ÜÇÜNCÜ FƏSİL Hər bir insanın rəftar və əməlləri onun təfəkkür tərzinin və əqidəsinin məhsuludur, candan keçib fədakarlıq etmək imanlı insanların nişanələrindəndir. Əgər hər hansı insan bir şeyə olan imanın müəyyən bir həddə çatdırıb, onu öz can və malından üstün hesab edərsə, onda hökmən o şeyin yolunda canından keçib bütün varlığını ona fəda edəcəkdir. Qurani-Məcid bu həqiqəti aşağıdakı ayədə əks etdirmişdir: "Möminlər Allaha və Onun Peyğəmbərinə iman gətirib Ona heç vaxt şəkk etməyən, öz mal və canları ilə Allah yolunda çalışanlardır. Onlar həqiqətən öz imanlarında sadiqdirlər."(Hucurat" surəsi, ayə: 15 ) Besətin başlanğıcında müsəlmanlar öz ali məqsədlərinə çatmaq üçün ən çətin işkəncələrə və əzab-əziyyətlərə dözürdülər. Düşmənlərin tövhid ayininə yönəlməsinə mane olan şey ata-babalarının xurafat və yanlış əqidələri, məbudların (bütlərin) məqamını hifz etmək, qəbilə və sinfi imtiyazlarla iftixar etmək və irsi olaraq bir-birinə keçən qəbilə düşmənçilikləri və kinləri idi. Bu amillər Peyğəmbər (s)-in Məkkəni fəth etdiyi günə qədər islamın Məkkədə və onun ətraf məntəqələrində yayılmasına maneçilik törədirdi. Bu maneələr yalnız qüdrətli islam ordusunun vasitəsi ilə aradan qaldırıldı. Qüreyş müşriklərinin müsəlmanlara göstərdiyi təzyiqlər nəticəsində onların bir qrupu Həbəşəyə (indiki Həbəşistana), bir qrupu isə Yəsribə (indiki Mədinəyə) hicrət etdilər. Bəni-Haşim tayfasının, xüsusilə Əbu Talibin Peyğəmbəri və Əlini himayə etməsinə baxmayaraq, Cəfər ibni Əbu Talib məcbur oldu ki, besətin beşinci ilində bir neçə müsəlmanla birlikdə Məkkədən Həbəşəyə getsin və hicrətin yeddinci ilinə (Xeybərin fəthinə) qədər orada qalsın. Besətin onuncu ilində Peyğəmbərin ən böyük himayəçisi və müdafiəçisi olan Əbu Talib vəfat etdi. Əziz əmisinin vəfatından bir-iki gün keçməmiş mehriban həyat yoldaşı və Peyğəmbərin müqəddəs hədəfi yolunda mal və canını heç vaxt əsirgəməyən Xədicə də vəfat etdi. Bu iki böyük himayəçinin vəfatı ilə Məkkədə müsəlmanlara qarşı təzyiqlər şiddətləndi, bunun nəticəsində onların iztirabları daha da artdı. Iş o yerə çatdı ki, besətin on üçüncü ilində Qüreyş başçıları ümumi bir yığıncaqda qərara aldılar ki, Peyğəmbəri həbs etmək, yaxud öldürmək və ya sürgün etməklə tövhid çağırışının qarşısını alsınlar. Qurani-Məcid onların bu üç planını xatırladıb buyurur: "Yada sal o vaxtı ki, kafirlər sənin əleyhinə hiylə qurdular və belə qərara gəldilər ki, səni ya zindanda saxlasınlar, ya öldürsünlər, ya da sürgün etsinlər. Onlar məkr (hiylə) işlədirdilər, Allah da onların məkrlərini özlərinə qaytarırdı, Allah hamıdan yaxşı tədbir tökəndir."("Ənfal" surəsi, ayə: 30 ) Qüreyş başçıları qərara aldılar ki, hər qəbilədən bir nəfər seçilsin, gecə yarısı hamılıqla Peyğəmbərin evinə hücum edib onu tikə-tikə doğrasınlar. Beləliklə, həm müşriklər onun təbliğatından rahat olacaq, həm də onun qanı ərəb qəbilələrinin hamısının boynuna düşəcək, nəticədə, daha Bəni-Haşim tayfası bu işdə şərik olan bütün qəbilələrlə mübarizəyə qalxıb intiqam ala bilməyəcəkdi. Vəhy mələyi Peyğəmbəri müşriklərin məkrli planından xəbərdar edib ilahi əmri ona çatdırdı: gərək tez bir zamanda Məkkəni tərk edib, Yəsribə gedəsən. Müəyyən olunmuş gecə gəlib çatdı. Məkkəni qaranlıq bürümüşdü. Silahlı məmurların hərəsi bir tərəfdən Peyğəmbərin evinə tərəf irəliləyirdilər. Peyğəmbər onların xəbəri olmadan müəyyən bir yolla evdən elə çıxmalı idi ki, baxanda onun evdə, öz yatağında yatmış olduğunu təsəvvür etsinlər. Bunun üçün canından keçən bir nəfər Peyğəmbərin yatağında yatmalı, onun yaşıl örtüyünü üstünə çəkməli idi ki, onu qətlə yetirmək fikrində olanlar hələ evdən çıxmadığını təsəvvür etsinlər. Nəticədə onların diqqətləri yalnız Peyğəmbərin evinə yönələcək, küçələrdə və Məkkədən çöldəki yolda maneçilik törətməyəcəkdilər. Amma görəsən kim öz canından keçib Peyğəmbərin yatağında yatar?! Belə fədakar insan yalnız Peyğəmbərə hamıdan əvvəl iman gətirib besətin əvvəlindən pərvanə kimi onun başına dolanan bir şəxs olmalı idi. Bəli, bu ləyaqətli şəxs Əli (ə)-dan başqası ola bilməzdi və belə bir iftixar ancaq ona nəsib olmalıydı. Buna görə də Peyğəmbər üzünü Əliyə tutub dedi: "Qüreyş müşrikləri mənim qətlimə fərman vermiş və belə qərara almışlar ki, kütləvi şəkildə evimə hücum edib məni yataqda ikən öldürsünlər. Buna görə, Allah tərəfindən mənə əmr olunub ki, Məkkəni tərk edim. Gərək bu gecə mənim yatağımda yatıb o yaşıl örtüyə bürünəsən ki, onlar hələ də evdə olduğumu və yatağımda rahat yatdığımı təsəvvür edib məni təqib etməsinlər." Əli (ə) Rəsulullah (s)-in əmrinə itaət edib, gecə yarısına qədər onun yatağında uzandı. Qırx nəfər əli qılınclı qatil Peyğəmbərin evini mühasirəyə almışdı. Onlar qapının deşiyindən içəri baxır və vəziyyəti nəzarət altında saxlayırdılar. Güman edirdilər ki, Peyğəmbər öz yatağındadır. Evi elə nəzarət altına almışdılar ki, hətta ən kiçik bir hərəkət belə, onların gözlərindən yayınmırdı. Fikirləşirdilər ki, Peyğəmbər bu qədər güclü nəzarət altında evi heç vaxt tərk edə bilməz. Peyğəmbərin həyatını qələmə alanların çoxu yazır ki, o həzrət "Yasin" surəsini (səkkizinci və doqquzuncu ayələrini) oxuya-oxuya evi mühasirəyə alanların yanından elə keçdi ki, heç kimin xəbəri olmadı. Bu işin baş verməsinin mümkünlüyü inkaredilməzdir. Hər vaxt Allah Öz Peyğəmbərinə qeyri-adi və möcüzə yolu ilə nicat vermək istəsə, buna heç nə mane ola bilməz. Amma çoxlu dəlillər göstərir ki, Allah Öz Peyğəmbərinə möcüzə yolu ilə nicat vermək istəmirdi. Əks halda, Əli (ə)-ın Peyğəmbər (s)-in yatağında yatması, Peyğəmbərin də "Sovr" mağarasında gizlənib sonra min bir zəhmətlə Mədinəyə yola düşməsi lazım gəlməzdi. Bəziləri də deyirlər ki, Peyğəmbər (s) evdən çıxanda onların hamısını yuxu tutmuşdu və Peyğəmbər də bundan istifadə etdi. Amma bu fikir həqiqətdən uzaqdır və ağıllı bir adam heç vaxt inanmaz ki, münasib fürsətdə Peyğəmbəri öldürmək üçün evi mühasirəyə alan qırx nəfər qatil öz vəzifələrinə bu qədər səhlənkar yanaşalar və hamısı rahatca yuxuya gedələr. Amma bu da mümkündür ki, çoxlarının yazdığı kimi, Peyğəmbər həmin qırx nəfər evi mühasirəyə almazdan qabaq evdən çıxmış olsun. VƏHY EVİNƏ YÜRÜŞ Əlləri qılıncın qəbzəsində olan Qüreyş məmurları hamılıqla vəhy evinə yürüş edib yataqda ikən Peyğəmbərin qanını axıtmaq üçün hazır vəziyyətdə durmuşdular. Onlar qapının deşiyindən Peyğəmbərin yatağına baxır və şadlıqdan yerə-göyə sığmırdılar. Elə təsəvvür edirdilər ki, tezliklə son arzularına çatacaqlar. Amma Əli (ə) qəlbi inamla dolu, xatircəm halda Peyğəmbərin yerində uzanmışdı. Çünki bilirdi ki, Allah Öz Peyğəmbərinə nicat vermişdir. Düşmənlər əvvəlcə qərara almışdılar ki, gecə yarısı Peyğəmbərin evinə hücum etsinlər, lakin müəyyən səbəblərə görə fikirlərini dəyişdilər və qərara aldılar ki, sübh açılan vaxt evə daxil olub Peyğəmbəri qətlə yetirsinlər. Gecənin qara pərdələri çəkildi, sübhün işığı üfüqün sinəsini yardı. Məmurlar qılınclarını siyirmiş halda Peyğəmbərin evinə hücum etdilər, amma Peyğəmbərin yatağına yaxınlaşdıqda Əli (ə)-ı onun yerində gördülər. Qəzəb və təəccüb onların bütün vücudlarını bürüdü. Əli (ə)-dan soruşdular: "Məhəmməd haradadır?" Əli (ə) buyurdu: "Məgər onu mənə tapşırmışdınızmı ki, məndən də istəyirsiniz?" Bu vaxt daha da hiddətlənib Əli (ə)-a tərəf həmlə etdilər, onu çəkə-çəkə Məscidül-Hərama tərəf apardılar. Amma orada bir az saxladıqdan sonra buraxdılar. Qəzəbdən boğazları qurumuş halda qərara aldılar ki, dayanmadan Peyğəmbərin yerini öyrənsinlər. Qurani-Məcid Əli (ə)-ın bu misilsiz şücaəti və fədakarlığından söz açır, bütün əsr və dövranlarda əbədi qalsın deyə, onun bu fədakarlığını tərifləyir və onu ölümünü gözünün qarşısına alaraq, Allahın razılığını qazanmaq üçün tələsənlərdən hesab edir: "Camaatdan bəzisi var ki, Allahın razılığı yolunda öz canından keçir. Allah Öz bəndələrinə qarşı şəfqətli və mehribandır."("Bəqərə" surəsi, ayə:207 ) BƏNİ-ÜMƏYYƏ ƏSRİNİN CİNAYƏTKARLARI Təfsirçilərin çoxu qeyd olunan ayənin nazil olma səbəbini (şəni-nüzulunu) "Leylətül-məbit" hesab edir və deyirlər ki, bu ayə məhz həmin hadisə ilə əlaqədar olaraq Əli (ə)-ın barəsində nazil olmuşdur. Əməvi əsrinin cinayətkarlarından biri olan Səmrət ibni Cündəb dörd yüz min dirhəm (qızıl pul) alıb bu ayənin Əli (ə) barəsində nazil olduğunu inkar etdi və ümumi yığıncaqlarda dedi ki, bu ayə (Əli (ə)-ın qatili olan) Əbdürrəhman ibni Mülcəmin barəsində nazil olmuşdur. O bu həqiqəti inkar etməklə kifayətlənmədi, üstəlik münafiqlər barəsində olan başqa bir ayənin Əli (ə) barəsində nazil olduğunu dedi. Ayə belədir: "Camaatdan bəzisinin sözləri səni təəccübləndirir və Allahı öz qəlbində olana şahid tutur. (Sən onun sözlərinin zahirinə aldanma, çünki) o ən qatı düşməndir."("Bəqərə" surəsi, ayə:204 ) Belə bir cinayətkar tərəfindən həqiqətin bu cür təhrif olunması qeyri-adi bir iş deyildir. Ziyad Iraqın valisi olanda o, Bəsrənin icra hakimi idi. Peyğəmbər (s)-in Əhli-Beytinə düşmənçilik etdiyindən Əli (ə)-la dostluq edən min nəfəri öldürdü. Ziyad ondan "Niyə və hansı cürətlə bu qədər adamı öldürdün və təsəvvür etmədin ki, onların arasında günahsızlar da ola bilərdi?" - deyə soruşduqda cavabında həyasızlıqla dedi: "Mənim onlardan iki qat çoxunu öldürməkdən də qorxum yox idi!" Səmrətin gördüyü nalayiq işləri sadalamaqla qurtarmaz. O, Peyğəmbər (s)-in buyurduğu "öz xurma ağaclarınıza baş çəkmək üçün camaatın həyətinə daxil olanda gərək icazə alasınız" göstərişini rədd etmişdi. Hətta xurmasını bir neçə qat artığına Peyğəmbərə satmaq istəməyib öz xurmasına baş çəkmək üçün heç vaxt icazə almayacağında israr edirdi. Peyğəmbər (s) bu hadisəni müşahidə edəndən sonra ev sahibinə dedi:–"Get, bu kişinin ağacını yerindən çıxarıb tulla." Səmrətə isə belə buyurdu:–"Sən ziyankar bir insansan, islam isə bir nəfərin başqasına ziyan vurmasına icazə vermir." Bəli, bu təhriflər qısa müddət ərzində sadəlövh adamlara təsir etdi, amma zamanın keçməsi onun yaramaz əməllərini ifşa etdi və tədqiqatçılar şübhələrin arxasından islam tarixindəki həqiqətləri üzə çıxartdılar, təfsirçilər və hədis yazanlar bu ayənin Əli (ə)in barəsində nazil olmasını təsdiq etdilər. Bu tarixi hadisə göstərir ki, Şam əhalisi o qədər əməvilərin zəhərli təbliğatlarının təsirinə məruz qalmışdılar ki, dövlət işçilərinin ağzından çıxan hər bir sözü "lövhi-məhfuz" (yəni doğruluğunda şübhə olmayan bir söz) kimi təsəvvür edirdilər. Şam əhlinin Səmrət kimilərinin sözlərinə inanmalarından aydın olur ki, onların islam tarixindən hətta azacıq belə məlumatları yox idi. Çünki bu ayə nazil olanda Əbdürrəhman hələ dünyaya gəlməmiş, Hicaz mühitinə ayaq basmamış və Peyğəmbəri görməmişdi ki, ayə də onun barəsində nazil olmuş olsun. YERSİZ TƏƏSSÜBLƏR Peyğəmbərin evinin Qüreyş qatilləri tərəfindən mühasirə olunduğu gecədə Əli (ə)-ın göstərdiyi fədakarlıq inkar ediləsi, yaxud kiçik cilvələndiriləsi bir iş deyildir. Bu tarixi hadisənin əbədiləşdirilməsi üçün Qurani-Məcid "Bəqərə" surəsinin 207-ci ayəsində onu qeyd etmişdir. Böyük təfsirçilər də bu hadisə ilə əlaqədar nazil olan ayənin təfsirində onun Əli (ə)-ın şənində nazil olmasını qeyd etmişlər. Amma gözlərində cəhalət pərdəsi, ürəklərində Əli (ə)-a qarşı ədavət və kin olan şəxslər əl-ayağa düşərək, bu böyük və tarixi fəziləti tam başqa cür təfsir etmiş, onun əzəmət və fədakarlıq dərəcəsini azaltmaq istəmişlər. Sünnülərin tanınmış alimlərindən biri olan Cafiz belə deyir: "Əlinin Peyğəmbərin yerində yatmasını heç vaxt itaət və böyük fəzilət hesab etmək olmaz, çünki Peyğəmbər ona təminat vermişdi ki, əgər onun yerində yatarsa, ona heç bir ziyan dəyməyəcək." Cafizdən sonra ibni Teymiyyə Dəməşqi bu sözlərə əlavə edib deyir: "Əli başqa yolla da bilirdi ki, öldürülməyəcək, çünki Peyğəmbər ona demişdi ki, sabah Məkkədə müəyyən bir yerdə dayanıb elan etsin ki, hər kəsin Məhəmmədin yanında əmanəti varsa, gəlib götürsün. Əli Peyğəmbərin ona buyurduğu işdən yaxşıca başa düşmüşdü ki, əgər o həzrətin yerində yatarsa, ona heç bir zərər toxunmayacaq və sağ-salamat qalacaqdır." Cavab Mövzunu araşdırmazdan əvvəl mütləq bir incə məsələni qeyd etməliyik: Cafiz, ibni Teymiyyə və bu iki nəfərin yolunu gedənlər (bunların hamısının Peyğəmbər Əhli-beytinə qarşı kin bəsləməsi məşhurdur) bir fəziləti inkar etmək üçün özləri də bilmədən Əli (ə)-ın üstün bir fəzilətini isbat etmişlər. Çünki Əli (ə) Peyğəmbər (s) tərəfindən onun yerində yatmaq barədə tapşırıq aldıqda o, iman nöqteyi-nəzərindən iki haldan xaric deyildi: Ya onun Peyğəmbərin düzdanışan olmasına olan imanı adi səviyyədə idi, ya da Peyğəmbərin doğruçu olmasına fövqəl-adə tərzdə iman gətirmişdi. Birinci halda demək olmaz ki, Əli (ə) salamat qalacağını qəti şəkildə bilirdi. Çünki iman və etiqad nöqteyi-nəzərindən nisbətən aşağı səviyyədə olanlar üçün heç vaxt Peyğəmbər (s)-in danışığından onun sözlərinin doğru olmasına yəqin hasil olmaz və bu halda əgər onun yatağında yatardısa, çoxlu təşvişə, nigarançılığa və iztiraba düçar olacaqdı. Əgər Əli (ə) iman nöqteyi-nəzərindən yüksək bir dərəcədə olsa və Peyğəmbər (s)-in sözlərinin doğruluğu onun qəlbində gün kimi aydın olsa, onda Əli (ə) üçün daha yüksək bir fəziləti isbat etmiş olarıq. Çünki hər hansı bir insanın imanı özünün ən yüksək mərtəbəsinə çatsa və Peyğəmbərdən eşitdiklərinin düzgün və sadiq olduğu onun üçün gün kimi aydın olsa, həmçinin Peyğəmbər ona "əgər mənim yatağımda yatsan, sənə heç bir xətər toxunmayacaq", - desə və o da zərrə qədər belə, xətər ehtimalı vermədən onun yerində yatsa, onda heç bir şey belə bir fəzilətlə əsla müqayisə oluna bilməz. Indi isə tarix səhifələrini vərəqləyək. Indiyə kimi belə fərz olunurdu ki, Peyğəmbər (s) Əli (ə)-a öldürülməyəcəyini demişdi, amma əgər tarixə müraciət etsək, görəcəyik ki, bu məsələ Cafizin və ibni Teymiyyənin tərəfdarlarının güman etdikləri kimi deyil və heç də bütün tarixçilər bu hadisəni o iki nəfərin yazdığı kimi qeyd etməmişlər. "Təbəqati-kübra" kitabının müəllifi hicrət hadisəsini ətraflı şəkildə şərh edib yazmışdır, halbuki, Cafizin bəhanə olaraq dediyi cümlədən, Peyğəmbərin Əliyə dediyi: "Mənim yerimdə yat, sənə heç bir xətər toxunmayacaq" cümləsindən heç bir əsər-əlamət yoxdur. Yalnız o kitabın müəllifi deyil, doqquzuncu əsrin məşhur tarixçisi Məqrizi də özünün "Əmtaül-əsma" adlı kitabında bu hadisəni Vaqidi kimi nəql etmiş və Peyğəmbərin Əliyə "sənə heç bir xətər yetişməyəcək" - deyə buyurduğunu heç vaxt deməmişdir. Amma, bəziləri, məsələn, ibni Hişam özünün "Siyrə" kitabında (1-ci cild, səh. 483) və Təbəri öz tarixində (2-ci cild, səh. 99) belə bir şeyi qeyd etmişlər. Ibni Əsir özünün "Tarixi-kamil" kitabında (2-ci cild, səh. 372) və başqaları onu nəql etmiş, hamısı da "Sireyi ibni Hişam"dan, yaxud "Tarixi-Təbəri"dən nəql etmişlər. Bunlara əsasən, Peyğəmbər (s)-in belə bir şeyi deməsi heç də inandırıcı deyil və əgər demiş olsa da, hər iki məsələni (xətər dəyməməsi və camaatın əmanətlərinin qaytarılması) elə həmin ilk gecədə deməsi heç cür məlum deyil. Bu hadisənin şiə alimləri və tarixçiləri, habelə sünnü tarix (siyrə) yazanlarının bəzisi tərəfindən başqa cür nəql olunması müdəamıza şahiddir. Məşhur şiə alimi mərhum Şeyx Tusi özünün "Əmali" adlı kitabında Peyğəmbərin salamat qurtarması ilə nəticələnən hicrət hadisəsinin davamını belə yazır: "Hicrət gecəsi ötüb getdi. Əli (ə) Peyğəmbərin (s) gizləndiyi yerdən xəbərdar idi və Peyğəmbərin səfərinə lazım olan vasitələri tədarük görmək üçün gecə ikən onunla görüşməli idi. Peyğəmbəri-Əkrəm (s) üç kecə "Sovr" mağarasında qaldı. Gecələrin birində Əli (ə) və Xədicənin oğlu Hind ibni Əbu Halə mağaraya gedib Peyğəmbərlə görüşdülər. Peyğəmbər Əliyə aşağıdakı göstərişləri verdi: 1) Mən və mənim səfər yoldaşım üçün iki dəvə hazırla. (Bu vaxt Əbu Bəkr dedi: "Mən əvvəldən bu iş üçün iki dəvə hazırlamışdım." Peyğəmbər buyurdu ki, bu iki dəvənin pulunu ödəyəcəyim halda səndən qəbul edərəm. Sonra Əliyə buyurdu ki, dəvələrin pulunu ödəsin.) 2) Mən Qüreyşin əmanətdarıyam, elə indi də camaatın əmanətləri mənim evimdədir. Sabah Məkkədə müəyyən olunmuş bir yerdə dayanıb uca səslə elan et ki, hər kəsin Məhəmmədin yanında əmanəti varsa, gəlib aparsın. 3) Əmanətləri qaytarandan sonra özün də hicrət etmək üçün hazırlaşmalısan. Mənim məktubum sənə çatan kimi qızım Fatiməni, öz anan Fatiməni və Zübeyr ibni Əbdül-Müttəlibin qızı Fatiməni özünlə gətir. Əgər Haşimdən də bir kəs hicrət etmək istəsə, onların da səfər etmələri üçün hazırlıq gör. (Sonra buyurdu:) "Bundan sonra səni təhdid edən hər bir xətər aradan qaldırılmışdır və sənə heç bir xətər toxunmayacaq." Axırıncı bu cümlə məhz ibni Hişamın "Siyrə"sində və Təbərinin öz tarixində qeyd etdikləri cümlədir. Buna əsasən, Peyğəmbərin Əliyə təminat verməsi hicrət gecəsi yox, sonrakı gecələrdə olmuşdur. Eləcə də Əliyə əmanətləri qaytarmaq haqqında verdiyi fərman "Leylətül-məbit"də yox, ikinci, yaxud üçüncü gecədə olmuşdur. Əgər sünnü tarixçilərinin bəzilərinin bu hadisəni nəql etməsindən Peyğəmbərin hicrət etdiyi gecədə Əliyə təminat verdiyi və həmçinin, həmin gecədə əmanətləri qaytarmaq haqqında göstəriş verdiyi anlaşılırsa, onda onların bu nəzərini başqa cür yozmaq olar. Mümkündür ki, onların məqsədləri hadisənin əslini və gerçəkləşməsini nəql etmək imiş və bu işin və Peyğəmbərin etdiyi vəsiyyətin zaman və məkanının qeyd olunması çox da əhəmiyyətli bir məsələ olmamışdır. Hələbi öz "Siyrə"sində yazır: "Peyğəmbərin mağarada olduğu gecələrdən birində Əli onun hüzuruna gəldi. O gecə Peyğəmbər Əliyə göstəriş verdi ki, camaatın əmanətlərini qaytarıb onun borclarını ödəsin." "Əd-Dürrül-Mənsur" kitabının müəllifi nəql edir ki, hicrət gecəsindən sonra Əli Peyğəmbərlə görüşmüşdü. İMAM ƏLİ (Ə)-IN FƏDAKARLIĞINA DAİR İKİ AŞKAR DƏLİL Iki tarixi məsələ şəhadət verir ki, Əli (ə)-ın o gecədəki işini fədakarlıqdan başqa bir şey adlandırmaq olmaz və o həzrət həqiqətən Allah yolunda öldürülüb şəhid olmağa tam mənada hazır idi. O tarixi sənədlər aşağıdakılardır: Əli (ə)-ın bu tarixi hadisə ilə əlaqədar olaraq dediyi və Süyutinin də öz təfsirində nəql etdiyi şerlər o həzrətin Peyğəmbərin yolunda candan keçməsinə və fədakarlığına dair aşkar bir şahiddir: "Mən öz canımı yer üzünün ən yaxşı bir şəxs–Allah evini və Hicri-Ismayılı təvaf edən ən yaxşı bir şəxs üçün sipər etdim, O möhtərəm şəxs Məhəmməd idi. Kafirlər onu qətlə yetirmək üçün tədbir tökdükləri vaxt mən bu işi gördüm. Amma mənim Allahım onu düşmənlərin hiyləsindən xilas etdi. Mən onun yerində gecələdim və düşmənlərin hücumunu gözləyirdim, özümü ölümə və əsir olmağa hazırlamışdım." Sünnü və şiə alimləri nəql etmişlər ki, o gecə Allah Özünün iki böyük və müqərrəb mələyinə–Cəbrail və Mikailə xitab edərək buyurdu: "Əgər mən sizin birinizə həyat, digərinizə ölüm hökmü versəm, hansınız ölümü qəbul edib həyatı o birinizə verərsiniz?" Bu zaman onlardan heç biri ölümü qəbul edərək, digərinin yolunda canından keçməyə razı olmadı. Sonra Allah-Taala onlara belə buyurdu: "Yerə enin və Əlinin ölümü necə qəbul edib özünü Peyğəmbərə fəda etdiyini görün, sonra onu düşmənlərinin şərrindən saxlayın." Zamanın keçməsi ilə bəzilərinin bu böyük fəzilətin üstünə pərdə çəkməsinə baxmayaraq, islamın əvvəllərində Əli (ə)-ın bu əməli dost-düşmənin nəzərində ən böyük bir fədakarlıq sayılırdı. Ömərin fərmanı ilə (xəlifə təyin etmək üçün) təşkil olunan altı nəfərlik şurada Əli (ə) bu böyük fəziləti xatırlayaraq şura üzvlərinə dəlil gətirdi və dedi: "Siz şura üzvlərini Allaha and verirəm, deyin görüm Peyğəmbər Həra mağarasında olanda məndən başqa kim ona yemək apardı?! Məndən başqa kim onun yerində yatıb özünü ona gələn bəlalara sipər etdi?!" Bir ağızdan dedilər: "Allaha and olsun, səndən başqası olmayıbdır!" Mərhum Seyyid ibni Tavusun Əli (ə)-ın fədakarlığı barədə gözəl bir təhlili var ki, onu Ismailin fədakarlığına və həmçinin, onun atasının əmrinə sözsüz təslim olmasına oxşadaraq Əli (ə)-ın fədakarlığının ən yüksək bir fədakarlıq olduğunu isbat etmişdir. İMAM ƏLİ (Ə)-IN HİCRƏTDƏN SONRA VƏ PEYĞƏMBƏRİN VƏFATINDAN ƏVVƏLKİ DÖVRDƏ HƏYATI BU DÖVRÜN XÜLASƏSİ Imam Əli (ə)-ın Məkkədən Mədinəyə hicrət etməsindən sonrakı dövr (Peyğəmbərin hicrətindən sonra) onun həyatının üçüncü hissəsini təşkil edir. Kitabın bu fəslindəki bütün mətləblər Əli (ə)-ın həyat kitabında qızılla yazılmış bir sıra sətirlərdən, çox böyük və nəzərə çarpan hadisələrdən ibarətdir. Imamın həyatının bu dövrdəki mühüm və həssas hadisələri iki bölmədən təşkil olunub: DÖYÜŞ MEYDANLARINDA FƏDAKARLIQ Peyğəmbər (s) Mədinədə yaşadığı dövr ərzində müşriklər, yəhudilər və daxili qiyamçılarla iyirmi yeddi dəfə "qəzvə" (döyüş) aparmışdır. Müsəlman siyrə yazanların diliycə, islam ordusunun sərkərdəliyini Peyğəmbərin şəxsən öhdəsinə alıb özü də qoşun bölmələri ilə birlikdə hərəkət etdiyi və həm də onlarla birlikdə Mədinəyə qayıtdığı müharibə və cihadlara "qəzvə" deyilir. Bu qəzvələrdən əlavə, həzrət Peyğəmbərin əmri ilə əlli beş dəfə "səriyyə" baş vermişdir. "Səriyyə" dedikdə, islam qoşunlarının bir qisminin qiyamçıların və çevriliş etmək istəyənlərin məkrli planlarının qarşısını almaq üçün Mədinədən hərəkət etdikləri və ordunun sərkərdəliyinin islam qoşununun görkəmli şəxsiyyətlərindən birinə həvalə olunduğu müharibələr nəzərdə tutulur. Əmirəl-möminin Əli (ə) Peyğəmbərin (s) qəzvələrinin iyirmi altısında iştirak etmişdir. O yalnız "Təbuk" qəzvəsində Peyğəmbərin əmri ilə Mədinədə qalmış və müharibədə iştirak edə bilməmişdir. Çünki həmin vaxt Mədinədəki münafiqlərin Peyğəmbərin şəhərdə olmamasından istifadə edib qiyam etmələri və islam mərkəzində (Mədinədə) hakimiyyəti əllərinə alması ehtimalı var idi. Imamın rəhbərlik etdiyi səriyyələrin sayı dəqiq şəkildə məlum deyil, amma onlardan bəzilərini burada ətraflı şəkildə şərh edəcəyik. Imam (ə)-ın gördüyü unudulmaz, misilsiz və tarixi işlərdən–vəhy kitabının (Quranın) yazılması, vəhy kitabının və tarixi-siyasi sənədlərin çoxunun tənzim edilməsi, islama dəvət və təbliğat məzmunlu məktubların yazılması və s...-ni qeyd etmək olar. Əmirəl-möminin Quranın bütün ayələrini (istər Məkkədə, istərsə də Mədinədə nazil olan ayələri) Peyğəmbər (s)-in sağlığında tam diqqətlə yazır və buna görə də vəhy katiblərindən və Quran hafizlərindən idi. Həmçinin, o həzrət siyasi və tarixi sənədlərin və təbliğ məktublarının tənzim olunmasında islamın ilk katibi sayılırdı. Indi də bu tarixi-siyasi sənədlər və məktubların çoxu siyrə kitablarında yazılıb saxlanmışdır. Hətta tarixi bir müqavilə olan "Hüdeybiyyə" sülhü Peyğəmbər (s)-in imlası və Əli (ə)-ın dəsti-xətti ilə yazılmışdır. Imamın elmi və qələm xidmətləri qeyd olunanlarla qurtarmır. O, Peyğəmbərin sünnəsinin və əsərlərinin qorunub-saxlanmasında çoxlu səylər etmişdi. Müxtəlif vaxtlarda Peyğəmbərin (s) əhkam, fərizə, adab, sünnə, qeybi xəbər və s. hadisələr barəsində olan kəlamlarını qeyd edirdi. Nəticədə Peyğəmbərdən eşitdiklərini altı cildlik kitab şəklində yazıb yadigar qoymuşdu. Imam şəhid olduqdan sonra bu kitabların hamısı onun övladlarının əlində ən qiymətli bir xəzinə kimi saxlanılırdı. Əmirəl-möminindən sonrakı din rəhbərləri başqalarına dəlil gətirmək lazım olanda bu kitablara istinad edirdilər. Imam Sadiq (ə)-ın ən yaxın tələbələrindən biri olan Zürarə bu kitabların bəzisini onun əlində görmüş, onların xüsusiyyətlərini söyləmişdir. İMAM ƏLİ (Ə)-IN HİCRƏTİ Peyğəmbər (s) hicrət etdikdən sonra, Əli (ə) ondan məktub gəlməsini gözləyirdi. Az bir müddətdən sonra Əbu Vaqid Leysi Məkkəyə gəldi. O, Peyğəmbərdən bir məktub gətirib Əli (ə)-a təqdim etdi. Həmin məktubda Peyğəmbər hicrətin üçüncü gecəsi mağarada Əliyə şifahi şəkildə dediklərini bir daha yazıb göstəriş vermişdi ki, nübüvvət ailəsinin qadınları Mədinəyə hərəkət etsinlər və Əli (ə) da Mədinəyə getmək istəyən zəif və gücsüzlərə kömək etsin. Imam Əli (ə) Peyğəmbərin (s) camaatın əmanətləri barəsində olan vəsiyyətinə çox dəqiq şəkildə əməl etdi, sonra özünə və yaxın adamlarına Mədinə səfəri üçün lazım olan vəsaitləri tədarük görməyə başladı. Mühacirət etmək üçün hazır olan möminlərə xəbər göndərdi ki, məxfi şəkildə Məkkədən çıxsınlar və Imamın karvanı onlara gəlib çatana kimi şəhərin bir neçə kilometrliyində yerləşən "Zu-Tuva" adlı bir yerdə gözləsinlər. Amma Əli (ə) onlara belə bir xəbər göndərməsinə baxmayaraq, özü günorta çağı səfərə çıxdı və Ümmü Əymənin oğlu Əymənin köməyi ilə qadınları kəcavələrə mindirib Əbu Vaqidə dedi:–Dəvələri asta sür, çünki qadınlar dəvənin sürətli getməsinə dözə bilməzlər. Ibni Şəhr Aşub yazır: Abbas Əli (ə)-ın bu fikrindən xəbərdar oldu və bildi ki, o günorta çağı, düşmənlərin gözü qarşısında Məkkəni tərk edib, qadınları da özü ilə aparmaq istəyir. Buna görə də dayanmadan özünü Əli (ə)-a çatdırıb dedi:–Məhəmməd (s) Məkkəni gizlincə tərk etdi, Qüreyş başçıları da onu tapmaq üçün Məkkənin bütün nöqtələrini və onun ətrafını axtarırdı, sən bu qədər adamla və düşmənlərin gözü qarşısında Məkkədən necə çıxacaqsan?! Bilmirsənmi ki, səni tutub saxlayacaqlar?! Əli (ə) əmisinə belə cavab verdi: "Gecə mağarada Peyğəmbərlə görüşdüyüm vaxt mənə, Haşimi qadınları ilə birlikdə mühacirət etməyimə dair göstəriş verdi, sonra mənə müjdə verdi ki, bundan sonra mənə daha xətər yetişməyəcək. Mənim öz Allahıma etimadım və Məhəmməd (s)-in sözünə imanım var, onun yolu mənim yolumdur. Buna görə də elə gündüz, Qüreyşin gözü qarşısında Məkkəni tərk edirəm." Sonra məzmunu yuxarıda qeyd edilənlərdən ibarət olan bir şer oxudu. Bundan əlavə, Leysi dəvələri aparmağı öhdəsinə alaraq Qüreyş onlara çatmazdan qabaq karvanı şəhərdən çıxarmaq üçün dəvələri qovanda Imam (ə) onu tələsməyə qoymadı və dedi: "Peyğəmbər buyurmuşdur ki, bu yolda mənə heç bir xətər yetişməyəcək." Sonra isə dəvələri sürməyi öz öhdəsinə alıb belə bir rəcəz oxudu: "Işlərin idarə olunması yalnız Allahın əlindədir, ona görə də hər bədgüman şəxsi özündən uzaq et, çünki aləmlərin Rəbbi hər bir ehtiyac üçün kafidir." QÜREYŞ ƏLİ (Ə)-I TƏQİB EDİR Imamın karvanı "Zəcnan" məntəqəsinə yaxınlaşanda uzaqdan yeddi nəfər niqablı süvari göründü. Onlar atlarını sürətlə karvana tərəf çapmağa başladılar. Əli (ə) qadınlar üçün baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün Vaqid və Əymənə göstəriş verdi ki, dərhal dəvələri yatızdırıb ayaqlarını bağlasınlar. Sonra qadınları dəvədən endirmək üçün kömək etdi. Bu vaxt niqablı süvarilər qılınclarını siyirmiş halda gəlib çatdılar. Qəzəbdən boğazları qurumuş halda kobud sözlər deməyə başladılar:–Sən təsəvvür edirsən ki, bu qadınlarla birlikdə bizim əlimizdən qaça bilərsən?! Hökmən geri qayıtmalısan! Əli (ə) dedi:–Qayıtmasam nə olacaq? Dedilər:–Ya səni zorla qaytararıq, ya da başını özümüzlə apararıq! Bunu deyib dəvələri hərəkət etdirmək üçün yaxınlaşdılar. Əli (ə) öz qılıncı ilə onların qabağa gəlməsinə mane oldu. Onlardan biri Əli (ə)-ın üstünə qılınc çəkdi. Əli (ə) onun qılıncını geri qaytardı, sonra gözləri qəzəblə dolmuş halda onların üstünə hücum edib qılıncını Cinah adlı birisinin üstünə endirdi. Az qalmışdı ki, qılınc onun çiyninə ensin, amma onun atı birdən sıçrayıb geri çəkildi və Imam (ə)-ın qılıncı atın arxa tərəfinə endi. Bu vaxt Əli (ə) uca səslə onlara belə xəbərdarlıq etdi:–Mən Mədinəyə yola düşmüşəm, Allah Rəsulunun hüzuruna çatmaqdan başqa bir məqsədim də yoxdur. Hər kəs tikə-tikə doğranıb qanının axıdılmasını istəyirsə, onda mənim ardımca gəlsin, yaxud mənə yaxınlaşsın! Bunu deyəndən sonra Əymənə və Əbu Vaqidə əmr etdi ki, qalxıb dəvələrin ayaqlarını açsınlar və öz yollarına davam etsinlər. Düşmənlər hiss etdilər ki, Əli (ə) onlarla axıra kimi vuruşmağa hazırdır. Çünki onlar öz gözləri ilə yoldaşlarından birinin necə ölüm təhlükəsinə düşdüyünü görmüşdülər. Buna görə də fikirlərindən dönüb Məkkəyə tərəf yola düşdülər. Imam (ə) da Mədinəyə tərəf öz yoluna davam etdi. Zəcnan dağının yaxınlığında bir gecə-gündüz istirahət etdi və gözlədi ki, hicrət edən başqa şəxslər də gəlib onlara çatsınlar. Əli (ə) və onun səfər yoldaşlarına qoşulanlardan biri də ömrünün axırına kimi Peyğəmbərin xanədanından ayrılmayan iffətli qadın-Ümmü Əymən idi. Tarixdə qeyd olunur ki, Əli (ə) bu yolun hamısını piyada gəldi, heç bir mənzildə Allahın zikri mübarək dilindən düşmədi. O bütün yol boyu namazı həmsəfərləri ilə birlikdə qıldı. Təfsirçilərin bəzisi deyir ki, aşağıdakı ayə bunların barəsində nazil olmuşdur: "O kəslər ki, Allahı (bütün hallarda:) ayaqüstə, oturan yerdə və ya böyrü üstə yatmış halda yad edib göylərin və yerin xilqəti (yaranışı) barəsində fikirləşir və deyirlər ki, "Ilahi, Sən bu böyük xilqətin nizam-intizamını məqsədsiz və səbəbsiz yerə, boş-boşuna yaratmamısan."("Ali-Imran" surəsi, ayə:191 ) Əli (ə) və onun həmsəfərləri Mədinəyə çatandan sonra Peyğəmbər (s) onların görüşünə tələsdi. Peyğəmbər (s)-in gözü Əli (ə)-a sataşanda gördü ki, ayaqları şişmişdir və ayağından qan damcıları axır. Sonra Əli (ə)-ı qucaqladı və sevincindən gözləri yaşla doldu. |