İYİRMİ BİRİNCİ DƏRS
Keçən dərs hinduizm ideologiyasının ən mühüm əsaslarının, yə’ni üç mə’bud e’tiqadının (Brahma, Vişnu və Şiva) araşdırılmasına həsr olunmuşdu. Hindus cəmiyyətlərində mövcud olan digər e’tiqadların ən mühümləri ilə aşağıda tanış olacağıq:
1. SAYSIZ-HESABSIZ TANRILAR
Keçən dərsdə qeyd olundu ki, brahmanizm ayinində baş verən və hinduizmin formalaşmasına gətirib çıxaran dəyişikliklərdən biri də çoxallahlığın üçlük təşkil edən trimurti mə’budlarına sitayişlə əvəz edilməsi olmuşdur. Ancaq, bu dəyişiklik və məhdudiyyət təkcə ideoloji strukturda və hinduizmin müqəddəs kitablarının nəzəri əsasları səviyyəsində təqdim olunur, onların ümumi inanclarında isə hələlik saysız–hesabsız tanrılara inam qalmaqdadır. Bunun səbəbi hinduizmdə - keçən dərsdə qeyd olunduğu kimi üçlük mə’budlar üçün müxtəlif zühurlar, təcəlli və simvollar nəzərdə tutulmasındadır. Bundan əlavə, onlara coxsaylı həyat yoldaşları da ayrılmışdır. Belə ki, həm mə’bud və həm də onun simvolu sayılan Krişnanın 16000 arvadı vardır ki, bu həyat yoldaşlarından hər biri ilahə (Şakti) qismində pərəstiş olunur. Nəticədə bu dinin sıravi ardıcılları öz istəklərinə uyğun olaraq təbii fenomenlərin və varlıq aləmindəki dəyişikliklərin, eləcə də həyatdakı hər bir iş üçün xüsusi bir mə’bud nəzərdə tutmuşlar. Onlara belə öyrədilmişdir ki, mə’budlar, onların təzahür və təcəllisi üçün heykəl və bütlər düzəldilməklə onlar müqəddəs sanılsın. Belə bir əqidə əsasında onlar bütün mə’budların simvolları üçün heykəl düzəltməyə başladılar. Bu heykəllər tədricən ayrıca büt və mə’buda çevrilmiş, onların simvol olmaları unudulmuşdur. Bu mə’budların sayı təxminən 330 milyona çatır. Belə ki, hər bir hindus özünün hər bir istək və ehtiyacını tə`min etmək üçün bu mə’budlardan birinə sığınır. Misal üçün, onun işində müəyyən bir çətinlik, yaxud onun irəliləyişində bir durğunluq, və ya maneə yaranarsa "Qaneşa”ya təvəssül etməlidir. Zəifliyə, gücsüzlüyə mübtəla olarsa "Hanuman” mə’buduna pənah aparmalıdır. Bu ardıcıllıqla çətinlik, sonsuzluq, özünün, ailəsinin, yaxud heyvanların xəstəliyi, təhlükəli səfərlər və bütün bu kimi çətin məsələlərdə mə’budlardan birinə pənah aparmalıdırlar. Bu tanrılar təkcə mə’bədlərdə və mənzillərdə deyil, hər bir yerdə, o cümlədən çayların sahilindən tutmuş ağacların altına, dağların ətəyindən başlayaraq ucsuz-bucaqsız çöllərə qədər büt, heykəl, yaxud müəyyən əlamət şəklində qoyularaq sitayiş və ibadət olunurlar.
Keçən dərslərdə qeyd olundu ki, ümumiyyətlə hinduizm məktəbi kompromis və güzəşt ayinidir. Çünki bu ayin camaatla qarşıdurmaya icazə vermir və bu zəmində hamı ilə mülayim davranmağı öz devizinə çevirmişdir. Buna əsasən də, məzhəbin ardıcıllarının hər biri öz hiss, zövq və istəklərinə uyğun mə’budlarla əlaqə yarada bilmişlər. İnsanların təfəkkür tərzi, hissləri adətən bir-birindən fərqləndiyinə görə həyatdakı hər bir iş, xilqət aləmindəki təbii dəyişikliklər və fenomenlərin hər biri üçün tədricən müəyyən bir mə’bud nəzərdə tutmuşlar. Sadə hindusların e`tiqadlarında saysız-hesabsız mə’budların yaranmasınin səbəbi, rəmz və sirri də bundadır.
Hinduizmdə ibadət və pərəstiş üç yolla yerinə yetirilir:
1. Fərdi;
2. Ailəvi;
3. İctimai.
Fərdi ibadət adətən hindus şəxsin zərurət və ehtiyac olan hallarda evdə və ya mə`bəddə, yaxud da nəzərdə tutduğu tanrının sitayiş olunduğu yerə getməklə yalvarış və ahu-zarla ibadət rituallarını yerinə yetirilməsi formasında olur.
Ailəvi ibadət mərasimi ailənin bütün üzvlərinin iştirakı və üzvlərdən birinin və yaxud də`vət olunmuş brahmanın rəhbərliyi ilə ailənin mə’budu sayılan heykəl, təsvir və ya hər hansı digər bir əlamət qarşısında yerinə yetirilir.
İctimai ibadətlər də xüsusi vaxtlarda bütün camaatın iştirakı, eləcə də brahmanların rəhbərliyi və yol göstərməsi ilə şəhərin, kəndin, yaxud məhəllənin mə’bədində yerinə yetirilir.
Hindistanda çoxlu mə’bəd və ziyarətgahlar var. Bunun səbəbi əslində hinduizm e`tiqadlarında saysız-hesabsız mə’budların olması və ilahi təzahürlərin çoxluğudur. Varlıq aləminin təzahürlərindən hər birinin xüsusi bir mə’budu olduğu halda təbiidir ki, bütün təbiət aləmində və insan cəmiyyətində saysız-hesabsız mə’budların şahidi olacağıq. Hindistanda əvvəllər dua, ibadət mərasiminin yerinə yetirilməsi üçün tikilən və hindusların dini mərasimləri üçün toplantı yeri olan mə’bədlərdən əlavə, camaatın e’tiqadına əsasən mə’budların təcəlli və zühur yeri, yaxud onlardan birinin diqqət yetirdiyi məkan olan çoxsaylı ziyarətgahlar da vardır. Bu ziyarətgahlar şəhərin, kəndin, dağların içində, çeşmələrin kənarında, çayların sahilində, çöldə, səhrada və bir sözlə hər bir yerdə tikilə bilər. Əgər bir şəxs " - Bu ziyarətgahlar nədir?” deyə soruşarsa, güman ki, ona " - Mə’budlardan hansı birisə xüsusi bir zamanda və xüsusi bir məqsədlə burada təcəlli etmiş” , yaxud " - Bu yerdə onun hansısa bir mö’cüzə və ya kəraməti olmuşdur” deyə cavab veriləcəkdir. Hindus tarixi əfsanələrində çayın burulduğu hər bir yer, hər bir dağın zirvə və qabarıqlığına aid hekayə var və bu hekayənin məzmunu orada Şiva və Şaktinin zahir olması, yaxud Rama ya Krişnanın mö`cüzə, kəramət göstərməsindən ibarətdir. Mö’min və e’tiqadlı hindusların nəzərində saleh əməllərdən və bəyənilən ibadətlərdən biri də çayın mənbəyindən sağ tərəfin kənarında su ilə eyni axarda hərəkət edərək bu işi çayın dənizə qovuşduğu yerə qədər davam etməkdir. Daha sonra həmin yolu çayın sol tərəfindən geri qayıdaraq bu əməli ibadət və dərgaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirsinlər. Yol boyunca hər hansı bir mə’bədlə qarşılaşsalar dayanıb orada zikr-dua etməli, müqəddəs kitabları oxuyub özləri üçün savab ehtiyatı toplamalıdırlar. Eyni zamanda, ziyarətgahlardan bə’ziləri hinduslar üçün xüsusi e`timada layiqdirlər. Belə ki, ehtiyacı olan insanlar hər il ziyarət məqsədi ilə uzaq-yaxın şəhərlərdən oraya axışırlar. Əlbəttə, yol boyu bir çox ziyarətgahlara da baş çəkib ibadət edirlər. Qeyd etmək lazımdır ki, bu ibadətgahların heç də hamısında ibadət etmək hinduslara müyəssər olmur.
Qanq çayı hindusların e’tiqadına görə Şiva, Rama, Krişna, yaxud hər hansı hindus mə’budlarından birinin zühur və təcəlli yeri sayılan çaylardan daha müqəddəs və əhəmiyyətlidir. Hindusların dini əfsanələrində nəql olunur ki, "ana” da adlandırılan Qanqa çayı səmada Vişnunun ayağından qaynaqlanmışdır. Sonra Şivanın başının ortasına enmiş, onun saçlarından axmış və başdan-başa Hindistan torpaqlarına yayılmışdır. Bu çay Himalay dağları arasında, hindusların ən mühüm ibadət mərkəzlərindən sayılan Hardvar adlı yerdən qaynaqlanır. Mö’min, xəstə və ehtiyacı olanların öz diləklərini diləmələri, xəstəlikdən şəfa tapmaları və günahlardan təmizlənmələri üçün özlərini çayın suyu ilə yumaları məqsədilə bu yerdə, çayın hər iki sahilində yüzlərlə hamam tikilmişdir.
Cəmna və Qanqa çaylarının qovuşduğu yer də hindusların müqəddəs məkanlarından sayılır. Bu məkanda bir zaman hinduslar üçün müqəddəs sayılmış, indi isə qurumuş Səlsuti çayı da Cəmna və Qanqa birləsirdi. Çayların qovuşduğu bu yerdə hal-hazırda tarixi Allahabad şəhəri salınmışdır və bu yer hər il milyonlarla hindus ziyarətçini qoynuna alır. Onlar Məla adlanan böyük toplantıda bir yerə yığışaraq dini ibadət və ayinləri birlikdə yerinə yetirirlər. Qanqa çayının Benqal körfəzindəki qolu digər mühüm və müqəddəs məkanlardan sayılır. Bu çayın deltasında yerləşən Suqur adası da hər ilin ilk günündə minlərlə hindusun qüsl, ziyarət və ibadət əməllərinin yerinə yetirdiyi məkanlara çevrilir. Qanqa çayının sahilində yerləşən Benares şəhəri də hindusların müqəddəs məkanlarındandır və hər il saysız-hesabsız ziyarətçi Qanqa çayında qüsl etmək məqsədi ilə Hindistanın hər bir yerindən ora tələsirlər. Hinduslar inanırlar ki, bu məkanda qüsl etmək onları bütün günahlardan təmizləyir. Buna görə də, çayın sahilində zəvvarların qüsl verməsi üçün "qat” adlanan çoxsaylı yerlər inşa olunmuşdur. Hinduslar ziyarət mövsümündə Qanqa çayının sahilində vəfat edənlərə, xüsusilə də ölüm anında ayaqları suda olana daha çox səadət və xoşbəxtliyin nəsib olduğuna inanırlar. Onların e’tiqadına görə belə bir şəxsin ruhu asimana gedir və Şivanın qonşuluğunda əbədi şadlıqda həyat sürür.
Brahmanlar, yaxud hinduizm ruhaniləri bu ayinin ardıcılları arasında xüsusi mövqe və müqəddəsliyə malikdirlər. Hindistanda bə’zi dini şəxsiyyətləri müqəddəsləşdirmək də qədim dövrlərdən geniş yayılmışdır. Buna görə də hinduizmdə brahmanlar müqəddəsləşdirilmişlər. Müqəddəs Mano qanunu brahmanı insanın xəlq edilməsində Allahla bərabər hesab edir və onun təvəllüdünü ilahi qanunun insan bədənində təcəssümü sanır. Buna görə də, hinduslar brahmanlara yalnız müəllimlik, mürşidlik və rəhbərlik baxımından deyil, ilahi məqam baxımından da hörmət edib onları müqəddəsləşdirmişlər. Əslində, dünyada olan hər bir şey onların diqqət və vücudlarının bərəkəti sayəsindədir; hansı vəzifə və mənsəbdə - istər cahil olsunlar, istərsə də savadlı - məqamlarından heç nə azalmır; onlara əzab-əziyyət vermək bağışlanmaz günah hesab edilir.
Bundan əvvəl də öyrəndiyimiz kimi, brahmanlar kasta sinfi quruluşunda ən yüksək təbəqə olmuş və hamı sonrakı təvəllüdlərdə brahman kimi yaşamağı arzulayır. Brahmanların arasında "Quru” adlanan brahman-müəllim camaatın nəzərində daha böyük imtiyaz və məqam sahibidir. Quru müəllimlik və ideoloji əsasların tə`limindən əlavə, ailəvi-ictimai mərasimləri, dini-ibadət rituallarını keçirmək vəzifəsini daşıyır.
Brahmanlardan başqa hinduslar tərəfindən ehtiram və hörmətə, müqəddəsliyə layiq görülən digər şəxslərin də adını çəkmək olar. Onlardan həqiqəti kəşf etmək, qurtuluş mərhələsinə nail olmaq üçün ən ağır şəraitdə yaşayan, özlərini ən ağır təzyiqlərə mə’ruz qoyan murtaz və cukyaları qeyd etmək olar. Hinduslar inanırlar ki, onlar özlərini mə’budların yoluna həsr etdikləri, dünyəvi həyatı qurtuluşa çatmağa fəda etdiklərindən ehtirama və müqəddəsliyə layiqdirlər. Bu müqəddəslik elə bir həddədir ki, onlar hindusların ibadət mərasimlərində iştirak etdikləri zaman camaat onların başına və üzünə əl çəkməklə, ayaqlarında olan toz-torpağı üzlərinə sürtməklə təbərrük edirlər.
Hinduslar inanırlar ki, yaranışın ilk dövrlərində insanla heyvan arasında heç bir ayrılıq və uçurum olmamışdır. Buna görə də, onlar insanla heyvan arasında sair heyvanların insandan yarandığını göstərən təkvini əlaqənin olduğunu təsəvvür edirdilər. Bu e’tiqada əsasən insanla heyvanın ruhu əslində birdir və onların ruhları həmişə bir-birinə keçir. Heyvanların rəngarəngliyi, onlardakı dəyişikliklər də yalnız karma nəticəsində yaranan bir sıra tənasüx və ardıcıl doğumların tə’sirinə görədir. Nümunə üçün, hinduslar fili Şivanın oğlu hesab edirlər və onun heykəli bədbəxtliyin aradan qaldırılması üçün bir vasitədir. İlan və meymun onlara görə qorxunc olduğundan,onların ilahi bir məqama malik olduğuna inanırlar. Sancması dərhal ölümlə nəticələnən, kobra növündən olan naqa ilanına xüsusi ehtiram göstərilir. Hər il hinduslar bu ilana ehtiram naminə xüsusi dini bayram keçirir; onların yuvalarının yanına gedir, hədiyyə, peşkəş kimi süd və banan verirlər. Hinduslar heyvanların hörmətini saxlamaq, xüsusilə ilanlara hörmət göstərmək üçün çoxlu mə’bədlər tikmişlər və oralarda da çoxlu heyvanlar yaşayır. Kərtənkələ, bəbir, tovuz quşu, tutuquşu, hətta siçana da pərəstiş edir; öz diləklərini diləmək və istəklərinə çatmaq üçün meymuna da nəzir edirlər.
Hinduslar inəyə daha böyük hörmətlə yanaşır, müqəddəs və xüsusi məqam sahibi sanırlar. Hər bir yerdə, mə’bəd və evlərdən başlamış şəhər meydanlarına qədər inək heykəli görmək olar. Bu heyvanı öldürmək və ya istifadə etmək tamamilə qadağan edilib və haram sayılır. Onlar küçə və xiyabanlarda sərbəst hərəkət azadlığına malikdirlər. İnəklərə əzab-əziyyət verməyə, azadlıqlarını məhdudlaşdırmağa icazə verilmir. İnək ifrazatı məlhəm və təbərrük kimi, onun sidiyindən isə daxili və xarici murdarlıqları paklaşdırmaq üçün istifadə olunur. Hinduslar öz ölülərini odda yandırsalar da, ölü inəklərin cəsədini çox böyük ehtiramla, xüsusi bir dini mərasimlə torpağa tapşırırlar.
Hindusların arasında geniş yayılmış adətlərdən biri də inəkləri Şivaya vəqf etmək, yaxud onları azad etməkdir. Onlar bu əməlin böyük savabı olduğuna inanırlar. Digər tərəfdən, bu heyvanı öldürmək bağışlanmaz günah hesab olunur və bu işi törədən şəxs kasta təbəqəsindən çıxarılaraq daha aşağı təbəqəyə endirilir. Hindistanda inəyə o qədər hörmət qoyulub ki, tarix boyu müsəlmanlarla hinduslar arasında baş verən toqquşmaların əsas amili müsəlmanlar tərəfindən qurban bayramında bu heyvanın qurban kəsilməsi olmuşdur və bu indi də belədir.
Hindusların üçün inəyin bu qədər hörmət və müqəddəsliyinin səbəbi dəqiq mə’lum deyil. Vill Dorant keçmiş dövrlərdə uzaqgörən bir hakimin bu yük heyvanının nəslini qoruyub saxlamaq, kənd təsərrüfatı işlərində istifadə etmək və mənfəət götürmək üçün onun öldürülməsini qadağan etdiyini və bu işin tədricən dini-məzhəbi xarakter alaraq müqəddəsləşdiyini ehtimal edir. Hər halda Hindistanda inəyə bu qədər hörmət və müqəddəslik indiyə qədər davam etməkdədir. Hətta Hindistanın müstəqillik mübarizələrinin rəhbəri Qandi bu barədə münasibət bildirərək demişdir:
"Mənim fikrimcə, inəyi müdafiə edib qorumaq insanın dəyişməsinin ən təqdirəlayiq fenomenlərindən biridir. Mənə görə, inək bəşəriyyətdən sonrakı aləmin cövhəri və batini mə`nasıdır. O, insanı bəşər irqinin hüdudlarında yerləşdirir. Bəşər öz şəxsiyyətinin bütün canlılarla bütövləşməsinə inəyin vasitəsilə nail olur. Dişi inək milyonlarla hind bəşər övladının anası deməkdir. İnək bir mərhəmət və şəfqət şe’ridir. İnəyi qoruyub ona hörmət göstərmək tanrının bütün yaratdıqlarına hörmət göstərməkdir.”
1. Hindusların saysız-hesabsız mə’budlara pərəstiş etməsinə nə səbəb olmuşdur?
2. Hinduizmdə ibadət neçə formada yerinə yetirilir?
3. Hindusların müqəddəs məkanları hansılardır?
4. Hindusların Qanqa çayına olan e’tiqadları nədən ibarətdir?
5. Hinduizm ardıcılları arasında brahmanlar hansı məqama və mövqeyə malikdirlər?
Hindusların inək barədə olan baxışlarını izah edin.