ZAMANIN TƏLƏBLƏRİ
Zamanın tələbləri mühitin, cəmiyyətin və yaşayışın tələbləri deməkdir. Bəşər şüur, yaradıcılıq və seçim qüvvəsilə silahlandığına və yaxşı yaşamağa meylli olduğuna görə iqtisadi, ictimai və mənəvi ehtiyaclarını təmin etmək üçün daima yeni-yeni düşüncələri, fikirləri, amilləri və vasitələri həyatına daxil edir. Daha mükəmməl amillər və vasitələrin gəlişi, istər-istəməz köhnə və naqis amillərin sıradan çıxması və insanın yeni amillərə və onun tələblərinə bağlı olması ilə nəticələnir. Bəşərin bir sıra maddi və mənəvi ehtiyaclara bağlılığı, bu ehtiyacları dəf edən amillərin və vasitələrin ardıcıl dəyişkənliyi və onların, öz növbəsində bir sıra yeni ehtiyaclara səbəb olan daha da təkmilləşməsi və yaxşılaşması hər bir dönəmdə mühitin, cəmiyyətin və həyatın tələblərinin dəyişilməsinə və insanın özünü yeni tələblərlə uyğunlaşdırmasına səbəb olur. Bu tip tələblərlə döyüşə qalxmamalıyıq, əslində bu heç mümkün də deyildir.
Ancaq təəssüflər olsun ki, zamanda meydana gələn bütün yeni fenomenlər heç də düzgün təfəkkürlər, dolğun düşüncələr və maksimum xoşbəxt həyat üçün mükəmməl amillər və vasitələrdən ibarət deyil. Zamanı, mühiti və cəmiyyəti yaradan bəşərdir, bəşər isə heç zaman səhvsiz olmamışdır; bu baxımdan insanın yeganə vəzifəsi zaman və onun düşüncələri, ideyaları, adətləri və dəblərinə tabeçilik yox, həm də zamana nəzarət və onu islah etməkdir. Əgər insan zamanı özünə meyar götürərək tamamilə özünü zamanla uyğunlaşdırmalidırsa, bəs zamanı nə ilə uyğunlaşdırmalı və ölçməlidir?!
Dar düşüncəli insanlar "zamanın tələbləri" dedikdə, günün dəblərini düşünürlər. "Hazırkı dünya bəyənmir" cümləsi, bunların şəxsiyyətini gözdən salmaq və onları qeydsiz-şərtsiz təslim etmək üçün, hər növ nəzəri, praktiki, formal, metodoloji, eksperimental, deduktiv və induktiv məntiqdən daha təsirlidir. Bunların düşüncə tərzinə görə, müəyyən bir şey moddan düşcək (xüsusilə də qərb dünyasında), bunu "zamanın tələblərinin dəyişməsi", "tarixi məcburiyyət", "qaçılmazlıq", "tərəqqi və inkişafın məntiqi nəticəsi" adlandırmaq yetər; halbuki zaman, mühit və ictimai amillərin bəşər tərəfindən yaradıldığını, müqəddəs aləmdən gəlmədiyini bilirik. Bəşərin səhvə yol verməsi isə (qərbli olsa belə), mümkündür.
Bəşər şüuru və elmi olduğu kimi, ehtiras və nəfsani meylləri də vardır. Və məsləhətli və yaxşı yaşayış istiqamətində addımladığı kimi, bəzən sapqınlığa da düçar olur; demək zamanın da həm inkişafı və həm də sapqınlığı mümkündür; zamanın inkişafı ilə irəliləməli və onun sapqınlıqları ilə mübarizə edilməlidir.
"Azadlıq" kimi acı taleyə sahib (xüsusilə şərqdə) sözlər sırasında yerləşən "zamanın tələbləri" ifadəsi, hazırda orijinal şərq mədəniyyətini əzmək və ona qərb ruhunu təhmil etmək məqsədlilə müstəmləkəçilik aləti rolunu ifa edir. Bu adla necə sofistikalar həyata keçir və necə də bədbəxtliklər bu gözəl afişa ilə təhmil edilir!
Deyirlər, elm əsridir. Deyirik doğrudur, amma bəşərin elmdən başqa bütün bulaqları qurumuşdurmu? Və doğulanlar bütünlüklə elmin qanuni və doğma oğludurmu?! Hansı bir dövrdə elm və bilik yaşadığımız dövrdəki kimi qüvvət, qüdrət və genişliyə malik olmuşdur? Hansı dönəmdə bu dönəm kimi azadlıq - özünü əldən verərək, ehtiras divinə və eqoistlik, məqampərəstlik, pulgirlik, istismarçılıq əjdahasına məğlub olmuşdur?!
Zamanın tələblərinin dəyişməsi nəticəsində heç bir qanunun həmişəyaşar qalmamasını iddia edənlər, öncə yuxarıdakı iki predmeti bir-birindən ayırmalıdırlar. Bununla da məlum olmalıdır ki, İslamda heç bir şey yaxşı yaşayışa tərəf irəliləmənin, inkişafın əleyhinə deyildir.
Dövrümüzün problemi budur ki, hazırkı bəşər bu iki məsələni bir-birindən ayırd etməyə çox az hallarda müvəffəq olur. Ya gerilikdən yapışaraq, köhnə ilə əhd-peyman bağlayır və bununla da hər bir yeniliklə mübarizəyə qalxır və yaxud nadanlıq göstərərək zamanın tələbləri adı ilə bütün yeni fenomenə haqq qazandırır.
MÜTƏHƏRRİKLİK VƏ ZAMANLA UYĞUNLUQ
Tarixi məcburiyyət, ehtiyacların dəyişilməsi və zamanın tələbləri kimi məsələləri ortaya atılması bu qədər faydalıdır ki, bilək ki, bunları bəhanə gətirərək gözübağlı müəyyən bir qanunu məhkum və ölməzliyini inkar etmək olmaz.
Lakin aydındır ki, bu məsələlərin gündəmə çəkilməsi təklikdə əbədilik problemini həll etmir. Çünki, əbədi bir qanun, həyatın bütün dəyişkən formalarını əhatə etmək, bütün problemlərdən çıxış yolunu göstərmək və hər bir problemi xüsusi tərzdə həll etmək istəsə, mütləq bir növ dinamikliyə, dəyişkənliyə və zamanla uyğunluğa sahib olmalı və quru, durğun və qeyri-uyuşqan olmamalıdır.
İndi isə görək İslam "Muhəmmədin halalı qiyamət gününə qədər halaldır və Muhəmmədin haramı qiyamət gününə qədər haramdır" prinsipini qorumaqla həyatın ayrı-ayrı formalarında müxtəlif çıxış yollarını necə göstərmək istəyir? Bu problemə sinə gərmək üçün, İslamın qanunvericilik sistemində yəqin ki, müəyyən sirlər olmalıdır.
Bütün sirlərin mənşəyi İslamın məntiqi ruhu və onun insan fitrətinə-təbiətinə, cəmiyyətə və bütün dünyaya tam bağlılığıdır.
İslam öz qanun-qaydalarını müəyyənləşdirərkən fitrərə olan ehtiramını və fitri qanunlara bağlılığını rəsmən elan etmişdir. Məhz bu cəhət, İslam qanunlarına ölməzlik, həmişəyaşarlıq, əbədilik imkanı vermişdir.
İslamın fitrətlə bağlılığını aşağıdakı göstəricilərlə tanımaq olar:
1. Əqlin din dairəsinə daxil edilməsi: İslam qədər heç bir din əqllə sıx əlaqə qurmamış və onun "hüquq"unu tanımamaşdır. Hansı din əqli şəriət hökmlərinin qaynaqlarından biri kimi tanıtdırır? İslam fəqihləri dörd şeyi şəriət hökmlərinin mənbəyi hesab etmişlər: Kitab, Sünnət, İcma və Əql. İslam fəqihləri əqllə şəriət arasında qırılmaz münasibətin olmasını qəbul edir və bunu "Mülazimə qaydası" adlandırırlar.
Kullu ma həkəmə bihil-əql həkəmə bihişşər
"Əqlin qəbul etdiyi tərzdə şəriət hökm edir və şəriətin hökm etdiyi əqli bazisə əsaslanır".
İslam fiqhində əql həm müəyyən bir qanunu kəşf edə, həm qeydləndirə və dairəsini kiçildə yaxud genişləndirə və həm də başqa qaynaqlardan, sənədlərdən hökmlərin çıxarışı zamanı yardımçı rolunu oynaya bilər.
Əqlin müdaxilə hüququ İslamın həyatın reallıqları ilə əlaqədə olması baxımından üzə çıxır. İslam öz təlimləri üçün naməlum həll olunmaz səmavi sirləri qəbul etmir.
2. Hərtərəflilik, Quranın təbirincə "Vəsətiyyət": Hər bir qanunun və ya məktəbin təkqütblülüyü, onun ləğv edilməsinin sübutudur. İnsan həyatına təsirli və hakim amillər xeylidir. Bunların hər hansı birisini göz ardına vurmaq, istər-istəməz müvazinətsizlik yaradır. Əbədiliyin ən önəmli rüknü - maddi, psixoloji, fərdi və ictimai cəhətlərin hamısına diqqət yetirməkdir. İslam təlimlərinin hərtərəfliliyi islamşünaslar tərəfindən qəbul edilmiş həqiqətdir. Bu barədə təfsilatı ilə bəhs etməyimiz bu yazının öhdəsindən xaricdir.
3. İslam heç zaman həyatın forma, surət və zahiri haqda söz açmır. İslam təlimləri bütünlüklə bəşəri hədəflərə, mənalara qovuşduran ruha, mənaya və yola yönəlmişdir. İslam məqsəd və mənaları, və bu məqsəd və mənalara yetişmə yolunu öz dairəsində yerləşdirmiş və bu çərçivədən kənarda bəşəri azad buraxmış və bununla da sivilizasiya və mədəniyyətin inkişafına hər hansı bir zərbəni endirməkdən çəkinmişdir.
İslamda müqəddəs xarakter daşıyan və müsəlmanlar tərəfindən qorunub saxlanması vacib olan heç bir maddi əşya və zahiri forma tapmaq olmaz; bu baxımdan, elm və sivilizasiyanın inkişafının təzahürləri ilə mübarizədən çəkinmə bu dinin zamanın tələbləri ilə uyğunlaşmasını asanlaşdıran və əbədiliyin ən böyük maneəsini aradan qaldıran cəhətlərdən biridir.
4. Bu dinin son və həmişəyaşar olmasınının fitri qanunlarla ahəngdarlıqdan qaynaqlanan digər bir səbəbi də budur ki, bəşərin sabit ehtiyacları üçün sabit və dəyişilməz qanunlar nəzərdə tutmuş və onun dəyişkən şəraiti üçün dəyişkən durum proqnozlaşdırmışdır.
Öncə qeyd etdik ki, bəşərin istər fərdi, istərsə də ictimai sahədə bir sıra ehtiyacları sabit bir duruma malik olub, bütün zamanlarda eyni haldadır. İnsanın öz şəxsi meyllərini tənzimləməsindən ibarət olan "əxlaq", cəmiyyəti tənzimləməsindən ibarət olan "ədalət", öz yaradanı ilə qurduğu əlaqədən və imanını yeniləşdirməkdən və təkmilləşdirməkdən ibarət olan "ibadət" bu qəbildəndir.
Bəşərin ehtiyaclarının digər bir hissəsi isə, dəyişkən olub və qanun baxımından dəyişkən durum tələb edir. İslam bu dəyişkən tələblər üçün dəyişkən durum nəzərdə tutmuşdur. Belə ki, dəyişkən şəraiti dəyişməz və sabit prinsiplərlə əlaqələndirmişdir və sabit prinsiplər hər bir yeni və dəyişkən durumda şəraitlə uyğun ikinci dərəcəli bəndlər yaradır. Burada iki nümunə ilə kifayətlənirik:
İslamda aşağıdakı tərzdə ictimai bir prinsip mövcuddur:
﴿وَأَعِدُّواْ لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ﴾
"Düşmənlərə qarşı bacardığınız qədər qüvvə toplayın"
Bu prinsipi "Kitab" yəni Quran bizə öyrədir. Başqa bir tərəfdən sünnədə "səbq və rimayə" adlı bir sıra göstərişlər gəlmişdir; əmr edilmişdir ki, özünüz və övladlarınız at çapmağı və ox atmağı kamil şəkildə öyrənin. At çapmaq və ox atmaq o dövrün hərbi fəndlərindən və düşmən qarşısında qüvvə tolpamaq üçün ən gözəl vasitələrdən idi. "Səbq və rimayə" qanununun əsası, "Düşmənlərə qarşı bacardığınız qədər qüvvə toplayın" ayəsidir; yəni ox, qılınc, nizə və at İslam baxımından prinsipiallığa malik deyil və İslam hədəflərinin bir hissəsini təşkil etmir, prinsipial olan budur ki, müsəlmanlar hər bir dönəmdə bacardıqları qədər düşmən qarşısında hərbi müdafiə baxımından qüdrətli olmalıdırlar.
Həqiqətdə, ox atma və at çapma məharətinin gərəkli olması düşmən qarşısında güclülüyün gərəkli olmasının simvoludur, başqa bir sözlə ox atma və at çapma o dönəmdə güclü olmağın praktiki forması idi. Düşmən qarşısında qüdrətli olmağın zəruriliyi sabit ehtiyacdan doğan dəyişməz qanundur; ancaq ox atmaq və at çapmağın gərəkliliyi isə, keçici bir ehtiyacın simvolu olub, zamanın tələbləri və mədəni və texniki amillərin genişlənməsi ilə dəyişir və beləliklə, müasir silahlardan istifadənin öyrənilməsinin zəruriliyi onu əvəz edir.
Başqa bir nümunə: İslam peyğəmbəri (s) elm öyrənməyi hər bir müsəlmana vacib bilmişdir.
İslam alimləri sübuta yetirmişlər ki, İslam baxımından elm öyrənməyin vacibliyi iki yerdədir: biri iman əldə etməyin elmə bağlı olduğu yerdə; ikincisi isə, müəyyən bir mükəlləfiyətin yerinə yetirilməsinin ona bağlı olduğu yerlərdə.
İkinci dəstə barəsində deyilir, elm öyrənməyin vacibliyi hazırlıq xarakteri daşıyır; yəni insanı öz vəzifəsinə əməl etməyə hazırlamaq üçündür.
Buradadır ki, elmləri əldə etmək vaciblik və qeyri-vaciblik baxımından zamanın tələblərinə uyğun olaraq fərqlənir. Bəzi zamanlarda islami mükəlləfiyyətləri həyata keçirmək, hətta ticarət, sənaye, siyasət və s. kimi ictimai mükəlləfiyyətlərin həyata keçirilməsi üçün elm öyrənməyə o qədər də ehtiyac duyulmur, adi təcrübələr kifayətdir; lakin bizim dövrümüz kimi bir zamanda, bu vəzifələri icra etmək o qədər çətindir ki, İslamın ictimai mükəlləfiyyətlərini (kifai vaciblər) həyata keçirilməsinin mümkünlüyü uzun illər dərs və xüsusi ixtisas tələb edir. Bu yöndən siyasi, iqtisadi, texniki və s. kimi elmlərin öyrənilməsi müəyyən bir dönəmdə vacib olmadığı təqdirdə, başqa bir dövrdə vacib olur. Niyə? Çünki sabit və dəyişilməz bir qanun olan İslam toplumunun suverenliyinin, mənliyinin qorunması prinsipinin praktiki olaraq icra edilməsi indiki zamanda yalnız elm öyrənmə və onu təkmilləşdirmə yolu ilə əldə edilir. Bu vəzifəni yerinə yetirmək isə, ayrı-ayrı zaman və durumlarda eyni şəkildə deyildir.
Bu tip misallardan çox çəkmək olar.
5. İslam təlimlərinin fitrətlə ahəngdarlığını göstərən və ona əbədilik bəxş edən cəhətlərindən biri də İslam hökmləri ilə real məsləhətlər və fəsadlar arasında səbəb-nəticə əlaqəsinin olması və hökmlərin bu baxımdan dərəcələndirilməsidir.
İslamda hökmlərin bir sıra real məsləhətlər və fəsadlar əsasında nəzərdə tutulduğu və bu məsləhət və fəsadların eyni dərəcədə olmaması bildirilmişdir.
Bu cəhət, İslam fiqhində "təzahum" və "əhəmm və mühüm" adlı ayrıca bir fəslin açılmasına və müxtəlif məsləhətlər və fəsadların bir-biri ilə üzləşdiyi zaman İslam mütəxəssislərinin (fəqihlərin) işinin asanlaşmasına səbəb olmuşdur. İslam özü rüxsət vermişdir ki, belə yerlərdə ümmətin alimləri İslamın öz göstərişlərinə əsasən məsləhətlərin əhəmiyyət dərəcəsini ölçüb az əhəmiyyətli məsləhətlər qarşısında daha önəmli məsləhətlərə üstünlük verərərk özlərini çətin vəziyyətdən çıxarsınlar. Hz. Rəsuldan (s) nəql edilmişdir:
"
إذا اجتمعت الحرمتان طرحت ال الصغری للکبری"
İki haram hökm bir-biri ilə ziddiyyət təşkil etdikdə onlardan daha əhəmiyyətlisinin hökmü qalır, digərinin hökmü isə ləğv olur.
İbn Əsir ən-Nihayə kitabında bu hədisi nəql edərək deyir:
Hər hansı bir iş toplumun xeyirinə, fərdin isə zərərinə tamamlanarsa, tolumun xeyiri əsas götürülür.
İbn Əsirin söylədiyi daha önəmli məsləhətin aşağı dərəcəli məsləhətə üstünlük təşkil etməsinin nümunələrindən biridir; hədisin məzmunu təkcə bu nümunədə məhdudlaşmır.
Günümüzdə elmin inkişafı üçün zəruri sayılan cənazənin yarılması, "təzahum" mövzusuna aid olan nümunələrdən biridir. Bildiyimiz kimi, İslam müsəlmanın cəsədinin möhtərəm sayılmasını və dəfn mərasimini tezləşdirməyi lazım bilir. Başqa bir tərəfdən isə, dövrümüzdə bir sıra tibbi araşdırmalar və təlimlər bu məsələylə bağlıdır. İki məsləhət qarşı-qarşıya dayanmışdır. Aydındır ki, tibbi araşdırmalar və təlimlərin məsləhəti, meyyitin dəfnini tezləşdirmək və ona ehtiram etmək məsləhətindən daha üstündür. Müsəlmandan başqa meyyit olmadığı və ya kifayət qədər qeyri-müsəlman meyyiti olmadığı surətdə imkan qədər naməlum şəxsin cəsədindən istifadə etmək və digər xüsusiyyətləri yerinə yetirmək şərti ilə, "əhəmm və mühüm" qanununa uyğun olaraq müsəlman cəsədinin bədəninin yarılması qadağası aradan götürülür. Bu qanun da çoxsaylı nümunələrə malikdir.
6. İslam qanun-qaydalarına mütəhhərklik və zamanla uyğunlaşma özəlliyi bəxş edən və onu əbədiləşdirən xüsusiyyətlərdən biri də İslam qanunları içərisində bir sıra nəzarətçi qaydaların olmasıdır. Fəqihlər çox gözəl bir təbirlə onları "hakim qaydalar" adlandırırlar; yəni İslam hökmlərinə və qanunlarına büsbütün hökmranlıq edən qaydalar. Bu qaydalar yüksək rütbəli bir nəzarətçi kimi hökmlərə və qaydalara nəzarət edir. "Hərəc" və "la zərər" qaydaları bu qəbildəndir. Həqiqətdə İslam bu qaydalar üçün "veto" hüququ vermişdir. Bu qaydaların da maraqlı macərası vardır.
7. İslam qanun-qaydaların əbədiliyinin digər amili İslamın İslam hökumətinə və başqa deyişlə İslam toplumuna verdiyi səlahiyyətlərdir. Bu səlahiyyətlər ilk növbədə əziz Peyğəmbərin (s) öz hakimiyyətinə aid olub ondan imamların hökumətinə və digər hər bir şəri hakimiyyətə ötürülür.Qurani-kərim buyurur:
﴿النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ٍ﴾
Peyğəmbər möminlərə onların özlərindən daha çox üstünlük hüququna malikdir.
Bu səlahiyyətlərin dairəsi genişdir. İslam hökuməti yeni şərait və yeni tələblər zamanı İslamın ana prinsipləri üzərində keçmişdə əsasən olmayan bir sıra qanunlar çıxara bilər. İslam hakim qüvvəsinin səlahiyyətləri, səmavi qanunların yaxşı şəkildə icrasının, zamanın tələbləri ilə uyğunlaşmasının və hər bir dönəmin özünəməxsus proqramlarının tənzim edilməsinin lazımi şərtidir. Bu səlahiyyətlər bir sıra məhdudiyyət və şərtlərə malikdir ki, hazırda onların ətrafında söz açmaq bizim bəhsimizdən xaricdir.
Ötənki söhbətlərimizdən aydın oldu ki, bəşərin şüur və elm baxımından yetkinliyi, bütün ilahi təlimləri və qanunları qavramaq, dini irsin qorumaq, sapqınlıqlar və bidətlərlə mübarizə və dini yaymaq, təbliğ etməyə onun bacarıq dövrünün çiçəklənməsi peyğəmbərliyin sona yetməsinə zəmin yaradan ümdə amildir. Bəşərin uşaqlıq dövründə məcburi olaraq "vəhy" vasitəsilə həyata keçirilən vəzifələrin əsas hissəsini əqlin və elmin yetkinlik çağında əqli və elmi qüvvə yerinə yetirir və alimlər peyğəmbərlərin varislərinə çevrilirlər.
Hərçənd İslam başqa dinlərin ənənəsinin əksinə olaraq, ümmətin alimlərinə sinfi imtiyazlarla nəticələnən heç bir üstünlük verməməmişdir, lakin ən böyük dini rolların ifasını onların öhdəsinə qoymuşdur. İslam qədər heç bir dində ümmətin alimləri prinsipial və təsirli rola malik olmamışlar və bu İslam dininin xatəmiyyət xüsusiyyətindən irəli gəlir.
Xatəmiyyət dönəmində peyğəmbərlərdən alimlərə ötürülən ilk post çağırış, təbliğ, irşad və sapqınlıqlarla, bidətlərlə mübarizə postudur.
Bəşər toplusu bütün dövrlərdə çağırış və irşada ehtiyaclıdır. Quran tam açıqcasına bu vəzifəni ümmətin öz içərisindən bir dəstənin öhdəsinə qoyur:
﴿وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَر ٍ﴾
ِİçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!
Eləcə də sapqınlığa, təhrifə və bidətə səbəb olan amillər bütün dövrlərdə mövcud olmuş və olacaqdır, bir daha bidətlər və təhriflərlə mübarizəni öz vəzifəsi hesab edən alimlərdir. Hz. Rəsul (s) bu barədə buyurur:
"إذا ظَهَرَتِ البِدَع ُ فَعلَی العالِمِ أَن يُظهِرَ عِلمَهُ وَ مَن لَم يَفعَل فَعَلَيهِ لَعَنةُ الله"ِ
Bidətlər meydana gələrkən alimin vəzifəsi öz elmini üzə çıxarmaqdır, bu işi görməyənin isə Allahın lənəti üzərinə olsun.
Bu mübarizəni mümkünləşdirən və asanlaşdıran, əsas meyarın, yəni Quranın toxunulmaz qalmasıdır. Hz. Rəsul xüsusilə israr edir ki, onun dilindən nəql edilmiş kəlamların düzgümlük və yanlışlığı Quran miqyası ilə ölçülsün.
Orijinal mətnlərin tarixin basqınından qorunması, təfərrüatın prinsiplərdən əxz edilməsi və külliyyatın cüziyyat üzərində tətbiqi hər bir dönəmin özü ilə gətirdiyi yeni məsələlərin ortaya atılması və kəşf edilməsi, təkqütblü təmayüllərin qarşısını almaq, formalara, zahirlərə və adətlərə qapılmaqla mübarizə, orijinal, sabit və ana hökmlərin ikinci dərəcəli və nəticə qaydalarından ayırd edilməsi, mühüm və daha mühümün təyin edilməsi və üstünlüyün daha mühümə verilməsi, müvəqqəti qanunlar qoymaqda hökumətin səlahiyyətlərinin çərçivəsinin müəyyənləşdirilməsi və bir sözlə, günün tələbləri ilə müvafiq "proqram"ların tənzim edilməsi xatəmiyyət dönəmində ümmətin alimlərinin ən önəmli vəzifələrindəndir.
İslam ümmətinin alimləri daşıdıqları vəzifə və məsuliyyətə görə, öz zamanını hamıdan daha yaxşı tanıyanlar olacqdır, çünki zamanın real tələblərinin əxlaqi sapqınlıqlar və insanların ruhi tənəzzülündən ayırd edilməsi, zamana hakim ruhu və zamanın sturukturunda fəal amilləri və o amillərin hərəkət istiqamətini tanımadan mümkün deyildir.