İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Bizim dini əqidəmiz

    Bizim dini əqidəmiz
    2012-01-02, 7:31 AM
    Altıncı fəsil
    Müxtəlif məsələlər
    56-Ağlın yaxşı və pisi dərk etməsi
    İnsan ağlı yaxşı işi pis işdən seçmə qüvvəsinə, yaxşı və pisi dərketmə səlahiyyətinə malikdir. Və bu qüvvə Qurani-kərimin insana bəxş etdiyi "yaxşını və pisi ayırd etmə bacarığ”ından sərçeşmə tutur. Deməli, ilahi dinlər göndərilməzdən öncə bir çox ictimai və fərdi məsələlər bəşər övladına öz ağlının vasitəsilə məlum idi. Yaxşılığın və ədalətin gözəlliyi, zülmün və etinasızlığın çirkinliyi, bəzi əxlaqi xüsusiyyətlər, məsələn "doğru danışmaq”, "əmanətdarlıq”, "şücaət”, "səxavətli olmaq” və s. ağlın dərk etdiyi məsələlərdəndir. Həmçinin, "yalan”, "xəyanət”, "paxıllıq” və "simiclik” və s. də, insan ağlının dərk etdiyi məsələlərdəndir. Amma insan ağlı bütün işlərin yaxşı və pis olmasını kamil şəkildə dərk edə bilmədiyinə görə, yaxud məhdud şəkildə qavradığına əsasən, ilahi dinlər, səmavi kitablar və peyğəmbərlər ona bu yolda kömək olaraq göndərilmişdir. İlahi peyğəmbərlər, səmavi dinlər və müqəddəs kitablar insana anlamadığı digər həqiqətləri açıqlamış və həm də, ağlın dərk etdiyi gerçəklikləri təkid etmişlər.
    Əgər bir insan ağlının həqiqətləri anlamaqda mütləq şəkildə aciz olduğunu söyləsək, "Tövhid”, "Allah tanıma”, "İlahi Peyğəmbərlər” və "səmavi dinlər”-ə olan etiqad tamamilə ləğv və mənasız olacaqdır. Çünki Allahın varlığını sabit etmək və Peyğəmbərlərin haqq olaraq göndərildiyini sabit etmək yalnız ağlın vasitəsilə mümkündür. Aydındır ki, şəriətin hökmləri, "Tövhid və Nübuvvət”, fəqəd ağlın hökmü ilə qəbul olunduğundan sonra etibarlıdır. Və bu yolda təkcə şəri dəlillərə kifayət etmək mümkün deyildir.
    57-Allahın ədaləti
    Biz Allahın ədalətli olduğuna inanırıq.(Ağlımızın yaxşı və pisi ayırd etdiyinə görə) Və belə söyləyirik: "Allahın öz bəndələrinə zülm etməsi, heç bir səbəb olmadan kimisə cəzalandırması və ya əsassız olaraq bağışlaması qeyri-mümkündür. Allah-təalanın öz vədəsinə əməl etməməsi, ləyaqətsiz və günahkar şəxslərə nübüvvət (peyğəmbərlik) məqamı bəxş etməsi və onun ixtiyarında müxtəlif möcüzələr qoyması da, qeyri-mümkündür. Onu da qeyd etmək lazımdır ki, Allah səadət yolunda ucalmaq üçün, xəlq etdiyi ilahi kamilliyə çatmaq hədəfilə yaratdığı bəndələrini rəhbərsiz və imamsız qoymamışdır! 12 imamın vücudu buna sübutdur. Allah-təala hər bir nöqsandan pak və münəzzəhdir!
    58-İnsan və azadlıq
    Allah insanı azad yaratmışdır. İnsan əncam verdiyi işlərdə yalnız öz iradəsinə bağlı olaraq, seçim zamanı tam ixtiyar sahibidir. Əgər belə olmasa idi, yəni; insan öz əməllərində məcbur olsa idi (insan vasitə-alət olaraq, bütün işlər fəqəd Allah tərəfindən bir başa əncam verilsə idi) pis əməl sahibləri, ədalətsiz, zalım şəxslərin cəzalandırılması və həmçinin, yaxşı əməl sahiblərinin mükafatlandırılması bihudə və mənasız olardı. Allah-təala isə hikmətsiz işlərdən pak və uzaqdır!
    Xülasə; ağlın yaxşı və pis işləri dərk etməsi, insan təfəkkürünün müstəqil şəkildə bir çox həqiqətləri anlaması İslam dininin və şəriətinin, Nübüvvət və müqəddəs kitablarının əsası və köküdür! Amma onu da yadda saxlamaq lazımdır ki, bəzən idrakı və anlayışı məhduddur. Təkcə insan ağlının vasitəsilə uca kamilliyə və səadətə yetişmək yolunda lazım olan bütün həqiqətləri ələ gətirmək mümkün deyildir. Bu çətin yolda ilahi dinlərə və Peyğəmbərlərə ehtiyac duyulur.
    59-Fiqh mənbələrindən biri də "Ağlın” dəlilidir
    İslam dininin əsaslı, köklü mənbələrindən biri də, "Ağlın dəlili”dir. "Ağlın dəlili” dedikdə "insan ağlının qəti şəkildə və dəqiq surətdə yəqin edərək bir şeyi dərk etməsi, onun haqqında hökm verməsi” nəzərdə tutulur. Məsələn, əgər Quran və sünnədə(Peyğəmbər (s.ə) və Əhli-beyt (ə)-ın sözü-əməli və razılığı.)zülm, xəyanət, yalan, qətl, oğurluq, insan hüquqlarının pozulmasının pis olması barəsində fikrin yoxluğunu fərz etsək, ağlın hökmü ilə bu əməllərin pis bir iş olduğunu dərk edərik. Allah-təalanın bu işləri haram etdiyini və razı olmadığını asanlıqla anlayarıq. Deməli, "ağlın hökmü” bizim üçün ilahi höccətdir.
    Qurani-kərim ağlın əhəmiyyəti və onun hökmünün mötəbər olması barəsində olan müxtəlif ayələrə malikdir. Quran ağıl və düşüncə sahiblərini, Tövhid yolunu ötmək üçün, göylərdə və yerdə mövcud olan ilahi nişanələri müşahidə etməyə, onların barəsində fikirləşməyə çağırır; Ali-İmran 190: "Şübhəsiz, göylərin və yerin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün ibrətlər vardır!”
    Müqəddəs kitabımız başqa bir cəhətdən isə ilahi nişanələrin bəyan olunmasının, insanların ağıl və düşüncəsinin artması üçün olduğunu buyurur. Ənam surəsi, 68: "(Gör!) Nişanələri (ayətləri) necə çeşidli (müxtəlif təbirlərlə) bəyan edirik! (Ki,) bəlkə qavrayıb anlayalar!”
    Qurani-kərim digər cəhətdən bütün insanları yaxşıları pislərdən (yaxşını-pisdən) ayırmaq üçün təfəkkür etməyə dəvət edir. Ənam, 50: "De ki; kor və görən (nadan və aqil) birdirmi? Nə üçün düşünməyirsiniz?!”
    Səmavi kitabımız öz gözündən, qulağından, dilindən və ağlından istifadə etməyən (düzgün istifadə etməyən) şəxsləri aləmin (dünyanın) ən pis heyvanları adlandırır. Ənfal, 22: "Allaha yanında heyvanların ən pisi kar və kor kəslərdir ki, anlamırlar!” Bütün bu söylədiklərimizə əsasən "Ağlın hökmünü” və "təfəkkür qüvvəsini” İslamın əsas və fəri məsələlərində kənara qoymağa haqlıyıqmı?
    60-Bir daha Allahın ədaləti barəsində
    Əvvəldə işarə etdik ki, biz Allah-təalanın ədalətli olduğuna etiqadlıyıq. Və onun heç bir vaxt öz bəndələrini zülmü rəva görmədiyinə inanırıq. Çünki zülm bəyənilməz və iyrənc bir əməldir! Uca yaradan bu əməldən pak və uzaqdır! Qurani-kərim buyurur: "Sənin Allahın heç kəsə zülm etməz!” (Kəhv, 49) Yaxud: "Həqiqətən, Allah heç kəsə zərrə qədər də olsun, zülm etməz!” (Nisa, 40)
    Dünyada baş verən cəzalar, xoşa gəlməz və ağrı-acılı hadisələrin əsl səbəbkarı elə insanların özüdür: "Allah onlara (ilahi əzaba düçar olan tayfalara) zülm etmədi! Onlar özləri-özlərinə zülm edirdilər!” (Tövbə, 70)
    Allah-təala təkcə insanlara deyil, dünyada mövcud olan heç bir varlığa zülm etməz: "Allah dünya əhalisinə (dünyadakılara) zülm etməz!” (Ali-İmran, 108) (Bu ayələr, "Ağlın hökmünə” olunan bir təkiddir!)
    İnsana qadir olmadığı və bacarmadığı iş əmr olunmamışdır;
    Allahın ədalətinə əsasən, bəşər övladına bacarmadığı və qüdrəti çatmadığı iş əmr olunmamışdır. Qurani-kərim buyurur: "Allah heç kimsəyə imkanından artıq (bacarmadığı) təklif (əmr) etməz!” (Bəqərə, 286)
    61-Xoşagəlməz və acı hadisələrin fəlsəfəsi
    Yer üzündə baş verən müxtəlif xoşagəlməz və acı hadisələr (zəlzələ, təbii fəlakətlər, müxtəlif bəlalar və s.) bəzən Allah-təalanın öz bəndələrini öz pis əməllərinə görə cəzalandırmasıdır. Necə ki, Lut (ə) peyğəmbərin tayfası beləcə cəzalandırıldı; "Bizim hökmümüz (əzab etmək üçün) çatanda, oranı alt-üst edib, arası kəsilməyən daş-kəsək yağışı yağdırdıq!” (Hud, 82)
    Qurani-kərim naşükür və üsyançı (tüğyangər) "Səba” camatı barəsində buyurur: "Onlar Allahın itaətindən üz çevirdilər və bir viranedici seli onlara göndərdik!”
    Bəzi xoşagəlməz hadisələr isə insanları qəflət yuxusundan ayıltmaq məqsədi daşıyır: "Xalqın pis işləri nəticəsində quruluqda və dənizdə fəsad törəndi. Allah istəyir ki, onlara bəzi əməllərinin cəzasını dadızdırsın, bəlkə (Ona doğru) qayıdalar!” (Rum, 41)
    Bəzi müsibətlər və ağrı-acılı hadisələr isə insanın öz əlilə yaranır, başqa bir ibarətlə desək; bu müsibətlər insanların öz əməllərinin nəticəsidir; "Allah xalqın bir şeyini özləri dəyişdirmək istəməyənədək dəyişməz!” (Rəd, 11) Yaxud Nisa surəsinin 79-cu ayəsində buyurulur: "Sənə yetişən hər bir xeyir Allahın tərəfindəndir və sənə yetişən hər bir şər sənin özünün tərəfindəndir!”
    62-Varlıq dünyası ən gözəl nizama malikdir
    Yaranış dünyası ən gözəl nizama malikdir. Yəni: dünyada mövcud olan nizam-intizam, varlıq dünyasına hakim ola bilən ən gözəl nəzmdir.
    Hər bir şey hesab-kitab üzərində qurulmuşdur. Haqq-ədalətin və gözəlliyin əleyhinə olan heç bir nöqsan xəlq olunmamışdır. Cəmiyyətdə mövcud olan çatışmamazlıqlar, pisliklər isə insanların özlərinin yaratdığı problemlərdir.
    Təkrar etmək lazımdır ki, "Allahın ədalətli olması” məsələsi İslam dünya görüşünün əsaslarından biridir. "İlahi ədalət”inə inam olmadan, "Tövhid”, "Nübüvvət” və "Məad” məsələsi öz həllini tapmayaraq, cürbəcür tənqidlərə məruz qalacaqdır.
    Bir hədisdə oxuyuruq; İmam Sadiq (ə): "Dinin əsası Tövhid və Ədalətdir!” Deyə təkid etdikdən sonra buyurdu: "Tövhid budur ki, (bunu tələb edir ki) özünə nibət verdiyini Allaha nisbət verməyəsən! (O, bəndələrinin xüsusiyyətlərindən pak və uzaqdır!) Amma ədalət budur ki, (Allahın ədaləti bunu tələb edir ki,) Allaha elə bir əməli nisbət vermə ki, əgər sən onu əncam versən səni danlayarlar!” ("Biharül-ənvar”, c. 5, s. 17, hədis. 23)
    63-Fiqhin dörd mənbəsi
    Şiə fiqhinin mənbələri (ictihad etdiyi şeylər) aşağıdakılardan ibarətdir:
    1-Allahın kitabı olan Quran. İslam maarifinin və hökmlərinin əsas mənbəyi.
    2-Peyğəmbər (s.ə) və Əhli-beytin-məsum imamların (ə) sünnəsi.
    3-İcma (Alim və fəqihlərin rəy birliyi), Məsum (ə)-ın nəzərini yetirməklə.
    4-Ağıl. Ağlın dəlili-sübut kimi tanınmasından məqsəd, onun qəti şəkildə, yəqin edərək verdiyi hökmdür! Zənn və güman ("Qiyas” və "İstehsan” kimi) edən surətdə isə ağlın hökmü qəbul edilməyəcəkdir.
    Beləliklə, fəqih heç vaxt Quranda və sünnədə bəyan olunmayan bir əməl barəsində öz şəxsi məsləhətilə, güman və zənnə arxalanaraq hökm edə bilməz. O, bu hökmü ilahi qanunu adlandırmağa ixtiyarlı deyildir! Şəriət hökmlərinə əl tapmaq üçün, zənnə-gümana arxalanan "Qiyas”-a etibar etməklə hökm vermək doğru deyildir. Və bu iş qadağan olunmuşdur.
    Amma insan öz ağlının yəqin etdiyi hökmə əsasən, qərar qəbul edərsə, məsələn; zülmün, yalanın, oğurluq və xəyanətin pis və haram sayılmasına yəqin edərək onun günah olduğuna hökm edərsə, bu hökm etibarlıdır. Və "Ağlın hökm etdiyi hər bir şeyə, şəriət də, hökm etmişdir− qanununa əsasən, ağıl da, şərin etdiyi hökmü bəyan edir.
    Danılmaz bir həqiqətdir ki, müsəlmanların ehtiyaclı olduğu şəri hökmlər barəsində (istər siyasət, ibadət və istərsə də, iqtisadiyyat və ictimai məsələlərə aid olan) Peyğəmbərin (s) və Əhli-beytin (ə) buyurduqları hədislər kifayət qədər mövcuddur. Zənn və gümanla dolu dəlil-sübutlara müraciət etməyə isə ehtiyac yoxdur. Müasir dünyaya qədəm qoyduqca isə yeni yaranan məsələlər barəsində Quran və hədislərdə ümumi qaydalar zikr olunmuşdur. Bu qaydalara müraciət etməklə hər bir fəqih, müasir zamanın vücuda gətirdiyi tələblərə (məs; kosmik uçuşlar, teleradio, və s...) İslam dininin buyurduqlarına əsasən cavab verməyə qadirdir.(Bu məsələnin izahı çox geniş olduğundan bizim bəhsimizdən xaricdir. Əlavə məlumat toplamaq istəyənlər "Məsailil-müstəhdisə” kitabına müraciət etsinlər. Söylənilən kitabda bu barədə geniş və ətraflı şərh verilmişdir.)
    64-Fəqihlərin üzünə ictihad qapısı daim açıqdır
    Keçən bəhslərdə söylədiyimiz kimi Quran, sünnə, ağıl və icmadan dini hökmlərin (müvafiq qaydalara uyğun olaraq) çıxarılması "ictihad” adlanır. Fəqihlərin üzünə ictihad qapısı bütün dini məsələlərdə daim açıqdır. Bütün nəzər sahibi olan bacarıqlı fəqihlər, fiqhin bu dörd mənbəyinə əsaslanaraq ilahi hökmlərini kəşf edir və onu müsəlmanlara(İctihad bacarığı olmayan şəxslərə.) təqdim edir. Hətta fəqihlərin ictihat yolu ilə ələ gətirdikləri hökmlər, onlardan əvvəl yaşamış keçmiş fəqihlərin hökmlərilə fərqli də, ola bilər. İctihad bacarığı olmayan şəxslər öz dövrünün diri (zaman və məkanın tələb etdiyi məsələlərə agah olan) fəqihlərinə müraciət etməlidir. Başqa bir sözlə desək, ictihad bacarıqlı fəqihlərə "təqlid” etməli və onların hökmlərinə əməl etməlidir. Çünki fiqh elmində ictihad bacarığına malik olmayan şəxsin, bu elmdə mütəxəssis olan şəxslərə müraciət etməsi labüddür.
    Biz ictihad bacarığına malik olan fəqihləri "Mərcəyi-təqlid” adlandırırıq. Həmçinin qeyd etmək lazımdır ki, (ibtidai təqliddə) dünyasını dəyişmiş fəqihlərdən təqlid etməyə icazə verilmir!
    İctihad bacarığı olmayan hər müsəlman zaman və cəmiyyətin tələbilə ayaqlaşan diri fəqihə müraciət etməlidir. Elə buna görə də, şiə fiqhi daim hərəkətdə, inkişafdadır və müxtəlif şəraitlərə uyğunlaşaraq, daim müasir zamanla ayaqlaşır.
    65-İslamda qanun boşluğu yoxdur
    Biz inanırıq ki, insanların ehtiyaclı olduğu bütün məsələlər barəsində lazım olan hökmlər (hətta qiyamət gününədək, bəzən xüsusi və bəzən də ümumi şəkildə) islamın köklü mənbələrində bəyan olunmuşdur. Elə bu səbəbdən də, heç bir fəqihin öz şəxsi rəyinə əsasən hökm verməyə ixtiyarı yoxdur! Onlar yalnız Quran, sünnə, ağıl və icma əsasında ictihad edərək, dini hökmləri bu dörd mənbədən ələ gətirir və onları müsəlmanlara təqdim edirlər. Çünki islam dini kamil bir dindir və heç bir alimin fəqət özünün şəxsi rəyinə əsaslanaraq verdiyi hökmə ehtiyaclı deyildir.
    Qurani-kərim, (axırıncı nazil olmuş surələrdən sayılan) Maidə surəsinin 3-cü ayəsində buyurmuşdur ki; "Bu gün sizin dininizi kamil etdim və nemətimi sizə tamamladım və sizin üçün İslam dinini seçdim!” Belə olan halda İslam dini bütün əsrlərin ehtiyaclarına cavab verə biləcək, kamil və hər tərəfli bir "fiqhə” malik olmazsa, onu kamil din adlandırmaq olarmı?
    İslam Peyğəmbəri (s) "həccətül-vida”da, özünün ən tanınmış hədisində söyləmirmi ki, "Ey camaat! Sizi behiştə yaxınlaşdıran və cəhənnəm atəşindən uzaqlaşdıra biləcək hər bir şeyə əmr etdim! Və sizi cəhənnəm alovuna yaxınlaşdıran və behiştdən uzaqlaşdıran hər bir şeyi qadağan etdim!” ("Üsuli-kafi”, c. 2, s. 7, "Biharül-ənvar”, c. 687, s. 96) İmam Sadiq (ə) buyurur: "İmam Əli (ə) İslam dininin bütün hökmlərini (Peyğəmbərin imlası və əmrilə) yazdı. Hətta kiçik bir canlının diyəsinin hökmünü belə yazdı!”
    66-Təqiyyə və onun fəlsəfəsi
    Qurani-kərimin göstərişlərinə əsasən, insan qərəzli, məntiqsiz, təəssübkeş şəxslərin əhatəsində olduqda, öz əqidəsini zahir etməklə canı, malı və abır-heysiyyəti təhlükəyə düşərsə və öz əqidəsini izhar etməyin heç bir faydası olmazsa, bu zaman o, öz əqidəsini gizlətməlidir. Müqəddəs dinimizdə bu əməl "Təqiyyə” adlanır. Qurani-kərimin göstərişlərindən əlavə, insan ağlı da "təqiyyə”nin məntiqə uyğun zəruriyyət olduğunu təsdiq edir. Quran Ali-Firondan olan bir mömün şəxsin barəsində buyurur: "Firon xanədanından olan, inancını (əqidəsini) gizlədən bir mömin kişi dedi: "Mənim Rəbbim vahid Allahdır” deyən və Rəbbiniz tərəfindən aydın dəlillərlə gələn bir kişini öldürürsünüzmü?!” (Ğafir, 28)
    "İnancını (əqidəsini) gizlədən” ibarəsi aydın şəkildə "təqiyyə” məsələsinə işarə edir. Firon xanədanından olan bu mömin şəxsin öz əqidəsini aşkar edərək, heç bir mənfəət olmadan, canını təhlükə qarşısında qoymasına dəyərdimi?
    İslamın ilkin çağlarında qərəzkar və dikbaş müşriklərin əhatəsində olan bəzi imanlı və cəsur müsəlmanlara, Qurani-kərim "təqiyyəni” əmr edərək, buyurur: "Möminlərin (öz) mömin qardaşlarından başqa, kafirləri də dost tutması rəva deyildir! Və bu cür əməl edən şəxs Allahla öz rabitəsini kəsmişdir. Onların şərindən xilas olmaq üçün, zahirdə onlarla (kafirlərlə) dostluq izhar edənlərdən (Təqiyyə edənlərdən) başqa.” (Ali-İmran, 28)
    Beləliklə, təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı, ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vemək məntiqə uyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: "Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!” (Vəsail, c 11, s. 461, fəsl 24, hədis 6) "Qalxan” (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir. Təqiyyə Qurani-kərim tərəfindən də təsdiq olunmuşdur; Nəhl, 106, Ğafir, 28, Ali-İmran, 28-Mütərcim.
    Əmmar Yasirin (Peyğəmbər (s.ə)-in ən yaxın səhabələrindən biridir) müşriklər müqabilində təqiyyə etməsi və İslam Peyğəmbərinin (s) bu işi təyid etməsi, ən məşhur hədislərdə nəql olunmuşdur.(Bu barədə olan hədislər hədis elminin tanınmış alimləri, tarixçilər, Quran şərhçilərinin məşhur kitablarında qeyd olunmuşdur. Vahidi "Əsbabi nuzul”da, Təbəri, Qurtubi, Zəməxşəri, Fəxri Razi, Beyzavi, Nişaburi və s.. hər biri Nəhl surəsinin 106-cı ayəsinin şərhində bu barədə geniş bəhslər açmışlar.)Təqiyyə şəriətin və ağlın tələbi olaraq, təkcə şiə tərəfindən deyil, bütün dünya müsəlmanlarının, bütün ağıllı şəxslərin lazım olan zaman istifadə etdikləri bir əməldir.
    Təəccüblüdür ki, bəzi şəxslər təqiyyə məsələsini təkcə şiə müsəlmanlarına və Əhli-beyt (ə) ardıcıllarına nisbət verərək, onlara qarşı müxtəlif iradlar irəli sürürlər. Bir halda ki, təqiyyənin Qurani-kərim, Peyğəmbər (s.ə) və imamlar (ə) tərəfindən (həmçinin ağlın tələbi olaraq) aydın bir məsələ olduğu hamıya məlumdur. Bu dünyanın bütün ağıllılarının əməl etdikləri bir vəzifədir. Təqiyyə dinin tələbi və zamanın reallığıdır.
    67-Təqiyyənin haram (qadağan olan) yerləri
    Söylənilən anlaşılmazlıqların əsası, kökü və şiə əqidəsindən yetərincə məlumatın olmamağı, bu əqidənin bəzi nadan və ifratçı (qərəzli) mənbələrdən öyrənilməsidir. Ümidvarıq ki, yuxarıda dini mənbələrə əsaslanaraq, söylədiklərimiz şərhlər məsələni olduğu kimi aydınlaşdırdı.
    Əlbəttə inkar ediləsi deyildir ki, bəzi vaxtlarda təqiyyə etmək haramdır. İslam dininin əsasları və Qurani-kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abrı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bu hədəfi əsas tutaraq şəhid oldu. Çünki Peyğəmbərin (s) və İslamın düşməni olan Bəni-Üməyyə dinimizin əsaslarını ayaq altına alaraq, İslamı yer üzündən silmək niyyətində idilər. İmam Hüseyn (ə) isə öz şəhadətilə onların bu fitnəsini faş edərək, İslamı ən böyük təhlükədən qorudu.
    68-İslamda ibadət
    Biz Quran və sünnədə təkid olunmuş bütün ibadətlərə etiqadlıyıq. Gündəlik namazlar (ki, insanla Tanrının ən əhəmiyyətli rabitəsidir), Ramazan ayının orucu (ki, iman qüvvəsinin gücləndirməsi və ruhun paklanmasına, nəfsani istəklərlə olan ən gözəl mübarizədir) etiqadlı olduğumuz ən əhəmiyyətli ibadətlərdəndir.
    Biz Həcc ziyarətini təqvanın ən təsirli amillərindən biri kimi tanıyaraq, onu müsəlmanlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi səbəbi (vəhdəti) və bütün dünya müsəlmanlarının izzəti hesab edirik. İmkanı olan hər bir müsəlmanın ömründə bir dəfə "Allahın evi” adlanan "Kəbəni” ziyarət etməsi vacibdir.
    Biz zəkat, xüms, yaxşılığa əmr etmək və pislikdən çəkindirməyi vacib əməllərdən sayırıq.
    Doğrudur, bu əməllərin bəzi xırdalıqlarında bizimlə digər məzhəblər arasında fərqlər mövcuddur. Necə ki, Əhli-sünnətin dörd məzhəbi arasında da ibadət və digər bölmələrdə fikir ayrılıqları mövcuddur.
    69-Gündəlik namazlar
    Bizim əqidəmizə əsasən zöhr və əsr yaxud məğrib və işa namazlarını müştərək bir vaxtda ardıcıl qılmaq caizdir. Və bu isə Peyğəmbər (s.ə) tərəfindən zəhmət və əziyyətə düşən şəxslərə namazın asan-zəhmətsiz olması üçün icazə verilmişdir.
    Sihihi-Termizidə ibni Abbasdan belə nəql olunur: "Peyğəmbər (s.ə) Mədinə şəhərində, zöhrlə əsr, həmçinin məğrib və işa namazlarını birlikdə qıldı. Bir halda ki, nə (düşməndən, oğrudan və s.) qorxu və nə də yağış (təbii fəlakət) var idi!” İbni Abbasdan soruşdular: "Peyğəmbər nə üçün bu namazları birlikdə qıldı?” Dedi: "Bunu öz ümmətini çətinliyə (zəhmətə) salmamaq üçün etdi.” (Yəni bu namazları ayrı-ayrı vaxtda qılmaq zəhmətə səbəb olarsa, onları birlikdə qıla bilərsiniz) (Sünəni-Termizi, c. 1, səh 954, fəsl 138, Sünəni-Beyhəqi” c. 3, s. 167)
    Xüsusilə müasir dövrdə, ictimai həyatda müxtəlif idarələr, fabrik, zavodlar və cürbəcür fəaliyyət mərkəzlərində aktiv iş rejimi geniş vüsət almışdır. Gündəlik namazların beş müxtəlif vaxtda, ayrı-ayrı qılması bəzi müsəlmanların namazı tərk etməsinə səbəb olur. İslam Peyğəmbərinin (s) gündəlik namazlar barəsində verdiyi bu icazə, uzun müddətli iş prosesindən yorulan bir çox müsəlmanlara öz namazlarında daha diqqətli və davamlı olmaq imkanı verir.
    70-Möhürlə səcdə olunması
    Namaz qılarkən yerə (torpağa) və ya yerdə bitən (yeyilməyən və geyilməyən) şeylərə səcdə etmək lazımdır. (Məsələn; yarpaq, taxta, bitkilər) Bunlardan başqasına səcdə etmək düzgün deyildir. Həmçinin, xalçaya və s. səcdə etmək qadağandır. Namaz halında torpağa səcdə etmək, digər şeylərə səcdə etməkdən daha üstündür. Elə bu səbəbdən də, şiə müsəlmanlarının əksəriyyəti təmiz torpaqdan düzəldilmiş "möhürə” səcdə edirlər. Biz şiələrin bu işinə səbəb Peyğəmbərin (s) ən məruf və tanınmış hədisidir: "Yer mənim üçün (məscid) səcdəgah və pakedici qərar verilmişdir!”( 
    Yəni Allahın qarşısında səcdə edərək, öz alınlarını (hər gün üzərində addımlayaraq keçdikləri, alçaq saydıqları torpağa qoyur, öz bəndəliklərini, aciz olduqlarını Uca Yaradana bu yolla bəyan edirlər. Mütərcim) "Səhihi-Buxari”, c. 1, s. 91. Cabir ibn Abdullah Ənsaridən "təyəmmüm” fəslində; Nisai öz "Səhih”ində Cabir ibn Abdullah Ənsaridən "Ət-təyəmmum bis-səid” fəslində; "Müsnədi-Əhməd” ibn Abbasdan, c 1, s 301, də qeyd olunmuşdur. Şiə mənbələrində isə müxtəlif təriqələrlə bu barədə çoxlu sayda hədislər mövcuddur.  
    ) Bu hədis müxtəlif Əhli-sünnət və şiə kitablarında nəql olunmuşdur.
    İrad: Hədisdə "Məscid” kəlməsindən məqsəd "Səcdəgah” nəzərdə tutulmamışdır. Əksinə Allahın evi sayılan məscidlər qəsd edilmişdir.
    Cavab: Bir başa "təyəmmümə” aid olan "Təthir”-"Pakedici” kəlməsinə diqqət etdikdə "Məscid” kəlməsindən məhz "Səcdəgahın” nəzərdə tutulduğu aydınlaşır. Yəni-torpaq həm pakedici, həm də səcdəgah sayılır!
    Əhli-beyt (ə)-dan çoxlu sayda olan müxtəlif hədislər də, namazda torpağı, daşı və s... səcdəgah kimi tanıtdırır.
    71-Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti
    Peyğəmbər (s)-in, Əhli-beyt imamlarının (ə), böyük alimlərin və şəhidlərin qəbirlərini ziyarət etmək dinimizdə təkid olunmuş, müstəhəb və savablı işlərdəndir. Əhli-sünnət və şiənin böyük alimlərinin müxtəlif kitablarında qəbirlərin ziyarət olunması barəsində saysız-hesabsız rəvayətlər, hədislər mövcuddur. Əgər bu rəvayətləri bir yerə cəmləsək, ayrıca bir kitab yaranmış olar.(Bu rəvayət və hədislər barəsində əlavə və ətraflı məlumat toplamaq üçün və həmçinin, böyük alimlərin bu barədə olan kəlamlarını eşitmək üçün "Əl-qədir”, c 5, s. 93-207-ə müraciət edin.)
    Tarix boyu İslam dünyasının tanınmış, məşhur alimləri və cəmiyyətin müxtəlif təbəqələri müqəddəs qəbirləri ziyarət etməyə xüsusi əhəmiyyət vermişlər. Və müqəddəs qəbirləri (Peyğəmbər (s) və s...) ziyarət edən şəxslərin maraqlı əhvalatları müxtəlif kitablarda mövcuddur. ("Əl-qədir, c 5, s 93-207) Bu məsələ, doğrusu bütün müsəlmanların qəbul etdiyi (vəhabilər istisna olaraq) aşkar bir həqiqətdir. Lakin diqqət etmək lazımdır ki, "ziyarət”, "ibadət” demək deyildir. Şübhəsiz, heç bir kəs bu iki ibadətin eyni məna daşıdığını təsəvvür etmir (edə də bilməz). Çünki "ibadət” yalnız Allaha məxsusdur. Amma "ziyarət” isə İslam dininin böyük şəxsiyyətlərinə qarşı qoyulan ehtiram deməkdir. Və onların vasitəsilə Allah dərgahından şəfaət tələb etmək mənasındadır. Hətta çoxlu rəvayətlərdə Peyğəmbərin (s) qəbiristanlara və "Bəqi”yə (Bəqi-Mədinə qəbiristanlığı) getdiyi, onlara salam verdiyi yazılmışdır.(Səhihi-Müslim, Əbu-Davud, Nisai, Müsnədi-Əhməd, Səhihi-Termizi, Sünəni Beyhəqi və s... müraciət oluna bilər.)
    72-Əzadarlıq mərasimləri və onun fəlsəfəsi
    İslam şəhidləri, xüsusilə "Kərbəla şəhidləri” üçün keçirilən əzadarlıq mərasimləri onların xatirələrinin əbədi qalması, İslam dini uğrunda etdiyi fədakarlıqların daim yaşaması üçündür. Elə buna görə də, aşura əyyamında (Məhərrəm ayının ilk on günü), yəni İmam Hüseyn (ə)-ın, behişt cavanlarının sərvəri olan,(İmam Həsən və İmam Hüseyn behişt cavanlarının sərvəridirlər!”−Peyğəmbər (s) Bu hədis "Səhihi-Termizi”də Əbu Səid Xudri və Hüzeyfə (c. 1, s. 306-307) və "Səhihi-ibn Macə”də "Peyğəmbərin səhabələrinin fəziləti” fəslində və həmçinin "Müstədrəkü-Səhiheyn”, "Hilyətul-əvliya”, "Tarixi Bəğdad”, "Əsabe-ibn-Hicr”, "Kənzül-ümmal”, "Zəxairul-ədəbi” və s... qeyd olunmuşdur.)İmam Əli (ə)-ın və Peyğəmbərin (s) əziz qızı Fatimeyi-Zəhra (ə)-ın övladı üçün yas saxlayır, əzadarlıq mərasimləri keçiririk. Onların həyatını, nə üçün və necə şəhid olduqlarını təhlil edirik. Onların pak ruhlarına dualar oxuyuruq. Bəni-Üməyyə tayfası qorxunc və zalım bir hakimiyyət yaradaraq, Peyğəmbərin (s) sünnəsini ayaq altına alır, dinə müxtəlif bidət və xurafatlar qatır, İslamın mənəvi dəyərlərinin məhvinə çalışırdılar.
    İmam Hüseyn (ə) hicrətin 61-ci ili Yezidin əleyhinə qiyam etdi. Yezid fasiq, təkəbbürlü və İslama düşmən, yad olan bir adam idi. Təəssüflər olsun ki, zamanın gərdişi ona Peyğəmbərin (s) minbərində yer vermişdi. İmam Hüseyn (ə) özünün bütün əshabı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid oldusa da, ailəsi və yaxınları əsir düşdüsə də, lakin onların bu əməli, Yezid dövrünün qəflət yuxusuna dalmış müsəlmanlarını ayıltdı. Müsəlmanlar dinin müdafiəsinə qalxaraq, ardıcıl olaraq qiyamlar yaratdılar. Bəni-Üməyyə hakimiyyətini kökündən laxlatdılar. Onlar zamanın heçliyinə yuvarlandılar. Maraqlıdır ki, Aşura hadisəsindən sonra baş vermiş bütün qiyamlar "Ali-Məhəmmədin razılığı naminə! Hüseynin qanı naminə!”−ünvanlı şüarlarla baş verirdi. Və ya bu şüarların bir çoxu hətta Bəni-Abbasın zalım və dinsiz hökuməti dövründə də səslənirdi.
    İmam Hüseyn (ə)-ın qanlı qiyamı bütün müsəlmanlar üçün, hətta qeyri-müsəlmanlar üçün də, bir nümunə olaraq qalmaqdadır. Onun "Zillət bizdən uzaqdır!”, "Həyatın həqiqəti iman və cihaddır!” kimi şüarları, zülmdən və azğın düşməndən qurtuluş yolunda, vətənin və din düşmənlərinin müqabilində müqavimət yolunda ən gözəl ideyalardır. Biz İmam Hüseyn (ə)-dan mərdlik, qeyrət, isar, şəhadət, şücaət, əqidə, iman və s. bu kimi əhəmiyyətli ibrətlər aldıq. Biz Həzrət Hüseyn (ə)-dan başı uca yaşayaraq, zülmə və düşmənə boyun əymədən mərdanə həyat sürmək, yaxud mərd kimi ölməyi öyrəndik!
    Mümkündür bəzi şəxslər "Kərbəla şəhidlərinə” keçirilən əzadarlıq mərasimlərini sırf olub-keçilmiş tarixi bir hadisə kimi təsəvvür etsinlər. Biz isə bu faciəni unutmamaqla öz dini vəzifəmizi yerinə yetirərək, onun yaşayışımızın müxtəlif zamanlarında necə əhəmiyyət daşıdığını bilirik. Bu işin dini cəhətdən düzgün olub-olmadığına gəldikdə isə, təkcə bütün müsəlman dünyasında məşhur olan –"Həzrət Məhəmmədin (ə) əshabının Seyyidüş-şühəda Həmzəyə (ə) yas saxlaması, əzadarlıq mərasimləri keçirməsi”ni yada salmaq kifayətdir. Bütün məşhur tarix kitablarında yazılmışdır: "Allahın Rəsulu Məhəmməd (s) Ənsardan birinin evinin yanından keçərkən ağlamaq və vay-şivən səsləri eşitdi. Gözləri yaşla dolan Peyğəmbər (s) buyurdu: "Lakin Həmzə üçün ağlayan yoxdur!” Bu sözü eşidən Səid ibn Məaz "Bəni-Əbdul-Əhməd” tayfasının qadınlarına Peyğəmbərin (s) əmisi həmzənin evinə getməyi və onun üçün əzadarlıq etməyi tapşırdı!” (Kamile-ibn-Əsir, c. 2, səh. 163; Sireye-ibn Hişam, c 3, səh 104)
    Aydındır ki, əzadarlıq təkcə Həmzə üçün deyil, doğrusu bütün müsəlman şəhidlərinə aid edilir. Biz şəhidlərin xatirəsini daim indiki və gələcək nəsillər üçün qoruyub saxlamalıyıq.
    73-Müvəqqəti nikah
    Müvəqqəti nikah şəri bir qanun olaraq İslam fiqhində "Mütə” adlanır. Deməli, İslama əsasən iki növ evlənmə-nikah düzgündür: 1-Daimi nikah (müddətsiz); 2-Müvəqqəti nikah (hər iki tərəfin razılığı əsasında müddət təyin olunmaqla). Bu nikah, "daimi nikahla” "müxtəlif məsələlərdə oxşardır; mehriyyə, qadının kəbindən boş olması, dünyaya gələn övlad, ayrıldıqdan sonra iddə saxlanılması və s. Bir sözlə, müvəqqəti əqd, daimi evlənməklə eyni mahiyyət daşıyır. Hər ikisinin bir çox hökmləri eynidir.
    Əlbəttə, daimi nikahla müvəqqəti nikah arasında bir sıra fərqlər də, mövcuddur. Müvəqqəti nikahda; 1-Qadına nəfəqə vermək vacib deyildir. 2-Ər-arvad heç biri, digərindən irs apara bilməz. (Amma onların övladları ata-analarından və bir-birlərindən irs apara bilər).
    Hər bir halda biz bu hökmü Qurani-kərimdən öyrənmişik: "Qadınlarla mütə (siğə) əqdi bərqərar etdikdə, onların mehriyyəsini verin!” (Nisa 24) Quran müfəssirlərinin əksəriyyətinin nəzərinə əsasən, söylənilən ayə müvəqqəti nikahdan bəhs edir. "Təfsiri-Təbəridə” bu ayənin kənarında çoxlu sayda olan müxtəlif hədislər, onun müvəqqəti nikaha aid olduğunu təsdiqləyir. Peyğəmbərin (s) səhabələrinin böyük bir hissəsi də bu fikirdədirlər.("Təfsiri-Təbəri”, c. 5, s. 9) "Dürrül-mənsur” təfsirində və "Sunəni-Beyhəqi” də bu barədə cürbəcür rəvayətlər zikr olunmuşdur. ("Əd-durrul-mənsur”, c. 2, s. 140; c. 7, s. 206))
    "Səhihi-Buraxi”, "Müsnədi-Əhməd”, Səhihi-Müslim "və müxtəlif kitablarda, müvəqqəti əqdin Peyğəmbər (s)-in zamanında da, mövcud olduğunu təsdiq edən rəvayətlər mövcuddur. (Onlara müxalif olan rəvayətlər tapılsa da, belə)("Müstədi-Əhməd”, c. 4, s. 436; "Səhihi-Buxari”, c. 7, s. 16; "Səhihi-Müslim”, c. 2, s. 1022 "Babu-nikahul-mütə”.)
    Əhli-sünnət alimlərinin bir qrupunun fikrinə əsasən müvəqqəti nikah Peyğəmbərin (s) dövründə mövcud olmuş qanunu bir iş idi. Lakin sonradan o, ləğv edildi. Bir halda ki, başqa bir qrup müvəqqəti nikahın Peyğəmbərin (s) ömrünün sonuna kimi ləğv edilmədiyini, yalnız uzun illərdən sonra xəlifə Ömər tərəfindən qarşısı alındığını iddia edirlər. Onlar yalnız xəlifə Ömərin dediyi bu sözləri əsas tutaraq, müvəqqəti nikahı ləğv olunmuş hesab edirlər: "Ey camaat! Peyğəmbərin (s) dövranında icazə verilən iki mütəni mən qadağan edirəm! Və onları əncam verən kəsləri cəzalandıracağam. Onlar adi mütə (müvəqqəti nikah) və həcc mütəsindən ibarətdir!”(Bu hədis söylənilən ibarət ilə, yaxud məzmun və məna cəhətindən ona oxşar ibarətlə "Sünəni-Beyhəqi”də c. 7, s. 206 və bir çox kitablarda mövcuddur. "Əl-Qədir” kitabının müəllifi 25 hədis ("Sihah” kitablarından və "Müsnəd”lərdən) nəql edir ki, mütə-müvəqqəti nikah İslam hökmünə əsasən halal, Peyğəmbər (s) və birinci xəlifənin dövründə, hətta ikinci xəlifənin zamanından bir miqdar müddətdə halal olmuşdur. Lakin Ömər şəxsən onu haram (qadağan) etdi! ("Əl-Qədir”, c. 3, s. 332)) Şübhəsiz, müvəqqəti nikah barəsində olan nəzərlər Əhli-sünnət rəvayətlərinə əsasən digər hökmlər kimi ixtilaflıdır (müxtəlifdir). Bir qrup Əhli-sünnət onun Peyğəmbərin (s) dövründə qadağan olduğunu (qüvvədən salındığını), digər bir qrup, onun xəlifə Ömərin vasitəsilə qüvvədən salındığını deyir, kiçik bir dəstə isə müvəqqəti nikahın ümumiyyətlə, qadağan olunduğunu iddia edirlər. Belə ixtilafların olması isə fiqh elmində təbii və labüddür. Amma şiə fəqihlərinin birgə rəyinə əsasən müvəqqəti nikah Peyğəmbərin (s) dövründə mövcud olmuş və qadağan edilməmişdir. Və heç bir kəs Peyğəmbərdən (s) sonra onu qüvvədən sala bilməz!
    Bizim əqidəmizə əsasən, əgər müvəqqəti nikahdan sui-istifadə edilməsə, o, cəmiyyətin bir çox ictimai və sosioloji böhranlarının həllinə müsbət cavab verəcəkdir. Belə ki, daimi nikaha imkanı olmayan cavanların cinsi həyat problemləri, ticarət, iqtisadi və ya təhsili hacətlər üzündən öz ailəsindən uzaqlarda qalan şəxslərin cinsi ehtiyacları müvəqqəti nikah vasitəsilə təmin edilmiş olur. Müvəqqəti nikah həm də, bu qrupların arasında fahişəliyə olan meyli aradan aparır. Müasir dövrdə cinsi istəklərin müxtəlif vasitələrlə təhrik olunması (televiziya, internet, film, qəzet və s) insanların (məxsusən cavanların) ya fahişəliyə ya da, fahişəyə doğru üz tutmasına səbəb olur. Müvəqqəti nikah isə hətta bəzən bütün bunları isti ailə ocağı ilə əvəz etmiş olur.
    Bir daha təkrar etmək istəyirəm ki, biz müvəqqəti nikahdan sui-istifadə olunmasının, qadınların iyrənc yollara doğru çəkilməsinin, bu ilahi qanunun şəhvətpərəst şəxslərin oyuncağına çevrilməsinin əleyhinəyik. Lakin ondan sui-istifadə olunmasının qarşısını almaqla, bu ilahi qanunundan doğru-düzgün şəkildə istifadə etmək olar.
    Category: Bizim dini əqidəmiz | Added by: Islam_Kitabxanasi
    Views: 732 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024