Müsəlmanlar əldə etmişdi zəfər Allaha həmd–səna eləyirdilər. Fəth etmiş Məkkəyi–mükərrəməni Hamısı ziyarət etmiş Kəbəni. Bir sevinc içində onlar bəxtiyar Böyük bir arzuya qovuşmuşdular. On beş gün keçmişdi Məkkə fəthindən Acı xəbər çatdı bir neçəsindən Məkkəyə yaxın bir yerdə yaşayan Bütlərə qəlbləri bağlanmış olan Havazin adında bir tayfa yaşar Bütlərin haqqında eşidib coşar: – Mühəmməd Məkkəyə gələndən bəri Müsəlmanlar qırıb çatır bütləri. Özlərinə növbə çatana qədər İyirmi minədək toplamış əsgər. Kömək etmək üçün öz şirk dostuna Səqif(Səqif:– Taifdə yaşayan qəbilə adı.)qəbiləsi qoşuldu ona. Üç–dörd qəbilədən yığılan ordu Əlverişli yerdə pusquda durdu. Həzrəti Peyğəmbər bunu eşidər On iki minədək yığıldı əsgər. Onlardan iki min məkkəli oldu Bütpərəstlərdən də ona qoşuldu. Hüneynə çatdılar başda Peyğəmbər Düşmən hiyləsindən xəbərsizdilər Sabahın dan yeri sökülən zaman Keçərkən keçidin dar boğazından Hər iki tərəfə düzülən düşmən Onları dövrəyə aldılar birdən. İslam ordusuna göydən ox yağar Əsgərlər bir anlıq çaşıb qaldılar. Mühasirə yeri dar olduğundan Sərbəst döyüşməyə yox idi imkan. Yalnış hədəfə də atanlar oldu Geriyə qaçmağa səbəb oldu bu. Əsas səbəblərdən biri budur ki Ordunun tərkibi yekcins deyildi. Yenicə islamı qəbul edənlər Ürəksiz döyüşür onlar bir təhər. Hətta müşrik vardı yetmişə qədər Sanki bunlar bir növ cəsus idilər. Odur ki pozğunluq baş verdi bu an Geriyə qaçırlar qorxularından. Necə ki əsgərlər geriyə döndü Əbu Süfyan bunu görüb öyündü: – Bu qaçışın önü dənizə qədər Bunun qarşısını kim ala bilər? Mənalı gülüşlə şadyana deyir Təlha oğlu Osman dərhal sevinir: – Bu gün Mühəmməddən aldım intiqam. Əlavə eləyir bir başqa adam: – Bax bu gün necə də sehr pozuldu İslam əsgərləri didərgin oldu. Qarışıq bir səhnə təcəssüm(Təcəssüm – görünmə.)edir Vəziyyət doğrudan çox çətinləşir. Əsgərlər qaçırdı hərə bir yana Həzrəti Peyğəmbər çıxdı meydana. İstəyir dəvəsin irəli sürsün Düşmənin qabağın saxlamaq üçün. Bunu görən kimi əmisi Abbas: – Bu ki təhlükədir belə yaramaz Deyərək gur səslə qışqırdı bar–bar: – əqəbədə beyət edən ənsarlar And içib söz verən ey mühacirlər Qayıdın geriyə görmürsüz məgər. Mühəmməd burdadır hey səsləyirdi Abbasın gur səsi cingildəyirdi. Çağırış onlara verdi cəsarət Hamısı geriyə etdi hərəkət. Dərin bir qəflətdən ayılan zaman Hücuma keçdilər hərə bir yandan. Ənsar mühacirlər qılınc çəkdilər Dinsizlər qorxudan oldu dərbədər. Qarşılarındakı yalın qılınclar Havanı yararaq parladı par–par. Düşmən bu hücuma tab gətirmədən Geri çəkildilər vaxt itirmədən. Onlar bu dönüşü anlamadılar İslam əsgərləri qızışıb coşar: – Haydı Xəzrəclilər haydı ey ənsar Haydı mühacirlər! deyib qışqırar. Həzrət görən kimi bu mənzərəni İslamın ordusu qovur düşməni: – Bax indi gör necə isindi ocaq Düşmənlər içinə düşüb qaça–qaç. Bir ovuc çınqıl daş alaraq yerdən Düşmən arxasınca tulladı birdən. Havazinlər qaçır geri baxmadan Müsəlmanlar hücum edir arxadan. Arvad–uşaqların buraxıb qaçar "Şirin canlarını” aparırdılar. Müsəlmanlar yenə qazanır zəfər Heç bir döyüşlərdə indiyə qədər Qiymətli qənimət ələ keçməmiş Dəvə qoyun vardı bir xeyli gümüş. Necə ki düşməni təslim etdilər Havazin rəisi Malik hiyləgər Taifə qaçmağa tapmışdı imkan. Onunla birləşən Səqif bu zaman Öz qalalarına qorxaraq girir Möhkəm qapılara qıfıl keçirir. Şirkin son yuvası burdadır indi Onu da dağıtmaq lazım bilindi. Müşrikləri təslim etsinlər deyə Taifi aldılar mühasirəyə Müsəlmanlar hər növ tədbir gördülər Ərəblər görməmiş o dövrə qədər Qalanı deşməyə getdi mancanaq(Mancanaq:– ağacdan düzəldilmiş araba kimi hərəkət edən qurğu.) Bundan da bir fayda olmadı ancaq. Aramsız hücumlar oldu dalbadal Onlar müqavimət göstərir dərhal Oxların ucunda alovlar atır Taxta mancanaqı vurub yandırır. İçəriyə girmək olmadı mümkün Haram aylara da qalmışdı az gün(Məhərrəm, Rəcəb, Zilqədə, Zilhiccə aylarında müharibə etmək haram sayılırdı) Bu aylar hamıya verir bir əsas Mühasirəni çox saxlamaq olmaz. Çünki taiflilər görüb ehtiyat İçəriyə yığıb hər ləvazimat. Onlar bu qalada yatdı tülkütək Çıxmaları üçün gözləmək gərək. Çox uzun müddətə ərzaqları var Çətin bu tezliklə təslim olsunlar. Mühasirə çəkdi bir aya qədər Bu işdən əl çəkib geri döndülər. Ciranəyə tərəf onlar gedərkən Havazin tayfası onu görərkən Ağsaqqallar gəlir bir neçə nəfər Rəsuli–əkrəmdən xahiş edirlər Onları islama qəbul eyləsin Geriyə qaytarsın həm əhli–beytin.(Əhli–beyt – arvad, uşaq, ailə üzvləri.) Peyğəmbər onların qəlbin etdi şad Bütün əsirləri eylədi azad. Əsirlər içində bir qadın bu dəm Soruşur: – Hardadır Rəsuli–əkrəm? Peyğəmbər tanıdı onu görəntək. Süd bacısı Şeyma yaxın gələrək Həzrət hörmət edib tutdu hal–əhval Əbası üstündə oturtdu dərhal. Uşaqlıq illərin xatırladılar Yamaclarda necə qaçıb oynayar. Həzrəti bir anlıq qəmləndirdi bu Həliməni əri Harisi sordu. Şeyma doluxsunub gözlərin silir: – Rəhmətə gediblər söyləyə bilir Peyğəmbər məhəbbət göstərdi ona Bir neçə baş qoyun pay verdi ona. Əsirlikdən azad edəntək onu Obasına tərəf tutdu yolunu. Peyğəmbər Malikə göndərdi xəbər Gəlib o müsəlman olarsa əgər Əmlakı özünə veriləcəkdir Ailəsi azad ediləcəkdir. Malik bu xəbəri eşidən zaman. Səqifilərdən o xəlvət durmadan Atına minərək yola düzəldi Rəsuli–əkrəmin yanına gəldi. Təslim olduğunu elədi elan Şəhadət verərək oldu müsəlman. Özünə verdilər malın–dövlətin Əhli–əyalını bütün sərvətin. Sonra da göstəriş verdi Peyğəmbər Üstəlik yüz dəvə bəxşiş verdilər. Belə bir ürəyə sahib hünərdi Şirinliklə dinə dəvət edərdi. İnsanlara qəti zor işlətmədən Heç bir qəbiləyə minnət etmədən Müsəlmançılığa edərdi dəvət Bir Haqq tanıyırdı o da ədalət. Alınan qənimət bölünən zaman "Beytülmala” xums(Xüms:– gəlirin beşdə biri.) ayrıldı ondan. Bərabər bölündü yerdə qalanlar Hərəyə dörd dəvə düşdü qırx davar. Həzrət tərəfindən qureyşililər Qənimət alanda fərqlənmişdilər. Xumsun hesabına əbu Sufyana On nəfər ağsaqqal əşrəf olana Yüz dəvə hədiyyə verdi Peyğəmbər. Odur ki ənsarlar gileyləndilər: – Hünər göstərməyən bu insanlara Bizdən çox qənimət verdi onlara. Ənsarın fikrini hiss etmiş Həzrət: – Qureyşə sizdən çox verdim qənimət. Onlara verdiyim maldan ötrü siz Məndən nahaq yerə gileylənirsiz. Baxmadım dövlətə baxmadım vara Bu dünya malını verdim onlara. Baxın dəvələrin sürürlər çölə Mən isə qalmışam ənsarlar ilə. Deyərək onların gönlünü alır Mütəəssir olub hamı ağlayır: – Biz buna razıyıq ya Rəsulüllah! Sənə hər şey bəlli könüllər agah. Biz öz payımızdan razıyıq artıq Heç bir gileyimiz yoxdur azacıq. Razıyıq sən ilə bir yerdə olmaq Xeyirdə şərdə də birlikdə qalmaq. Səxavət sahibi olmuş Peyğəmbər Hər nəyin bu yolda verib sərf edər. Yeganə arzusu islamı yaymaq Bu dünya malından qaçardı uzaq. Ən qəddar düşmənin o edərdi əfv Qəlblərin çəkərdi islama tərəf. Bütün qənimətlər bölündü tamam. Rəsulüllah ilə əshabi–Kiram Yenidən Məkkəyə geri döndülər. Bir neçə gün keçdi sonra Peyğəmbər Qurani–kərimi təlim etməyə Müsəlmanlara düz yol öyrətməyə Layiq bildi Muaz ibni–Cəbəli Məkkə şəhərinə qoydurdu vali. Gəlib Mədinəyə yetişən zaman Razılıq etdilər böyük tanrıdan. Bütün döyüşlərdə indiyə qədər Qazanılmamışdı belə bir zəfər. Artıq islamiyyət vüsət alırdı Bütün cilvəsiylə parıldayırdı Əmin–amanlıq bir həyat quruldu Mədinə islamın mərkəzi oldu. Kəb adında məşhur bir şair vardı Rəsuli–əkrəmə həcv yazardı. Odur onun qanı halal edildi Ölümü haqqında fərman verildi. İslam sürət ilə yayılan zaman Qaçıb gizlənmişdi o qorxusundan. Kəbin bir qardaşı müsəlman idi Gəlib Peyğəmbərdən o əfv istədi. Həzrət keçir onun günahlarından Sonra da Kəb gəlib oldu müsəlman. Həzrəti mədh edən qəsidə dedi Həzrət qəsidəni bəyənmiş idi Yanında başqa şey olmadığından Əbasın hədiyyə verir bu zaman. Həmin qəsidəni tərif edirlər "Qəsidəyi–bürdə”(Bürdə:– ərəblərin üstən geydikləri uzun paltar.) adın verirlər. Həzrət heç bir kimə kin bəsləmirdi Müsəlman olanlar əfv edilirdi. Tayy qəbiləsindən xristianlar Müsəlmançılığa qarşı vuruşar. Məşhur səxavətli Hatəmin oğlu Adiy də başçıtək tutar bu yolu. Qəddar düşmən idi müsəlmanlara Peyğəmbər əlini göndərir ora. Əli vuruşmağa başlayan zaman Adiy Şam tərəfə qaçır qorxudan. Əli qəbilənin bütlərin qırar Ələ keçənləri əsir aparar. Mədinəyə gələn əsirlər ilə Hatəmin qızı da keçmişdi ələ. Rəsuli–əkrəmi gördüyü zaman Dedi: – Atam ölüb yaxınım olan Qardaşım da qaçdı yoxdur heç nəyim Azadlığım üçün fidyə ödəyim. Bir nicatım sənə sığınmaq ancaq Mərhəmətin ilə azad olunmaq. Səxavətli comərd olubdur atam Kasıblara yardım edərdi müdam. Heç bir tələbləri o rədd etmədən Malını pulunu verərdi həmən. Fağır–füqəraya daim əl tutar Əsir düşənləri gedib qurtarar Belə bir adamın qızıyam baxın. Peyğəmbər hörmətlə gələrək yaxın: – Atan insanpərvər bir adam idi Azaddır Hatəmin qızı! – söylədi. Allah mərhəmətli şəxsləri sevər Əvəzində qat–qat mükafat verər. Yol xərci verdilər həm də pal–paltar Qardaşı yanına yola saldılar. Bu qız Peyğəmbərin mərhəmətini Rəhmkarlığını fəzilətini Qardaşına bir–bir söyləyir nə var. Adiy dinlədikcə tez verir qərar Gedib Mədinəyə gətirsin iman. Həzrəti məsciddə gördüyü zaman Evinə aparır onu Peyğəmbər. Yerdə əyləşərək söhbət edirlər. Adiy sadə evə baxır maraqla Heç bir şey görməyir o təmtaraqla. Bu evin yox aşıb–daşan sərvəti Şahların evinə bənzəmir qəti. Onun rəftarından apaydın görür O adi adamlartək həyat sürür. Bu həyat tərzinə o olub heyran Dini qəbul edib oldu müsəlman. Həzrətin yanına adamlar gəlir Ya heyətlər ilə ya da ki bir–bir. Gələnlərlə söhbət edir Peyğəmbər İslamı gönüllü qəbul edirlər. İslamın günəşi ərəbistana Bütün cilvəsilə düşür hər yana. O nura can atan bütün ərəblər İrəli sürmədən heç bir tələblər Uzaq ölkələrdən axışıb gəlir İslamın şöhrəti artır yüksəlir. İslamın qüdrətin eşidən bilən Heyətlər gəlirdi hər bir tərəfdən. O biri tərəfdən Rəsuli–əkrəm Mürşidlər göndərir ətrafa bu dəm Məktub yazır ərəb rəislərinə Dəvət edir hamın müqəddəs dinə. Yəməndə Ommanda xristianlar Yəhudilər ilə qarışıq yaşar. Zərdüşt dinindən də olan var idi Bu xalqlar haqqında Peyğəmbər dedi: – Onları vergiyə bağlamaq gərək İslama girməyə məcbur etməmək. Bu icazə şirkə məxsus deyildir Əhli–kitablara aid edilir. Başqa adətlərə toxunulmadan Bu ildən sələm də oldu qadağan. Zəkat toplanırdı imkanlılardan Ondan kasıblara edilir ehsan. Bu işi görməyə məmurlar gedir İslam sür ət ilə inkişaf edir. Qaranlıq ruhları aydınladırdı Sərhədləri aşıb kamal tapırdı. |