İrfan baxımından dünya düzəninin gözəlliyi
Ariflər dünya düzəninin gözəlliyinə inanır və həmin dəlilə uyğun öz fikirlərini əsaslandırırlar. Ariflər filosoflardan fərqli olaraq dünya düzənindəki gözəlliyi yuxarıdan aşağıya doğru bir sistem kimi təsəvvür edirlər. Fail – yəni hərəkəti yaradan gözəl olduğu üçün fel – yəni hərəkət də gözəldir.
Ariflərin dünya düzəninin gözəlliyi barəsindəki düşüncə tərzini daha yaxşı dərk etmək üçün öncə onların xilqət və yaradılış barəsindəki baxışlarına nəzər salaq:
Ariflərin etiqadına görə vücud birdir: onun zahiri və batini vardır: vücudun batini nurdur, varlıq aləmində başqa nə varsa həmin nurun şöləsidir. Varlıq aləmindəki məxluqata xas olan qüdrət, elm, iradə, hərəkət və xüsusiyyətlər bu nurdan doğur. Vücudun zahiri isə həmin batini nurun təcəllisidir. Batini nur özünü zahiri aləmdə müşahidə etmək, öz sifətlərini görmək istəmiş və buna görə təcəlli etmişdir. Gerçəklikdə, aləmdə olan məxluq və fərdi varlıqlar həmin nurun sifətlərinin təzahürüdür. Bu nur batində birdir, çoxlu sifətlərə malik olduğuna görə zahiri aləmdə çoxluq tapır və kəsrət – yəni zahiri aləmdəki çoxlu varlıq nümunələri həmin sifətlərin təzahürüdür.
Əzizəddin Nəsəfi "əl-İnsanül-kamil" əsərində bu barədə belə yazır:
"Bil ki, vücud birdir və başqa heç bir vücud yoxdur. Bu vücudun batini və zahiri vardır; onun batini bir nurdan ibarətdir. Bu nur aləmin canıdır, aləm bu nurla doludur. Bu nurun intəhası yoxdur və heç nə ilə məhdudlaşmaz. Bu nur sonsuz bir həyat dolu dəryadır. Varlıq aləmindəki məxluqun qüdrət, elm və iradəsi bu nurdandır. Onların təbiət, xasiyyət və hərəkəti də bu nurdandır. Hər şey bu nurun əhatəsindədir. Varlıq aləminin zahiri bu nurun təcəllisidir. Zahiri aləm bu nurun aynası, bu işığın sifətlərinin təzahürüdür. Ey dərviş! Bu nur öz camalını görmək, öz ad, sifət və hərəkətlərini müşahidə etmək istədi və təcəlli etdi. Onun fel sifəti – hərəkət sifəti gerçəkləşdi. Batindən zahirə, Qeybdən şəhadətə, vəhdətdən kəsrətə gəldi. Öz camalını gördü, sifət, ad və hərəkətlərini müşahidə etdi" [101].
Cami bu barədə belə söyləmişdir: Xəlvətdə ol vücud binişan idi, Aləm yoxluq küncündə nihan idi. Vücudun ikilik nişanı olmaz, "Mən"-"Sən" adlı başqa gümanı olmaz. Mütləq vücud üçün zahir bilinməz Öz nuru ilə özündə görünməz. Qeybdə öz-özünə şahidlik bulmuş, Hər bir eybdən, sözdən münəzzəh olmuş. Müqəddəs iqlimdən çıxdı kənarə, Afaqü-ənfüsdə gəldi zahirə. Hər aynada əks olundu camalı, Hər yerdə Qeybdən gəldi əqvalı. |
Bir sözlə, ariflərin nəzərində varlıq aləmi Haqqın təcəllisi sayılır və bu aləm Haqqın gizli adlarının zahiri aləmdə təzahürüdür. Allah mütləq kamal və camal qaynağıdır, ona görə Onun zahiri dünyada təzahürü də gözəl və kamil olmalıdır. Əgər varlıq aləmi gözəl olmasa, biz onu Haqqın məzhəri kimi tanıya bilmərik. Haqq ən gözəl vücuddur, xilqət aləmi isə həmin vücudun ad və sifətlərinin təcəllisi olduğu üçün gözəl sayılır. Varlıq düzəninin gözəlliyi ariflər tərəfindən bu məntiqlə izah edilir. Ariflər dünya düzənindəki gözəlliyi "bundan da gözəl kimsə xəlq edə bilməzdi" deyimi ilə vurğulayırlar.
Məşhur filosof İbn Ərəbi də həmin deyimə əsaslanaraq öz baxışlarını şərh edib. Onun nəzərincə, xilqət aləmi Haqqın təcəllisi olduğu üçün Rəhman sifəti ilə yaradılmışdır və bu aləm mümkün olan dünyalar içərisində ən yaxşı və ən gözəlidir.
Ariflərə görə, insan xilqət aləmindən yüksəkdə dayanan bir üfüqdən dünyaya baxarsa, burada heç bir nöqsan tapa bilməz. Çünki dünyada müşahidə edilən hər bir nöqsan və xəta nisbi xarakter daşıyır, insanların dar baxışlarından irəli gəlir. İnsan kamilliyə və təriqət mürşidinin məqamına yetişsə, naqislik və zəiflikdən heç bir əsər-əlamət görməz.
Hafiz belə söyləyib:
Haqqın sün qələmi xəta yetirməz, Haqqı görən gözlər xətanı görməz. Xəta örtən arif gözlərə qurban Min-min rəng içində bir xəta görməz. |
İrfanda dünya düzəninin incəlikləri geniş bir mövzudur və burada yalnız yığcam bir ifadə ilə əsas məqama işarə etməklə kifayətləndik.
Quran baxımından dünya düzənindəki gözəllik
Quran ayələrində dünya düzəninin gözəlliyi təsdiq olunur. Yəni, Allah hər nə yaratmışsa, gözəl yaradıb. Bu məsələyə Tövratda da işarə var: "Allahın yaratdığı hər bir şey gözəldir və ya O, hər bir şeyi öz vaxtında yaxşı yaradıb" [102].
Dünya düzənindəki gözəlliyi təsdiqləyən ayələri bir neçə dəstəyə ayırmaq olar:
1. Bir dəstə ayələrdə dünyada mövcud olan bütün məxluqun gözəlliyi və yaxşılığı vurğulanır:
Səcdə surəsi, 7-ci ayə:
O yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.
Mumin surəsi, 64-cü ayə:
Sizin üçün Yeri məskən, Göyü örtük edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır! Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər uludur!
Təğabun surəsi, 3-cü ayə:
O, Göyləri və Yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi və surətlərinizi gözəl yaratdı (insan bütün canlıların ən gözəli və kamil biçimlisi olan məxluqdur). Axır dönüş də Onun (Allahın) hüzurunadır.
2. Bir sıra ayələrdə isə Allah ən gözəl xəlq edən (Əhsənül-Xaliqin) adlanır – yəni Allahdan gözəl xəlq edən yoxdur. Bundan gözəl düzən ola bilməzdi.
Muminun surəsi, 14-cü ayə:
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluq olaraq yaratdıq. Ən gözəl biçimdə xəlq edən (Yaradan) Allah nə qədər uca, bərəkətli və uludur.
Saffat surəsi, 125-ci ayə:
Məgər siz ən gözəl Yaradan və Xəlq edən Allahı qoyub Bələ (Bəl adlı bütəmi) ibadət edirsiniz?
Bu ayələrdə Allah ən gözəl Yaradan kimi xatırlanır, deməli, Allahın yaratdığı məxluq da ən gözəl biçimə malikdir. Varlıq aləmində hər bir şey mükəmməl və gözəl yaradılıb; dünya düzəni Allahın kamalı sayəsində gözəl şəkildə xəlq edilir.
3. Bir dəstə ayələr xilqət aləmini Allahın ayət və ya nişanəsi adlandırır. Bütün varlıq Allahın qüdrət, kamal və camal sifətlərinin ayələridir; bu ayələr dünya düzənindəki gözəlliyin qaynağını Allahda görür. Ayə nişanə deməkdir və Allahın kamalı Onun nişanələrində də öz əksini tapır. Allahın xilqətində heç bir nöqsan tapmaq olmaz. Dünya düzəni gözəl biçimli olmasaydı, Əhsənül-Xaliqin adlanan Allahın ayə və nişanəsi kimi tanınmazdı.
Ali-İmran surəsi, 190-cı ayə:
Həqiqətən, Göylərin və Yerin yaradılması, gecə və gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün (Allahın qüdrət və kamalını sübut edən) qəti dəlillərdir.
Öncə, dünya düzənindəki nizam-intizam və qanunauyğunluqdan bəhs etmişdik və həmin nizam xilqətin gözəlliyini təsdiq edir. Dünyanın Allahın ayəsi kimi tanınması barədə də əvvəlki bölmələrdə söhbət açmışdıq və ona görə həmin məsələləri təkrar etmədən sözümüzü bitiririk.
Qurani-kərimdə bir çox hallarda şər, onun əlamət və nişanələri barədə bəhs edilmişdir. Şər müxtəlif ad və ifadələrlə qeyd olunur: şər, sui-istifadə, fəsad. Bəzi yerlərdə xeyir və şər əvəzinə "səra" və "zəra" istilahları işlənmişdir. Yəni Quran ayələrində şər məsələsi həm birbaşa "şər" məfhumu ilə, həm də şər mənası daşıyan başqa sözlər verilmişdir. Bir çox əməl, iş və
rəftarlar vardır ki, onlar şər cərgəsinə aiddir.
Fələq surəsi, 1-5-ci ayələr:
(Ya Peyğəmbər!) De ki: "Pənah aparıram sübhün Rəbbinə!
Yaratdıqlarının (insan, cin və heyvanların) şərindən;
Zülmətə bürünməkdə olan gecənin (və ya batan Ayın, ziyası sönən ulduzların) şərindən;
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən;
Bir də paxıllığı tutanda, paxılın şərindən!"
Bu ayələrdə bir neçə qism şərdən bəhs edilmişdir: birincisi – mütləq şər anlamı; ikincisi – gecə qaranlığından doğan şər bəzi hiyləgərlərin öz məkrli işlərini görməsinə imkan verir; üçüncüsü – sehrbazların şəri; dördüncüsü – paxılların şəri vurğulanır və bütün bu şər rəftarlar başqalarına əngəl törədir.
Xilqətdəki bütün şər cəhətlər dünya aləminə xasdır, Allahdan heç vaxt şər gəlməz. Xilqətdə olan şəri Allaha aid etmək olmaz.
Hər bir xilqət nümunəsində şər xüsusiyyətlər ola bilər, bunlar maddi aləmin özündən doğan cəhətlərdir. Başqa ayədə isə vurğulanır ki, xeyir və şər nisbi anlamdır, bəşəri yaxalayan bir çox şeylər mahiyyətcə xeyir ola bilər. Bəzən də bəşərin xeyir kimi təsəvvür etdiyi şeylər şər kimi dəyərləndirilə bilər. Bəşər bu halları bir-birindən ayıra bilmir. Bir çox xeyir və şər cəhətlər bəşərin fərdi baxışından asılıdır.
Bəqərə surəsi, 216-cı ayə:
(Allahın düşmənlərinə qarşı) vuruşmaq (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.
Başqa bir ayəyə görə, xeyir və şər insanı sınamaq üçün iki vasitədir. İnsanlar xeyir və şər kimi təsəvvür etdikləri məsələlər vasitəsilə sınağa çəkilir və yalnız öz nəfsi marağına uyanlar həqiqi xeyiri bilməzlər. Onlar bu sınaqdan keçməsələr öz vücudlarını misdən qızıla çevirə bilməzlər. Bu yöndə aşağıdakı bir ayəyə diqqət yetirək.
Ənbiya surəsi, 35-ci ayə:
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (sağlamlıq, var-dövlət, cah-calal və xəstəlik, yoxsulluq və ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qayıdacaqsınız!
Bir sıra ayələrdə insanın bəzi çətinliklər qarşısında zəifliyi yada salınır və insan bunları şər kimi tanıyır. Adi insan bu sayaq şərə taqət gətirmir və ümidsizliyə düçar olur.
İsra surəsi, 83-84-cü ayələr:
İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən üz çevirib) uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus gəzər.
De ki: "Hər kəs öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbiniz kimin doğru yolda olduğunu daha yaxşı bilir.
Bəzi ayələr isə xeyir və yaxşı işlərin Allaha mənsub olduğunu bildirir – yəni, yaxşı işlər Allah tərəfindən, pis işlər isə insanın özü tərəfindəndir.
Nisa surəsi, 79-cu ayə:
(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə yetişən hər bir pislik isə özündəndir (öz nəfsindəndir) dir. (Ya Məhəmməd!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.
Şura surəsi, 30-cu ayə:
Sənə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır.
Bir sıra ayələrdə isə bütün işlər – xeyir və şər Allah tərəfindən sınaq kimi verilir. Yaxşı və pis nə varsa Allah tərəfindəndir. Hidayət və izzət də, zəlillik və yoldan çıxmaq da Allah tərəfindən insanları sınamaq üçündür. Bu sayaq məsələlərdə çoxlu incəliklər var və onların izahı dərin əxlaqi-dini və fəlsəfi açıqlamalara möhtacdır. Bu mənada işlənən iki ayəni verməklə fikrimizi yekunlaşdıra bilərik:
Nisa surəsi, 78-ci ayə:
Harada olursunuz-olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Məhəmməd!) Onlara (yəhudilər və münafiqlərə) bir xeyir yetişdikdə: "Bu Allahdandır" – deyərlər, bir pislik üz verdikdə isə: "Bu səndəndir" – söylərlər. Onlara de ki: "Hamısı Allah tərəfindəndir" (əməlinizə görə verilir). Bu camaata nə olub ki, az qala söz də anlamır!
Ali-İmran surəsi, 26-cı ayə:
(Ya Məhəmməd!) De ki: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi də alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!
Yaxşılıqlar və pisliklər mahiyyətcə fərqlənir və pisliklər Allaha aid edilməz. Öncə işarə etdiyimiz kimi, pis və şər sifətlər insanların özündəndir. Xeyir işlər isə mahiyyətcə Allahdandır. Şər xeyiri inkar edər, xeyir isə şəri rədd edər. Xeyir və şər zahiri aləmdə və xilqətdə aşkar olur. Allahın substansiyası baxımından Onun bütün mahiyyəti xeyir qaynağıdır.