DӘSTӘMAZ VӘ ONUN ALINMA QAYDASI Dəstəmazı batil edən şeylər: Aşağıda qeyd olunan işlərin hər hansı birindən sonra namaz üçün dəstəmaz almaq vacibdir. Bunlar "dəstəmazın səbəbləri” və ya "dəstəmazı batil edən şeylər” adlanır. 1)-Sidiyin xaric olması; 2)-İfrazatın xaric olması; 3)-Mədə yelinin ğait məxrəcindən xaric olması; 4)-Yatmaq; (bu şərtlə ki, göz görməyə və qulaq da eşitməyə.) 5)-İnsan ağlının aradan getməsi; (dəlilik, məstlik və huşdan getmək kimi) 6)-Qadınların istihazə halına düşməsi; 7)-Qüslə səbəb olan hər hansı bir iş; (cənabət, heyz, nifas və sair) 1. Niyyət etmək: "Dəstəmaz alıram qürbətən iləllah” sözlərini qəlbdən keçirtmək. 2. Üzü alının tük bitən hissəsindən çənəyə qədər yuxarıdan aşağıya doğru, eni isə əlin baş barmağından orta barmağına qədər məsafə qədərində yumaq. (Şəkil 1) 3. Sağ qolu sol əlimizlə dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq. Әgər aşağıdan yuxarı yuyulsa, dəstəmaz batildir. (Şəkil 2) 4. Sol qolu sağ əlimizlə dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq. Әks təqdirdə isə dəstəmaz batil olur. (Şəkil 3) 5. Sağ əlimizin yaşı ilə (suya əl vurmazdan) başın qabaq hissəsindən alına tərəf əl ilə məss çəkmək. Bu şərtlə ki, məssin rütubəti alında olan üzün suyuna qarışmasın. (Şəkil 4) 6. Sağ əlin rutubəti ilə sağ ayağın baş barmağının ucundan, ayağın üstündəki dik yerə qədər əl ilə məss çəkmək. (Şəkil 5-6) 7. Sol əlin rutubəti ilə sol ayağın baş barmağının ucundan, ayağın üstündəki dik yerə qədər əl ilə məss çəkmək. (Şəkil 7-8) İstibra müstəhəb bir əməldir ki, kişilər bovl xaric olandan sonra (bovl kanalını tam təmizləmək üçün) yerinə yetirirlər. Bunun bir neçə yolu vardır. Әn yaxşısı budur ki, bovl kəsiləndən sonra əgər qaitin məxrəci nəcisdirsə, əvvəlcə onu paklasın, sonra üç dəfə sol əlin orta barmağı ilə qaitin məxrəcindən alətin dibinə qədər çəksin, sonra baş barmağı alətin üstünə, onun yanındakı barmağı isə alətin altına qoyub üç dəfə dəllək kəsən yerə qədər sıxaraq, daha sonra alətin başını üç dəfə sıxsın. Dəstəmaz barədə lazımı məsələlər 1. Dəstəmaz, eləcə də bütün vacib və müstəhəb əməllərdə niyyət edib qəlbdən keçirməliyik: Bu əməli yerinə yetirirəm «qürbətən iləllah». İlləllah demək isə tam əks məna verir, bu barədə diqqətli olmaq lazımdır. 2. Dəstəmaz başqa niyyətlə, məsələn sərinləmək və ya özünü başqasına göstərmək üçün olsa batildir. 3. Dəstəmazda hər iki əlin (qolun) tamamilə yuyulmasına yəqin etmək üçün bir az dirsəkdən yuxarı hissəsinidə yumaq lazımdır. 4. Dəstəmazda üz və əlləri birinci dəfə yumaq vacib, ikinci dəfə müstəhəb, üçüncü və daha artıq dəfələrdə isə haramdır. Lakin haram olan surətdə dəstəmaz batil olmur. 5. Başın alın tərəfində olan dörd qismindən biri məss yeridir. Onun hər hansı yerinə məss qədərində çəkilsə kifayətdir. Amma ehtiyat müstəhəb budur ki, başın məssinin uzunluğu bir barmaq, eni isə üç bağlı barmaq qədər olsun. 6. Başın və ayağın məssində ələ hərəkət etdirməliyik. Әgər əksinə əli saxlayıb başı və ayağı hərəkət etdirsək dəstəmaz batildir. Həmçinin corabın və ya ayaqqabının üstündən məss çəkmək dəstəmazı batil edir. 7. Baş və ayaqlar yaş olarsa, məss etməzdən qabaq onları qurulamaq vacibdir. Amma quruladıqdan sonra onlarda qalmış rutubətin bu şərtlə eybi yoxdur ki, əldə olan yaşlıq, baş və ayaqda olan rutubətdən çox olsun. 8. Dəstəmazın suyu pak, mütləq (saf və duru) və mübah olmalı yəni nəcis, muzaf (qarışıq) və qəsbi olmamalıdır. 9. Dəstəmazın qabı mübah olmalı, həmçinin qızıl və gümüşdən olmamalıdır. 10. Dəstəmaz üzvüləri yuyulub məss edildikdə, pak olmalıdır. 11. Dəstəmazı əvvəldə qeyd olunan ardıcıllıqla yerinə yetirməli, yəni əvvəlcə üz sonra sağ əl və daha sonra sol əli yuyub, əvvəlcə baş daha sonra isə ayaqlara məss etmək lazımdır. Ehtiyat vacibə görə sağ ayağa sol ayaqdan əvvəl məss edilməlidir. Әgər dəstəmaz bu ardıcıllıqla alınmasa dəstəmaz batildir. 12. Dəstəmazın işləri fasiləsiz olaraq yerinə yetirilməlidir. 13. Üz və əllərin yuyulması və habelə baş və ayağa məss çəkilməsini dəstəmaz alan şəxsin özü yerinə yetirməlidir. Zərurət olmayan vaxtlarda başqası ona dəstəmaz alıb, yaxud kömək etsə, dəstəmazı batildir. 14. Dəstəmazda suyun istifadə olunmasının şəxsə heç bir zərəri olmaması şərtdir. 15. Dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneələr olmamalıdır. Dəstəmaz alınması vacib olan əməllər Altı şey üçün dəstəmaz almaq vacibdir: 1. Meyyit namazından başqa sair vacib və müstəhəbb olan namazlar üçün; 2. Unudulmuş təşəhhüd və səcdə üçün; (Әgər bu vaxt qıldığı namazla bunlar arasındakı fasilədə hədəs (bol kimi) baş verərsə. 3. Kəbənin vacib təvafı üçün; 4. Dəstəmaz alması üçün Allah-taala ilə əhd bağlamaq, and içmək və ya nəzir etmək; 5. Әgər bədənin hər hansı bir yerini Quranın yazılarına vurmağı nəzir etsə; 6. Nəcis olmuş Quranı suya çəkmək, yaxud onu tualet və sair kimi yerlərə düşdüyü halda çıxartmaq üçün; (Belə ki, əl və bədən üzvlərini Quranın yazılarına vurmağa məcbur olsalar.) Amma dəstəmaz almaq qədərindəki fasilədə Qurana ehtiramsızlıq olarsa, dəstəmaz almadan Quranı tualetdən çıxartmaq, yaxud nəcisdən pak etmək lazımdır. Bununla belə mümkün qədər Quranın yazısına əl vurmaqdan qorunmalıyıq. Qeyd: Әziz oxuculardan xahiş edilir ki, dəstəmazda qarşıya çıxacaq başqa məsələlər haqqında təqlid etdikləri müctehidlərinin risalələrinə müraciət etsinlər. |