ÇƏTİN İMTAHAN O indi cavanlıq çağında idi. Böyük və əzəmətli sarayda yaşayırdı. Amma, bu bər-bəzəklər onun pak və incə ruhunu bulaşdırmamışdı. Onun daxili həmişəki kimi ağ rəngli göyərçin qanadları tək ağ və şəffaf idi. O böyük sarayda Yusifin dərd və bəlalı günləri başlandı. Yusifi tanıyanların hamısı onu sevirdilər. Lakin, onu sevənlərin bəzilərinin məhəbbətləri, ona dərd və bəladan başqa bir şey vermirdi. Yusif əzəmətli sarayda yaşayırdı. Sarayın xanımı gözəl bir qadın idi. Hamı ona hörmət göstərirdi. Adı Züleyxa idi. Züleyxa Yusifi sevirdi, ona vurulmuşdu. Amma, onun pak ruhunun aşiqi deyildi. Onun gözəlliyinə vurulmuşdu. Ona görə də Yusifdən müsbət cavab istədi. Yusif onun həyatdakı ümid və arzusuna çevrilmişdi. Ondan başqa heç kimi sevmirdi. Ona eşq və məhəbbətlə baxırdı. Onunla çox təvazökarcasına danışırdı və bütün bunlarla özünü ona yaxınlaşdırırdı. Amma, Yusif ondan qaçırdı. Çünki, o, öz pak ruhunu murdar vadilərə endirmək istəmirdi. O, şeh damlası kimi pak qalmaq istəyirdi. İstəyirdi ki, onun zərif və şəffaf ruhu ağ göyərçinlərin qanadları tək təmiz qalsın. Beləliklə, Yusifin dərd və müsibətləri başlandı. Züleyxa ondan xəyanət etməsini istəyirdi: ağası ilə bağladığı əhd peymana xəyanət; pak ruhuna xəyanət. Amma, Yusif ondan vəfa, paklıq və iffət istəyirdi. Ona görə də ondan qaçırdı. O, günahdan qaçırdı. Amma, Züleyxa ona daha çox vurulur və Yusifi aldatmaq üçün yeni yollar arayırdı. Bir gün saray boşaldı. Züleyxa və Yusifdən başqa orada heç kəs yox idi. Züleyxa belə bir fürsət gözləyirdi. Yusif öz işi ilə məşğul idi. Birdən gördü ki, Züleyxa sarayın qapılarını möhkəm bağlayır. Sonra o, astadan Yusifin qulağına dedi: -Gəl, sənin üçün bir şey hazırlamışam. Yusif onun məqsədini anladı. Ona etinasızlıqla qışqırdı: -Allaha pənah aparıram. Misrin Əzizi mənim nemətimin sahibidir. O, mənə qiymət və hörmət vermişdir. Amma, Züleyxanın içində eşq və məhəbbət atəşi şölələnirdi. O, zorla onu bu işə vadar etməyə çalışırdı. Amma, Yusif daha çox qorunmağa çalışırdı. O, Züleyxanın şərindən qurtarmaq üçün sarayın eyvanında o tərəf-bu tərəfə qaçırdı. Get-gedə Yusif sakitləşdi. Bu müsibətdən necə xilas olacağını bilmirdi. Amma, Züleyxa güman etdi ki, Yusif onun istəyinə təslim olmuşdur. Züleyxanın gözü saraydakı bütə sataşdı. Xəcalət hissi keçirdi. Buna görə də bütün üstünə bir örtük atdı. Yusif onun bu hərəkətini görüb, dedi: -Nə edirsən? Züleyxa dedi: -Mən allahımdan utanıram.O məni bu vəziyyətdə görə bilər. Bu zaman Yusif cəld uca səslə dedi: -Sən bir şey anlamayan daş parçasından xəcalət çəkirsən. Amma, mən, məni yaradıb, əzizləyən Rəbbimdən, Allahımdan və nemət sahibimdən utanmayım?! Yusif bu sözü deyib, qapıya tərəf qaçdı. Züleyxa sürətlə onun ardınca hərəkət etdi və köynəyinə əl atdı. Onun köynəyi cırıldı. Yusif qapının dəstəyini tutub, onu açdı. Bu anda Misrin Əzizinin saraya daxil olmaq istədiyini gördülər. Züleyxa çox həyəcanlanmışdı. Özünə bəraət qazandırmaq və Yusifdən intiqam almaq istəyirdi. Ona görə də ərinə dedi: -Sənin ailənə xəyanət etmək istəyənin cəzası nə ola bilər? Onu ya həbs etməli, ya da ağır əzaba düçar etməlisən. Yusifin qarşısında özünü müdafiə etməkdən başqa bir yol qalmamışdı. Ona görə də dedi: -O məni zorla bu işə dəvət edir. Əziz nə edəcəyini bilmədi. Haqqın kiminlə olduğu barədə fikirləşirdi. Əzizlə gəlmiş Züleyxanın əmisi oğlu dedi: -Yusifin köynəyinə bax. Əgər qabaq tərəfdən cırılıbsa, deməli, Züleyxa düz deyir və əgər arxadan cırılıbsa, deməli, Yusif haqdır. Əziz Yusifin köynəyinə baxdı. Gördü ki, arxadan cırılmışdır. Ona görə də həqiqəti anladı. Üzünü həyat yoldaşına çevirib dedi: -Bu iş siz qadınların məkr və hiylələrindəndir. Həqiqətən sizin məkr və hiyləniz olduqca çoxdur. Əziz Yusifə dedi: Bu işi unut və bu barədə heç kəsə bir söz demə! Əziz öz yoldaşından tövbə etməsini istədi. Ona dedi ki, günahlarından tövbə et. Hər şey bitdi. Həyat yenidən öz yoluna qayıtdı. Amma, Züleyxa Yusifi sıxışdırmağında davam edirdi. Əgər istəyinə cavab verməsə onu həbs və işgəncə etməklə hədələyirdi. Züleyxanın həyatının bütün fikir-zikri Yusif idi. O hadisədən sonra o, heç kəslə görüşmədi və hətta şəhərdəki dost və rəfiqələri də onu görmədilər. Bu hadisə qadınlar arasında yayıldı. Onların bəzisi Züleyxanın bu işinə təəccübləndilər: O, ölkəsinin xanımı olduğu halda, öz nökərinə eşq elan edib, onu özünə tərəf dəvət etmişdir. Züleyxa şəhərdə baş verən hadisələrdən və şəhər qadınlarının onu məsxərə etməsindən xəbərdar oldu. Fikirləşdi ki, onları sakitləşdirmək üçün bir iş görmək lazımdır. Ona görə də onların ardınca adam göndərdi. Onlar da Züleyxa barəsində ayrı insanlar kimi fikirləşirdilər. O qadınlar tez Züleyxanın dəvətini qəbul edib, onun cəlallı və əzəmətli sarayına daxil oldular. Züleyxa onlar üçün yumşaq balışlar qoymuşdu. Qadınlar Züleyxanın yanında oturmuş və sakit qalmışdılar. Xidmətçilər meyvə dolu qablarla içəri girdilər. Söhbətlər başlandı. Züleyxa dostlarına meyvə yeməyi təklif etdi. Onların hərəsi meyvə soymaq bir bıçaq götürmüşdülər. Başları söhbətə elə qarışdı ki, nə üçün gəldiklərini unutdular. Bu anda Züleyxa işarə ilə xidmətçilərin birinə tapşırdı ki, Yusifi çağırsın. Yusif daxil oldu. Qəribə bir hadisə baş verdi. Yusif sarayın xanımının əmrinə itaət etmək üçün qarşısında dayandı. O, gözəl paltar geyinmişdi. Onun səfa, səmimiyyət və imanla parlayan gözəl üzü oranı işıqlandırdı. Yusif üzü nur saçan bir mələk kimi hazır oldu. Qadınlar onu görməklə dəhşətə gəldilər. Onlar bu əzəmət və gözəllikdə bir üz güman etmirdilər. Yusifin gözəlliyini görən hər bir insan onun əsiri olurdu. Onların içində qəribə bir hal yarandı. Özlərini unutdular və bilmədən bıçaqla əllərini kəsdilər. Yusif qəlblərə hakim olmuşdu. Onun camalının gözəlliyi mələk kimi şəffaf idi. Ondan səfa və səmimiyyət nuru süzülürdü. Qadınlar qışqırdılar: -Subhanəllah! Bu, insan deyil. Bu, böyük bir mələkdir. Yusifin dərd və müsibətləri daha da artdı. Qadınların başına nə gəldiyini gördü. Züleyxa onlara deyirdi: -Bu, onun eşqinə görə məni məzəmmət etdiyiniz şəxsdir. Əgər istədiyimi etməsə onu zindana salacağam, xar və zəlil olacaqdır. Yusifin qarşısında iki yol qalmışdı. Onların biri Şeytanın istəyinə cavab vermək, o birisi isə həbs həyatını qəbul etmək idi. Yusif göyə baxdı və təzimlə dedi: -İlahi! Mənim üçün həbs olunmaq, onun dəvət etdiyi işdən yaxşıdır. Yusif zindan və işgəncəni çirkin və fasid həyatdan üstün bildi. Şeytanın şərindən qorunmaq üçün Allahdan kömək istəyirdi: -İlahi! Əgər o qadınların məkr və hiyləsini məndən uzaqlaşdırmasan onlara meyl edərəm və bu zaman cahillər dəstəsindən olaram. Qəlbini asimani nurla işıqlandıran Yusifin, Şeytanın vəsvəsəsindən qulaq asması imkansız idi; hətta əgər o yolda işgəncə görüb, zindana atılsaydı belə. Allah-təala Yusifin duasını qəbul etdi. Misrin Əzizi qərara gəldi ki, yayılan şayiələrə son qoysun və Yusifi vəziyyət sakitləşənə qədər zindana salsın. Beləliklə, Yusif heç bir günahı olmadan həbs olundu. Zindanın gözətçisi Yusifi gördükdə onun əxlaqının və gözəl keyfiyyətlərinin təsiri altına düşdü və ona dedi: -Ey Yusif! Mən səni sevirəm. Sən pak təbiətli bir insansan. Səni həbsdə saxlamaq zülmdür. Yusif də qəmgin oldu. Çünki, Allaha məhəbbətdən və onunla dostluqdan başqa heç bir şey istəmirdi. O, bu məhəbbətlərin hesabına nə qədər qüssələr çəkmişdi! Ona görə də zindanbana dedi: -Məni sevmə! Çünki, bibim sevdiyi üçün məni oğru adlandırdı. Atam məni sevirdi, ona görə də qardaşlarım mənə həsəd aparıb, quyuya atdılar. Misrin Əzizinin yoldaşı məni sevdi. Ona görə də zindana saldı. Yusif indi zindanda yaşayırdı. Günlər və aylar ötürdü. Yusif öz paklıq və iffəti ilə zindandakı bütün işgəncələrə dözürdü. Təsadüfən, bu zaman daha iki nəfər də həbsə düşdülər. O iki nəfər padşahın məmurlarından idilər. Padşah onlara qəzəblənib, ikisini də zindana salmışdı. Orada Yusiflə tanış oldular və onun şəxsiyyətinin təsiri altına düşdülər. Yusif onların iş və peşələrini öyrəndi. Onların biri dedi: -Mən padşahın su məmuru idim. Onun üçün şərab gətirirdim. O birisi dedi: -Mən onun aşpazı idim. Onlar Yusifin sənətini soruşdular. O, dedi: -Mən yuxu təbirini bilirəm. Beləliklə, günlər ötürdü. Zindanda çoxlu insanlar vardı. Yusif onların hamısı ilə görüşüb, mehribanlıq göstərir, yemək və yataq yerlərinə baxırdı. O, həbs olunanların arasında ehsan, yaxşılıq və insanlara məhəbbəti ilə məşhur idi. Bir gecə zindanda olanlar yatmışdılar. Padşahın su məmuru bir yuxu gördü. O, röya aləmində gördü ki, şərab üçün üzüm sıxır. Aşpaz da maraqlı bir yuxu gördü. Gördü ki, başı üzərində çörək aparır və quşlar enib, o çörəkdən yeyirlər. Səhər çağı yuxudan oyandılar. Hər biri gördükləri yuxunu o birisinə danışdı. Yuxu təbirlərini bilmədiklərindən bir-birlərinə dedilər: -Onların təbirini Yusifdən soruşarıq. Onların biri dedi: -Mən yuxuda gördüm ki, şərab üçün üzüm sıxıram. O birisi dedi: -Mən yuxuda gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizcə sən saleh bir insansan. Gəlmişik ki, yuxularımızın təbirini deyəsən. Allah-təala yuxu təbiri sahəsində Yusifə çox məharət vermişdi. Belə ki, o, işarələri bilirdi. Onların rəmzlərini açırdı. Elə bil, həqiqətləri görürdü. Yusif onları yeganə və şəriksiz Allahın itaətinə dəvət etmək üçün bu fürsəti qənimət hesab etdi. Öncə onların etimadını özünə cəlb edib, inanmalarının artırmağa çalışdı. Ona görə dedi: -Mən hətta zindanbanın sizə gətirdiyi yeməyin növünü də bilirəm. Allah bu elmi mənə əta etmişdir. Çünki, mən bütpərəstliyi buraxıb, yeganə və şəriksiz Allaha ibadət etmişəm. Mən atalarım İbrahim, İshaq və Yəqubun dininin yolunu getmişəm. Bu, Allahın biz Əhli-beytə və insanlara əta etdiyi bir nemətidir. Amma, insanların çoxu naşükürdürlər. Onlar Yusifin ürək oxşayan sözlərinə qulaq asırdılar. Yusif dedi: -Ey dostlar! Əgər biz bir-biri ilə əlaqəsi və heç bir gücləri olmayan müxtəlif allahlara ibadət etsək yaxşıdır, yoxsa yeganə və məğlubedilməz Allaha?! Yeganə məbud, bir olan Allahdır. Sizin ibadət etdiyiniz digər əşyalar isə yalnız dəyərsiz adlar və qüdrətsiz heykəllərdirlər. Güc və qüdrət yalnız Allaha məxsusdur. Mənim dinim əsl və xalis tövhid dinidir. Yusif bir an dayandı. Sonra dedi: -Ey dostlar! Sizin biriniz öz əvvəlki işinə qayıdıb, padşaha şərab düzəltmək üçün üzüm sıxacaq və ona içirəcəkdir. Amma, o biriniz dardan asılacaqdır. Quşlar onun beynini yesinlər deyə dardan asılı qalacaqdır. Quşların başının üstündəki çörəklərdən yediyini görən kişi qorxdu və dedi: -Mən heç bir yuxu görməmişəm. Sizə yalan dedim. Yusif cavab verdi: -Barəsində məndən soruşduğunuz məsələlər qəti və labüddür. Yusif padşahın su məmuruna üzünü tutub, dedi: -Misir sultanının yanında məni yaddan çıxarma! Sonrakı gün zindanban gəlib, o kişini zindandan çıxartdı. Su məmuru padşahın yanına gedib, öz işini davam etdirdi. Aşpaz isə edam olunmağa məhkum olunub, dar ağacından asıldı. O, dar ağacından asılı qaldı. Padşahın su məmuru Yusifə söz vermişdi ki, padşahın yanında onu yada salsın. Ona desin ki, Yusif məzlumdur. Heç bir günahı olmadan zindana düşmüşdür. Amma, su məmuru öz vədəsini unutdu. Ona görə də Yusif bir neçə il zindanda qalmalı oldu. O, bu müddəti səbir və dözümlə və Allahın onu unutmayacağına imanla dözdü. Bir gecə padşah yatağında yatırdı. O, röya aləmində qəribə bir yuxu gördü. Yuxuda gördü ki, yeddi baş gözəl inək çayın sahilindəki otlaqlarda çox həvəslə otlamaqla məşğuldurlar. Birdən yeddi arıq və çirkin inək göründü. Onlar kök inəklərə tərəf gedib, onları parça-parça etdilər. Padşah qorxaraq yuxudan oyandı. Tərini sildi və yenidən yatdı. Başqa bir yuxu gördü. O, bu dəfə gördü ki, yeddi quru və buğda dənəsi olmayan sünbül yeddi yaşıl və təzə sünbülün yanındadır. Quru sünbüllər yaşıl və gözəl sünbülləri udub, yeyirlər. Padşah yenə də yuxudan oyandı. Gördüyü yuxu onu nigaran etmişdi. Dövlət başçılarını yığıb, onlarla iclas qurdu. Padşah qəribə yuxu barəsində, arıq inəklərin çayın sahilində peyda olub, kök inəkləri yeməsindən və yaşıl sünbüllərin quru və dənsiz sünbüllər vasitəsilə udulmasından danışdı. Hökumət başçıları padşahın yuxusu barəsində fikirləşdilər. Amma, bir nəticə vermədi. Su məmuru şərab camlarını doldururdu. Hökumət adamları dedilər: -Belə yuxular həyacanlı və dağınıq yuxulardır və hökmlə əlaqəsi yoxdur. Padşahı pərişan gördükdə isə dedilər: -Biz yuxu təbiri bilmirik. Həmin anlarda, padşah yuxu təbirini öyrənmək istədiyi vaxt su məmuru qışqırdı: -Mən sizi onun təbiri ilə tanış edərəm. Məni zindanda olan bir cavanın yanına göndərin. Padşah onun sözündən təəccübə gəldi. Amma, o, padşahı bir neçə il bundan əvvəl onlar üçün zindanda qarşıya çıxan hadisədən xəbərdar etdi. Dostu ilə gördükləri yuxudan danışdı. Yusif onların hər ikisinin yuxusunu təbir etmişdi. Onun təbiri düz və həqiqətə uyğun çıxmışdı. Padşah su məmurunu Yusifin ardınca göndərdi. Su məmuru zindana gəldi və Yusifin yanına gedib, ona dedi: -Ey doğru danışan Yusif! Padşahın yuxusunun təbirini bizim üçün bəyan elə. O, yuxuda görmüşdür ki, yeddi arıq inək yeddi kök inəyi yeyir və yeddi quru və buğdasız sünbül yeddi yaşıl sünbülü məhv edir. Bu yuxunun təbirini söylə ki, mən qayıdıb, padşahı və hökumət başçılarını hadisədən xəbərdar edim. Bu vaxt onlar sənin doğruluğuna, məqam və dərəcənə inanacaqlar. O məsələlərin həqiqəti Yusif üçün aydın idi. Çünki, Allah ona doğru yuxu və röyaların təbirini öyrətmişdi. Buna görə də Yusif iqtisadi çətinlik dövrünün gələcəyini xəbər verərək, dedi: -Yeddi il ciddi surətdə əkinçilik edin. Biçilən məhsulların yediyiniz hissəsindən əlavəsini sünbüllərində saxlayın. Ondan sonra yeddi il quraqlıq və qıtlıq illəri gələcəkdir. Camaat o yeddi ildə saxladıqlarını yeyəcək və bir qədərini də yenidən əkmək üçün ayıracaqlar. Sonra çoxlu yağışlar yağan bir il gələcəkdir. Onda camaat meyvələrin və nar dənələrinin şirəsini çəkərlər. Su məmuru düzdanışan Yusifdən ayrılıb, padşahın və hökumət başçılarının yanına gəldi. Padşahın qarşısında duraraq, bütün hadisəni ona söylədi. Padşah özündən asılı olmayaraq dedi: -Bu sözün mənası budur ki, gələn yeddi il Nil çayında suyun səviyyəsi qalxacaqdır. Sonrakı yeddi ildə isə yağış yağmayacaq. Quraqlıq, aclıq və qıtlıq hər yeri bürüyəcək və Nil çayının səthi azalacaq. Yusif təkcə yuxunun təbirini deməklə kifayətlənmədi. O, çətin iqtisadi şəraitdən çıxış yolunu da göstərdi. Onlara dedi: -Birinci yeddi il ərzində əkinçilik edin. Bu sahədə çox səy göstərin. Öz məhsullarınızı xüsusi anbarlarınızda saxlayın. Yemək məsələsində israfçılıq etməyin. Qıtlıq və quraqlıq illəri gələndə gərək anbarlarınız Misir əhalisi üçün kifayət edəcək qədər buğda sünbülləri ilə dolu olsun. Qıtlıq illəri qurtarandan sonra isə yeni bir il gələcəkdir. O il xeyir, bərəkət, yağış və bolluqla dolu olacaqdır. Padşah bir xəzinəyə sahib olduğunu anladı: Yusif adlı bir xəzinə; neçə illərdir zindanın küncündə əziyyət çəkən Yusif. Ona görə də təcili onun azad olunması əmrini verdi. O dedi: -Onu mənim yanıma gətirin. Padşahın su məmuru Yusifi çağırmaq üçün zindana tələsdi. Amma, görəsən Yusif azadlıq xəbərini eşitməyinə sevindimi? Yox! O, zindandan getməyi qəbul etmədi və dedi: -Padşahın yanına qayıt və əllərini kəsən qadınlar haqqında ondan soruş. Çünki, Allah-təala onların məkr və hiyləsindən xəbərdardır. Su məmuru padşahın sarayına qayıdıb, onu Yusifin istəyi ilə tanış edərək dedi: -Yusif günahsızlığı sübut olunmayana qədər zindandan çıxmayacaq. Deyir ki, gərək padşah öz əllərini kəsən qadınlardan hadisənin səbəbini soruşsun. Misrin Əzizi yaxşı bilir ki, mən günahsızam. Padşah qadınların arxasınca adam göndərdi. Əzizin həyat yoldaşı da onların arasında idi. Padşah onlardan soruşdu: -Siz Yusifi öz aranıza dəvət etdikdə məsələ necə oldu? Qadınlar cavab verdilər və Yusifin çirkin töhmətlərdən günahsız olduğunu etiraf etdilər. Onlar dedilər: -Allah eyibsizdir. Biz Yusifdə heç bir eyib görmədik. O, ona aid edilən bütün işlərdən uzaqdır. O, şeh damla kimi pak və təmizdir. Yusifin günahsızlığı aydın oldu. Əzizin yoldaşı etiraf etdi və dedi: -İndi ki, həqiqət aydın oldu, bilin ki, Yusifi öz yanına çağıran mən idim. Onun dedikləri doğrudur. Padşah Yusifin paklığından heyrətə gəldi. Onun əmanətdarlığına, elm və biliyinə, səbir və dözümünə və bütün xüsusiyyətlərinə təəccüb etdi. Ona görə də dedi: -Onu mənim yanıma gətirin. O, mənə lazım olacaqdır. Yusifin günahsızlığı aydın oldu; aydın günəş kimi. O, azad oldu və zindandan çıxdı; mirvari dənizlərin qaranlıq dibindən çıxdığı kimi. Yusif padşahın yanına gəldi. Onlar bir-biri ilə söhbət etməyə başladılar. Padşah ona daha çox bağlandı. O, mütəfəkkir bir insanın qarşısında dayandığını hiss etdi. Yusifin qəlbində böyük bir ruh, sinəsində isə tükənməz elm yatmışdı. Ona görə də ona dedi: -Sən bu gündən bizim yanımızda böyük məqam sahibi olursan. Həqiqətən də Yusif o məmləkətdə böyük bir şəxsiyyətə çevrildi. Amma, yalnız bir şey fikirləşirdi və o da Misrin gələcək iqtisadi çətinliklərdən qurtulması idi. Ona görə də padşaha dedi: -Məni Misrin xəzinə başçısı et. Bu işi yaxşı bacararam. Yusif məhsulların əkin-biçin, suvarmaq və anbarlamaq işini sahmana salmaq istəyirdi. O, qıtlıq və quraqlıq illəri üçün hızırlıq görmək istəyirdi. Padşah tez razılıq verdi və beləliklə Yusif bütün Misrin başçısı oldu. O səbir edirdi. Allaha imanla bütün çətinliklərə dözürdü. Həmişə qəlbi pak və imanla dolu idi. Böyük Allah ona lütf və mərhəmət göstərmiş, quyudan çıxarmış və zindandan xilas etmişdi. Sonra onu böyük Misir ölkəsinin başçısı etmişdi. Misir torpaqları Nil çayının hədiyyəsidir. Min illər bundan əvvəl qədim zamanlarda camaat öz əkin yerlərini suvarmaq üçün ibtidai üsulla Nil suyundan istifadə edirdilər. Yusifin hökumətə gəlməyi ilə əkinçilik sənəti fəallaşdı və məhsulları suvarmaq üçün yeni üsul tapıldı. Öncə əkin sahələrini suvarmaq üçün vedrədən istifadə edirdilər. Amma, Yusif hakimiyyətə gəldikdə yeni bir üsul işlətdi. Onlar Nil çayının sahilində hovuzlar qazdılar. Nil sularının səviyyəsi qalxdıqda o hovuzlar əkinçilərə heç bir zəhmət olmadan dolur və eləcə dolu qalırdılar. Əkin sahələrini suvarmaq üçün onlardan yeni kanallar ayrılırdı. Beləliklə, əkinçilik rövnəqləndi və məhsuldarlığının səviyyəsi artdı. Yusif əmr etdi ki, buğdanı saxlamaq üçün anbarlar tiksinlər. Camaatın gündəlik yeməsi üçün ayrılan miqdardan əlavə qalan bütün buğdalar o anbarlara yığılırdı. Onlar yeddi il əkinçiliklə məşğul oldular, onu biçdilər və buğdaları anbara yığdılar. Həqiqətdə o illər xeyir, bərəkət və bolluq illəri idi. Quraqlıqlar başlandı. Həmin il yağış yağmadı. Nil çayının suyu hər ilki adətinin əksinə olaraq yuxarı qalxmadı. Əkin sahələri soldu, əkinçilik yerləri qurudu. Növbəti il gəldi. Nilin suları daha da çəkildi. Suyun səviyyəsi güclü surətdə azaldı. Qıtlıq Misir torpaqlarını və digər qonşu ölkələri bürüdü. Misirlilər Yusifi çox sevirdilər. Çünki, O, onları qıtlıq və quraqlıqdan xilas etmişdi. Anbarlar buğda ilə dolu idi. Yusif pak və saleh bir insan idi. O, aclara yemək verirdi. Buğdaları onların arasında ədalətlə bölürdü. Beləliklə, Misir torpaqları Yusifin hesabına iqtisadi çətinliklərdən xilas oldu. Yusif bütün bunları Allahın lütf və mərhəməti hesab edirdi. Quraqlıq təkcə Misri tutmadı, yerin böyük bir sahəsini əhatə etdi. Ona görə də buğda almaq üçün müxtəlif yerlərdən karvanlar Misrə gəlirdilər və Misrin Əzizi olan Yusif o diyara gələnlərin heç birini əliboş qaytarmırdı. Karvanlar buğda və yeyinti məhsulları ilə Misri tərk edirdilər. Onların hamısı Misrin Əzizindən razı idilər. Əziz onlarla qardaş kimi rəftar etmiş, onların qablarını yeyinti maddələri doldurmuşdu. Onlar çoxlu malla öz şəhər və diyarlarına qayıdırdılar. Misir ölkəsi öz yeni Əzizi Yusifin tədbiri sahəsində xeyir və bərəkətlə dolu bir məmləkətə çevrildi. Uzaq məkanlardan karvanlar buğda almaq üçün o torpağa gəlirdilər və Yusif səfa və səmimiyyətlə Misrə gələnləri qəbul edirdi. O, öz post, məqam və qüdrətindən istifadə etmirdi. Təvazökar insan idi. Camaata qulluq edirdi. Onların üzünə gülümsəyirdi. Uzaq yoldan gələnlər üçün isə münasib bir iqamətgah nəzərdə tutmuşdu. Bir gün Fələstin torpaqlarından bir karvan gəldi. Bu, on qardaşın karvanı idi. Onlar da buğda almaq üçün ora gəlmişdilər və bir qədər gümüş sikkəsindən başqa bir şeyləri yox idi. Qardaşlar şəhərə girib, Misrin Əzizinin yanına getdilər. Bu qardaşlar Misrin Əzizinin qarşısında durub, onun əzəmət və cəlalı önündə təzim etdilər. Yusif ayağa qalxdı və onlara baxdı. Onların hörmətinə cavab olaraq daha üstün salam verdi. Yusif onların hamısını tanıdı. Onlar onun qardaşları idilər: ona həsəd aparan qardaşları; onu öldürmək istəyən qardaşları. Həmin qardaşlar ki, Yusifi quru, su və otsuz çöllərdə karvan yolunun üstündə quyunun dibinə atmışdılar. Bəli, onlar Şəmun, Rubil, Lavi və digər qardaşları idilər. Yusif iyirmi ildən sonra onları tanıdı. Sizin fikrinizcə o anda Yusif nə etdi? Onlar Yusifi tanımadılar. O illərdən sonra Yusifin üzü dəyişilmişdi və indi ömründən otuz il keçirdi. O günlərdə onlar onun köynəyini götürüb, özünü isə quyuya atmışdılar. Amma, Allah-təala özünün ixlaslı bəndələrini unutmur. O indi Misrin Əzizidir. Padşahlıq libası geyinmiş, qoruyucular və əsgərlər ətrafını əhatə etmişlər. Əlində buğda anbarlarının açarları vardır. Güman edirsinizmi, Yusif onlarla nə edəcəkdir? Onları qovacaq, onlardan intiqam alacaqdırmı? Yox! Niyə belə etmədi? Halbuki, onlar Yusifi öldürmək istəyirdilər. Çünki, Yusifin ürəyi imanla dolu idi. Qəlbində eşq, məhəbbət və xeyirxahlıqdan başqa heç bir şey yox idi. Yusif insanların peyğəmbər və müəllimi, onları Allaha doğru hidayət edəndir. O, qardaşlarına «Xoş gəldin» deyib, onları istirahət yerlərinə göndərdi. Onlar da az mallarını çoxlu buğdaya dəyişən, heç kəsi rədd etməyən bu pak fitrətli Əzizə bağlandılar. Onların bütün qablarını buğda ilə doldurdu. Mehribanlıq göstərdi. Onların diyarının vəziyyəti və sayları barəsində suallar etdi. Onlar hər şeyi ona dedilər və əlavə etdilər ki, Yəqub İbrahimin (ə) övladlarındandır. Həmçinin dedilər: -Biz on iki qardaşıq. Bizim Yusif adlı bir qardaşımız dünyadan köçüb. Onu canavar parçalayıb, yedi. Yusif onlardan soruşdu: -Bəs o biri qardaşınız hardadır? Dedilər: -Atamız onu bizimlə göndərmədi. -Niyə? -Çünki, qardaşımız Yusifi bizimlə göndərdi və canavar onu yedi. Ona görə Benyamini bizimlə göndərmədi. O, onun canı üçün qorxur. Əvvəllər Yusifə qarşı da belə idi. Yusif qardaşlarına «Xoş gəldin» dedi. Amma, özünü tanıtdırmadı və onlara özünə aid bir şey demədi. Öz ataları və diyarlarından soruşdu. Onlar da ataları Yəqubun qəm və kədərlərindən ona danışdılar. Onun tutulan səsindən, korluğundan və gözlərinin ağarmasından dedilər. Atalarının iyirmi il bundan əvvəl canavar yemiş Yusifə olan eşq və məhəbətindən danışdılar. Yusif öz xidmətçilərinə tapşırdı ki, onların qablarını buğda ilə doldursunlar. Özü isə ağacların arasında bir yerə gedib, ağlamağa başladı. O, ata və anasından və Benyamindən ayrılığı üçün ağlayırdı. Onları görmək həvəsi onun bədənini lərzəyə gətirmişdi. Yusif karvanın hazırlığına nəzarət etmək üçün ora getdi və buğdaların pulunu alan məmura tapşırdı ki, qardaşlarından aldığı gümüş sikkələri onlar bilmədən qablarına qoysun. Yusif onların yaşayış vəziyyətlərinin yaxşı olmadığını anladı. Ona görə də mallarını qaytardı və onları hadisədən xəbərdar etmədi. Sağollaşmaq üçün onların yanına gəldi və dedi: -Ölçülərdən razısınızmı? -Hə, ey Əziz! Sən bizə lütf və ehsan etdin. -Gələn dəfə Misrə gələndə qardaşınızı da özünüzlə gətirin. Əgər belə etsəniz, sizin qablarınıza bir pay da artıracağam. Yox əgər etməsəniz onda bir də bu torpağa gəlməyin. Onların biri dedi: -Bu barədə gərək atamızla söhbət edək. Bu sözü ona deyərik. O qədər təkrar edərik ki, onu bizimlə göndərməyə razılıq versin. Beləliklə, karvan İbrahim (ə) torpaqlarına qayıtdı. Qardaşları ataları ilə baş verənlərə aid söhbət etdilər. Dedilər: -Misirin Əzizi tapşırıb ki, Benyaminsiz hətta bir qab buğda da bizə verməsinlər. Yəqub dedi: -Qardaşı Yusifdə sizə etimad etdiyim kimi indi onda da sizə etimad edim. Amma, hər halda Allah ən yaxşı qoruyan və mehribanların mehribanıdır. Yəqub ağladı. Yusifi xatırladı; iyirmi il bundan öncə itmiş Yusifini. Onlar öz mallarını açmaq istəyəndə, onunla buğda aldıqları gümüş sikkələrini gördülər. Çox sevindilər. Atalarının yanına qayıdıb, ona muştuluq verdilər: -Ey ata! Bundan artığınımı gözləyək?! Bizim mallarımızı buğdalarla birgə bizə qaytarmışdır. Ona görə də qardaşımızı bizimlə göndər. Öz ailəmiz üçün yeyinti məhsulları gətirək. Qardaşımızı qoruyacağayıq və bir dəvə artıq məhsul alacağıq. Yəqub dedi: -Heç vaxt onu sizinlə göndərməyəcəyəm. Gərək əhd edib, söz verəsiniz ki, var qüvvənizi əldən verənədək onu qoruyub, geri qaytaracaqsınız. Qardaşlar əhd-peyman bağladılar ki, Benyamini bütün ziyanlardan qoruyacaqlar. |