ON DOQQUZUNCU DƏRS Hinduizm də həqiqətin aşkarlanması və dərki üçün çox saylı əqli və əməli yollar mövcud olsa da, onların arasında altı ideoloji və fəlsəfi məktəb, daha böyük əhəmiyyətə malikdir. Bunun səbəbi həmin məktəblər arasında mövcud olan ayırıcı və fərqli xüsusiyyətlərdir. Əlbəttə, bu altı məktəbin ortaq cəhətləri də vardır və bu da onların vedalar, brahmanların və upanişadların hinduizmin iman qanunları səriəti qismində bu kitab üçün yazdıqları iki şərhə iman və e`tiqaddan irəli gəlir. Hinduslar bu kimi məsələlərdə həmfikirdirlər. Hinduizm dünya görüşü və baxışlarının izahı saydıqlarına görə bu altı ideoloji məktəbin tədqiqi böyük əhəmiyyət daşıyır. Buna görə də bu dərsdə həmin altı əqidə məktəbini qısa şəkildə araşdırırıq: 1. Nyaye məktəbi: Bu məktəbdə məntiqi arqument və əsaslandırmalar üslubu Aristotel məntiqi üzərində qurulmuşdur. Belə ki, bə’ziləri Aristotelin bu üslubu hinduslardan götürdüyünə inanırlar. Əlbəttə, bu iki cərəyanın hansının əvvəl, hansının sonra olmasını dəqiq şəkildə müəyyənləşdirmək olmaz. Nyaye məktəbi məntiq və əsaslandırma yolu ilə hinduslara görə dünyəvi əzab-əziyyətlərin səbəbi, ardıcıl doğulmalardan xilas yolu olan yolu tapmağa çalışır. Bu dindəki inanclara görə, yenidən doğulmaların, sonsuz əzab-əziyyətlərin əsas amili bir sıra səbəblərə bağlıdır və bu səbəblər bir-birinin ardınca yox olarsa nicat və qurtuluş baş tutacaqdır. Nyaye məktəbində bu barədə belə deyilir: " - Əzab-əziyyət, doğulmalar, fəaliyyət, bağlılıqlar və düzgün olmayan elm azğınlığın və son nəticədə ardıcıl təvəllüdlərə düçar olmağın səbəbləri hesab olunur.” Bu əqidəyə əsasən, düzgün olmayan elm ürək bağlılıqlarından yaranır və onlar insanın fəaliyyətindən, fəaliyyət də doğulmalardan hasil olur. Yenidən doğulma və ölümdən sonrakı aqibət mə’nasını daşıyan təvəllüd elə yenidən doğulmaq deməkdir. Buna görə də, dünyəvi əzab-əziyyətlər aradan gedərsə, yenidən doğulma dövri çarxı dayanacaq və nəticədə bağlılıqlar və düzgün olmayan elmlər də yox olacaqlar. Əzab-əziyyətləri yox etmək üçün bağlılıqlar nəticəsində yaranan düzgün olmayan elmi aradan götürmək lazımdır. Bağlılıqlar düşüncədəki asılılıqlardan, nadanlıq, nifrətdən ibarətdir və bunun özü də yeni fəaliyyət yaradır. Buna görə də, düşüncə asılılığı, nadanlıq və nifrət aradan gedərsə bağlılıq üçün heç bir əsas qalmır. Bağlılıq olmadığı təqdirdə isə yeni fəaliyyət – istər xeyir, istərsə də şər olmur. Çünki hər bir halda bağlılıq üçün səbəb aradan qalxmış olur. Belə ki, fəaliyyət olmayanda, heç bir təvəllüd də olmayacaqdır və bu halda yenidən doğulmalar, yeni əzab-əziyyətlər də aradan qalxacaqdır. Nyaye e’tiqadlarından biri də ruhun müstəqil olmasıdır. Bu e’tiqada əsasən ölüm sadəcə olaraq ruhun cismdən və duyğu orqanlarından ayrılmasıdır. Ancaq, əvvəlki əməllərin tə`sirləri lətif cismdə toplanır və ruhla birlikdə yeni bir qəlibə keçməklə insanın müqəddəratını və şəxsiyyətini formalaşdırır. Buna əsasən ruhun ardıcıl təvəllüdlər proseslərindən xilas olması üçün onu əməllərin tə’sirindən azad etmək lazımdır. Bu məqsədə çatmaq üçün də fəaliyyət və bağlılıqlardan uzaqlaşmaq lazımdır. 2.Vaysesika məktəbi: Bu məktəbin əsas üslubu dünyanın zatını tədqiq etmək ətrafında cərəyan edir. Bu məqsədə çatmaq və dünyanın zatı barədə tədqiqat aparmaq üçün motivləri nyaye məktəbinin prinsipləri üzərində qurulan analitik bir metod seçilmişdir. Bu məktəbdə obyektiv dünya bariz və aydın bir gerçəklikdir; onun əsaslandırma və arqumentlərinin əsasını hiss, təcrübə təşkil edir. Buna əsasən xarici aləm inkarolunmaz bir varlığa malikdir və aləmi təşkil edən zərrələr əbədi, sonsuzdur. Bu zərrələrdən təşkil olunan cismlərin davamsız, müvazinətsiz, süst bir mahiyyəti olmaqla sabitlik və mövcudluqlarını qorumaqdan məhrumdurlar. Bu varlıqların ömrü qısa olur və müəyyən müddətdən sonra yoxluğa düçar olurlar. Bu varlıqların sabit olmaması onların zərrələrinin və zat tərkiblərinin möhkəm, davamlı olmamasından irəli gəlir. Vaysesika məktəbi ruhların çoxluğu, maddi aləmdə ikilik, ilkin zərrələr, mə’nəviyyat və ruhlar aləmini qəbul etmişdir. Bu e’tiqada əsaslanaraq belə deyirlər: " - Ruhların çoxluğu zərrələrin və cismlərin çoxluğu kimi saysız-hesabsızdır və hər bir ruh özünü tanıma, ağıl, müştərək hiss, duyğu hissələri, emosiyalar, bağlılıqlar, xatirələr və s.-nin şamil edildiyi daxili hissə malikdir. Yenidənyaranma prosesində təkrar doğulmanın səbəbi bir-birinə zidd olan iki dünyanın, yə’ni maddi və mə’nəvi aləmin bir-birinə qarışmasıdır. Bu qarışıqlıq ruhların sərgərdan qalmasına, çoxlu əzab-əziyyət və məşəqqət çəkmələrinə səbəb olur. Dünyanın əzab-əziyyətlərindən və maddiyyatın buxovlarından azad olmaq yalnız bu iki dünyanın bir-birindən ayrılması, ruhun maddənin çirkinliklərindən xilas olması ilə mümkündür. Ruh azad olduqdan sonra öz paklığı, lətifliyi və fitri sadəliyini yenidən tapır, ruhla yanaşı bir bədəndən digər bədənə keçən maddi eybəcərliklər, stereotiplər və əməl tə’sirlərindən təmizlənir. Bu buxovlardan xilas olan andaca, yenidən doğulmalardan da nicat tapır. Nəticədə əzab-əziyyətlərə və məşəqqətlərə son qoyulur, onun yerinə bəşər ruhunun dərinliklərində sonsuz sevinc hakim olur.” 3. Sankiya məktəbi: Bu məktəb hinduizmin ən mühüm fəlsəfi üslubu və ən geniş yayılmış ideoloji sistemi hesab olunur. Bu məktəbin əsasını ikiliyə pərəstiş təşkil edir və aşkar şəkildə veda monoteizmindən ayrılmışdır. Bu məktəb inancına görə varlıq aləmində iki qədim və əzəli həqiqət mövcuddur: birincisi maddə, yaxud təbiət aləminin özü olan və terminologiyada "prakriti” adlanan surətdir. Digəri isə ruh, yaxud gözəgörünməz, hiss olunmaz olan və "puruşa” adlandırılan "mə`na”. Prakriti bir-birindən ayrı olan başlanğıcını ağlın və nəfsani gücün ən ali təbəqələrindən götürərək gözlə yekunlaşan 23 ünsürdən formalaşmışdır. Bu 23 ünsürün hər birinin üç hal və təbiəti vardır ki, onlara "triqun” deyilir. Birincisi terminologiyada "sətvə” deyilən yüngüllük, səadət, rahatlıq, ağlıq və paklıq halıdır. İkinci, terminologiyada "rəcəs” adlandırılan hərəkətin yaradıcısı olan fəal istək və şövq halıdır. Üçüncüsü zülmət və qaranlığa səbəb olan durğunluq, donuqluq halıdır. Bu hala "təməs” halı deyilir. "Puruşe”nin ikinci həqiqəti fərdi ruhların hər biri müstəqil və əbədi olan sonsuz ədədlərindən ibarətdir. Bu ruhların təbiət aləmində həbs olunması, bədbəxtlik və əzab-əziyyətə dözməsi cəhalətdən, onları tanımamaqdan irəli gəlir. Cəhalət bütün bədbəxtliklərin mənşəyidir. Cəhalət insanların maddə ilə mə`na və ya cism ilə ruh arasında fərq qoymamasına, nəticədə ruhun cismin buxovlarında və təbiət qüvvələrinin əsarətində olmasına gətirib çıxarır. Buna görə də, çarəsiz qalıb dövri doğulmalar girdabında fırlanır. Yalnız arif insan bunların bir-birindən ayrı olduğunu dərk edərək, onları cism əsarətindən azad edər, sükunət və əbədi rahatlıq halına çatdırar. Məhz bu mərhələdə ruh nicat və qurtuluşa qovuşaraq ardıcıl doğulmalardan xilas olur. Buna əsasən də, son dərslərdə izah olunmuş əvvəlki üç yoldan yalnız elm yolu sankiya məktəbi tərəfindən qəbul olunur. Bu məktəbə görə, səadət və qurtuluş da yalnız həmin yolla əldə oluna bilər. 4. Yoqa məktəbi: Bu məktəb fəlsəfi və nəzəri məktəb olmaqdan öncə, müəyyən mə`nada irfani ayin və seyri-süluk hesab olunur. Bu məktəbin əqidəsinə görə, nicat və qurtuluşa nail olmaq üçün nəfsani, zehni və əqli məsələlər silinməlidir. Onlar bu mövzunu belə izah edirlər ki, xüsusiyyəti aydınlıq olan zehn cövhəri qaranlıq və hərəkət cövhərləri ilə qarışdıqda bütün əşyaları ihtiva edərək, onlara hakim kəsilir. Daha sonra isə onlara qarşı bağlılıq hiss edir. Qaranlıq cövhəri zehnə üstün gələrsə, insan fəzilətsizlik və mə`rifətsizlik uçrumuna, eləcə də maddi asılılıqlar zülmətinə yuvarlanır. Hərəkət cövhəri zehnə qələbə çaldıqda isə insanda fəzilət, mə`rifət və hürriyyət sifətləri formalaşır. Əgər zehn hərəkət cövhərinin çirkinliyindən də azad olarsa, öz zatında qərar tapır və daha sonra isə ruhla maddə arasında olan fərqləri, ayrılıqları dərk edir. Bütün bunlara görə də, yoqa məktəbinin əsaslarının sankiya məktəbi ilə eyni olduğunu görürük. Çünki onların hər ikisi ruhla maddə arasında olan ayrılıq anlayışına yiyələnməyi nicat və qurtuluşa çatmağın yeganə yolu hesab edirlər. Əlbəttə, hər iki məktəbin tutduğu yol bir-birindən fərqlənir. Yoqa məktəbinə görə, insan cəmiyyətlə başı qarışdıqda və yemək, içmək və s. kimi gündəlik məşğul olduqda onda bağlılıq, asılılıq yaranır və bu da ruhla maddənin həqiqəti arasında fərqi ayırd edə bilməməklə nəticələnir. Buna görə də ruhun həqiqi mə`rifətin bu mərhələsinə çatması üçün bütün adət və istəklərin əksinə hərəkət etmək lazımdır. Bu məqsədlə yoqa məktəbi cəmiyyətdən uzaqlaşmağı, ləzzətləri tərk etməyi, nəfsə nəzarət etməyi, hətta uzun bir müddətdə sakit qalmağı və nəhayət adətləri tərk etməyi, nəfsin həyatda xüsusi bir praktikaya, üsluba aludə olmasından çəkinməyi öz şüarına çevirmişdir. Ümumiyyətlə yoqanın çətin və ağır asketik təmrinlər ayini olduğu təəsüratı yaranır. Xüsusi hərəkətlər vasitəsilə nəfsdə hiss və idrak öldürülür, cism ruha tabe etdirilir. Belə ki, tədricən hər bir hissdən məhrum olur. Yalnız belə olan halda ruh bütün maddi, xəyali və zehni eybəcərliklərdən təmizlənir, batinin saflaşdırılması ilə mütləq fənaya nail olur və beləliklə də səadətə qovuşur. 5. Purva-mimansa məktəbi: Bu məktəb öz banisinin adı ilə adlandırılmışdır. Əslində veda nəğmələrinin şərh və tədqiqi üçün yaradılmışdır. Mimansa vedaların əbədi olmasına inanırdı. Bu e`tiqad söz və səslərin əbədi olması əsasında yaranmışdır. Hinduslar inanırdılar ki, səs hər bir yerdə və hər bir zamanda potensial olaraq mövcuddur və heç vaxt itmir. Buna görə də söz danışılan zaman səs yaradılmır, əksinə potensial haldan reallığa keçir. Sözlə mə`na arasında əzəldən sirli bir əlaqə olmuşdur və bu əbədiyyətə qədər davam edəcəkdir. Sözlərlə mə`nalar arasında olan əlaqədə insan tərəfindən tə`yin olunan qərarlar hakim deyildir. Onlar arasında həqiqi və fiziki bir əlaqə vardır. Bu baxımdan hindusların vəhy qismində qəbul etdikləri vedalar əbədi və həmişəlik bir kəlamdır. Bu məktəb də vaysesiko məktəbi kimi ruhların çoxluğunu və karma qanununu qəbul edir. Yuxarıdakı prinsipə diqqət yetirməklə hər kimsənin vedanın ibadət ayinlərinə və vəzifələrinə əməl edərsə, onun nəğmələrini oxuyarsa, bu vəzifələrin yerinə yetirilməsi sayəsində həmin şəxsdə savaba, mükafata səbəb olan lətif qüvvənin yaranacağına onda mükafat, cəza, yaxşı əməllərin mükafatı da vedanın zatında gizlənmiş qanunlar əsasında formalaşacağına inanırlar. Buna əsasən də, həmin məktəbdə şər`i vəzifə və mükəlləfiyyətin yerinə yetirilməsi nicata, qurtuluşa çatmağın rəhni sayılır. Mimansa bu barədə belə deyir: " - Şər`i vəzifə veda göstərişlərinə əsaslanan və insanı doğru yola yönəldəndir.” 6. Vedanta məktəbi: Vedanta məktəbi vedaların son şərhi əsasında formalaşmışdır. Vedanta adı ilə məşhur olan bu təfsirlər upanişadların fəlsəfi əsasları sayılır. Bu məktəbdə xarici aləmin, duyulanların olduqlarına, ilğım və batil xəyal kimi qeyri-real və aldadıcı çöküntüyə malik olmalarına inanırlar. Bu məktəb eyni zamanda vəhdət prinsipinə inanmaqla, varlıq aləminin həqiqətində ikililik məsələsini rədd edir. Bu e`tiqada əsasən dünya və Brahma bir-birindən ayrı olan iki həqiqət deyildir və vücud başdan-başa Brahmanın vücududur. Qalan işlər isə xəyali düşüncə və aldadıcı illüziyalardan başqa bir şey deyildir. Fiziki aləm, fərdi ruh, ardıcıl doğulmalar və tənasüx aldadıcı, qeyri-real işlərdən hesab olunur. İnsan ruhu təkcə duyulanlara və mə`lumatlara arxalansa yalnız əşyaların zahirini dərk edər, onun batinindən xəbərsiz qalar. Əgər əşyalar və duyğu orqanları ilə dərk olunan varlıqlar həqiqət kimi təsəvvür olunursa, bu da cəhalətdən və nadanlıqdan irəli gəlir. Deməli, Brahmanın özü olan mütləq ruh və nəfs barədə mə`lumatsızlıq və cəhalət fərdi ruha inanmağımıza, daha sonra buna əsaslanaraq əşya və duyulanlar üçün də müstəqil bir həqiqət nəzərdə tutmağımıza səbəb olur. Mütləq ruha (Brahmaya) diqqət yetirmək tənasüx və ardıcıl təvəllüdlər adı ilə zorla düşüncəmizə qəbul etdirdiyimiz xəyali əzab-əziyyətlərdən qurtulmağa zəmin yaratdığı halda, yuxarıdakı məsələ insanı çətinliyə, əzab-əziyyətə düçar edir. Hinduizm fəlsəfə məktəblərinin hər birinin nəzəri əsaslarını qısaca araşdıraraq bir-biri ilə müqayisə edin. |