SƏKKİZİNCİ FƏSİL 1. Müsəlman olmayanların xeyir əməlləri; 2. Mövzuya giriş; 3. Mövzunun ümumi cəhəti; 4. İslamdan başqa heç bir din qəbul edilmir; 5. İmansız yerinə yetirilmiş saleh əməl; 6. İki təfəkkür tərzi; 7. Dırnaqarası ziyalılar; 8. İfratçılıq; 9. İmanın dəyəri; 10. Küfrün cəzası; 11. Təslimin dərəcələri; 12. Həqiqi və regional İslam arasındakı fərq; 13. Saf niyyət xeyir işin qəbul edilmə şərtidir; 14. Keyfiyyət yoxsa kəmiyyət? 15. Bəhlulun məscidi; 16. Allah və axirətə iman; 17. Peyğəmbərlik və və imamlığa iman; 18. Zərər-ziyana uğrama; 19. Sıfrdan aşağı; 20. Acizlər, məzlum və zəiflər; 21. İslam filosoflarının nəzərləri; 22. Söhbətin nəticəsi; 23. Müsəlmanın günahları; 24. Təkvini və şərti qaydalar. İlahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan şəxslərin gördüyü xeyir əməllər məsələsidir. Bu gün savadlı və savadsızlığından asılı olmayaraq, müxtəlif təbəqələr arasında belə bir sual irəli sürülür ki, müsəlman olmayan şəxslərin xeyir əməlləri Allah dərgahında qəbul edilir, yoxsa yox? Əgər qəbul edilirsə, onda insanın müsəlman olub-olmamasının nə kimi təsiri vardır? Belə olan surətdə əsas məsələ insanın dünyada xeyir işlər görməsidir. Əgər biri müsəlman olmasa və ya heç bir dinə qulluq etməsə ziyana uğramayıb. Yox, əgər müsəlman olmayanların xeyir əməlləri qəbul edilmirsə və onların bütün əməlləri puç olursa və Allah yanında heç bir savab və mükafat almırlarsa, bu məsələ ilahi ədalətlə bir araya necə sığır? Bu sual eynilə İslam çərçivəsində, Əhli-beytə tabe olub-olmamaq barəsində də irəli sürülə bilər. Görəsən Əhli-beytə tabe olmayan müsəlmanın əməli Allah dərgahında qəbul edilir, yoxsa yox? Əgər qəbul edilirsə, onda müsəlmanın Əhli-beytə tabe olub-olmamasının fərqi nədir? Çünki, belə olan surətdə əsas məsələ insanın müsəlmançılığında olur və əgər kimsə əhli-beytin vilayətini qəbul etməsə, heç bir ziyana uğramır. Amma əgər Əhli-beytə tabe olmayanın əməli qəbul deyilsə, onda bu məsələ ilahi ədalətlə necə izah edilir? Əvvəllər ancaq filosoflar arasında və fəlsəfi kitablarda bəhs edilən bu məsələ, indiki zamanda bütün təbəqələrə sirayət edib. İlahi filosoflar bu məsələ barəsində belə bəhs edirdilər ki, əgər dindən xaric olan insanların hamısı ilahi əzaba düçar olsalar, onda varlıq aləmində şər çoxluq təşkil edər, halbuki əsalət və çoxluğun bədbəxtlik və şərlərlə deyil, xoşbəxtlik və xeyirlərlə olması ən qəti və aydın əsaslardandır. İnsan varlığın gülüdür və hər şey onun üçün yaradılıb. (Əlbəttə «hər şey onun üçün yaradılıb» sözündən məqsəd, adətən dar fikirli insanların başa düşdükləri şey deyil, filosofların dedikləri düzgün məfhumdur.) İndi birdən bu insanın cəhənnəm üçün yaradılması qərara alınmış olsa, yəni onların əksəriyyətinin son yeri cəhənnəmdirsə, onda Allahın qəzəbinin rəhmətindən çox olmasını etiraf etmək lazım gəlir. Çünki, insanların çoxu haqq dindən uzaqdırlar və hətta haqq dində olanlar da əməl baxımından zəlalət və azğınlıqdadırlar. Bu məsələyə filosoflar bu nöqteyi-nəzərdən yanaşırdılar. Təqribən yarım əsrdir ki, müsəlman və qeyri-müsəlman xalqlar arasındakı əlaqələrin asanlaşması, əlaqə vasitələrinin çoxalması və xalqların bir-birləri ilə dostluqlarının artması nəticəsində bu məsələ bütün təbəqələr, xüsusilə dırnaqarası ziyalılar arasında sual doğurur ki, görəsən saleh əməllərin Allah dərgahında qəbul olmasının yeganə şərti İslam və imandırmı? Onlar son əsrdə yaşamış və müsəlman olmamış, amma bəşəriyyətə çox dəyərli xidmət göstərmiş ixtiraçıların həyatlarını oxuyaraq həmin alimləri mükafata layiq hesab edir, digər tərəfdən isə əvvəllər qeyri-müsəlmanın əməllərinin puça çıxmasını fikirləşdikləri üçün çox nigaran olurlar. Beləliklə, illərlə ancaq fəlsəfə dairəsində olan bir mövzu ümumi kütlə arasına qədəm qoyur və ilahi ədalətə varid edilan irad şəklində irəli sürülür. Əlbəttə, bu irad ilahi ədalətlə birbaşa əlaqəli deyil. O, İslamın insan və onun əməlləri barəsindəki baxışına bağlıdır. Dediyimiz bu irad ilahi ədalətə belə aid olur ki, deyəsən insan, onun əməlləri və Allahın onunla bu cür rəftar etməsi barəsindəki bu nəzər və fikir, ilahi ədalət meyarlarına ziddir. Mən gənc tələbələrlə olan əlaqələrimdə bu sualın irəli sürülməsi ilə çox rastlaşmışam. Bəzən soruşurlar ki, dünyanın böyük ixtiraçıları bəşəriyyətə olan bu qədər böyük xidmətlərinə baxmayaraq cəhənnəmə gedəcəklər? Məsələn, Pastor, Edison və bu kimi ixtiraçılar cəhənnəmə, ömürlərini məscidin bir küncündə keçirən bekar zahidlər isə cənnətə gedəcəklər? Allah cənnəti ancaq bizim üçün yaradıb? Yadımdadır ki, bir gün mənim çox mömin və dindar yerlilərimdən biri Tehrana gəlmişdi və mənimlə görüşəndə həmin məsələni soruşdu. Həmin kişi Məşhəddə olan dəri-zöhrəvi xəstəxanasına baş vurmuşdu və orada xəstələrə səmimi qəlbdən qulluq edən xristian tibb bacılarını görəndə həyəcanlanaraq təsirlənmişdi. Elə oradaca zehninə bu sual gəlmiş və şəkkə düşmüşdü. Bilirsiniz ki, dəri-zöhrəvi xəstəliklərinə tutulmuş şəxslərə qulluq etmək çox çətin, ağır və ürpəşdirici bir işdir. Məşhəddə həmin xəstəxana yaradılanda çox az həkim orada işləməyə razı oldu. Orada xəstələrə qulluq etəməyə də heç kəs razı deyildi. Qəzetlərdə həmin xəstəxanada tibb bacısı işləmək üçün qüvvə lazım olması barədə elanlar verildi və bütün İranda bu işə müsbət cavab verən bir nəfər belə tapılmadı. Fransadan bir neçə nəfər «tərkidünya» xristian qız gəldi və həmin xəstələrə qulluq etməyi öz öhdəsinə götürdü. Bu qızların, hətta ata-anaları tərəfindən atılmış xəstələrə qarşı humanist rəftar və səmimi qulluqlarını görmüş həmin şəxs, çox güclü şəkildə onların təsiri altına düşmüşdü. O danışırdı ki, həmin xristian tibb bacıları uzun və geniş paltarlar geyinmişdilər və əllərində bəlkə də min dənəsi olan uzun bir təsbeh var idi, işləri qurtaran kimi zikr deməyə başlayırdılar. Həmin kişi pərişan və narahat halda soruşurdu ki, müsəlmandan başqa heç kəsin cənnət girməyəcəyi düzdürmü? Əlbəttə biz indi həmin xristian qızların bura hansı məqsədlərlə gəlmələrini və doğrudan da ancaq və ancaq Allaha görə və Allah yolunda qulluq etmək və ya digər məqsədlərə malik olmalarını araşdırmaq istəmirik. Bu işə çox nikbin olmadığımız kimi, bədbin də olmaq istəmirik.Məqsədimiz budur ki, bu kimi hadisələr bizim adamlarımızı ciddi bir sualla üzləşdirir. Mən neçə il bundan əvvəl bir cəmiyyətdə söhbət etməyə dəvət olunmuşdum. Həmin cəmiyyətdə onların öz adətləri üzrə, iştirakçılara deyildi ki, əgər sualları varsa yazsınlar, münasib bir vaxtda onlara cavab verilsin. Orada sualları bir dəftərə yazmışdılar və həmin dəftəri mənə verdilər ki, söhbətimin mözusunu onların əsasında hazırlayım. Mən gördüm ki, ən çox təkrar olunan sual budur ki, görəsən Allah müsəlman olmayan bütün insanları chənnəmə aparacaq? Pastor, Edison və Kex əzab əhli olacaqlar? Mən ondan sonra bu məsələnin, camaatın fikrini özünə cəlb etmək baxımından əhəmiyyətli olmasını başa düşdüm. Biz indi bu kitabın bu fəslində Allahın köməyi ilə bu məsələnin araşdırılmasına başlayacağıq. Amma həmin mövzuya daxil olmamışdan əvvəl, həmin mövzunun aydınlaşması üçün iki məsələni izah etməyimiz lazımdır. Bizim bu söhbətdən məqsədimiz şəxsi məsələləri araşdırmaq, məsələn Pastorun cəhənnəm əhli olub-olmamasını müəyyənləşdirmək deyil. Biz onun həqiqi fikir və inanclarının, mənəviyyatının, ruhi və əxlaqi xüsusiyyətlərinin və hətta zahiri əməllərinin nə olmasını bilə bilmərik. Bizim onunla tanışlığımız onun yalnız elmi xidmətləri səviyyəsindədir. Bu məsələ təkcə Pastora aid deyil. Ümumiyyətlə insanların müqəddəratı Allahın əlindədir. Heç kəsin, kiminsə cənnət və ya cəhənnəm əhli olub-olmaması barədə qəti fikir söyləmək haqqı yoxdur. Əgər bizdən məsələn, «Şeyx Mürtəza Ənsari o yüksək pərhizkarlıq, təqva, iman və əməli ilə mütləq cənnət əhli olacaq?» deyə soruşsalar, cavabımız budur ki, biz onun barəsində olan məlumatımız çərçivəsində onun elm və əməlində bir pislik eşitməmişik, bildiyimiz şey ancaq yaxşılıq və xeyirdir. Amma onun yüz faizlik cənnət əhli olmasını demək bizim ixtiyarımızda deyil. İnsanların ruh və batinlərindən xəbərdar olan ancaq və ancaq Allahdır və O, insanların bütün gizli sirlərini bilir və varlıqların hesabı da Ona məxsusdur. Yalnız Allah övliyaları tərəfindən son müqəddəratları bildirilmiş şəxslər barəsində fikir söyləmək olar. Bir də görürsən ki, bəziləri alimlərin ən fəzilətlisi və Allah dərgahına ən yaxınının kim olması barəsində danışırlar. Məsələn, İbni Tavus fəzilətlidir, yoxsa Bəhrul-Ulum və ya Şeyx Ənsari? Bəzən imamzadələrin hansının daha fəzilətli olmasını soruşurlar. Məsələn, Allah yanında həzrət Əbdül-Əzim əzizdir, yoxsa həzrət Məsumə (s)?! Bir dəfə müctəhidlərin birindən soruşmuşdular ki, həzrət Əbulfəzl üstündür, yoxsa həzrət Əli Əkbər? Sualı elmi şəkildə irəli sürüb müctəhidi cavab vermək məcburiyyətində qoymaq üçün ilə belə yazmışdılar ki, əgər bir nəfər imamzadələrin ən fəzilətlisinə qoyun nəzir edibsə nə etməlidir? Həzrət Əbulfəzl fəzilətlidir, yoxsa həzrət Əli Əkbər? Bu cür söhbətlərin səhv olması, müctəhid və qeyri-müctəhidin bu qism suallara cavab vermək məsuliyyəti daşımaması məlum məsələdir. Allah bəndələrinin məqamlarını müəyyənləşdirmək bizim öhdəmizdə deyil və bu işi Allaha tapşırmaq lazımdır. Kimin məqamının nə olmasını Ondan başqa heç kəs bilmir və bunu Allah tərəfindən bildirilməsə, heç kəs bilə bilməz. İslamın ilkin çağlarında müsəlmanların bəziləri müəyyən yerlərdə bu cür yersiz fikirlər bildiriblər və Peyğəbər (s) onların bu işlərinin qarşısını alıb. Osman ibni Məzun dünyadan köçəndə onun, elə evində yaşadığı və qonağı olduğu kişinin arvadı, ənsardan olan Ummu Əla adlı bir arvad Peyğəmbərin hüzurunda Osmanın cənazəsinə xitab edərək belə dedi: Cənnət sənə halal olsun. Peyğəmbər (s) Osman ibni Məzunun görkəmli şəxsiyyət olması, o həzrətin özü onun ölümündə bərk ağlaması və onun cənazəsini öpməsinə baxmayaraq, həmin arvadın bu yersiz fikir söyləməsindən qəzəbləndi və qəzəbli baxışlarla ona baxaraq belə buyurdu: Hardan bilirsən? Nə üçün bilməyə-bilməyə hökm çıxarırsan? Məgər sənə vəhy olub? Məgər sən Allah bəndələrinin hesabından xəbərdarsan? Arvad deyir ki, ey Allahın Peyğəmbəri o, sizin səhabəniz və mücahid döyüşçülərinizdən olub. Peyğəmbər (s) onun cavabında diqqət edilməsi lazım olan bir cümlə buyurur: «Mən Allahın elçisiyəm, amma mənimlə necə rəftar ediləcəyini bilmirəm.» Bu cümlə eyni ilə, Quran ayələrinin birinin məzmunudur ki, buyurur: «De ki: Mən peyğəmbərlərin birincisi deyiləm. Rəbbimin mənimlə və sizinlə nə edəcəyini bilmirəm....»(Əhqaf-9.) (Burada zehnlərdə belə bir sual yarana bilər ki, bu ayə müsəlmanlar arasında qəti və inkaredilməz olan bir şey, yəni o həzrətin qiyamətdə bəzi günahkarların bağışlanmaları üçün özünün yüksək məqamından istifadə edərək onlara şəfaət edəcəyini xəbər verməsi ilə ziddir. Hətta Quranın «Həqiqətən Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan! və ya «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq....» və bu kimi bəzi ayələri ilə də müxalifdir. Bu iradın cavabı budur ki, yuxarıdakı hədisin məzmunundan məlum olduğu kimi, ayənin mənası heç kəsin müqəddərat və aqibətinin nə olacağı və hara gedib çıxacağı heç kəsə qəti surətdə məlum deyil. İşlərin qəti aqibətlərini ancaq Allah bilir və əgər bunları başqası da bilirsə o, ilahi vəhy vasitəsi ilədir. Bəs son müqəddəratın bilinməsini rədd edən ayə, Peyğəmbər və ya hər hansı bir digər şəxsin özünə və öz əməlinə arxalanaraq müqəddəratı barəsində xəbər verməsini nəzərdə tutur. Amma Peyğəmbərin özü və ya başqalarının aqibətinin bilməsini göstərən ayələr ilahi vəhy vasitəsi ilədir.) Buna bənzər hadisənin Səd ibni Məazın ölümündə də baş verməsi nəql edilib. Həmin vaxt Sədin anası onun yatağının yanında ona bənzər bir cümlə deyəndə, Peyğəmbər (s) buyurur ki, sakit ol, öz başından Allaha aid işlər barəsində hökm çıxarma. 2. İSLAMDAN BAŞQA HEÇ BİR DİN QƏBUL DEYİL Əsas mövzumuza girişməzdən əvvəl, aydınlaşması lazım olan digər bir məsələ isə budur ki, qeyri-müsəlmanların xeyirli işləri barəsində iki cür danışmaq olar. Bu əslində iki sualdır. Onlardan biri budur ki, İslamdan başqa digər bir din qəbul edilir, yoxsa Allah dərgahında qəbul edilən yeganə din ancaq İslam dinidir? Başqa sözlə desək, insan hər hansı bir dinə və səma elçilərinin hər hansı birinə mənsub olmalıdır və bunun hansı səma dini olması fərq etmir, məsələn müsəlman, yəhudi və ya xristian və hətta zərdüşt olmaq kifayət edir, yoxsa bütün zamanlarda haqq din ancaq və ancaq bir dindir? Digər bir məsələ isə budur ki, biz haqq dinin həmişə ancaq bir din olmasını qəbul etdikdən sonra, haqq dində olmaya-olmaya doğrudan da yaxşı olan və haqq dinin təsdiqlədiyi bir əməli yerinə yetirən şəxsin dediyimiz əməlinin mükafatlandırıb-mükafatlandırılmayacağı barəsindəki sualla qarşılaşırıq. Başqa sözlə desək, görəsən saleh əməllərin mükafatlandırılmalarının şərti, haqq dinə iman bəsləməkdir, ya yox? Burada söhbət ikinci məsələdən gedir. Birinci məsələ barəsində xülasə olaraq bunu deyirik ki, bütün zamanlarda haqq din ancaq bir dindir və hamı həmin dinə tabe olmalıdır. Ziyalılıq iddiasında olan bəzi şəxslər tərəfindən son zamanlar yayılan «bütün səma dinləri mötəbər olmaları baxımından bütün zamanlarda bərabərdirlər» fikri səhv bir fikirdir. Əlbəttə, Allah peyğəmbərləri arasında heç bir ixtilaf və ziddiyyətin olmaması fikri tamamilə düzdür. Allah peyğəmbərlərinin hamısı bəşəriyyəti bir hədəf və bir Allaha doğru çağırıblar və onlar insanlar arasında ziddiyyətli firqə və qruplar yaratmağa gəlməyiblər. Amma bu o demək deyil ki, bütün zamanlarda bir neçə haqq din var və insan bütün zamanlarda onlardan istədiyini qəbul edə bilər. Əksinə, həmin sözün mənası budur ki, insan bütün peyğəmbərləri qəbul etməli və əvvəlki peyğəmbərin ondan sonra gələn peyğəmbər, xüsusilə onların ən fəzilətli və sonuncusu olan İslam Peyğəmbərinin müjdəsini verməsini və sonrakı peyğəmbərlərin özlərindən əvvəlki peyğəmbərləri təsdiqləmələrini bilməlidir. Deməli, bütün peyğəmbərlərə iman bəsləmək, hər bir dövrdə zəmanə peyğəmbərinə tabe olmağımızı tələb edir və bizim peyğəmbərlərin sona çatdığı zamanda Allah tərəfindən son peyğəmbər vasitəsi ilə gətirilən son hökmlərə əməl etməyimiz zəruridir. Bu, İslam deməkdir, yəni Allaha təslim olmaq və Onun elçilərinin peyğəmbərliklərini qəbul etməyin zərurətlərindəndir. Müasir insanların əksəriyyəti belə bir fikrin tərəfdarıdırlar ki, insanın Allaha ibadət edərək Onun tərəfindən göndərilmiş dinlərdən birinə mənsub olması və Onun göstərişlərini həyata keçirməsi kifayətdir, amma həmin göstərişlərin formaları o qədər də əhəmiyyət daşımır. Həzrət İsa (ə) da, həzrət Məhəmməd (s) də peyğəmbərdirlər, bizim xristianlıq dininə əsasən həftədə bir dəfə kilsəyə getməyimiz də düzdür, həzrət Məhəmmədin (s) dininə uyğun əməl edərək gündə beş dəfə namaz qılmağımız da! Bunlar deyirlər ki, əsas məsələ insanın Allaha imanının olması və ilahi proqramların birinə uyğun əməl etməsidir. «Əl-imam Əli» kitabının müəllifi Corc Cordaq və məşhur livanlı yazıçı Cobran Xəlil və bu kimi digər şəxslər belə ideyaya malikdirlər. Bu iki yazıçı Həzrət Peyğəmbər (s) və Əmirəl-möminin (ə), xüsusilə Əli (ə) barəsində onlara iman gətirmiş bir şəxs kimi danışırlar. (Corc Cordaqın danışığından belə məlum olur ki, o, həzrət Peyğəmbərin (s) peyğəmbərliyi və ona vəhy gəlməsinə iman bəsləyirmiş və həmçinin Əlinin (ə) tamamilə ilahi bir şəxsiyyət olmasına inanırmış. O, həzrət Əlini Həzrət İsa (ə) ilə bir sırada tuturmuş. Amma bütün bunlara baxmayaraq o, xristianlıq dinindən əl çəkməyib. Cobran Xəlil, Əli (ə) barəsində belə deyir: «Mənim fikrimcə Əli ibni Əbu Talib dünyanın ümumi ruhu ilə əlaqədə olaraq onunla söhbət etmiş ilk ərəbdir». O, həzrət Əliyə həzrət Peyğəmbərdən (s) də çox məhəbbət bəsləyirmiş. Onun Əli (ə) barəsində çox maraqlı cümlələri var. Bu cümlə də onundur: «Əli dodaqları namaz zikr etdiyi halda öldü.» O həmçinin belə deyib: «Əli öz zamanından qabaqda olub. Mən bu sirdən baş aça bilmirəm ki, ruzigar nə üçün bəzilərini öz zamanlarından qabaq yaradır.» Maraqlı burasıdır ki, bu cümlə, həzrət Əlinin özünün bir cümləsinin məzmunudur. O həzrət «Nəhcül-bəlağə»nin 149-cu xütbəsində belə buyurub: «Sabah mənim günlərimi xatırlayacaqsınız və mənim fikirlərim sizə aydınlaşacaq; məni yerim boşaldıqdan və orada başqası durduqdan sonra tanıyacaqsınız.» Bəziləri soruşurlar ki, bu iki yazıçı Peyğəmbərə (s) və Əmirəl-mömininə (ə) belə inam bəsləyə-bəsləyə yenə də necə xristian qalıblar? Onlar əgər düz desəydilər müsəlman olardılar, bəs müsəlman olmayıblarsa, deməli burada nə isə var və Peyğəmbərə (s) və Əliyə (ə) inam bəsləmələri barəsindəki sözlərində düzlük yoxdur. Bu iradı tutanların cavabı budur ki, onlar Peyğəmbərə (s) və Əliyə (ə) məhəbbət bəsləmələrini bildirməkdə yalan danışmırlar. Amma onlar dinlərə bağlılıq barəsində xüsusi təfəkkür tərzinə malikdirlər. Həmin şəxslər belə fikirləşirlər ki, insanlar müəyyən bir dinə bağlanmaq zərurətində deyildirlər və onların hər hansı bir dinə malik olmaları kifayətdir. Buna görə də onlar xristian olmalarına baxmayaraq,özlərini Əlinin (ə) tərəfdar və aşiqi hesab edir və belə fikirləşirlər ki, o həzrət də onların əqidəsində olub. Corc Cordaq belə deyir: «Əli ibni Əbu Talib camaatı müəyyən bir dini qəbul etməyə məcbur etməkdən çəkinir.» Amma biz bu ideyanı batil və puç hesab edirik. Dində icbar və məcburiyyətin olmaması tamamilə düzdür: «Dində məcburiyyət (zorakılıq) yoxdur.» Amma bu ayənin mənası bütün zamanlarda Allahın bir neçə dininin olması və bizim istədiyimizi seçmək haqqına malik olmağımız demək deyil. Hər bir zamanda ancaq və ancaq bir haqq din var. Allah tərəfindən nə vaxt şəriət sahibi olan Peyğəmbər gəlibsə, camaat onun hidayətindən istifadə etmək və ibadətlə bağlı olan və olmayan qanun və hökmləri ondan öyrənmək vəzifəsi daşıyıblar. Bu məsələ, peyğəmbərlərin sonuncusuna kimi belə olub. İndiki zamanda da, kim Allaha tərəf yol axtarmaq istəyirsə, o həzrətin dininin qanun və göstərişlərindən istifadə etməlidir. Qurani-kərim bu barədə belə buyurur: «Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Ali-İmran-85.) Burda deyilə bilər ki, ayədəki «İslam» kələməsindən məqsəd bizim dinimiz deyil, Allaha təslim olmaqdır. Bu etiraza cavab olaraq demək lazımdır ki, İslamın təslim olmaq mənasında olması düzdür və İslam dini təslim dinidir. Amma hər bir zamanda təslim olmağın bir forması olub və indiki zamanda təslim forması, Həzrət Məhəmmədin (s) vasitəsilə zühur etmiş həmin dinə tabe olmaqdır və İslam kəlməsi də naçar olaraq ancaq onda gerçəkləşir. Başqa sözlə desək, Allaha təslim olmağın zərurəti Onun göstərişlərini qəbul etməkdir və məlumdur ki, həmişə Allahın son göstərişinə əməl etmək lazımdır və Allahın son göstərişləri son ilahi peyğəmbərin gətirdikləridir. İndi əvvəla, bizim söhbətimizin ümumi xarakter daşıması və ayrı-ayrı şəxslər barəsində danışmaq istəməməyimiz məlum oldu. İkincisi, bizim söhbətimiz haqq dinin bir və ya bir neçə olmasında da deyil. Biz haqq dinin bir din olması və hamının onu qəbul etmək məsuliyyəti daşımasını da qəbul etmişik. Üçüncüsü, bəhsimiz bundadır ki, bir nəfər haqq dini qəbul etmədən haqq dinin təsdiqlədiyi və bəyəndiyi yaxşı işi görmüş olsa, həmin şəxsə gördüyü yaxşı işə görə mükafat veriləcək, yoxsa yox? Məsələn, haqq din xalqa yaxşılıq etməyi tövsiyə edərək həmin məsələni vurğulayıb. Məktəb və elmi mərkəzlər tikmək, kitab yazmaq, dərs vermək və bu kimi mədəni xidmətlər, təbabət və xəstələrə qulluq etmək və tibbi mərkəzlərin yaradılması kimi səhiyyə xidmətləri, küsənləri barışdırmaq, yoxsullar və iş qabiliyyətini əldən verənlərə kömək etmək, aşağı təbəqələrin hüquqlarını qorumaq, təcavüzkar və zor işlədənlərlə mübarizə aparmaq, məhrum siniflərin sıralarının gücləndirilməsi və peyğəmbərlərin göndərilmələrininin əsas hədəflərindən olan ədalətin bərpası, müsibət görənləri sakitləşdirmək və onlara ürək-dirək vermək və bu kimi ictimai xidmətlər hər bir din və peyğəmbərin tövsiyə etdiyi şeylərdəndir. Bundan əlavə hamının ağıl və vicdanı da bu əməllərin gözəl və bəyənilən olmasını təsdiqləyir. İndi sual budur ki, əgər müsəlman olmayan bir şəxs bu qism xidmətlərdən etsə onun üçün ilahi mükafat var, ya yox? Haqq din insanlara düz və əmanətdar olaraq yalan danışmamağı tövsiyə edir, indi əgər müsəlman olmayan bir şəxsin əməlləri həmin göstərişlərə uyğun olsa o, mükafatlandırılacaqmı? Başqa sözlə desək, müsəlman olmayan şəxslərin xəyanət etmələri ilə sadiq olmaları arasında fərq var, yoxsa onların bu əməlləri bərabərdir? Söhbətimizin indiki mövzusu budur. Adətən ziyalılıq iddiasında olanlar tam qətiyyətlə müsəlmanla qeyri-müsəlman və hətta təkallahlı ilə müşrik arasında heç bir fərqin olmamasını iddia edirlər. Onlar iddia edirlər ki, hər bir xeyir iş görmüş, xeyriyyəçilik, ixtira, kəşf və ya digər yolla xalqa xidmət etmiş şəxs Allah tərəfindən savab və mükafat alacaq. Onlar deyirlər ki, Allah ədalətlidir və ədalətli Allah, bəndələri arasında ayrı-seçkilik salmaz. Allah üçün bəndəsinin Onu tanıyıb-tanımaması, iman gətirib-gətirməməsinin nə fərqi vardır? Allah heç vaxt bir bəndəsinin Onunla dostluq əlaqəsi olmamasına görə yaxşı əməlinə göz yummaz və onun savabını əsirgəməz. Allahı tanıyaraq Onun elçilərini tanımayıb onlarla tanışlıq əlaqələri və dostluq peymanlarına malik olmayan bəndənin yaxşı əməllərini isə hədər etməz. Bunların müqabil nöqtələri təqribən bütün insanları əzaba layiq bilən digər bir qrupdur. Bu qrupun fikrincə çox az insanın qəbul olunmuş əməli və yaxşı aqibəti vardır. Bunların çox sadə bir hesablamaları var. Deyirlər ki, insanlar ya müsəlman, ya da qeyri-müsəlmandırlar. Dünya əhalisinin dörddə üçünü təşkil edən qeyri-müsəlmanlar, müsəlman olmadıqları üçün cəhənnəm əhlidirlər. Müsəlmanlar da ya şiə, ya da qeyri-şiədirlər. Müsəlmanların da təqribən dörddə üçünü təşkil edən qeyri-şiələr, şiə olmadıqları üçün cəhənnəmə gedəcəklər. Şiələrin əksəriyyəti, təqribən dörddə üçünün yalnız adları şiədir və onlar özlərinin ilkin və ibtidai vəzifələri olan və bütün əməllərinin düzgünlüyü ondan asılı olan müctəhiddən təqlid məsələsi ilə tanış deyildirlər. Təqlid edənlərin çoxu da əməl əhli deyil. Buna görə də nicat əhli olan adam çox azdır. Bu iki qrupun, yəni biri təqribən ümumi sülh, digəri isə ilahi qəzəb nümunəsi olan və qəzəbi rəhmətdən qabağa salan qrupların məntiqləri budur. Burada üçüncü bir mövqe də var və o, Qurani-kərimin məntiqidir. Qurani-kərim bu məsələdə bizə bundan əvvəl dediyimimz iki fikirdən fərqli olan yeni bir mövqe göstərir və bu üslub yalnız ilahi kitaba məxsusdur. Quranın nəzəri nə dırnaqarası ziyalıların puç düşüncələri ilə və nə də bizim üzdəniraq müqəddəsliyimizlə uyğun gəlir. Bu ilahi kitab xüsusi bir məntiqə əsaslanır ki, hər bir kəs onunla tanış olandan sonra bu məsələdəki düzgün sözün ondan başqa bir şey olmadığını etiraf edir və bu mətləb bizim bu böyük və əzəmətli kitaba olan imanımızı artırır, onun ali təlimlərinin insanların yer kürəsi çərçivəli fikirlərindən müstəqil və asimani olmasını göstərir. Biz indi üçüncü məntiqə, yəni Quranın bu məsələ və onun xüsusi fəlsəfəsi barəsindəki məntiqinə yaxınlaşmaq üçün bir-birinə zidd olan həmin iki qrupun, yəni dırnaqarası ziyalılar və üzdəniraq müqəddəslərin dəlillərini araşdıraraq onları tənqid edəcəyik. |