İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Tarix » Əli əleyihissalam kimdir?

    Əli əleyihissalam kimdir?
    2012-07-16, 4:01 AM



    HƏKƏMİYYƏ VƏ ONUN NƏTİCƏLƏRİ
    Əbu-Musa və Əmr As həkəmiyyət üçün seçildikdən sonra Mədinə və Şam arasındakı bir qala görüş yeri seçildi. Nümayəndələri hər tərəfdən dörd yüz süvari müşayiət edirdi. Hakimlər bu adamların hüzurunda öz rə’ylərini bildirməli idilər.
    Əmr As öz süvariləri ilə görüş yerinə üz tutub Əbu-Musadan bir neçə gün qabaq oraya çatdı. Həzrət Əli (ə) Əbu-Musa ilə gedən dörd yüz nəfərə Şərih ibn Harini sərkərdə tə’yin etdi. Abdullah ibn Abbas isə bu dəstənin cəmiyyət imamı kimi onlara qatıldı. Səfərə çıxmazdan qabaq Müaviyə Əmir Asa dedi: «Bilirsən ki, mən və Şam qoşunu səni həvəslə bu işə seçmişik. Əbu Musanın nümayəndəliyini isə zorla qəbul etdiriblər. İndi görək nə edəcəksən.»
    Abdullah ibn Abbas Əbu-Musaya dedi: «Sən ərəblərin ən böyük hiyləgəri ilə üz-üzə gələcəksən. Məkrdə ərəblər arasında onun misli yoxdur. Özünü gözlə, çalış ona aldanmayasan. Bilirsən ki, həzrət Əli (ə) bütün əxlaqi və mə’nəvi dəyərlərə malikdir və xəlifəliyə ondan ləyaqətlisi yoxdur. Müaviyə isə zülm və azğınlıq yolunu tutmuşdur.»
    Əmr Asa Əbu-Musanın gəlişi xəbər verildikdə onun qarşısına çıxdı, yaltaqcasına nəvaziş göstərərək ilk görüşdəcə rəqibinin ağlını oğurladı. Əmr Asın hörmət və ehtiramını görən Əbu-Musa özünü itirdi və bütünlüklə Əmrin ixtiyarına keçdi. Vəziyyəti yaxından izləyən İbn-Abbas Əbu-Musaya xəbər göndərdi ki, Əmr Asın təvazö və sadəliyinə aldanmasın. İraq nümayəndəsinin nəzərinə çatdırdı ki, Əmr As ondan daha möhkəm ictimai mövqelərə malikdir və göstərdiyi təvazö yalnız öz əqidəsin qəbul etdirmək məqsədi daşıyır.
    İbn-Abbasın sifarişini Əbu-Musaya Ədi ibn Hatəm çatdırdı. Amma özünü ixtiyar sahibi hesab edən Əbu-Musa belə dedi: «Sizin bu mühüm işə qatılmağınızı istəmirəm. Bütün müsəlmanlar tərəfindən bu iş üçün seçilmişəmsə, mənə nəsihət verməyin. Sonra Əmr Asa dedi: «Bundan sonra söhbətlərimiz məhrəmanə və məxfi olsun ki, kimsə bu söhbətlərdən xəbər tutmasın». Özü belə bir təklif vermək istəyində olan Əmr As fürsəti fövtə verməyib dərhal bir guşədə çadır qurdurdu. Hətta çadırın ətrafında arx çəkildi ki, kimsə çadıra yaxınlaşa bilməsin. Beləcə Əbu-Musa Əmr Asla ikilikdə müzakirələrə başladı.
    Əmr As Əbu-Musanı böyük hörmətlə qarşıladı və onu tovlamaq üçün bütün hazırlıqları gördü. Nəhayət, iki nümayəndə arasında müzakirələr başladı.
    Əmr As Əbu-Musaya dedi: «Osmanın məzlumcasına öldürülməsinə heç bir şəkk yoxdur. Sən özün də Osmanın tərəfdarlarındansan». Əbu-Musa dedi: «Osman öldürülən zaman mən Mədinədə olmamışam. Yoxsa ona əlimdən gələn köməyi edərdim». Əmr dedi: «İndi Müaviyə Osmanın qanını almaq üçün ayağa qalxıb və xəlifəlikdə tamahı yoxdur. Sən də ona kömək etsən Osmanın qanı alınar. Əgər Müaviyəni xilafət kürsüsünə oturtsaq, özü də Qüreyş ailəsindən olan bu tədbirli kişi müsəlmanların xeyrinə iş görər».
    Əbu-Musa bir qədər tərəddüdlə soruşdu: «Müaviyə şərafətli ailədəndir, yoxsa Əli? Müaviyənin hansı şərafəti var ki, Əli həmin şərafətdən məhrum olsun? Bizim mühakimələrimiz bütün müsəlmanlara bağlıdır və bu sadəliklə qərar çıxarmaq olmaz. Mən elə güman edirəm ki, Abdullah ibn Ömər xəlifəlik üçün daha layiqlidir. Çünki bu vaxtadək fitnə yaratmayıb, həm də nəfsi təmiz, xoşəxlaq adamdır».
    Əmr dedi: «Xəlifəlik məqamı hər adamın yeri deyil. Müsəlmanların xəlifəsi cür’ətli, tədbirli və uzaqgörən olmalıdır. Abdullahda belə sifətlər yoxdur». Əbu-Musa dedi: «Sən israr edirsən ki, hökmən Müaviyə xəlifə olsun. Mən isə onun xəlifəliyinə razı deyiləm».
    Əmr As Əbu-Musanın müxalif olduğunu görüb başqa bir hiylə işlətmək qərarına gəldi. Əbu-Musanın əlindən tutub çadırdan bayıra çıxardı və dedi: «Başqa bir təklif edirəm və düşünürəm ki, bu təkliflə müxalif olmayacaqsan». Əbu-Musa dedi: «Məqsədin nədir?» Əmr As dedi: «Bir halda ki, sən Müaviyənin, mən isə Əli ilə Abdullah ibn Ömərin xəlifəliyinə ziddik, onda həm Əlini (ə), həm də Müaviyəni uzaqlaşdırıb, xəlifə seçimini müsəlmanların şurasına tapşıraq. Qoy onlar xəlifəni seçsin, biz isə məs’uliyyətdən azad olaq».
    Əbu-Musa Əmrin təklifi ilə razılaşdı və bu məsələ ilə bağlı öz mövqeyini e’lan etdi. Əmr As öz məqsədinə tez çatmaq üçün dedi: «Ey Peyğəmbərin (s) ən girami səhabəsi, bizim üçün tə’yin olunmuş vaxt başa çatmaqdadır. Yaxşı olar ki, fürsəti fövtə verməyib, öz rə’yimizi müsəlmanlara açıqlayaq».
    Əbu-Musa növbəti dəfə Əmrin hiyləsinə uyub səhəri gün bu işin görülməsinə razılıq verdi. Artıq məqsədinə çatmış Əmr As Əbu-Musanı gözdən qaçırmayıb, onun səhabələrlə görüşünün qarşısını almaq istəyirdi.
    Nəhayət, nəzərdə tutulmuş vaxt çatdı, Əbu-Musa və Əmr As xalqın qarşısına çıxdı. Əmr As növbəti dəfə hiyləyə əl ataraq Əbu-Musanın ağlını oğurladı və onu ilk sözü deməyə vadar etdi. İbn-Abbas Əbu-Musaya birinci danışmamağı tapşırsa da, Kufə nümayəndəsi verilən tövsiyələrə əhəmiyyət vermədən xalqa xitabən dedi: «Ey camaat, kimsəyə gizli deyil ki, Siffeyn döyüşü neçə minlərlə insanın həyatına son qoydu, körpələr atasız, qadınlar dul qaldılar. Bu savaşın səbəbkarı xəlifəlik iddiasında olan Əli və Müaviyə olmuşdur. Məsələ hakimlərin ixtiyarına verilməsəydi, hələ də qardaş qırğını davam edirdi. Müsəlmanların asayişdə yaşaması üçün Əmr Asla razılaşmışıq ki, bu iki nəfəri xilafətdən uzaqlaşdıraq və müsəlmanların şurasını təşkil edib ləyaqətli bir adamı xəlifə seçək. Mən İraq və Hicaz müsəlmanları tərəfindən səlahiyyətimdən istifadə edib, Əlini xəlifəlikdən kənarlaşdırıram».
    Əbu-Musanın bu sözlərindən sonra ətrafda tərəfdarların hay-küyü qalxdı. Amma Əmr As fürsəti əldən vermədi, Əbu-Musadan sonra sözə başlayıb, qardaş qırğınını pislədi və belə əlavə etdi: «Bu fitnə Əli və Müaviyə arasındakı ixtilafdan yarandığı üçün mən də Əbu-Musanın fikri ilə razılaşıb Əlinin xəlifəlikdən uzaqlaşdırılmasına səs verirəm. Əvəzində isə daha layiqli olduğu üçün Müaviyəni xəlifə seçirəm. Müaviyə bu məqama layiqdir və Osmanın qatillərini cəzalandırmaq onun öhdəsinə düşür». Əmr As sözünü başa çatdırdıqdan sonra ətrafdakı həyəcan daha da şiddətləndi. Əmrin hərəkəti ən çox Əbu-Musanı qəzəbləndirmişdi. O, Əmr Asa dedi: «Ey günahkar hiyləgər, sən Qur’anda haqqında danışılan it kimisən. O iti qamçılasan da, azad buraxsan da hürür». Əmr As gülümsündü və dedi: «Sən isə bir qucaq kitab yüklənmiş uzunqulağın tayısan». Əslində Əmr Asın dediyi sözlər həqiqət idi. Bu hadisədən sonra Əbu-Musanı «Himar (uzunqulaq) Əş’əri» çağırmağa başladılar. Bu şəxs sonradan anladı ki, həzrət Əlinin (ə) onun haqqındakı rə’yi düzgün imiş.
    Əbu-Musa həzrət Əli və onun tərəfdarlarının qorxusundan Məkkəyə qaçdı. Əmr As isə Müaviyə ilə görüşə tələsib, üz-üzə gəldikdə onu xəlifə kimi salamladı. Həkəmiyyət Müaviyənin bildirdiyi kimi, Əmr Asın oyunlarından biri idi. Döyüşün taleyinin mühakiməyə tapşırılması həzrət Əliyə (ə) zorla qəbul etdirilmişdi. Amma hakimlər onlara tapşırılmış öhdəçilikləri yerinə yetirmədiyindən onun səhabələri yenidən ayağa qalxdılar. Əvvəla, Qur’an ayələrində bu savaşın taleyini həll edəcək göstərişlər yox idi. İkincisi, Təlhə ilə Zübeyrdən başqa kimsə həzrət Əli (ə) ilə bey’ətini sındırmamışdı. Üçüncüsü, Əmr As və Əbu-Musa mövcud ixtilafı Qur’an əsasında həll etməli idilər. Həzrət Əli (ə) mühakimədən qabaq Müaviyəyə yazmışdı ki, mən sənin sözlərini qəbul etməsəm də, Qur’an hökmünü qəbul edirəm. Hansı ki, hakimlər Qur’ana müraciət etməmiş, yalnız Əmr Asın fikirləri Əbu-Musaya təlqin olunmuşdu. Dördüncüsü, bu iki şəxs öz səlahiyyətlərini aşmışdılar. Onlara xəlifələri işdən kənarlaşdırmaq səlahiyyəti verilməmişdi.
    Bütün bunlardan əlavə, hakimlər hər iki xəlifəni işdən kənarlaşdırıb, xəlifə seçimini şuraya tapşırmağa razılaşmışdılar. Hansı ki, Əmr As bu şərti pozub başqa cür hərəkət etdi. O, Müaviyəni xəlifəlikdən kənarlaşdırmaq əvəzinə, onun xəlifəliyini təsdiqlədi. Onun bu rəftarından aydın görünür ki, Əbu-Musa ilə kəsilmiş şərti pozmuşdu. Bütün bu səbəblərdən həzrət Əli (ə) və onun tərafdarları mühakimənin nəticələrinə e’tiraz etdilər və iş yenidən əvvəlki vəziyyətinə qayıtdı, son sözü qılınclar deməli oldu.
    Həkəmiyyət nəticəsində həzrət Əlinin (ə) qoşununda pərakəndəlik gücləndi və on iki min nəfərdən ibarət olan xarici məzhəblər ortaya çıxdı. Onlar nəinki həzrət Əliyə kömək etmədilər, hətta ona mane olmağa başladılar. Həzrət Əli (ə) nəticədə Nəhrəvanda bu dəstə ilə döyüşməyə məcbur oldu.

    NƏHRƏVAN DÖYÜŞÜ
    Həzrət Əli (ə) hicri 38-ci il, səfər ayının axırlarında Siffeyndən Kufəyə qayıtdıqdan sonra şəhadət gününədək, yə’ni iki ildən artıq bir müddətdə şərhi mümkünsüz bir pərişanlıq halında oldu. Dörd bir yandan hücum çəkən ardıcıl uğursuzluqlar onun böyük ruhunu və qəlbini incitmişdi.
    Həzrəti incidən Müaviyə və Əmr Asın alçaqlıq və hiyləgərliyi yox, öz qoşununun və tərəfdarlarının vəfasızlığı və axmaqlığı idi. Həzrət bu barədə buyururdu:Biganə oxundan axmaz göz yaşım,
    Aşinalar yardı bağrımın başın.

    Kufəlilərin laqeydliyi həzrəti o qədər incitmişdi ki, hətta bir neçə dəfə ölüm arzulamışdı. Həqiqətən də, belə bir e’tibarsız və süst qövmün şərindən yalnız ölüm insanı xilas edə bilərdi. Həzrət öz xütbələrindən birində əshabını məzəmmət edərək buyurur: «And olsun Allaha, əgər sorağıma ölüm gəlsə və əlbəttə ki, gələcək, aramıza ayrılıq saldığı vaxt görəcəksiniz ki, sizinlə ünsiyyətdən ikrah duyuram».
    Siffeyndə Qur’anlar nizələrin başına taxıldığı vaxt Əmr Asın həkəmiyyət barədəki təklifi İraq qoşununda böyük bir ixtilaf yaratdı. Həzrət Əlinin (ə) növbəti uğursuzluqlarının səbəbi məhz bu mühakimə hadisəsi də sayıla bilər.
    Xilafət məsələsində həzrət Əli (ə) ilə Müaviyə arasındakı ixtilaf həkəmiyyətə tapşırıldı, həzrət Əlinin (ə) əqidəsinin ziddinə olaraq onun tərəfindən Əbu-Musa Əş’əri nümayəndə seçildi. Amma sülh müqaviləsindən sonra həzrətin qoşunundan olan bə’zi adamlar «Bəs ölənlərin qanı hara getdi» deyə sual verdilər. Onlar həzrətə e’tiraz edərək dedilər: «Biz Allahın hökmünü istədik, Əbu-Musa və Əmr Asın həkəmiyyətini yox». Hətta hər iki tərəfə qarşı çıxanlar da oldu.
    Bu adamlar elə düşünürdülər ki, həm Əlinin (ə), həm də Müaviyənin hakimiyyəti batildir və hökm yalnız Allaha məxsusdur. Bu əqidə kök ataraq Siffeyndən Kufəyə ayaq açdı və həzrətin on iki minə yaxın döyüşçüsü bu fikirlə onun qoşunundan ayrıldı. Onlar qoşunun qalan hissəsi ilə mübahisəyə başlayıb, bir-birlərini kafir adlandırdılar. Həzrətin qoşunundan ayrılan bu adamlar Əbdüllah ibn Vəhəbin başçılığı altında bir yerə toplandılar.
    Xəvaric (xaricilər) adlandırılan bu güruhun şüarı «Allahın hökmündən savay hökm yoxdur» buyuruğu idi. Bu adamlar zahirən abid və zahid idilər. Uzun səcdələr nəticəsində alınları qabarlamışdı. Amma onlar küfr həddinə çatmış axmaqlıqları səbəbindən nə edəcəklərini bilmirdilər. Həzrət Əli (ə) bu adamlar haqqında buyurmuşdu: «Bu adamlar həqiqəti batil zülmətində axtarırlar».
    Onlara anlatmaq olmurdu ki, onların özlərinə hakim seçdikləri Qur’an kağız və mürəkkəbdən ibarətdir. Bu kitabın hökmlərini yerinə yetirmək üçün hakimə ehtiyac olduğunu bu güruha başa salmaq qeyri-mümkün olmuşdu. İraq müsəlmanlarının əqidəsincə, belə bir adam «Natiqe-Qur’an» adlandırılan Əli ola bilərdi. Amma Müaviyə və tərəfdarları həzrətin hakimiyyəti ilə barışmadılar və nəticədə heç bir hakimlik səlahiyyəti olmayan Əmr As və Əbu-Musaya tale yüklü bir məsələnin həlli tapşırıldı.
    Həzrət Əli (ə) onların səhvlərini nəzərlərinə çatdırmaq üçün Abdullah ibn Abbası onların yanına göndərdi. Amma azğın firqə öz yanlış əqidəsindən əl çəkmədi. Onların ən mühüm iradı bu idi ki, həzrət Əli (ə) şamlılarla döyüşdüyü halda, nə üçün onların mülkünün qarət olunmasına icazə vermədi? Onların ikinci iradı həkəmiyyət məsələsinin Əbu-Musa və Əmr Asa tapşırılması idi. Həzrət Əlinin (ə) sülh müqaviləsinin «Əmirəl-mö’minin adı» ilə başlaması onların üçüncü iradı idi. Onlar deyirdilər ki, əgər Əli (ə) Əmirəl-mö’minin adı ilə başlamamışsa, demək özü öz xilafətinə əmin deyil. Onların iddiasına görə bu müharibədə həlak olanların qanı hədər getmişdi. Nəhayət, Həzrət Əli (ə) özü onların görüşünə getdi. Bu azğın firqəni nəsihət edərək buyurdu: «Mən də sizin kimi Qur’an hökmlərinin icrasını istəyirəm. Elə bu məqsədlə də Müaviyə ilə döyüşürdüm. Özünüz gördünüz ki, mən döyüşün dayandırılması və Əbu-Musanın hakim seçilməsi ilə müxalif idim. Amma sizin öz təzyiqlərinizlə döyüş başa çatdı və Əbu-Musa hakim seçildi. Biz yenə də əvvəlki mövqeyimizdə qalırıq və Şama növbəti həmlə qərarındayıq. Gəlin siz də bizə kömək edin».
    Xəvaric həzrətin cavabında dedi: «Biz də, sən də kafir olmuşuq. Biz tövbə etdik, sən isə əvvəlki halında qalmısan. Əgər sən də tövbə etsən, yenidən sənə qoşularıq».
    Azğın güruh hər şeyi pisləyirdi və bir Qur’an ayəsini şüar etmişdi: «Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər». ("Maidə" 44) Amma bu adamlar heç vəchlə qəbul etmək istəmirdilər ki, Allahdan nazil olan hökmləri həyata keçirəcək rəhbərə ehtiyac var və bu rəhbər Əlidir. Bu adamların islahından ümidini üzən Həzrət Əli (ə) onların köməyi olmadan Şama həmlə üçün hazırlaşmağa başladı. Bu arada bir sıra başqa hadisələr də baş verdi və bu hadisələr iraqlıların uğursuzluğu və həzrət Əlinin (ə) pərişanlığı ilə nəticələndi.
    Hakimlərin (həkəmiyyətin) rə’yindən razı qalan Müaviyə günbəgün öz mövqelərini möhkəmləndirirdi. O öz hakimiyyət dairəsini genişləndirir və iraqlılar arasındakı ixtilaflardan istifadə edərək həzrət Əlinin (ə) üstünə hücuma hazırlaşırdı.
    Müaviyə Zöhhak ibn Qeysə demişdi ki, dörd min döyüşçü ilə birlikdə İraq əyalətlərinə basqınlar edib, xalqı çalıb-çapsın, qarşısına keçəni qılıncdan keçirsin. Müaviyə bu basqınlarla iraqlıları daim qorxuda saxlamaq və onları hücum fikrindən daşındırmaq istəyirdi.
    Alçaq və qaniçən bir şəxs olan Zöhhak Müaviyənin tapşırıqlarını lazımınca yerinə yetirdi. O, İraq sərhəddinə çatıb, qətl-qarətə məşğul oldu. O, Əmr ibn Uməysi öldürüb, onun yoldaşlarının boynunu vurdu. Abdullah ibn Məs’udun qardaşı Əmrin öldürülməsi xəbəri həzrət Əliyə çatanda həzrət qəzəbindən titrədi, minbərə çıxıb, süstləşmiş Kufə əhlinə xitabən buyurdu: «Ey Kufə əhli, əgər Allah yolunda çalışırsınızsa, Əmr ibn Uməysə doğru tələsin. Sizin həmdinlərinizin bir dəstəsini öldürüb, bir dəstəsini yaralayıblar. Düşmənlə savaşa qalxın, biganələri öz torpaqlarınızdan çıxarın. (Xalqdan bir səs çıxmadığını görüb buyurdu). Ey süst, vəfasız qövm, kaş sizin səkkizinizin yerinə Müaviyənin bir əsgəri olaydı. And olsun Allaha, sizdən yaxamı qurtarmaq üçün Allahla görüşə hazıram. Mənə xəbər çatıb ki, Müaviyə Zöhhak ibn Qeysi bizim torpaqlara qətl-qarət üçün göndərib. O alçaq, qaniçən də sizin qardaşlarınızdan bir dəstəsini öldürüb, mal-mülkünü tarac edib. Hansı ki, siz evlərinizdə oturub, özünüzü müdafiə etmək üçün yerinizdən tərpənmirsiniz».
    Həzrət Əli (ə) Hucr ibn Ədini Zəhhakın üstünə göndərdi. Zəhhak kufəlilərin qabağında dayana bilməyib, on doqquz döyüşçüsünü itirdikdən sonra baş götürüb Şama qaçmağa başladı.
    Zəhhakdan sonra Bosr ibn Ərtat (Siffeyn döyüşündə Əmr Asın yolunu gedərək ayıb yerini açmaqla həzrət Əlinin (ə) qılıncından qurtaran alçaq) Müaviyənin göstərişi ilə Hicaz və Yəmənə yürüş edib, bir çox Əli şiələrini qətlə yetirdikdən sonra Şama qayıtdı. Həmin vaxt Übeydullah ibn Abbas həzrət Əli tərəfindən Yəmən valisi tə’yin olunmuşdu. Bosrun qarşısında tab gətirməyəcəyini görən Übeydullah Əmr ibn Ərakəni öz yerində qoyub Kufəyə gəldi. Yəmənə daxil olan Bosr qətl-qarətə başladı. O Əmr ibn Ərakəni, Übeydullahın iki körpə övladını qətlə yetirdi. Övladları gözü qarşısında qətlə yetirilən ana dəli oldu.
    Bosrun qətl-qarətindən xəbər tutan Əli kufəliləri məzəmmət edərək Harisə ibn Quddaməni on iki min döyüşçü ilə Bosrun üzərinə göndərdi. Harisənin gəlişindən xəbər tutan Bosr baş götürüb qaçdı.("Nasiut-təvarix" səh.643)
    Müaviyə növbəti dəfə Süfyan ibn Ovf adlı sərkərdəsini altı min şamlı ilə qarət üçün İraqa göndərdi. Süfyan Ənbar şəhərinə daxil oldu, şəhər hakimi Həssan ibn Həssanı qətlə yetirdi və xalqı çalıb-çapmağa başladı. Onun döyüşçüləri hətta qadınların zinət əşyalarını da qarət etməkdən çəkinmirdilər. Amma bütün bu qətl-qarətlərin, soyğunçuluqların səbəb kufəlilərin həzrət Əlinin göstərişlərinə laqeyd yanaşması idi. Uyğun hadisələrlə bağlı həzrət minbərə çıxıb buyurdu: «Mənə xəbər çatdı ki, Müaviyənin göstərişi ilə Ənbar şəhərində qətliam törədilmişdir. Şəhər hakimi öldürülmüş, süvarilər şəhərdən çıxarılmışdır. Onların döyüşçülərindən biri bir müsəlman və bir zimmə qadının evinə daxil olub onların zinət əşyalarını götürmüşdür. Düşmənlər Şama böyük qənimətlə qayıtmışlar. Əgər bir müsəlman kişi bunları eşitdikdə qəmdən ölərsə, məzəmmət edilməməlidir. Sizi yayda düşmənlərlə döyüşə çağırdığım vaxt dediniz ki, hava istidir, bizə möhlət ver. Sizi qışda döyüşə çağırdıqda dediniz ki, havalar soyuqdur bizə möhlət ver. Siz ki, bəhanələrlə istidən və soyuqdan qaçırsınız, and olsun Allaha, döyüş meydanında qılıncdan daha tez qaçacaqsınız. Ey namərd insanlar, ey uşaq ağlında olanlar. Kaş sizi görməyəydim və tanımayaydım. Sizi tanımağın nəticəsi peşimanlıq, qəm-qüssədir. Allah sizi öldürsün ki, qəzəbdən bağrımı yardınız, hər nəfəsdə qəm-qüssəni damla-damla boğazıma tökdünüz, öz itaətsizliyinizlə tədbirimi puça çıxardınız».("Nəhcül-Bəlağə" xütbə:27)
    Amma yuxarıda sadalanmış hadisələrlə iş başa çatmırdı. Aramsız üzücü hadisələr həzrəti bir an olsun belə rahat buraxmırdı. Bu hadisələrdən bə’zilərinə nəzər salaq:
    Həzrət Əlinin xilafətinin ilkin dövründə Qeys ibn Sə’d Misir hakimi tə’yin olundu. Siffeyn döyüşü zamanı Qeys qoşun bölmələrindən birinə komandan seçildiyi üçün onun yerinə Məhəmməd ibn Əbu-Bəkr göndərildi.
    Məhəmməd Misirdə valilik işlərinə məşğul olduğu vaxt Müaviyə həkəmiyyət məsələsini başa vurub Əmr Asa və’d etdiyi Misir haqqında götür-qoy etməyə başladı. Bu məqsədlə Misir üzərinə qoşun göndərildi, eyni zamanda Əmr As öz hiylələri ilə Misir xalqını Məhəmmədə qarşı qaldırmağa başladı.
    Müaviyə qarşısında uğursuzluğa düçar olan Məhəmməd vəziyyət barədə həzrət Əliyə (ə) mə’lumat verib, kömək istədi. Həzrət Əli (ə) Cəzirə əyalətində olan Malik Əştəri Misirə göndərib, Məhəmmədi geri çağırdı. Çünki Misirdə Müaviyə və Əmr Asın hiylələrinə qılıncla cavab verəcək adam lazım idi.
    Malik Əştər hicri 38-ci il zil-qə’də ayında Kufədən çıxdı və Misirə üz tutdu. Əli (ə) sayaq qərib və fəqirlərə dərin məhəbbət göstərən Malik Əştər yolda rastlaşdığı bir adamdan kimliyini və haraya getdiyini soruşdu. Həmin şəxs dedi: «Adım Nafedir. Mədinədə Ömər ibn Xəttabın qulamı idim. İndi azadam. Mədinədə vəziyyətim yaxşı olmadığından Misirə getmək qərarına gəlmişəm. Olsun ki, Misirdə bir iş tapam». (Əslində Nafe Ömərin yox, Osmanın qulamı olmuşdu).
    Malik dedi: «Əgər istəsən, mənimlə qala bilərsən. Mən sənin geyimini və yeməyini tə’min edərəm». Nafe dedi: «Necə də böyük səadət! Əlbəttə ki, mən sizinlə qalıram». Malik bu şəxsi özü ilə götürdü.
    Bir qədər getdikdən sonra Misirdən üç günlük məsafədə yerləşmiş Qəlzəm şəhərinə çatdılar. Gecəni orada qalıb səhəri gün yola düşdükləri vaxt Nafe baldan düzəldilmiş şərbətə bir qədər zəhər qatıb Malikə verdi. Ötən bir neçə gün ərzində bu qulamın canıyananlığını görən Malik şərbəti ondan alıb içdi. Bir neçə saat yol getdikdən sonra Malikin əhvalı dəyişməyə başladı. Nəhayət, onun vəziyyəti ağırlaşdı və yerə yıxıldı. Döyüşçülər Maliki əhatəyə alıb ona kömək etməyə çalışsalar da, artıq zəhər öz tə’sirini göstərmişdi. Malikin yoldaşları onun Nafe tərəfindən zəhərləndiyini bilsələr də, alçaq qulamı tapa bilmədilər. Az sonra Malik gözlərini dünyaya əbədi qapadı. Malikin dəstəsi onun cənazəsi ilə birlikdə geriyə döndü.
    Nafe zəhərli şərbəti Malikə içirdikdən sonra Müaviyənin yanına gəldi. Onun gətirdiyi xəbər Müaviyəni çox sevindirdi. Şamlılara müjdə verdi ki, artıq Əlinin hücumları həyata keçməyəcək. Həzrət Əli (ə) çox möhkəm bir arxasını itirmişdi. Müaviyə Nafeyə nəvaziş göstərdi və Malikin qılıncından yaralar görmüş şamlılara şadlanmaq icazəsi verdi. Malikin ölüm xəbər həzrət Əlini ağır üzüntüyə saldı. Həzrət ağlayaraq buyurdu: «Malikin ölümü böyük faciədir. Onun oxşarını bir daha tapmayacağıq. Malik nə’rəsi düşmənlərin qəlbini titrədən bir şir idi. Malik kim idi? Əgər o dağ idisə, elə bir dağ idi ki, ona dırmanan zirvəsinə ayaq qoya bilməz, nə də bir quş yüksəkliyinə pərvaz edə bilməz. And olsun Allaha, Malikin şəhadəti Şam əhlini ucaltdı və İraq əhlini xar etdi. Bundan sonra Malik kimisini görməyəcəyik».("Naisut-təvarix" səh.521)
    Həzrət Əli (ə) Misir hökumətini yenidən Məhəmməd ibn Əbu-Bəkrə tapşırdı. Onu Malikin şəhadətindən xəbərdar etdi. Amma Müaviyə və Əmr As öz hiylələrindən əl çəkməmişdilər. Onlar öz məktubları ilə Məhəmmədi hədələyir, həm də onu yalan və’dlərlə şirnikdirirdilər. Məhəmməd hər dəfə onlara mənfi cavab verirdi. Məhəmməd ibn Əbu-Bəkrin fədakarlığı və sədaqətinə heç bir şübhə ola bilməzdi. Məhəmmədi yoldan çıxara bilməyəcəyini anlayan Müaviyə başqa tədbirlər görməyə başladı. Əmr Asın hiylələri nəticəsində Misir xalqı Məhəmmədə qarşı qiyam qaldırdı.
    Məhəmməd Misirdə yaranmış vəziyyət haqqında həzrət Əliyə mə’lumat verdi. Həzrət Əli (ə) Məhəmmədə yazdığı məktubu Kufə məscidində camaata oxuyub, növbəti dəfə onları süstlükdə və laqeydlikdə məzəmmət etdi. Həzrət baş vermiş bütün uğursuzluqların səbəbi kimi Kufə xalqının süstlüyünü göstərirdi. Bu çıxışından sonra həzrət on iki min döyüşçünü Malik ibn Kə’bin komandanlığı altında Məhəmmədə köməyə göndərdi. Amma Kufədən gedən kömək Misirə çatanadək Məhəmməd öz azsaylı tərəfdarları ilə Şamdan gəlmiş Müaviyə ibn Xədic və onun dəstəsi ilə vuruşdu və nəhayətdə məğlub olub şəhadət dərəcəsinə çatdı.
    Həzrət Əli (ə) hələ də Malik Əştərin şəhadəti üçün əza saxlayırdı. Bu vaxt Misirin süqutu və Məhəmmədin şəhadəti haqqında xəbər gəldi. Bu xəbər həzrəti daha da üzdü və o ağlayaraq buyurdu: «Malik və Məhəmmədin şəhadətindən yaranmış üzüntümüz Şam əhlinin bu hadisələrə sevincindən çoxdur».
    Bəli, üzüntülü hadisələr bir-birini əvəz edirdi. Növbəti acı xəbər Bəsrə hakiminin Müaviyənin təhriki ilə Əlinin (ə) itaətindən çıxıb, Məkkə üzərinə qoşun çəkməsi oldu.
    Zaman ötdükcə azsaylı həqiqi müsəlmanların vəziyyəti ağırlaşırdı. Həzrət Əlinin (ə) xalqa nəsihətləri heç bir fayda vermir, əhali öz torpaqlarını düşməndən qorumaq üçün ayağa qalxmırdı.
    Siffeyndən qayıtdıqdan sonra bu uğursuzluqlar iki il davam etdi. Yalnız hicrətin 40-cı ilində həzrət Əlinin (ə) uzun-uzadı çalışmaları və nəsihətlərindən sonra onun öz rəhbərliyi ilə qəti bir hücum üçün qoşun toplandı. Könüllülərin sayı iyirmi minə çatırdı. Qoşun Nuxəylə adlanan yerdə düşərgə qurub həzrətin əmrini gözlədi. Həzrət ona tabe olan hakimlərə qoşun təchizatı haqqında yazılı göstəriş verdi. Amma bu vaxt həzrəti qarşıya qoyulmuş qəti məqsəddən daşındıran bir hadisə baş verdi. Haqqında əvvəlcə danışdığımız xəvaric firqəsi Əbdüllah ibn Vəhəbin başçılığı ilə fitnə yaradıb, əvvəlki əqidələrini yenidən ortaya qoydular.
    Həzrət Əlinin (ə) komandanlarının iştirakı ilə təşkil olunmuş hərbi şurada xəvaric fitnəsi müzakirə olundu. Belə görünürdü ki, əgər həzrətin qoşunu Şama hücum üçün Kufədən çıxsa, xəvaric Kufəni işğal edəcək. Belə bir məqamda iki cəbhədə müharibə aparmaq lazım gələcəkdi. Ona görə də Şama hücumdan qabaq xəvariclə qarşıdurma həll edilməli idi.
    Bütün vaxtlarda sülhü müharibədən üstün tutan həzrət xəvaricə məktubla müraciət edib, onları tutduqları yoldan çəkinməyə çağırdı. Həzrət xəvarici haqqın müdafiəsinə və Müaviyə ilə mübarizəyə də’vət etdi.
    Abdullah həzrət Əlinin (ə) məktubunu oxuyub, onu gətirən şəxsə dedi: «Bizim adımızdan Əliyə de ki, o kafirdir. Əvvəlcə tövbə etsin, sonra bizi köməyə çağırsın». Sonra Abdullah göstəriş verdi ki, bütün xəvaric Nəhrəvana doğru hərəkət etsin.
    Xəvaric Nəhrəvanda düşərgə qurduqdan sonra ətrafdan tərəfdarları onlara doğru hərəkət etməyə başladılar. Onların sayı artıb on iki min nəfərə çatdı. Nuxəylədə düşərgə qurmuş həzrət Əli (ə) Şam fikrindən daşınıb, Nəhrəvana üz tutdu. Həzrət Əli (ə) Nəhrəvana çatanda xəvaric ağız-ağıza verib ucadan qışqırırdı: «Hökm yalnız Allahındır». Həzrət Əli (ə) nə qədər qəzəblənsə də, bu adamların halına acıyırdı. Çünki bu insanlar əqidə baxımından yanılmışdılar və öz səhvlərini dərk etmirdilər.
    Həzrət, xəvaric cərgələri ilə üzbəüz dayandı və höccəti tamamlamaq üçün onların komandanı Abdullahla söhbətə başladı. Sonra həzrət bütün xəvaricə üz tutub dərin məntiq və yetərli kəlamlarla onların səhvləri haqqında danışdı. Amma bu nadan insanlar yenə də əvvəlki kimi həzrətin tövbə etməsini istəyirdilər. Həzrət Əli (ə) buyurdu: «Ağ bayrağı Nəhrəvanın kənarında yerə taxın. Xəvaricin tövbə edənləri onun ətrafında toplansın».
    Azğın qövmün təqribən üçdə ikisi zahirən tövbə edib, ağ bayrağın ətrafında toplandı. Amma dörd min xəvaric və onların başçısı Abdullah ibn Vəhəb əvvəlki mövqedə qalıb, həzrəti kafir adlandırırdılar. Həzrət Əli (ə) çarəsiz qalaraq onlarla döyüşə başladı.
    Həzrət Əli (ə) Müaviyənin hiyləgərlikləri nəticəsində döyüşə ruhu zəifləmiş müsəlmanların qəlbini gücləndirmək üçün buyurdu: «Bütün bu xəvaricdən on nəfərdən də azı sağ qalacaq. Siz isə ondan da az şəhid verəcəksiniz. Həzrətin uyğun buyuruğu onun mö’cüzələrindən sayıla bilər. Həzrət necə demişdisə, elə də oldu.
    Savaş başladı və çox keçmədi ki, bütün xəvaric qılıncdan keçirildi. Yalnız on nəfər qaça bildi. Həzrət Əlinin (ə) qoşunundan isə yeddi nəfər şəhadətə çatdı. Həzrətin öncədən görməsi özünü doğrutdu. Döyüş başa çatdıqdan sonra həzrət Kufəyə qayıtdı. Aradan çıxmış on nəfərdən biri olan Əbdürrəhman ibn Mülcəm Məkkəyə qaçdı. Bu şəxs Murad qəbiləsindən idi.

    HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİ

    Həzrət Əli (ə) Nəhrəvan döyüşünü başa vurduqdan sonra Kufəyə qayıtdı və Şama hücum haqqında düşünməyə başladı. Əyalət hakimləri həzrətin fərmanına uyğun olaraq imkan həddində könüllü toplayır və təchiz olunmuş dəstələri imamın xidmətinə göndərirdilər.
    Nəhayət, hicri 40-cı il şə’banın axırlarında əyalətlərdən göndərilən qüvvələr Kufəyə daxil olub, Nuxəylə düşərgəsinə qatıldılar. Həzrət Əli (ə) səfərbər olmuş qüvvələri hərbi nizama saldı. Həzrət gecə-gündüz çalışmaqla döyüşçülərin zəruri ehtiyaclarını ödəyirdi. Qəlbləri Müaviyə, xüsusi ilə də Əmr Asın hiylələri səbəbindən kinlə dolmuş sərkərdələr həzrətə kömək edirdilər. Nəhayət, hicri 40-cı il, mübarək ramazan ayının ikinci yarısında həzrət Əli (ə) bir xütbə ilə döyüşçülərin qəlbini riqqətə gətirib, onları Şama doğru hərəkət üçün hazırladı. Amma təqdir onun üçün başqa bir tale müəyyənləşdirmişdi.
    Xəvaric fərariləri Məkkəni özləri üçün əməliyyat mərkəzi seçmişdilər. Əbdürrəhman ibn Mülcəm, Bərk ibn Abdullah və Əmr ibn Bəkr adlı üç xəvaric bir gecə əyləşib müsəlmanların keçmişi haqqında söhbət edirdilər. Söhbətin sonunda onlar belə bir qərara gəldilər ki, tökülən qanlarda Müaviyə, Əmr As və Əli (ə) günahkardır. Onların fikrinə görə əgər bu üç şəxs aradan götürülərdisə, müsəlmanlar rahatlığa çıxardılar. Nəhayət, həmin üç xəvaric belə bir razılığa gəlib and içdilər ki, hərəsi həmin üç şəxsdən birini öldürsün. İbn Mülcəm həzrət Əlini (ə), Əmr ibn Bəkr Əmr Ası, Bərk ibn Abdullah isə Müaviyəni öldürməyi öhdəyə götürdü. Onlar qılınclarına öldürücü zəhər çəkib qərarlarını həyata keçirmək üçün ramazan ayının on doqquzuncu gecəsini seçdilər. Hərə öz vəzifəsini icra etmək üçün yola düşdü. Əmr ibn Bəkr Misirə, Bərk ibn Abdullah Şama, İbn Mülcəm isə Kufəyə getdi.
    Bərk ibn Abdullah qədr gecəsi Şam məscidində səcdəyə getmiş Müaviyəni yalnız yaralaya bildi. Ağır yaralanmış Müaviyə yatağa düşdü. İbn Abdullahı onun yanına gətirdilər. Müaviyə dedi: «Sən hansı cür’ətlə bu işi gördün?» İbn-Abdullah dedi: «Əmr məni bağışlasa, ona müjdə verərəm». Müaviyə soruşdu: «Məqsədin nədir?» Bərk dedi: «İndicə Əlini də öldürdülər». Müaviyə bu xəbərin düzgünlüyünü yoxlayanadək, onu zindana saldı. Verilən xəbərin düzgün olduğu sübuta yetdikdən sonra Müaviyə ibn Abdullahı azad etdi». (bə’zi rəvayətlərə görə Müaviyə onun boynunu vurdurdu).
    Müaviyəni müayinə edən həkim dedi: «Əgər əmir övlad istəmirsə, onun yarasını dərmanla müalicə etmək olar. Yox əgər övlad istəyirsə, yara yeri qızdırılmış dəmirlə dağlanmalıdır». Müaviyə dedi: «Qızdırılmış dəmirə dözümüm yoxdur. İki oğul mənə bəs edər».
    Əmr ibn Bəkr də öz növbəsində gecə yarı Misirdə məscidə gedib, öz məqsədini həyata keçirmək istədi. Amma Əmr As şiddətli qızdırma içində olduğundan məscidə gələ bilmədi və oğlunun məsləhəti ilə şəhər qazisini camaat namazına göndərdi.
    Namaz başladıqdan sonra birinci rəkətdə qazi səcdəyə gedərkən Əmr ibn Bəkr bir zərbə ilə onu qətlə yetirdi. Məsciddə hay-küy qopdu. Namaz yarıda qaldı, qatil misirlilərin əlinə keçdi. Camaat onu Əmr Asın ağır əzabları ilə qorxutduqları vaxt Əmr ibn Bəkr təəccüblə soruşdu: «Məgər Əmr As ölməyib?» Camaat ona bildirdi ki, onun öldürdüyü şəhər qazisi olub.
    Əmr qazini nahaqdan öldürdüyü və məqsədini həyata keçirə bilmədiyi üçün ağlamağa başladı. Əmr As ondan ağlamasının səbəbini soruşduqda dedi: «Mən öz həyatım üçün ağlamıram. Təəssüf edirəm ki, qazini öldürmüşəm, sən isə sağ qalmısan. Heyf ki, dostlarım öz işini yerinə yetirdi, mən isə yox». Əmr As bu əhvalatı ondan soruşdu. Əmr dostları ilə birlikdə hazırladığı plandan danışdı. Əmr As göstəriş verdi ki, onun boynunu vursunlar. Bəli, Əmr Asın və Müaviyənin qətli planı baş tutmadı.
    Əbdürrəhman ibn Mülcəmin taleyi başqa oldu. Bu şəxs hicri qırxıncı il şə’ban ayının axırlarında Kufəyə çatdı. Kimsə onun məqsədindən xəbərdar deyildi. İbn-Mülcəm tanışlarından birinin evində qalıb, mübarək ramazan ayının on doqquzuncu gecəsini gözləməyə başladı. Bir gün dostlarından birinin görüşünə gedərkən orada Qutam adlı gözəl bir qadınla rastlaşdı. Bu qadının atası və qardaşı Nəhrəvan döyüşündə öldürülmüşdü. İbn-Mülcəm bu qadınla ilk görüşdə onun gözəlliyinə aldandı və eşqini e’lan etdi. Qutam dedi: «Mənə mehriyyə nə verəcəksən?» İbn-Mülcəm dedi: «Hər nə istəsən». Qutam dedi: «Mənim mehriyyəm üç min dirhəm pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin qanıdır». Necə də ağır bir mehriyyə! Şair bu barədə deyir:Qutamın mehrinə tarix məəttəl-
    Tələb etdi: Əli qanın götür gəl.

    Bəli, İbn-Mülcəmin cinayəti tarixdə görünməmiş bir cinayət oldu. Məqsədini daim gizli saxlamış İbn-Mülcəm Qutamı yoxlamaq üçün dedi: «Nə istəsən verərəm, Əlini qətlə yetirmək necə mümkündür?» Qutam dedi: «Bəli, adi halda kimsə bu işi görə bilməz. Onu yalnız qəfildən hücum edib öldürmək mümkündür. Onu öldürüb, mənim könül dərdimə şəfa ver, həm də öz kamına çat. Əgər bu işi görərkən ölsən, axirət mükafatın dünya mükafatından da üstün olacaq». İbn-Mülcəm başa düşdü ki, Qutam da xəvaricdəndir və onun əqidə yoldaşıdır. Dedi: «And olsun Allaha, mən Kufəyə yalnız bu işi görmək üçün gəlmişəm». Qutam dedi: «Mən də bu işi görməkdə sənə yardım edərəm. Sənə yardım üçün bir neçə nəfər ayıraram». Qutam İbn-Mülcəmi öz qəbiləsindən olan xəvaric əqidəli Vərdan ibn Məcalidin yanına göndərdi. Vərdan Qutamın istəyini yerinə yetirəcəyinə söz verdi.
    İbn-Mülcəm özü də Əşcəə qəbiləsindən olan Şəbib adlı xəvarici köməkçi götürdü. Onlar öz məqsədlərindən Siffeyn döyüşündə həzrət Əlini sülhə məcbur etmiş Əş’əs ibn Qeysi də xəbərdar etdilər. Əş’əs söz verdi ki, nəzərdə tutlmuş vaxt o da məsciddə olacaq. Nəhayət mübarək ramazan ayının on doqquzuncu gecəsi çatdı. İbn-Mülcəm öz yoldaşları ilə məscidə gəlib həzrət Əlini (ə) gözləməyə başladı.
    Həzrət Əli (ə) öz şəhadətindən xəbərdar idi. O, mübarək ramazan günlərindən birində minbərdə ikən əlini saqqalına çəkərək buyurdu: «İnsanların ən zalımı bu tükləri başımın qanına boyayacaq». Buna görə də həzrət ömrünün son günlərini övladlarından birinin yanında keçirirdi. Şəhadət gecəsi isə qızı Ümmü-Gülsümün qonağı idi.
    İftar zamanı üç tikə yemək yedi. Sonra ibadətə durdu. Həzrət gecədən sübhədək təşviş içində oldu. Bə’zən səmaya baxıb ulduzları seyr edirdi. Sübh çağı yaxınlaşdıqca həzrətin narahatlığı da artırdı. Belə ki, Ümmü-Gülsüm ondan soruşdu: «Atacan, nə üçün bu gecə bir belə narahatsan?» Həzrət buyurdu: «Qızım, mən bütün ömrümü döyüş səhnəsində keçirmiş, adlı-sanlı pəhləvanlarla mübarizə aparmışam. Belə şeylərdən qorxmuram. Amma hiss edirəm ki, haqla görüş məqamı yaxındadır».
    Nəhayət, hövlnak gecə başa çatdı. Evdə yuva qurmuş quşlar evdən çıxmaq istəyən həzrətin qədəmləri önündə qanad çalaraq, sanki onu getməkdən çəkindirmək istəyirdilər. Həzrət buyurdu: «Bu quşların səs-küyünün ardınca növhə avazları ucalacaq». Həzrətin sözləri Ümmü-Gülsümü pərişan etdi. O, atasına belə dedi: «Yaxşı olar ki, tək getməyəsən». Həzrət buyurdu: «Əgər bəla yer bəlası olsa, mən təklikdə onu dəf etməyə qadirəm. Əgər bu səmanın qəzavü-qədəridirsə, hökmən yerinə yetməlidir».
    Həzrət məscidə üz tutdu. Dama çıxıb sübh azanını e’lan etdi. Sonra məscidə daxil oldu. Yatanları oyatdı. Sonra mehraba yaxınlaşdı. Sübh nafilə namazına durdu. Səcdəyə getdiyi vaxt Əbdürrəhman ibn Mülcəm zəhərli qılıncı ilə həzrətin mübarək başına bir zərbə vurdu. İbn-Mülcəmin zərbəsi bir vaxt Əmr ibn Əbdüvədin vurduğu zərbənin yerinə düşdü. Həzrətin başı alnınadək yarıldı. İbn-Mülcəm və yoldaşları dərhal qaçdılar.
    Həzrət Əlinin (ə) mübarək başından qan axmağa başladı. Onun şərif saqqalı başının qanına boyandı. Həzrət buyurdu: «And olsun Kə’bənin Allahına, qurtuldum». Sonra həzrət bu ayəni tilavət etdi: «Sizi torpaqdan yaratdım və torpağa qaytararam. Sonra yenidən torpaqdan qaldıraram». Bu vaxt həzrət Cəbrailin yer ilə göy arasından nida çəkdiyini eşitdi: «And olsun Allaha, hidayət sütunları uçuldu, təqva nişanələri məhv oldu, xaliqlə məxluq arasındakı ən möhkəm bağ qırıldı. Peyğəmbərin əmisi oğlu öldürüldü. Həzrət Əli (ə) şəhadətə çatdı. Ən zalımların ən bədbəxti onu şəhid etdi».
    Məsciddə hay-küy qopdu. Həsən və Hüseyn evdən məscidə qaçdılar. Bir qrup adam da İbn-Mülcəmin ardınca gedib onu tutdu. Həsən və Hüseyn haşimilərin köməyi ilə həzrəti kilimin üstünə qoyub evə gətirdilər. Dərhal həkim ardınca adam getdi. Həkim gəldikdən sonra yaranı müayinə edib yaranın sağalmaz olduğunu bildirdi. Çünki həzrətin vurulduğu qılınca zəhər çəkilmişdi.
    Həzrət Əli (ə) başqalarından fərqli olaraq ölümünün labüd olduğunu eşitdikdə narahat olmadı. O, Həsən və Hüseynə vəsiyyət edirdi. Bəli, həzrət ölümdən qorxmurdu. O dəfələrlə buyurmuşdu ki, uşaq anasının döşünə müştaq olduğu tək o da ölümə müştaqdır.
    Həzrət Əli (ə) ömür boyu ölümlə çarpışmışdı. Düşmənlər həzrət Peyğəmbərin (s) yatağını qılınclamaq istədikləri vaxt həzrətin (s) yerində yatan Əli (ə) idi. Həzrət daim İslam qəzavatlarında olmuş, ölümün gözünə dik baxmışdı. Həzrət buyurdu ki, mənim üçün fərqi yoxdur ki, ölüm mənim sorağıma gələ, ya mən ölümün sorağına gedəm». Həzrət (ə) Həsən və Hüseynə belə vəsiyyət etdi: «Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Dünya sizin ardınızca gəlsə də, siz onun ardınca getməyin. Əlinizdən dünya malı çıxdıqda təəssüflənməyin. Doğru və haqq söz danışın. Axirət mükafatı üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı olun.
    Sizə, bütün övladlarıma və Əhli-beytimə məktubum yetişən hər bir adama təqvanı, Allahdan qorxmağı, həyat işlərini tənzimləməyi, öz aralarında sazişi vəsiyyət edirəm. Çünki babanız Peyğəmbərin belə dediyini eşitmişəm: «İki nəfər arasında sülh yaratmaq namaz və orucdan üstündür». Yetimlərə münasibətdə Allahdan qorxun. Onların ağzı üçün növbə qərarlaşdırmayın (bə’zən tox, bə’zən isə ac olalar). Sizin diqqətsizliyiniz səbəbindən onlar zaya çıxmasınlar. Qonşulara münasibətdə Allahdan qorxun. Onları Peyğəmbər tapşırmışdır. Həzrət qonşuları elə tapşırardı ki, güman edərdik qonşu qonşudan irs aparacaq. Qur’ana münasibətdə Allahdan qorxun. Ona əməl etməkdə sizi ötüb keçməsinlər. Namaza münasibətdə Allahdan qorxun. Namaz dinin sütunudur. Kə’bəyə münasibətdə Allahdan qorxun. Nə qədər ki, dirisiz, Allah evini boş qoymayın. Əgər o boş qalsa, cəzada möhlət almayacaqsınız. Cihada münasibətdə Allahdan qorxun. Malınız, canınız, dilinizlə Allah yolunda cihad edin. Əlaqələrinizi qoruyun və bir-birinizə bağışlayın. Bir-birinizə arxa çevirməkdən, bir-birinizdən ayrılmaqdan çəkinin. Əmr be mə’ruf və nəhy əz münkəri (yaxşıya əmr, pisə qadağa) tərk etməyin. Yoxsa şər adamlar sizə hakim olar. Bu halda siz Allahı çağırsanız da, O sizin dualarınıza cavab verməz.
    Ey Əbdül Müttəlib övladları, məbada «Əmirəl-mö’minin öldürülüb» deyə, xalqın qanını tökəsiniz. Bilməlisiniz ki, mənə görə yalnız məni öldürən qətlə yetirilə bilər. Elə ki, mən onun zərbəsindən öldüm, siz də əvəzində ona bir zərbə vurun. Onun meyitini təhqir etməyin. Həzrət Peyğəmbər (s) buyurub ki, muslə (meyiti təhqir) etməkdən çəkinin».
    Həzrət Əli (ə) zərbə aldıqdan sonra üç gün yataqda qaldı. Bu müddət ərzində təkcə ailəsi yox, həm də səhabələri onun yanında olurdu. Ətrafındakılar ömrünün son saatlarında həzrətin dəyərli buyuruqlarından faydalanırdılar. Həmin vaxt həzrətin buyurduğu dürlü öyüdlərdən biri də budur: «Mən dünən sizin müsahibiniz idim. Bugünkü vəziyyətim isə sizin üçün bir ibrətdir. Sabah isə sizdən ayrılaram».
    Həzrətə bir qədər süd gətirdilər. Azca içdi və sonra buyurdu: «Zindana saldığınız adama da bu süddən bir qədər verin. Onu incitməyin. Əgər sağ qalsam, özüm bilərəm, əgər ölsəm, ona yalnız bir zərbə vurun. Çünki o mənə bircə zərbə vurub». Sonra üzünü Həsənə tutub buyurdu: «Oğulcan, məndən sonra sən vəliyye-əmr, mənim qanımın sahibisən. Onu bağışlamaq istəsən, özün bilərsən. Əgər öldürsən, mənə bircə zərbə vurduğu üçün ona birdən artıq zərbə vurma». Qılınca çəkilmiş zəhər həzrətin bədəninə sirayət etdiyindən o hərəkətdən düşmüşdü. Ona görə də namazını oturaq halda qılır, daim zikr edirdi. Ramazanın iyirmi birinci gecəsi ölümü yaxınlaşan məqamlarda buyurdu: «Son görüş üçün ailə üzvlərimi çağırın. Hamının hüzurunda vəsiyyət etmək istəyirəm».
    Həzrətin övladları onun ətrafında cəmləşdi. Onların gözləri ağlamaqdan qızarmışdı. Həzrətin vəsiyyətlərini dinləyirdilər. Amma həzrətin vəsiyyətləri təkcə onun övladlarına aid deyildi. Bu vəsiyyətlər dünyanın sonunadək bütün bəşərə aid idi. Əxlaqi və əməli fəlsəfəyə aid göstərişlər silsiləsindən bə’zilərinə nəzər salırıq:
    Sözümün əvvəli Allahın yeganəliyinə şəhadətdir. Sonra Məhəmməd ibn Abdullahın (s) Peyğəmbərliyinə şəhadət verirəm. O, mənim əmimoğlum, Allahın bəndəsi və seçilmişidir. Onun be’səti Allah tərəfindəndir, göstərişləri Allahın göstərişləridir. Xalq cəhalət və nadanlıq içində olduğu vaxt həzrət onları doğru yola, qurtuluş yoluna hidayət buyurdu: «Onların əməllərinin qiyamət günündəki cəzaları ilə qorxutdu.
    Ey mənim övladlarım, sizi təqva və pəhrizkarlığa də’vət edirəm. Tövsiyə edirəm ki, çətinliklər qarşısında səbirli və dözümlü olasız. Dünyaya bağlanmayın. Əlinizdən çıxan şey üçün üzülməyin. Sizi birliyə çağırıram. Nifaq və pərakəndəlikdən həzər qılın. Haqq və həqiqəti me’yar götürün. İstər qəzəbləndikdə, istər qəmli vaxtınızda, istərsə də şadlandığınız vaxt sabit ədalət qanunlarına tabe olun.
    Ey mənim övladlarım, heç vaxt Allahı unutmayın. Daim onun razılığı haqqında düşünün. Məzlumlarla ədalətli rəftarınızla, yetimlərə və çarəsizlərə isar və ətanızla Allahı razı salın. Həzrət Peyğəmbərdən belə buyurduğunu eşitdim: «Behişt yetimlərə öz övladları kimi himayədarlıq edənlərin iştiyaqındadır. Cəhənnəm odu yetimlərin malını yeyənlərin intizarındadır».
    Qohum-əqrəbanızla münasibətdə sileye-rəhm və yaxşılıq edin. Dərvişlərə və möhtaclara əl tutub, xəstələri yoxlayın. Çünki dünya hadisələr məhəllidir. Ona görə də arzu-istəklərə giriftar olmayın. Daim ölüm və axirət aləmi haqqında düşünün. Lütfünüzü qonşulardan əsirgəməyin. Çünki qonşunun haqqının qorunması Peyğəmbərin (s) vəsiyyətlərindəndir. Dini göstərişləri möhtərəm sayın. Onlara həvəslə əməl edin. Namaz və zəkatı, əmr be mə’ruf və nəhy əz münkəri yerinə yetirin. Allahın əmrlərinə itaət etməklə Allahın razılığını qazanın.
    Ey mənim övladlarım, alçaq insanlarla ünsiyyətdən çəkinin. Saleh və təqvalı insanlarla yoldaş olun. Əgər həyatınızda elə bir işlə rastlaşsanız ki, dünya və ya axirəti seçməli olasınız, dünyadan keçin və axirəti qəbul edin. Dövrün çətinlikləri zamanı Allaha pənah aparın. Hər bir işdə Ondan kömək istəyin. Xalqla mehribanlıqla, xoş üzlə rəftar edin. Təqva və insana xidməti özünüzə şüar qərar verin. Körpələrə nəvaziş, yaxşılara ehtiram göstərin».
    Həzrətin övladları sakitcə oturmuşdular. Boğazlarını qəhər tutmuşdu. Həzrətin ürəyəyatan, könül oxşayan sözlərini dinləyirdilər. Həzrətin vəsiyyətinin bu hissəsi bir əxlaq dərsi idi. Bu dərslərə əməl edən hər bir kəs kamal həddinə çatar. Həzrət vəsiyyətinin bu hissəsini «La hövlə və la quvvətə illa-billahil-əliyyil-əzim» cümləsi ilə başa çatdırdı. Sonra huşunu itirdi. Bir an sonra gözlərini açıb buyurdu: «Ey Həsən, sənə də bir neçə sözüm var. Bu mənim ömrümün son gecəsidir. Canımı tapşırdıqdan sonra mənə öz əlinlə qüsl ver, kəfənə bük, dəfn işlərimə özün bax. Cənazə namazımı qıl və məni gecənin qaranlığında Kufə şəhərindən kənarda, adsız bir yerdə torpağa tapşır və kimsə bundan xəbər tutmasın».
    Bütün haşimilər, eləcə də ələvi ailəsi səsini çıxarmadan ağlayırdı. Onların göz yaşları yanaqlarına süzülürdü. Həsən atasına hamıdan yaxında oturmuşdu. O qədər qəmli idi ki, imamın diqqətini özünə cəlb etdi və imam buyurdu: «Ey oğlum, səbirli və dözümlü ol. Bu həssas məqamda sənə və qardaşına səbirli və dözümlü olmağı tövsiyə edirəm».
    Sonra buyurdu: «Məhəmməddən də muğayət olun. O da sizin qardaşınızdır, atanızın oğludur. Mən onu sevirəm».
    Həzrət yenidən huşunu itirdi. Bir an sonra azca tərpəndi və Hüseynə buyurdu: «Oğlum, sənin də həyatının bir macərası olacaq. Səbirli və dözümlü ol. Həqiqətən də, Allah səbir edənləri dost tutur».
    Bu məqamda həzrət canvermə vəziyyətinə gəldi. Azca sonra mübarək gözlərini yavaşca yumdu və son nəfəsində buyurdu: «Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh».
    Şəhadət kəlmələrini dedikdən sonra həzrətin aralı və nazənin dodaqları qapandı. Onun ruhu fələklərə pərvaz etdi. Beləcə, bütün ömrü boyu haqq və həqiqətdən savay məqsədi olmamış bir insanın həyatı başa çatdı. (Məqatilut-Talibin")
    Həzrət Əli (ə) şəhadətə çatdığı vaxt onun altmış üç yaşı vardı. Artıq o otuz il idi ki, imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsündə oturdu. İmam vəfat etdikdə həzrət Həsən həzrət Hüseynlə birlikdə atasının cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan məhəldə (bugünkü Nəcəf) dəfn etdi. Belə bir qorxu vardı ki, həzrətin qatı düşməni olan bəni-Üməyyə və xəvaric onun cəsədini qəbirdən çıxardıb təhqir edə. Ona görə də həzrət özü vəsiyyət etmişdi ki, diqqəti çəkməmək üçün onun qəbrini yerlə bərabər səviyyədə etsinlər. Həzrətin qəbri imam Sadiqin (ə) dövrünədək məxfi qaldı. Yalnız ikinci abbasi xəlifəsi imam Sadiqi Mədinədən İraqa çağırarkən həzrət Kufəyə gəlib atasının qəbrini ziyarət etdikdə bu qəbrin yeri mə’lum oldu.
    Həzrət Əlinin (ə) qəbrinin müəyyənləşməsi haqqında Şeyx Müfid də bir rəvayət nəql etmişdir. Onun dediyinə görə, Abdullah ibn Hazim belə nəql etmişdir: «Bir gün Harun ər-Rəşidlə birlikdə ov üçün Kufədən çıxmışdıq. Kufə ətrafında rastlaşdığımız ahuları ovlamaq üçün ov itlərini buraxdıq. İtlər bir saata yaxın ahuların ardınca qaçdılar. Amma heç bir nəticə hasil olmadı. Ahular həmin ərazidəki təpəyə çıxıb orada dayandılar. İtlər təpəyə çıxmış ahuları tə’qib etməyib geri döndülər. Harun bu məsələyə təəccüb etdi. Ahular təpədən düşən kimi itlər onların üstünə cumur, ahular təpəyə qalxanda itlər geri qayıdırdılar. Bu hadisə üç dəfə təkrarlandı. Harun dedi: «Gedin bu ərazidə kimi tapsanız yanıma gətirin». Biz getdik və bəni-Əsəd qəbiləsindən olan qoca bir kişi tapdıq. Onu Harunun yanına gətirdik. Harun dedi: «Ey Şeyx, bizə bu təpə haqqında danış». Kişi dedi: «Əgər aman versəniz sizə bu barədə danışaram». Harun dedi: «Mən Allah qarşısında əhd edirəm ki, sənə heç bir əziyyət verməyəcəyəm». Şeyx dedi: «Atam öz babalarının dilindən belə nəql edirdi ki, Əli ibn Əbu-Talibin qəbri bu təpədə yerləşir. Allah-təala bu təpəni əmin-amanlıqda qərar vermişdir. Kim o təpəyə sığınarsa, amanda qalar».
    Harun bunu eşidib atdan düşdü. Su istədi. Ona su gətirdilər. Harun dəstəmaz aldı. Təpənin yanında namaz qıldı. Üzünü torpağa sürtüb ağladı və Kufəyə qayıtdı.("İrşad" c.1, bab:1, 6-cı fəsil, 4-cü hədis)
    Həzrət Əlinin (ə) qəbri haqqında başqa bir maraqlı əhvalat da nəql olunmuşdur: «Osmanlı sultanı olan Süleyman Kərbəlaya gəldiyi vaxt həzrət Əlini (ə) ziyarət edirdi. O Nəcəfdə həzrətin qəbri yaxınlığında atdan düşdü və niyyət etdi ki, həzrətə ehtiram əlaməti olaraq onun qəbrinədək piyada gedəcək.
    Həmin vaxt müfti olan qazi Əsgər sultanı müşayiət edirdi. Sultanın ziyarətindən xəbər tutub qəzəbli halda onun yanına gəldi və dedi: «Sən diri sultansan, Əli (ə) isə ölü sultan. Sən nə üçün onun ziyarətinə piyada gedirsən?» Bu qazi həzrətə qarşı düşmən mövqedə duran nasibi idi. Qazi öz fikrini sübuta yetirmək üçün sultana dedi: «Əgər bu işin sənin sultanlıq şə’ninə əskiklik gətirəcəyinə şübhən varsa, Qur’anı aç həqiqətdən xəbər tut». Sultan onunla razılaşıb, Qur’anı əlinə götürdü və doğru yolda olub-olmadığını bilmək üçün ilahi kitaba müraciət etdi. Sultanın açdığı səhifə bu ayə ilə başlayırdı: «Mən, həqiqətən, sənin Rəbbinəm, nə’ləynini (ayaqqabını) çıxar ki, müqəddəs Tuva vadisindəsən». (Ta-ha- 12) Sultan üzünü qaziyə tutub dedi: «Sənin məsləhətinlə ayaqqabılarımı da çıxarmalı olacağam». Sonra sultan ayaqqabılarını çıxarıb, ayaqyalın həzrətin qəbrinə üz tutdu. Onun ayaqları yaralanmışdı. Ziyarətini başa vurduqdan sonra inadkar qazi onun yanına gəlib dedi: «Bu şəhərdə rafizilik əqidəsini yayanlardan birinin qəbri var. Yaxşı olar ki, o qəbiri açıb oradakı cəsədin sümüklərini yandırmağı əmr edəsən». Sultan dedi: «O alimin adı nədir?» Qazi dedi: «Onun adı Məhəmməd ibn Həsən Tusidir». Sultan dedi: «Bu şəxs ölmüşdür. Allah onun layiq olduğu savabı və cəzanı özü verər». Qazi isə inadından əl çəkməyib mərhum Şeyx Tusinin qəbrinin açılmasını tələb edirdi. Nəhayət, sultan göstəriş verdi ki, Nəcəf kənarında böyük bir tonqal qalasınlar. Amma onun məqsədi qəbirdəki cəsədi yox, qazinin özünü yandırmaq idi. Beləcə, həmin məl’un cəhənnəm odundan qabaq dünya odunda yandı.
    «Muntəxəbut-Təvarix» kitabının müəllifi nəql edir ki, Nadir şah həzrət Əlinin (ə) qəbrinin üzərindəki günbəzi zinətləndirərkən ondan qübbəyə nə yazılması barədə soruşurlar. Nadir dərhal deyir: «Allahın əli bütün əllərin fövqündədir». Səhəri gün Nadir şahın vəziri Mirza Mehdi xan deyir: «Nadir savadsızdır, bu kəlam ona ilham olunub. Əgər inanmırsınızsa, yanına gedib, yenidən bu barədə soruşun». Bu məqsədlə yenidən Nadirə müraciət edirlər. O belə cavab verir: «Dünən dediyim sözü!»
    Həsən və Hüseyn, eləcə də yaxın adamları həzrət Əlini (ə) dəfn etdikdən sonra Kufəyə qayıtdılar. Həzrətin qatili İbn-Mülcəm də həmin gün, yə’ni ramazan ayının iyirmi birinci günü imam Həsənin qılıncı ilə cəhənnəmə vasil oldu. Uyğun mövzuda dövrün ustad şairləri bir çox əsərlər yaratmışlar. Əsvəq Nəxəinin qızı Ümmü-Heysəmin yazdığı şe’rdən bir neçə misranı nəzərdən keçirək:Ey gözlər, vay olsun bu halınıza,
    Bu qəmli gecədə dönmüsüz buza.
    Ən üstün insanı vermişik əldən,
    Üzür könülləri ağrılı dərd qəm. . .

    Həzrət Əlinin (ə) vəsiyyət etdiyi kimi, ondan sonra imamət və xilafət məqamı oğlu Həsənə çatdı. Abdullah ibn Abbas məscidə gəldi və xalqa müraciət edərək dedi: «Əlbəttə, bilirsiniz ki, Həzrət Əli (ə) öz oğlu Həsəni sizin üçün xəlifə tə’yin etmişdir. Amma o sizdən bey’ət almaq üçün israrlı deyil. Əgər bey’ət etmək fikriniz olsa, mən ona deyərəm, məscidə gələr. Yox əgər bey’ət etmək istəmirsinizsə, özünüz bilərsiniz».
    Xalq ümumi şəkildə müsbət cavab verdi. İbn-Abbas həzrəti məscidə gətirdi. İmam Həsən (ə) minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra Peyğəmbərə (s) salam göndərdi və belə buyurdu: «Bu gecə dünyadan elə bir insan köçüb ki, xeyir işdə kimsə onu qabaqlamayıb. Gələcəkdəkilər də əməl baxımından ona çatası deyillər. Bu şəxs həzrət Peyğəmbərlə (s) çiyin-çiyinə döyüşlərdə vuruşmuş, öz canını həzrətə (s) sipər etmişdir. Həzrət Peyğəmbər (s) bayrağı onun əlinə vermiş və din düşmənləri ilə savaş üçün Cəbrəil və Mikail sağında və solunda olmaqla onu göndərmişdir. O, döyüşlərdən yalnız qələbə ilə dönmüşdür. Allah ona daim fatehlik nəsib etmişdir. O, İsa ibn Məryəmin səmaya qalxdığı gecədə şəhadətə çatmışdır. Həzrət Musanın canişini Yuşə ibn Nun da həmin gecə dünyasını dəyişmişdir. Bu şəxs dünyasını dəyişərkən dünya malından cəmi yeddi yüz dirhəmi olmuşdur. O bu pulla öz ailəsinə xidmətçi tutmaq istyirdi. (İmam bu sözləri deyərkən boğazını qəhər tutdu, ağlamağa başladı)». İmam Həsən (ə) atasının xatirəsinə söylədiyi bu xütbədə həzrət Əlinin (ə) məqamını cəmiyyətə anlatdı. Onun dediyi sözlər bir oğulun atası haqqında öz söylədiyi tə’rif deyildi. İmam Həsən (ə) hamıdan yaxşı tanıdığı imamı vəsf edirdi.
    İmam Həsən (ə) xalqdan bey’ət aldıqdan sonra Müaviyəyə məktub yazıb onu da bey’ətə də’vət etdi. Aydın məsələdir ki, Müaviyə imamın də’vətini qəbul etmədi. Müaviyə hələ də zəif mövqeyə malik olduğu bir zamanda həzrət Əliyə (ə) bey’ət etməkdən çəkindi. İndi isə onun hakimiyyəti möhkəmlənmişdi. Zəif vaxtında bey’ət etməyən bir şəxs güclü vaxtında bey’ət edərdimi?! Bir sözlə imam Həsənin məktubunu alan Müaviyə məktubun cavabında ona bildirdi ki, özünü xəlifəliyə daha layiqli sayır və imam ona bey’ət etməlidir.
    Digər bir tərəfdən, həzrət Əlinin (ə) öz şəhadətindən qabaq Nuxəylə düşərgəsində təchiz etdiyi qoşunun böyük bir hissəsi dağılmışdı. İmam Həsən (ə) atasının dövründə Kufə əhlinin vəfasızlıq və laqeydliyini görsə də və belə bir şəraitdə Müaviyə ilə döyüşün səmərə verməyəcəyini bilsə də, azsaylı (İbn Əbil-Hədidin nəqlinə görə on altı min nəfərlik) qoşunu ilə Şam yoluna üz tutdu. İmam qoşunun on iki min nəfərini Übeydullah ibn Abbasın komandanlığı altında Müaviyənin üstünə göndərib, özü Mədaində mövqe tutdu ki, ətrafdan qoşun toplasın. Amma Müaviyə bir milyon dirhəm verib Übeydullah ibn Abbası özünə tərəf çəkdi.
    Übeydullah qızıl sikkələrin çingiltisinə uyaraq imam Həsəndən (ə) üz döndərdi və gecə yarı kiçik bir qrupla məxfi şəkildə qaçıb Müaviyəyə qoşuldu. Mədaində isə başqa bir hadisə baş verdi. Bu hadisə nəticəsində qoşunda təfriqə və ixtilaf yarandı və döyüş üçün heç bir münasib şərait qalmadı. İmam Həsən (ə) mövcud vəziyyəti, İslamın və müsəlmanların məsləhətini nəzərə alaraq qoşunu buraxmağa məcbur oldu. Mövcud şəraitdə başqa bir yol görmədiyindən həzrət imam (ə) Müaviyə ilə sülh bağladı.
    Category: Əli əleyihissalam kimdir? | Added by: Islam_Kitabxanasi
    Views: 971 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024