ALTINCI FƏSİL İMAM ƏLİ İBN ƏBU TALİB (Ə)-IN SƏBRİNİN HİKMƏTİ Əbu Bəkrin hökumətinin təsbit edilməsi ilə müxaliflərdən zorla beyət alınmağa başlandı. Lakin Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni və əmisi oğlu Əli ibn Əbi Talib (ə) öz həyat yoldaşı Fatimeyi-Zəhra (ə.s)-ın həyatda olduğu vaxta qədər xəlifə ilə beyət etmədi. Həm şiə, həm də əhli-sünnə tədqiqatçılarının əqidəsinə əsasən, imam Əli (ə)-ın (Fatimeyi-Zəhra (ə.s)-ın şəhadətindən sonra) xəlifə ilə beyəti onun öz razılığı ilə olmamışdır. Peyğəmbəri-Əkrəm (s)-in qızı Fatimeyi-Zəhra (ə.s)-in şəhadətindən sonra hökumət məmurları imam Əli (ə)-dan, xəlifəyə beyət etməsini tələb etdikdə, o, bir qrup hami və tərəfdarlarının qarşısında çıxış edib, öz xüsusiyyətlərini və Peyğəmbər (s)-lə qohumluğunu bəyan etdi.. Həyat yoldaşının dəfnindən bir gün sonra xəlifə Əbu Bəkr ibn Əbi Qühafə ilə beyət etdi.Bundan qabaq isə o həzrətin özü və Bəni-Haşim şiələrinin heç biri Əbu Bəkrlə beyət etməmişdilər. Beləliklə, 35-ci hicri ilinə qədər (təqribən, 25 il) Əli ibn Əbi Talib (ə) siyasi-ictimai fəaliyyətlərdən rəsmi olaraq kənarlaşdı. Lakin aşağıda qeyd edilən bir sıra dəlillərə görə, o həzrət bu müddət ərzində hökumət əleyhinə qanlı qiyam və inqilab fikrindən uzaq idi hətta başqalarının qiyamına belə, mane olurdu. İndi isə bir neçə sual yaranır: 1. Görəsən Əbu Bəkrin hökumətinin ilk günlərində Peyğəmbər (s)-in kürəkəni Əli ibn Əbi Talib (ə)-ın son dərəcə hörmətsizlik və sərtliklə məscidə aparılıb, beyətə məcbur edilməsi həqiqətdirmi? 2. Görəsən, Əli ibn Əbi Talib (ə) "səqifə”də yığıncağın təşkil olunduğu gün, ondan bir həftə sonra, eləcə də sonrakı günlərdə "Qədir-Xum” hadisəsini və Peyğəmbər (s)-in yanındakı məqam və mənzilətini camaatın yadına salmadımı? Bir çox şiə və sünnü tədqiqatçıları Əli ibn Əbi Talib (ə)-dan sərtlik və hörmətsizliklə beyət alınmasını qeyd etsələr də, bəzi yazıçılarımız isə çox təəssüflə, belə yazmışlar: "Bəzi sadəlövh adamlar çalışmışlar ki, Əli (ə)-ın məzlumluğunu göstərmək üçün umumi məsələlərə əl atsınlar; yəni o həzrəti zorla çəkib aparmaq, əmmaməsini boğazına bağlayıb küçələrdə gəzdirmək!... İmam Əli (ə)-ın məzlumluğunu bu şəkildə göstərmək ağılasığmaz bir iş olmaqdan əlavə, həm də o həzrətin həqiqi şəxsiyyətini kiçiltmək deməkdir. Məmurların o həzrəti bu şəkildə, yəni zorla məscidə aparıb, onunla sərt davranmaları qeyri-mümkündür. Bu cür sənəd düzəldənlər bu qədər də düşünə bilməyiblər ki, Peyğəmbər (s)-dən sonra yeni qurulmuş hökumətin hər şeydən öncə səbata, müxaliflərin və xam kütlənsıin cəzbolunmasını ehtiyac duyulduğu həssas çağlarında, eləcə də o qədər çətinliklərlə yanaşı, sözsüz, siyasi, hərbi və təhlükəsizlik baxımından onların bu güclü qüdrətə söykənmələri və belə sərtliyə əl atmaları asan olmadığı və qeyri-mümkün bir iş olduğu kimi, bu, heç bir vəchlə məsləhət üzündən də deyildi. Bəlkə də demək olar ki, Əli (ə) Fatimeyi-Zəhra (ə.s)-ın evində öz tərəfdarları müqabilində məsuliyyət hissi keçirir, başqalarının həyatını xilas etmək, dost və səhabələrinə dəyə biləcək zərərin qarşısını almaq məqsədilə məmurlara qoşulub, xəlifənin yanına getmişdir.” Bu təhlilə əsasən, belə nəzərə çarpır ki, hökumət məmurları sanki Əli (ə)-ı məscidə gözəl rəftarla aparmış, sonra isə şirini və meyvə ilə o həzrəti qarşılamışlar! Əgər Əli ibn Əbi Talib (ə)-ın xəlifəyə beyətini belə izah etsək, onda hökumət məmurlarının həzrət Fatimeyi-Zəhra (ə.s)-ın evinə hücum çəkməsini, onun bətnindəki körpənin şəhadətini kökündən inkar etməliyik. Halbuki, gələcək bəhslərdə əhli-sünnə mənbələrinə istinad edərək, İslam tarixində bunun inkar edilməz bir məsələ olduğunu qeyd edəcəyik. Biz isə Əli ibn Əbi Talib (ə)-dan beyətin alınması hadisəsinin daha da kəskin olduğunu, əmmamənin boğazına bağlanılıb küçələrdə gəzdirilməsini demirik, lakin həm şiə, həm də sünnülərin mötəbər mənbələrinə əsasən, o həzrətdən zorla və sərtliklə beyət alınmışdır. Tarixdə ən insafsız şəxs kimi göstərilən Müaviyə ibn Əbi Süfyanın imam Əli ibn Əbi Talib (ə)-a məktubunda isə belə yazılır: "Xilafət məmurları səni cilovlanmış tüğyançı dəvə kimi, çəkə-çəkə beyətə apardılar.” SÜLH YOX, SƏBİR VƏ DÖZÜM! Bəzi tarixçilər imam Əli ibn Əbi Talib (ə)-ın 25 il səbir edib dözdüyü vaxtda baş verən hadisələri izah edərək demişlər ki, o həzrət bu müddət ərzindədə xəlifələrlə sülh bağlamış və onlarla həmişə həmkarlıq etmişdir. Bu izah siyasətçilərin səliqəsinə görə, imam Əli (ə)-ın rəftar və davranışını ən gözəl şəkildə təhlil etsə də, onu şiə rəvayətləri təsdiqləmir. Əks halda o həzrətin qiyam və inqilabı nəticəsində İslam və müsəlmanlara bərpa olunmaz xəsarət, zərbə dəyər, ümmət arasında ixtilaf və təfriqə düşər, nəhayət, o həzrət hətta günün yarısı qədər belə, onların hökumətinə dözə bilməzdi. Buna əsasən, Əli ibn Əbi Talib (ə)-ı dövrün hökmdarlarının rəftarı müqabilində səbir və dözümə vadar edən şey məhz, inqilabı şəraitin mövcud olmaması idi. Bunun isə əsas amilləri aşağıdakılardan ibarətdir: 1. Müsəlmanlar arasında ixtilaf və təfriqənin yaranmasından qorxmaq; 2. Qüreyş tayfasının İmama qarşı həsəd, ədavət və kin-küdurət bəsləməsi; 3. Xalqın cahillik təfəkkürləri; 4. Xalq tərəfindən İmamın hökumətinə dözümsüzlük hissi; 5. Səhabələrin azlığı. 1. İXTİLAF VƏ TƏFRİQƏDƏN QORXMAQ Əvvəldə qeyd etdiyimiz kimi, Əbu Bəkrin hökumətinin təsbit edilməsinin amillərindən biri də Mədinənin ətraf nahiyələrində onun hökumətin əleyhinə baş verən geniş miqyaslı müxalifətlər idi. Bu müxalifət və yürüşlər daxildəki qüvvələri fikir birliyinə məcbur edir və mərkəzi dövlətin qüdrətini gücləndirirdi. Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra İslam cəmiyyəti və risalət xanədanı qəribə böhranlarla üzləşdi. Xilafət və hökmranlığı ələ almaq üçün müsəlmanlar arasında daxili müharibə odunun hər an şölələnməsi, İslam cəmiyyətinin dağılması, yenicə müsəlman olmuş ərəb qəbilələrinin cahiliyyət və bütpərəstlik dövrünə qayıtması ehtimalı verilirdi. Peyğəmbəri-Əkrəm (s)-in vəfat xəbəri hər yerə yayıldıqda, yeni müsəlman olmuş ərəb qəbilələrinin bir dəstəsi keçmiş dinlərinə qayıdıb, mürtəd olur və küfr bayrağını qaldırdılar. Digər tərəfdən də mühacir və ənsar qrupları söz birliyini və vəhdətini itirdilər. Nəcd və Yəmamə şəhərlərində, eləcə də Mədinənin ətrafında Müseyləmə kimi bir neçə nəfər də peyğəmbərlik iddiası etdilər. Müseyləmə ətrafına qırx min döyüşçü topladı ki, Mədinəyə hücum etməklə oranı yerlə yeksan etsin. Əgər onun ordusu Mədinəyə çatsaydı, hamıdan qabaq Peyğəmbər (s)-in xanədanını qətlə yetirəcək və beləlilkə, peyğəmbərlik və nübuvvət əlamətlərini məhv edəcəkdi. Bəni-Teym tayfasından da Səccac adlı bir qadın peyğəmbərlik iddiası etməklə bir neçə nəfəri ətrafına yığdı. Nöman ibn Münzər kimi bir neçəsi dindən çıxaraq Bəhreyndə başına tac qoyub padşahlıq iddiası, Ləqit ibn Malik (Zut-Tac) isə Omanda qiyam etdi. İslam əqidəsinin hələ qəlblərə nüfuz etmədiyi, kor-koranə təqlidlərin, avam adət-ənənələrin hələ beyinlərdən çıxmadığı bir vaxtda, hər bir daxili çaxnaşma, ixtilaf və təfriqə müsəlmanların dağılmasına, bir çoxlarının şirk və bütpərəstliyə dönməsinə səbəb ola bilərdi. Daxili müharibə, yaxud hər bir kiçik qanlı hərəkat Mədinənin daxili və xaricində partlayış yaradardı. Bu dövrlərdə nadan ərəb qəbilələri intiqam almaqda və kin-küdurətdə dillər əzbəri olmuşdular. Ərəblərin cahiliyyət tarixində kiçik hadisələrin ardınca həmişə böyük hadisələrin baş verildiyinin səbəbi onların heç vaxt qisas və intiqamçılıq fikrindən dönməmələri olmuşdur. Belə bir böhranlı vəziyyətdə, bir gün Osman ibn Əffan Peyğəmbər (s)-in əmisi oğlu Əli ibn Əbi Talib (ə)-ın yanına gedib dedi: "Görürsənmi vəziyyət necədir?! Əgər (xəlifəyə) beyət etməsən, İslam ciddi təhlükə ilə üzləşəcək!” Bundan sonra o həzrət İslamı qoruyub-saxlamaq üçün beyətə razılaşdı, bununla da Əbu Bəkr Mədinədən ətraf nahiyələrə ordu göndərdi. Əli ibn Əbi Talib (ə) bu məsələ ilə əlaqədar buyurmuşdur: "Allaha and olsun! Fikrimdən belə keçmirdi ki, ərəblər Allahın Rəsulundan sonra xilafəti onun Əhli-beytindən başqa birinə həvalə edərək, onu məndən əsirgəyəcəklər. Camaatın beyət etmək üçün filankəsə tərəf tələsmələrindən başqa bir şey məni, narahat etmədi. Buna görə də əl saxladım, nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Mühəmməd (s)-in dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və müsəlmanların köməyinə tələsməsəm, onda nöqsan və dağıntı görərəm ki, onun müsibət və kədəri mənə nəticəsi ilğım kimi yoxa çıxan və ya bulud kimi səpələnən, bir neçə günlük müvəqqəti mal olan hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxıb müsəlmanlara yardım etdim ki, batil, əyrilik və təxribatların qarşısı alınsın, sakitlik İslamın ağuşuna qayıtsın!” Beləliklə, Əli ibn Əbi Talib (ə) öz haqqını almaq, İslamın əsasını qoruyub-saxlamaqla bağlı iki yolayrıcında qərar tutaraq öz mövqeyini unutdu, Peyğəmbər (s)-in gətirdiyi dini qoruyub-saxlamaq üçün sükut etdi. Əbu Süfyan, həzrət Əli ibn Əbi Talib (ə)-ı qiyama çağırdıqda, Həzrət ona buyurdu: "Allaha and olsun ki, sən fitnə-fəsad törətməkdən başqa bir məqsəd güdmürsən! Təkcə bu gün fitnə-fəsad odu yandırmaq istəyində deyilsən, dəfələrlə müsəlmanların arasında şər qaldırmaq fikrində olmusan. Mənim sənin köməyinə ehtiyacım yoxdur!” Beləliklə, imam Əli (ə) cihad və müharibə meydanlarında öz qanı, qılıncı və himməti ilə möhkəmləndirdiyi, öz övladından daha əziz bildiyi İslam dininin aradan getməməsi üçün öz haqqından keçdi. Az müddət öncə Peyğəmbəri-Əkrəm (s) ölüm yatağında olarkən, Əliyə (ə) itaət etməyi ümməti vəsiyyət etmək istədikdə, buna imkan verilmədi. O həzrət vəsi və canişinini müdafiə etmək və ümmətin azğınlığının qarşısını almaq məqsədilə ən ağır hörmətsizliklərə dözdü. Bu gün isə Əli ibn Əbi Talib (ə) ağrı-acılara dözməklə Peyğəmbər (s)-in 23 illik zəhmətinin məhsulunu qoruyub-saxlamalı idi. Əli ibn Əbi Talib (ə) İslamın kökünə zərər və təhlükələrin dəyməməsi, ifratyönlü, şüur, düşüncəyə yad hərəkatların İslam cəmiyyətinin birliyini dağıtmaması üçün çalışırdı. Məhz bu səbəbdən də o həzrəti himayə etmək məqsədilə ifrat fikirlərlə çıxış edən bəzi səhabələri bundan çəkindirir və İslam birliyinin dağılmamasını onlara xatırladırdı. Bu baxımdan imam Əli (ə)-ın vücudunu xəlifələr hökuməti üçün bir qənimət hesab etmək olar. İmam hamıdan yaxşı bilirdi ki, fitnələr dəryasıında dözmək, bu fitnələrdə qurucu və yaradıcı amilləri ölçüb-biçməklə irəliləmək lazımdır, sonra isə müəyyən mövqedən çıxış etməyi ağıllı və məsləhət üzrə görür, bunu nəticəsiz və tələsik hərəkətə üstünlük verirdi. Məgər özünün haqq olduğunu bilən şəxs necə olursa olsun, haqqını almaq üçün mütləq qiyammı etməlidir? Əsla! Belə isə, şəkk-şübhə etmədən deməliyik ki, Əli ibn Əbi Talib (ə)-ın belə bir mövqedə durmasına səbəb olan yeganə amil camaatın onu himayə etməməsi olmuşdur. Müsəlmanların zahiri bağlılıqları Peyğəmbəri-Əkrəm (s)-in qiymətli və ağır mirası idi və Əli ibn Əbi Talib (ə) müstəqil cinah yaratmaqla həmin bağlılığı süstləşdirib, daha mühüm məsləhəti unutmağı və nəticədə fitnə-fəsadın törənəcəyini rəva bilmirdi. O həzrəti hökumət müqabilində başqa cinahın yaranmasına dəvət və təşviq edənlər düşüncəli və uzaqgörən adamlar deyildilər. Hərçənd, İbn Abbas kimi bəziləri də xeyirxahlıq məqsədi güdürdülər. Şübhəsiz, o zaman Əlidən (ə) tərəfdarlıq səsi geniş ixtilaf yaradar təfriqəni şölələndirər, pusquda duran xarici düşmənlərin xeyrinə olaraq mərkəzi hökumətin qüdrətini süstləşdirərdi. Bu incə məsələyə daha artıq diqqət yetirmək lazımdır ki, həqiqətdə, müsəlmanların birliyini dağıdan Əlinin (ə) haqqını tələb etməsi deyil, əksinə onun müxaliflərinin xilafəti ələ keçirməkdə ciddi cəhdləri, simiclikləri idi ki, bu da, haqqı tələb etmək üçün mümkün olan yolları bağlayır, ümmətin arasında işini ixtilaf yaradır. Bu incəlik isə bir çox yazıçı və tarixçilərin nəzərindən qaçmışdır, onlar hətta öz kitablarında yazmışlar ki, Əli ibn Əbi Talib (ə) həmişə xəlifələrin hökuməti ilə mübarizə aparmaq fikrində olmuşdur. Lakin xəlifələr ona xatırladırdılar ki, İslamı qoruyub-saxlamaq üçün belə qərardan dönsün. 2. HƏSƏD, ƏDAVƏT VƏ KİN-KÜDURƏTDƏN AMANDA QALMAQ Bu amil Əlinin (ə) tək-tənha qalmasında o qədər təsirli idi ki, əhli-sünnə alimlərindən biri bu məsələ ilə bağlı belə yazır: "Mən ustadımdan soruşdum: "Əlinin tərcümeyi-halına çox təəccüb edirəm: bu müddət ərzində Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra, Qüreyşin ona bu qədər ədavət və kin-küdurətbəsləməsi ilə belə necə sağ qaldı?” Ustadım dedi: "Əgər o, özünü o qədər kiçiltməsəydi və sükut etməsəydi, şübhəsiz, öldürülərdi. Bu isə onu yadlardan çıxarıb, ibadət, namaz və Quran oxumağa məşğul etdi, öz ilkin məramından ayrıldı, qılıncını unutdu və rahib kimi dağlarda dolandı. O, dövrün hakim dairəsinə qarşı çıxmadığı, onların müqabilində sükut etdiyi üçün onu azad buraxdılar. Əgər belə etməsəydi, onu qətlə yetirərdilər. Necə ki, Xalid ibn Vəlidin vasitəsilə onu öldürmək istəyirdilər.” Bu əhli-sünnə tədqiqatçısı başqa bir yerdə isə belə yazır: "Əli ibn Əbi Talib xilafət kürsüsündə əyləşdiyi gün İslam Peyğəmbərinin (s) vəfatından iyirmi beş il keçirdi. Bu müddət ərzində ədavət və kin-küdurətlərin yaddaşlardan silindiyi təsəvvür olunurdu. Lakin bu təsəvvürün əksinə olaraq Əlinin müxaliflərinin ruhiyyəsi dəyişilməmişdi, ona qarşı Peyğəmbərin həyatı və ondan sonrakı dövründən qalan ədavət və kin-küdurətlər azalmamışdı. Hətta İslam meydanında qanlı hadisələri, Əlinin "Bədr”, "Ühüd” və sair müharibələrdəki qəhrəmanlıqlarını müşahidə etməyən Qüreyş cavanları və yeniyetmələri belə, öz ata-babaları ürəklərində qarşı qatı kin və kimi ona ədavət bəsləyirdilər” 3. CAHİLİYYƏT DÜŞÜNCƏLƏRİ Əli ibn Əbi Talib (ə) İslamı əbədi və dünyamiqyaslı bir din bilirdi və ərəblərin onu irqi bir ayin və ərəb hökumətinin vəsiləsi hesab edəcəyindən həmişə nigaran idi. Bəlkə də fikirləşirdi ki, şəraitin mövcud olmadığını və müxaliflərin əks-təbliğatlarını nəzərə almaqla oğlu olmayan İslam Peyğəmbərinin canişinliyi ilə onun qiyamı tədriclə ata-babalarının dinini tərk və İslamı qəbul etmək istəyən qövmün gözündə "irsi səltənət” və "irqi hökumət” kimi təbir edərək, İslamın dünya miqyasında yayılmasına mane olacaqdır. Məhz bu düşüncəyə görə, Peyğəmbər (s) "Qədir-Xum”da risaləti tamlamaqla bağlı ayə nazil olduqdan sonra, ilk öncə əmisi oğlu Əlinin (ə) canişinlik məsələsini elan etdi. O həzrət bilirdi ki, bəziləri həsəd və paxıllıq, bəziləri nadanlıq, bəziləri isə rəyasət və məqam arzusu ilə bu məsələni asanlıqla qəbul etməyəcəklər. Bu təhlükə o yerə gəlib çatmışdı ki, əgər Peybəməbəri-Əkrəm (s) Allah tərəfindən himayə olunmasaydı, "Qədir” hadisəsindən sonra bəziləri ona sui qəsd edəcək, ona və İslam ümmətinə çətinliklər törədiləcəkdi. Bu təsəvvür Həzrətin vəfatından sonra özünü göstərdi. İkinci xəlifə, İbn Abbasla danışıqlarında məhz bu məsələyə toxunaraq dedi: "Camaat Allahın Rəsulunun vəfatından sonra xilafəti siz Əhli-beytdən kənarlaşdırdı. Çünki onlar nübüvvətlə xilafət məqamını yalnız bir xanədana nəsib olduğunu istəmirdilər.” Bu amildən doğan digər çətin və əzabverici məsələ Əlini (ə) vəzifəpərəstliklə ittihamlandırmaq idi. Hərçənd, hökumət başındakılar çox gözəl bilirdilər ki, Əli ibn Əbi Talib (ə) fikirləşmədən və xilafət məqamını bu sadəliklə əldə etmək ardınca düşməyəcək. Dəfələrlə onu tənə ilə incidərək, xilafətə həris olduğunu deyirdilər! Elə "səqifə” yığıncağı günlərində də Əbu Übeydə Cərrah o həzrətə "Ey Əbu Talibin oğlu! Sən xilafətə nə qədər hərissən!” – dedikdə, Həzrət cavabında buyurmuşdu: "Allaha and olsun ki, siz daha hərissiniz, halbuki bu mövqedən uzaqsınız. Mən isə ona daha layiq və yaxınam. Mən öz haqqımı tələb edirəm, lakin siz (mənimlə onun) mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, mənə mane olursunuz!” Bu dövr ötüb-keçdikdən sonra o həzrət özünü siyasi böhranlardan kənarlaşdırsa da, Müaviyə tərəfindən xəlifələrə qarşı həsəd, ədavət və düşmənçiliklərə məruz qaısada, habelə xəlifə Osmanın öldürülməsinə mane olsa da, bu işdə əlbir olması ilə ittihamlandı. 4. DÖZÜLMƏZ XÜSUSİYYƏTLƏR Təbiidir ki, hələ də canlarında nadanlıq qanı qalan və camatı çürümüş nadanlıq təfəkkürləri ilə qruplaşdıran Əlinin (ə) müasirləri üçün o həzrət kimi fərdi hökuməti qəbul etmək asan deyil, başqasını hökumətə seçməyi – bütün xüsusiyyətələrə malik olsa da belə – sevmirdilər. O həzrətin həyat yoldaşı Fatimeyi-Zəhra (ə.s) bu məsələ barədə buyurmuşdur: "Əbul-Həsənin (Əli (ə)) nə eybi vardı?! Nə üçün ona irad tutdular?! Allaha and olsun! Onun iradı (müşriklərin bədəninə endirdiyi) iti qılıncı, (düşmənlərə qarşı) yenilməz zərbələri və Allah yolunda şiddətli qəzəbi idi.” İmam Əli (ə) heç bir kəsə və heç bir şeyə görə haqqı unutmadı. Camaat onun ədalətindən və zülmkarlara qarşı qəzəbindən o qədər qorxurdular ki, Peyğəmbəri-Əkrəm (s)-ə qarşı belə deyildilər. Şübhəsiz, Əli (ə) bütün bu dərsləri Peyğəmbər (s)-dən öyrənmişdi. Lakin Peyğəmbər (s)-lə müasir olan camaatın əksəriyyətinin təsəvvürü bu idi ki, o həzrət dinini yaymaq və müxalifləri cəlb etmək üçün qisas almaq, və sərtliklə müqayisədə mülayimliyə daha çox üstünlük verirdi. Bundan əlavə, Rəsuli-Əkrəm (s) özü qanun verirdi və əgər bir hökmü ləğv etsəydi, yaxud qərar çıxarsaydı və ya bir şeyi əmr, yaxud onu qadağan etsəydi, bütünlükdə Allah tərəfindən tam ixtiyara malik idi. Halbuki onun vəsi və canişinini vilayəti çərçivəsində özünü Peyğəmbər (s) kimi qanunverən yox, əksinə o həzrətin qanunlarının icraçısı bilirdi. Bu məsələləri nəzərdə saxlamaqla məlum olur ki, Əli ibn Əbi Talib (ə)-ın hakimiyyətinə mövcud şərait olmaması o həzrəti səbir və dözümə vadar edirdi. Onun müasirlərinin keçmiş hadisələr və zülmlərlə bağlı acı xatirələri olsa da, incəliklərdə belə diqqətli olan ədalətli bir fərdin hökumət başında əyləşməsinə elə də rəğbət göstərmirdilər. Tarix göstərdi ki, onlar Əli (ə)-ın ədalətini qəbul etmək üçün, gərək çox illər zülmün təmini dadaydılar. Həzrət 25- ildən sonra xilafətə çatdıqda, elə bu dəstədən olan bir neçə nəfərin hiylələri, vəzifə və məqam düşkünlüyu və dünyapərəstliyi Əli ibn Əbi Talib (ə)-ın hakimiyyətinin bərqərar edilməsi ilə bağlı Peyğəmbər (s)-in arzusunun gerçəkləşməsini çoxlu problemlərlə üzləşdirdi. Birinci və ikinci xəlifənin hakimiyyət dövrü qurtardıqdan sonra da müəyyən səbəblər üzündən Əli ibn Əbi Talib (ə)-ın xilafəti üçün şərait hələ də mövcud deyildi. O həzrətin bu zaman 46 yaşı vardı. Bu dəfə isə artıq onun cavanlığının bəhanə gətirilməsinə yer qalmamışdı. Ona qarşı irqi təəssüb və qəbilələr ədavəti müəyyən qədər azalmış, şəxsiyyəti daha yaxşı tanınmışdı. Əlidən (s) himayə və tərəfdarlıq ehtimalı keçmişlə müqayisədə güclü idi. Bununla belə, ikinci xəlifənin xilafəti şuraya tapşırmaqla əlaqədar siyasəti o həzrətin qalma-qalsız qəti, hakimiyyəti üçün bütün yolları bağladı: Osman ümumxalqın azacıq belə, müqaviməti olmadan xilafət kürsüsündə əyləşdi! Bunun səbəbi camaatı şuranın hökmünü qəbul etməyə məcbur edən ikinci xəlifənin öz yerinə canişin təyin etməkdəki üslubundan əlavə, Əli (ə) ilə Osmanın ruhiyyələrinin müqayisəsi idi. Osman yaşının çoxluğundan (68 yaş) əlavə, İlahi hökümlərdə laqeydlik, iradəsində süst və zəif, rahatlıq və qohumpərəstlik, tərəfdarlarına qarşı səxavətlilik kimi xüsusiyyətlərlə tanınırdı. O zaman müsəlmanlar ikinci xəlifənin sərtlik və ciddi qanunçuluğundan artıq təngə gəlmiş, yeni açılmış iqlimlərin sərvətindən və bol təravətli nemətlərindən bəhrələnmək arzusunda idilər. Əgər bir tərəfdən Əli ibn Əbi Talibin (ə) bəzi tərəfdarları ona hücum edirdilərsə, digər tərəfdən Bəni-Üməyyə tayfası xilafət libasını özlərindən olan bir nəfərə geyindirmək üçün çalışırdılar. Həmin şəxs isə xilafət şurasının üzvü və Əlinin (ə) rəqibi Osmandan başqası deyildi. Əgər müsəlmanların üçüncü xəlifəsi də həyatını təbii ölümlə dəyişsəydi və Mədinənin siyasi durumu adi vəziyyətdə olsaydı, dövrün hakim dairəsində nüfuzu olan mal-dövlət, vəzifə və məqam düşkünləri hələ də Əli ibn Əbi Talib (ə)-ın hakimiyyətinə razılıq verməzdilər. Əgər başqa bir şura təşkil olunsaydı belə, yenə həzrətin xilafətinin əleyhinə əlbir olacaqdılar. Bəlkə də iş şuraya çəkilməyəcək, Bəni-Üməyyənin nüfuzlu şəxsiyyətləri Osmanı öz bəyəndikləri şəxsi seçməyə məcbur edəcəkdilər. Necə ki, birinci xəlifə, Ömər ibn Xəttabı öz yerinə təyin etdi və xilafəti şuraya tapşırmadı. Osmandan sonrakı zamanlara gəldikdə isə, əgər xalq hərəkatı və insani qüvvələr olmasaydı, (Əli (ə)-ın özünü xilafətə əsla namizəd etmədiyinə diqqət yetirməklə yanaşı) Təlhə, Zübeyr, Əmr ibn As və Müaviyə kimilər Əli (ə)-ın ədalətindən, habelə Osmanın vaxtında müsəlmanların beytül-malından özlərinə götürdükləri mal-dövlət və əmlakın geri qaytaracağından qorxduqları üçün o həzrətin xilafətə çatmasına mane olacaqdılar. Bunlardan əlavə, hökumət işçiləri arasında böyük nüfuza malik olan imam Əli (ə)-ın ağır düşməni və Əbu Bəkrin qızı Ayişə ölməyə o həzrətin dövründə yaşamağa üstünlük verirdi. Bu vəziyyətlə Əli ibn Əbi Talibin (ə) xilafət və hakimiyyəti üçün heç bir zəmin yox idi. Əbdül-Həmid Mədaini yazır: Əgər doğrudan da, Əli, Peyğəmbəri-Əkrəm (s)-in həqiqi canişini olduğuna inanırdısa, dərhal öz haqqını müxaliflərdən alar, heç olmazsa, camaatı oyadar, agah edər və onlara deyərdi: "Ey camaat! Hələ Peyğəmbər (s)-in vəsiyyətindən çox keçməyib, o, sizə mənə itaət etməyi göstəriş verib, özündən sonra məni sizə xəlifə seçib, bu vəsiyyətin əksini göstərən bir söz də deməyib. Belə isə nə üçün məni tərk edirsiniz?!” Əgər bir imamiyyə şiəsi "Əli qətlə yetirilməkdən qorxmasaydı, Peyğəmbərin vəsiyyətinə əsaslanardı!” – deyərsə, biz belə cavab verərik: "Bəs, nə üçün beyətdən imtina etdikdə, qətlə yetirilməkdən qorxmadı?! Halbuki, onu zorla beyət etməyə çəkib apardılar! O, bəzən Peyğəmbəri-Əkrəm (s)-in, bəzən əmisi Həmzənin, bəzən qardaşı Cəfərin qəbrinə sığınır, bəzən də ənsar qruplarından kömək diləyirdi!” Bu alim bir neçə nöqtəyə diqqət yetirməmişdir. O cümlədən: a) Əli ibn Əbi Talib (ə)-ın öz haqqı ilə bağlı heç bir söz deməməsi tarixi həqiqətin tam əksini göstərir. b) Əgər hiylə, təxribat və zəhərli tədbirlərin ardınca bir fərdin hakimiyyəti üçün ictimai şərait hazırlanmayıbsa, camaata öyüd-nəsihətin nə faydası vardır?! v) Əli (ə)-ı sükut və səbrə vadar edən ölümdən qorxmaq deyildi; əksinə o, İslama heç bir nəticə bağışlamayan ölümdən qorxurdu. Həqiqətdə, bəzi yaşlı və təcrübəli səhabələrin Peyğəmbər (s)-in canişinliyini öhdələrinə götürməsi üçün sərtlikləri ilə yanaşı səy edib və çalışmaları Peyğəmbər Əhli-beytinin hökumətdən kənarlaşdırılmasına dair möhkəm qərarın şahididir. Peyğəmbər (s)-in kürəkəni Əli ibn Əbi Talib (ə) bu həqiqətdən çox gözəl agah idi. Bəlkə də bu məsələ onu öz haqqını ciddi şəkildə müdafiə etməkdən saxlayırdı. Hətta öz evinin yandırılmasına belə səbir edib dözdü, çünki müxaliflərinin vəzifə və məqam düşkünlüyünü yaxından görürdü. Əgər haqqını azacıq belə, müdafiə etsəydi, onların daha sərt, daha təhlükəli rəftarları ilə üzləşəcəkdi. Peyğəmbər (s)-in vəfatı zamanı müxaliflər o həzrəti siyasi vəsiyyət yazmağa imkan vermədilər, hətta az qalırdı ki, o həzrətin risalətinədə irad tutsunlar. Buna əsasən, hər zaman Əli ibn Əbi Talib (ə) öz haqqını tələb etsəydi, sözsüz, dağıdıcı, viranedici müharibə baş verərdi ki, nəticədə nə Əli (ə)-ın, nə də müxaliflərin ordusundan bir kəs qalardı. Bu vaxt isə, artıq Peyğəmbərin hökuməti müşriklərin və mürtədlərin əlinə keçəcəkdi. Halbuki, Əli (ə) hökuməti ələ keçirməyə rəğbət bəsləmirdi. Əlbəttə, onun sayəsində haqq-ədalətin bərpa edilməsi və zülmün qarşısının alınması fikrindən yayınmasa da, o zaman bu məqsədin gerçəkləşməsi uğrunda bir çoxları iddia edirdilər. Belə bir mövqedə Əli (ə) silahlı qiyam və güc tətbiq etməklə haqqını tələb etsəydi, aşağıdakı nəticələr baş verə bilərdi: 1. O, bu meydanda onun imamət və rəhbərliyinə canla-başla inanan, onu himayə edən əziz dost və səhabələrini əldən verəcəkdi. Əlbəttə, onların şəhadəti ilə haqq öz yerini tapsa da, onların əsas məqsəd uğrundakı fədakarlıqları elə də təəssüflü olmazdı. Lakin gələcək bəhslərdə qeyd edəcəyik ki, onların qətlə yetirilməsi ilə haqq sahibinə qayıtmırdı. 2. Onlar qətlə yetirildikdən sonra Əli (ə)-ın xilafətə çatmasına razı olmayan bir çox səhabələr öldürüləcək, nəticədə müsəlmanların mərkəzdəki qüdrəti zəifləyəcəkdi. Bu qrup səhabələr rəhbərlik məsələsi ilə bağlı Əli (ə)-ın müqabilində mövqe seçsələr də, başqa işlərdə o həzrətlə heç bir ixtilaf etmir, şirk, bütpərəstlik, məsihi və yəhudilik qarşısında böyük qüdrət sayılırdılar. Bu zaman müsəlmanların zəifliyi nəticəsində İslamın qayda-qanunlarının hələ də kamil şəkildə nüfuz etmədiyi uzaq məntəqələrdəki qəbilələr mürtəd olub və İslam müxaliflərinə qoşulacaqdılar. Çox ehtimal verilirdi ki, müxaliflərin qüdrəti və mərkəzdə həqiqi rəhbərin olmamağı nəticəsində tövhid çırağı həmişəlik sönsün. Bu məsələlər səbəb olurdu ki, Əli ibn Əbi Talib (ə) hər dəfə söhbətə şərait yarandıqda, yalnız özünün zülmə məruz qalmasını izhar etməklə kifayətlənsin, inqilab edəcəyinə qarşı hakim dairələri ondan artıq qorxu və həyəcan içərisində qərar verməsin. O, yaxşı bilirdi ki, beyət etməməsi inqilab və hərəkatla nəticələnmədiyi təqdirdə, hakim dairələr tərəfindən onu və tərəfdarlarını ciddi təhlükə təhdid etməyəcəkdir. Əli ibn Əbi Talib (ə) üç mərhələdən ibarət olan hərəkatdan (1-inqilab; 2-inqilab və yürüşə səbəb olan söhbət və çıxışlar; 3- ümumxalqın təfəkkürünü oyadaraq haqqı açıqlamaq və haqqının tapdalanmasını bildirmək) yalnız üçüncü mərhələni məsləhət gördü. Çünki ilk iki mərhələ üçün şərait mövcud olmadığından əlavə, məsləhət də onu nəticəsiz göstərirdi. İzzuddin Əbu Hamid Mötəzili bu məsələ haqda yazır: "Əli (ə) öz ürəyində xilafətlə bağlı bir sıra əzabverici və dərdli məsələlər saxlayırdı ki, Ömərin qüdrəti və sərtliyi üzündən onu (Əbu Bəkr və Ömərin xilafəti dövründə) xalqa çatdıra bilmirdi. Ömərin ölümü, şuranın təşkil edilməsi, eləcə də Əbdür-Rəhman ibn Ovfun Əlidən üz döndərib, Osmana səs verməsindən sonra həmin dərdli məsələləri açıb bəyan etdi.” Görəsən, Əbdür-Rəhman Mədainin dediyi kimi, Əli (ə) ikinci mərhələ və üsluba (yürüşə səbəb olan söhbətlərə) əl ataraq hökumət rəhbərliyi ilə danışığa başlamalıydımı?! Görəsən, bu zaman Əli (ə) dövrün hakim dairələrinin əleyhinə yürüşə səbəb olacaq söhbətlər etdikdə, onlar sakit qalacaqdımı?! Bu vaxt Əli (ə) hansı hədəfinə çatacaqdı?! Əli ibn Əbi Talib (ə) bilirdi ki, ilk iki üslub İslamın aradan getməsindən başqa bir nəticə verməyəcəkdir. Qabaqcadan Allahın Rəsulu (ə) ona buyurmuşdu ki, məndən sonra ümmət sənə xəyanət edəcək. Əgər səhabələrin olsa, qiyam et, əks təqdirdə sükut et!... O həzrət bir gün öz səhabələrindən istədi ki, sabah sübh tezdən hamılıqla, başları qırxılmış halda, onun yanına gəlsinlər. Ertəsi gün yalnız bir neçə nəfər gəlmişdi. Buradan məlum olur ki, Həzrətin tərəfdarları içərisində hamı şəhadət həddinə qədər onu himayə etmir. Bunlardan əlavə, görəsən, o dövrün camaatı Peyğəmbəri-Əkrəm (s)-in öz əmisi oğlu Əli (ə) haqda bütün buyruqlarını tam unutmuşdularmı ki, həzrət Əli (ə) mütləq öz haqqını bəyan edərək camaatı bir-bir oyatsın?! Onların Əli ibn Əbi Talib (ə)-dan kənarlaşması o həzrətin yüksək mənəvi məqam və dərəcəsinə tam məlumatsızlıqları ucbatından deyildi ki, Həzrət söhbət etmək və öz haqqının tapdalanmağını açıqlamaqla onları ayıltsın və onlar da o həzrətdən tərəfdarlıq edərək qiyama əl atsınlar. Onun vəzifəsi Peyğəmbəri-Əkrəm (s)-in besətinin ilk günlərindəki vəzifəsi kimi deyildi ki, çarəsizlikdən besətə şərait hazırlamaq və İslamı yaymaq məqsədilə özü üçün dost və hami axtarıb tapsın. Peyğəmbər (s)-dən sonra Əli ibn Əbi Talib (ə)-ı özünə rəhbər bilmək istəyənlər onu yaxşı tanıyır və başqasına tabe olanlar da, sözsüz, o həzrətin öyüd-nəsihəti nəticəsində birdən onu himayə etməyə qalxmayacaq və müxalifət düşüncələrini azaltmayacaqdılar. Şübhəsiz, əgər o həzrət camaatı hər şeydən əvvəl, onu müdafiə etməyə çağırırdı, lakin müxalifləri onun və Əhli-beytin haqqını tapdalamaqda çox çalışırdılar. Çünki camaatın onun zülmə məruz qalması üçün etdiyi fəryadlara müsbət cavab vermədiklərinə diqqət yetirməklə yanaşı, dövrün hakim dairəsi o həzrətin xalq tərəfindən himayə olunmadığını yaxşı bilirdi. Əgər o həzrət bəzən öz haqqından və xalqın əyri yolda olduğundan söz açırdısa, səbəbi bu idi ki, höccət onlara tamamlansın, hakim dairələr, bəlkə də bütün camaat bilsinlər ki, onun sükutu, səbir və dözümünün səbəbi ölümdən qorxmaq, eləcə də hökumətin qanunauyğun olduğunu təsdiqləmək deyildir. Məhz bu səbəbdən də həyat yoldaşı və iki oğlu ilə birlikdə ənsar qrupunun evlərinə gedir, onları yaramaz işlərinə görə danlayır və Rəsuli-Əkrəm (s)-in Əhli-beytini himayə etməyə dəvət edirdi. Bu, onların yatmış ruhunu oyatmasa da, ən azı Əlinin (ə) müxaliflərilə İslam Peyğəmbərinin (s) Əhli-beytinə rəva görülən zülmə şərik olmamalarına və bunu tərk etmlərinə səbəb olurdu. Bir dəfə bir nəfər Fatimeyi-Zəhra (ə.s)-dan "Əlinin imaməti üçün İslam Peyğəmbərinin söhbətlərindən bir dəlilin varmı?” – deyə soruşduqda, xanım buyurdu: "Təəccüb edirəm! Yoxsa əzəmətli "Qədir-Xum” hadisəsini unudubsunuz?! İslam Peyğəmbərinin (s) belə buyurduğunu eşitdim: "Sizin içərinizdə özümə canişin təyin etdiyim Əli ən yaxşı insandır. Əli məndən sonra imam və xəlifədir. İki oğlum Həsən və Hüseyn, (eləcə də) Hüseynin övladlarından doqquz nəfər pak və yaxşı imam, rəhbərlərdir. Əgər onlara itaət etsəniz, sizi hidayət edər, əgər onlara qarşı çıxsanız, sizin aranızda ixtilaf və təfriqə qiyamət gününə qədər davam edəcəkdir.” Həmin şəxs soruşdu: "Bəs, nə üçün Əli sükut edib, öz haqqını tələb etmədi?” Xanım cavab verib buyurdu: "Atam Rəsuli-Əkrəm (s) belə buyurmuşdu: "İmamın məsəli Kəbə kimidir. (Belə ki,) Kəbə camaatın ətrafına yox, camaat onun ətrafına dolanmalı, təvaf etməlidir.” Əli ibn Əbi Talibin (ə) siyasətinin çətinliyi bu idi ki, bir tərəfdən müharibə odunu qızışdıran müxaliflərlə üzləşərək müsəlmanların birliyinin dağılmaması uğrunda çalışmalı, digər tərəfdən isə sükutu, səbir edib dözməsi ilə hakim dairənin təsdiqinə səbəb olmamalı, Peyğəmbər (s) canişininin rəy sorğusu, ümumxalqın vasitəsilə təyin edilməsinin bidət olduğunu hamıya çatdırmalı idi. Əgər bu gün dövrün hakim dairələri və onların üsullarına etiraz edilməsə, gələcək nəsil də elə güman edəcək ki, Rəsuli-Əkrəm (s)-dən sonra hakimlərin icra etdikləri hər bir şey səliqələri nəzərə almaqla o həzrətin məqsədlərinin icrası deməkdir, nəticədə onların hökmü Peyğəmbər (s)-in sünnəsi kimi möhtərəmdir və bütün insanlar onun əsasında əməl etməlidirlər.” Əlinin (ə) xəliflərin dövründəki sönük fəryadları gələcək nəsilə öz təsirini bağışladı: onlar başa düşdülər ki, keçmiş xilafət zülm, ədalətsizlik üzərində qurulmuş və xəlifələrin səliqə adlandırdıqları ixtilaf həqiqətdə Peyğəmbər (s) sünnəsini dəyişdirmək, ona əks çıxmaq deməkdir. İmam Əli (ə) "Şiqşiqiyyə” xütbəsində əvvəlki xəlifələrin xilafətini aydın şəkildə qəsbi adlandırmış və bir yerdə buyurmuşdur: "...Dinin başçıları olan imamlar Haşimdən yaranmış qüreyşlərdir. İmamlıq və xəlifəlik onlardan qeyrisinə layiq deyil, onlardan başqa xəlifələrin vilayət (rəhbərlik) məqamına səlahiyyətləri yoxdur!” O həzrət dəfələrlə buyurdu: "İlahi! Qüreyş və onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm! Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər, mənim məqam və dərəcəmin böyüklüyünü kiçik saydılar və mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün əlbir oldular.” Həmçinin "Cəməl” müharibəsindən öncə belə buyurmuşdur: "Allaha and olsun! Mən Peyğəmbər vəfat edəndən bu günə qədər həmişə öz haqqımdan məhrum edilmiş, işimdə tək-tənha qalmışam!” |