On səkkizinci fəsil
İslamda maddi məsuliyyətlər, həmdərdlik
İslam təkcə əxlaqi və etiqadi məktəb deyil. Bu din bəşəriyyətin maddi və mənəvi ehtiyaclarını əhatə edən kompleks göstərişlərdən ibarətdir. İslam dinində həzrət Peyğəmbərin (s) dövründən başlayaraq məhrumlara, ehtiyaclılara, kimsəsizlərə, xəstələrə və əlillərə xüsusi diqqət göstərilmişdir.
Sərvət əldə edilməsi, onun necə xərclənməsi, vacib haqların ödənməsi ilə bağlı İslam qanunları elə tənzimlənmişdir ki, həm fərdin təlaşlarına və mülkiyyətinə hörmət göstərilir, həm də iqtisadi əməliyyatların bir qrupun əlində toplanmasının qarşısı alınır.
Dini rəhbərlərin nəzərincə, varlılar Allahın təyin etdiyi haqları ödəsələr, cəmiyyətdə yoxsul qalmaz. Cəmiyyətdə yoxsulların mövcudluğunun əsas səbəblərindən biri varlıların dini haqları ödəməməsidir. Həzrət Əli (ə) buyurur: "Yalnız varlı əlinə yığdığından yoxsul ac qaldı.("Biharul-ənvar”, c. 6, s. 205; "Kənzul-ummal”, c. 15, s. 546, say 42109)
Quran ayələri və məsumların buyuruqlarına nəzər saldıqda aydın olur ki, İslam dininin əsas məqsədlərindən biri sosial təbəqələr arasındakı ədalətsiz fərqləri aradan qaldırmaqdır.
Bu məqsədə çatmaq üçün İslam dininin xüsusi və geniş proqramları var. Bu proqramlara əməl edilərsə, xoşbəxt bir cəmiyyət qurular. Ədalətsizlik, insafsızlıq, bahaçıllıq, əskik satmaq, xalqın malının qəsb edilməsi, oğurluq, israf, saxtakarlıq, qatqıçılıq, fırıldaqçılıq, rüşvətxorluq, möhtəkirlik, sələmçilik kimi işlərdən uzaq olmaq, eyni zamanda xüms və zəkat kimi haqları ödəmək, fitriyyə, kəffarə, nəfəqə kimi haqları sahibinə çatdırmaq İslam dinində nəzərdə tutulmuş proqramların tərkib hissəsidir. Cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasında sədəqələrin, qərzül-həsənə ( xeyir gözləmədən verilən gözəl borc) banklarının, ümumi vəqflərin böyük əhəmiyyəti var.
İslam proqramlarında cəht göstərilir ki, insanlarda iman, qardaşlıq, insaniyyət, ədalətpərvərlik ruhu tərbiyə olunsun. Müsəlman qonşusu ac ikən tox yatmaqdan utanmalıdır.
Fəzldən, ehsandan uzaq olan kəs Kor kimi yoxsula göstərməz həvəs. Dünyanı qazanmaq sayılmaz hünər. Çalış ki, qəlblərə çalasan zəfər.(Bax: Surə 2, "Bəqərə”, ayə 124) |
Söhbətimizin bu məqamında maddi məsuliyyətlərlə bağlı bəzi məsələləri nəzərdən keçirəcəyik.
Xüms dedikdə insanın müxtəlif yollarla əldə etdiyi qazancın ilin ehtiyaclarından artıq qalan hissəsinin beşdə birini müəyyənləşmiş ünvanlara ayırması nəzərdə tutulur. Bu işdə Allahın razılığını izləmək mühümdür.
Xüms iki bərabər hissəyə bölünür:
a) İmamın səhmi (payı): Hazırkı dövrdə vacib ehtiyata əsasən həmin səhm zəruri şərtlərə malik müctəhidə təqdim olunmalı, ya da onun icazəsi ilə İslamın güclənməsi yolunda sərf edilməlidir.
b) Seyidlərin səhmi (payı): Bu hissə yoxsul, yolda qalmış seyidlərə xərclənir. Bu hissənin xərclənməsi üçün müctəhidin icazəsinə ehtiyac yoxdur. Amma yaxşı olar ki, bu işdə də ondan icazə alınsın.
Bir şübhəyə cavab: Bəziləri belə düşünə bilər ki, xümsün bir hissəsinin seyidlərə ayrılması bir növ ayrı seçkilikdir. Cavab olaraq deməliyik ki, uyğun hissə yalnız ehtiyaclı seyidlərə xərclənir. Bundan əlavə onlara yalnız bir illik ehtiyacı verilə bilər. Demək, həmin hissədən yalnız iqtisadi çətinliyə düşmüş yoxsul, yetim uşaqlar faydalana bilir. Bundan əlavə, seyid olmayan ehtiyaclılar öz ehtiyacını zəkatdan ödəyə bilər. Unutmamalıyıq ki, yoxsul seyidlərin zəkatdan istifadə etmək hüququ yoxdur. Zəkat cəmiyyətin ümumi büdcəsi sayılır. Belə görünə bilərdi ki, seyidlərin zəkatdan məhrum edilməsi də onlara qarşı ayrı seçkilikdir. Amma İslam qanunlarında bütün təbəqələr nəzərdə tutulmuşdur. Seyidlər xümsdən, seyid olmayanlar zəkatdan pay alır. Seyidlərin zəkatdan məhrum edilməsinin səbəbi ayrıseçkilik yox, bir imtiyazdır. Seyidlər müəyyən məsləhətlər əsasında ümumi büdcədən istifadə edə bilməzlər.
Yeddi şey üçün xüms vermək vacibdir. Yəni qeyd edilənlərin beşdə biri xüms kimi ödənməlidir.
1. Ticarət və iş gəliri: İnsan əkinçilik, sənətkarlıq, ticarət və digər iqtisadi yollarla sərvət əldə edərsə və bu sərvət ilin ehtiyaclarından artıq qalarsa, onun beşdə biri xüms ödənir;
2. Mədən: Mədən xalqın malı sayılır. Vacib ehtiyata əsasən imamın qeybi dövründə mədən hasilatı üçün şəri hakimdən icazə alınmalıdır. Mədəndən qızıl, gümüş və sairə qiymətli ehtiyatlar çıxaran şəxs öz xərclərini çıxıb (15 misqal qızıl) xüms ödəməlidir;
3. Xəzinə: Xəzinə dedikdə yerdə, ağacda, dağda və ya divarda gizlədilmiş şey nəzərdə tutulur. Xəzinənin sahibi tanınmır. Onun tapılması xərcləri çıxıldıqdan sonra xümsü ödənməlidir;
4. Üzgüçülüklə dənizdən çıxarılan cəvahir: Cəvahir də xalqın malı sayılır. Onu çıxarmaq üçün vacib ehtiyata əsasən şəri hakimdən icazə alınmalıdır. Əgər üzgüçülük yolu ilə dənizdən cəvahir, mərcan və bu kimi şeylər əldə olunarsa, xərclər çıxıldıqdan sonra onun beşdə biri xüms ödənməlidir;
5. Harama qatışmış halal mal: Əgər insanın malı harama qatışmışsa və onun miqdarını müəyyənləşdirmək mümkün deyilsə, həmin malın xümsü ödənməlidir;
6. Savaş qəniməti: Əgər müsəlmanlar məsum imamın hüzuru dövründə onun əmri ilə kafirlərlə vuruşub qənimət əldə etsələr, imamın məsləhəti ilə bir hissə ayrıldıqdan sonra xərcləri çıxıb qalan hissənin xümsünü verməlidirlər;
7. Zimmi kafirin müsəlmandan aldığı torpaq. Əgər bir kafir İslam dövlətinin himayəsində yaşayırsa, ona zimmi kafir deyilir. Zimmi kafir müsəlmandan aldığı torpağa görə xüms verməlidir. Həmin şəxs torpaq əvəzinə pul da verə bilər.
İslamda qazanc və sərvət müqabilində verilən zəkatın xüsusi əhəmiyyəti var. Zəkat mühüm ibadətlərdəndir. Quran və hədislərdə zəkat namazla yanaşı zikr olunur. Zəkat ödəməkdən boyun qaçıranlar şiddətlə məzəmmət edilir. Cəmiyyətdə ictimai ədalətin bərpa olunmasında, yoxsulluqla mübarizədə, təbəqələr arası fərqlərin azaldılmasında zəkatın əhəmiyyətli rolu var. Zəkat vermək vacibdir və bu iş Allaha yaxınlaşma məqsədi ilə həyata keçməlidir. Zəkat insanın ruhunu və canını dünyapərəstlikdən təmizləyir, onu Allaha yaxınlaşdırır.
Zəkat cəmiyyətdəki yoxsullardan qabaq sərvət sahiblərinin özünə faydalıdır. Zəkat verilməyən cəmiyyətlərdə çox keçmir ki, sosial partlayışlar baş verir və varlıların bütün sərvəti təhlükə altına düşür. İmam Sadiq (ə) buyurur: "Yalnız zəkat ödənmədiyindən suda və quruda sərvətlər məhv olur. Sərvətinizi zəkat verməklə sığortalayın.”("Vəsailuş-şiə”, c. 5, s. 58, hədis 12; "Müsnədi-Əhməd”, c. 1, s. 84; "Kənzul-ummal”, c. 11, s. 608-610 )
Doqquz şeyin zəkatını vermək vacibdir: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, qoyun, inək, dəvə. Bu doqquz şeydən hər biri üçün "nisab həddi” deyilən hədd müəyyənləşmişdir və həmin hədd əsasında zəkat ödənir. Şəri məsələlər risaləsində uyğun məsələ geniş şərh olunur.