Nöqtələr
Yuxarıdakı ayənin nazilolma şəni haqqında deyilir ki, yəhudilərdən və məsihilərdən bir dəstəsi azançının səsini eşitdikdə və ya müsəlmanların namaza dayandığını gördükdə onlara istehza edirdilər.
1. Azanı (dini şüarları) məsxərəyə qoyanlarla rabitədən və dostluqdan çəkinin.
2. Namaz dinin çöhrəsi və zühur məhəllidir. (Əvvəlki ayədə dinə istehzadan danışıldı. Bu ayədə isə dinin siması olan namaza istehza xatırladılır.)
3. Namaz üçün nida edilməlidir ki, hamı toplansın. (Namaz aşkar olmalıdır.)
4. İslam cəmiyyətində namaz üçün fəryad çəkilməli, namaz təbliğ olunmalıdır. Kimsə buna mane olmamalıdır.
5. Aqillər məntiqi üslubda rəftar edirlər. Düşüncəsiz insanların işi isə istehzadır.
59. قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلاَّ أَنْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ
"De ki, ey kitab əhli! Bizə bunu irad tutursunuzmu ki, Allaha, bizə nazil olana və əvvəldən nazil olana iman gətirmişik? Həqiqətən, sizin çoxunuz haqq sərhədindən çıxmışsınız və günahkarsınız.”
"Niqmət” kökündən olan "tənqimunə” sözü bir şeyin inkarını bildirir. Bu inkar həm dil, həm qəzəb, həm də rəftar vasitəsi ilə ola bilər.
Kitab əhli Tövrat və İncilin buyuruqlarına vəfalı qalmadı. Bu səbəbdən də onların səmavi kitaba sahiblik ləyaqətləri yoxdur.
1. Müxaliflərlə də gözəl şəkildə mübahisə etmək lazımdır. Həssas suallarla müşayiət olunan dəlillər təsirlidir.
2. Düşmənlərin möminlərlə ixtilafı yalnız onların imanına xatirdir.
3. Müsəlmanların bütün səmavi kitaba inanması kitab əhlində kin-küdurət yaradan səbəblərdəndir.
4. Kitab əhlinin müsəlmanlarla düşmənçiliyinin tarixi keçmişi var.
5. Düşmənin yaratdığı problemlər qarşısında ədalət və insafı əldən verməyin. Elə düşünməyin ki, hamı günahkardır.
6. Haqqın inkarı və haqq ardıcıllarının əziyyətə salınması günahdır.
60. قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكَ مَثُوبَةً عِندَ اللّهِ مَن لَّعَنَهُ اللّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ أُوْلَـئِكَ شَرٌّ مَّكَاناً وَأَضَلُّ عَن سَوَاء السَّبِيلِ
"De ki, sizə Allah hüzurunda bundan da ağır cəza (sahibləri) haqqında xəbər verimmi? Onlar Allahın lənət etdiyi, qəzəbinə gətirdiyi, bir qismini meymun və donuz şəklinə saldığı, tağuta pərəstiş edən kəslərdir. Onların Allah yanında yerləri çox pisdir. Onlar düz yoldan daha çox azmışlar.”
Ayədəki "məsubət” və "səvab” sözləri ilkin hala gediş və qayıdış, hər növ aqibət və cəza mənalarını bildirir. Amma adətən, bu sözlər yaxşı əvəz mənasında işlədilir.
Dini, İslamı, müsəlmanların namazını məsxərəyə qoyanlar, müsəlmanları imanlarına görə incidənlər nə üçün öz qaranlıq keçmişlərinə nəzər salmırlar? Axı onlar məsx oldular və rüsvay edildilər. Peyğəmbər dövrünün yəhudiləri donuz və meymun şəklinə salınmasalar da, Bəni-İsrail özünü vahid qövm saydığından, keçmişdəkilərin əməlləri ilə fəxr etdiklərindən onların rüsvayçılıqları da sonrakı nəsil üçün alçaldıcıdır.
Bir çox təfsirçilərin fikrincə, şəri hiylə quraraq qadağan olunmuş şənbə günü ov edən yəhudilər meymun şəklinə salındılar. İsanın səmavi süfrəsini ("Maidə”) inkar edən məsihilər isə donuz şəklinə düşdülər.
1. Allahın cəzaları ədalətlidir. Əgər kimlərsə meymun və donuz şəklinə salınmışlarsa, (məsx edilmişlərsə) bu onların öz əməllərinin əvəzidir.
2. Tağuta itaət edənlər də məsx olanların cərgəsindədir.
3. Bəşər tarixindəki fitnəkarların aqibətinin bəyanı Quranın təbliğ üsullarındandır.
4. Ehtiram saxlamayanın ehtiramı yoxdur.
5. Ağır cəza ağır azğınlıq üçündür.
61. وَإِذَا جَآؤُوكُمْ قَالُواْ آمَنَّا وَقَد دَّخَلُواْ بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُواْ بِهِ وَاللّهُ أَعْلَمُ بِمَا كَانُواْ يَكْتُمُونَ
"Əgər (münafiqlər və ya kitab əhlindən bəziləri) sizin yanınıza gəlsələr, deyərlər: "İman gətirdik.” Halbuki onlar sizin yanınıza küfrlə gəlir və həmin küfrlə gedirlər. Allah onların gizlətdiklərindən daha çox xəbərdardır.”
1. İnsanların "imanlıyam” deməsi sizi aldatmasın. Dildə imanın izharı onun qəlbdə olması deyildir.
2. Allah insanların daxilindən onların özlərindən də çox agahdır.
3. Münafiqcəsinə "imanlıyam” deyənlər bilsinlər ki, Allah onların qəlbindən xəbərdardır.
62. وَتَرَى كَثِيرًا مِّنْهُمْ يُسَارِعُونَ فِي الإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَعْمَلُونَ
"Onların («imanlıyam» deyənlərin) çoxunun günah, zülm və haramxorluqda tələsdiyini görərsən. Doğrudan da, onların işi necə də çirkindir?!”
Ötən ayədə kitab əhlinin küfr və nifaq ruhiyyəsindən danışıldı. Bu ayədə isə onların əxlaqi, ictimai və iqtisadi fəsadları bəyan olunur.
"Suht” təbiri dərinin soyulması və ya şiddətli aclıq mənalarını bildirir. Bəzən qeyri-şəri mal, xüsusi ilə rüşvət də "suht” adlanır. Çünki bu sayaq mal-mülk cəmiyyətin səfa və təravətini puça çıxarır. Ağacın qabığının soyulması onun qurumasına səbəb olduğu kimi, haram mal da cəmiyyətin təravətini məhv edir. Beləcə, "suht” sözünün geniş mənası var. Ayələrdə isə bu sözün bəzi mənaları zikr olunmuşdur.
1. Azğınları tənqid edərkən insaflı olmaq lazımdır. (Onların hamısı hədəfə alınmamalıdır.)
2. İslam cəmiyyətinin siması xeyir işlərə tələsməkdən ibarətdir. Küfr cəmiyyətinin siması isə fəsada tələsməkdən ibarətdir.
3. Əxlaqi, ictimai və idari fəsaddan da pisi fəsada adət və fəsada tələsməkdir.
4. «İmanlıyam» deyib günaha, təcavüzə, haramxorluğa tələsənlər nə çoxdur!
5. Günaha yol verməkdən də pisi günahda qərq olmaqdır.
6. Təcavüz, haramxorluq günah nümunələri olsa da, bu iki günah kitab əhli arasında daha çox yayıldığından ayrıca zikr olunur.
63. لَوْلاَ يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالأَحْبَارُ عَن قَوْلِهِمُ الإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَصْنَعُونَ
"Nə üçün məsihi və yəhudi alimləri onları günah sözdən və haram mal yeməkdən çəkindirmirlər? Onların işi necə də pisdir?!”
Həzrət Əli (ə) bir xütbəsində buyurur: "Allah ötən qövmləri yalnız əmr be məruf və nəhy əz münkəri tərk etdikləri üçün lənətlədi. Allah avamları günaha batdıqları üçün, alimləri nəhy əz münkəri tərk etdikləri üçün lənətlədi.
"Rəbbaniyyun” sözü məsihi alimlərinə, "əhbar” sözü yəhudi alimlərinə işarədir.
İmam Hüseyn (ə) hazırkı ayə haqqında buyurmuşdur: "Alimlərin susmasının, əmr be məruf və nəhy əz münkəri tərk etməsinin səbəbi ya zalımların mənafeyinə tamah, ya da onlardan qorxudur.
Əvvəlki ayədə "yəməlun”, bu ayədə isə "yəsnəun” təbirləri işlənmişdir. Mərhum Feyz Kaşani deyir: "Bu iki söz arasındakı fərq ondan ibarətdir ki, "sane” işdə bişmiş və bir iş xarakterinə hopmuş adamdır.
1. Əmr be məruf və nəhy əz münkərin məsuliyyəti hamıdan qabaq alimlərin üzərinə düşür.
2. Alimlərin sükutu və biganəliyi fəsadın yayılması zəminəsidir.
3. Alimlər güclü olmalıdırlar ki, moizə və dəvətdən əlavə, fəsadın qarşısını da alsınlar.
4. Əgər nəhy əz münkər günahın qarşısını almasa, heç olmasa onun sürətini azaldar.
5. Kitab əhli alimləri öz vəzifələrinə ən aşağı həddə də əməl etmədilər. (Əvvəlki ayədə günah, zülm və haramxorluq kitab əhlinin günahları kimi sadalandı. Bu ayədə isə zülm kəlməsi işlədilməmişdir. Belə başa düşmək olar ki, alimlər zülmün qarşısını almaq gücündə deyillərsə də, günah və haramxorluğun qarşısını almalıdırlar.)
6. Elmin gözəlliyi onun izharında, çirkinliyi isə sükut və onu gizlətməkdədir.
7. Alimin sükutu xatakarın günahından daha pisdir.
8. Günahın aşkarlığı, günahkarların çoxluğu, günahın çeşidliliyi alimlərin sükutuna səbəb ola bilməz.
64. وَقَالَتِ الْيَهُودُ يَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاء وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ كُلَّمَا أَوْقَدُواْ نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا اللّهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا وَاللّهُ لاَ يُحِبُّ الْمُفْسِدِينَ
"Yəhudilər dedilər: "Allahın əli bağlıdır.” Əlləri bağlansın və bu sözlərin cəzası olaraq Allahın lütfündən uzaq olsunlar. Əksinə, Allahın iki (qüdrət) əli açıqdır - istədiyi kimi infaq edir. Əlbəttə, Rəbbin tərəfindən sənə nazil olan şey onların bir çoxunun küfr və tüğyanını artırır. Biz onların arasında qiyamət gününədək düşmənçilik və kin salmışıq. Hər dəfə döyüş alovunu şölələndirəndə Allah onu söndürdü. Onlar daim yer üzündə fəsad və günaha çalışırlar. Allah fəsad əhlini sevməz.”
Əvvəlki ayə yəhudilərin müxalif sözlərinə və yəhudi alimlərinin fəsadın qarşısını almamalarına bir işarə idi. Bu ayədə bəzi nümunələr bəyan olunur. Yəhudilər dedilər: "Allahın əli bağlıdır və artıq bizə keçmişdə malik olduğumuz qüvvə vermək imkanında deyil.”
Rəvayətlərdə deyilir ki, bu ayə yəhudilərin qəzavü-qədərə, insan taleyinə münasibətini açıqlayır. Çünki yəhudilərin nəzərincə, ilkin yaranışda əlləri açıq olan Allahın sonradan əlləri bağlanmışdı.
İmam Sadiq (ə) bu ayənin izahında buyurur: "Yəhudilər inanırdılar ki, Allah varlıq aləmini yaratdıqdan sonra bir kənara çəkilmişdir və heç nəyi artırıb-əskiltmir.
Ərəb dilində "Yəd” ("əl”) sözü güc və nüfuza bir işarədir. Məsələn, deyirik: filankəsin filan işdə əli var; filankəsin filan işdən əli çıxdı; filankəsə əlimiz çatmır... Rəvayətlərdə o da qeyd olunur ki, Allahın övliyaları Onun əlidir. Yəni övliyalar ilahi lütf vasitəsidirlər.
İmam Baqir (ə) "Kulləma əvqədu narən...” cümləsi haqqında buyurmuşdur: "Əgər bir zalım şəxs Ali-Məhəmmədi (s) məhv etmək istəsə, Allah onu məhv edər.”
Əllamə Təbatəbainin bildirdiyinə görə, fəqirlik, aclıq, qəhətlik baş verdikdə, eləcə də, Allaha borc vermək ayəsi nazil olduqda deyirdilər: «Bu qəhətlik və gözəl borc tapşırığı Allahın əllərinin bağlı olması nişanəsidir.»
1. Başqalarının günahına razılıq həmin günaha şəriklikdir. (Yəhudilərdən yalnız bir qismi Allahın əlinin bağlı olduğuna inansa da, başqaları da bu fikirlə razı olduğundan həmin fikir onların hamısına aid edilmişdir.)
2. Öz ləyaqətsizliyimizə don geyindirməyək. (Şeytan öz təkəbbürünü Allahın azdırması kimi təqdim edirdi.) Yəhudilər də öz məhrumiyyətlərini Allahın xəsisliyi ilə izah edirdilər.
3. Hər hansı şübhənin cavabı həmin şübhədən daha güclü şəkildə verilməlidir. (Onlar deyirdilər: "Allahın əli bağlıdır.” Ayədə isə buyurulur: "Allahın hər iki əli açıqdır, yəni O kamil qüdrət sahibidir.)
4. Məzəmmət əmələ uyğun olmalıdır.
5. Quran müttəqilərə hidayət, inadkarlara isə tüğyan gətirir.
6. Tüğyan və küfr düşmənçilik və kin-küdurət üçün zəmin yaradır.
7. Yəhudilər daim fitnə törədir və məğlub olurlar.
8. Həm cəza olaraq kin və düşmənçiliyin göndərilməsi Allahdandır, həm də döyüş alovunun söndürülməsi.
9. Məhəbbət və ya cəzaya tuş gəlməyinizin səbəbi öz əməllərinizdir.
65. وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُواْ وَاتَّقَوْاْ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلأدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ
"Əgər kitab əhli (yəhudilər və məsihilər) iman gətirib təqva yolunu seçsələr, hökmən Biz onların günahlarını bağışlayarıq və onları behişt nemətləri ilə dolu bağlara daxil edərik.”
1. Kitab əhli peyğəmbər əsrində imansız və təqvasız bir xalq idi.
2. İmansızlıq və təqvasızlıq azğınlıqların cəzasıdır və keçmişdəki işləri məhv edir.
3.Təqvasız iman səmərəsizdir.
4. İlahi lütfləri əldə etmək üçün ilk öncə günahlardan paklanmaq lazımdır.
5. Allahın bağışlamadan əlavə lütfü də var.
66. وَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ وَكَثِيرٌ مِّنْهُمْ سَاء مَا يَعْمَلُونَ
"Əgər onlar (yəhudilər və məsihilər) Tövrat və İncili, Rəbləri tərəfindən onlara nazil olanı bərpa etsəydilər, başlarının üstündən (səmadan) və ayaqlarının altından (yerdən) ruzi yeyərdilər. Onlardan bəziləri orta haldadırlar. Amma çoxlarının gördüyü iş pisdir.”