ÖN SÖZ (Ey Sahibəz-zaman, fəryada çat!) İmam Mehdi (əc.) ilə tanışlıq Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yoldur. "Allahı istəyən sizdən başlayar, onun birliyinə inanan yalnız sizin sözlərinizi qəbul edər, ona dоğru getmək istəyən sizə üz tutar”(İmam Hadidən (ə) nəql olunan "Camiə kəbirə" ziyarətnaməsi. ). İmam Zamanla (əc.) tanışlıq onu sevməyin, onu sevmək isə Allahı sevməyin başlanğıcıdır. "Sizi sevən Allahı sevmişdir"(Yenə orada. ). Hәzrәt Mehdiylə (əc.) tanışlıq cahiliyyət boyunduruğundan qurtuluş yoludur. Dini, Quranı və bütün ilahi təlimləri yalnız onu tanımaqla öyrənmək olar. Onu tanımadan dini öyrənmək, Quranı başa düşmək, İslam maarifini anlamaq və cahiliyyətdən xilas olmaq mümkün deyil. Məhəmməd peyğəmbər (s) buyurmuşdur: "Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür"(Biharul-ənvar, c. 22, səh: 331, hədis: 317. ). İmam Mehdiylə (əc) tanışlıq hidayət olunmaq və haqdanazmadan qurtulmaq üçün ən möhkəm vasitədir. "İlahi, öz höccətini mənə tanıtdır. Əgər tanıtdırmasan, dinin yolunu azaram".(Yenə orada, c. 53, səh: 187, hədis: 18. ) İmam Zamanı (əc) tanımadan onun yolunu tanımaq, onun yolunu tanımadan şəriəti tanımaq, şəriəti tanımadan isə dünya və axirət səadətinə nail olmaq mümkünsüzdür. İmam Mehdini (əc.) tanımaq, onun məqsəd və amallarını öyrənmək və ona köməkçi olmağa hazırlaşmaq lazımdır. Çünki o, zamanın yeganə imamı və bəşəriyyətin nəzarətçisidir. O, Allahın yer üzündə saxladığı yeganə höccəti, peyğəmbərlər sülaləsinin pak gövhəri və məsum imamlar nəslinin bircə yadigarıdır. Onun qəribə həyatı, sirlə dolu qeybolması, möcüzəli uzun ömrü və aləmə yeni həyat bəxş edəcək nurlu zühuru, hamılıqla, nəinki bəşər tarixinin ən səmərəli və misilsiz dövrünün, həm də bütün yaranış tarixinin ən uca və əhəmiyyətli hissəsinin, yəni "Ümumdünya Tövhid hakimiyyətinin" müqəddiməsidirlər. O günün ümidiylə! Samirə şəhərinə hakim kəsilən qorxunc mühitdə, zalım Abbasi hökuməti casuslarının gözlərindən uzaq, hicri 255-ci il şəban ayının 15-i (Miladi tarixi ilə 868-ci ildə) cümə gününün alatoranlığında İmam Həsən Əsgərinin (ə) kiçik evində vilayət səmasının sonuncu ulduzu doğdu.(Yenə orada, c. 51, səh: 3-4. ) O, viladətinin ilk anlarında Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdi, yeddinci gündə isə, atasının qucağında ikən Qurani-kərimin bu ayəsini tilavət etdi: و نريد ان نمن على الذين استضعفوا فى الارض و نجعلهم ائمة ونجعلهم الوارثين "Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmt göstərək, onları öndə gedənlər və varislər edək"(Qəsəs/5. ). Peyğəmbərin (s) vəsiyyətinə və müjdəli hədislərə müvafiq olaraq, onun adını Məhəmməd qoydular. Təkcə Peyğəmbərə (s) oxşayan gözəl çöhrəsilə yox, həm də adı və məramıyla Allahın böyük və sonuncu elçisini, öz əziz babasını xatırlatsın deyə, onu Məhəmməd adlandırdılar. Elə məhz ona görə də künyəsini Əbül-Qasim qoydular; baxmayaraq ki, sonralar Əbu Cəfər, Əbu Əbdillah və Əbu Saleh künyələri də buna əlavə olundu. Mehdi, Qaim, Müntəzər, Sahibül-əsr, Sahibül-əmr, Sahibəz-zaman, Höccətul-lah, Mənsur, Xələfüs-saleh və Movud, hədis, dua və tarix kitablarında İmam Mehdi (əc.) üçün göstərilən ən məşhur ləqəblərdir. Həzrət Əbu Məhəmməd İmam Həsən Əsgəri (ə) öz şərəfli ömrünün iki onilliyi ərzində əzab və çətinlikdən başqa bir şey görməmiş, zalım Abbasi xilafətinə qarşı apardığı mübarizədə daim həbs və sıxıntılara məruz qalmışdı. O, bərəkətli ömrünün iyirmi üçüncü ilində, özünün ilk və son övladının dünyaya gəlməsi ilə Allahın qəti vədəsinin həyata keçməsinə sevinərək, səhabələrinə buyurdu: "Zalımlar məni öldürməklə bu nəsli kəsəcəklərini düşünürdülər. İndi onlar Allahın qüdrətinə necə baxırlar?!"(Biharul-ənvar, c. 51, səh. 4. ) Həzrət Mehdinin (əc.) doğulmasıyla İmam Həsən Əsgərinin (ə) imamlığının ən həssas və həyəcanlı dövrlərindən biri başlandı. O həzrət hökumət məmurlarının güclü təzyiqinə baxmayaraq, ən tədbirli üsullarla və ən etibarlı səhabələrinin köməyi ilə bütün şiələri və Əhli-beyt dostlarını Mehdinin döğulmasından xəbərdar etməyə və müxtəlif münasibətlərdə onları özündən sonrakı imamla tanış etməyə çalışmışdır.(On ikinci imamın viladəti və imamətinin bəyan olunması üslubu o qədər dəqiq işlənilmişdir ki, hətta qeyri-şiələr belə onu inkar etməyə qadir deyillər. Dəyərli "Müntəxəbül-əsər" kitabında (səh: 322-341), öz əsərlərində onu etiraf edən 65 sünni aliminin adı qeyd olunmuşdur. ) Romanın ən böyük dini-ictimai şəxsiyyətlərindən ikisinin övladı olan Məleykə xanım həzrət Mehdi üçün ana olmaq şərəfinə nail olmuşdur. Onun atası Roma imperatorunun oğlu Yəşua, anası isə İsa peyğəmbərin canişini olan Şəmunun nəvələrindən idi. Onun, imperatorun nəvələrindən biri ilə qərarlaşdırılan toy mərasimi çox qəribə surətdə dağıldıqdan sonra yuxuda Peyğəmbəri (s) görüb İslam dinini qəbul etdi. O, döyüşlərin birində romalı əsirlərin içinə girib, özünü Abbasi xilafətinin paytaxtına çatdırdı. Orada İmam Hadi (ə) tərəfindən göndərilən Bişr ibn Süleyman tərəfindən alınıb, imamın evinə gətirildi və İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı oldu. Onun adı Nərcis, Süsən, Reyhanə və Səqil kimi göstərilmişdir.(Müntəxəbül-əsər, səh: 320. ) Onun imanı, iffəti, paklığı, gözəl davranışı və əxlaqı elə bir həddə idi ki, imam övladı, imam bacısı və imam bibisi olan Həkimə xatun ona xüsusi hörmət göstərir və İmam Hadi (ə) həmişə onun haqqında gözəl sözlər söyləyərdi. Hələ çox öncə həzrət Əmirəl-möminin, İmam Sadiq (ə) və İmam Məhəmməd Təqi (ə) onu"خيرت الإ ماء" (kənizlərdən seçilmiş) və "سيدت الإماء" (kənizlərin sərvəri) adlandırmışlаr. Hamiləlik dövründə İmam Mehdinin (əc.) anasında heç bir əlamət müşahidə olunmadı. Yalnız sonuncu gecə İmam Həsən Əsgəri (ə) həzrət Həkiməyə buyurdu: "Ey bibi, bu axşam bizimlə iftar elə. Bu gecə Allah-taala öz höccətini dünyaya gətirməklə səni sevindirəcəkdir"(Yenə orada, səh: 323. İmam Mehdinin (əc.) anası 258-ci ildə vəfat etmişdir. ). İMAMLIQ DÖVRÜNÜN BAŞLANMASI İslam ümmətinin on birinci məsum rəhbəri 28 yaşında ikən zalım Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlənib şəhid edildikdə, həzrət Mehdi (əc.) beş yaşlı bir uşaq idi(İmam Həsən Əsgərinin (ə) həyatı; İrşad, səh: 383. ). Onun uşaq ikən imamlığa başlaması isә, ilahi möcüzəni və Allahın bütün məsum imamların vücudunda qoyduğu heyrətamiz qüdrəti nəzərə almaqla, qətiyyən şübhəli və qəribə görünməməlidir. Tarixdə dəfələrlə buna bənzər hadisələr baş vermişdir. Hamının qəbul etdiyi bu nümunələrdən biri Yəhya peyğəmbərin haqqındadır. Allah-taala Qurani-kərimdə buyurur: ""و آتيناه الحكم "Və uşaq ikən ona peyğəmbərlik verdik"(Məryəm/12. ). Həzrət İsa peyğəmbərin beşikdə dil açıb danışması haqda isə belə buyurulur: قال انى عبدالله آتاني الكتاب وجعلنى نبيا "Dedi: "Mən Allahın bəndəsiyəm. O mənə kitab vermiş və məni peyğəmbər etmişdir"(Məryəm/30.). İmam Mehdinin (əc.) dоğulmasının düşmən və müxaliflərdən gizli qalmasına bais olan amillər, onun qeybə çəkilməsinə də səbəb olmuşdur. Bəzi rəvayətlərdə İmam Mehdi (əc.) həzrət Musa peyğəmbərə bənzədilmişdir.(Müntəxəbül-əsər, səh:301. ) Fironun adamları Musanı məhv etmək üçün o dövrün hamilə qadınlarına və südəmər körpələrinə hücum edib, bütün oğlan uşaqlarını vəhşicəsinə öldürmüşlər. Abbasilər də öz hakimiyyətlərini qorumaq və bütün zalımları məğlub edəcək son canişinin meydana çıxmasının qarşısını almaq məqsədilə istənilən cinayətə hazır idilər. Hicri 260-cı ildə həzrət Mehdi (əc.) öz hücrəsindən çıxıb, əmisi Cəfər-kəzzabı (kəzzab: yalançı) kənara itələyərək atasının meyit namazını qıldıqdan(Yənabiul-məvəddəh, səh: 461; Kəmalüd-din. Bəzi kitablarda isə belə yazılmışdır: "Əbu İsa ibn Mütəvkkil Mötəmid Abbasinin əmri ilə imama namaz qıldı". ) və bununla da öz imamlığının başlanmasını elan etdikdən sonra hökumət məmurları yeni planlar qurub, onu da şəhid etmək qərarına gəldilər. Allah-taala özünün sonuncu höccətini düşmənlərin məkrindən qorumaq üçün, öz tükənməz qüdrəti ilə onu elə imamlığının əvvəlindən qeybə çəkmişdir. يريدون ليطفئوا نورالله بأفواههم والله متم نوره ولو كره الكافرون "Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər xoşlamasalar belə, Allah öz nurunu kamala yetirəsidir!"(Səff/8. ) QONDARMA "SƏRDABƏ DASTANI" Samirədə İmam Hadi və İmam Həsən Əsgərinin (ə) müqəddəs məqbərəsi yanında bir sərdabə vardır. Bu sərdabə üç imamın - İmam Hadi, İmam Həsən Əsgəri, və İmam Zamanın (ə) namaz qıldıqları yer olduğuna görə, şiələr tərəfindən müqəddəs yer kimi ehtiram olunur. Lakin təəssüf ki, əhli-sünnə məzhəbinin bəzi tarixçi və yazarları öz əsərlərində İmam Mehdinin (əc.) orada gizlənməsinə dair uydurma hekayə yazır və şiələri, öz imamlarının oradan çıxmasını gözləməkdə ittiham və məsxərə edirlər(Süveydi, İbn Həcər, İbn Teymiyyə və Abdullah Füseymi belələrindəndir. Ətraflı məlumat üçün bax: "Həyatul-İmam əl-Mehdi (əc.)". ). Bu hörmətsizliklərə cavab olaraq, şiə alimləri dəlil-sübutlarla onların bu yanlış düşüncələrini rədd etmişlər. Biz burada yalnız mərhum Əllamə Əmininin "əl-Qədir" kitabında yazdığı cavabla kifayətlənirik: "...Sərdabə iftirası isə daha çirkin iftiradır. Ümumiyyətlə, şiələr imamın sərdabədə qeyb olması fikrində deyillər. Nə onlar imamı qeybə çəkiblər və nə onlar onu sərdabədən zühur etdirəcəklər! Əslində şiələr hədislərə əsaslanaraq, onun Məkkədə Kəbənin qarşısında zühur edəcəyinə inanırlar və heç kim zühurun sərdabədə baş verəcəyini söyləməmişdir... Heç olmasa, bu uydurmanı qoşanlar öz yalanlarında sözübir olsaydılar, onun qondarma olması əlamətlərinə görə bu qədər rüsvay olmazdılar. Belə ki, onların bəzisi оnun Bağdadda, bəzisi isə Samirədə olduğunu göstərmiş, bir qrup isə yerindən xəbərsiz olduğunu bildirmişdir.”(əl-Qədir, c.3, səh:309.) İmam Mehdinin (əc.) kiçik qeyb dövrü hicri 329-cu ilədək davam etmişdir(Müntəxəbül-əsər, səh:358. ). Bu 69 il ərzində o, düşmənlərdən gizli yaşasa da, özünün dörd böyük səhabəsi ilə daim əlaqə saxlamışdır. Bu dörd naib xalqın sual və problemlərini imama və imamın cavablarını da onlara çatdırmışlar: Osman ibn Səid Əmri: On bir yaşından İmam Hadinin (ə) xidmətində olmuşdur. Mütəvəkkil və digər zalım hakimlərin olduqca ağır və qorxulu hakimiyyəti illərində yağ satmaq adı ilə İslam maarifinin şiələrə ötürülməsində çox böyük rol oynamışdır. Əvvəlki iki imamın vəkil və naiblərindən olan Osman, həzrət Mehdinin ilk xüsusi naibi (vasitəsiz nümayəndəsi) olmuşdur. O, hicri təqvimi ilə 300-cü ildə vəfat edib, Bağdadda dəfn olunmuşdur(Həyatul-İmam əl-Mehdi, Qürəşi, səh:121-123; Biharul-ənvar, c.51, səh:. 344.). Məhəmməd ibn Osman Əmri: Atasının vəfatından sonra İmam Mehdinin (əc.) xüsusi naibi olmaq şərəfinə nail olmuşdur. Fiqh və hədis elmlərində bir neçə kitab yazmış Məhəmməd, dəfələrlə imam tərəfindən tərif və təsdiq olunmuşdur. Həzrət Mehdi (əc.) onun barəsində buyurmuşdur: "O, mənim inanıb etimad göstərdiyim şəxsdir. Onun yazdığı mənim yazdığımdır"(Tənqih əl-muqal, c.3, səh: 149. ). O, hicri tarixi ilə 305-ci il cəmadil-əvvəl ayının sonunda dünyadan köçmüşdür. Hüseyn ibn Ruh Novbəxti: Məhəmməd ibn Osman öz vəfatından bir müddət qabaq imamın əmrilə Hüseyn Novbəxtinin naib olacağını elan etdi. O, böyük alim, təqva və fəziləti ilə məşhur olan bir insan idi. Nəql olunmuş elmi mübahisələri onun elminin çoxluğundan və mənəvi qüdrətindən xəbər verir. Hüseyn ibn Ruh Novbəxti o qədər iradəli və dözümlü idi ki, onunla bir zamanda yaşamış alimlərdən biri deyir: "Əgər düşmənlər onu tikə-tikə doğrasalar da, heç zaman İmam Zamanın (əc.) yerini bildirməz.”(Məraqidül-məarif, c. 1, səh: 25. ) O, 21 il xüsusi naiblik etdikdən sonra 326-cı ildə vəfat edib, Bağdadda dəfn olundu(Müntəxəbül-əsər, səh: 393.). Əli ibn Məhəmməd Seymuri:("Səmuri" daha düzgün nəzərə çarpır (müt.). ) Əli ibn Məhmmədin şəxsiyyətinin əzəmətinə dair bu kifayətdir ki, "Kafi" kitabının müəllifi Məhəmməd ibn Yəqub Küleyni kimi böyük elm və təqva nümunələrinin və görkəmli tədqiqatçıların olduğu bir zamanda, yalnız o, İmam Mehdinin (əc.) xüsusi naibi olmaq şərəfini qazanmışdır. Ölümündən altı gün qabaq İmam Mehdi (əc.) ona yazdığı məktubunda ölümü barədə xəbər vermiş və böyük qeyb dövrünün başlanmasını bildirmişdir(Biharul-ənvar, c. 51, səh: 361) Əli ibn Məhəmməd 329-cu il şəban ayının 15-də Allahın rəhmətinə qovuşmuşdur(Yenə orada, səh: 360. ) |