VƏD OLUNMUŞ UŞAQ Allahın istəyi bu idi ki, Musa doğulsun. Saleh qadın olan Yukabed çox qəmli görünürdü. Onun azad olmaq vaxtı yaxınlaşırdı. Qibti mama onun yanına gəlirdi ki, olacağı körpəsinin cinsiyyətini öyrənib, xəbər versin. O ağır şəraitdə Musa adlı sevməli bir körpə doğuldu. Musa şirin və çox cazibəli bir uşaq idi. Körpəni görənlər istər-istəməz ona bağlanırdılar. Musadakı bu cazibəni Allah-təala yaratmışdı. Ona görə də mama onu sevdi və anasına dedi: -Yukabed, qorxma! Mən bu məsələ barəsində heç kəsə bir söz demərəm. Allah-təala Yukabedin ürəyinə ilham etdi ki, Musaya süd versin. Anasının ürəyi bu nurani və günahsız uşağa məhəbbətlə dolu idi. Öz-özünə deyirdi: «Görəsən, doğrudanmı bu, vəd olunmuş uşaqdır?!» Günlər ötürdü və casuslar o evdə doğulan bir oğlan uşağını axtarırdılar. Fironun başında pis fikir var idi. O istəyirdi fəhlələri muzdsuz işlətsin. Ona görə də Bəni İsraili qul kimi işə vadar etmişdi. O fərman vermişdi ki, körpələri bir il öldürsünlər, bir il isə saxlasınlar. Musa anadan olandan bir il qabaq Yukabeddən Harun adlı bir oğlan doğulmuşdu. Musa dünyaya gələndə Harun kiçik bir uşaq idi. Bu iki nəfərin bir neçə il onlardan böyük olan bir bacıları da var idi. O, pak və ağıllı bir qız idi. Qardaşlarını sevirdi. Onlara mehribanlıq göstərir və onları qoruyurdu. Günlər keçdi. Yukabedin əziz övladı doğuldu. Amma, Yukabed qorxur və nigaranlıq keçirirdi Çünki, casuslar onun övladı olmasından xəbər tuta bilərdilər. Bu vaxt nə edəcəkdi?. Musanı Fironun təhlükəsindən necə qoruya bilər? Necə onu ölümdən xilas edə bilər? Onlarla günahsız körpənin başını kəsmiş, onlarla ananı gözü yaşlı qoymuş qılınclardan onu necə qoruya bilərdi? Allah anasına ilham etdi ki, Musa üçün kiçik bir sandıq düzəltsin və təhlükə hiss etdiyi vaxt onu Nil çayına atsın. Şücaətli anası bu vəzifəyə əməl etdi. Bu işdə qızı ona kömək edirdi. Bir gecə hiss etdi ki, təhlükə yaxınlaşmışdır. Casuslar südəmər körpələri toplamaq üçün evləri gəzirlər. Yukabed qızı ilə gecənin qaranlığında Nil çayına tərəf getdi. Qəmgin ana Nil çayının dalğalarına nəzər saldı və uşağına baxdı. Musa yuxuda idi. Anası evə qayıtmaq istəyirdi. Amma, daxilində olan bir qüvvə sandığı Nil dalğaları üzərinə atmağa məcbur etdi. Yukabed ulduzlu səmaya nəzər saldı. Onun ürəyində tam arxayınlıq yarandı. O, imanlı qadın idi və əmin idi ki, Allah onun uşağını qorxulu timsahlardan, mavi atların dişlərindən və bu günahsız körpəni gözləyən bütün təhlükələrdən qoruyub, xilas edəcəkdir. O arxayın idi ki, Allah onu anasına qaytaracaqdır. İman və məhəbbətlə qarışmış qorxulu bir anda Yukabed kiçik sandığı Nil sularının üzərinə qoydu. Su dalğaları ayın nurunda parlayır, günahsız və yalqız uşağa qarşı mehribanlıq göstərirdi. Ona görə də onu uzaq bir yerə apardılar. Yukabed eləcə sandığa baxırdı. Nəhayət qaranlığın təsirində gözdən itdi. Qışqırmaq istəyirdi. Ulduzlara, aya, geniş səmaya, Allaha nəzər saldı. Ürəyində arxayınlıq və rahatlıq bulağı qaynadı. Qızı ilə birgə evə qayıtdı. O hiss edirdi ki, yenə də uşağı Musanı qucağına alacaqdır. O gecə Yukabedin gözünə yuxu getmədi. Ürəyi Musa ilə idi; dalğaların Nil çayına tapşırdığı sandıqla. Günəş doğdu. Təbiət öz gecə yuxusundan oyandı. Balıqçılar ruzi dalınca Nil çayına yollandılar. Əkinçilər öz əkin sahələrinə, çobanlar isə otlaqlara getdilər. Sandıq sakitcə dalğaların arasında hərəkət edirdi. Ondan bir körpə səsi ucalırdı: isti ağuş arayan günahsız uşağın səsi. Fironun arvadı Asiya pak təbiətli bir qadın idi. Ərinin əksinə olaraq o, təvazökar idi. İnsanların dostu, xeyirxahı, zülmün isə düşməni idi. O, ərinin etdiyi pis işlərdən və zülümlərdən əziyyət çəkirdi. Həmin aydın səhər vaxtı Asiya sarayda oturmuşdu. O, diqqətlə axan Nil sularına baxır və çayda hərəkət edən qayıqları müşahidə edirdi. Birdən gözü kiçik bir sandığa düşdü. Su dalğaları onu yaşıl sahilə gətirdilər. O kiçik sandıq gözəl bir gəmi kimi lövbər saldı. Asiya bir körpə səsi eşitdi. Ayağa qalxdı və gözətçiyə əmr etdi ki, o sandığı gətirsin. Asiyanını yanında ona xidmət göstərən kiçik qızlar vardı. Sarayın gözətçisi sandığı gətirib, fironun həyat yoldaşının qarşısına qoydu. Hörmət göstərib, geri çəkildi. Bu zaman firon daxil oldu. O, qüdrəti ilə lovğalanaraq təkəbbürlə addım atırdı. Əlində abnus ağacından düzəldilmiş qısa və ləl-cəvahiratlı əsa vardı. O, əsası ilə işarə etdikdə mənası bu idi ki, gərək hamı onun fərmanına qulaq assınlar. Firon daxil oldu və sandıqdakı körpəni görərək qəzəbləndi. Kinli nəzərlərlə onu süzdü. Ürəyində bir hiss yarandı. İstəyirdi onu öz əlləri ilə öldürsün. Fikirləşdi ki, bəlkə barəsində xəbər verilən, onun taxt-tacını viran edəcək uşaq budur. Firon qara əsası ilə işarə etdi. Əsgərlər tabe olaraq, əmri gözlədilər. Firon günahsız uşağın boynuna işarə etdikdə bildilər ki, onun başını kəsdirmək istəyir. O anda pak qəlbli qadın olan Asiya cəld ayağa qalxdı. Onun uşağı yox idi. Gözü Musaya düşdükdə qəlbində analıq məhəbbəti cuşa gəlmişdi. Firona dedi: -O, mənim və sənin gözünün nurudur, onu öldürməyin. O, bizim üçün faydalı ola bilər. Ya da onu övladlığa götürərik. Firon sakit qaldı. O, yoldaşının gözlərində dəyişilməz və qətiyyətli bir iradə görürdü. Öz-özünə fikirləşdi ki, yoldaşının övladı yoxdur. Bu uşaqla onun qəm-qüssəsi aradan gedər. Niyə uşaqdan əl çəkməsin? Niyə onu öldürsün? Öz-özünə fikirləşirdi ki, o, onlarla uşağın başını kəsmişdir. Bəlkə də deyilən uşağın artıq başı kəsilmişdir və artıq təhlükə sovuşmuşdur. Ona görə firon qayıdıb getdi. Asiya günahsız uşağı ağuşuna basmaq istədi. Musanın nurani çöhrəsi ürəklərdə eşq və məhəbbət yaradırdı. Onun nurlu gözləri tanış bir üz axtarırdı. Ürək bağladığı çöhrəni axtarırdı. Amma, tapa bilmirdi. İsti bir sinə axtarırdı. Onunla rahatlaşan, ondan süd əmən bir sinə. Amma, bir şey yox idi. Musa ağlamağa başladı. Körpə səsi ucaldı. Asiya cəld onun üçün süd verən qadınlar topladı. Onların biri gəldi və Musanı qucağına götürdü. Amma, uşaq eləcə ağlayırdı. O ac idi. Amma, təəccüblüsü burrası idi ki, Musa süd verən qadınların heç birindən süd qəbul etmirdi. Həmişə ağlayırdı. Çox qəribə bir qüdrət həddən artıq ac olmasına baxmayaraq, Musanı süd yeməyə qoymurdu. Yukabed imanlı bir qadın idi. Ürəyi ona ilham edirdi ki, Musa ona qayıdacaqdır. O yazıq ana nə etdi?! Qızına dedi: -Musanın ardınca get ki, qardaşının başına nə gəldiyini bilək. Musanın bacısı yola düşdü. O, uzaqdan Nil çayındakı kiçik sandığa baxırdı. Orada Allahdan, ondan və anasından başqa heç kəs sandığın sirrindən xəbərdar deyildi. Musanın bacısı hər şeyi gördü. O, həmin həyəcanlı səhnəyə baxırdı ki, Fironun sarayının qarşısındakı sıx ağaclarla əhatə olunmuş sahildə nə baş verdiyini görsün. O, xurma ağacının arxasından vəziyyəti izləyirdi və ana döşlərini axtaran qardaşının ağlamaq və nalə səslərinə əzabla qulaq asırdı. Musaya süd vermək üçün çoxlu qadınlar gəldikdə Musanın bacısı özünü onların arasına saldı. Elə bil o qadınların biri ilə gəlmiş qərib bir qızdır. O, Musanı gördükdə ürəyi döyünməyə başladı. Amma, özünü saxladı. O, özünü elə göstərdi ki, guya uşağı tanımır və öncə onu görməmişdir. Asiya bu sevimli uşağa süd vermək üçün bir qadın axtarırdı. Ona görə də Musanın bacısı dedi: -Mən sizə bir xeyirxah xanım göstərərəm. O, bu uşağın dayəliyini öhdəsinə götürə bilər. Asiya sevinərək dedi: -Hə! Hə! Get indi onu çağır! Elə indi. Bu uşaq ağlamaqdan can verəcəkdir. Qız çox sürətlə qaçdı və olan hadisələri xəbər vermək üçün anasının yanına gəldi. Yukabed fironun sarayına gəldi. Özünü elə göstərirdi ki, elə bil yad bir qadındır və uşağı tanımır. O, bir az da gecikdi ki, ətrafdakı şəkk-şübhələr aradan getsin. Yukabed Asiyanı görmək üçün içəri daxil oldu. O. Asiyanı görməyə tələsirdi. Yukabed Musanı götürdü. Çalışdı ki, öz hisslərini cilovlasın və uşağın anası olduğunu büruzə verən heç bir əlamət və nişanə görünməsin. Gözlənilmədən Musa anasının qucağında sakitləşdi. Asiya gördü ki, Musa süd əmir. Sevindi. Asiya fikirləşdi ki, Yukabedi uşağa süd vermək üçün dayəliyə qəbul etsin. Yukabed isə bütün şəkk-şübhələri özündən uzaqlaşdırmaq üçün dedi: -Mən oğlum Haruna süd verirəm. Asiya dedi: -Sən güclü qadınsan və hər ikisinə süd verə bilərsən. Sənə dəyərli bir mükafat verərəm. Yukabed zahirdə özünü belə göstərdi ki, guya mükafata görə bu işə razılıq vermişdir və beləliklə, Musa bir daha öz anasına qayıtdı. Allahın vədəsi həyata keçdi və Musanın anasının imanı artdı. O, bir daha əmin oldu ki, Allah-təala hər şeyə qadirdir və heç kəs onun iradəsini qəbul etməyə bilməz. Bu şəhər o zaman fironların paytaxtı idi. Firon öz böyük sarayını bu şəhərin kənarında, onun şimal hissəsində, Nil çayının sahilində tikdirmişdi. Fironun sarayı Nil çayının sol sahilində yerləşirdi və fironlar Mumfis şəhərinin qərbində, çöllük və biyabanlıqda özlərinə məqbərə olaraq ehramlar tikdirmişdilər. Həmin ehramlar bu günə qədər də Cizə məntəqəsində yerləşir. Musa öz südəmərlik dövrünü anasının qucağında keçirdi və sonra yaşamaq üçün fironun şəhərdən çöldə, şimal hissədə olan sarayına köçürüldü. Musa böyüdü və cavanlıq yaşına çatdı. O, qibtlilərin böyüklərinin paltarına oxşar paltar geyinirdi və hamının diqqət mərkəzində idi. Elə bilirdilər ki, o, fironun oğludur. Amma, həqiqət belə deyildi. O, fitrətən pak bir cavan idi. Zəifləri sevir, onlara mehribanlıq göstərirdi. Səmimi qəlbdən yazıq və yoxsul insanlara görə əziyyət çəkir və fironun işlərini qəbul etmirdi. O böyüdü, ağlı kamilləşdi, güclü və əzələli qolları olan bir cavan oldu. Hamı ondan qorxurdu. Amma, Musa heç vaxt öz qüdrəti ilə öyünmürdü. O, həmişə təvazökar idi və fironun iddiasına diqqət edirdi. Bilirdi ki, o, həqiqətin əksinə olaraq, özünü insanların Allahı adlandırır. Çünki, insan Allah ola bilməz, o ki, qala firon kimi məğrur və ağılsız bir insan. On səkkiz ilə qədər uzanan həmin uzun zaman fasiləsində Musa çox şeylər gördü və çox həqiqətlər onun üçün aşkar oldu. Aydın oldu ki, o, fironun oğlu deyil və heç qibti də deyildir. O, İmranın oğlu və Bəni İsraildəndir. Musa bilirdi ki, Yəqubun övladları Fələstindən gəlmişlər. Yəqubun oğlu Yusif Misrin böyük hakimi olduqdan sonra onlar bu torpaqlara gəlmişdilər. Həmin Yusif ki, yüz illər bundan öncə Misri aclıq təhlükəsindən xilas etmişdi. Amma, indi isə Bəni İsrail və Yəqubun övladları fironun əsirinə çevrilmişdilər. Onlar həmişə işgəncə altında idilər. Uşaqlarının başlarını kəsib, kişilərini qul kimi işlədir və hamısını firona ibadət etməyə məcbur edirdilər. Musa neçə gündən bir şəhərə get-gəl edir və günlərlə fironun sarayında olmurdu. O, öz kətan və incə paltarına nifrət edirdi və yundan hazırlanmış qalın və möhkəm paltar geyinirdi. Musa Yəqubun övladlarının taleyini düşünürdü. Çünki, onlar böyük bir millətə çevrilmişdilər. Amma, qorxaq, xar və zəlil idilər. Yəqubun övladları firondan qorxurdular. Onlar xilaskar bir insanı gözləyirdilər. Yalnız gözləyirdilər. Musa sakit qalmadı. O, məzlumlar üçün bir iş görməyə çalışırdı. Ona görə də sakitcə saraydan çıxıb şəhərə gedir və fasidlərin qarşısında müqavimət göstərirdi. Hər dəfə şəhərə gedəndə əlində qamçı tutmuş qibtlilərdən birinin hər hansı bir bəhanə ilə və ya səbəbsiz olaraq Bəni İsraildən hansısa məzlum bir kişinin canına düşdüyünü müşahidə edirdi. Ona görə də məzlumun köməyinə tələsir və öz möhkəm zərbələrini zalıma endirirdi. Onlar Musanın möhkəm zərbələrinə tab gətirməyib, qaçmağa məcbur olurdular. Bir gün Musa saraydan çıxdı. Saray Mumfis şəhərinin şimalında yerləşirdi. O, günorta vaxtı şəhərə daxil oldu. Camaat evlərinə qayıtmışdılar və şəhər sakit vəziyyətdə idi. Küçələrdə demək olar ki, get-gəl yox idi. Musa gördü ki, biri qibti və biri isə Bəni İsraildən olan iki kişi biri-biriləri ilə dalaşırlar. Qibti kişi əlində qamçı ilə Bəni İsrailli kişinin canına düşüb. Bəni İsrailli isə kömək istəyir. Musa məzlumun köməyinə tələsdi. O, çox güclü bir cavan idi. Allah-təala ona yüksək cismi güc əta etmişdi. Musa qibti kişiyə etiraz edib, onu ayırdı. Amma, qibti kişi hələ də onu döymək istəyirdi. Musa ona möhkəm bir zərbə vurmağa məcbur oldu. Zərbədən sonra kişi yerə yıxılıb, dünyadan getdi. Musa anladı ki, böyük səhvə yol verib. Çünki, onun etdiyi iş düzgün deyildi. Musanın ilahi fikirlərinə görə fironun ona acığı tutmuşdu. Ona görə də onun hərəkətlərinə nəzarət etmək üçün casuslar ayırmışdı. Qibti kişinin öldürülməsi fironun Bəni İsraildən intiqam alması üçün yaxşı bəhanə idi. Çünki, firon qibtlilərin kin və düşmənçiliklərini dərk edir, onları Bəni İsrailə qarşı qaldırırdı. Orada nə baş verdiyini heç kim bilmirdi. Ona görə də Musa insanların gözündən gizləndi. Fironun məmurları isə qatili axtarırdılar. Musa saraya qayıtdı. O, fironun qəzəbindən qorxurdu. Ona görə də həmin gecəni şəhərdə keçirdi və heç fikirləşmədiyi bir hadisə baş verdi. Musa gördü ki, həmin Bəni İsrailli kişi başqa bir qibti kişi ilə dalaşır. Bəni İsrailli kişi yenidən Musadan kömək istədi. Musa qabaqkı gün baş verən hadisədən nigaran idi. Bütün bunlarla belə o məzlumun köməyinə tələsdi. Onların yanına gəldi və Bəni İsrailliyə üzünü tutub dedi: -Həqiqətən də sən macəra axtaran, qalmaqallı və yolunu azmış bir insansan. Sən hər gün biri ilə dalaşırsan. Bu iş düzgün deyil. Bəni İsrailli kişi elə bildi ki, Musa ona hücum etmək istəyir. Ona görə də qışqırdı: -Ey Musa! Dünən birini öldürdüyün kimi indi məni də öldürmək istəyirsən? Sən yalnız zalım bir insan olmaq istəyirsən. Sənin xeyir niyyətin yoxdur. Camaat bu sözü eşidəndə bildilər ki, qatil Musa olmuşdur və casuslar qaça-qaça özlərini firona çatdırıb, onu məsələdən xəbərdar etdilər. Firon öz sarayında dövlət üzvləri ilə plan qururdu. O fikirləşirdi ki, Musa həmin vəd olunmuş insandır. Ona görə də öz təhlükəli fikir və düşüncələrini yaymaqdan əl çəkmir. Hələ casuslar ona xəbər verməmişdən qabaq firon bilirdi ki, qibti kişini Musa öldürmüşdür. Ona görə də nəyin bahasına olursa olsun Musanı öldürmək qərarına gəldi. Saraylardan birındə fitrətən pak olan qibti bir kişi var idi. O, yaxşı sifətlərinə, əxlaqi keyfiyyətlərinə, zəiflərə qarşı xeyirxahlığına və igidliyinə görə Musanı çox sevirdi. O kişi tez Musanı axtarmağa başladı. Şəhərə girdi və Musanın barəsində sorğu-sual etdi. Nəhayət onu tapdı. Onu məsələdən xəbərdar edərək dedi: -Ey Musa! Bunlar səni öldürmək üçün məşvərət edirlər. Tez şəhərdən çıx. Mən sənin xeyrini istəyirəm. Bura fikirləşmək və yubanmaq yeri deyildir. Zalım firon Musanı öldürməkdən qorxmurdu. Ona görə də cəld qərara gəldi ki, nə qədər ki, gec deyil, tez Misirdən mühacirət etsin. Musa Nil çayını keçmək və sağ sahilə çatmaq üçün qayığa mindi. Oradan şərqə tərəf yollandı və Süveyş körfəzinə getdi. Musa Mədyən torpaqlarına getmək istəyirdi. O, göyə bir nəzər saldı və hörmətlə dedi: «Ümidvaram ki, Allahım məni doğru yola hidayət edəcəkdir». Fironun məmurları hər yerdə Musanı axtarırdılar. Musa Qırmızı dənizin kənarındakı və Nil deltasındakı səhralardan və dağların cığırları ilə gedirdi. Sinay düzənliyində göz işlədikcə qumluqlar uzanırdı. Musa Qırmızı dənizin kənarındakı dağların cığırında yalqız qalmışdı. Otuz gün keçdi. Musa eləcə Sinay səhrasında quru ot, susuz və dəhşətli yolları keçirdi. Onlarla kilometr piyada yol getdiyi üçün ayaqları şişmişdi. Bu yol boyunda onun yeməyi yalnız yolun üsündə bitən çöl otları idi. Musa Mədyən torpaqlarına çatdıqda günün batmasına az qalırdı. Mədyən torpaqları fironların nüfuzundan kənar idi. Ora Şərq tərəfdən yolun ortasında, Hicaz və Misrin arasında, Əqəbə (Akaba) körfəzi sahillərinin yaxınlığında yerləşirdi. Musa geniş torpaqlara çatdı. Kiçik bir tikanlı ağacın kölgə saldığı daş parçasının yanında oturdu. O, ağır səfərdən sonra çox yorulmuşdu. Günəşin batmasına az qalırdı. Musa çobanların suya tərəf sürdükləri qoyun sürülərini gördü. Bənövşəyi və narıncı rəngli dalğalar qərb üfüqlərini rəngə boyamışdı. Musa əsrarəngiz təbiət haqqında düşünür və ürəyində qəribə bir təzim halının yarandığını hiss edirdi. Bütün əzab-əziyyətlərini unutmuşdu. Ruhu sonsuz varlığın bütün zərrələri ilə birgə əriyirdi. Bir aylıq səfər onu başqa bir insana çevirmişdi. Ürəyi böyük həqiqətlər üçün çiçəklənirdi. Musa oranın yeganə su çalasına tərəf enən qoyunların səsinə qulaq asırdı. Su götürmək üçün bir-birlərini geriyə itələyən çobanların səsi fəzada yayılırdı. Musa orada məzlumların yeni bir mənzərəsini müşahidə etdi. O gördü ki, həmin səhnədə, suyu əlinə birinci götürən qüdrətli şəxsdir. Zəif isə gərək gözləsin, gözləməyin çətinliyinə və səbir etməyin acılığına tab gətirsin. Çobanlar gəlib, öz qoyunları üçün su ilə dolu hovuzlar düzəltdilər. Bu zaman qoyunlarını gözləyən iki qız da peyda oldu. Onlar çobanların öz qoyunları üçün su verib, qurtarmalarını gözləyirdilər. Musa adəti üzrə o iki nəfərin köməyinə tələsdi. Öz şişmiş ayaqlarının ağrısını unutdu. Musa o iki qıza tərəf getdi və hörmətlə onlara dedi: -Niyə qoyunlarınıza su vermirsiniz? Onlar dedilər: -Çobanlar oradan çıxmayınca biz qoyunlarımıza su vermərik. Bizim bir qoca atamız var. O, bu işləri görməyi bacarmır. Bütün yorğunluğu, əzab-əziyyətləri və güclü aclığı ilə belə, qeyrət və igidliyi Musanın ürəyində böyük qüdrət yaratdı. Vedrəni əlinə götürdü. Onu quyunun dərinliklərinə atdı. Çobanlar durub ona tamaşa edirdilər. Onlar güclü qolları olan bu qərib kişiyə baxırdılar. Musa hovuzu su ilə doldurdu. O iki qız öz qoyun sürülərini hovuza yaxınlaşdırdılar. Musa ona su tökür, qoyunlarsa içirdilər. Qızlar sevindilər və o gün evə tez qayıtdılar. Onların qoca və yaşlaşmış ataları Şüeyb peyğəmbər idi. Şüeyb peyğəmbər gündəlik adətlərinin əksinə olaraq onların evə tez gəldiklərini gördükdə təəccüblə soruşdu: -Nə hadisə baş verib? Qızlarının biri ona dedi: -Çox pak və qərib bir cavan bizim yanımıza gəldi. Onun bizə yazığı gəldi və çaladan bizim üçün su çəkdi. O birisi dedi: -Atacan! O, yorğun və ac görünürdü. Atası dedi: -Qızım, ona deyin ki, bura gəlsin. Mən onun muzd və mükafatını verərəm. Musa öz yerinə qayıtmışdı. O, aclıq hiss edirdi. Qarnı boş idi. Göyə baxır və Allaha ərz edirdi: -İlahi! Mənə göndərəcəyin xeyir və yaxşılığa ehtiyacım vardır. Musa aclıq əziyyətindən xilas olmaq üçün bir xurma dənəsi istəmişdi. Allah-təala onun duasını qəbul etdi. Şüeybin həyalı və iffətli qızı onun yanına gəldi. Yaxınlaşdı və ədəblə dedi: -Atam səni çağırır. O, qoyunlarımız üçün su çəkməyinin mükafatını vermək istəyir. Musa qalxdı və o böyük insanın dəvətinə müsbət cavab verdi. Musa yemək süfrəsində oturan zaman Allahın nemətlərinə və duasının qəbul olmağından ötrü şükr etdi. O, Misirdə baş verən zülmün sərgüzəştini, məzlumların firon hökuməti tərəfindən çəkdikləri əzab-əziyyət barəsində onun üçün söhbət etdi. Şüeyb qonağına təskinlik verərək dedi: -Əsla qorxma! Artıq zalımların caynağından qurtarmısan. Bu torpaqlar fironların hökuməti altında deyil. ƏMANƏTDAR VƏ QÜVVƏTLİ İNSAN Şüeyb qonağını sevdi. Musa hər bir işdə həmişə Allahı yad edirdi. Şüeyb Allahı çox sevirdi. Ona görə də Allaha iman gətirənləri də sevirdi. O, Musanın Yəqubun övladlarından, İbrahim (ə) Xəlilin nəvələrindən olduğunu bildikdə ona məhəbbəti daha da artdı. O, Musanı əmanətdarlığına görə sevirdi və ailəsində belə bir söhbət ortalığa çıxanda bu mətləb onun üçün aydın oldu. Qızı dedi: -Atacan! Onu işə götür. Çünki, işə götürəcəyin ən yaxşı insan odur ki, qüvvətli və əmanətdar olsun. Şüeyb ondan soruşdu: -Biz onun qüvvəsinə bələdik. Amma, əmanətdarlığını haradan bildin? Qızı dedi: -Mən onu evimizə dəvət edəndə başını aşağı salmışdı və mənə baxmırdı. Mənə dedi: «Mənim arxamca gəl və mənə yol göstər». Musa oturub, söhbət edən vaxt Şüeyb qızının yanında ona dedi: -Ey Musa! Mən qızlarımın birinin səninlə ailə qurmasını istəyirəm. Musa utandığından dinmədi. Çünki, o, çox kasıb idi və heç bir şeyi yox idi. Şüeyb ona dedi: -Bu şərtlə ki, səkkiz il bizim qoyunlarımızı otarasan və əgər onu on il qədər artırsan, mənə məhəbbət etmisən. Mən sənə əziyyət vermək istəmirəm. Amma, görəcəksən ki, sənin haqqını ödəyərəm. Musa ədəblə dedi: -Eybi yoxdur. Bu müqavilə bizim aramızda qalsın. Bu iki müddətin hansını yerinə yetirsəm, mənə bir zülm gəlməyəcək və Allah bizim dediklərimizə şahiddir. Musa Mədyən torpaqlarında evləndi və orada yaşadı. Amma, Misri və oranın məzlum insanlarını unutmurdu. Hər halda o, səy və ixlasla öz işinə məşğul idi. Qoyunları otlamaq üçün yaşıllıqlara, təpələrə və dərələrə aparır, axşam isə geri qaytarırdı. Musa heç vaxt başqa çobanlara əziyyət vermirdi. O, qoyunlarını otarmaq üçün yaxşı otlaqlar seçir və sonra fikrə qərq olurdu. Fikirləşirdi. O, çox şeylər öyrəndi. Bildi ki, necə ağaclardan qoyunlar üçün yarpaq tökmək və onları otlaqlara aparmaq olar. O, qoyunlarını canavarların təhlükəsindən qoruyurdu. Qoyunlar nə etmək lazım olduğunu bilmirdi. Onlar yalnız çobanın çomağına tabe idilər. Onlar əsaya baxdıqda təhlükəsizlik hiss edir və sakitcə otlamaqla məşğul olurdular. Otlaqlarda və çəmənliklərdə yaşamaq nə qədər gözəldir! Musanın vücudu Sübhan Allahın əzəmət və cəlalı ilə dolmuşdu. Hər gün günəş doğurdu. O, səmadan keçərək üfüqdə gözəl rənglər çəkir və sonra qərbə doğru gedirdi. Musanın qəlbi Allah məhəbbəti ilə dolmuşdu. Ona görə də fironu kiçik və dəyərsiz sayırdı. Öz-özünə deyirdi: «Zəif bir insan necə Allahlıq iddiası edə bilər?!» Zəif camaat Misirdə fironun qüdrətindən qorxurdular və ona görə də ona ibadət edirdilər. Beləliklə, illər keçdi. Musa on il Mədyəndə yaşadı. O, qırx yaşına çatdı. Həyat təcrübəsi artmışdı. Heç kəs bilmirdi ki, Musa bu illər ərzində Məkkəyə, yoxsa başqa bir yerə getmişdir. Şüeyb peyğəmbər onu qoyunlarını otarmaq üçün qəbul etdikdə demişdi: «Bu şərtlə ki, səkkiz həcc mənim üçün işləyəsən». Bu sözün mənası odur ki, o zaman həcc məşhur olmuşdur və Şüeyb Allah evinin ziyarətini yerinə yetirirmiş. Musa qırx yaşına çatdıqda Şüeybə verdiyi vədinə əməl etdi və ikinci müddəti də sona çatdırdı. Yəni qoyunları on il otardı. Musa Misrə qayıtmaq istəyirdi. O, hiss edirdi ki, yerinə yetirməsi vacib olan bir vəzifəsi vardır. Bir qış gecəsində Mədyən şəhərinin əhalisi qızışmaq üçün öz ocaqlarının ətrafında oturduqları zaman Musa Şüeybə dedi: -Bizim aramızdakı müqavilənin müddəti sona çatmışdır. Mən gərək Misrə qayıdam. -Allahdan istəyirəm ki, səni fironun təhlükəsindən qorusun. Allah sənə kömək edəcəkdir. Çünki, sən haqq yoldasan və nə qədər ki, haqq yoldasan haqq sənə yardımçı olacaqdır. Hava işıqlananda Musa Mədyən torpaqlarını tərk edib, Misrə getmək üçün qoyunlarını bayıra çıxardı. Bütün bu illərdə Musa Misri və onun məzlum insanlarını yaddan çıxarmamışdı. O, onların zülm, cəhalət və nadanlıqdan xilas olmaları barədə fikirləşirdi. Çünki, onlar İbrahimin (ə), Yəqubun və Yusifin dinini unutmuşdular. Onlar yaddan çıxarmışlar ki, aləmlərin Rəbbi yalnız Allahdır və firon zəif insandan başqa bir şey deyildir. İnsan Allahı unutduqda hər şeydən qorxur. Amma, Allaha iman gətirdikdə ondan başqa heç kəsdən qorxmur. Bu vaxt şücaətli, igid və azad bir insana çevrilir və zalımlar ondan qorxurlar. |