HULAKU XANIN SUALI
Hulaku xan, 656-cı ildə Bağdadı fəth edərkən, əmr edir ki, bütün alimlərdən soruşulsun: Ədalətli hakim üstündür yoxsa, zalim müsəlman hakim?
Bütün alimlər "Müstənsəriyyə" adlı mədrəsədə cəm olurlar. Sualı oxuyurlar. Amma cavab verməkdən çəkinirlər. Bu məclisdə, Rəziəddin Əli ibni Tavus da var idi. Alimlər ona böyük hörmət edirdilər. Elə ki, görür alimlər suala cavab verməkdən çəkinirlər, əlinə qələm alıb bu şərhlə yazır: "Ədalətli kafirin zalim müsəlmana üstünlüyü var."Bu həmin hədisə işarədir ki, İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Hökumət, hakim kafir də olsa, ədalətlə rəftar edərsə, qalacaq. Hakim müsəlman da olsa, ədalətsiz olsa, hökumət qalmaz!”(Şərhi risalətul-hüquq, Qapançı, cild.1, səh.382 )
HÖKUMƏT MƏSƏLƏLƏRİNƏ ELM VƏ AGAHLIQ
İslam hakiminin ən yaxşı xüsusiyyətlərindən biri, hökumət məsələlərindən agahlığıdır. Əvvəlcədən, Talutun əhvalatında Quranın nəzəri bu idi ki, hakim bədəncə qüvvətli, cəmiyyətin idarəsində agah və alim olmalıdır. Hakimin hökumət məsələlərinə elmi, yol göstərən çırağa bənzər. Bu elm, hakimi qaranlıq məsələlərdə nicat verir.
Həkimlərdən bəzilər deyirlər: Əgər hakimin bəhrələnə biləcəyi elmi olmasa, həmlə və hücum vaxtı heç bir şeyə fikir verməyib hər şeyi dağıdan filə bənzər. Çünki, nə ağlı, nə də elmi var. Ağıl və elmin hər ikisi zülmün qarşısını alır.
Hakimin yaxşı xüsusiyyətlərindən biri də Allahdan qorxmaqdır. Allahdan qorxmaq, hər bir xeyir işin əsli və bərəkət açarıdır. Hakim, bu xüsusiyyətə malik olarsa, rəiyyət də onun əlindən əmin-amanlıqda olar. Həzrəti Əli (əleyhissalam)-ın həyatı barəsində yazırlar: "Günlərin birində Həzrət xidmətçilərdən birini səsləyir. Lakin, xidmətçi cavab vermir. Yenidən çağırır. Cavab vermir. Üçüncü dəfə çağrırır, yenə də cavab vermir. Bir nəfər içəri girib Həzrətə buyurur: Ya Əmirəl-möminin! Xidmətçi qapının dalında durub qəsdən cavab vermir!
Bu vaxt xidmətçi içəri daxil olur. Həzrət ondan soruşur: Mənim səsimi eşidirdinmi?
Cavabında: Bəli!- deyə buyurur.
Həzrət: Bəs nəyə görə cavab vermirdin?
Cavab verir: Siz tərəfdən əzabdan əmin olduğuma görə cavab vermədim!
Həzrət buyurur: Allah-taalaya şükr edirəm ki, məni, xalqın ondan amanda olan şəxs kimi qərar verib!"
Adil hakimin xüsusiyyətlərindən biri də əfv və bəxşiş əhli olub, əhalinin xırda xətalarını bağışlaya bilməsidir. Allah-taala Quranda buyurur:
"Onları əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizin (günahlarınızı) bağışlamağını istəmirsinizmi? Allah, (bəndələrini) bağışlayan və rəhm edəndir!”(Nur surəsi- 22 )
Həzrəti Əli (əleyhissalam) sözlərindən birində buyurur:
"Düşmənə qələbə etdiyin vaxt onu bağışla, bununla da qələbə nemətinin şükrünü yerinə yetirmiş olarsan!”(Nəhcül-bəlağə, Qısa kəlmələr.10 )Həzrət, Malik Əştərə yazdığı məktubda yazır:
"Heç vaxt bağışlamaqdan peşiman olma, əzab və cəza verməkdən şad olma!" Yenə də həmin məktubda yazır:
"Rəiyyəti əfv və bəxşişindən bəhrələndir. Necə ki, Allahın da sənin öz günahlarından keçdiyini istəyirsən. Çünki, sənin məqamın onlardan üstündür. Sənə bu vilayəti verən səndən üstün və Allah da sənə bu vilayəti verəndən üstündür.”(Nəhcül-bəlağə. 53-cü məktub. )
Hakimin seçilmiş sifətlərindən biri də, vədə və əhd-peymanlarına vəfadar olmasıdır. Allah-taala bu barədə buyurur:
"Əhdə vəfa edin. Çünki, (insan) əhd barəsində Qiyamət günü cavabdehdir.”(İsra surəsi-34 )
ÖLKƏNİN VƏ ƏHALİNİN GÜNDƏLİK İŞLƏRİNDƏN XƏBƏRDAR OLMAQ
Adil hakimin xüsusiyyətlərindən biri də ölkənin işlərinə agah olub, cəmiyyətdə baş verənləri bilməkdir. O cümlədən, əhalinin giriftarçılığını, çatışmamazlıqlarını və onların aradan qaldırılması yollarını bilmək lazımdır. Həzrəti Əli (əleyhissalam) bu mövzuda Malik Əştərə buyurur:
"Ey Malik! Rəiyyətlə özün arasında uzun pərdə çəkmə. Əhalinin işləri səndən gizlində qalmasın. Çünki, hakimlərin rəiyyətdən xəbərsizliyi və onların işlərinə göz yummaları, hakimin gündəlik işlərindəki nöqsanıdır. Əgər əhalinin işləri hakimə gizlin qalsa və bir-birlərindən xəbərdar olmasalar, sözsüz ki, hakim, bilməyi lazım olan işlərdən məhrum qalacaqdır. Bu da səbəb olar ki, kiçik mövzular hakimin nəzərində böyük, böyük məsələlər isə ona kiçik görünsün. Yaxşı əməl sahibinin işi qəbih, qəbih iş görən isə yaxşı şəxs kimi tanınar. Həmçinin, haqqla batil qatışıb biri digərinə oxşayar.”
Həzrət bu sözləri ilə hakimin əhali ilə sıx rabitədə olmaqına işarə edir. Hakim, cəmiyyətin bütün işlərinə alim və ölkədə baş verən hadisələrə tanış olmalıdır. Bu da hakim dairənin müvəffəqiyyətlərindən sayılır.
Bura kimi ayə və rəvayətlərdə ədalətli hakimin xüsusiyyətlərindən bəhs etmişik. İndi də cəmiyyətdə zalim və sitəmkar hakimin roluna nəzər salaq.
TÜĞYANGƏR VƏ ZALİMHAKİMLƏR
Qeyd etdik ki, Allah-taala Qurani-Kərimdə iki növ hakimə işarə edir: Adil hakimlər və nurlu rəhbərlər; Zalim hakimlər. Tüğyangər hakimləri, Quran belə bəyan edir:
"Biz onları (dünyada insanları) Cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç bir kömək edilməyəcəkdir!”(Qəsəs surəsi- 41 )
Burada qarşıya çıxan sual budur ki, peyğəmbərlərin dəvətləri insanları xeyir və səadətə dəvət etmələri olan halda, Allah-taala batil rəhbərləri necə qərar verir? Sualın cavabında demək lazımdır ki: Zalim rəhbər olmaları əslində, onların öz əməllərinin nəticəsidir. Bilirik ki, hər bir səbəbin təsiri Allahın izni ilədir. Onlar elə bir yol qarşıya alıblar ki, azğın rəhbərliklə nəticələnir. Bunun da dəlili odur ki, onlar cəhənnəmliklərin başçısıdır. Dünyada yollarını azmışların başçıları olduqları kimi Cəhənnəmdə də cəhənnəmliklərin başçısı olacaqlar. Ona görə də dünya və axirətdə Allahın lənətində qərar tutublar. Həmin ayənin ardınca Allah-taala buyurur:
"Bu dünyada onlara lənət damğası vurduq. (Hamı onlara lənət oxuyar.) Qiyamət günü isə onlar çirkin, iyrənc (və Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.”(Qəsəs surəsi- 42 )
Allahın lənəti, yəni, Onun rəhmətindən uzaq olmaq. Mələklərin və möminlərin lənəti isə onlara nifrinlə birlikdədir.
İlahi rəhbərlər düzgün yola dəvət edirlər. Lakin, zalim hakimlər cəhənnəm atəşinə və yolsuzluğa dəvət edirlər.
Yenə də bu iki dəstənin xüsusiyyətlərindən, İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə gəlib: Həzrət buyurur:
"Adil hakimlər, Allahın əmrini xalqın və özlərinin əmrlərinə üstün və müqəddəm bilirlər. Onun hökmünü ən üstün hökm bilirlər. Halbuki, zalim hakimlər öz hökmlərini Allahın hökmünə üstün bilib, özlərinin əmrlərini Onun əmrindən əvvəl sayırlar.”(Təfsiri Nümunə, cild.16, səh.92 )
Dünyada hər bir rəhbər, bir cəmiyyəti öz arxasınca apardığı kimi, bu kiçik dünyanın böyük təcəssümü sayılan axirətdə də belə olacaqdır. Buşr ibni Ğalib, İmam Sadiq (əleyhissalam)-dan belə nəql edir:Həzrətdən "O gün bütün insanları öz rəhbərləri ilə çağıracağıq."- ayəsinin şərhini soruşdum. Həzrət buyurdu:
Bir hakim düzgün yola dəvət edir, bir dəstə də ona cavab verirlər. Başqa bir rəhbər zəlalətə çağırır, bir dəstə də ona cavab verib çağırışına gedirlər. Birincilər behiştdə, ikincilər isə cəhənnəmdədirlər. Budur Allahın dediyi sözlərin mənası: Bir dəstə cənnətdə və bir dəstə cəhənnəmdədir!”(Təfsiri "Nurus-Səqəleyn”, cild.3, səh.192 )
İmam Sadiq (əleyhissalam) buyurur:
"Həqiqətən, zalim və sitəmkar hakimin himayəsində, haqq köhnələr, batil təzələnər. Zülm, fəsad və təcavüz aşkar olub hər yeri tutar.”(Əl-həyat, cild.2, səh.405 )
İslam Peyğəmbəri(səllləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Hər bir şeydən ötrü bəla vardır. İslam dinin də bəlası, fasid və tüğyangər hakimlərin hakimiyyətidir!”(Nəhcül-Fəsahə )
İmam Baqir (əleyhissalam) buyurur:
"Üç nəfər var ki, cəmiyyətdə və insanlar arasında ehtiramı yoxdur:
Birinci: O kəs ki, bidət qoymaq niyyətində olar.
İkinci: Zalim hakim.
Üçüncü: Öz fasiqliyini aşkar edən fasiq.”
Yuxarıdakı bəyanlardan, tüğyangər hakimin, haqqı aradan aparıb, batil və fəsadı canlandırmaqdakı rolu məlum olur.
TÜĞYANGƏR HAKİMİYYƏT, İNSANLARI NURDAN ÇIXIB ZÜLMƏTƏ DAXİL EDİR
Allah-taala Quranda buyurur:
"Allah, Ona inananların dostudur. Onları zülmətdən çıxarıb, nura tərəf yönəldər. Kafirlərin dostu isə Şeytanlardır. Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar.”
İmam Sadiq (əleyhissalam) buyurur:
"Hər kim zalim hakimin himayəsinə daxil olsa, dini yoxdur. Hər kim adil hakimə yaxınlaşsa, qorxusu yoxdur! "
İbni Əbi Yəfur nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dansoruşdum: Onların dini yoxdur, ikinci dəstənin qorxusu yoxdur?!
Buyurdu: Bəli! O dəstənin dini yoxdur. İkinci dəstənin qorxusu yoxdur. Məgər Allahın sözünü eşitməmisən buyurur: Allah, möminlərin dostudur. Onları zülmətdən nura tərəf aparır. (Əksinə, kafirin hamisi, insanı nurdan zülmətə tərəf aparır.)”(Əl-həyat, cild.2, səh.406 )
HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ XƏYANƏTKAR HAKİM
Həzrəti Əli (əleyhissalam) Fars köhfəzindəki öz işçisi, Müsqələ ibni Hübeyrə Şeybaniyə yazır:
"Səndən elə bir söz eşitmişəm ki, əgər belə bir iş görmüsənsə, Allahın qəzəbinə gəlmisən və Onun amanında deyilsən.
Mənə xəbər çatıb ki, nizələr, atların dırnaqları ilə bir yerə yığılmış, üzərinə qanları tökmüş müsəlmanların mallarını, səni seçən ərəb qohumlarının arasında bölürsən? And olsun! O Allaha ki, toxumu yardı və insanı yaratdı! Əgər bu xəbər doğrudursa, mən səndən bizarəm və mənim yanımda özünü yüngül etmisən. Belə olan halda, Rəbbinin haqqını xar etmə, dinini azaltmaqla dünyanı artırma ki, hamıdan çox ziyanda olanlardan olarsan!”
"Biharul-Ənvar”ın nəqlinə əsasən, sonra belə yazır:
"Ən böyük xəyanət, ümmətə olan xəyanət, ən böyük hiylə və sitəm hakimin xəyanətidir. Sənin yanında müsəlmanların hüququndan beş yüz min dinar var. Mənim elçim sənin yanına gələn kimi onu mənə göndər!”(Biharul-Ənvar, cild.23, səh.416 )
Bu məktubda, Müsqələ çapqınlıq əlini müsəlmanlara uzatdığına görə Əli (əleyhissalam) tərəfindən məzəmmət olunur. Həzrətin mübarək nəzərində hakimin xəyanəti ən böyük xəyanətdir.
ƏBUZƏR VƏ ONUN İSTƏYİNİN RƏDDİ
Əbuzər Ğəffaridən nəql olunur, buyurur: "İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ərz etdim: Məgər məni hökumətdə bir məqama seçmirsənmi?
Peyğəmbər (səllləllahu əleyhi və alehi və səlləm) mübarək əli ilə çiynimə vurdu və buyurdu: Ey Əbuzər! Sən zəifsən. Hökumət əmanətdir. Qiyamət günündə hökumət, peşimançılıq və rüsvayçılıqdır. Yalnız, o kəslər ki, haqlı olaraq onu almış və onda olan hüquqları əda etmişlər.”(Şərhi Risalətul-hüquq. Qapançı, cild.1, səh.374 )
Bu əhvalatda görürük ki, Əbuzər, İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-nin xüsusi əshabından sayılmasına baxmayaraq, İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur: Hökuməti idarə etmək qüdrətin yoxdur!
Hakimin hüququndan bu qədər kifayətdir. İndi də başqa hüquqlara qayıdaq.