ƏLLİ ÜÇÜNCÜ DƏRS
İncil, yaxud Əhdi-cədid məsihilərin müqəddəs kitabıdır. Məsihilər Əhdi-ətiqi (Əhdi-qədimi) qəbul edib, asimanı kitab ünvanı ilə təsdiq etməkdən əlavə, Əhdi-cədidə də öz müqəddəs kitabları kimi ehtiram qoyurlar. Onlar inanırlar ki, Allah insanla iki əhdi-peyman (əhd) bağlamışdır. Biri qədim əhd-peymandır ki, (Əhdi-ətiq) İsa Məsihdən əvvəlki peyğəmbərlərin vasitəsi ilə insanlardan alınmış və onda bəşəriyyətin nicat yolu, şəriət və ona əməl etməyin necəliyi bəyan olunmuşdur. Digəri isə yeni əhdi-peymandır (Əhdi-cədid) ki, Allahın oğlu İsa Məsih vasitəsilə bağlanmışdır. Bu əhd-peymanlar nicat və qurtuluşdur ki, həzrət Məsihə məhəbbət bəsləmək yolu ilə hasil olur. Çünki, Məsih insan surətində təcəssüm etmiş və insanların günahlarının cəzalarının ən çətini olan dara çəkilməyi qəbul etməklə, bəşəriyyətə nicat vermişdir. Yeganə oğlunu insanlara qurbanlıq edən ata Allaha məhəbbət, insanların nicatı üçün ölüm ayağına qədər dara çəkilməyin üzücü əzab-əziyyətlərinə dözən oğul Allahın məhəbbətinin əvəzində, oğul və ataya məhəbbət bəslənilməli və onların xatirinə başqaları ilə məhəbbətlə, nəvazişlə rəftar edilməlidir. Əhdi-cədid tə’limlərinin ruhu bu dində həmin əqidə əsaslarının izah, şərh və xatırladılmasıdır.
Əhdi-cədid iyirmi yeddi kitab, məktub və risalədən ibarətdir ki, məsihilərin əqidəsinə görə, onların hamısı həzrət Məsihin üruc etməsindən sonra həvarilərin, yaxud onların şagirdlərinin tərəfindən yazılmışdır və onlardan heç biri İsa tərəfindən tənzim olunmamışdır. Onlar hətta inanırlar ki, «Bizim Allahımız olan İsa Məsih Allahın pak kəlməsidir və onda bütün hikmət və elm xəzinələri məxfi olmuşdur, onun bir kitab yazmağa və yadigar qoymağa heç bir lüzumu yox idi.»(V.M. Müller; Roma və İran imperatorluğunda qədim kilsənin tarixi.)
Məsihilər tə’kid edirlər ki, müqəddəs kitabın hamısı vəhy kəlamıdır. Onlar müqəddəs kitabı yalnız İsanın risalətinin bəyanı və tərcümeyi-halının şərh olunması, məsihi dininin əqidə əsasları kimi qələmə verir və onun ilahi bir dəyərə malik olduğunu deyirlər. Buna görə də İsanın tərcümeyi-halı, o həzrətin zamanında olan məsihilərin tarixi və həvariyyunun şərhi-halına məxsus olan hissə tarixi yönə malikdir; həzrət İsa Məsihin sözlərini nəql edən hissə isə o həzrətin hədisləri həddində dəyərləndirilə bilər. (Müsəlmanların peyğəmbərlərin hədisinə verdikləri dəyər kimi). Qur’ani-Kərim İncilin həzrət İsaya (təhrif olunmamış İncili, nəinki dördlük təşkil edən İncili) nazil olunmasını aşkar şəkildə buyurur, onun ayələrini ilahi vəhy hesab edir və onlarıAllah kəlamı adlandırır.
«...Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də (səmadan) O endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Qur’anı) da O nazil etdi.» (Ali-İmran 3-4.)
Qur’ani-Kərim İsanın sözlərini belə bəyan edir:
«Mən həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi».(Məryəm-30.)
Aydındır ki, vəhy vasitəsilə həzrət İsaya nazil olan İncil dördlük təşkil edən İncillə eyni deyildir. Qeyd olunduğu kimi, məsihilərin öz e’tiraflarına əsasən, bu kitab İsa tərəfindən yazılmamışdır və onu başqaları yazıb tənzim etmişdir.
* * *
Qeyd olunduğu kimi, Əhdi-cədid 27 kitab və risaləyə şamildir. Tarixi mə’lumatlardan aydın olur ki, ilk əsrlərdə məsihilər arasında geniş yayılmış müqəddəs kitab və risalələr indikindən qat-qat artıq idi. Hətta onun sayını 160 nüsxəyə çatdırırlar. Amma Roma imperatorluğunun məsihiliyi qəbul etdiyi dördüncü miladi əsrində 27 kitab və risalə onların müqəddəs kitabı adı ilə tanındı və digərləri qeyri-mö’təbər hesab olundu. Ondan sonra məsihilər arasında müqəddəs kitab yalnız 27 ədəddir. Katolik məsihilərin yığıncağı 1046-cı miladi ilində bu kitabın asimani kitab olması barədə düşünülən hər növ şəkk-şübhəni qadağan etmiş və müxaliflərin e’tirazlarına da məhəl qoymamışdır. Bu kitabın 27 bölməsi aşağıdakılardan ibarətdir:
1. Mətta İncili:
28 fəsldən təşkil olunmuş bu İncil həzrət İsanın həyatı, tarixi, peyğəmbərliyi, tövsiyə və nəsihətlərindən ibarətdir. Orada Əhdi-ətiqin qabaqcadan söylədiyi bə’zi xəbərlərə də işarə olunmuşdur. Bu İncili yazan Mətta, İsanın həvarilərindən biridir və 79-cu miladi ilində vəfat etmişdir.
2. Marqos İncili:
Ən qısa İncil sayılan bu kitab 16 fəsildə yazılmışdır. Markos, həvarilərdən deyildir, amma həvarilərin yanında şagirdlik edərək, həvarilərin həvariləri adı ilə tanınmışdı. Bu İncil ehtimal üzrə miladın 65-70-ci illərində yazılmışdır; bu kitab Markosdan sonra yazılan Luka və Mətta İncillərinin əsasını təşkil edir.
3. Luka İncili:
Luka da Markos kimi həvarilərin həvarisi idi. Məşğuliyyəti və ixtisası təbib olan və Yunanıstanda təbabətlə məşğul olan bu kişi Puls ilə tanış olub, bir müddət onunla görüşmüşdür. Luka məsihi tə’limlərini Pulsdan əxz etmişdir. Onun İncilinin 24 fəsli vardır. Bu İncil də İsa Məsihin tərcümeyi-halı və moizələrindən ibarətdir; Allahın İsanın bədəninə hülul etməsi və onun Məryəmdən xariqul’adə şəkildə doğulmasından da danışır.
4. Yuhənna İncili:
Yuhənna həvarilərdən idi, amma onun İncili digər üç İncildən sonra yazılmışdır; bunun yazılma zamanı Yuhənnanın qocalıq illərinə təsadüf edir. Bu İncil 21 fəsldə yazılmışdır və orada həzrət İsanın tərcümeyi-halı və moizələri verilmişdir. Amma onda, əvvəlki üç İncilin əksinə olaraq, İsanın ilahiləşdirilməsi aşkar şəkildə bəyan olunur. Lakin həzrət İsanın təvəllüdü və göylərə getməsi, rəbbani gecə və bə’zi başqa bəhslərdən danışılmır. Buna görə də əvvəlki üç İncil (Mətta, Marqos və Luka) bir-birilə uyğun olan İncillər kimi tanınır və Yuhənna İncili onlarla fərqli hesab edilir.
5. Rəsulların əməlləri:
Bu kitabın Luka tərəfindən yazıldığını (üçüncü İncilin müəllifi) güman edirlər. Bu kitab 28 fəsldə tənzim olunmuş və məsihiliyin əvvəlindəki təbliğatçıların (rəsulların) sözlərini və tərcümeyi-halın əhatə edir; əsas e’tibarilə Puls, onun əməl və sözlərini təqdim edib. Bu kitabın Pulsun məsihiliyə iman gətirmədiyi dövrdə yazılan ilk səkkiz fəslində İsa Allahın bəndəsi və insan övladı kimi təqdim edilir. Amma doqquzuncu fəsildən sonra Pulsun Məsihə iman gətirməsi izah edilir və bəyan olunur ki, o, bu dini qəbul etdikdən sonra dərhal «kənisalarda İsa barəsində moizə edib onun Allah olduğunu deyib»(9-cu fəsil, 20-ci ayə.)
6. Pulsun romalılara məktubu:
Roma camaatına yazılan və 16 fəsildə tənzim olunan bu məktub insanın necə xilaskarlığa, qurtuluşa çatması barədə olan bəhsləri əhatə edir.
7. Pulsun Qorintiyana olan ilk məktubu:
Bu məktub 16 fəsildə tənzim olunaraq Qorintes şəhərinin kilsələrinə xitab edilir.
8. Pulsun Qorintiyana ikinci məktubu:
Puls 13 fəsildə tənzim olunun bu məktubda onun risaləti barədə şəkk-şübhə yaradanlar qarşısında özünü müdafiə edir.
9. Pulsun Ğəlatilərə məktubu:
Bu məktubu Puls 6 fəsildə tənzim edib Ğəlati bölgəsindən olan kilsəyə göndərmiş və onda imanı ədalətin şərti bilmişdir.
10. Pulsun Əfisusyana olan məktubu:
Puls bu məktubu 6 fəsildə Əfisus şəhərinin kilsəsinə xitabən yazmış və orada camaatın əxlaqi vəzifələrini xatırlatmışdır.
11. Pulsun Filiplərə məktubu:
Bu məktub 4 fəsildə tənzim olunmuş və Filipp şəhərinin kilsələrinə göndərilmişdir. Puls bu məktubda o şəhərin məsihi əhalisi üçün dua etmiş və onların hədiyyələri qarşısında təşəkkür etməklə onların qurtuluşunu, nicatını müjdə vermişdir.
12. Pulsun Kulsiyana məktubu:
Puls bu məktubu 4 fəsildə tənzim edərək Kulsiyə şəhərinin kilsəsinə xitabən yazmışdır və orada Məsihə əqidəli qalmaq dövründə yeni həyatı xatırlamış və sabiq şəriətə (xütnə kimi) tabe olmağı çəkindirmişdi.
13. Pulsun Tesalunikilərə məktubu:
Bu məktub Tesaluniki şəhərinin camaatına xitabən yazılmış və 5 fəsildə tənzim olunmuşdur. Burada Puls tərəfindən Tesaluniki əhalisinin imanı və bu dinə gözəl rəğbətləri onun tərəfindən tə’rifəlayiq hesab edilmişdir.
14. Pulsun Tesalunikilərə ikinci məktubu:
Bu məktub 3 fəsildə tənzim olunmuş və həzrət İsanın yenidən qayıdışı şərtləri ətrafında bə’zi mətləbləri işıqlandırmışdır.
15. Pulsun Timutalbusa birinci məktubu:
Timutalbus Pulsun şagirdlərindən biridir ki, onu Əfisus şəhərinin kilsələrinin başçısı tə’yin etmişdir. Altı fəsildən ibarət olan bu məktubda Puls Timutalbus və onun şagirdlərinin vəzifələrini, eləcə də kilsə başçısının xüsusiyyətlərini bəyan etmişdir.
16. Pulsun Timutalbusa ikinci məktubu:
Dörd fəsildən ibarət olan bu məktubda Puls Timutalbusa başqa tövsiyələr və sifarişlər etmişdir.
17. Pulsun Teytəsə məktubu:
Üç fəsildən ibarət olan bu məktub kilsənin təbliğ işləri ilə əlaqədar Teytəsə olunan sifarişləri və tövsiyələri əhatə edir. Puls Teytəsi Kərid şəhərində öz nümayəndəsi tə’yin etmişdi.
18. Pulsun Felimuna məktubu:
Bu Felimuna yazılan qısa bir məktubdur ki, onda qaçmış qulun - qaçdıqdan sonra Pulsun əli ilə iman gətirən qulamın qəbul edilməsini istəyir.
19. Pulsun İbranilərə məktubu:
Bu məktub 10 fəsildən ibarətdir və yəhudi irqindən olan məsihilərə xitab olunur (İbranilərə). Bu məktubda Puls yeni dinin (məsihi dinin) yəhudi dini ilə olan əlaqəsini bəyan edən bəhsləri, məsihiyyətin üstünlüyünü bəyan etmişdir.
20. Yə’qubun məktubu:
Bu məktub İsanın qardaşı və 44-cü miladi ilində Yerusəlim kilsəsinin rəhbərliyini öhdəsinə alan Yə’qubun vasitəsi ilə 5 fəsildə və Bəni-İsrailin 12 tayfasına xitabən yazılmışdır. Bu məktubda onlara bə’zi ictimai-əxlaqi vəzifələr də xatırladılır.
21. Petrosun birinci məktubu:
Petros İsanın rəsulu və elçisi ünvanı ilə bu məktubu 5 fəsildə, o dövrdə yaşayan bütün məsihilərə xitabən yazmış və onları Allahın seçdiyi qövm adlandıraraq, Allah dini yolunda çəkdikləri zəhmətləri qiymətləndirərək onlara toxtaqlıq verir.
22. Petrosun ikinci məktubu:
Petros bu məktubu 3 fəsildə tənzim etmişdir. Bu məktub bütün məsihilərə müraciətdir və onda yalançı müəllimlər və peyğəmbərlərlə əlaqədar xəbərdarlıq edilir və eləcə də onda İsanın qayıdacağı müjdəsi verilir.
23. Yuhənnanın birinci məktubu:
Bu məktub 5 fəsildən ibarətdir və bütün məsihilərə xitabən yazılmışdır. Onda bə’zi yanlış inanclar xatırladılır.
24. Yuhənnanın ikinci məktubu:
Bu məktub 1 fəsildən ibarətdir və bir məsihi qadına xitabən yazılmış, onda məhəbbətin həqiqəti izah edilmişdir.
25. Yuhənnanın üçüncü məktubu:
Bu məktub da 1 fəsildən ibarətdir və kilsənin idarə olunmasında müəyyən problemlərlə qarşılaşan kilsə başçılarından birinə xitabən yazılmışdır.
26. Yəhudanın məktubu:
Bu məktub İsanın Yəhuda adlı digər bir qardaşının vasitəsi ilə 1 fəsildə yazılmış və orada camaat onun vasitəsilə imana də’vət olunmuşdur.
27. Yuhənnanın kəramətləri:
Bu kitab Yuhənnanın dilindən gələcəkdə baş verəcək xəbərlərə şamildir və 22 fəsildən ibarətdir.
* * *
Qeyd olunanlar məsihilərin nəzərində mö’təbər sayılan kitablar, mətnlər və müqəddəs risalələrdən ibarətdir. Bunlar məsihi dininin araşdırılmasında istifadə oluna bilər. Lakin məsihi aləminin bir çox kitab və risalələri də vardır ki, onlardan bəziləri həvarilərin və rəsulların həyatı ilə əlaqədar olan əməllər kitabı, bir qurupu Bornabaya mənsub edilən risalələr və Petros, Əbinunilər, Misirlilər və s. adlarla məşhur olan bir neçə İncildən ibarətdir; bunlar miladın beşinci əsrində kilsə tərəfindən qadağan edilmiş qeyri-mö’təbər kitablar kimi təqdim edilir. Bu müqəddəs mətnlərin ən məşhuru və mühümü Bornaba İncilidir.
Özü həvarilərdən olan Bornabanın beş İncili var idi və bu İncil beşinci əsrdən əvvəllərə qədər istifadə olunurdu.
17-ci əsrdə İtaliyada bu İncilin bir nüsxəsi italyan dilində kəşf olunub və onun ingiliscə tərcüməsi 1907-ci ildə ingilis ər-arvad tərəfindən və ərəbcə tərcüməsi isə 1908-ci ildə misirli bir məsihi tərəfindən Qahirədə çap olunmuşdur.
Bu İncilin əqidəvi tə’limləri İslamın əsaslarına çox yaxındır və bir çox hallarda aşkar şəkildə İslam Peyğəmbəri (s) müjdə verilmişdir. Hətta bir neçə dəfə İslamın tövhid və nübüvvət barəsində yə’ni, «La ilahə illəllah və Mühəmmədən Rəsuləllah» kəlmələri onda qeyd olunmuşdur.
Bornabanın əsil İncil olmasını isbat etmək çox çətindir. Bundan əlavə, məsihi rahiblərinin və alimlərinin nəzərində mö’təbər sayılmadığından, məsihiliyin araşdırılmasında ona istinad oluna bilməz.
1. Qədim və yeni əhd-peyman arasında olan fərq nədir?
2. Dördlük təşkil edən İncillərin bir-birilə nə kimi fərqləri vardır?
3. Hansı kitabda İsa Allahın oğlu kimi təqdim edilmişdir?