ALTINCI FƏSİL 780. Həzrət Peyğəmbər (s) Əmr ibni Həzmi Nəcranın təyin edərkən, ona yazdığı məktubunda belə buyurdu: «Ömrə, kiçik həccdir».835 781. Ömər ibni Uzəynə nəql etmişdir ki, imam Sadiq (ə)-dan Allah-taalanın "Əl-həccul-əkbər” sözü barədə soruşduqda, o həzrət (ə) buyurdu: «Böyük həcc, Ərəfatda dayanıb, şeytanlara daş atmaq, kiçik həcc isə ömrə əməlindən ibarətdir».836 782. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə)-dan "Böyük həcc günü” barədə soruşduqda buyurdu: O, Qurban bayramı günüdür, kiçik həcc isə ömrə əməlidir».837 783. Həzrət Peyğəmbər (s) buyurub: «Bil ki, Ömrə əməli kiçik həccdir və bir ömrə əməli dünya və ondan olan hər bir şeydən üstündür. Bir həcc əməli isə ömrə əməlindən üstündür».838 784. Həzrət Peyğəmbər (s) buyurub: «Həccin əcri, Behiştdir. Ömrə əməli isə hər bir günahın kəffarəsidir».839 785. Həzrət Peyğəmbər (s) buyurub: «Bir ömrə əməli, növbəti ömrə əməlinədək o iki ömrə arasında olan günahların kəffarəsidir».840 786. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs həcc və ömrə əməlini əncam verib, günah etməsə, anası onu dünyaya gətirdiyi gün kimi günahsız halda qayıdar».841 787. Həzrət Peyğəmbər (s) buyurub: «Dörd nəfərin duası rədd olunmaz və beləliklə də asimanın qapıları onlar üçün açılar və duaları ərşə çatar: Atanın övladı üçün dua etməsi, məzlumun zalım əleyhinə dua etməsi, ömrə əməlini əncam verən şəxs—evinə qayıdanadək və orucunu açanadək oruc tutan şəxs».842 788. Həzrət Peyğəmbər (s) buyurub: «Böyük, kiçik, zəif və qadının cihadı, həcc və ömrədir».843 789. Həzrət Peyğəmbər (s) buyurub: «Həcc, cihaddır. Ömrə isə müstəhəbdir».844 790. Cabir nəql etmişdir ki, həzrət Peyğəmbərdən (s) soruşdular: Ömrə əməli vacibdirmi? Həzrət (s) buyurdu: «Xeyir, amma onu əncam verməyiniz daha yaxşıdır».845 791. Əbdür-Rəhman ibni Səmurə nəql etmişdir ki, bir gün həzrət Peyğəmbərin (s) hüzurunda idik ki, buyurdu: «Dünən gecə maraqlı şeylər gördüm!» Soruşduq: Ey Allahın elçisi! Nə gördünüz? Canımız və ailəmiz sizə fəda olsun! Bizə də deyin! Həzrət Peyğəmbər (s) buyurdu: «Ümmətimdən bir kişini gördüm ki, qarşı, arxa, sağ və sol tərəfləri qaranlıq olaraq bütövlükdə qaranlıqda qərq olunmuşdu. Amma onun həcc və ömrə əməlləri gəldikdə, onu qaranlıqdan qurtararaq, nur içərisinə daxil etdilər».846 792. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs ömrə niyyəti ilə çölə çıxıb yolda ölsə, Qiyamət gününədək onun üçün ömrə əməlini əncam verən şəxsin savabı yazılar».847 793. Ayişə "ömrə”yə getdikdə, həzrət Peyğəmbər (s) ona buyurdu: «Sənin savabın, çəkdiyin əziyyət və xərclədiyin pul miqdarındadır».848 794. Həzrət Peyğəmbər (s) buyurub: «Ömrənin həccə nisbəti, başın bədənə və (fitrə) zəkatının oruca olan nisbəti kimidir».849 795. Zürarə nəql etmişdir ki, imam Baqir (ə)-a dedim: Fəzilət baxımından həccdən sonra olan əməl nədir? Həzrət (s) buyurdu: Müfrədə ömrəsidir. Daha sonra istədiyi hər hansı bir yerə getsin».850 796. İmam Kazim (ə) buyurub: «Allah-taala vacib namazı müstəhəb (nafilə) namazı ilə, Ramazan ayının orucunu müstəhəb oruc ilə, həcci ömrə ilə və zəkatı isə sədəq ilə kamilləşdirmişdir».851 İncə məna: 1. Deyilənə görə Ərəfə günü Cümə gününə düşdükdə, o ilin həcci "Böyük həcc” adlanır. Lakin rəvayətlərdə bunun üçün heç bir dəlil tapa bilməmişik. Hədislər baxımından "Böyük həcc” "Ərəfat” və "Mina”-da dayanmaq ömrə əməlinə deyilən "kiçik həccin” müqabilindədir. 2. Tövbə surəsinin 3-cü ayəsində buyurulmuş "yovmul-həccil-əkbər” sözü, bir çox rəvayətlərdə "yovmun-nəhr”-ə, bəzi rəvayətlərdə isə "Ərəfə günü”-nə aid edilmişdir. 797. Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Əli (ə) buyururdu: Hər ayda bir ömrə əməli vardır».852 798. Həzrət imam Sadiq (ə) buyurub: «Bir il, on iki aydan ibarətdir və hər bir ayda bir dəfə ömrə əməli əncam verilir».853 799. Əliyyibni Həmzə, imam Kazim (ə)-dan nəql etmişdir ki, o Həzrət (ə) buyurub: «Hər ay üçün bir ömrə əməli əncam verilir». Soruşdum: Ondan az da olurmu? Həzrət (ə) buyurdu: Hər on gün üçün bir ömrə vardır».854 Bəyan: Əllamə Məclisi (rə) buyurub: Fəqihlər bu barədə müxtəlif nəzərlər irəli sürmüşlər: Seyyid Mürtəza (rə), İbni İdris (rə), Mərhum Mühəqqiq (rə) və başqaları hər hansı bir tərzdə iki ömrə əməlini ardıcıl olaraq yerinə yetirməyi caiz bilmişlər. İbni Əbi Əqil (rə) deyir: Bir ildə iki dəfə ömrə əməlini əncam vermək caiz deyildir. Şeyx Tusi özünün Məbsut kitabında deyir: İki ömrə əməli arasında olan ən az fasilə on gündür. Əbus-Səlah, İbni Həmzə və habelə Mühəqqiq özünün "Ən-Nafe” və Əllamə (rə) isə özünün "Muxtələfuş-şiə” kitabında bu fasilənin bir ay olduğunu bildirmişlər. Hər ayda bir ömrəni caiz bilən rəvayətlərə əsaslanmağı aradan aparmaq olar. Belə ki, bu kimi rəvayətlər bir ayda ömrə əməlinin təkrar olunmasını aydın şəkildə qadağan etmir. Çünki bir aya məxsus olmağın mənası, hər ayda ömrə əməlinin əncam verilməsinin haqqında təkid olunmuş müstəhəb işlərdən sayılması mənada olması da mümkündür. [Bundan az olması üçün səy göstərilməlidir]. "Cəvahir” kitabının müəllifi deyir: İki ömrə əməli arasında olan ən az fasilə on gündür. Qəbul olunmuş bu nəzəriyyə isə yazıdan nəql olunmuşdur». İmam Xomeyni (rə) buyurur: «İki ömrə arasında olan fasilənin miqdarında müxtəlif nəzərlər irəli sürülmüşdür. Ehtiyata əsasən, bir aydan az olan fasilədə, ömrə əməlini savab ümidi ilə yerinə yetirsinlər». RƏCƏB AYINDA ÖMRƏNİN FƏZİLƏTİ 800. Həzrət Peyğəmbər (s) buyurub: «Ən üstün ömrə, Rəcəb ayının ömrəsidir».855 801. Həzrət imam Sadiq (ə) buyurub: «Ömrə əməlini əncam verən şəxs, ilin hər hansı bir ayında onu yerinə yetirə bilər. Amma ən üstün ömrə əməli, Rəcəb ayının ömrəsidir».856 802. Mərhum Şeyx Tusi imamlardan (ə) nəql etmişdir ki, Rəcəb ayının ömrəsi fəzilət baxımından həccdən sonradır».857 803. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə)-dan soruşdular: Hansı ömrə daha üstündür? Rəcəb ayının ömrəsi, yoxsa Ramazan aynda əncam verilən ömrə əməli? Həzrət (ə) buyurdu: «Xeyr, əksinə Rəcəb aynın ömrəsi daha üstündür».858 804. Həzrət imam Sadiq (ə) buyurub: «Rəcəb ayından bir gün qalan halda ehram bağlasan, sənin ömrən Rəcəbiyyədir».859 805. Əliyyibni Cəfər nəql etmişdir ki, imam Kazim (ə)-dan soruşdum: Rəcəb ömrəsi nədir? Həzrət (ə) buyurdu: «Rəcəb ayında ehram bağladıqda—bir günü qalıb, (həmçinin) Şəban ayına çatsan belə—Rəcəb ayının ömrəsini dərk etmisən. Çünki Rəcəb ayında ehram bağlasan, (o ömrə əməli) Rəcəb ömrəsi sayılır».860 RAMAZAN AYINDA ÖMRƏ ƏMƏLİNİN FƏZİLƏTİ 806. Yusif ibni Əbdillah ibni Səlam, nənəsi Ümmü Məqildən nəql etmişdir ki, həzrət Peyğəmbər (s) sonuncu vida həcci yerinə yetirdikdə bizim bir dəvəmiz var idi ki, Əbu Məqil onun Allah yolunda işlədilməsini vəsiyyət etmişdi. Mən xəstələndim, Əbu Məqil isə dünyadan getdi. Həzrət Peyğəmbər (s) həccə gedib,qayıtdıqdan sonra hüzuruna getdim. O Həzrət (s) buyurdu: «Ey Ummu Məqil! Nə üçün bizimlə birlikdə həccə gəlmədin?» Dedim: Həcc üçün hazırlaşmışdıq ki, Əbu Məqil dünyadan getdi və həccə getmək üçün bir dəvəmiz var idi ki, Əbu Məqil onun Allah yolunda işlədilməsini vəsiyyət etdi. Həzrət (s) buyurdu: «Nə üçün o dəvə ilə həccə gəlmədin? Həcc də Allah yoludur! Beləliklə bizimlə birgə həcci əldən verdiyin üçün həcc kimi sayılan Ramazan ayında ömrəyə get». Ummu Məqil deyirdi: »Həcc həccdir, ömrə isə ömrədir. Bunu həzrət Peyğəmbər (s) mənə buyurmuşdur. Amma bilmirəm ki, görəsən təkcə mənim üçün belədirmi?»861 807. Vəlid ibni Səbih nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etdim: Bizə belə çatmışdır ki, Ramazan ayının ömrəsi həcc ilə bərabərdir. Həzrət (s) buyurdu: «Bu o qadının haqqındadır ki, həzrət Peyğəmbər (s) ona vəd edərək buyurdu: «Ramazan ayında ömrə əməlini yernə yetir ki, sənin üçün bir həcc kimidir».862 808. Həmmad ibni Osman nəql etmişdir ki, imam Sadiq (ə) ömrəyə getmək istədikdə Ramazan ayının 23-cü gününün sübh çağını gözləyir və o gün ehram bağlayaraq çölə çıxırdı».863 809. Əliyyibni Hədid nəql etmişdir ki, 213-cü ildə Ramazan ayında Mədinənin sakini idim. Fitr bayramı yaxınlaşdıqda, imam Cavad (ə)-a məktub yazaraq soruşdum: Ömrə üçün Ramazan ayında səfərə çıxmağım yaxşıdır, yoxsa ayın sonunadək səbr edib, oruclarımı tutmağım? O Həzrət (ə) öz xətti ilə mənə məktub yazıb buyurdu: «Allah sənə rəhm etsin. Soruşdun ki, hansı ömrə əməli üstündür. Ramazan ayının ömrəsi üstündür. Allah sənə rəhm etsin».864 810. Həzrət Peyğəmbər (s) buyurub: «Həcc aylarında ömrə əməlini əncam verib geri qayıdan və həcc əməlini yerinə yetirməyən şəxs, müfrədə ömrəsini əncam vermişdir. Əgər həcci əncam versə, onun ömrə əməli təməttö sayılır».865 811. Həzrət imam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) Zi Hiccə ayında ömrəni əncam verib, Tərviyə (Zi hiccənin səkkizinci) günündə xalq Minaya tərəf gedən halda, İraqa tərəf getdi. Həcc əməlini əncam vermək istəməyən şəxsin Zi hiccə ayında ömrəyə getməsinin heç bir eybi yoxdur».866 812. Həzrət imam Sadiq (ə) buyurub: «Həcc aylarında müfrədə ömrənin heç bir eybi yoxdur. Daha sonra öz ailəsinə tərəf qayıdır».867 813. Həzrət imam Sadiq (ə) buyurub: «Məbtulə (kəsilmiş) ömrə odur ki, bir şəxs Allah evini təvaf edib, Səfa və Mərvə arasında səy etdikdən sonra ehramdan xaric olsun. Daha sonra o saatda qayıtmaq istədikdə, qayıdıb köçür».868 HƏZRƏT PEYĞƏMBƏRİN (S) ÖMRƏ ƏMƏLLƏRİ 814. Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Peyğəmbər (s) bir-birindən ayrı olan üç ömrə əməlini əncam verdi: Onlardan biri Ziqədə ayında Usfandan ehram bağladığı Hüdeybiyyə ömrəsi, biri Cöhfədən ehram bağladığı qəza ömrəsi, digəri isə Hünəyn və Taif döyüşündən qayıtdıqdan sonra Ciranədən ehram bağladığı ömrə əməli idi».869 815. İbni Abbas (rə) nəql etmişdir ki, həzrət Peyğəmbər (s) dörd qəza əməlini əncam vermişdir: Hüdəybiyyə ömrəsi, sonrakı ildə qəza ömrəsi, Ciranədən (ehram bağladığı ömrə) və öz həcci ilə birgə əncam verdiyi ömrə».870 816. Əbu İshaq nəql etmişdir ki, Məsruq, Əta və Mücahiddən soruşduqda, dedilər: Həzrət Peyğəmbər (s) Zi hiccə ayında həcc əməlini əncam verməzdən qabaq ömrə əməlini yerinə yetirdi. Həmçinin Bura ibni Hazimdən eşitdim ki, deyirdi: Həzrət Peyğəmbər (s) Zi Qədə ayında həcc əməlini əncam verməzdən qabaq iki dəfə ömrə əməlini yerinə yetirdi».871 817. Muhərriş Kəbi nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ömrə niyyəti ilə gecə çağı «Ciranə»dən xaric olaraq gecə Məkkəyə çatıb, ömrə əməlini yerinə yetirdi. Daha sonra gecə çölə çıxdı və gecəni orada olan kimi sübh çağı «Ciranə»də idi. Sabahsı günün zöhr çağı «Sərif»in ortasından çölə çıxıb, əsil yol sayılan cəm—(Müzdəlifə) yolundan gəldi. Elə buna görə də o Həzrət (s) ömrə əməli xalq üçün gizli qaldı».872 Bəyan: Həzrət Peyğəmbərin (s) əncam verdiyi ömrələrin sayı və zamanı barədə müxtəlif rəvayətlər nəql olunmuşdur ki, onlardan belə nəticəyə gəlmək olar: «Həzrət Peyğəmbər (s) üç dəfə müfrədə ömrə əməlini əncam vermişdir». O Həzrətin (s) ömrələrinin dörd olmasını göstərən rəvayətlər həccətul-vida (son həccin) ömrəsin ona əlavə etmişlər. Onların sayının iki dəfə olduğunu bildirən rəvayətlər isə yalnız o Həzrətin (s) aşkar ömrələrini bəyan etmişdir. Başqa sözlə, həzrət Peyğəmbər (s) Hünəyn döyüşündən sonra gecə çağı «Ciranə»dən Məkkəyə gəlib, ömrə əməlini əncam verdikdən sonra yenidən «Ciranə»yə qayıtdı və sübh çağı başqaları kimi yuxudan ayıldığına görə onun ömrə əməli başqaları üçün gizli qaldı. Hədis alimlərinin çoxu o Həzrətin (s) ömrələrinin Zi Qədə ayında həyata keçirildiyini vurğulamış, bəziləri isə Şəvval və Rəcəb aylarını da ona əlavə etmişlər. |