Ədalətli qiymət istəyi Bədəvi bir ərəb İslam peyğəmbərinin hüzuruna gəlib ərz etdi: "Satmaq üçün bir neçə dəvə gətirmişəm, amma Mədinə bazarının qiymətindən xəbərsizəm. Qorxuram məni aldadalar. Yaxşı olar mənimlə gələsən və sənin nəzarətin altında dəvələri satam.” Peyğəmbər (s) buyurdu: "Dəvələrini bir-bir mənə göstər.” Kişi dəvələri gətirdi və peyğəmbər dəvələrə qiymət qoydu. Ərəb dəvələri bazara apardı və peyğəmbər dediyi qiymətə satıb geri qayıtdı. Peyğəmbərə (s) dedi: Mənə yol göstərdin, istədiyimdən də artıq qiymətə satdım. İndi dəvələrin pulundan nə götürürsən götür.” Peyğəmbər (s) buyurdu: "Bir şey istəmirəm.” Ərəb dedi: "Məndən bir hədiyyə qəbul et.” Peyğəmbər (s) buyurdu: "Buna ehtiyac yoxdur.” Ərəb israr etdi. Peyğəmbər (s) buyurdu: "Beləsə mənə süd verən balalı dəvə gətir.("Qələm”, 4 ) Peyğəmbər (s) səhabələri ilə birlikdə səfərə çıxmışdı. Onlara buyurdu ki, bir keçi kəssinlər. Səhabələrdən biri dedi: "Keçini kəsmək mənim öhdəmə”. Başqa biri "onu soymaq mənim öhdəmə” söylədi. Üçüncü səhabə yemək bişirməyi öhdəsinə götürdü. Peyğəmbər (s) buyurdu: "Çırpını da mən yığaram.” Səhabələr dedilər: "Ya Rəsuləllah! Siz özünüzü zəhmətə salmayın. Çırpını biz yığarıq. Həzrət buyurdu: "Mən bilirəm ki, siz bu işləri həvəslə görürsünüz. Amma Allah-təala bir işlə məşğul olan topluma kömək etməyən bəndəsini xoşlamır.”(Şərəfun-nəbiyy”, 74 ) Rəvayətdə deyilir: Bir gün Allahın rəsulu Cabir ibn Abdullahla yola çıxmışdı. Peyğəmbər (s) Cabirin dəvəsinə işarə ilə buyurdu: "Bu dəvəni mənə sat.” Cabir dedi: "Atam-anam sənə fəda, dəvə sənin olsun.” Həzrət buyurdu: "Yox, onu satmağını istəyirəm!” Cabir dedi: "Elə isə satıram.” Peyğəmbər Bilala göstəriş verdi ki, dəvənin qiymətini Cabirə ödəsin. Cabir dedi: "Ya Rəsuləllah! Dəvəni kimə verim?” Həzrət buyurdu: "Dəvə də, onun qiyməti də sənin olsun. Allah bu alış-verişi sənin üçün bərəkətli buyursun.”("Şərəfun-nəbiyy”, 75 ) Əmirəl-möminin (ə) əxlaqı haqqında Əmirəl-mömininin (ə) orta həddi gözləməsi Əmirəl-möminin (ə) xurma satanların yanından ötürdü. Birdən gözü yaşlı bir kəniz gördü. Buyurdu: "Nə üçün ağlayırsan?” Kəniz dedi: "Ağam məni xurma almaq üçün göndərmişdi. Bu şəxsdən xurma alıb evə apardım. Amma ağam bəyənmədi. İndi isə geri qaytarmaq istəmir.” Həzrət xurma satana dedi: "Ey Allahın bəndəsi! Bu adam sadə bir xidmətçidir. O öz ixtiyarında deyil. Dirhəmini qaytar, xurmanı al.” Xurma satan ayağa qalxıb həzrətə əl qaldırdı. Camaat səs-küy saldı. Xurma satanı qınayıb dedilər: "Nə etdin, bu ki, Əmirəl-möminindir (ə)!” Kişi elə qorxuya düşdü ki, nəfəsi tutuldu, rəngi saraldı. Xurmanı kənizdən alıb pulunu qaytardı. Sonra dedi: "Ey Əmirəl-möminin (ə), məni bağışla.” Həzrət buyurdu: "Sənin özünü islah etməyin məni daha çox razı salır.” Yəni xalqın haqqını ödəsən səndən razı qalaram.(Şərəfun-nəbiyy”, 79 ) Əmirəl-möminin (ə) Ləbi ibn Fütarit Təminin həbsi üçün məmur göndərdi. Məmurlar onu tutsalar da Nəim ibn Dəcacə Əsədi onlara mane oldu. Əmirəl-möminin (ə) bu dəfə Nəimin həbsi üçün məmur göndərdi. Məmurlar Nəimi tutub imamın hüzuruna gətirdilər. Həzrət ona cəza təyin etdi. Nəim dedi: "Bəli, and olsun Allaha, səninlə olmaq çətindir, səndən qaçmaq küfr!” İmam buyurdu: "Səni bağışladım. Allah buyurur ki, pisliyi yaxşılıqla aradan qaldır.”("Şərəfun-nəbiyy”, 608 ) İsar (ehtiyac duyduğun şeydən bağışlamaq) zirvəsi Əmirəl-möminin (ə) bir sıra işlərə xatir Məkkəyə daxil oldu. Gördü bir ərəb Kəbənin pərdəsinə sarılıb deyir: "Ey ev sahibi ev sənin evindir, qonaq sənin qonağın! Ev sahibinə qonağın qəbulu üçün vasitə var. Bu gün mən qonağı istiqbalın məni bağışlamağın olsun.” Əmirəl-möminin ətrafındakılara dedi: "Onun sözlərini eşitdinizmi?” Dedilər ki, bəli. Həzrət buyurdu: "Allah çox böyükdür və qonağını əli boş qaytarmaz.” Həzrət ikinci dəfə də həmin şəxsi Kəbə pərdəsindən yapışmış vəziyyətdə gördü. O deyirdi: "Ey izzət içində olan əziz! Səndən izzətlisi yoxdur! Məni izzətinə xatir kimsə bilməyən izzətə çatdır! Sənə üz tutub vasitə axtarıram. Məhəmməd və ali Məhəmməd xatirinə, mənə kimsənin əta etmədiyi bir şey əta et. Kimsənin məndən uzaqlaşdıra bilməyəcəyini məndən uzaqlaşdır.” Ravi deyir: Əmirəl-möminin (ə) ətrafındakılara buyurdu: "And olsun Allaha! Bu cümlələr Allahın daha böyük adının siriyani ifadəsidir. Həbibim peyğəmbər mənə bu barədə xəbər verib. Bu gecə ərəb Allahdan behişt istədi, Allah da əta buyurdu. Cəhənnəm odundan uzaqlıq istədi, Allah da onu Cəhənnəm odundan uzaq etdi!” Üçüncü gecə də ərəb eyni vəziyyətdə deyirdi: "Ey məkana sığmayan Allah! Heç bir məkan sənsiz deyil. Bu ərəbə dörd min dirhəm yetir.” Əmirəl-möminin (ə) qabağa çıxıb dedi: "Ey ərəb! Allahdan istiqbal istədin istiqbal etdi, behişt istədin behişt verdi, qurtuluş istədin qurtuluş əta etdi. Bu nədir dörd min dirhəm istəyirsən?” Ərəb dedi: "Sən kimsən?” Həzrət buyurdu: "Mən Əli ibn Əbi Talibəm.” Ərəb dedi: "And olsun Allaha, istəyim sənin əlinlə yerinə yetər.” Həzrət buyurdu: "Ey ərəb! Məndən istə.” Ərəb dedi: "Mehriyyə üçün min dirhəm, borcumu ödəmək üçün min dirhəm, ev almaq üçün min dirhəm, dolanışıq üçün min dirhəm istəyirəm.” Həzrət buyurdu: "Ey ərəb! Öz istəyində insaflı oldun! Məkkədən çıxıb Mədinəyə çatanda mənim evimi soruş.” Ərəb bir həftə Məkkədə qaldı. Sonra Əmirəl-mömininin (ə) ardınca Mədinəyə getdi. Həzrətin evini soruşdu. İmam Hüseyn (ə) buyurdu: "Mən səni Əmirəl-mömininin (ə) evinə apararam. Mən onun oğlu Hüseynəm.” Ərəb dedi: "Atan kimdir?” Hüseyn dedi: "Əmirəl-möminin Əli ibn Əbi Talib (ə).” Sonra ərəb imam Hüseynin (ə) anasını soruşdu. İmam cavab verdi ki, anam Fatimeyi Zəhra (s.ə.) dünya xanımlarının xanımıdır. Ərəb növbə ilə imam Hüseyndən (ə) onun cəddini, nənəsini, qardaşını soruşdu. İmam buyurdu ki, cəddim peyğəmbərdir, nənəm Xədicədir, qardaşım Həsəndir. Ərəb dedi: "Dünya sənin əlindədir! Əmirəl-mömininin yanına get, de ki, Məkkədə vəd verdiyin ərəb gəlib.” İmam Hüseyn atasının yanına gedib ərəb haqqında məlumat verdi. Əmirəl-möminin (ə) xanım Fatiməyə (s.ə.) buyurdu: "Bu ərəbə verməyə bir şeyimiz varmı?” Fatimə (s.ə.) buyurdu: "Yox.” Əli (ə) libasını geyib evdən çıxdı və buyurdu ki, Salman Farsini çağırsınlar. Salman gəldi. Həzrət buyurdu: "Ey əba Əbdullah. Peyğəmbərin mənə verdiyi bağı satışa çıxar.” Salman bazara gedib bağı on iki min dirhəmə satdı. İmam ərəbi çağırıb ona dörd min dirhəm verdi. Xərclik üçün də qırx dirhəm əlavə etdi. Əlinin (ə) bəxşişindən xəbər tutan Mədinə yoxsulları onun evinə axışdı. Ənsardan bir şəxs xanım Fatimənin (s.ə.) evinə gedib məsələni ona danışdı. Xanım ona dua etdi. Əli isə oturub ovuc-ovuc pul paylayırdı. Beləcə, özünə bir dirhəm də qalmadı...(Mənaqib”, 2-212; "Biharul-ənvar”, 41-48, bab 104, hədis 1 ) Cəməl savaşı başa çatdıqdan sonra Təlhənin oğlu Musanı Əmirəl-mömininin (ə) yanına gətirdilər. Həzrət buyurdu: "Üç dəfə "əstəğfirullahə və ətubu iləyh” söylə.” Musa belə də etdi. Həzrət onu azad edib buyurdu: "İstədiyin silah və miniyi götür, istədiyin yerə get. Allahdan qorx və evdə otur.”("Kafi”, 7-268 ) Əmirəl-möminin (ə) ölkənin vəziyyətindən, xüsusi ilə yetimlərdən və ehtiyaclılardan tam xəbərdar olsa da, bəzən öz valilərinə və İslam ümmətinə ibrət olsun deyə qeyri-adi işlər görürdü. Bir gün çiynində su məşki aparan qadın gördü. Məşki ondan aldı və onu istədiyi yerə apardı. Qadından vəziyyətini soruşdu. Qadın dedi: "Əli ibn Əbi Talib ərimi sərhədə göndərdi, ərim orada dünyasını dəyişdi. İndi yetim uşaqlarla qalmışam, onları dolandırmağa bir şeyim yoxdur. Məcbur qalıb başqaları üçün işləyirəm.” Əmirəl-möminin (ə) evə gəlib gecəni çox narahat keçirdi. Sübh vaxtı bir zənbil təam götürüb qadının evinə yola düşdü. Ətrafındakılar zənbili ondan almaq istəsələr də həzrət imtina edib buyurdu: "Qiyamət günü mənim ağır yükümü kim daşıyacaq?” Həzrət qadının qapısını döydü. Qadın dedi: "Kimdir?” Həzrət buyurdu: "Sənin üçün su məşkini gətirən həmin qulam. Qapını aç, uşaqlarına ərzaq gətirmişəm.” Qadın dedi: "Allah səndən razı olsun, mənimlə Əli arasında hökmünü versin!” Həzrət daxil olub buyurdu: "Savab qazanmaq istəyirəm. Mənə bir iş de: xəmir edim, çörək bişirim, yoxsa uşaqları saxlayım?” Qadın dedi: "Mən çörək bişirim, sən uşaqları saxla.” Qadın deyir: "Mən çörək bişirməyə getdim, Əli yemək bişirib uşaqları yedirməyə başladı. O uşaqların ağzına bir tikə qoyub deyirdi: "Övladlarım, başınıza gələnlərə görə Əlini halal edin!” Xəmir hazır olandan sonra qadın dedi: "Ey Allah bəndəsi, təndiri qala.” Əli təndiri qalayıb üzünü onun istisinə tutdu. Hərarəti hiss edib dedi: "Ya Əli! Yaxşı dad, bu dul qadın və yetimlərin haqqını tapdayanın cəzasıdır!” Qəfildən qonşu qadınlardan biri Əlini (ə) görüb tanıdı və ev sahibəsinə dedi: "Vay olsun sənə! Bu ki, Əmirəl-möminindir (ə).” Qadın həzrət Əliyə yaxınlaşıb dedi: "Sizdən xəcalətli oldum, ey Əmirəl-möminin (ə)!” Həzrət buyurdu: "Mən səndən də çox xəcalətliyəm, sənə münasibətdə səhlənkar olmuşam.”(Səduq, "Əmali”, 467 ) Həzrət Əli (ə) Kufədə bazardan xurma alıb onu ətəyində evə aparırdı. Onu görənlər yaxınlaşıb deyirdi: "Ya Əmirəl-möminin! Verin biz götürək. Həzrət buyururdu: "Ailə-övladı olan kəs onlar üçün yük daşımağa daha layiqdir.”("Mənaqib”, 2-114; "Biharul-ənvar”, 41-50, bab 104, hədis 2 ) Əmirəl-möminin Əli (ə) beş vaxt ayaqqablarını çıxarıb sol əlində tutar və ayaqyalın hərəkət edərdi: fitr bayramı günü, qurban bayramı günü, cümə günü, xəstəni yoxlayan zaman, dəfn zamanı. Həzrət buyurardı: "Bu beş yer Allaha məxsusdur və Allaha məxsus olan yerdə ayaqyalın qalmaq istəyirəm.”("Mənaqib”, 2-115; "Biharul-ənvar”, 41-51, bab 104, hədis 3 ) |