Nöqtələr Bu ayələr övliyaların xüsusiyyətlərini sadalayır. Onların şüarı Allah qorxusudur. Bu qorxunun nəticəsi təqvadır. Təqvanın səmərəsi isə hesab qorxusundan qurtuluşdur. Övliyaların uyğun qorxudan uzaqlığı həm dünya, həm də axirətə aiddir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah övliyalarının sükutu zikr, baxışı ibrət, sözü hikmət, cəmiyyətdəki hərəkəti bərəkət qaynağıdır.” Həzrət Əli (ə) buyurmuşdur: "Allah Öz vəlisini xalq arasında gizləmişdir, belə isə heç vaxt bir müsəlmanı təhqir etməyin, o, Allahın övliyalarından ola bilər.” 1. Kim Allahın vəlisidirsə ("vəliyy”-hami), Allah da onun vəlisidir. 2. Qəlbində Allah qorxusu olan üçün başqa qorxu yoxdur. 3. Allah övliyalarının işıqlı, qorxusuz və kədərsiz gələcəkləri var. 4. İman və təqva Allah övliyalarının köklü xüsusiyyətidir. 5. Daimi iman və təqva həm nigarançılığı aradan qaldırır, həm də insanı Allahın övliyası qərar verir. Ayə 64: لَهُمُ الْبُشْرَى فِي الْحَياةِ الدُّنْيَا وَفِي الآخِرَةِ لاَ تَبْدِيلَ لِكَلِمَاتِ اللّهِ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ "Onlar (Allahın övliyaları) üçün dünya və axirət həyatında müjdə var. Allahın sözləri (vədləri) dəyişməzdir. O, həmin böyük qurtuluşdur.” İman və təqva əhlinə dünya həyatında sadiq yuxular, ilahi ilhamlar, qəlb aramlığı, fitnələrin puça çıxması, duaların qəbulu, ölüm zamanı məsumlarla görüş vasitəsi ilə müjdə verilir. Axirətdə isə bu müjdə ilahi nemətlərdir. Həzrət Peyğəmbər (s) bu ayə ilə bağlı buyurmuşdur: "Dünyəvi müjdə xoş yuxular, axirət müjdəsi ölüm zamanı verilən müjdədir. İnsana müjdə verilir ki, sən və səni qəbrə aparanlar bağışlanar. "Bir rəvayətdə İmam Baqir (ə) Əbu-Həmzə Somaliyə buyurur: "Ölüm zamanı həzrət Məhəmməd (s) və Əli (ə) mömin şəxsin yanında hazır olub buyurarlar: "Bizə tərəf gəl, gələcəyin keçmişindən yaxşıdır, sənin ruhun Allahın ruhuna qovuşasıdır.” Quran ayələrinə əsasən, Allahın övliyaları bu dünyada da Allahın müjdələrindən faydalanırlar. Onlardan bəzilərini nəzərdən keçirək: aramlıq ; təvəkkül ; qeybi yardım ; daimi qaliblik ; bəsirət və nur ; çıxılmaz vəziyyətin olmaması ; işlərin əbəs sayılmaması ; məzəmmətlərdən qorxmamaq ; xalqdan qorxmamaq ; zalım hakimdən qorxmamaq ; heyrətə düçar olmamaq ; sevimlilik ; fani işlərin ilahi rənglə əbədiləşdirilməsi. 1. Yalnız Allah övliyalarının həm dünyası, həm də axirəti var. 2. Allahın vədləri qəti və dəyişməzdir. 3. Böyük qurtuluş yalnız daimi iman və təqvaya malik olanlar üçündür. Ayə 65: وَلاَ يَحْزُنكَ قَوْلُهُمْ إِنَّ الْعِزَّةَ لِلّهِ جَمِيعًا هُوَ السَّمِيعُ الْعَلِيمُ "Müxaliflərin dedikləri səni qəmləndirməsin. Çünki izzət bütünlüklə Allahındır. O, eşidən və biləndir.” Kafirlər Peyğəmbəri (s) şair, kahin, sehrbaz, divanə adlandırırdılar. Bundan əlavə bəzən deyirdilər: "Onun bizdən üstünlüyü yoxdur. O da bizim kimidir. Bəzən də onun dediyi sözlərin başqaları tərəfindən təlqin olunduğunu bildirirdilər. Bəzən də deyirdilər ki, biz də istəsək Quran kimi kitab gətirərik. Bəzən Peyğəmbərin (s) sözləri keçmişlərin dastanı sayılırdı. Peyğəmbərin (s) ardıcılları haqqında deyirdilər: "Onlar əskik adamlardır.” Amma Allah bütün bu təhqirlərə baxmayaraq Peyğəmbəri (s) və möminləri izzətə çatdırmışdır. "İzzət” dedikdə təsirə düşməmək başa düşülür. Həm Allah, həm Peyğəmbər (s), həm möminlər, həm də əqidə məktəbi belədir. 1. Düşmən təbliğatının məqsədi dinin və İslam ümmətinin təhqiridir. Amma Allah-təala həzrət Peyğəmbərə təsəlli vermişdir və kafirləri istəklərinə çatdırmaz. 2. Kafirlərin zəhərli təbliğatı möminə təsir etməməli, onun ruhiyyəsini zəiflətməməlidir. 3. Allah Öz övliyalarına arxa durur, əqidə məktəbi və peyğəmbərlərin qələbəsini təmin edir. 4. İzzət, şərəf Allahın əlindədir və onun-bunun sözü ilə kimsə alçalmır. Ayə 66: أَلا إِنَّ لِلّهِ مَن فِي السَّمَاوَات وَمَن فِي الأَرْضِ وَمَا يَتَّبِعُ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ شُرَكَاء إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ "Agah olun! Həqiqətən, göylərdə və yerdə olan hər kəs Allahındır. Allahın əvəzinə qoşduqları şərikləri çağıranlar (onlara da) itaət etmirlər. Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Onlar yalnız yalan danışanlardır.” "Çağırırlar...” cümləsi sual, "itaət etmirlər” cümləsi cavab ola bilər. Yəni uydurduqları şəriklərin ardınca gedənlər nəyə itaət edirlər? Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Cümlədən belə də anlaşıla bilər ki, hətta Allaha şərik qoşulanlar da Onun mülkündədir. 1. Allahın mütləq malikiyyəti tövhid və kamil izzət dəlilidir. 2. Hər şey Allahın mülküdür. Necə ola bilər ki, mülk malikə şərik olsun?! 3. Səmalarda ağlı olan varlıqlar var. 4. Müşriklərin məntiqi, elmi əsasları yoxdur. 5. Müşriklər qoşduqları şəriklərə yox, öz xülyalarına itaət edirlər. Çünki Allahın şəriki yoxdur. Demək, onlar yalan deyirlər. Ayə 67: هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُواْ فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ "Rahatlıq tapmağınız üçün sizin üçün gecəni müəyyənləşdirən Odur. O, gündüzü işıqlı etdi. Şübhəsiz, bunda eşidən qövm üçün nişanələr var.” Ötən ayədə Allahın malikiyyətinə, bu ayədə isə Onun varlıq aləmindəki hikmətli tədbirinə işarə olunmuşdur. Quranda ruhi aramlıq tilavət, gecəni oyaq qalmaq, təsbih, qunut, səcdə ünvanlarında bəyan olunmuşdur. Fiziki aramlıq isə yuxu və istirahət vasitəsi ilə olur. 1. Gecə və gündüz tədbirlə, insanın bəhrələnmə məqsədi ilə, hikmətlə proqramlaşdırılmışdır. 2. Gecə istər ruhi, istər fiziki aramlıq üçündür. Ayə 68: قَالُواْ اتَّخَذَ اللّهُ وَلَدًا سُبْحَانَهُ هُوَ الْغَنِيُّ لَهُ مَا فِي السَّمَاوَات وَمَا فِي الأَرْضِ إِنْ عِندَكُم مِّن سُلْطَانٍ بِهَـذَا أَتقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ "(Müşriklər) dedilər: "Allah övlad götürmüşdür.” O, pakdır, ehtiyacsızdır. Göylərdə və yerdə olan Onundur. Bu sözə sizin heç bir dəliliniz yoxdur. Bilmədiyiniz şeyi Allahamı aid edirsiniz?” "İttəxəzəllahu vələdən” cümləsi "bir kəsi övladlığa götürdü” mənasını bildirir. Bu məna anadan olmaq, övladı olma mənalarından fərqlidir. Müşriklər mələkləri Allahın qızları hesab edirdilər. Yəhudilər Üzeyiri, məsihilər İsanı Allaha oğul sayırdılar. Quranda bildirilir ki, vəzir Əziz öz zövcəsi Züleyxaya dedi: "Yusifi övladlığa götürək.” Fironun arvadı Asiya ona dedi: "Musanı övladlığa götürək.” 1. Allahın övlad götürməsinə heç bir səbəb yoxdur. O nə tənhalıqdan qorxur, nə varisə ehtiyaclıdır, nə köməkçiyə ehtiyac duyur, nə də nəsil davamı üçün övlada möhtacdır. 2. Dini əqidələr dəlilə əsaslanmalıdır. 3. Elmi əsası olmayan, dəlilsiz sözün dəyəri yoxdur. Ayə 69: قُلْ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ لاَ يُفْلِحُونَ "De ki, həqiqətən, Allaha iftira yaxanlar nicat tapmır.” Ayə 70: مَتَاعٌ فِي الدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ الْعَذَابَ الشَّدِيدَ بِمَا كَانُواْ يَكْفُرُونَ "Onların dünyada bəhrələri azdır. Sonra Bizə doğru qayıdarlar. Həmin vaxt küfrlərinin cəzası olaraq onlara ağır əzabı daddırarıq.” "Mətaun”, "mutə” dedikdə qısa bir müddət bəhrələnmə nəzərdə tutulur. İnsan dünya nemətlərindən qısa bir müddət bəhrələndiyi üçün Quran dünya işlərinə münasibətdə "mətaun” sözünü işlətmişdir. Sual: Əgər iftira yaxanlar nicat tapmırsa, nə üçün maddi dünyada rifah içində yaşayırlar? Cavab: Bu rifah və firavanlıq müvəqqətidir. Onların əsil cəzaları Allaha doğru qayıtdıqları vaxt, axirət həyatındadır. 1. Şəfaət ümidi ilə insanı Allahın oğlu sayanlar məqsədlərinə çatmırlar. 2. Yalançı nicat tapmır. 3. Əgər müvəqqəti ləzzətin ardınca daimi əzab gəlirsə, bu ləzzət heç nəyə dəyməz. 4. Dünya ləzzətləri ötəridir. 5. Məadın xatırlanması insanı çaşqınlıq və günahdan uzaqlaşdıran amillərdəndir. 6. Müxtəlif bidətlər, təhriflər, rəy əsasında təfsirlər, Allaha övlad aid edilməsi ilə Allaha iftira yaxmaq küfrdür. Ayə 71: وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللّهِ فَعَلَى اللّهِ تَوَكَّلْتُ فَأَجْمِعُواْ أَمْرَكُمْ وَشُرَكَاءكُمْ ثُمَّ لاَ يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُواْ إِلَيَّ وَلاَ تُنظِرُونِ "Onlara Nuhun əhvalatını oxu. O öz qövmünə dedi: "Ey mənim qövmüm! Əgər mənim qalmağım, (aranızdakı mövqeyim), Allahın ayələrini xatırlatmağım sizə ağır və dözülməz gəlirsə, (bilin ki,) mən yalnız Allaha təvəkkül etmişəm. Siz və şərikləriniz fikrinizi cəmləyin ki, işinizdən sizə qaranlıq qalmasın. Sonra mənim haqqımda qərar çıxarın və mənə möhlət verməyin.” Ayədə həzrət Nuhun ilahi yardımlar sayəsində yenilməzliyindən, onun düşmən qurğularından qorxmamasından danışılır. Nəql edirlər ki, İmam Hüseyn (ə) Kərbəlada aşura günortasından öncə Kufə qoşununa bu ayəni oxumuşdur. 1. Xalqı keçmişin mühüm xəbərləri, tarix və onun fəlsəfəsi ilə tanış etmək ilahi rəhbərlərin vəzifəsidir. 2. Peyğəmbərlər xalq içindən çıxmışdılar və xalq arasında idilər. Onlar son anadək öz müxalifləri ilə mərhəmətli davranırdılar. 3. Qəlb hazırlığı olmadıqda hətta peyğəmbərlərin də xəbərdarlığı ağır gəlir. 4. Məqsədə iman peyğəmbərlərin ən böyük müqavimət və mübarizə vasitəsidir. 5. Peyğəmbərlər öz müxaliflərini mübarizəyə çağırırdılar. 6. Peyğəmbərlər Allaha təvəkkül etməklə, müxalif qüdrətləri puç bilməklə onları alçaldır və möminlərə şücaət verirdilər. Məkkədə azlıqda olan müsəlmanların bu ayələri tilavət etmələri onların böyük ruhundan və kamil şücaətindən danışır. 7. Düzgün qiymətləndirmə, qüvvələrin səfərbərliyə alınması və qəti qərar mübarizə üsullarındandır. 8. Peyğəmbərlər şəhadətdən qorxmurdular. Ayə 72: فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلاَّ عَلَى اللّهِ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ "Əgər (Allahın dəvətinə) arxa çevirsəniz, (bilin ki,) mən sizdən muzd istəməmişəm. Mənim mükafatımı yalnız Allah verər və mən Onun əmrinə təslim olmaq əmri almışam.” İnsanda nigaranlıq yaradan ya can, ya da mal qorxusudur. Ötən ayədə peyğəmbərlərin öz canlarına görə qorxmaması, bu ayədə isə onların xalqdan umacaqsız olmaları bildirilir. 1. Peyğəmbərin dəvətinin xalq tərəfindən qəbul olunub-olunmamasının ona heç bir maddi təsiri yoxdur. 2. Müvəffəq və təsirli təbliğatçı o kəsdir ki, xalqın malında gözü olmasın və bunu xalqa elan etsin. 3. Peyğəmbərlər xalqdan heç bir əvəz istəməmiş, onlardan mal, xidmət umacağında olmamışlar. 4. Əgər bütün xalq dindən üz çevirsə, bunun ilahi rəhbərə heç bir təsiri yoxdur. İlahi rəhbər Allahın dininə təslimdir. 5. Axirət mükafatına inanan kəs dünyəvi mükafat istəyini qəlbindən rahatca çıxarır. 6. Bütün peyğəmbərlərə haqq qarşısında təslim olunmaq əmr edilmişdir. 7. Xalqın Allaha təslim olmasını istəyən kəs öncə özü təslim olmalıdır. 8. Bu gün xalqı üz çevirmiş görsən də, Allahın Ona təslim olmuş bəndələri çoxdur, belə isə sən onlara qoşul. Ayə 73: فَكَذَّبُوهُ فَنَجَّيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ وَجَعَلْنَاهُمْ خَلاَئِفَ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَ "Onu (Nuhu) təkzib etdilər. Həmin vaxt Biz ona və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları yer üzündə canişin qərar verdik. Ayələrimizi təkzib edənlərin hamısını qərq etdik. Bax gör, xəbərdarlıq edilənlərin sonu necə oldu?” Nuhun 80 yoldaşı vardı. Kafirlər isə çox idi. Amma Allahın yardımları ilə kafirlər məhv oldu, möminlər yer üzünə varis qaldılar. Bu ayədə möminlərin xoş aqibətinə və ilahi dəvətə müxalif olanların məhvinə işarə olunmuşdur. 1.Təkcə iman bəs etmir. Nicat tapmaq üçün ilahi rəhbərlərlə həmrənglik və yoldaşlıq lazımdır. 2. İman və sabitqədəmliyin nəticəsi qurtuluş və hakimiyyətdir. 3. Qələbə sonda iman əhlinə məxsusdur, küfr və şirk əhli rüsvay olasıdır. 4. Asilərə öncə möhlət verib sonra onları cəzalandırmaq ilahi sünnə, qanunlardandır. 5. Küfrdən bərk-bərk yapışmağın və doğru yoldan çıxmağın nəticəsi fəlakətdir. 6. Öncə xəbərdarlıq, sonra cəza. 7. Yalnız haqq tərəfdarlarına təsəlli verən və azğınları qorxudan tarix faydalı və tərbiyəvidir. 8. Hərəkətləri düzgün istiqamətləndirmək üçün tarixdən, ümmətlərin inkişaf və tənəzzül amillərindən xəbər tutmaq zəruridir. Ayə 74: ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِ رُسُلاً إِلَى قَوْمِهِمْ فَجَآؤُوهُم بِالْبَيِّنَاتِ فَمَا كَانُواْ لِيُؤْمِنُواْ بِمَا كَذَّبُواْ بِهِ مِن قَبْلُ كَذَلِكَ نَطْبَعُ عَلَى قُلوبِ الْمُعْتَدِينَ "Həmin vaxt Nuhun ardınca onun qövmünə peyğəmbərlər göndərdik. Onlar xalqa aşkar möcüzə və dəlillər gətirdilər. Amma xalq öncə təkzib etdiyinə iman gətirmək fikrində deyildi. Biz həddi aşanların qəlblərinə bu sayaq möhür vururuq.” |