İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:56 PM
    İKİNCİ FƏSİL
    MƏSƏLƏNİN HƏLLİ
    1. İslam fəlsəfəsi;
    2. Yol və məsləklər;
    3. Ayrı-seçkiliklər;
    4. Ayrı-seçkilik deyil fərqlər!
    5. Fərqlərin sirrləri;
    6. Şaquli sistem;
    7. Üfiqi sistem;
    8. İlahi qanun;
    9. Qanun nədir?
    10. İstisnalar;
    11. Qəza-qədər və cəbr məsələsi;
    12. Xülasə.
    İSLAM FƏLSƏFƏSİ
    «Ən yaxşı quruluş» və «şərlər» məsələsi fəlsəfənin ən mühüm bəhslərindəndir və birinci fəsldə dediyimiz kimi, bu məsələ şərq və qərbdə «dualizm», «materialist» və «bədbinlik» fəlsəfələrinin yaranmasına səbəb olub. Bu məsələyə diqqət etməyən və ya onun barəsində söhbət etməyən çox az adam tapmaq mümkündür. Şərq və qərb filosofları «şərlər» probleminə diqqət yetiriblər. Amma mənə elə gəlir ki, qərb filosofları bu iradlara qəti cavab tapa bilməyiblər. Lakin islam filosofları həmin iradları təhlil edərək sualların öhdəsindən gəlmiş, bu sahədə mühüm elmi kəşflər etmişlər.
    Burada şərqin ilahi fəlsəfəsi barəsində bir cümlə deməyim və bu böyük mənəvi xəzinəni qiymətləndirməyim yerinə düşərdi. Şərqin ilahi fəlsəfəsi islamın parlaq şüaları sayəsində yaranaraq bəşəriyyətə hədiyyə edilmiş böyük və qiymətli bir sərvətdir. Amma təəssüflər olsun ki, bu böyük sərvət ilə dərindən çox az adam tanışdır və nadanlar və təəssübkeş düşmənlər tərəfindən ona çoxlu zülmlər edilib. Qədim fəlsəfə barəsindəki məlumatları «əflake tisə və üqule əşərə»dən kənara çıxmayanlar, onun yalnız adını eşitdikləri və əgər kitablara müraciət ediblərsə də, onlardan baş aça bilmədikləri üçün, elə biliblər ki, islam fəlsəfəsi də onun barəsində bəhs edir və indi bu gün doqquz fələk fərziyyəsinin əsassızlığı aydınlaşıbsa, onlar başlarını qaldıraraq özlərini Farabi, İbni Sina və Sədrul-Mütəəllihindən üstün saya bilərlər. Bəli, həmin qrup elə təsəvvür edir ki, islam fəlsəfəsi elə həmin qədim yunan fəlsəfəsidir və onun yunan fəlsəfəsindən artıq və fərqli heç bir şeyi yoxdur.
    Onlar ya bilərəkdən, ya da bilmədən islama və islam maarifinə qarşı böyük cinayət və xəyanət törətmiş olurlar. İslam fəlsəfəsi yunan fəlsəfəsindən Eynşteynin fizikası yunan fizikasından fərqlənən qədər fərqlidir. İbni Sinanın «İlahiyyat»ının tam şəkildə avropaya getməməsi və onların da bu dəyərli xəzinədən xəbərsizliklərinə dəlalət edən sübutlar vardır. Misal olaraq aşağıdakı məsələyə diqqət etmək kifayətdir.
    Biz «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının ikinci cildinin haşiyəsində bu nöqtəni xatırlatmışıq ki, Əbu Əli İbni Sina «İşarələr» kitabının üçüncü fəslində Dekartın, fəlsəfədə yeni fikir və dəyərli düşüncə kimi qiymətləndirilən «mən fikirləşirəm, deməli varam» cümləsini tam aydınlıqla izah edərək onu güclü dəlillərlə rədd etmişdir. Əgər İbni Sinanın fəlsəfəsi avropalılar üçün düzgün tərcümə edilsəydi, Dekartın həmin sözü «yeni kəşf» və «yeni fikir» markası ilə müasir fəlsəfənin təməli hesab edilməzdi. Amma nə etmək olar ki, hələ ki, avropa etiketi olan hər bir şeyin bazarı daha rövnəqlidir, hərçənd ki, o, bizim neçə illər bundan əvvəl vaz keçdiyimiz puç söz olmuş olsa belə!
    İndi birinci fəsldə irəli sürdüyümüz sualların cavabları barəsində danışacağıq. Biz həmin sualları dörd başlıq altında irəli sürdük: «ayrı-seçkiliklər»; «fanilik və yoxluqlar»; «naqisliklər» və «bəlalar.» Biz bu dörd növün birincisinə «ayrı-seçkiliklər» başlığı altında, qalanlarına isə «şərlər» adı ilə cavab verəcəyik. Burada hər şeydən əvvəl bu iradların həllində olan müxtəlif məslək və yollara işarə etməyi lazım sayırıq.
    YOL VƏ MƏSLƏKLƏR
    İlahi ədalətlə bağlı iradların həllində olan yol və məsləklər bir-birindən fərqlidirlər. Din şüası ilə Allaha iman bəsləyən iman əhli, adətən öz vicdanını xülasə bir cavab ilə qane edir. O, öz-özlüyündə belə fikirləşir ki, tam qəti və möhkəm dəlillər elm və hikmətli Allahın olmasını sübut edir. İndi həmin qadir, elmli və həkim Allahın zülm etməsinə nə səbəb var? Məgər Allahın kiminləsə düşmənçiliyi var ki, O, həmin düşmənçiliyə görə həmin şəxsin haqqını əlindən alsın? Yoxsa möhtacdır və buna görə başqalarının haqqını oğurlayıb özünə götürmək istəyir? Zülmün yaranmasına səbəb olan şey ya ruhi çatışmamazlıqlardır, ya da ki, ehtiyaclar. Allahda zülm yaradan səbəblər olmadığı üçün Onun barəsində zülm məsələsi mənasızdır. O, mütləq alim, mütləq qadir və mütləq həkimdir. O, ən yaxşı və layiqli quruluşun necəliyini bilir və həm də həmin quruluşu yaratmağa qadirdir. Buna görə də Allahın dünyanı ən gözəl və layiqli quruluşun əks formasında yaratmasına heç bir dəlil yoxdur. Şər adlandırılan şeylər, əgər gözəl və qəşəng quruluşa zidd olsaydı, heç vaxt yaradılmazdı.
    Bu qrup, bəzən onların fikrincə yozula bilməyən hadisələrlə rastlaşanda da, onları bizə məlum olmayan və yalnız Allahın bildiyi hikmət və məsləhət kimi qiymətləndirirlər. Başqa sözlə desək, onu «talenin sirri» adlandırırlar.
    Bu tərzi-təfəkkürün öz-özlüyündə bir növ isbat və deduksiya, özü də düzgün deduksiya olmasında heç bir şəkk-şübhə yoxdur. Bu qrup belə deyə bilər ki, əgər bəzi şərlərin məsələsi yozulmazdırsa, bu, bəşəriyyətin dünyanın sirlərini dərk etməkdə naqisliyindən irəli gəlir. Əgər insan özünü sirr və hikmətlə dolu dünyada görürsə, bir neçə yerdə sirr və hikməti başa düşməyəndə, təbii ki, məsələnin kökündə şəkk etməməlidir.
    İnsan kitab oxuyarkən, həmin kitabın hər yerində müəllifin yüksək elmi və fikri gücə malik olmasını müşahidə edəndən sonra, arada bir neçə yerdə məchul və anlaşılmaz cümlələrlə rastlaşsa, təbii olaraq, özünün müəllifin məqsədini anlamaması qənaətinə gəlir. Bir neçə məchul cümləyə görə əvvəldə dəqiqliyinə məftun olduğu yazıçının diqqətsiz və anlamaz olduğunu və digər mətləblərin də təsadüfən məna verməsini fikirləşmək nə dərəcədə düzgündür?! Müəllifinin elmi şəxsiyyəti kitabın hər yerində sübuta yetmiş bir kitabın qaranlıq qalmış bir neçə cümləsinə görə kitab sahibini nadanlıqda günahlandırmaq və ya həkimanə olan bütün mətləblərin təsadüfi yaranmasını demək cahillik və eqoizmin son həddidir.
    İman əhlinin avam kütləsi bu məsələlərlə rastlaşanda, məsələni yuxarıda dediyimiz kimi həll edirlər.
    Əvvəldə adını çəkdiyimiz hədis əhli, ilahi maarifdə sükut və sırf tabeçilik tərəfdarıdır və təbii ki, bu məsələlər barəsində fikir söyləməkdən çəkinirlər. Onların yolları əslinlə elə həmin avam kütlənin yolundan başqa bir şey deyil. Əşəri mütəkəllimlər də elə yolla gediblər ki, onlar üçün də təbii olaraq həll edilməli bir məsələ qalmayıb. Amma digər mütəkəllimlər və habelə ilahiyyatda hiss və təcrübə üsulunun tərəfdarları, ilahi ədalət məsələsinin iradlarının həlli yolunu kainatın sirləri və onlarda olan fayda və məsləhətlərdə araşdırma və tədqiqat aparmaqda görürlər.
    Amma ilahi filosoflar da məsələyə «səbəbdən nəticəyə çatmaq» yolu ilə daxil olurlar və yuxarıda nəql etdiyimiz mətləbi dəlil və bürhan formasına salırlar. Onlar deyirlər ki, Allahın əsəri olan dünya, Onun cilvəsi misalındadır. Allah-taala mütləq gözəldir və gözəlin cilvəsi də gözəldir. Onlar həmçinin şərlər mahiyyətinin təhlilinə, onların yoxluq olmalarına və zati deyil, qeyri-zati olmaqlarına toxunurlar. Həmin filosoflar həmçinin şərlərin olmalarının zəruriliyi, onların xeyirlərdən ayrılmazlıqları, başqa sözlə desək, yaradılışın parçalanmazlığını isbat edirlər və həm də şərlərin təsir və faydaları barəsində bəhslər edirlər.
    Biz burada filosofların gətirdikləri həmin bürhan barəsində söz açmayacağıq. Çünki o, bu kitabın səviyyəsindən çox yuxarıdır. Amma digər hissələr barəsində danışacağıq.
    Bundan əvvəl dediyimiz kimi, bu məsələnin iradları «ayrı-seçkiliklər» və «şərlər» adı altında xülasə edilir. Biz əvvəlcə ayrı-seçkiliklər bəhsinə daxil olacağıq və sonra, başqa bir fəsldə şərlər məsələsini araşdıraraq təhlil edəcəyik.
    AYRI-SEÇKİLİKLƏR
    Ayrı-seçkilik məsələsinin iradı bu idi ki, varlıqlar bir-birlərinə nisbətdə zatən bərabər haqqa malik olduqları halda, nə üçün müxtəlif və bir-birlərindən fərqli yaradılıblar? Nə üçün biri qara, digəri isə ağdır? Nə üçün biri çirkin, digəri isə gözəldir? Biri kamil, digəri isə naqisdir? Nə üçün biri mələk, digəri insan, üçüncüsü heyvan, dördüncüsü bitgi, beşincisi isə cansız varlıqdır? Nə üçün bunun əksi olmayıb? Nə üçün heyvan mələk, mələk isə heyvan olmayıb? Nə üçün varlıqlar içərisində yalnız insan, insan yaradılaraq müəyyən vəzifələr daşımalı, savab və ya cəza görməli, başqa varlıqlar isə belə olmamalıdır? Əgər bu yaxşı idisə, nə üçün hamı belə olmayıb? Əgər pisdirsə, onda nə üçün insan belə yaradılıb?
    Bu sualların iki cür cavabı var. Cavablardan biri xülasə, digəri isə müfəssəldir. Xülasə cavab bizim, bundan öncə, yol və məsləkləri izah edərkən dediyimizdir. Biz orada dedik ki, iman əhli adətən bu məsələdə xülasə cavabla öz zehnlərini qane edirlər. Onlar deyirlər ki, bu suallar bir sıra iradlar deyil, bir sıra məchul və naməlum məsələlərin irəli sürülməsidir və biz, «başa düşmürük» deyərək məsələni həll edə bilərik.
    Biz, Allahı «əlim, həkim, qəni, kamil, cavad» və bu kimi sifətlərlə tanımışıq və Onu bu sifətlərlə tanıdığımız üçün baş verən hər bir şeyin «hikmət» və «məsləhət» əsasında olmasını bilirik. Hərçənd ki, biz həmin hikmət və məsləhətlərin hamısını dərk edə bilmirik. Biz, necə deyərlər, «talenin sirrindən» xəbərdar deyilik. Neçə min illik kütləvi səy ilə özünün hiss edilən bədəninin sirlərindən tam baş çıxarmayan insanın «varlığın müəmmalarından» və «talenin sirlərindən» baş açmaq istəməsi çox iddiaçılıq və xudxahlıqdır. Bəşəriyyət varlıq aləmində onun ağlını heyran edən bu qədər hikmət və tədbir gördükdən sonra, hər hansı bir işin Hikməti naməlum olan yerdə bu məchulun səbəbinin yaradılış deyil, onun dərrakəsinin naqisliyi olmasını etiraf etməlidir.
    Bu qrup şəxslər heç vaxt başlarını bu cür «niyə, nə üçün?»lərlə qatmır və vaxtlarını həmin məsələlərə sərf etmək əvəzinə, bir tərəfdən başa düşdükləri, digər tərəfdən isə əməli olan məsələlərdə araşdırma aparmağa sərf edirlər.
    Bu cavabın düzlüyündə heç bir şəkk-şübhə ola bilməz. İmanlı şəxslər bu məsələlərin cüzi dərinliklərinə getmək vəzifəsi daşımırlar və avam kütlənin bu qism məsələlərə daxil olmaq istedadları da yoxdur. Hətta bu cür məsələlərə daxil olmaq onlara qadağan edilib. Əslində bunun özü bir növ deduksiyadır. Belə ki, biz «səbəb» və onun kamilliyi yolu ilə «nəticənin» kamilliyini etiraf edirik.
    Amma burada daha başqa bir məsələ vardır və o da budur ki, camaatın əksəriyyəti Allahı «əsər», yəni dünyanın quruluşu yolu ilə tanıyır. Onların çoxunun bu barədəki agahlıqlarının əsaslandığı məsələ dünyadır. Amma bu növ agahlıq naqis agahlıqdır. Buna görə də onlar təbii ki, agahlıqlarının söykənəcəyi olan bu nöqtədə məchul bir şeylə rastlaşanda, az-çox təşvişə düşürlər və həmin iradların həlli ancaq həmin irad nöqtələrini araşdırmaqdan başqa bir yolla həll edilə bilməz. Onlar Allahı dünyadan müstəqil və ayrı tanımayıblar ki, Allahın mütləq kamal, ehtiyacsızlıq və gözəllik kimi tanınması, onları ən gözəl yaradıcının, ən gözəl əsəri və ya ən kamil yaradıcının ən kamil əsəri kimi tanış etmiş olsun. Onların dünya ilə yalnız bir əlaqə yolları var və o da adi və sadə hissiyyat yoludur. Onlar Allahı dünya aynasında görürlər. Buna görə də onların aynanın səthində gördükləri ləkələr görülən şeylərə əsər qoyur. Onlar əgər dünyanı Allahın aynasında görə bilsəydilər, başqa sözlə desək, dünyanı yuxarıdan görə bilsəydilər, aşağıdan görünən bütün naqislik və xoşagəlməzliklərin hamısı məhv olaraq aradan gedər və məlum olardı ki, onlar gözün görməsindəki səhv ucbatından naqisdirlər. Bu, Hafizin «təriqət başçısının nəzəri» adlandırdığı həmin baxışdır.
    Agahlıqlarının yeganə əaslandığı aləm dünya olan Allah və Onun həkim, əlim, adil, ehtiyacsızlıq və kamilliyini ancaq və ancaq dünya aynasında görən şəxslər, istər-istəməz dünya barəsində məchul və naməlum işlərlə rastlaşanda aynalarında ləkə yaranır və həmin ləkə, aynanın həqiqəti düzgün göstərməsinə mane olur.
    Digər tərəfdən, bu iradlar bizim yaşadığımız əsrdə müxtəlif qruplar, xüsusilə materializmə meylli şəxslərin yazı və çıxışlarında daha çox səslənir. Mən bu cür suallar irəli sürən adamlarla çox rastlaşıram. Onlar ya ümumiyyətlə Allaha etiqad bəsləmir, ya da onların imanları ümumi təsdiqlə hikmət və məsləhətə qənaət edəcək qədər möhkəm deyildir. Buna görə də problemin həlli üçün həmin sualların kökü ilə bağlı məsələlərin irəli sürülməsi lazımdır.
    Digər bir məsələ də budur ki, «hikmət» və «məsləhətlər»lə bağlı mühüm bir irad vardır və o, çox az irəli sürülür. Həmin irad həll edilməsə, yuxarıdakı xülasə cavab öz dəyərini əldən verəcək. Həmin iradın həlli bizim, gələcəkdə, barəsində danışacağımız müfəssəl cavabın əsası olan və filosofların həmin cavaba çox əaslandıqları bir əsl hazırlamağımızdan asılıdır. Əvvəldə dediyimiz xülasə cavab və sonra danışacağımız müfəssəl cavablar, yalnız həmin əslə əsaslananda dəyər əldə edirlər. Həmin irad budur:
    Görəsən ümumiyyətlə «məsləhət» və «hikmət» Allah barəsində məna və məfhum verirmi? Görəsən «Allah filan işi filan məsləhətə görə edib və ya Allahın filan işinin hikməti filan şeydir» demək olarmı? Görəsən Allah barəsində bu cür danışmaq, Onu məxluqata oxşadaraq onlarla müqayisə etmək deyilmi?
    Ola bilər ki, kimsə «hikmət» və «məsləhət»in Allah barəsində məna və məfhumsuz olmasını və bunların hamısının Xaliqi məxluq ilə müqayisədən yaranmasını iddia etsin. Çünki «məsləhət filan cür tələb edir», deməyin mənası budur ki, filan məqsədə çatmaq üçün filan vasitədən istifadə edilməlidir. Filan məqsədin seçilməsi məsləhətdir, çünki o, bizi filan məqsədə çatdırır və filan məqsədin seçilməsi məsləhət deyil, çünki o, bizi filan məqsədə çatdırmır. Məsələn deyirik ki, məsləhət ləzzətin məna və məfhum tapması üçün əzab-əziyyətin olmasını tələb edib; hikmət uşağın hazır yeməyinin olması üçün ananın döşlərinin olmasını tələb edib; hikmət və məsləhət filan heyvanın özünü düşmənindən qoruması üçün buynuzlu olmasını tələb edib. Görəsən «bunların hamısı Allahı insanlar və digər naqis canlılarla müqayisə etmək» misalından deyilmi?
    İnsan və digər naqis varlıqlar üçün məsləhət və hikmət məsələsi məna və məfhum daşıyır. Çünki insan və ya hər hansı bir digər naqis varlıq bir sıra səbəb və nəticələrdən təşkil edilmiş bir quruluşda yerləşib. Həmin varlığın hansısa nəticəyə çatmaq üçün bir səbəbə əl atmaqdan başqa çarəsi yoxdur. Həmin varlıq, əgər müəyyən məqsədə çatmaq üçün aləmdə həmin məqsədə çatılması üçün nəzərdə tutulmuş vasitədən istifadə etsə, məsləhət və hikmətə uyğun hərəkət etmiş sayılır, başqa halda isə onun işi hikmət və məsləhətə zidd əməl kimi qiymətləndirilir.
    Məsləhət və hikmət, yaradılış aləminin bir hissəsi olan və məhdud qüdrətə malik və mövcud quruluşa tabe olmaqdan başqa bir çarəsi olmayan varlıq üçün düzgün sayılır. Qüdrətin məhdudluğu, məsləhət və hikmətin mənasının bir hissəsidir.
    Bəs görəsən bu quruluşun fövqündə olan və həmin quruluşun yaradıcısı olan bir varlıq üçün məsləhət və hikmətin nə mənası ola bilər? Onun hansısa məqsədə çatmaq üçün bir sıra vasitələrə əl atmağa nə ehtiyacı vardır ki, barəsində «filan işi həkimanə, filan işi isə qeyri-həkimanə idi» də deyilsin? Buna görə də bizim «Allah, əzab-əziyyəti ləzzətin məna tapması üçün, ananın döşlərini uşağın südsüz qalmaması üçün yaradıb» deməyimiz düzgün deyildir. Allah-taala, uşağı ana döşünə möhtac etmədən də doyuzdura bilər və insana, əzab-əziyyət çəkmədən ləzzətin mənasını başa salmaq qüdrətinə də malikdir.
    Səbəb-nəticə qanunu bizim gözümüzdə çox ciddi bir məsələdir, amma o, Allah baxımından formal xarakter daşımaqdan başqa bir şey deyil. Buna görə də biz Allah deyil, həkim ola bilərik; həmçinin bizim işlərimiz Allahın, başqa bir quruluş əsasında yaradılmamış və quruluşun eyni olan işləri deyil, həkimanə, yəni mövcud qanuna uyğun ola bilər. Allah-taala elə bir quruluşun xaliqidir ki, həmin quruluşun yaradılışından sonra onu tanıyaraq əməlini ona uyğunlaşdıranın işi həkimanədir.
    Belə də deyilə bilər ki, Allah öz elm və hikmətini bəndələrinə aydınlaşdırmaq və onlara agahlıq vasitəsi vermək üçün dünyanı nizamlı şəkildə və bir sıra səbəb-nəticə qanunu əsasında yaradıb, çünki əgər nəzm, harmoniya və dəqiqlik olmasaydı, yəni təsadüf mövcud olsaydı və hər bir müqəddimədən istənilən nəticə gözlənilsəydi, onda Allahı tanımaq yolu da olmazdı.
    Bu sözün cavabı budur ki, bəndələrin agahlıq əldə etmələrinin həkimanə yaradılış aləmini araşdırmalarına əsaslanmasını deməyin özü, dünyaya qəti və zəruri bir quruluş və qanunun hakim olması mənasını verir. Halbuki yuxarıdakı nəzəriyyəyə əsasən, nəticəyə çatmaq üçün vasitələrə əl atmaq Allahın deyil, bəndələrin işlərindəndir; Allah həmin yoldan istifadə etmədən bəndələr üçün həmin agahlığı yaratmaq imkanına malikdir.
    Buna görə də şər və ayrı-seçkilik məsələlərini «məsləhət» və «hikmət»ə əsaslanaraq izah etmək istəyənlərə, ayrı-seçkilik və pisliklər məsələsinin bu əsasla izah edilə bilməməsinə irad tutula bilər. Çünki Allah-taala ayrı-seçkilik və pisliklərdə olan bütün xeyir və faydaları, həmin narahatedici vasitələrin özləri olmadan belə yarada bilərdi.
    Bunun özü böyük bir iraddır və ilk növbədə bu həll edilmədir ki, sonra növbə, digər bir iradın cavabında «məsləhət» məsələsinin irəli sürülməsinə gəlib çatsın.
    DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?
    İndi cavabın əsas hissəsinə daxil olacağıq. Mühüm məsələ bizim dünyanın quruluşunu tanımağımızdır. Görəsən dünyanın quruluşu şərti bir quruluşdur, yoxsa zati? Bu baxımdan xilqət və yaradılışın mənası nədir? Görəsən onun mənası budurmu ki, Allah, aralarında heç bir gerçək və zati əlaqə və bağlılıq olmayan şeylər və hadisələr toplumu yaradır, onları cərgəyə düzərək bir-birinin arxasında yerləşdirir və həmin yerləşdirmədən quruluş və qanun, müqəddimə və nəticə yaranır? Yoxsa səbəb və nəticələr və həmçinin müqəddimələrlə nəticələr arasındakı əlaqə elə şəkildədir ki, hər bir nəticənin öz səbəbinin arxasında dayanması və nəticənin müqəddimədən sonra gəlməsi onun vücudunun zati və eynidir? Elmi dildə desək: ədədlərdə olduğu kimi «Dünyanın şaquli və üfüqi quruluşunda hər bir vücudun mərtəbəsi həmin vücudun zatının dayağıdır.» Bu məsələni izah etmək üçün ədədlərə aid bir misal çəkək.
    Ədədlərdə birin ikidən, ikinin də üçdən əvvəl olması məlum məsələdir. Həmçinin birdən başqa bütün ədədlər, hansısa ədəddən əvvəl və hansındansa sonra gəlirlər. Hər bir ədəd bir mərtəbəni tutub və öz mərtəbəsində müəyyən hökm və təsirə malikdir və hansısa həddə məhdudlaşmayan ədədlər, birlikdə müəyyən quruluş yaradıblar.
    Ədədlər hansı vəziyyətdədirlər? Görəsən ədədlərin vücud və mahiyyətləri onların mərtəbə və dərəcələrindən ayrı şeydirmi? Onların hər biri öz mərtəbələrində müstəqil vücud və mahiyyətə malikdir və istənilən dərəcə və mərtəbəni tuta bilərmi? Məsələn, beş rəqəmi onsuz da beşdir və onun dördlə altı və ya altı ilə səkkiz arasında yerləşməsi və yaxud dörd ilə altı arasında yerləşən ədədin məsələn, yeddi olması fərq etmirmi? Görəsən hər bir ədəd öz mahiyyətini qorumaqla, istənilən mərtəbədə yer tuta bilərmi? Məsələn bu, cəmiyyətdə müxtəlif mövqelər tutan və həmin ictimai mərtəbələr mahiyyətinə heç bir təsir göstərməyən və həmçinin mahiyyətləri də onunla heç cür bağlı olmayan insan kimidirmi? Yoxsa, məsələ bunun əksidir? Yəni beş ədədinin mahiyyəti beşdir və onun beş olması onun mərtəbə və dərəcəsi, yəni dörd ilə altının arasında yerləşməsi ilə eynidir? Beşin altı ilə səkkiz arasında yerləşməsini fərz etmək, beşin beş olmaması və yeddi olması ilə bərabərdir, yəni bizim fərzi və xəyali beşimiz beş deyil, yeddidir ki, o da öz yerində yerləşib və biz səhv olaraq onun adını beş qoymuşuq. Başqa sözlə desək, beş ədədinin yeddinin yerində yerləşməsini fərz etmək puç, mənasız və qeyri-əqli bir təsəvvürdür ki, bizim xəyalımız belə bir iş görür.
    İndi səbəb-nəticə və müqəddimə-nəticə qanunlarının necəliyinə nəzər salaq. Görəsən onlar bir dəfə yaradılıb sonradan hardasa yerləşdirilirlərmi? Yoxsa, onların vücudu yerləşdikləri mərtəbə ilə bərabərdir? Məsələn, Sədi Şirazi zaman və məkan baxımından bizdən əvvəl olub və xüsusi zaman və məkan şəraitində yerləşibsə, bu o deməkdir ki, o, əvvəlcə yaradılıb və sonradan həmin xüsusi şəraitdə yerləşdirilib? Yoxsa Sədinin vücudu, onun həmin şərait, zaman və məkan, mövqe, məqama malik xüsusi vücudu və onun digər əşyalarla olan nisbəti ilə bərabərdir və onların hamısı onun vücudunun formulunun bir hissəsidir və Sədi onların hamısının ümumi toplumu deməkdir? Buna görə də Sədini öz zaman və məkanından ayırmaq, onu özündən ayırmaq deməkdir. Bunun mənası odur ki, Sədi, Sədi deyil və biz ondan sonrakı zamanda olmuş Camini fərz edərək ona Sədi adı vermişik.
    Varlığın quruluşu haqqında olan bəhs yorucu bir mövzudur. Bəziləri belə fikirləşiblər ki, onların varlıq aləmi və hər bir nəticənin öz yerində yerləşməsini zəruri və qəti bir iş kimi fərz etmələri, Allah-taalanın qüdrət və iradəsi üçün bir növ məhdudiyyət qail olmaq deməkdir.
    Amma onlar bu məsələdən xəbərsizdirlər ki, söhbət dünyada varlıqlardan başqa olması zəruri olan və olmaması mümkün olmayan varlığın olmasından getmir. Söhbət bu məsələdən gedir ki, varlıqların tərtib və quruluşları onların vücudlarının eynidir ki, Allah tərəfindən bağışlanır. Onlara müəyyən quruluş verən Haqqın iradəsidir. Amma bunun mənası Allahın, onları bir iradə ilə yaratması və digər bir iradə ilə şəklə salması demək deyildir ki, quruluş iradəsinin götürülməsi onların yaranma iradəsinin qalması fərzinə səbəb olan nəticəni versin. Varlıqların vücudları ilə vücud mərtəbələri bir olduğu üçün, onların vücuda gəlmələri iradəsi quruluş və quruluş iradələri vücud iradələrinin eynidir.
    Buna görə də Allah-taalanın hər bir şeyin vücuda gəlməsinə olan iradəsi, yalnız həmin şeyin səbəbini istəmək yolu ilə həyata keçir və həmin səbəbin vücuda gəlməsi iradəsi, səbəbin səbəbinin yaranmasını iradə etmək yolu ilə baş verir və bundan başqa bir şeyin olması qeyri-mümkündür. Varlıqlar, şaquli və yüksələn xətt üzrə birbaşa Allahın iradəsinə bağlanmış səbəbdə sona çatırlar; Allahın, onun vücuda gəlməsini iradə etməsi bütün əşya və bütün quruluşların vücuda gəlmələrinin iradə edilməsinin eynidir. «Bizim buyuruğumuz bir göz qırpımında yerinə yetər...» (Qəmər-50.)
    Buna görə də, Allahın qüdrət və iradəsinin sonsuz olması və Onun Özünün yaratdığı quruluşa düçar olmamasına baxmayaraq, həm hikmət və həm də məsləhət məsələləri Onun barəsində də özünü doğruldur. Allah hikmətinin mənası Onun, əşyaları özlərinin vücudlarının son hədəf və kamilliklərinə çatdırmasıdır. Amma insanların işində olan hikmətin mənası budur ki, onlar özlərinin hədəf və kamilliklərinə çatmaları üçün müəyyən bir iş görürlər.
    Nəticənin vücudu və onun öz səbəbi ilə bağlılığı, ayrılıq fərz edilməsinə gətirib çıxaran iki şey deyil, bir olduğu üçün Allah-taalanın onu iradə etməsi, onun öz xüsusi səbəbi ilə əlaqədə olmasını iradə etməkdən ibarətdir. Həmin səbəbin iradə edilməsi də, onun öz xüsusi səbəbi ilə əlaqəsinin iradəsinə bərabərdir və iş sonda, iradə edilməsi Haqqın zatı ilə əlaqə ilə bərabər olan səbəbə çatır və Haqqın onu iradə etməsi bütün əşya, bütün əlaqə və bütün quruluşların iradə edilməsi ilə bərabərdir.
    XOŞ VƏ ƏBƏDİ XATİRƏ
    Yadımdadır ki, Qum şəhərində təhsil aldığım illərdə bir gün özüm, təhsilim və həyatda seçdiyim yolu qiymətləndirirdim. Öz-özümə fikirləşirdim ki, görəsən dini təhsil yerinə, müasir təhsil sahələrindən birini seçsəydim yaxşı olardı, yoxsa yox? Təbii ki, malik olduğum ruhiyyə, iman və mənəvi maarifə qail olduğum dəyərə görə, zehnimə gələn ilk şey bu oldu ki, görəsən elə olan surətdə mənim ruhi və mənəvi vəziyyətim necə olardı? Fikirləşdim ki, indi tövhid, nübüvvət, məad, imamət və sairənin əsaslarına iman və etiqadım var və onları çox sevirəm, amma görəsən əgər təbii, riyazi və ya ədəbi elmlərdən hər hansı birisini oxusaydım hansı vəziyyətdə olardım?
    Öz-özümə cavab verdim ki, bu əsaslara inam və etiqad bəsləmək və ümumiyyətlə həqiqi ruhani olmaq, insanın qədimi elm sahələrində təhsil almasından asılı deyil. Bu təhsildən məhrum olaraq digər sahələrdə mütəxəssis olanlar çoxdur. Amma buna baxmayaraq, onlar güclü imana malikdirlər və əməldə təqvalı və pərhizkardırlar, hətta bəzən az-çox islami mütaliə ilə məşğul olan belə şəxslər islamın hami və təbliğatçısı da olurlar. Ola bilərdi ki, mən həmin elm sahələrində imanım üçün indi əldə etdiklərimdən daha yaxşı şeylər əldə edə biləm.
    Mən həmin vaxtlar ilahi fəlsəfə ilə təzə-təzə tanış olmuşdum və onu, bu sahənin yalnız bir sıra əzbərçiliyə malik əksər iddiaçı və müəllimlərinin əksinə olan, islam ilahiyyatını doğrudan da dadmış, onun düşüncələrini dərindən dərk etmiş və ən şirin ifadələrlə bəyan edən bir ustadın yanında öyrənirdim. Həmin günlərin ləzzəti və xüsusilə, ustadın dərin, lətif və şirin açıqlama və ifadələri ömrümün unudulmaz xatirələrindəndir.
    Mən həmin günlərdə tam müqəddiməsi ilə öyrəndiyimiz bu məsələlərlə tanış olmuşdum. «Vahid varlıqdan yalnız vahid şey yarana bilər» qaydasını filosoflar tək dərk etmişdim (ən azı mən belə fikirləşirdim). Dünyanın qəti və xələl gəlməyən quruluşuna əql gözü ilə baxırdım, «sual» və «necə-nə üçün»lərimin birdən-birə necə yoxa çıxması, şeyləri bir quruluşda yerləşdirən bu qəti qayda ilə «vücudda Allahdan başqa heç bir təsir qüvvəsi yoxdur» prinsipi arasında heç bir ziddiyyət görməməyim və onları bir-birlərinin kənarında yerləşdirməyim barəsində fikirləşirdim. Mən artıq «iş Allahın işidir və o, bizim də işimizdir» cümləsinin mənasını başa düşürdüm və onun iki hissəsi arasında ziddiyyət görmürdüm və «orta mövqe» prinsipi mənim üçün həll olmuşdu. Molla Sədranın nəticə ilə səbəb arasındakı əlaqənin necəliyi barsindəki bəyanı və xüsusilə həmin mətləbdən «Vahid varlıqdan yalnız vahid şey yarana bilər» qaydasının isbatında istifadə edilməsi məni çox güclü təsir altına alaraq vəcdə gətirmişdi. Xülasə, zehnimdə əsaslı bir plan yaranmışdı və o, geniş dünyagörüşündəki problemlərimin həlli yolları idi. Bu mətləb və bu qism bir sıra digər mətləblərin dərki nəticəsində islam maarifinin əsalətliyinə inanmışdım. Mən Quranın, Nəhcül- bəlağənin və həmçinin peyğəmbər və imamların hədis və dualarındakı tövhid maarifini çox yüksək səviyyədə hiss edərək duyurdum.
    Onda fikirləşirdim ki, əgər mən bu sahədə təhsil almasaydım və həmin ustadın gözəl bəyanlarından feyz ala bilməsəydim, istər mənəvi və istərsə də maddi cəhətdən hər bir şey indikindən yaxşı ola bilərdi və indi malik olduğum şeylərin hamısına, ən azı oxşar və ya əvəzedicisinə, bəlkə bundan da yaxşısına malik olardım, amma həqiqətən nə özü və nə də əvəzedicəsinə sahib ola bilməyəcəyim yeganə şey, zehnimdə formalaşdığını dediyim həmin plan və onun nəticələridir. Mən indi də həmin fikirdəyəm.
    Əvvəldə, sadə şəkildə irəli sürülməsi nəzərdə tutulan ilahi ədalət bəhsi, dərin fəlsəfi bəhslər «qalasının» qapısına kimi irəlilədi və əgər bir qədər də irəliləmək istəsək, onda gərək daha yüksək qüllələrə çıxmağa hazırlaşaq. Amma deyəsən belə bir iş üçün hazırlıq yoxdur. Buna görə də mətləbi sadə dillə, aşağı səviyyədə araşdırmağımız daha yaxşıdır. Məncə bu kitabı mütaliə edəcək oxucular, mətləbi sadə bəyan və açıqlamalarla daha yaxşı başa düşürlər. Sözün qısası budur ki, «şərlər» və «ayrı-seçkiliklər» barəsindəki iradın xülasə və qısa cavabı, yəni «ortada bir sıra məsləhətlər var və onlarda olan fayda və mənfətlərə görə həmin məsələlər sırf şər sayılmır, əksinə onlar xeyirlə qarışığı olan şərdirlər və məsələnin xeyirli cəhəti şər cəhətindən çox olduğu üçün onlar ümumi baxışda şər deyil, xeyirdirlər» cavabı, səbəb-nəticə qanunlarının şərti deyil, qəti, dəyişməz və zati olmasına əsaslanır. Bu mətləbi bilmək bizim «mövcud olan şey ayrı-seçkilik deyil, fərqlilikdir» barəsindəki gələcək bəhsimizin başa düşülməsinə şərait yaradır.
    BURADA AYRI-SEÇKİLİKDƏN YOX, FƏRQLİLİKDƏN DANIŞMAQ LAZIMDIR!
    Yaradılışda olan şey ayrı-seçkilik deyil, fərqlilikdir. Ayrı-seçkilik bərabər şərait və yeksan haqlılıqda, şeylər arasında fərq qoyulması deməkdir. Amma fərqliliyin mənası, bərabər olmayan şəraitdə şeylər arasında fərq qoyulmasıdır. Başqa sözlə desək, ayrı-seçkilik bəxş edənin tərəfindən, fərq isə qəbul edənin özündəndir.
    Sadə bir məsəl çəkməklə məsələ aydınlaşacaq. Biz, əgər tutumu on litr olan iki qabı su kranının altına qoyub birinə on, digərinə isə beş litr su töksək, ayrı-seçkilik etmiş oluruq. Burada fərqin mənşəyi su tökən qüvvədir. Amma qarşımızda bir ədəd beş litrlik və bir ədəd də on litrlik qabımız olsa və biz onların hər ikisini dənizə batıraraq su doldursaq yenə də suların miqdarında fərq olduğunu görəcəyik. Amma bu fərqin mənşəyi dəniz və ya suyun təzyiqi deyil, həmin qabların tutum baxımından olan fərqləridir.
    Başqa bir misal çəkim. Müəllimin, hamısı bir səviyyədə olan və dərsləri bərabər olan şagirdlərə müxtəlif qiymətlər verməsi ayrı-seçkilikdir. Amma birdən müəllim hamıya bir gözlə baxır və bir cür dərs keçirsə və hamıdan bir cür imtahan götürürsə və şagirdlərin bəziləri kütbeyinlik, yaddaşsızlıq, çalışmamazlıq və sairə səbəblərdən imtahanı pis vercələr və ya ümumiyyətlə verə bilməcələr, bəziləri isə güclü istedada malik olmaları və çalışqanlıq göstərmələri nəticəsində imtahanın suallarına tam cavab versələr və müəllim onlara, verdikləri cavab əsasında qiymət versə, burada ayrı-seçkilik deyil, fərq baş verəcəkdir. Ədalət, müəllimin bütün qiymətləri bir-birinin üstünə gələrək bütün şagirdlər arasında bərabər bölməsi demək deyildir. Ədalət odur ki, müəllim şagirdlərin hər birinə layiq olduğu qiyməti versin. Bu cür yerlərdə tərəflər arasında fərq qoymaq eyni ilə ədalət və bərabərlik, fərq qoymamaq isə ayrı-seçkilik və zülmdür.
    Burada təbii olaraq qarşıya belə bir mətləb gəlir ki, Allahı müəllimlə müqayisə etmək olmaz. Allah varlıqların yaradanıdır və mövcud olan hər bir fərq onun tərəfindəndir. Amma müəllim şagirdlərin yaradanı deyil və onlardan birinin zehnli, digərinin isə kütbeyin olması müəllimdən asılı deyil. Əgər biri istedadlı və çalışqandırsa və digəri istedadsız və tənbəldirsə, bunun müəllimlə heç bir əlaqəsi yoxdur. Allah və varlıq barəsində isə, etiraf etmək lazımdır ki, bütün fərq və ayrı-seçkiliklər Onun tərəfindəndir. Allahın işi ikimərhələli olub. Belə ki, O, bir mərhələdə varlıqları fərqli yaradıb, digər mərhələdə isə onlarla fərqləri əsasında rəftar edərək onlara layiq olduqlarını verib. İrad işin birinci mərhələsinə aiddir ki, Allah nə üçün əvvəldə hamını bərabər və yeksan yaratmayıb? Fərqlərin sirri nədədir?
    FƏRQLƏRİN SİRRİ
    Fərqlərin sirri bir kəlmədir:
    «Varlıqlar arasındakı fərqlər onlar üçün zatidir və o, səbəb-nəticə qanununun zərurətlərindəndir.» Bu çox ağır cümlədir, amma izah etməkdən başqa heç bir çarə yoxdur. Biz burada dediyimiz şeyləri bir daha sadə dillə təkrar etmək və dərin bir bəhsin çətinliyini asanlaşdırmaq məcburiyyətindəyik. Ali və lazımi nəticə əldə etmək ümidi ilə əvvvəlki bəhsimizi davam etdirək və icbari olaraq bir az filosoflaşaq.
    Əvvəldə dediyimiz kimi, bu bəhs ilahi fəlsəfədə «varlıqların Haqq-taalanın zatından xaric olma tərzi» adı altında irəli sürülür. Bəhsin mövzusu budur ki, görəsən Allah varlıqların yaranmasını ayrı-ayrılıqda, bir-bir iradə edib, yoxsa yox? Məsələn, iradə edərək əvvəlcə «A»-nı yaradıb, sonra başqa bir iradə ilə «B»-ni və sonra üçüncü iradə ilə «V»-ni və beləliklə, hər bir şeyi ayrı-ayrılıqda və özünəməxsus bir iradə ilə yaradıb, yoxsa bütün şeyləri vahid və bəsit bir iradə ilə vücuda gətirib?
    İlahi maarifdə səthi fikirləşən bir qrup mütəkəllim, birinci ehtimalın tərəfdarıdır. Amma əqli dəlillər və qəti fəlsəfi bürhanların sübut etdiyi və Quranın da düzlüyünü təsdiqlədiyi, ikinci nəzəriyyədir. Həmin nəzəriyyəyə əsasən, dünyanın hamısı əvvəldən axıra kimi bir iradə ilə vücuda gəlir və hamı Allahın iradəsi ilə yaranır. Amma onlar ayrı-ayrı iradələrlə deyil, bir iradə ilə, özü də bəsit bir iradə ilə yaranır. Qurani-kərim buyurur:
    «Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq.
    Bizim buyuruğumuz bir göz qırpımında yerinə yetər.» (Qəmər-49-50.)
    Bu əqidəyə əsasən, yaradılış üçün xüsusi quruluş, müəyyən qanun və tərtibat mövcuddur və Allahın, şeyləri yaratmaq iradəsi, quruluş iradəsinin eynidir. Səbəb-nəticə qanunu da oradan yaranır. Səbəb-nəticə qanununun mənası budur ki, hər bir nəticənin özünəməxsus səbəbi və hər bir səbəbin özünəməxsus nəticəsi var; nə müəyyən bir nəticə, heç bir vasitə olmadan, istənilən səbəbdən yarana bilər və nə də müəyyən bir səbəb vasitəsiz, hər bir nəticəni yarada bilər. Həqiqət budur ki, səbəb-nəticə qanununda, hər bir varlıq və şey müəyyən yer və məqama malikdir, yəni nəticə müəyyən bir şeyin nəticəsidir və bu ayənin «Şübhəsiz ki, Biz hər bir şeyi müəyyən ölçüdə yaratdıq» ifadəsinin dəqiq mənasıdır. Bu mətləbin aydınlaşması üçün, dünyanın quruluşunu şaquli və üfüqi hissələrə bölməklə izah edirik.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 647 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024