Nəmrud yenidən İbrahimlə mübahisə etmək qərarına gəldi. Ona demək istəyirdi ki, mən dirildib, öldürürəm. Amma, sənin Rəbbinin belə işə qüdrəti çatmır. Yalnız sən onun barəsində belə düşünürsən. Yenidən İbrahimi (ə) zindandan çıxarıb, Nəmrudun yanına gətirdilər. Nəmrud İbrahimə dedi: -Sən demədinmi ki, Rəbbin dirildir və öldürür? Elə isə onu mənə göstər! İbrahim (ə) səmaya üz tutub dedi: -Mənim Rəbbim istədiyi hər bir işə qadirdir. O, əllərini göyə qaldırıb dedi: -İlahi ölüləri necə diriltdiyini mənə göstər! Allah buyurdu: -Ey İbrahim, yoxsa imanın yoxdurmu? İbrahim (ə) dedi: -Niyə? Mən iman gətirmişəm. Amma, ürəyimin rahat və arxayın olmasını istəyirəm. Allah ona vəhy etdi ki, dörd quş tutub, onları öldürsün. Sonra isə onların ətlərini bölüb, dörd dağın zirvəsinə qoysun. İbrahim (ə) bıçağı götürüb, dörd quşun başını kəsdi. Onların ətlərini dörd dağın başına qoydu. Allahdan başqa heç kim ölmüş quşları yenidən həyata qaytara bilməz. İnsana, heyvana, bitkilərə yaşayış və həyat bəxş edən Allahdan başqa heç kəs buna qadir deyil. İbrahim (ə) dağların arasında dayanıb, ucadan dedi: -Ey ölmüş quşlar! Allahın əmri ilə mənim yanıma gəlin! Bu zaman qəribə bir hadisə baş verdi. Quşların başı onların bədənlərinə, qanadları əvvəlki yerlərinə qayıtdı. Onlar dirildilər. Ürəkləri döyünməyə başladı. Qanad çalıb, uçmağa başladılar. Sonra isə İbrahimin (ə) ayağının yanında yerə qondular. İbrahim (ə) yaradan və qüdrətli Allaha səcdə etdi. Amma, Nəmrud yenidən küfr etdi. O fərman verdi ki, İbrahimi (ə) yenidən zindana salsınlar. Babillilərin, həmçinin onlardan da qabaq sumərlilərin neft, qır və kibrit haqqında məlumatları vardı. Buna görə də babillilər öz torpaqlarında ən böyük alov şöləsini yaratmaq fikrində idilər. Bunların hamısı İbrahimin (ə) cəzasına görə idi. O, onların yalançı allahlarını dağıtmışdı. Onlar bir aydan çox şəhərin çölündə odun topladılar. Bir aydan artıq odunlara qır artırdılar və onlara neft tökdülər. Odun bağlamalarını şəhərin çölünə daşıyan Babil camaatının get-gəl mənzərəsi çox adi idi. Allahların qarşısında təzim göstərib, bütlərə səcdə edən bütpərəstlər hamısı odun toplantısında iştirak edirdilər. Onlar bunun vasitəsi ilə allahlarının onlara xeyir və bərəkət əta etmələrini istəyirdilər. Hökmü icra etmək günü çatdı. Nəmrudun məmurları İbrahimin (ə) qollarını bağlayıb, şəhərdən çıxardılar. Babil əhalisi cavan İbrahimin (ə) barəsində olan hökmün icrasına tamaşa etmək üçün şəhərdən çıxdılar. Keşişlər gəlib, alovu yandırdılar. Alov tezliklə odunlarda şölələndi. Çünki, neft və qır tökməklə odunlar islanmışdılar. Alov odun dağında zəbanə çəkdi. Alov şölələrinin hündürlüyü onlarla metr yuxarı çatırdı. Babil əhalisi qaçıb, geri çəkildilər. Onlar alovun onları yandırmasından qorxurdular. İbrahim (ə) sakitcə alova tamaşa edirdi. Onun Allaha imanı var idi və Allahdan başqa heç kəsdən qorxmurdu. İbrahimin (ə) əllərini bağlamışdılar. Keşişlər belə güman edirdilər ki, İbrahim (ə) o böyük alovu gördükdə üzr istəyəcək, allahlara səcdə edib, keşişlərdən əfv olunmasını istəyəcəkdir. Amma, cavan İbrahim (ə) arxayın və rahat idi. O sükutla öz taleyini gözləyirdi. Bu zaman onlar üçün böyük bir çətinlik qarşıya çıxdı. Bu çətinlik İbrahimi (ə) necə alova atmaq məsələsi idi. Çünki, heç kəs o böyük alova yaxınlaşa bilmirdi. Onun istiliyi on metrlərlə uzaqdan insanları yandırırdı. Keşişlər toplaşıb, problemi həll etmək üçün çarə fikirləşirdilər. Onların birinin ürəyinə şeytani bir fikir gəldi. O dedi: -Onu mancanağa qoyarıq. Keşiş yer üzərində mancanaq planını çəkdi. Bu, şeytani bir fikir idi. Mancanaq İbrahimi (ə) uzaqdan alovun içinə atacaqdı. Fəhlələr bu yeni kəşfi düzəltməyə başladılar. Mancanaq hazırlandı. Onlar İbrahimi (ə) gətirib, mancanağa qoydular. İbrahim (ə) tamamilə arxayın və soyuqqanlı idi. İnsanlar cavan İbrahimə baxıb, onun dözümünə və mübarizliyinə heyrət edirdilər. Həmin həssas anlarda bir mələk İbrahimin (ə) yanına enib, ona dedi: -Bir şeyə ehtiyacın varmı? İbrahim (ə) böyük Allahdan savayı heç bir şey barədə fikirləşmirdi və heç kəsdən bir şey istəmirdi. Onun istəyi yalnız böyük Allahdan idi. Ona görə də mələyə dedi: -Mənim Allahdan başqa heçə kəsə ehtiyacım yoxdur. Heç kimdən bir şey istəmirəm. Allah-təala İbrahimi (ə) imtahan etdi. Onun imanını və ixlasını yoxladı. İbrahim (ə) mömin və ixlaslı bir insan idi. Məmurlar mancanağın ipini çəkdilər. İbrahim (ə) bir anda göyə tullandı və çox əzəmətli bir alovun içinə düşdü. Allah-təala alovun da yaradanıdır. Allah alovu yaratmışdır. Alova yandırmaq qüvvəsini verən Allahdır. Elə həmin Allah da ondan yandırmaq qüvvəsini almağa qadirdir. Allah-təala alova vəhy etdi: -Ey alov! İbrahim (ə) üçün sərin və gülüstan ol! Alov hələ də şölələnirdi. Amma, özünün yandırmaq qüdrətini əldən vermişdi. Alov İbrahimə heç bir zərər yetirmədi. Yalnız əl-qolunu bağladıqları ipləri yandırdı. Alovun İbrahimin (ə) düşdüyü hissəsi gözəl və güllü bir bağa çevrilmişdi. Amma, hər tərəfdən alov onu əhatə etmişdi. Alov şölələnir və göyə zəbanə çəkirdi. Amma, İbrahim (ə) üçün soyuq və gülüstan olmuşdu. Allah-təala İbrahimi (ə) yoxladı. İbrahimin (ə) iman dərəcəsini bilirdi. Ona görə də onu daha da əzizlədi, xilas etdi və düşmənlərinə qalib etdi. Nəmrud alovun sakitləşməsini gözləyirdi. O, İbrahimin (ə) taleyini görmək və ona qələbə çaldığı üçün bayram etmək istəyirdi. Alov çox böyük və ağır idi. Bir neçə gün eləcə yanıb, şölələndi. Amma, get-gedə zəifləyib, söndü. Nəmrud İbrahimin (ə) başına gələnləri görmək üçün alova sarı getdi. O fikirləşirdi ki, görəsən İbrahim (ə) külə çevrilmişdirmi? Amma, o və bütün Babil əhalisi təəcübləndilər. Hamı anladı ki, İbrahimin (ə) Allahı qüdrətli və böyükdür. Ona görə də İbrahimdən əl çəkib, onun azad yaşayışına mane olmadılar. İbrahim (ə) illərlə bu vəziyyətdə yaşadı. O, imanlı xalası qızı Sara ilə evləndi. Sara varlı, mülkü və heyvanları bir qız idi. Onların hamısını həyat yoldaşı İbrahimə hədiyyə etdi. İbrahim (ə) yerdə əkinçilik işi ilə məşğul idi. Öz heyvanlarını otarırdı. Onun tarlaları ürəyi istəyən qədər məhsul verirdi. Heyvanları artırdı. Allah onlara xeyir və bərəkət vermişdi. O, səxavətli, bağışlayan, qonaqpərvər, kasıb və yoxsulları sevən bir insan idi. Beləliklə İbrahim (ə) öz tayfası arasında yaşadı. Onları yeganə Allaha ibadətə və bütpərəstlikdən çəkinməyə dəvət edirdi. Keşişlər İbrahimdən razı deyildilər. Nəmrud öz taxt-tacından ötrü qorxurdu. Ona görə də İbrahimi (ə) Babil torpaqlarından çıxarmaq qərarına gəldi. Nəmrud fərman verdi ki, İbrahimi (ə) Babil torpaqlarından çıxarsınlar və onun bütün mal-qaraları mənimsənilsin. O belə güman edirdi ki, bütün heyvanlar Babilin hakiminə məxsusdur. İbrahim (ə) onlara dedi: -Əgər mənim bütün mal-mülkümü almaq istəyirsinizsə onda bu torpaqlarda sərf etdiyim ömrümü mənə qaytarın! Şikayət Babilin qazisinin yanına getdi. Qazi əmr etdi ki, İbrahim (ə) hər şeyini Babilin hakiminə verməlidir. Əvəzində isə padşah İbrahimin (ə) onların torpağında sərf etdiyi ömrü ona qaytarmalıdır. Ona görə də Nəmrud öz sözünü geri götürdü və İbrahimə mal qoyunları ilə birgə o torpaqdan köçmək icazəsini verdi. İbrahim (ə) Babil torpaqlarını tərk etdiyi zaman deyirdi: «Mən öz Rəbbimə tərəf gedirəm. O məni hidayət edəcəkdir». O başqa bir məmləkətə getdi: Onları yeganə Allaha ibadətə və bütpərəstlikdən çəkinməyə dəvət etmək üçün. O, insanları sevirdi. Onların xoşbəxt yaşamasını istəyirdi. Ona görə də Babil torpaqlarından çıxıb, Fələstinə sarı yollandı. İbrahim (ə) öz həyat yoldaşı Sara və Lutla birgə qibtlilərin ölkəsinə çatdı. Orada İbrahim (ə) öz mallarının 10%-ni padşaha verməli idi. Yalnız bundan sonra o torpaqlara daxil olmaq icazəsi ala bilərdi. Vergi rəisi Saranın gözəlliyini və camalını gördükdə onu hakimin yanına apardı. İbrahim (ə) əsəbləşdi. O, vergi rəisinə təklif etdi ki, bütün mallarını verməyə hazırdır, amma, heç vaxt Saranın aparılmasına icazə verməyəcəkdir. İbrahim (ə) ona dedi: -Mən öz şərəf və namusumu müdafiə etmək üçün son nəfəsimə qədər mübarizə aparacağam. Vergi rəisi qibtlilərin padşahını məsələdən xəbərdar etdi. Padşah əmr etdi ki, Saranı və İbrahimi (ə) onun yanına gətirsinlər. Qibtlilərin padhaşı Saranı gördükdə ona gözü düşdü. Ona yiyələnmək istədi. İbrahim (ə) yalqız idi. O çox kədərləndi. Ona görə də üzünü çevirdi ki, başqasının onun yoldaşının bədəninə əl vurmasını görməsin. İbrahim (ə) Allahı çağırdı ki, Saranı padşahın şərindən qorusun. Allah onun duasını qəbul etdi. O, İbrahimi (ə) qalib etdi. Padşahın əli qurudu. Padşah Saranın bədəninə toxuna bilmədi. Bildi ki, İbrahimin (ə) Allahı onu bu işdən saxlamışdır. Ona görə də İbrahimə dedi: -Sənin Allahınmı məni belə etdi? -Bəli. Mənim Allahım qeyrətlidir. Padşah dedi: -Allahın da qeyrətlidir və sən də qeyrətlisən. İndi Allahından istə ki, mənim əlimi əvvəlki vəziyyətinə qaytarsın. Daha heç vaxt belə iş görmərəm. İbrahim (ə) padşahın əlini ona qaytarmaq üçün Allaha dua etdi. Allah-təala onun əlini əvvəlki vəziyyətinə qaytardı. Ondan sonra qibtlilərin padşahı İbrahimə və onun həyat yoldaşına hörmətlə baxırdı. Ona görə də ona xidmətçilik etsin deyə, Saraya Hacər adlı cavan bir qız hədiyyə etdi. İbrahim (ə) Fələstin torpaqlarına yollandı. Ölü dənizin sahillərinə çatdıqda, xalası oğlu Lutu Sədum torpaqlarında qoydu. Ona tapşırdı ki, oranın əhalisini Allahın dininə və düzgün əməllərə dəvət etsin. Sonra isə öz yolunu davam etdirdi. Nəhayət, bu gün Fələstində Əlxəlil adlandırılan torpağa çatdı. Bir neçə il keçdi. İbrahim (ə) Fələstin torpaqlarında yaşayırdı. Allah-təala İbrahimə övlad verməmişdi. Çünki, onun həyat yoldaşı Sara doğmaz qadın idi. Ona görə də Sara fikirləşdi ki, öz kənizi Hacəri ərinə bağışlasın. İbrahim (ə) onunla evlənsin və Allah ondan İbrahimə övlad versin. Yaşı yetmişi ötmüş İbrahim (ə) Hacərlə evləndi. Nəticədə İsmayıl doğuldu. Allah-təala İbrahimə fərman verdi ki, Hacəri və İsmayılı götürüb, Hicaz torpağına getsin. İbrahim (ə) Allahın fərmanını yerinə yetirdi. O, həyat yoldaşı Hacər və oğlu İsmayılı götürüb, cənuba doğru yola düşdü. O, geniş, quru, su və otsuz səhraları qət edirdi. Hər dəfə göyə baxdıqda mələklər xəbər verirdilər ki, hələ nəzərdə tutulmuş torpağa çatmamısan. Uzun müddət keçdikdən sonra İbrahim (ə) su və otsuz quru səhraya çatdı. Ora quru bir dərə idi. Orda heç növ ağac və su yox idi. Qum və daşlarla dolu idi. Su və otsuz quru dağlar oranı əhatəyə almışdı. Mələk enib, İbrahimə xəbər verdi ki, müqəddəs torpağa çatmışdır. O Hacər və İsmayılı burada qoyub Fələstinə qayıtmalıdır. İbrahim (ə) Allaha itaətdən başqa heç bir şey fikirləşmirdi. Hacərin və İsmayılın orada qalma mənzərələri çox ağır idi. Bir qadın öz körpəsi ilə quru və susuz yerdə qalmalı idi. İbrahim (ə) yoldaşı Hacərlə vidalaşdı. Südəmər körpəsi İsmayılı öpüb, getdi. Hacər həyat yoldaşına dedi: -Bizi bu qorxulu yerdə yalqızmı qoyursan? İbrahim (ə) kədərlə dedi: -Allah mənə belə fərman vermişdir. Hacər Allaha və əri İbrahimin (ə) peyğəmbərliyinə iman gətirmiş bir qadın idi. Ona görə də arxayınlıqla dedi: -Əgər Allah belə fərman vermişdirsə, deməli, o bizi unutmayacaqdır. İbrahim (ə) getdi. O , Fələstinə qayıtdı. Amma, Hacər və övladı İsmayıl yalqız halda quru və susuz dərədə qaldılar. İbrahim (ə) və Sara yaşlaşıb, qocalmışdılar. İbrahim (ə) təkbaşına xörək yemək istəmirdi. O çox qonaqpərvər idi. Özü şəxsən qonaqlara qulluq edərdi. Onlar üçün ləzzətli xörəklər gətirərdi. Bir gün onun evinə üç qonaq gəldi. Onlar ədəblə İbrahimə salam verdilər. İbrahim (ə) dərhal öz qoyun sürüsünə tərəf getdi. Kök bir qoç seçib, başını kəsdi. Onlar üçün ləzzətli xörək hazırladı. Lakin, bu zaman maraqlı bir hadisə baş verdi. İbrahim (ə) gördü ki, qonaqları xörək yemirlər. İbrahim (ə) qorxdu. Qonaqlar ona dedilər: -Ey İbrahim (ə) qorxma! Biz mələyik. Allah bizi Sədum əhalisini cəzalandırmaq üçün göndərmişdir. Bu zaman İbrahim (ə) arxayın oldu. O, Sədum əhalisinin taleyi barəsində fikrə getdi. O mələklərlə söhbətə başladı. Onlara dedi: -Lut Sədum şəhərində yaşayır. Mələklər dedilər: -Biz orada kimlərin yaşadığını yaxşı bilirik. Allah bizə fərman vermişdir ki, o şəhəri dağıdaq. Lut və onun qızlarından savayı bütün əhalisini həlak edək. İbrahim (ə) insanların hidayət olunmasını istəyirdi. Ona görə də mələklərdən möhlət istədi. Amma, mələklər Allahın elçiləri idilər. Onlar Allahın iradə və istəyini icra etmək üçün gəlmişdilər. Sədum əhalisi kafir idilər və həmişə pis və xoşagəlməz işlər yerinə yetirirdilər. Onlar yolçuların yolunu kəsir, Lut peyğəmbərə əzab-əziyyət verirdilər. Ona görə də mələklər İbrahimə dedilər: -Ey İbrahim (ə), bu sözlərin faydası yoxdur. Artıq Allahın fərmanı çatmışdır. İbrahim (ə) mələklərin niyə bura gəldikləri barədə fikirləşməyə başladı. Mələklər İbrahimə xəbər verdilər ki, Allah qoca həyat yoldaşından ona övlad verəcəkdir. Bu müjdəni eşidən Sara təəccübləndi: -Bu, çox maraqlı bir məsələdir. Məndən necə uşaq doğula bilər? Mən doğmaz bir qadınam. Ərim də qoca kişidir. Mələklər Saraya dedilər: -Allahın fərmanınamı təəccüb edirsiniz? Bu, Allahın siz Əhli-beytə olan rəhmət və bərəkətlərindəndir. Həqiqətən o, təriflərə layiq və ucadır. Sara və İbrahim (ə) sevindilər. Amma, İbrahim (ə) Lutun qövmü üçün nigaran idi. Allahın əzabı və qəzəbini onlardan uzaqlaşdırmaq istəyirdi. Amma, mələklər ona dedilər ki, Allah-təala onların, peyğəmbərləri Luta elədikləri əzab və əziyyətlərə, kin və fəsadlarına görə qəzəbini endirmişdir. Mələklər Sədum torpağındakı tapşırığı icra etmək üçün İbrahimin (ə) evindən çıxıb, o diyara yollandılar. İbrahim (ə) övladı İsmayılı görmək üçün Hicaz torpağına yollandı. İsmayıl cavanlıq yaşına çatmışdı. O, Hicaz torpağında Curhum adlı ərəb qəbiləsinin arasında yaşayırdı. İbrahim (ə) və İsmayıl (ə) orada Allah evini tikdilər. Dünyada tövhid və allahpərəstlik nişanı olmaq üçün... Beləliklə Kəbə Allah-təalanın fərmanı ilə insanlar üçün tikilən ilk ev idi. Orada əlamət və nişanlar və İbrahimin (ə) məqamı vardır. Oraya daxil olan hər bir insan toxunulmaz idi. İbrahim (ə) və İsmayıl evin tikintisini başa çatdırdıqdan sonra dedilər: «İlahi! Bu işi bizdən qəbul et! Həqiqətən sən eşidən və bilənsən». Allah-təala öz evinin binası üçün quru, ot və susuz bir yer seçmişdi. Ev tikildikdən sonra cənnətdən «Həcərul-əsvəd» (qara daş) göndərdi. O gündən etibarən Kəbə, tövhid və təkallahçılıq əlaməti kimi tanındı. İbrahim (ə) övladı İsmayılla birgə Həcc əməllərini yerinə yetirdi. Səfa və Mərva dağları arasında səy (iti yeriş) mərhələsinə çatdıqda İbrahim (ə) oğlu İsmayıl üçün su axtaran Hacərin əzab və əziyyətlərini yadına saldı. Həmin iki dağın arasında Hacərin qaça-qaça get-gəl etdiyini və südəmər körpəsi üçün yerdən şirin su qaynadığını xatırladı. İbrahim (ə) bütün xatirələri yada salıb, kədərlənirdi. O, bir neçə gün qabaq gördüyü yuxunu xatırladı. Həmin yuxuda övladının başını kəsdiyin və qurban olaraq Allahın dərgahına təqdim etdiyini görmüşdü. Peyğəmbərlərin yuxusu doğrudur. Bunun mənası o idi ki, Allah-təala oğlu İsmayılı qurban kəsməyi İbrahimə (ə) əmr edir və bununla da höccəti tamamlamaq istəyir. Amma, görəsən İsmayıl bunu qəbul etdimi? O, özünü qurban verməyə hazır idimi? İbrahimi (ə) narahat edən də bunlar idi. Atasını fikirli görən İsmayıl dilləndi: -Atacan, niyə səni qəmli görürəm? İbrahim (ə) üzünü oğlu İsmayıla tərəf çevirdi. O saleh, təqvalı və pak cavana üzünü tutub, dedi: -Hə, əziz oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bunun mənasını bilirsənmi? -Məni qurbanlıq edirsən? -Hə, oğlum! Fikrin nədir? Fikirləşmək yeri deyildi. Allah fərman vermişdi ki, peyğəmbəri İbrahim (ə) oğlu İsmayılı qurban etsin. Allah-təala yenidən İbrahimi (ə) imtahana çəkmək istəyirdi. Onun imanını və Allah qarşısında nə qədər təslim olmasını aydınlaşdırmaq istəyirdi. Buna görə də imanlı cavan olan İsmayıl dedi: -Ata, bu işi yerinə yetir. Bunu Allahın istədiyi üçün mən qurban kəsilməyin ağrı və əzablarına dözərəm. İbrahim (ə) heç kimi övladı İsmayıl qədər sevmirdi. Amma, o, Allahı daha çox sevirdi. Ona görə də babası Azərdən uzaqlaşmışdı. İbrahim (ə) Azəri çox sevirdi. Həmişə onu ata – deyə çağırırdı. Amma, Azər kafir olduqda İbrahim (ə) ondan uzaqlaşdı. İbrahim (ə) saleh və mömin cavan olan övladı İsmayılı çox sevirdi. Lakin, Allahı daha artıq sevir və onun fərmanlarına əməl edirdi. İbrahim (ə) oğlu İsmayılı öpdü. Həzrət özü ilə bıçaq gətirmişdi. İsmayıl Allahın fərmanına təslim idi. O, ölümü mərdliklə qarşılamaq istəyirdi. Tamamilə rahat olan qurbanlıq yalnız bir şeydən ötrü nigaran idi. O qorxurdu ki, başının kəsildiyi üçün ağrılara dözməyib, müqavimət göstərər və bu iş atasını ağrıdar. Çünki, qoca bir kişi olan atası belə bir mənzərəni görmək iqtidarında deyildi. Ona görə də atasına dedi: -Atacan, xahiş edirəm mənim əl-qolumu iplə möhkəm bağla! Başımı kəsən zaman tələs və bu işi tez bitir. İbrahim (ə) övladından ötrü ağladı. O, son dəfə vidalaşmaq məqsədi ilə oğlunu öpdü. İsmayıl başının kəsilməsi üçün hazır oldu. İbrahim (ə) bıçağı əlində tutmuşdu. İsmayıl başını yuxarı qaldırdı. Onun ağ, nazik və işıqlı boynu günəşin nuru altında göründü. O həyəcanlı anlarda maraqlı bir hadisə baş verdi. İbrahim (ə) səmadan bir nida eşitdi: «Ey İbrahim,! Öz yuxunu həyata keçirtdin (tapşırığı yerinə yetirdin). Allah sənə fərman verir ki, bu qoçu İsmayıla qurban edəsən». İbrahim (ə) dağın başından bir qoçun gəldiyini gördü. İbrahim (ə) qoçu qurban kəsdi. Beləliklə, İbrahim (ə) və övladı İsmayıl Həcc əməlllərini sona çatdırdılar. Bu gün biz baş qırxdıqda və özümüzü çirkabdan yuduqda, öz dırnaqlarımızı qısaldıb, övladlarımızı sünnət etdirdikdə, həqiqətdə atamız Həzrət İbrahim Xəlilin (ə) yolu ilə getmiş oluruq. İbrahim (ə) bu işləri bizə təlim edən insandır. Həmçinin o bizə təkallahçılıq dərsini öyrətmişdir. Biz Yəhudilik, Xristianlıq və İslam dininə nəzər saldıqda onların ardıcıllarının Allaha inandıqlarını görürük. Unutmamalıyıq ki, bütün bunlar Həzrət İbrahimin (ə) zəhmətlərinin nəticəsidir. Çünki, Allah-təala İbrahimi (ə) peyğəmbər olaraq seçdi və sonra onu imam və rəhbər etdi. O, peyğəmbərlik və rəhbərliyi onun övladlarına da bəxş etdi. Musa və İsa İbrahimin (ə) oğlu olan İshaqın övladlarından, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və Əhli-beyt imamları isə İbrahimin (ə) oğlu olan İsmayılın nəslindəndir. Buna görə də biz bəzən belə deyirik: «İlahi! İbrahim və onun ailəsinə gönərdiyin kimi, Məhəmməd və onun ailəsinə də salavat və salam göndər. Həqiqətən sən təriflərə layiq və ucasan». Allah-təala İbrahimi (ə) imanlı və həqiqi bəndə kimi gördükdə ona fərman verdi ki, özünün müqəddəs zatından savayı heç kəsdən qorxmasın. Ona görə də Allah İbrahimi (ə) Xəlil və dost olaraq seçdi. Buna görə ona Xəlilur-Rəhman (Allahın dostu) ləqəbi verildi. İbrahim (ə) yüz iyirmi ildən artıq ömür sürdü. O, yaşlı bir qoca olmuşdu. Daha Hicaza gedib, Allahın evini ziyarət etmək və övladı İsmayılı görmək taqəti yox idi. Ona görə də övladı İsmayıl atası Xəlilür-Rəhmanı görmək üçün Fələstinə gəldi. Həmin zaman İbrahim (ə) xəstələndi. Qocalığın zəifliyi onu taqətdən saldı. İbrahimin (ə) dünyadan köçmə zamanı çatdı. O, cihad, mübarizə və insanları Allaha doğru dəvət etmək yolunda keçirdiyi uzun müddətli ömürdən sonra rahatlıq mərhələsinə çatmışdı. Beləliklə İbrahim (ə) öz Xəlili, dostu və məbuduna sarı səfər etdi. O həzrət, övladları İsmayıl və İshaqdan bəşəriyyəti yeganə Allaha pərəstişə dəvət işlərində yorulmamaqları barədə əhd aldı. Sonra isə ruhu Mələkut aləminə doğru qanad çaldı. Allah-təaladan istəyirik ki, mübariz insanları Fələstinin, Qüdsün və Məscidül-Əqsanın azadlığı yolunda kömək etsin və biz atamız İbrahimin (ə) Əlxəlil şəhərindəki müqəddəs qəbrini ziyarət edək. İlahi, İbrahim (ə) və onun ailəsinə göndərdiyin kimi, Məhəmməd və onun ailəsinə salavat və salam göndər. Həqiqətən, sən təriflərə layiq və ucasan! |