MƏKKƏ İSLAMİYYƏTDƏN ƏVVƏL Ərəbistan Asiyanın cənubi-qərbində yerləşir. Sahəsi 3 milyon km2-dir. Şimal tərəfdən-İordoniya, Küveyt, İraq, Şam və Fələstinlə, cənubdan Yəmənlə, şərqdən "Fars” körfəzi və qərbdən "Qırmızı dəniz”lə əhatə olunub. Qədim dövrlərdə adı Ərəbistan yarımadası, sonralar "Hicaz” və nəhayət, Ərəbistan adı ilə mərufdur. Cəddə. Bu adın qoyulmağına səbəb ulu nənəmiz Həvvanın (əleyha salam) bu şəhərdə dəfn olunmasıdır. Çünki ərəblər öz ulu nənələrinə "cəddə” deyərlər. Buna görə bu şəhərin adını "Cəddə” qoyublar. Hər iki "Hərəm” təbii quruluşu, coğrafi baxımdan Ərəbistan yarımadasında yerləşir. Din və tarixi əlaqələri çox güclü olduğundan müsəlmanlar bu iki müqəddəs məkanı bir-birindən ayrı hesab etmir, hər ikisini özlərinə doğma sayırlar. İBRAHİM, İSMAİL VƏ MƏKKƏNİN QISA TARİXİ Həzrət İsmail 120 il ömür sürdü. 16 yaşında ikən atası ilə birlikdə Kəbəni bina etməyə başladılar. Hərçənd ki, Kəbəni ilk dəfə bina edən Həzrət Adəm (əleyhissalam) idi, amma İbrahim (əleyhissalam) öz oğlu ilə onu təzədən tikdi. Kəbənin tarixi yer üzündə bəşəriyyətin tarixi ilə bir vaxta təsadüf edir. Həzrət İsmailin məxsus olduğu qəbilənin adı "Cərhum” idi. Bu qəbilənin camaatı "Hübəl” adında bir büt düzəldib Kəbəyə qoymuşdular və ona sitayiş edirdilər. Zaman ötdükcə bu bütlərin sayı artmış, İslamiyyətədək sayı 360-a çatmışdı. Sonralar "Xüzaə” qəbiləsi Məkkədə hakimiyyəti ələ keçirdi. Bir müddətdən sonra, "Qüreyş” qəbiləsi onları Məkkədən çıxarda bildi. Qusəy ibni Kilab "Xüzaə” qəbiləsi başçısının kürəkəni idi. Məkkənin abadlığına çox çalışırdı. O, "Darun-nədvə”-ni tikdi. Bura müşavirəyə yığışmaq, iş bölgüsü aparmaq üçün nəzərdə tutulmuşdu. Qusəydən sonra onun övladları Əbdi Mənaf (Haşim) və Əbdül Müttəlibin nüfuzu Məkkədə artdı. Məkkə böyük bir ticarət mərkəzinə çevrildi. Ərəb qəbilələri buraya ticarət və ziyarət üçün axışıb gəlirdilər. Məkkədə bu vəziyyət başqa şəhərlərin zalım hökmdarlarına heç də sərfəli deyildi. Onlardan biri olan Əbrəhə Yəməndə hakimiyyət başına gəldiyi vaxt (özü xaçpərəst idi) xristianlığı burada genişləndirmək istədi. Bunun üçün də o, ərəbləri Kəbədən çıxardıb kilsələrə tərəf qovurdu. Bununla kifayətlənməyib Kəbəni dağıtmaq üçün ora həmlə etdi. Bu hadisə İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in təvəllüd ilinə, (məşhur "Fil” ilinə) təsadüf edir. O ildə düşmənlər Allahın qüdrəti ilə əzaba düçar oldular. İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alihi və səlləm) ƏCDADI Həzrət İbrahim (əleyhissalam) və Həzrət İsmail (əleyhissalam) İslam Peyğəmbəri Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əcdadı olmuşlar. Bu iki peyğəmbərin tarixi İslam tarixinin bir həlqəsi olduğuna görə onlar haqqında müxtəsər məlumat veririk. TOVHİD QƏHRƏMANI–İBRAHİM (əleyhissalam) Həzrət İbrahim (əleyhissalam) elə bir mühitdə dünyaya göz açmışdı ki, burada xalq bütə sitayiş edirdi. O, bütpərəstliyə qarşı üsyan etdi və bunun nəticəsində Babildən Fələstinə sürgün edildi. "Əmaliqə” milləti onu yaxşı qarşıladı və Hacəri də ona bir hədiyyə etdi. Hacər və İbrahim (əleyhissalam)-dan dünyaya İsmail (əleyhissalam) göz açdı. İbrahim (əleyhissalam)-a Allah tərəfindən əmr olundu ki, Hacəri və oğlu İsmaili Məkkədə bir dağın ətəyində qoysun. Bura yaşayış üçün münasib olmayan bir yer idi. İbrahim (əleyhissalam) oranı tərk edəndə Hacər soruşdu ki, bizi kimə tapşırırsan? Həzrət İbrahim buyurdu ki, bu işlərin hamısı Allahın əmriylədir. Ondan ümidinizi üzməyin. Sonra ağlaya-ağlaya üzünü səmaya tutub belə dua etdi: "Ey Allah, bu yeri sülh və əmin-amanlıq yeri et! Öz nemətlərini bura yağdır.” ("Bəqərə” surəsi, ayə 125) Həzrət İbrahim (əleyhissalam) gedəndən sonra qızmar səhrada qalan Hacər və oğlu İsmail onlar üçün ayrılmış sudan və yeməkdən bir müddət istifadə etdilər. Azuqə qurtardıqdan sonra Hacərin südü çəkildi. Uşağın halı narahatedici idi. Ana hövlnak halda "Səfa” dağına su axtarmağa gəldi. "Mərvə” dağına baxanda günəş şüasının qaya üzərinə inikasından yaranan parıltını su zənn edib, dağa sarı qaçdı. Lakin ümidi heç oldu. Yeddi dəfə su axtarmaq məqsədilə bu iki dağın arasını qaça-qaça qət edəndən sonra bütün ümidi üzüldü. Əlacsız körpəsinin yanına qayıtdı. Onun can verməsinə tamaşa etdi. Bu vaxt İbrahim (əleyhissalam)-ın duası yadına düşdü və üzünü səmaya tutub Allahdan nicat istədi. Elə bu anda gördü ki, İsmailin ayaqları altından su axır. Bu həyat əlaməti quşları da buraya çəkdi. Bu yerdən aralıda məskunlaşmış "Cərhum” tayfası uzaqdan quşların uçuşunu və bir yerə toplaşmasını görüb həmin yerdə su olduğunu hiss etdi. Və bu məkana gəlib Hacər və İsmailin bir çeşmənin yanında məskən saldığını görüb bura köç etdilər. İsmail böyüdükdən sonra həmin qəbilədən bir qızla ailə qurdu. Həzrət İbrahim (əleyhissalam) Allahın əmri və İsmailin köməkliyi ilə Kəbə evini tikdi. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əcdadlarından İbrahim və İsmaildən başqa onun son dörd cəddi–Qüsey, Mənaf, Haşim və Əbdül Müttəlibin tarixinə qısa nəzər salaq. O, Məkkə əhlinə–Qüreyşə başçılıq edirdi. Kəbənin hökmranlığı onun əlində idi. Qüsey Darün-Nədvənin (ərəblərin məsləhət və məşvərət üçün yığışdığı yer) əsasını qoymuşdur. Miladın 5-ci əsrində vəfat etdi. Özündən sonra iki oğlu qaldı: Əbdud-dar və Əbdu-Mənaf. Onun adı Muğuri idi. Xoşəxlaqlı olduğuna görə xalqın ona çox hörməti var idi. Haşim, Əbdu Mənafın oğlu idi. O, qardaşı Əbdu Şəms ilə əkiz doğulmuşdu. Anadan olanda Haşimin barmağı Əbdu Şəmsin alnına yapışmışdı. Onu ayırandan sonra xeyli qan axdı. Xalq bunu pis mənaya yozub dedilər ki, bu iki qardaş arasında qan davası olacaq. Haşim Zil-həccə ayında Kəbənin divarına söykənib belə xütbə oxuyardı: "Ey Qüreyş! Allah sizi Kəbənin yanında məskun etməklə sizə fəzilət bəxş edib. Onun evinə ziyarətə gələnlər sizin qonağınızdır, onlara hörmət edin! And olsun Allaha ki, əgər qüdrətim olsaydı, sizdən bu baradə əsla kömək istəməzdim. Haşim Məkkə-Şam və Məkkə-Yəmən arasında ticarətin əsasını qoydu. Qüreyşin başçısı. Əbdül Müttəlib Haşimin oğlu, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in babası idi. Mühit hər bir insanın həyatına böyük təsir göstərir. Amma Əbdül Müttəlibin yaşadığı mühitin insan mənəviyyatına mənfi təsir edən cəmiyyət olmasına baxmayaraq, onun həyatında bu dövrün eybəcərlikləri iz qoya bilməmişdi. O, tovhidə inanmışdı, daim xalqı pis işlərdən çəkindirirdi. Əbdül Müttəlib Allahla əhd bağlamışdı ki, 10 oğlu olarsa, birini Kəbəyə qurban verəcək. Bu əhd-peyman barəsində heç kimə bir söz deməmişdi. 10-cu oğlan uşağı dünyaya gələndən sonra, ərəb adət-ənənəsinə görə əhdə sadiq qalan Əbdül Müttəlib qalan oğlanlarını başına yığıb öz əhdindən onları xəbərdar etdi. Belə razılığa gəldilər ki, püşk atılsın. Püşk Abdullahın adına düşdü. Abdullahı qurbangaha aparanda Qüreyş əhli onlara mane oldu. Onlar bu işi başqa yolla həll etmək istəyirdilər. Buna görə təcrübəli bir alimə müraciət etdilər. Həmin alimin məsləhəti ilə belə qərara gəldilər ki, qan bahası dəvələrlə əvəz olunsun, yenidən püşk atılsın. Şərt belə idi ki, püşk dəvələrə düşənə kimi atılsın. Dəvələrin sayı 100-ə çatanda, yəni 10-cu püşkdə Abdullah xilas oldu. Bütün Məkk şadlığa qərq oldu. Amma vəziyyətdən nigaran qalan Əbdül Müttəlib püşk atma mərasimini 3 dəfə yerinə yetirdi və hər dəfə 100 dəvə qurbanlıq üçün təyin olundu. Həbəş hökmdarı 70 minlik qoşunla Əbrəhəni sərkərdə təyin edib, xristianları müdafiə məqsədilə Yəmən padşahının üzərinə göndərdi. Orada qələbə çalan Əbrəhə Yəmənə hakim təyin olundu. O, Səna şəhərində bir kilsə tikdirdi və Həbəş hökmdarı Nəcaşiyə məktub göndərib bildirdi ki, xalqa Kəbəni ziyarət etməyi qadağan edəcəyəm. Əbrəhə qoşun yığıb Kəbəyə tərəf irəlilədi. Bu qoşunun ön hissəsində fillər dayanmışdı. Bəzi yerlərdə ərəblər onların qarşısında müqavimət göstərə bilmədilər. Əbrəhə öz qoşunu ilə birlikdə Məkkənin yaxınlığında düşərgə saldı. Əmr etdi ki, Məkkə əhalisinin var-yoxunu qarət etsinlər. Eləcə də Əbdül Mütəllibin 200 dəvəsini ələ keçirsinlər. Bir elçi vasitəsilə Əbdül Müttəlibə tapşırdı ki, Qüreyş onlara qarşı müqavimət göstərməsin, onun məqsədi yalnız Kəbəni dağıtmaqdır. Əbdül Müttəlib cavabında bildirdi ki, biz Kəbəni müdafiə etmk fikrində deyilik, çünki bu evin öz sahibi var. Elçinin bu cavabdan xoşu gəldi və ondan xahiş etdi ki, birlikdə Əbrəhənin yanına qayıtsınlar. Əbrəhə Əbdül Müttəlibi hörmətlə qarşıladı və soruşdu ki, buraya gəlməkdə məqsədi nədir? O buyurdu ki, sizin qarət etdiyiniz var-dövlətin və dəvələrin dalınca gəlmişəm. Əbrəhə dedi ki, mən sənin kimi müdrik bir insanın xırda bir şeydən ötrü ağız açacağını gözləməzdim. Elə bildim ki, Kəbə barəsində öz etirazını bildirəcəksən. Əbdül Müttəlib cavab verdi ki, mən dəvələrin sahibiyəm, Kəbənin də sahibi var, Özü onu müdafiə edir. Bu sözü deyib ayağa durdu. Əbrəhə ətrafındakılara əmr etdi ki, qarət olunmuş malları və dəvələri Əbdül Müttəlibə qaytarsınlar. Geri dönən Əbdül Müttəlib Qüreyşə göstəriş verdi ki, hamı bir nəfər kimi şəhərdən kənara çıxsın. Uşaqların, qadınların, qocaların naləsi hər yanı bürümüşdü. Əbdül Müttəlib üzünü Kəbəyə çevirib ağlaya-ağlaya dua etdi: "Pərvərdigara, düşmənin şərrindən Sənə pənah gətirdik. Kəbənin düşməni Sənin düşmənindir. Ey Allah, Kəbəyə xaç vurulan günü bizə göstərmə!” O, Məkkəni tərk edən axırıncı şəxs idi. Səhərisi günü Əbrəhənin qoşunu hücuma keçmək istəyirdi ki, dəniz tərəfdən böyük bir quş dəstəsi qara bulud kimi onların üstünü aldı. Onlar caynaqlarında və dimdiklərində gətirdikləri daşlarla qoşunu darmadağın etdilər. Bu qeyri-adi və dəhşətli hadisə bütün dünyaya səs saldı. Qurani Kərim "Fil” surəsində bu macaranı nəql etmişdir. Qüreyşə itkisiz başa gələn bu qələbə onlarda bir təkəbbür, qürur yaratdı. Təəssüflər olsun ki, onlar bu qələbəni Allahın yox, bütlərin və özlərinin adına çıxardılar. Bu baxımdan cəhalət dəryasına qərq olan Qüreyşin müdrik və ürəyəyatan bir rəhbərə ehtiyacı var idi. Əbdül Müttəlib 100 dəvə bahasına oğlu Abdullahın ömrünü özünə qaytarmışdı. Abdullah atasının yanında və xalqın içində böyük hörmətə malik idi. 24 yaşında ikən onu Vəhəbin qızı Aminə ilə evləndirdi. Evlənəndən sonra Abdullah ticarət məqsədi ilə Şama yola düşdü və bir neçə aydan sonra karvan Məkkəyə qayıtdı. Əbdül Müttəlib və təzə gəlin Aminə karvanda Abdullahı görmədilər. Nəhayət, məlum oldu ki, karvan geri qayıdarkən Abdullah Mədinədə xəstələnərək vəfat etmişdir. PEYĞƏMBƏR (səlləllahu əleyhi və alihi və səlləm)-İN TƏVƏLLÜDÜ Həyatda elə şəxsiyyət olur ki, onların dünyaya gəlişi digərlərindən fərqli olaraq, istisnalıq, qeyri-adilik təşkil edir. Məsələn, Həzrət Musa (əleyhissalam)-ın dünyaya gəlməsi çox heyrətlidir. Onun gəlməsini münəccimlər Firona bildirmiş və ona izah etmişdilər ki, bu şəxs sənin ələyhinə olacaq. Bu səbəbdən yeni doğulan oğlan uşaqlarının hamısını öldürürdülər. Amma Allahın hikməti ilə Musa Fironun öz əli ilə tərbiyə olundu. Quranın "Taha” surəsində bu barədə yazılmışdır. Və yaxud Həzrət İsa (əleyhissalam)-ın anadan olması ondan da heyrətlidir. Bu haqda isə "Məryəm” surəsində məlumat verilmişdir. Eləcə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) dünyaya gələndə bəzi qeyri-adi hadisələr baş verdi: bütlər üzü üstə yıxıldı, şahlar qorxulu yuxular gördülər. Kəsranın taxt-tacı uçub dağıldı, farslarda atəşpərəstliyin min illərdən bəri sönməyən odu söndü. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) fil ilində (miladın 570-ci ilində) rəbiül-əvvəl ayının 17-də dünyaya gəldi. PEYĞƏMBƏRİN KÖRPƏLİK DÖVRÜ Anadan olandan 7 gün sonra Əbdül Müttəlib ziyafət təşkil etdi və uşağın adını Məhəmməd qoydu. Anası Aminə onu Əhməd deyə çağırırdı. O bir neçə gün anası Aminədən süd yeyib. Sonra isə Suveybə adlı bir qadın 4 ay ona süd veribdir. Ona dayəlik edən ikinci qadın Həliməyi Sədiyyə idi. Peyğəmbər bu qadına çox hörmət edib, xətrini əziz tutardı. Həmişə həmin qadın evə daxil olanda, Peyğəmbər əbasını çıxardıb yerə sərər, ona yer göstərərdi. Qeyd etməliyik ki, uşağı dayəyə vermək nəcabətli ailələrdə dəb idi. Bu da ona görə idi ki, uşaqlar daim təmiz havada olsunlar, onların inkişafı düzgün getsin. Məkkədə olan bəzi yoluxucu xəstəliklərdən uzaq və azad olsunlar. Həm də fəsih ərəb dilini mükəmməl öyrənsinlər. Peyğəmbərin təvəllüdündən 4 ay keçmişdi. Bəni Səd qəbiləsinin dayələri Məkkəyə gəldi. O il çox qəhətlik və aclıq ili idi. Bu dayələrdən Həlimə adlı birisi öz ərinə təklif etdi ki, Əbdül Müttəlibin yetim nəvəsini götürüb böyüdək. Ola bilsin ki, Allah bizə bərəkət əta edər. Həqiqətən Həlimə öz fikrində yanılmamışdı. Onlar bu yetim uşağı öz himayəsinə götürdülər. Həlimə deyirdi ki, bu ildən sonra Allah-Taala onlara bolluq, firavanlıq bəxş edibdir. Sağ döşündə heç vaxt süd olmayan Həlimə bu uşağa dayəlik etməyə başlayandan onun sağ döşündə süd əmələ gəlib çoxaldı. Bu elə özü ruzi və bərəkətin bir əlaməti idi. İSLAM PEYĞƏMBƏRİNİN UŞAQLIQ DÖVRÜ Həlimə beş il balaca Məhəmmədin tərbiyəsi ilə məşğul olandan sonra onu anası Aminəyə qaytardı. Aminə bir gün sonra oğlu ilə birlikdə həm öz ərinin qəbrini ziyarət etmək, həm də öz qohum-əqrəbasına baş çəkmək məqsədilə Mədinəyə yollandı. Bir ay Mədinədə qaldılar. Qayıdanda balaca Məhəmmədin anası Əbva kəndində vəfat etdi. Bu hadisə Əbdül Müttəlibin Məhəmmədə olan məhəbbətini daha da artırdı. Uşaqlıqdan balaca Məhəmmədin başına gələn bu hadisələr, çətinliklər Allah-Taalanın hikməti idi. Allah onu bu çətinliklərlə üzbəüz qoymaqla, ağır məsuliyyətli və şərəfli bir gələcəyə, yüksək məqama hazırlayırdı. Məhəmməd 8 yaşında ikən babası Əbdül Müttəlib vəfat etdi. Bundan sonra əmisi Əbu Talib onu öz himayəsinə götürdü. Əbu Talib ticarət məqsədi ilə Şama yola düşəndə 12 yaşlı Məhəmmədi də özü ilə apardı. Karvanın üstündə yol boyu onları bir bulud müşayiət edirdi. Karvan Şama çatmamış Busra şəhərində bir tarixi hadisə baş verdi. Orada Buheyra adında bir xristian alim yaşayırdı. O axirüz-zəman peyğəmbərin gələcəyini və onun əlamətlərini səmavi kitablardan oxumuşdu. Buheyra Məkkə tərəfindən bir karvanın gəldiyini gördü və onun da şahidi oldu ki, bu karvanın başı üstündə bir bulud hərəkət edir. Karvan onun evinə yaxın bir yerdə yerləşdi. Buheyra karvandakıları evinə dəvət etmək fikrinə düşdü. Və elə də etdi. Onları nahara evinə çağırdı. Amma bulud karvanın üzərindən tərpənməmişdi. Buheyra Əbu Talibdən soruşdu ki, sizdən karvanda qalan var? Əbu Talib cavab verdi ki, yalnız bir uşaq qalıb. Buheyra uşağın da bu məclisdə olmağını istədi. Əbu Taliblə birlikdə karvana yaxınlaşdılar. Buheyra uzaqdan gördü ki, uşaq zeytun ağacına söykənib və çox fikirli, qayğılı bir görkəmi var. Xristian alimi diqqətlə baxandan sonra Əbu Talibdən soruşdu: "Sən bu uşağın nəyisən?” Əbu Talib dedi ki, atasıyam. (Ərəblərdə əmiyə "ata” da deyirlər). Buheyra dedi ki, bu uşaq gərək yetim olsun. Uşağın əmisi daha heç nə demədi. Buheyra uşağın qarşısında dayanıb ona dedi ki, sənə bir neçə sualla müraciət edəcəyəm, amma "Lat” və "Üzza” xatirinə düzgün cavab ver! Balaca Məhəmməd dedi ki, mən heç vaxt yalan danışmıram və Lat və Üzzadan acığım gəlir. Lat, Üzza nədir? Buheyra yenə soruşdu ki, sən nəyi çox sevirsən və nəyin haqqında çox fikirləşirsən? Məhəmməd çavab verdi ki, mən təkliyi sevirəm və aləmin yaradılışı barəsində çox fikirləşirəm. Xiristian alimi uşağın çiynindəki Peyğəmbərlik nişanəsini görəndən sonra üzünü Əbu Talibə tutub dedi: "Bu uşaqdan muğayat olun! Əgər yəhudi qövmü bilsə, onu öldürər.” Yenə davam etdi ki, bu uşağın parlaq gələcəyi var və səmavi kitabların sonuncu Peyğəmbər haqqında xəbər verdikləri şəxs bu uşaqdır. |