İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:59 PM
    BİRİNCİ FƏSİL
    İNSANİ VƏ İLAHİ ƏDALƏT
    Biz insanlar başqasına qarşı pis niyyətdə olmayan, onların hüquqlarını pozmayan, insanlar arasında heç bir ayrı-seçkilik salmayan, idarəçiliyi çərçivəsində tam bitərəfliklə davranaraq hamıya bir gözlə baxan, başqalarının münaqişə və ixtilaflarında məzlumun tərəfində olaraq zalımla düşmən olan şəxsi, bir növ kamal sahibi hesab edib ədalətli sayırıq.
    Bunun müqabilində başqalarının hüquqlarını pozan, bacardığı qədər insanlar arasında ayrı-seçkilik salan, zalımların tərəfini saxlayaraq zəif və acizlərlə düşmən olan və ya zalımlarla məzlumların münaqişəsinə etinasız yanaşan şəxsi isə zalım adlandırır və onun tutduğu yolu pisləyirik.
    Bu məsələ Allah-taala barəsində necədir? Əvvvəla, sual budur ki, insanlar barəsində ədalət kamal, zülm isə naqislik sayıldığı kimi, Allahın zatı barəsində də ədalət kamal, zülm isə naqislik sayılırmı? Yoxsa, ədalət və zülm yalnız əxlaqi məfhumlar olub insanlara aiddir, necə deyərlər, onlar şərti məfhumlardır, «nəzəri hikmət» deyil, əməli hikmət»ə aid olan işlərdən sayılır və buna görə də bəşər həyatı çərçivəsindən kənara çıxmır və onun ixtiyari əməlləri dairəsindədir?
    İkincisi, əgər ədalət və zülmün Allah-taala barəsində də həmin insani və əxlaqi mənada işlədilməsini fərz etsək, yəni əxlaqi ədalət Allah barəsində də kamal, zülm isə naqislik sayılsa, bu sual meydana çıxır ki, zülm Allah-taala barəsində əməli olaraq gerçəkliyə çevrilə bilərmi? Əlbəttə bu, Allah-taalanın zülm etməsinin qeyri-mümkünlüyü və Əşərilərin dedikləri cəhətlər, yəni «işlərin yaxşı və pisliyi, ədalət və zülmün əqli deyil, şəri olması» baxımından nəzərdə tutulmur. Bu iki cəhət, digər bir mətləbdir ki, biz sonralar onların barəsində söhbət edəcəyik. Bəli, sual Allah-taalanın zülm edib-etməməsinin mümkün olub-olmamasını nəzərə almadan və işlərin yaxşı və pisliklərinin zati olmasını, ədalət və zülmün həqiqi və gerçək məfhumlar olmalarını qəbul etmək fərzi ilə, ədalətin başqalarının hüququna riayət etmək, zülmün isə kiminsə haqqını tapdamaq olması, yəni arada hansısa haqq məsələsi olanda və kimsə ona nisbətdə sahiblik hüququna malik olanda, başqası tərəfindən həmin haqqa olan təcavüzün, haqq sahibinə nisbətdə bir növ zülm olması baxımından irəli sürülür.
    Aydındır ki, məxluqlar arasındakı əlaqələrdə onların bəzi şeylərdə bir-birlərindən üstün olmaları və ya nəyəsə sahib olub-olmamaları müəyyən bir məna verir. Məsələn Əli, öz həyat və azadlığı, həmçinin qazandığı sərvətə sahiblik və onlardan istifadə baxımından digərlərindən üstündür. Vəli də öz həyat, azadlıq və qazancı baxımından belədir. Buna görə də onlardan hər hansı birinin digərinin sahibkarlıq və azadlıq dairəsinə təcavüz etməsi zülmdür.
    İndi sual budur ki, bu məsələ Xaliqlə məxluq arasında necədir? Məxluqun hər bir şeyi Xaliqdəndir və onun bir şeydən istifadə və ona sahib olmaq haqqı Xaliqin sahibkarlıq və istifadə üstünlüyünün şaquli və yüksələn xətt boyunca, yəni Xaliqin sahibkarlıq haqqının sahibkarlıq olması, istifadədə üstünlük haqqının üfüqi xətt boyunda isə heç bir üstünlük haqqının olmamasıdır. Məsələnin aydınlaşması üçün Allahla insanın sahibliyini ata ilə oğulun mülkiyyətinə bənzətmək lazımdır. Ata oğullarının hər biri üçün ayrı-ayrı oyuncaqlar alır. Uşaqlar atalarının onlara aldığı oyuncağa nisbətdə özlərinə sahiblik və istifadə haqqı qail olurlar. Onların hər biri digərinin onun oyuncaqlarına əl vurmasını öz hüquqlarına təcavüz hesab edir. Amma görəsən uşağın həmin sahiblik və istifadə haqqı, atanın sahiblik və istifadə haqqına mane ola bilərmi? Yoxsa, həmin sahiblik elə bu sahibliyin yüksələn xətt boyunca yerləşir, onlar arasında heç bir ziddiyyət yoxdur və atanın onlardan istifadə etməsi onun öz malından istifadəsi deməkdir?
    Allah-taala mütləq sahib və malikdir və Onun öz mülkündə heç bir şəriki yoxdur. Doğrudan da heç bir şəkk-şübhəyə yol vermədən Onun barəsində belə demək lazımdır: «Göylərin və yerin hökmü Onun əlindədir. Bütün işlər axırda ancaq Allaha qayıdacaqdır.» Buna görə də Allah-taalanın dünyada etdiyi hər bir şey Onun öz malında olan istifadəsidir. Heç kəs onun müqabilində heç bir haqq, sahiblik və üstünlüyə malik deyil. Deməli, Allah-taala barəsində zülm məsələsi aradan qalxır. Amma bunun səbəbi Allahın, onu qəbih və pis olduğu üçün etməməsi və ya «işlərin yaxşılıq və pisliyi»nin Allah barəsində mənasız olması deyildir. Əsas səbəb budur ki, biz zülmün qəbahət və pisliyinin zati olmasını, işlərin yaxşılıq və pisliyinin zati olmasının, insanların işlərinə hakim olduğu kimi Allahın işlərinə də hakim olmasını fərz etsək də belə, bu məsələ əməldə Allah-taala barəsində gerçəkləşmir. Çünki heç kəs Allah müqabilində heç bir şeyə sahib olmadığı üçün burada zülm baş vermir. Deyirlər ədəbiyyatdan başı çıxan və həmişə ədəbiyyatşünasları ətrafına toplayan Seyfud-dövlə Həmədani bir gün böyük söz ustadı və Əhli-beyt şairi Əbu Fərrasın da iştirak etdiyi ədəbi məclisdə deyir: Bir beyt şer söyləmişəm, mənə elə gəlir ki, onun ikinci beytini Əbu Fərrasdan başqa bir kimsə deyə bilməz. O şerin məzmunu belədir:
    Cism sənindir və sən, dayanmadan onu incidirsən, amma qanımı birdəfəlik tökmürsən.
    Əbu Fərras fikirləşmədən belə deyir:
    Məhbub və sevgili dedi ki, əgər mən sənin sahibinəmsə, bütün ixtiyarlar mənə aiddir və mütləq malik müqabilində «niyə-nə üçün?» etmək mənasızdır.
    Şübhə yoxdur ki, biz ədalət və zülmü, işlərin yaxşılıq və pisliyinin əqli və əxlaqi olmasına əsaslanan geniş mənada nəzərdə tutsaq və Allah-taalanın işlərini da həmin yaxşı-pis çərçivəsində yozsaq və eləcə də Haqqın işlərini «başqalarının hüqüqlarına riayət etmək» baxımından ölçmək istəsək, deməliyik ki, Allah-taala bu mənada nə adil və nə də zalımdır. Çünki hər hansı bir şeydən istifadədə, ondan üstün və haqlı bir şey yoxdur ki, onun hüquqlarının riayət edilməsi ədalət, pozulması isə zülm sayılsın.
    Üçüncüsü, əgər biz ədalət və zülmün bu məşhur mənalarından daşınaraq onları şərti və ictimai əməliyyatlar dairəsinə məxsus etsək, onda görəsən geniş yayılmış həmin mənadan üstün bir məna varmı ki, ədalət və zülmü nəzəri hikmət məfhumları sırasında yerləşdirərək şərti məfhumlar dairəsi olan əməli hikmət sıralarından çıxarsın və nəticədə ədalət elm və qüdrət, yaxud heç olmasa yaradıcılıq və ruzi vermək kimi sabit və kamillik sifətlərindən, zülm isə mürəkkəblik, cismiyyət, məhdudluq və bu kimi digər mənfi sifətlərdən sayılsın?
    Daha sonra bu məsələ qarşıya çıxır ki, görəsən dünyadakı hadisələr ədalət və zülm baxımından yozulması mümkün olan məfhumlardır, yoxsa biz onları itaətkarcasına qəbul etməliyik?
    Dördüncüsü, bunların hamısından əlavə, Qurani-kərim ədalət və zülm məfhumları üzərində çox təkid edib. Görəsən Quranın bu iki məfhumdan məqsədi nədir?
    Bunlar özünün dəqiq və düzgün cavablarını tapmalı olan bir sıra suallardır.
    Qəti və şübhə edilməyən məsələ budur ki, Allahın «ədalətə əmr edən» və «ədaləti həyata keçirən» kimi tanınması, səmavi dinlərdə bəşəriyyətin Allah ilə əlaqəsinin əsaslandığı ən mühüm agahlıqdır. Məsələn, filosofların təsəvvür etdikləri Allah, o cümlədən Ərəstunun insanların yalnız ağıl və düşüncələrinə aid olub, qəlb və duyğuları ilə heç bir işi olmayan «ilk təkanvericisi» ədalət və zülm baxımından söhbətimizin mövzusu deyil. Peyğəmbərlərin vəsf etdiyi kimi, məntiqi və əqli cəhətlərə malik olmaqla yanaşı qəlb, batin və duyğularla sıx əlaqədə olan, insanın eşq və məhəbbət mübadiləsində olduğu və möhtacla ehtiyacsız əlaqəsində duyulan alim, qadir, mehriban və qayğıkeş Allahın qəti sifətlərindən biri də ədalətdir. Burada həmin ədaləti necə mənalandırmağın zərurətinə baxmalıyıq.
    Ədalət, ictimai mənada nübüvvətin hədəfi, fəlsəfi mənada isə məadın əsasıdır. Qurani-kərim peyğəmbərlərin nübüvvət və ilahi vəzifələrinin hədəfini bəyan edərkən belə buyurub:
    «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.» (əl-Hədid-25.)
    Məad mövzusu qiyamət gününün hesabı və əməllərə münasib cəza verilməsi barəsində isə belə buyurur:
    «Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə Biz kifayətik.» (əl-Ənbiya-47.)
    Quranın bir çox ayələrində Allah-taalanın zülm və sitəmdən uzaq olması vurğulanıb. Məsələn bir yerdə deyilir:
    «...Allah onlara zülm edən deyildi, lakin onlar özləri özlərinə zülm etdilər.» (ət-Tövbə-70)
    Bəzi ayələrdə adillik və ədalətin bərpası Allah üçün sabit bir sifət kimi zikr edilib. Yəni, Quran təkcə Onun zülmdən uzaq olmasını bildirməklə kifayətlənməyib, ədaləti də Onun üçün birbaşa isbat edib. Məsələn bu ayədə buyurur:
    «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (Haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.» (Ali- İmran-18.)
    Buna görə də islam baxımından ilahi ədalətin gerçək bir həqiqət olmasında və Allahı onunla vəsf etməyimizin zərurətində heç bir şübhə yoxdur.
    YOL VƏ ÜSLUBLAR
    Ümumiyyətlə yaradılışın başlanğıc və sonu barəsində olan üslublar bir-birindən fərqlidir. Hədis əhli, mütəkəllimlər, filosoflar, ariflər, təcrübi və təbii elmlər tərəfdarlarının hər biri özünəməxsus yol və üsluba malikdirlər. Hədis əhli üsulidinə aid məsələlərdə də füruidin məslələri kimi təslim və tabeçilik tərəfdarı olub hər bir təfəkkür, deduksiya və məntiqlə müxalifdirlər. Onların fikrincə, din sahəsində olan məsələlərin heç birində — istər üsulidinlə bağlı məsələ olsun, istərsə də füruidinlə — bəhs edərək dəlil gətirmək olmaz. Həmin sahədə mütləq şəkildə sükut etmək lazımdır. Kitab və sünnədə Allah-taalanın diri, alim, qadir, iradə sahibi və ədalətli olması bildirilib. Biz peyğəmbərlərin sözlərinə etiqad bəslədiyimiz üçün onların hamısını qeydsiz-şərtsiz qəbul etməliyik. Məsələn, ədalət və adilin nə olması və Allah-taalanın hansı məntiqi dəlilə əsasən ədalətli olması barəsində düşünməyimizin heç bir lüzumu yoxdur. Bu məsələlər barəsində düşünmək bidət və haramdır.
    Təbii ki, bu qrup üçün ədalət adlı məsələ yoxdur, yəni onlar heç vaxt özlərini ilahi ədalət barəsində qarşıya çıxan suallara cavab vermək zərurətində görmürlər.
    Bu nəzərin əsassız olması aydın məsələdir. Biz «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının beşinci cildinin müqəddiməsində bu fikrin əsassızlığı barəsində söhbət etmişik və burada bir daha həmin məsələyə qayıtmağı lazım bilmirik.
    Digər qruplar isə təfəkkür və düşüncəni mümkün sayıb müxtəlif yollarla bəhs və araşdırmalar aparıblar.
    Mütəkəllimlər ədalət məsələsində iki dəstəyə bölünüblər. Onların bir qrupu, yəni Əşərilər öz təfəkkürlərində bu nəticəyə gəliblər ki, ədalət sifəti, Allahın işlərindən başa düşülən və ondan ayrılan bir sifətdir. Onların fikrincə, heç bir iş öz zatında ədalət və ya zülm deyildir. Hər hansı bir iş, Allahın işi olduğu üçün ədalətdir. Bundan da əlavə, Allahdan başqa - istər müstəqil nəzərə alınsın, istərsə də qeyri-müstəqil, heç bir fail yoxdur. Buna görə də zülm heç bir məna daşımır. Onlar ədalət məfhumuna «O, Allahın işidir və ədalət olduğu üçün Allahın işi deyil, Allahın işi olduğu üçün ədalətdir» ifadəsindən başqa bir tərif tapmayıblar.
    Təbii ki, bu qrupun fikrincə heç bir qayda-qanun da mövcud deyildir. Məsələn, ədalət prinsipinə əsaslanaraq tam qətiyyətlə Allahın xeyirxah şəxsə mükafat verərək günahkarı cəzalandıracağını deyə bilmərik və həmçinin qəti şəkildə Allahın Quranda verdiyi vədələrə əməl edəcəyini də iddia edə bilmərik. Bəlkə məsələ belədir ki, Allah-taalanın xeyirxahları mükafatlandırması və günahkarları cəzalandırması ədalətdir. Amma birdən bunun əksini etsə, onun işi yenə də ədalət olacaq. Allahın verdiyi vədəyə əməl etməsi də ədalətdir, etməməsi də! Həmçinin Allahın vücuda gəlmək imkanı olan şeyi vücuda gətirməsi də ədalətdir, gətirməməsi də. Çünki ədalət Onun etdikləridir.
    Onlar ədaləti inkar etməmələrini iddia etmələrinə baxmayaraq, ədalət barəsindəki açıqlamaları əməldə onların ədaləti inkar etmələrini göstərir. Buna görə də Əşərilərin müxalifləri, yəni şiələr və Mötəzilə ardıcılları «Ədliyyə» adı ilə məşhurlaşıblar və bu, o deməkdir ki, Əşərilərin dedikləri ədalətin izahı deyil, inkarıdır.
    Bu qrup baxımından da təbii ki, ilahi ədalət barəsində heç bir məsələ irəli sürülə bilməz. Bunlar ədalət barəsində yaranan suallara cavab verməkdə, hətta birinci qrupdan da azaddırlar.
    Onlar öz fikirlərində «tənzih» (Allahı nalayiq sifətlərdən pak bilmə) yolunu tutmaq və Allahı yaradılışda şirk və zülmdən uzaqlaşdırmaq istəyiblər. Buna görə də, bir tərəfdən Allahdan başqa hər bir şeyin işlərdə təsir qüvvəsinə malik olmasını rədd ediblər və digər tərəfdən də ədalət sifətini Allahın işlərindən sonrakı məqamda yerləşdiriblər. Belə ki, işlərin pislik və yaxşılığının əqli olmasını kökündən inkar edərək deyiblər ki, hər hansı bir işin ədalətli olmasının yeganə mənası, onun Allaha nisbət verilməsidir. Onlar dedikləri bu müqəddimədən belə bir nəticəyə gəliblər ki, Allah-taalanın fail olmaqda şəriki yoxdur və O, heç vaxt zülm etməz.
    Amma onlar əslində Allahın yerinə, bəşəriyyətə olmazın zülmlərini rəva görən zalımları münəzzəh edərək onlara bəraət qazandırıblar. Çünki bu növ təfəkkür tərzindən alınan ən sadə və aydın nəticə budur ki, filan zalım heç nə etmir, bəlkə bütün şeyləri Allah edir. Bəs Allah etdiyi üçün də həmin iş zülm deyil, tam ədalətdir. Çünki bu məktəbin fikirlərinə əsasən ədalət, işin yalnız Allahın işi olmasından başqa mənaya malik deyil. Digər tərəfdən də Allahdan başqa heç bir iş görən və təsir qüvvəsi olmadığı üçün varlıq aləmində heç cür «zülm» yoxdur. Bəlkə də Abbasi xəlifələrindən olmuş Mütəvəkkil kimi zalımların Əşəriləri himayə etmələrinin səbəbi onların sözlərinin zalımların istədikləri mənanı verməsidir.
    Sizcə bu məntiq və nəticə ilə sizcə məzlum və zülmə düçar olmuş şəxs, dini baxımdan hansı vəzifəni daşıyır və o, nə etməlidir? Sualın cavabı çox aydındır.
    Amma, «Bu mütəkəllimlər Quranın bəşəriyyətin zalımlarına nisbət verdiyi çoxlu zülmlər və bu ilahi kitabın, zülm və zalımlarla mübarizə sahəsində insanların öhdələrinə qoyduğu vəzifələr barəsində nə deyirlər?» sualını Əşərilərin özlərindən soruşmaq lazımdır.
    Digər mütəkəllimlər, daha doğrusu tanınmış kəlam alimləri Əşərilərin bu məntiqini kəskin şəkildə tənqid və rədd ediblər. Onlar nə Allahdan başqasının təsir qüvvəsinə malik olmasını, nə də əməli tövhid bəhanəsi ilə bəşəri zülmü rədd ediblər. Əşəri olmayan mütəkəllimlər, yəni Şiə və Mötəzilənin kəlam alimləri işlərin gedişinin Allaha nisbət verilib-verilməməsini nəzərə almadan, ədaləti dünyanın işlərində gerçək həqiqət kimi qəbul edərək işlərin yaxşı və pis olmasının əqli və zati olmasına qail olublar.
    Bu mütəkəllimlərin fikrincə, işlərin yaxşı və pisliyi prinsipi bəşəri işlərin meyarı olduğu kimi, ilahi işlərin də meyarı ola bilər. Buna görə də həmin dəstə ilahiyyat məsələlərində həmişə həmin əslə istinad edir. Onlar bu əsası və ədalətin yaxşı, zülmün isə pis olmasının tam aydın olmasını nəzərə alaraq, həmin məsələni əxlaqi əsas kimi «rübubi» (Pərvərdigara aid məsələlər) səviyyədə irəli sürərək belə deyirlər:
    Zati baxımdan ədalət yaxşı, zülm isə pisdir; sonsuz əql olan və hətta bütün ağılları ilhamlandıran Allah, ağılın yaxşı və gözəl hesab etdiyi işi tərk etməz və həmçinin ağılın pis və qəbih saydığı işi görməz.
    Amma sonra işarə edəcəyimiz başqa yolla getmiş ilahi filosoflar əməli tövhid baxımından Allahın xaliq və yaradan olmasında şirk məsələsini rədd etməklə yanaşı, failliyi yalnız Haqqın zatına məxsus bilmirlər. Həmçinin işlərin yaxşı və pis olmasını Haqqın işlərindən sonrakı məqam və varlığın quruluşundan ayrılma hesab etməklə yanaşı, Allahın zülmdən pak və uzaq olmasını bildirirlər. İlahi filosoflar işlərin yaxşı və pisliyini inkar etmirlər və Əşərilərin nəzərini rədd edirlər. Amma onlar həmin məfhumların əhatə dairəsini yalnız insan həyatı çərçivəsi hesab edirlər. İlahi filosoflar baxımından yaxşı və pis məfhumları Allah barəsində meyar və miqyas rolunu oynamır və Allah-taalanın işlərini tamamilə bəşəri olan bu me`yar və ölçülərlə təfsir etmək olmaz.
    Filosofların fikrincə, Allah-taala ədalətlidir, amma bu, ədalət yaxşı olduğu və Allahın iradəsi həmişə pis deyil, yaxşı işlər görmək istiqamətində olduğu üçün deyil. Allah-taala zülm etmir və O, zalım deyil. Amma bu, zülm pis və çirkin olduğu və Allah pis işlər görmək istəmədiyi üçün də deyil. İlahi ədalətin meyarı, daha doğrusu ilahi ədalətin mənası tam başqa şeydir və bu barədə sonra danışılacaq.
    Filosofların fikrincə, insanda bəşəriyyətin vicdani əxlaqını təşkil edən işlərin yaxşı və pisliyi fikri həqiqi deyil, şərti bir düşüncədir. Şərti düşüncənin dəyəri elmi və kəşf edilmə deyil, əməli dəyərdir. Onun yeganə dəyəri budur ki, o, vasitə və alət rolunu oynayır. Faili bil-qüvvə özünün iradi əməllərində kamillik hədəfinə çatmaq üçün «iş vasitəsi» kimi bu cür düşüncələr quraraq onlardan istifadə etmək məcburiyyətindədir. Allahın sırf vücud, tam kamal və xalis feliyyət olan müqəddəs zatı, bu qism faillik, düşüncələr və vasitələrdən istifadənin bütün formalarından uzaqdır.
    Həqiqi və şərti düşüncələr arasındakı fərqin nə olması və zehnin yaxşı və pis qism düşüncələri necə düzəltməsi məsələsi isə çox ali və lətif bir bəhsdir ki, onların barəsində islam fəlsəfəsində geniş şəkildə danışılmışdır və biz burada həmin bəhslərə daxil ola bilmərik.
    Filosoflar Allahdan başqasının failliyini Əşərilərin vəsf etdiyi formada rədd etmirlər və təbii ki, bəşəriyyətin zülm törətməsi və insanların zülmün cəmiyyətdən kəsilməsi istiqamətindəki mübarizədəki vəzifə və məsuliyyət daşımalarını qəbul edirlər. Digər tərəfdən işlərin yaxşılıq və pisliyi məsələsinin Allahın işləri üçün meyar və miqyas edilməsini düzgün saymırlar. İslam fəlsəfəsinin heç bir yerində, əslində Allah üçün vəzifə müəyyənləşdirmək olan bu əslə istinad edilməyib.
    Filosofların və Əşəri olmayan mütəkəllimlərin fikrincə, ilahi ədalətə tutulan iradlar, həll yolu göstərilməli olan bir sıra məsələlər kimi ortaya çıxıb.
    Bu arada digər bir dəstə də var və onlar iddia edirlər ki, kəlam və fəlsəfi yolların hamısı əqli və zehnidirlər və həmin yollar heç bir təcrübi və aşkar müşahidəyə əsaslanmırlar və buna görə də onlar etibarsızdır. Üsulidin, yəni yaradılışın başlanğıc və sonu ilə bağlı məsələlərdə, təbii elm alimlərinin getdikləri yollarla getmək lazımdır. İlahi ədalət məsələsi və onunla bağlı iradlara cavabları da yaradılış ünsürləri, cari quruluşlar və onlarda olan gizli hikmətləri araşdırmaqla həll etmək lazımdır.
    Biz, bu nəzəriyyənin də düz və ya səhv olması barəsində «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının beşinci cildinin müqəddiməsində söhbət etmişik və burada həmin söhbətlərin bir daha təkrar edilməsini lazım bilmirik. Maraqlananlar həmin kitaba müraciət edə bilərlər.
    İlahi ədalətin sonra deyəcəyimiz iradları, bu dəstə üçün də həll yolları axtararaq cavab verilməli olan məsələlərdəndir. Həmin məsələ bunlar üçün hətta daha ciddidir. Çünki filosof və mütəkəllimlərin Allahın varlığı və Onun sifətlərinin bəzisini isbat etmək üçün istifadə etdikləri yolların yalnız biri dünyanın möhkəm və həkimanə quruluşa malik olmasıdır və onların yolları bu bir yolla məhdudlaşmır. Buna görə də onlar ədalət və zülm məsələsinin iradlarını məntiqi yolla həll edə bilməsələr, onların Allah barəsindəki etiqad və imanlarına heç bir xələl gəlmir. Çünki Allahın varlığı yaradılış quruluşları yollarından başqa digər yollarla onlar üçün qətidir. Allahın varlığı və ədalətli olması onlar üçün başqa yollarla tam aydın olduğu üçün, onlar məsələlərin müfəssəl izahının öhdəsindən gələ bilməmələrinə baxmayaraq, yaradılışda ilahi ədalət məsələsinə ümumi iman gətirirlər. Amma bu yol bu dəstə üçün yeganə yoldur. Buna görə də onlar yaradılışda ədalət və zülm və ən yaxşı yaradılış baxımından izah və yozumu çətin olan məsələlərlə qarşılaşsalar, onların Allah barəsindəki iman və düşüncələrinin əsası titrəyir. Məlumdur ki, bu güzgü, ilahi ədalətin əks etdirilməsində azacıq çirkli olsa və ya onun əksini göstərsə, iş kökündən dəyişəcək.
    Bu qrupun fikrincə, ədalət və zülm müəmması həll edilməyincə, Allahın varlığı barəsində qəti nəzər vermək olmaz, çünki ilahi ədalətlə bağlı iradlar Onun vücudu, yəni yaradılışın kamillik və tamlığına xələl gətirir.
    Əllamə Hilli «Təcrid» kitabının şərhində Allahın elmi barəsindəki bəhsində deyir ki, yaradılışdakı şər və nöqsanlar barəsindəki iradların həll edilməməsi, Haqq-taalanın elm və hikmətində naqislik kimi qiymətləndirilir.
    ƏDALƏT NƏDİR?
    Aydınlaşması zəruri olan ilk məsələ ədalətin nə olmasıdır. Ədalət nədir? Zülm nədir? Ədalətin düzgün və dəqiq məfhumu aydınlaşmayınca, hər bir sə`y puça çıxacaq və səhvlərə yol veriləcəkdir. Ümumiyyətlə bu kəlmənin dörd mənası və ya dörd işlənmə yeri vardır.
    1. Mütənasiblik; Müxtəlif hissələrdən təşkil edilmiş və müəyyən hədəf daşıyan bir toplumu nəzərə alsaq görərik ki, həmin şeyin müxtəlif hissələrinin sayı, keyfiyyəti və onların bir-biri ilə əlaqə və bağlılığı xüsusi şəraitə məxsusdur. Həmin toplum yalnız deyilən şəraitdə qalaraq istənilən təsirini göstərib lazımı rolunu oynaya bilər. Məsələn, yaşamaq və qalmaq istəyən cəmiyyət mütənasib olmalıdır, yəni onda hər bir şey bərabər şəkildə deyil, mütənasib şəkildə olmalıdır. Mütənasib cəmiyyət iqtisadi, siyasi, mədəni, hüquqi və tərbiyəvi işlərə möhtacdır və həmin işlər şəxslər arasında bölüşdürülməlidir. İşlərin hər birinə lazım və zəruri olan qədər adam təyin edilməlidir. İctimai tənasüblük baxımından zəruri olan məsələ budur ki, ehtiyacların qədəri nəzərdə tutulmalı və ona uyğun və mütənasib şəkildə büdcə və güc sərf edilməlidir. Burada ortaya məsləhət, yəni ümumi kütlənin mənafe məsələsi qarşıya çıxır. Burada, kütlənin qalması və həmin ümumi kütlədən nəzərdə tutulan hədəflər nəzərə alınır. Bu baxımdan «fərd» (və ya azlıq) yalnız vasitədir və o, özü üçün xüsusi hesaba malik deyil.
    Fiziki tənasüblük də bu cürdür. Belə ki, məsələn müəyyən hədəflər üçün düzəldilən və tam düzəldilməsi üçün müxtəlif şeylərə ehtiyacı olan maşının mütənasib olması üçün, onun düzəldilməsində hər bir maddədən lazım və zəruri olan və ehtiyac duyulan qədər istifadə edilməlidir.
    Kimyəvi tarazlıq da belədir. Hər bir kimyəvi tərkib müəyyən formula malikdir və onu təşkil edən ünsürlər arasında xüsusi nisbət və uyğunluq vardır. Yalnız həmin formul və həmin müxtəlif uyğunluqların riayət edilməsi ilə tənasüb yaranır və həmin formul düzəlir.
    Dünya da mütənasibdir. Əgər belə olmasaydı yerində qalmaz və müəyyən və müntəzəm cərəyan və axıma malik olmazdı. Qurani-kərimdə deyilir:
    «Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!»(ər-Rəhman-7.)
    Təfsirçilərin dedikləri kimi, bu ayədən məqsəd budur ki, dünyanın quruluşunda tənasüb riayət edilib; hər bir şeydə hər bir maddədən lazım olan qədər istifadə edilib, fasilələr ölçülüb və sair. Peyğəmbərdən (s) nəql edilmiş hədisdə deyilir: «Göylər və yer ədalət vasitəsi ilə dayanıb.»
    Ədalətin bu mənasının müqabil nöqtəsi zülm deyil, qeyri-mütənasiblikdir. Buna görə də ədalətin bu mənası bizim söhbətimizin mövzusundan xaricdir.
    İlahi ədalətə ayrı-seçkiliklər, fərqlər və pisliklər baxımından tutulan iradlara cavab vermək istəyənlərin çoxu, məsələni ədalət və zülm baxımından irəli sürmək əvəzinə, onu tənasüb və qeyri-mütənasiblik baxımından araşdırıblar. Buna görə də bütün ayrı-seçkiliklər, fərqlər və pislikləri dünyanın ümumi quruluşu baxımından lazımı və zəruri bilməklə kifayətləniblər.
    Dünyanın ümumi quruluşu baxımından və onda olan zəruri tənasüb nöqteyi-nəzərindən, mövcud şeylərin olmasının labüdliyində heç bir şübhə yoxdur. Amma bu mətləb zülm barəsində olan iradlara cavab vermir.
    Tənasüb mənalı ədalət, dünyanın ümumi quruluşunda və ümumi baxışda tənasübsizliyin müqabilində durur. Amma zülm müqabilində olan ədalət bəhsi, hər bir şəxs və dünyanın tək-tək hər bir hissəsi barəsindədir. Birinci mənalı ədalətdə ümumi mənfəət, ikinci mənada isə fərd və şəxslərin haqq məsələləri irəli sürülür. Buna görə də irad tutan şəxs deyir ki, mən dünyada tənasübün olmasını inkar etmirəm, sadəcə olaraq deyirəm ki, bu tənasüblərin riayət edilməsi istər-istəməz bəzi ayrı-seçkiliklərin olmasını tələb edir; həmin ayrı-seçkiliklər, ümumi mənfəəti nəzərə alanda rəva, cüzi və fərdi cəhətləri nəzərə alanda isə xoşagəlməzdir.
    Tənasüb mənalı ədalət, Allahın həkim və alim olmasının şənindəndir. Həkim və alim olan Allah hərtərəfli elmi və ümumi hikməti nəticəsində hər bir şeyin quruluşu üçün nədən nə qədər lazım və zəruri olmasını bilir və onda, həmin şeydən lazım olan qədər də qoyur.
    2. Ədalətin ikinci mənası bərabərlik və hər bir ayrı-seçkiliyin rədd edilməsidir. Bəzən filankəs ədalətlidir deyəndə, onun insanlar arasında heç bir ayrı-seçkilik qoymaması nəzərdə tutulur. Buna görə də burada ədalətdən məqsəd bərabərlikdir.
    Bu tərifin izaha ehtiyacı var. Belə ki, əgər məqsəd ədalətin heç bir ləyaqəti nəzərə almamağı tələb etməsi və hər bir şey və hər bir şəxsə bir gözlə baxılmasını zəruri sayması nəzərdə tutulursa, məhz bunun özü zülmdür. Əgər bərabər bölüşdürmək ədalətdirsə, bərabər bölüşdürməmək də ədalət olacaqdır. Avamcasına deyilən «Bərabər zülm də ədalətdir» cümləsi də bu nəzərdən yaranıb.
    Amma, əgər məqsəd bərabər layiqlilik və haqlarda bərabərliyin riayət edilməsidirsə bu, düzgün məna daşıyır. Ədalət bu cür bərabərliklərin riayət edilməsini tələb edir və həmin bərabərliklər ədalətin tələblərindəndir. Amma belə olan surətdə bu məna izah edəcəyimiz üçüncü bir mənaya qayıdır.
    3. Ədalətin üçüncü mənası şəxslərin haqlarının riayət edilməsi və hər bir haqq sahibinə öz haqqını verməkdir. Zülm isə başqalarının hüquqlarını pozmaq və onların haqlarını zəbt etməkdir. İctimai ədalətin həqiqi mənası, yəni insani qanunlarda riayət edilməsi zəruri olan və bəşəriyyətin hörmətlə yanaşmalı olduğu ədalət bu mənadadır. Bu ədalət iki şeyə əsaslanır.
    Onlardan biri hüquq və üstünlüklərdir. Belə ki, insanlar bir-birlərinə nisbətdə və bir-birləri ilə müqayisədə bir növ hüquq və üstünlüklər qazanırlar. Məsələn, öz zəhməti ilə məhsul yetişdirən və ya istehsal edən şəxs təbii olaraq həmin məhsuldan istifadədə başqalarına nisbətdə üstünlüyə malik olur. Bu üstünlüyün mənşəyi onun zəhmət və fəaliyyətidir. Həmçinin anadan doğulmuş uşaq ana südünə qarşı haqq və üstünlüyə malik olur və uşağın bu üstünlüyü əldə etməsinin səbəbi həmin südü bu uşaq üçün yaratmış hədəfli yaradılış qanunudur.
    Digəri isə insanın zati xüsusiyyətidir. İnsan elə yaradılıb ki, o, çarəsiz olaraq öz işlərində şərti düşüncələr adlandırdığımız xüsusi düşüncələrdən istifadə edir. O, həmin şərti düşüncələrdən «iş aləti» kimi istifadə edərək öz təbii məqsədlərinə çatır. Həmin düşüncələr bir sıra «inşai» düşüncələrdir ki, bir sıra «gərək»lərlə müəyyənləşdirilir. Bunlara misal olaraq demək olar ki, hər hansı bir cəmiyyətin üzvləri, öz səadət və xoşbəxtliklərinə daha yaxşı çatmaları üçün hüquq və üstünlüklərə riayət etməlidirlər, yəni onlar «gərək» hüquq və üstünlüklərə riayət etsinlər. Hər bir şəxsin vicdanının təsdiqlədiyi və bunun müqabil nöqtəsi olan zülmü məhkum edərək pislədiyi insani ədalətin mənası budur.
    Mövləvi məşhur şerlərinin birində belə deyir:
    Ədl çe bud? Vəzəndər mozeəş
    Zolm çe bud? Vəzdər namozeəş
    Ədl çe bud? Ab de əşcarra
    Zolm çe bud? Ab dadən xarra
    Mozee rox, şəh nəhi viranist
    Mozee şəh? Pil həm nadanist
    Mənası: Ədalət nədir? Hər şeyi öz yerinə qoymaq. Zülm nədir? Şeyi öz yerinə qoymamaq. Ədalət nə oldu? Ağaclara su vermək. Zülm nə oldu? Tikanı sulamaq. (Şahmatda) topun yerinə şah qoymaq virançılıqdır. Şahın yerinə fil qoymaq da nadanlıqdır.
    Ədalət və zülmün bu mənası, bir tərəfdən üstünlüklər prinsipi əsasında olması, digər tərəfdən isə insanın naçar olaraq bir sıra şərti düşüncələrdən istifadə etməsi və «gərək»lər və «olmamalı»lar düzəldərək «yaxşı və pislər» formalaşdırması olan zati xüsusiyyətindən yarandığı üçün, bəşəriyyətə məxsusdur və Allahdan uzaqdır. Çünki əvvəllər dediyimiz kimi O, mütləq malikdir və heç bir varlıq onunla müqayisədə heç bir şeyə sahib olmaqda üstünlüyə malik deyil. O, mütləq malik olduğu kimi həm də mütləq «üstün»dür. Onun, hər bir şeydən istənilən formalı istifadəsi, öz mülkindən istifadə etməsidir. Buna görə də bu mənalı zülm, yəni başqasının haqq və üstünlüyünə təcavüz və başqasının haqqından istifadə və başqasının mülkiyyətinə qədəm qoymaq Onun barəsində qeyri-mümkündür. Bu, ona görə qeyri-mümkündür ki, həmin iş zahirdə gerçəkləşə bilmir.
    4. Ədalətin digər mənası isə vücud verilməsində haqqın riayət edilməsi və vücuda gəlmək və ya kamala çatmaq imkanı olan yerdə feyz və rəhmət verilməsindən imtina etməməkdir. Biz sonrakı söhbətlərimizdə varlıqların, varlıq aləmində ləyaqət və tutumları və varlığın başlanğıcından feyzi qəbul etmək baxımından bir-birləri ilə fərqli olmaları barəsində danışacağıq. Hər bir varlıq tutduğu dərəcədən asılı olmayaraq, feyzi qəbul etmə baxımından özünəməxsus ləyaqət və tutuma malikdir. Mütləq kamal, xeyir və feyz verən olan Haqqın müqəddəs zatı, hər bir varlığa vücud və kamaldan onun imkanı olan qədər əta edir və heç nəyi əsirgəmir. Bu nəzəriyyəyə əsasən, ilahi ədalət yaradılışda, tutduğu dərəcədən asılı olmayaraq hər bir varlığa layiq olduğu və qəbul etmək imkanı olan qədər əta etmək mənasınadır. Zülm isə varlığın layiq olduğu feyz və bərəkəti ondan əsirgəmək deməkdir.
    İslam filosoflarının fikrincə, Allahın zatına layiq olan və Onun zatı üçün kamillik sifəti kimi isbat edilən ədalət sifəti və həmçinin, naqislik sifəti olan və Ondan uzaqlaşdırılan zülm də həmin mənadadır.
    Filosoflar deyirlər ki, heç bir varlığın, Allahın boynunda, verilməsi vacib olan və borcun qaytarılması sayılan haqqı yoxdur və Allah-taalanın ədalətli hesab edilməsinin səbəbi Onun başqaları müqabilində olan həmin vəzifəsini diqqətlə yerinə yetirməsi deyil. Allah-taalanın ədaləti eyni ilə Onun fəzl və bəxşişidir, yəni Allahın ədaləti budur ki, O, heç bir varlıqdan onun imkanı olan qədər fəzl göstərməsini əsirgəmir. Həzrət Əli (ə)-ın Nəhcül-bəlağənin 214-cü xütbəsindəki sözünün mənası da budur. O həzrət buyurur: «Haqq birtərəfli deyil. Əgər birinin digərinin boynunda haqqı olursa, digərinin də onun boynunda haqqı olur. Yalnız Allah-taaladır ki, varlıqların boynuna haqq qoyur və varlıqlar Onun müqabilində bir sıra vəzifələr yerinə yetirməli olurlar. Amma heç bir varlığın onun boynunda haqqı olmur.»
    Əgər biz yeganə və düzgün miqyas olan bu meyarla araşdırma aparsaq «şər», «ayrı-seçkilik», «zülm» və bu kimi digər şeylərin arasında, hansısa varlığın doğrudan da vücuda gəlmək imkanına malik ola-ola vücuda gətirilməməsinin olub-olmamasına və ya ümumi varlıqda hansısa kamillik mərtəbəsinə çatmaq imkanına malik olmasına baxmayaraq, ondan əsirgənilməsinə baxmalıyıq. Görəsən hansısa bir varlığa verilməməli olan bir şey verilibmi? Yəni Haqqın zatı tərəfindən xeyir və bərəkət verilməsi əvəzinə, şər və bədbəxtlik, kamillik yerinə isə, əksinə tam naqislik olan bir şey verilibmi?
    Sədrul-Mütəəllihin «Əsfar» kitabının ikinci cildinin «növün formaları» bəhsində «kainatın (zaman hadisliyi ilə hadis olan varlıqlar) vücuda gəlmə tərzi necə vücuda gəlməlidir?» adlı bir fəsil var. O, həmin fəsildə filosof baxışları ilə ilahi ədalətin məna və məfhumuna işarə edərək belə deyir:
    «Bundan əvvəl bildiniz ki, maddə və forma təbii işlərin iki yaxın səbəbidir və onların bir-birlərindən ayrılmazlıqları bəhsində belə nəticəyə gəlindi ki, maddiyyatdan üstün bir amil də vardır. Gələcəkdə — ümumi hərəkətlər bəhsində hərəkətlərin maddiyyatdan da üstün, son hədəflərinin olmasını isbat edəcəyik; maddiyyatdan üstün olan amil və hədəf, maddi varlıqlardan uzaq olan iki səbəbdir. Əgər həmin iki uzaq səbəb, maddi varlıqların yaranmasında kifayət etsəydi, maddi varlıqlar həmişəlik olaraq qalar, fanilik və yoxluq onlara yol tapmazdı və onlar elə əvvəldən özlərinin bütün layiqli kamilliklərinə sahib olar və onların əvvəlləri eyni ilə axırları kimi olardı. Amma həmin iki uzaq səbəb kifayət deyil və iki yaxın səbəb (maddə və forma) də təsirlidirlər. Başqa bir tərəfdən formalar arasında ziddiyyət bərqərardır və ilkin keyfiyyətlər fəsada uğrayır və hər bir maddə ziddiyyətdə olduğu surətlərin imkanlarına malikdir. Buna görə də hər bir varlıq iki ziddiyyətli imkan və ləyaqət əldə edir və onda iki növ ziddiyyətli tələbat yaranır. Həmin ziddiyyətlərdən biri forma, digəri isə maddə tərəfindəndir. Forma qalmaq və mövcud vəziyyəti qorumağı, maddə isə vəziyyəti dəyişərək əvvəlki formada zidd hala düşməyi tələb edir. Bu iki zidd ləyaqət tələbatın bir anda yerinə yetməsi mümkün deyil, çünki maddə eyni anda bir-birinə zidd formalara malik ola bilməz. İlahi bəxşiş aləmlərin ən aşağı səviyyəlisi olan bu aləmin maddəsinin formalar vasitəsi ilə təkmilləşdirilməsini tələb edir. Buna görə də ilahi hikmət, formaların daimən zaman boyu dəyişərək yerini əvəz etməsi və hər bir hal və formanın zəruri olaraq müəyyən zamana aid olması və varlıqlardan bəhrələnə bilməsi üçün dövrü hərəkət, fasiləsiz zaman və dəyişkən maddəni yaradıb. Həmçinin maddə müştərək olduğu üçün, hər bir forma digər formanın yanında sahibinə verilmək haqqına malikdir; «ədalət» bu formanın maddəsinin digərinə, digərinin isə buna verilməsini və beləliklə maddənin formalar arasında dövr etməsini tələb edir. Həmin ədalət və haqların riayət edilməsi xatirinə görədir ki, aləmin quruluşu fərdlərin deyil, növlərin qalmasına əsaslanır».
    Söz bura çatanda qarşıya digər bir sual çıxır: Bütün əşyalar Allah müqabilində bərabər nisbətlə dayandıqları üçün, ortada haqq məsələsi yoxdur ki, ədalət haqların riayət edilməsi mənasında gerçəkləşsin? Əgər Allah barəsində hər hansı ədalət gerçəkləşirsə o, bərabərliklərin riayət edilməsi mənasında olan ədalətdir. Çünki deyildiyi kimi, haqların riayət edilməsi baxımından ortada heç bir fərq məsələsi yoxdur. Deməli, haqların riayət edilməsi və bərabərliklərin nəzərə alınması mənasında olan ədalət, Allah barəsində olduqca müəyyən bir nəticə verir. Buna görə də ilahi ədalət məxluq və yaradılmışlar arasında heç bir ayrı-seçkilik və fərqin olmamasını tələb edir, halbuki onlar arasında müxtəlif fərqlər var. Ümumiyyətlə mövcud olan şey fərq, çeşidlilik, səviyyə və dərəcə ayrılıqlarıdır.
    Bu sualın cavabı budur ki, əşya barəsində Allaha nisbətdə işlədilən haqq və ləyaqətlərin mənası, yaranma ehtiyacı və imkanı və ya varlığın kamalıdır. Yəni Allah-taala mütləq amil və feyz verməsi vacib olan vücud olduğu üçün, vücuda gəlmək və ya bir növ kamal əldə etmək imkanı olan hər hansı bir varlığa vücuda gəlmə imkanı və ya kamal əta edir. Sədrul-Mütəəllihindən nəql etdiyimiz kimi, Allah ədalətinin mənası Onun, heç bir əsirgəmə olmadan varlıq imkanı olan və varlıqda kamal imkanına malik bütün varlıqlara qarşı ümumi feyz və bəxşişindən ibarətdir.
    Bəs imkan və haqqa malik olmalardakı fərqlərin kökü hardadır? İlahi feyzin ümumi və sonsuz olmasına baxmayaraq, əşyaların zatında imkan, tutum və ləyaqətlər baxımından fərqlənmələri məsələsi xüsusi bir bəhsdir ki, inşallah iradlara cavab verərkən onları da izah edəcəyik.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 792 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024