. Fəda olum o kəsə ki, Allahın əmri ilə qiyam edər».
«Mehdi (ə) Allah qarşısında təvazökardır».
«Mehdi (ə) Allah qarşısında mütidir».
«Mehdi (ə) Allah qarşısında hamıdan təvazökardır».
«O yaxşılıqlara və xeyirxahlıqlara tələsir, mübariz və çalışqandır».
«Onda Musanın kamalı, İsanın şövkəti, Əyyubun dözümü var».
«Allahın kitabına və peyğəmbər sünnəsinə elm Mehdi (ə) qəlbində kök atmışdır.»
«Allah-təala mənim övladlarım və pak fitrətim arasından elə birini ayağa qaldırır ki, başdan ayağa ədalət, bərəkət və paklıqdır. O ən kiçik haqsızlığa göz yummaz. Allahın fərmanına itaət edər, kimsə ilə qohumluq hesabı yoxdur, daşı daş üstünə qoymamışdır (dünya malından bir şey götürməz)».
«Mehdinin (ə) aramlıq və vüqarı, halal-haramı tanıması, ona ehtiyac və onun ehtiyacsızlığı ilə tanıyacaqsınız».
«O xalqın ən biliklisi, hikmətlisi, ən pəhrizkarı, ən dözümlüsü, ən bağışlayanı və ən abididir. Gözləri yuxuya getsə də, qəlbi daim oyaqdır, mələklər onunla söhbət edir. Duası daim qəbul olur. Əgər daşa nifrin etsə, daş ikiyə bölünür».
«Mehdi (ə) iki bariz nişanəsi ilə tanınır: sonsuz biliyi və dualarının qəbul olması ilə».
«Onun biliyi hamıdan çox, mərhəməti hamıdan genişdir».
«And olsun Allaha ki, onun libası cod yeməyi bərk və yavanlıqsızdır».
«O özü ilə əhd etmişdir ki, xalqın istədiyi tək onlar gedən yolla getsin, onlar geyən libasdan geysin, onların miniyi kimi miniyə süvar olsun, aza qane olsun. zülmlə dolmuş yer üzünü Allahın yardımı ilə ədalətlə doldurar. Allaha Onun layiq olduğu kimi pərəstiş edər və qapısında keşişçi dayandırmaz».
«Təqvanı əsas götürər və bəsirətlə addım atar».
İdarəçilik səciyyələri:
«Mehdi (ə) bağışlayandır və çox bağışlayar. Öz dövlət mə’murları ilə ciddi rəftar edər, çarəsizlərlə mehriban olar».
1.«Həzrət Mehdi (ə) öz tərəfdarlarını bütün şəhərlərə yayar və onlara göstəriş verər ki, ədalət və ehsanla rəftar etsinlər. Onları dünya ölkələrinə hakim tə’yin edər və şəhərlərin abad olmasını tapşırar».
2.«Öz valilərini şəhərlərə göndərər və göstəriş verər ki, xalq arasında ədaləti bərpa etsinlər».
3.«O, Allahın fərmanını dəqiq yerinə yetirər. Kimsə ilə qohumluq hesabı yoxdur, daşı-daş üstə qoymaz. Allah-təala onun vasitəsi ilə haqq və həqiqət qapılarını açar, batil qapılarını bağlayar».
4.«Haqqı vacib edər».
5.«Dünyada bid’ət qalmaz, mövcud bid’ətlər aradan qaldırılar. Bütün sünnələr yerinə yetirilər».
6.«Mehdi (ə) öz yaxınları ilə məşvərət edər».
7.«Həzrət Mehdinin (ə) vəzirləri qeyri-ərəb olar. Onların arasında bir nəfər də ərəb tapılmaz. Amma onlar ərəbcə danışar və ən yaxşı vəzirlər olarlar».
8.«Allahın kitabına əməl edər, harada pis iş görsə, onu çirkin sayıb inkar edər».
9.«O, himayədar və xeyirxahdır».
10.«O, salehlər kimi rəftar edər».
11.«O, xalqa onların özündən daha qayğılı, ata-analarından daha qayğılı, Allah qarşısında hamıdan təvazökardır. Xalqa nəyi əmr edərsə, özü hamıdan qabaq ona əməl edər. Xalqa qadağan etdiyi şeydən əvvəlcə özü çəkinər».
12.«Mehdi (ə) zühur edəndə doğru yolu üstələmiş nəfs istəklərini səmavi hidayətə qaytarar. Düşüncələri bir vaxt rə’ylərin qalib gəldiyi Qur’ana yönəldər. Sizə elə bir şəxs hakim olacaq ki, bu günkü hökumətlərin soyundan deyil. Sizin Mehdi (ə) göstərəcək ki, hökumətdə ədalətli rəftar necə olur. Kitab və sünnədən tərk edilənlərə həyat verəcək».
Həzrətin atası ilə az olması, qeyb dövründəki məhdudiyyətlərə baxmayaraq, bə’zi əsərləri yadigar qalmışdır. Bə’zi mühüm əsərlərə nəzər salaq:
1.Rəvayətlər və dəlillər: Bu rəvayətlər həzrətin uşaqlıq dövrü və atası ilə birgə yaşadığı qısa müddətlə bağlıdır.
2.Dualar və namazlar: Dua insanın öz Allahı ilə səmimi rabitəsi və aşiqanə zümzüməsidir. Həzrətdən nəql olunmuş duaların uca və çoxsaylı məziyyətləri var. Allah, əhli-beyt, həzrət Mehdinin (ə) məqamının tanınması, qiyamət, intizar, intizar dövründə vəzifələr, haqqın batilə qələbəsi, səbr, çətinliklərin dəfi, əxlaq məsələləri ilə tanışlıq həmin məziyyətlərdəndir. Həzrətdən bu dualarla yanaşı bir sıra namazlar da nəql olunmuşdur.
3.Ziyarətnamələr: Ziyarət imamşünaslıq və insanla imam arasındakı rabitə göstəricisidir. Həzrətə aid olan ziyarətnamələrdə dərin maarif mövcuddur. Bu mətnlərdə imamların məqamı, vəzifələri, mö’minlərin təklifləri və başqa həqiqətlər bəyan olunmuşdur.
4.Fərmanlar və bəyanatlar: Həzrət Mehdi (ə) öz naiblərindən bə’zilərinə məktublarla müraciət etmişdir. Dörd naibə və şeyx Müfidə ünvanlanmış namələri misal göstərmək olar. Bu namələrdən bə’zilərində həzrətə ünvanlanmış suallar cavablandırılmışdır. Bə’ziləri isə həzrət tərəfindən verilmiş fərmanları əks etdirir. Bu namələrin bir sıra dəyərləri vardır. Məsələn, fiqhi suallara cavab, qeyb dövründə imamın rolu, xəbərdarlıqlar, təsdiqlər, təkziblər, intizarda olanların vəzifələri, qeyb dövründə fəqihlərin məs’uliyyəti.
Uyğun namələrdən əlavə, həzrətin bir sıra buyuruqları yadigar qalmışdır. Bu buyuruqlar həzrətlə görüşmüş şəxslər tərəfindən nəql edilmişdir. Həzrətin ikinci səfiri Məhəmməd ibn Osman Əmri deyir: «Həzrəti son dəfə Məkkədə Allah evinin kənarında gördüm. O deyirdi: «Pərvərdigara, mənə verdiyin və’di yerinə yetir». Həzrət Kə’bənin pərdəsini tutub ərz edirdi: «Pərvərdigara, düşmənlərdən mənim intiqamımı al».