İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild

    ALTINCI FƏSİL
    YEDDİ QİRAƏT ÜSULU
    1. Yeddi qiraət üsulunda nəzərə çarpan mütəvatirsizlik;
    2. Yeddi qiraət üsulunun mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdırılması;
    3. Yeddi qiraət üsulu;
    4. Yeddi qiraət üsulunun düzgünlüyü və mötəbərliyi.
    YEDDİ QİRAƏT ÜSULUNDA NƏZƏRƏ ÇARPAN MÜTƏVATİRSİZLİK
    QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA DƏLALƏT EDƏN DƏLİLLƏR
    Bir qədər əvvəl qeyd etdik ki, Quran hər bir müsəlman tərəfindən mütəvatir olaraq qəbul edilir. Bu müqəddəs kitabın qiraəti haqda isə bir neçə müxtəlif nəzəriyyələr irəli sürülmüş və onun mütəvatir olmaması bir neçə dəlil vasitəsilə sübuta yetirilmişdir.
    1. Qiraət ravilərinin şərhi-halını nəzərdən keçirdikdən sonra bir daha bəlli olur ki, qiraətlər mütəvatir şəkildə deyil, vahid xəbər formasında nəql olunmuşdur. Belə olduqda onlardan bəzilərinin doğru və mötəbər olması bizim üçün müəmmalı qalır. Demək biz, qiraətlərin mütəvatir olaraq qarilərin özlərinə aid olması haqda heç bir söz deyə bilmərik.
    2. Qiraət ustalarının qiraəti harada və necə öyrənmələri bir daha qiraətin onların özlərinə mütəvatir olaraq deyil, vahid xəbər formasında nəql olunuduğunu sübuta yetirir.
    3. Bütün qiraət üsullarının ravilərinin bütün təbəqələrdə mütəvatir olduğunu və nəql etdikləri rəvayətlərdə yalana yol vermədiklərini fərz etsək də belə, nəticədə ravilərə yetişəcək sənəd silsiləsi mütəvatirlik baxımından öz etibarını itirəcək və vahid xəbər formasında bəyan ediləcəkdir. Çünki, hər bir qiraət üsulunu yalnız bir qari tərtib edərək özünəməxsus üsulla qiraət etmişdir.
    4. Hər bir qari və onun ardıcılları yalnız öz qiraət üsulunun düzgünlüyünə istinad edərək, həmən dəlillərlə digər qiraət üsullarına qarşı çıxır. Buradan belə məlum olur ki, hər bir qiraət üsulu qarilərin şəxsi rəy və nəzərlərindən irəli gəlmişdir. Çünki, əgər onların hər biri Peyğəmbərdən (s) mütəvatir olaraq nəql olunsaydı, doğruluğunu sübuta yetirəcək heç bir dəlilə ehtiyac duyulmazdı.
    5. Bəzi böyük alim və qiraət ustalarının, digər qiraət üsullarına qarşı çıxaraq onları inkar etmələri, qiraət üsullarının bütünlüklə mütəvatir olmamasını sübuta yetirir. Çünki, əgər qiraət mütəvatir olaraq nəql olunarsa, onun alim və mütəxəssislər tərəfindən inkar olunması qeyri-mümkün olardı. Belə ki, İbni Cərir Təbəri, İbni Amirin qiraətini bütünlüklə və digər qarilərin qiraətini isə qismən inkar və tənqid edir. Qiraət ustaları Həmzənin, Əbu Əmrin, İbni Kəsirin qiraətlərini də qeyri-mötəbər hesab edərək onları qətiyyətlə rədd etmişlər. Alimlərdən bir çoxu kökü ərəb dili ilə əlaqəli olmayan qiraət üsullarını inkar etmiş və bu üsullar əsasında Quranı tilavət edən şəxsləri tənqid atəşinə tutmuşlar.
    Həmzənin şərh-halını nəzərdən keçirərkən bunun şahidi olduq ki, onun qiraəti Hənbəli məzhəbinin banisi Əhməd ibni Hənbəl, Yəzid ibni Harun, İbni Məhdi, Əbu Bəkr Əyyaş və İbni Dərid tərəfindən qətiyyətlə rədd edilmişdir.
    Zərkeşi, qiraətlərin ictihad yolu ilə formalaşmamasına əsaslanaraq deyir: "Zəməxşəri və onun kimi bir çoxları, qiraətlərin ixtiyari olaraq ictihad və ərəb dili mütəxəssisləri tərəfindən tərtib olunmasına əsaslanaraq bizimlə müxalif mövqedə durmuşlar.” Sonra onların nəzəriyyələrini rədd etmək məqsədilə Həmzənin qiraətini misal çəkərək deyir: Həmzə səhv olaraq «Vəl ərham» kəlməsində həmzəni kəsrə ilə, yəni «irham» kimi tələffüz etmişdir. Yəqub və Həzrəmi onun «Və maəntum bimusriki» ayəsini kəsrə ilə oxumasına irad tutmuşlar. Bu kimi səhvlərə Əbu Əmr də yol vermişdir. «Yəğfirkum» kəlməsində (ra) hərfini (lam) ilə idğam etməsi onun ən böyük səhvlərindən biridir.
    MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA DAİR İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR
    1. İbni Cəzri deyir: «Qiraət üsullarından hər biri ərəb dilinin qarammatikası və ya xəlifə Osmanın zamanında yığılmış Quran nüsxələri ilə uyğun gələrsə, onun mötəbərliyinə istinad etmək olar. Bu xüsusiyyətlərə malik olan qiraət ustaları ilə, Quranın nazil olmuş orjinal nüsxəsi arasında heç bir fərq nəzərə çarpmır. Belə bir halda hər bir müsəlman - istər yeddi mötəbər qari tərəfindən nəql olmuş olsun, istərsə də yox - onu düzgün qiraət üsulu kimi qəbul etməlidir.
    Qiraət bu xüsusiyyətlərdən birinə malik olmadıqda isə, yeddi mötəbər qari tərəfindən nəql olunmasına baxmayaraq batil və əsassız hesab edilməlidir.
    Bu nəzəriyyə bir çox məşhur alim və təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Əbu Əmr Osman ibni Səid Dani, Əbu Məhəmməd ibni Əbitalib Məkki, Əbul Abbas Əhməd ibni Əmmar Məhdəvi də bu mətləbi açıq-aşkar bəyan etmişlər.
    Əbi Şammə ləqəbi ilə tanınan məşhur təhqiqatçı Əbül Qasim Əbdürrəhman ibni İsmayıl da keçmiş alimlərin əsaslandıqları bu nəzəriyyəni əlində əsas tutmuşdur. Və bu nəzəriyyədə kimsənin onlarla müxalif olduğu qeydə alınmamışdır.
    2. Əbu Şammə özünün «Əl-mürşidul vəciz» adlı kitabında yazır: «Əsaslı dəlillər olmayınca qiraətlərdən hər hansı birinin, hətta yeddi məşhur qarilərdən birinə aid olunduğu hesab edilsə də, həqiqətən Quranın nazil olmuş orjinal nüsxəsilə tamamilə eyni olduğunu qəbul etmək heç də düzgün olmazdı. Əgər müəyyən bir qiraət yeddi məşhur qari tərəfindən nəql olunmayıbsa, bu heç də o demək deyildir ki, həmən qiraət səhv və əsassızdır. Çünki, qiraətin düzgün olub-olmamasına dəlalət edən əsas meyar, onun kimlər tərəfindən nəql olunmasında deyil, mötəbərliyini sübuta yetirən özünəməxsus xüsusiyyətlərdir. Lakin, yeddi məşhur qarinin qiraətlərinin ərəb dilinin qarammatikası və ədəbi janrı ilə müqayisə olunması yəqin ki, onların digər qarilərdən daha çox şöhrət tapmalarından irəli gəlir.
    2. İbni Cəzri deyir: «Son illərin mütəxəssisləri bu qənaətə gəlmişlər ki, qiraətlərin doğru və düzgün olması vacib olduğu kimi, onların mütəvatir olması da lazım və zəruridir. Demək, Quranın sübuta yetirilməsi üçün ilk növbədə onun mütəvatir olaraq nəql edilməsi lazımdır. Əks təqdirdə biz onu Quran adlandıra bilmərik. Nəticə olaraq qeyd etməliyik ki, Quranın mütəvatir olması zəruri olduğu kimi, onun qiraətinin də mütəvatir olması vacib və zəruridir.
    Sonra, onların irəli sürdükləri bu nəzəriyyəni rədd edərək deyir: Belə bir nəzəriyyəni qəbul etmək məntiqdən uzaq olardı. Çünki, əgər qiraətlər mütəvatir olsaydı, biz artıq heç bir şərt və xüsusiyyətlərə ehtiyac duymazdıq. Belə ki, Peyğəmbər (s) tərəfindən nəql olunmuş hər bir mütəvatir hədis və rəvayəti arada heç bir şərt olmadan qəbul etməliyik. Yox əgər müxtəlif qiraət üsullarının mütəvatir olmasını lazımı şərtlərdən biri hesab edəriksə, onda bir çox qiraətlər mütəvatir olmadıqları üçün istər-istəməz aradan gedəcəkdir.
    İbni Cəzri sözlərinə əlavə edərək deyir: Əvvəllər mən də bu əqidəyə əsaslansam da, sonradan böyük səhvə yol verdiyimi başa düşüb yanlış əqidəmdən əl çəkdim və qiraət elmində müasir alimlərin fikirlərini qəbul etməyə başladım.
    4. Əbu Şammə özünün «Əl-Murşid» adlı kitabında yazır: «Bəzi qiraət mütəxəssisləri yeddi qiraət üsulunun hər birini mütəvatir hesab edirlər. Onlar bu qiraət üsullarının Allah tərəfindən nazil olduğunu iddia edir və belə bir əqidəyə əsaslanmağı hər bir müsəlmana zəruri hesab edirlər.
    Sonra deyir: Biz də belə bir əqidəyə əsaslanırıq. Lakin bütün qiraətlərdə deyil, yalnız bütün ravilər tərəfindən qəbul olunmuş və kimsənin inkar etmədiyi qiraətləri. Bir haldakı, qiraətlər ətrafında yaranmış ixtilaf və qarşıdurmalar istənilən qədərdir. Bu səbəbdən də əgər qiraət mütəvatir olmazsa, heç olmasa ixtilaf və inkara da səbəb olmamalıdır.»
    5. Süyuti deyir: «Qiraət barəsində söylənilən ən gözəl sözlərə Əbülxeyr ibni Cəzrinin kitabının əvvəlində söylədiyi ifadələrdə rast gəlirik. O, deyir: Qiraətin düzgün olmasının üç şərti vardır.
    1. Ərəb dilinin qarammatik qanunlarına müvafiq olmalı;
    2. Osmanın tərtib etdiyi nüsxələrdən biri ilə müvafiq olmalı;
    3. Sənəd baxımından doğru və mötəbər olmalıdır.
    Sonra əlavə edərək deyir: İbni Cəzri olduqca mühüm bir mətləbə toxunmuş və məntiqi dəlillərə əsaslanmışdır.» (Əl-itqan. 1-ci cild, 129-cu səh).
    6. Əbu Şammə özünün «Əl-bismilə» adlı kitabında qarilər arasında yaranmış ixtilaflı məsələlərə toxunaraq deyir: «Biz onları bütünlüklə mütəvatir hesab etmirik. Onlardan bəziləri mütəvatir, bəziləri isə qeyri-mütəvatirdir. Və bu həqiqəti hər bir təhqiqatçı çox gözəl dərk edir.»
    7. Alimlərdən bəziləri deyirlər: «Üsul alimlərindən kimsə hələ də qiraətlərin mütəvatirliyi haqda bir söz deməmişdir. Bəzilərinin fikrincə isə, yeddi mötəbər qarinin hər birinin nəql etdiyi qiraət özləri kimi tamamilə düzgün və mötəbərdir. Lakin, onların Peyğəmbər (s) tərəfindən mütəvatir olması sual altındadır. Çünki, mötəbər hesab olunan yeddi qaridən hər biri nəql etdiyi qiraətin Peyğəmbərə (s) mütəvatir olaraq deyil, vahid xəbər formasında çatmasını etiraf edir.» (Tibyan 105-ci səh).
    8. Son dövrün mütəxəssisləri deyirlər: «Üsul alimlərindən bir qismi yeddi qiraət üsulunun hamısının mütəvatir olduğunu iddia etmişlər. Bəziləri isə belə bir iddianı on qari barəsində irəli sürmüşlər. Lakin, onların bu əsassız iddiaları sübuta yetirəcək heç bir məntiqi dəlilləri yoxdur. Belə ki, qarilərin özləri yeddi qiraət üsulunun bir qisminin mütəvatir, digər bir qisminin isə qeyri-mütəvatir olmasını dəfələrlə etiraf etmişlər. Belə bir halda, artıq digər on qari barəsində nə isə demək tamamilə yersiz olardı. Bəli, bütün qiraət üsullarının mütəvatir olması üsul alimlərinin şəxsi nəzəridir. Lakin, hər bir elm və fənnin mütəxəssisləri yiyələndikləri sahənin sirlərinə hamıdan daha çox agahdırlar.» (Tibyan 106-cı səh).
    9. Məkki, qiraətlər barəsində deyir: «Bir çoxları Asim və Nafenin qiraətini mötəbər hesab etmişlər. Çünki onların qiraətləri daha düzgün və ərəb dilinin fəsahət və bəlağətinə daha yaxındır.» (Tibyan 90-cı səh).
    10. Qiraətlərin mütəvatir olmasına əsaslanan şəxslərdən biri də, məşhur qiraət ustadı şeyx Məhəmməd Səid Üryandır. O, öz yaddaşlarının birində yazır: «Qiraətlərin hər birinin müəyyən irad və nöqsanları vardır. Biz bu kimi nöqsanları hətta mötəbər hesab olunan yeddi qiraət üsullarında da müşahidə edirik.»
    Sonra əlavə edərək deyir: Lakin, bu qiraətlərin etibar baxımından daha düzgünü Asim və Nafenin qiraətləridir. Fəsahət elmi baxımından müqayisə etdikdə isə Əbu Əmr Kəsainin qiraəti digər qiraətlərdən daha cazibəli və daha fəsahətlidir.»
    NƏTİCƏ
    Qiraətlərin mütəvatir olmadıqlarına dair irəli sürülən nəzəriyyələri və qarilərin özlərinin bu həqiqəti etiraf etmələrini ixtisarla da olsa, nəzərdən keçirdik.
    Əziz oxucular, indi özünüz nəticə çıxarın. Qarilər özləri bu qiraətlərin mütəvatir olmadığını etiraf etdikləri bir halda, heç bir sübut və dəlilə əsaslanmadan təəssüb hissi ilə belə bir əsassız iddianı bir daha irəli sürmək olarmı?!
    Lakin, daha təəccüblüsü budur ki, Qazi Əbu Səid Müfti Əndəlosi, qiraətləri mütəvatir hesab etmədiyi üçün Kəsaini kəskin şəkildə tənqid atəşinə tutmuş və onun küfr etdiyinə dair hökm sadir etmişdir. Bir anlığa fərz edək ki, alimlər də qiraətlərin mütəvatir olduğuna əsaslanmışlar. Məgər bunu əldə əsas tutaraq müsəlman bir şəxsi, hətta dinin zəruri olmayan məsələlərinin birində kafir olmaqda ittiham etmək olarmı?!
    Bunu da fərz edək ki, qiraətlərin mütəvatir nəql olunması dinin zəruri məsələlərindəndir. Məgər belə bir zərurət qarinin özünə sabit olmayınca, onu küfrdə ittiham etmək olarmı?!
    İlahi! Sən özün daha yaxşı bilirsən ki, belə bir iddianı irəli sürmək, Sənin qanunlarına qarşı çıxmaqdan və müsəlmanlar arasında ixtilaf və ikitirəlik yaratmaqdan savayı bir şey deyildir.
    QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏNİN ARAŞDIRILMASI
    Qiraətlərin mütəvatir olduğunu iddia edən şəxslər irəli sürdükləri nəzəriyyəni sübuta yetirmək üçün bir neçə dəlilə istinad edib deyirlər:
    1. Qiraətlərin mütəvatir olması icmai şəkildə qəbul olunan və bütün dövrlərdə alimlər tərəfindən hamılıqla qəbul edilən bir məsələdir.
    Müəllif: Bir qədər əvvəl bu nəzəriyyənin tamamilə əsassız olduğu oxuculara bəlli oldu. O ki qaldı onun icmai bir məsələ olmasına, bunu yalnız o zaman qəbul etmək olar ki, müxalif mövqe tutmuş şəxslər bu barədə öz ziddiyyətli nəzəriyyələrini irəli sürməmiş olsunlar. Bir haldakı yeddi qari üsulunun mütəvatirliyinin sübuta yetirilməsində biz bunun tam əksini müşahidə edirik. Çünki, hər bir qiraət üsulunun davamçıları digər qiraətləri tənqid atəşinə tutmuşlar.
    2. Hicrətin birinci və ikinci yüzilliklərində Peyğəmbərin səhabələri və sonralar ona iman gətirmiş müsəlmanların Qurana hər şeydən daha çox əhəmiyyət vermələri, bütün qiraətlərin mütəvatir olmasına səbəb olmalı idi.
    Bu mətləbi hər bir ədalətli və həqiqətsevər insan dərk edir.
    Müəllif: Müsəlmanların Qurana əhəmiyyət vermələri onun qiraətinin deyil, özünün mütəvatir olduğunu sübuta yetir. Bunu da qeyd edək ki, Quran qiraətinin düzgünlüyü bəzi qarilər üçün, hətta əgər bir nəfər tərəfindən olsa da, ictihad və dinləmək yolu ilə sabit olur.
    Əgər bu doğrudan da həqiqətdirsə, onda bu məsələ yeddi və ya on mötəbər qiraət üsullarında deyil, Quranın bütün qiraət üsullarında müşahidə olunmalıydı. O ki qaldı istifadə olunan bəzi terminlərə, biz bunun üçüncü yüzillikdən sonra meydana gəldiyinin şahidi oluruq.
    Qiraətlər isə qarilər tərəfindən yeddi və ya on mötəbər üsullara bölünərək, ayrı-ayrılıqda məktəblərin yaranmasına səbəb oldu. Bu məntiqə əsaslanaraq, bütün qiraət üsullarının hamısını birlikdə mütəvatir və ya qeyri-mütəvatir hesab etməliyik. Birinci nəzəriyyə, yəni bütün qiraətlərin mütəvatir olması batil və əsassızdır. Belə olduqda ikinci nəzəriyyəni, yəni qiraətlərin heç birinin mütəvatir olmadığını qəbul etməliyik.
    3. Yeddi qiraət üsullarının mütəvatir olmaması, Quranın mütəvatir olmaması deməkdir. Və Quranın mütəvatir olmaması nəzəriyyəsi batil olduğu üçün, yeddi qiraət üsullarının da mütəvatir olmaması batil və əsassızdır. Hamıya məlumdur ki, Quranın orjinal mətni bizlərə məhz qari və hafizlərin vasitəsilə gəlib çatmışdır. Əgər onların qiraəti mütəvatirdirsə, demək Quran da mütəvatirdir və əgər qiraətlərdə nöqsana yol verilibsə, onda Quranın orjinal mətninə də şəkk-şübhə ilə yanaşılacaqdır.
    Müəllif: Əvvəla Quranın və qiraətin mütəvatirliyi arasında heç bir zərurət yoxdur. Çünki, hər hansı bir kəlmənin tələffüzündə mövcud olan ixtilaf onun əsl mənasına heç bir mənfi təsir göstərmir. Məsələn, Mutənəbbinin şer və qəsidələrini nəql edən ravilərin, onun istifadə etdiyi ifadələrin hər hansı birində bir-birinə müxalif olan nəzəriyyələr irəli sürmələrinə baxmayaraq, qəsidənin ümumi mətninə heç bir zərər yetirməmişlər. Və qəsidələrin Mütənəbbiyə mənsub olduğuna şübhə ilə yanaşmayan şəxslər, onun mütəvatirliyinə də heç bir xələl yetirmirlər. Həzrət Peyğəmbərin hicrəti buna aid olan digər bir misaldır ki, onun xırdalıqları haqda fikir ayrılığı olmasına baxmayaraq, məsələnin ümumiliyində hamı yekdildir.
    İkincisi də, qarilər tərəfindən bizə gəlib çatan yalnız onların yiyələndikləri qiraət üsullarının xüsusiyyətləridir. Quranın özü isə müsəlmanlar arasında mövcud olan ümumi təvatür vasitəsi ilə bizə gəlib çatmışdır. Hamıya məlumdur ki, müsəlmanlar bütün dövrlərdə Quranı yazılı və şifahi şəkildə hifz edərək bir-birlərinə nəql etmiş və onu bizlərə çatdırmışlar. Qarilər isə Quranın gələcək nəsillərə nəql olunmasında heç bir rol ifa etməmişlər.
    Buradan belə bir nəticəyə gəlirik ki, yeddi və ya on mötəbər qarinin Quranın mütəvatirliyini nəql edib-etməmələri və ümumiyyətlə onların mövcud olub-olmamaları Quranın mütəvatirliyinin sübuta yetirilməsində heç bir təsir göstərməmişdir. Çünki, Quran təsəvvür olunduğundan daha uca və daha münəzzəhdir. Bu səbəbdən də onun mütəvatirliyinin sübuta yetirilməsi üçün bir neçə qarinin qiraət və nəql etdikləri rəvayətlər heç də dəlil kimi qəbul olunmur.
    4. Əgər qiraətlər mütəvatir olmazsa, Quranda istifadə olunan «Məlik» və «Malik» və bu kimi ifadələri də mütəvatir hesab etmək olmazdı. Çünki, bu qiraətlərdən birinin qəbul, digərinin isə rədd olunması əsassız bir iddiadır. Bu səbəbdən də biz onların hər ikisini mütəvatir hesab etməliyik.
    İlk dəfə bu dəlilə İbni Hacib istinad etmiş və sonralar bir çoxları ondan təqlid etmişlər.
    Müəllif: Qiraətdə olan ixtilaf yalnız kəlmələrin quruluşunda və ya onun tələffüzündə nəzərə çarpır və kəlmənin özünün və Quranın mütəvatirliyinə heç bir xələl gətirmir. Belə bir məntiqə əsaslanaraq, bütün qiraətləri mütəvatir hesab etməliyik, lakin bunun sübuta yetməsi üçün heç bir dəlil yoxdur.
    Alimlərdən bəzilərinin yeddi və ya on qarini digər qarilərdən üstün tutmasını isə xüsusilə qeyd etmək lazımdır. Fərz edək ki, doğrudan da yeddi məşhur qari digər qarilərdən daha mötəbər və Quran elmlərinə onlardan daha yaxşı yiyələnmişlər. Lakin buna baxmayaraq, yeddi qarinin mötəbər olduğunu bilavasitə Quranın mütəvatirliyinə də meyar olaraq qəbul edə bilmərik. Bəli, yeddi qarinin üstün xüsusiyyətlərini nəzərə alaraq, onları digər qarilərdən daha mötəbər hesab etmək olar. Quranın mütəvatirliyinə gəldikdə isə, bir-birindən fərqli olan bu iki şeyi əsla əlaqələndirmək olmaz.
    Nəticə: Yuxarıda qeyd olunan dəlilləri nəzərə alaraq, yeddi qarini digər qarilərdən daha mötəbər hesab edə bilmərik. O ki qaldı digər qiraət üsullarına, onların mütəvatir olduqlarına kimsə əsaslanmır.
    ARAŞDIRMA
    Belə bir nəticəyə gəlirik ki, Quranla qiraətlər arasında mütəvatirliyin bərqərar olunmasına heç bir lüzum yoxdur. Bunu alimlərdən bir çoxu təsdiq etmişlər. O cümlədən Zərqani deyir: «Alimlərdən bəziləri bu məsələni daha da şişirdərək, yeddi qarinin mötəbərliyini qəbul etməyən şəxsləri küfrdə ittiham etmişlər. Çünki onlar, qiraətləri mütəvatir hesab etməyən şəxsləri Quranı da mütəvatir hesab etməməkdə günahlandırır və bu səbəbdən də, belə şəxsləri küfr etməkdə suçlayırlar. Bir zamanlar Əndəlosun (İspaniyanın) müftisi olmuş Əbu Səid Fərəc ibni Ləb, bu əqidənin bünövrəsini qoymuş ilk şəxslərdən olmuşdur. O, öz əqidəsini sübuta yetirmək üçün böyük səy göstərmiş, hətta bu sahədə kitab da yazmışdır. Lakin bütün bunlar bir nəticə verməmiş və Əbu Səid öz əqidəsini sübuta yetirə bilməmişdir. Bir qədər əvvəl qeyd etdik ki, qiraətlə Quranın mütəvatirliyi arasında olduqca böyük fərq vardır. Məgər Quran qiraətlər olmadan mütəvatir ola bilməzmi? Necə ki, bütün qarilərə gəldikdə, onlar hamılıqla mütəvatir hesab olunurlar.
    Alimlərin bəziləri deyirlər: «Qiraətlərlə Quranın mütəvatir olması arasında heç bir əlaqə yoxdur. Üsul alimlərindən kimsə bu haqda heç bir nəzər irəli sürməmişdir. Bu barədə, sayı həddindən artıq az olan şəxsi nəzər sahiblərindən biri də İbni Hacibdir.»
    Zərkeşi «Burhan» kitabında yazır: «Quran və qiraət bir-birlərindən fərqlənən iki müxtəlif həqiqətlərdir. Onların arasında olan müştərəklikdən danışa bilmərik. Çünki Quran həzrət Məhəmmədə (s) nazil olmuş ilahi vəhy, qiraət isə tələffüz və yazılış baxımından bir-birindən fərqlənən özünəməxsus bir elmdir. Bununla yanaşı bəziləri qiraətləri mütəvatir, bəziləri isə sadəcə olaraq mötəbər hesab edirlər. Bunu da qeyd etmək lazımdır ki, bizə gəlib çatan qiraətlər qarilər tərəfindən mütəvatir olaraq nəql olunmuşdur. Lakin qarilərin özlərinin Peyğəmbər (s) tərəfindən mütəvatir olaraq nəql olunmaları, yəni mötəbər olduqlarına dəlalət edən hədisin nəql olunması kimsəyə məlum deyildir. Çünki, qiraətlər Peyğəmbər (s) tərəfindən vahid xəbər formasında nəql olunmuşdur və onlara yalnız qiraət kitablarında rast gəlmək olar. (Əl-itqan. 1-ci cild, 138-ci səh).
    YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-AYRI ŞEYLƏRDİR
    Bəzən belə təsəvvür olunur ki, Quranın nazil olduğu «yeddi hərf» və «yeddi oxunuş» üslubu yeddi qiraət növü ilə eyni şeydir. Onlar buna əsaslanaraq öz iddialarını sübuta yetirmək üçün «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda varid olan hədisləri öz müddəalarının dəlili kimi göstərməyə çalışmışlar.
    Çarəsizlikdən bu mövzunu burada araşdırmaq və onda olan səhvləri aydınlaşdırmaq məcburiyyətindəyik.
    1. Biz «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda nəql olunmuş rəvayətləri əsla qəbul etmirik;
    2. Bu rəvayətlərin mötəbərliyinə istinad etsək də belə, «yeddi hərf» və «yeddi oxunuş» üslubunu yeddi qiraət növü ilə əlaqələndirməməliyik. Çünki, bu mövzu ətrafında təhqiqat və araşdırmalar aparmış alimlərdən heç biri, onların bir olduqlarına dair fikir irəli sürməmişlər. Burada Cəzairinin bu barədə söylədiklərini xatırlamaq yerinə düşərdi. O deyir: «Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahidin üçüncü yüzillikdə Bağdad qiyamına qədər mötəbər sayılan yeddi qiraət üsulu digər qiraətlərdən əsla fərqlənmirdi. O Məkkə, Mədinə, Kufə, Bəsrə, Şam şəhərlərinin qarilərindən yeddi nəfəri seçib onlara rəsmiyyət verdi. Onlar aşağıdakılardan ibarətdir: Nafe, Abdulla ibni Kəsir, Əbu Əmr Əla, Abdulla ibni Amir, Asim, Həmzə və Kəsai.
    Bəziləri belə güman edirlər ki, yeddi qiraət üsulu ilə yeddi qiraət növü arasında heç bir fərq yoxdur. Lakin bu, heç də belə deyildir... Alimlərin bəziləri hətta Əbu Bəkr ibni Mücahidi yeddi qiraət üsulunu mötəbər hesab etdiyi üçün tənqid atəşinə tutmuşlar. Onlar deyirlər: Yeddi deyildikdə, bir çoxları qiraətlə üslub arasında heç bir fərqin olmadığını güman edir və bu səbəbdən də əksər hallarda səhvə düçar olurlar.
    Sonra əlavə edərək deyir: Əhməd ibni Amir Məhdəvi deyir: Yeddi qiraət üsullarını mötəbər hesab edən şəxslər, camaatı anlaşılmaz vəziyyətdə qoyurlar. Çünki bu barədə kifayət qədər məlumatı olmayan kütlə, nəql olunmuş rəvayətlərdən səhv nəticə çıxardaraq qiraətlərin yeddi üslubla əsla fərqlənmədiyini güman edir. İbni Mücahid qiraətləri müəyyən etdiyi zaman belə bir ixtilafın meydana gəlməməsi üçün onlardan yalnız birini müəyyən etsəydi, çox gözəl olardı...
    Məşhur qiraət ustası İsmayıl ibni İbrahim ibni Məhəmməd Qurab «Şafi» kitabında yazır: Yalnız yeddi qarinin qiraətini seçib, digər qiraətləri rədd etməkdə heç bir rəvayətə əsaslanmaq olmaz.
    Lakin son illərin alim və mütəxəssisləri, yeddi qaridən savayı kimsəni tanımadıqları üçün, öz əsərlərində yalnız onların qiraətlərinə işarə etmiş və onları «Kitabus-səbə» (Yeddi kitab) adlandırmışlar. Bu kitablar tədriclə camaat arasında yeddi qiraət üsulunu sübuta yetirəcək dəlilə çevrilmişdir.»
    Əbu Məhəmməd Məkki deyir: «Alimlərdən bəziləri öz kitablarında yetmişə yaxın qarinin adını çəkmiş və onlardan bəzilərini elmi baxımdan yeddi mötəbər qaridən daha üstün tutmuşlar. Belə bir halda bu yeddi qarinin qiraətini Quranın yeddi qiraət üslubu ilə necə uyğunlaşdırmaq olar?! Görəsən bu mətləbə istinad etmək haqq və ədalətdən uzaqlaşmaq deyildirmi?! Ümumiyyətlə bunu təsdiq edəcək hər hansı bir dəlilə istinad etmək olarmı? Peyğəmbərdən (s) bu barədə rəvayət nəql olunduğu bir halda bu qiraətləri, yeddi Quran üslubu ilə eyni hesab etmək düzgün olardımı? Tarixə nəzər saldıqda görürük ki, Kəsai, Məmunun xilafəti dövründə qarilər sırasına daxil olur. Əvvəllər yeddinci qari Yəqub Həzrəmi hesab olunardı və Hicrətin 300-cü ilində İbni Mücahid, Kəsaini, Yəqub Həzrəminin yerinə təyin edir!!» (Tibyan 82-ci səh).
    Şərəf Musa deyir: «Bir çoxları qiraətlə yeddi Quran üslubunu eyni hesab etməklə böyük bir səhvə yol vermiş olurlar. Şübhə yoxdur ki, belə bir təfəkkür tərzi onlarda, kifayət qədər məlumat əldə edə bilmədikləri üçün yaranmışdır.»(Tibyan, səh.61.)
    Qurtəbi deyir: «Davudi və İbni Səfrə kimi bir çox alimlərimiz də qiraətlərlə üslublar arasında heç bir fərqin olmamasına dair fikir irəli sürmüşlər. Onlar deyirlər: Səhabələr qiraətlərin hər hansı birini seçməkdə tamamilə azaddırlar.»
    İbni Nuhas və başqaları bu haqda deyir: «Üslub dedikdə, biz yalnız bir şeyi nəzərdə tutmalıyıq. O da, xəlifə Osmanın dövründə yığılmış Quran nüsxələridir. O ki qaldı qiraət üslublarına, bu, sonralar alimlər tərəfindən müəyyən olunmuşdur müxtəlif oxunuş qaydalarıdır.» (Təfsir Qurtəbi. 1-ci cild, 46-cı səh).
    İbni Cəzri də Kəsainin Quranın yeddi üslubda nazil olduğunu, qiyamət gününədək bu əsasda oxunacağına dair irəli sürdüyü nəzəriyyəsini tamamilə batil və əsassız hesab edərək demişdir: Siz özünüz bu nəzəriyyənin nə qədər zəif və əsassız olduğunun şahidisiniz. Çünki, kifayət qədər məlumat əldə etmiş şəxslər yeddi, on, on üç qiraət üslublarının yalnız son illərdə meydana gəlib məşhurlaşdığını çox gözəl dərk edirlər. Bu qiraət üsullarını hicrətin birinci yüz illiyində istifadə olunan qiraətlərlə müqayisə etsək, sanki dənizdən bir damla su götürmüş kimi oluruq. Belə ki, yeddi mötəbər qarinin qiraətindən təqlid və istifadə etmiş şəxslər olduqca çox olmuşlar.
    Biz burada onlarla yanaşı, saysız-hesabsız qiraət nəql etmiş ravilərin də fəaliyyətinin şahidi oluruq. Hicrətin üçüncü yüz illiyinə qədər onların fəaliyyəti bu minvalla davam etmiş və üçüncü yüz illiyin axırlarında özünün ən son həddinə çatmışdır. Üçüncü yüz illik sona çatdıqda məşğuliyyətlər çoxalır və yaddaşlarda zəiflik yaranmağa başlanır. Bir tərəfdən də, digər elmlərlə müqayisədə hədis və təfsir elmlərinə daha çox diqqət yetirilməyə başlanır. Alimlərdən bəziləri özlərinin və ya təhsil aldıqları qiraət ustalarının qiraətini yazılı şəkildə qoruyub saxlamağa daha çox üstünlük verirdilər.
    Hamının etimadını qazanmış Əbu Ubeyd Qasim ibni Səlami ilk dəfə olaraq qiraətləri bir yerə toplayaraq kitab halına salmışdır. Hicrətin 224-cü ilində vəfat etmiş Əbu Ubey nəql olunmuş bu qiraətləri 25 qiraət üslubunda xülasə və tənzim edə bilmişdir. Sonra Əhməd ibni Ubeyr ibni Məhəmməd Kufi (258-ci Hicri ili) Antakiyada yaşadığı illərdə beş böyük şəhərin hər birindən (Məkkə, Mədinə, Bəsrə, Kufə, Şam) bir qari seçərək onlar barəsində ayrıca kitab yazmışdır.
    Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl ibni İshaq Maliki (282-ci Hicri) öz kitabında iyirmi məşhur qari haqda ətraflı məlumat vermişdir. Onların siyahısında yeddi mötəbər qarinin adlarını da görmək olur. Qazidən sonra Məhəmməd Cərir Təbəri (301-ci Hicri) «Əl-cam» adlı kitabını yazmış və orada iyirmidən çox qari haqda ətraflı məlumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd ibni Əhməd ibni Əmr Dağuyi (324-cü Hicri) məşhur qiraətlər haqda kitab tərtib edərək orada Əbu Cəfər Təbərinin də on mötəbər qaridən biri olduğunu qeyd etmişdir. Və nəhayət Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahid (324-cü Hicri) ilk dəfə bu qiraətləri yeddi mötəbər qiraət adlandırmışdır. O, öz kitabında Dacuyi və Təbəri haqda da ətraflı məlumat vermişdir.
    Qiraət barəsində kitab yazmış İbni Cəzri öz əsərində digər təhqiqatçıların həyat və yaradıcılıqları haqda söhbət açdıqdan sonra deyir: «Qiraətlərin tarixi haqda ətraflı məlumat verməkdən əsas məqsəd, kifayət qədər məlumat əldə etməyən şəxslərə həqiqəti bildirməkdir.»
    Çünki onlar, Peyğəmbərin (s) dəfələrlə işarə etdiyi «yeddi hərf» və «yeddi oxunuş» üslubu ilə yeddi mötəbər qiraətlər arasında heç bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış bir əqidədir. Bəzi məlumatsız şəxslər belə güman edirlər ki, mötəbər hesab olunan qiraətlər yalnız «Əşşatibiyyə» və «Əttəysir» adlı kitablarda, haqqında söhbət açılan qiraətlərdir. İstinad etdikləri yeganə mənbə isə Peyğəmbərdən (s) nəql olunmuş «yeddi hərf» və «yeddi oxunuş» hədisidir. Onlar hətta bu kitabda adları çəkilməyən qiraətləri qeyri-mötəbər və əsassız hesab etmişlər. Bir halda ki, orada adları çəkilməyən və yeddi qiraət üsullarından hesab olunmayan bəzi qiraətlər onların bir çoxundan daha mötəbər və daha düzgündür. Belə bir böyük səhvə yol vermələrinin əsas səbəbi, onların «Quran yeddi üslubda nazil olmuşdur» hədisindən çıxardıqları səhv nəticə, digər tərəfdən isə yeddi qiraət üslubu haqda əldə etdikləri bəzi məlumatlardır. Buna əsasən də onlar yeddi qiraət üslubu ilə Quranın «yeddi hərf» və «yeddi oxunuş» üslubu arasında heç bir fərqin olmadığını zənn etmişlər. Bir çox keçmiş alimlər İbni Mücahidi qiraətləri yeddi hissəyə böldüyünə və onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid atəşinə tutmuşlar. Çünki, məlumatı olmayan bir çox şəxslər qiraətlərlə üslublar arasında heç bir fərqin olmadığını güman edərək böüyk səhvlərə yol verirlər.
    Əbu Şammə deyir: «Bir çoxları belə güman edirlər ki, yeddi qiraət deyildikdə hədisdə nəzərdə tutulan ifadələr nəzərdə tutulur. Bir halda ki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə bir yanlış məlumata bu haqda heç bir məlumatı olmayan cahil insanlar əsaslanırlar.» (Əl-itqan (Süyuti). 1-ci cild, 138-ci səh).
    Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, qiraətlərin heç biri mütəvatir olaraq qarilərin özləri və ya Peyğəmbər (s) tərəfindən nəql olunmamışdır. Onların mütəvatirliyinin qarilər tərəfindən nəql olunduğu fərz olunsa da, qəti şəkildə bilmək lazımdır ki, Peyğəmbərdən (s) bu məzmunda mütəvatir olaraq bircə rəvayət də nəql olunmamışdır.
    Demək, mötəbər qiraətlər ya vahid xəbər formasında nəql olunmuş, ya da qarilərin özlərinin ictihadı nəticəsində meydana gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq:
    1. Bütün qarilərin mötəbər olub-olmaması;
    2. Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının düzgünlüyü.
    Gələcək fəsillərdə biz onların hər biri haqda ətraflı söhbət açacağıq.
    QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA
    ŞƏRİƏT MƏSƏLƏLƏRİNDƏ YEDDİ QİRAƏT ÜSLUBU İLƏ İSTİDLAL ETMƏK OLARMI?
    1. Alimlərin bəziləri bütün qiraət üslublarını mötəbər hesab edərək bir çox şəriət məsələlərində onlara istinad etmişlər. Belə ki, Həfs istisna olmaqla, Kufə qariləri «Heyz zamanı qadınlardan kənar olun, heyzdən təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin» ayəsinə istinad edərək, heyz qusulu almamış qadınla yaxınlıq etməyin haram olduğuna istinad etmişlər. Göründüyü kimi onlar «yəthərnə» kəlməsini təşdidlə, yəni «yəttəhhərnə» oxumuşlar. Yəni «heyzdən uzaq olun və (qadınlarınız) qüsl almayınca onlarla yaxınlıq etməyin».
    Cavab: Bu qiraətin düzgünlüyünə dair heç bir dəlil yoxdur və qiraətlər arasında ixtilaf olduğu bir halda şəriət məsələlərində onlardan birinə istinad etmək olmaz. Bunun isə iki əsas səbəbi vardır:
    Birincisi, qiraətlərin səhv olmasının mümkünlüyü;
    İkincisi, qiraətlərə əməl olunmasının vacibliyinə dəlalət edən əqli və şəri dəlillərin olmaması ilə yanaşı, əql və şəriətin insana yəqinlik hasil etmədiyi hər hansı bir şeyə əməl etməyi qadağan etməsi. Bu haqda gələcək fəsillərdə ətraflı söhbət açacağıq.
    2. Deyə bilərlər ki, qiraətlər mütəvatir olmasa da, Peyğəmbərdən (s) nəql olunduğu üçün, onları heç olmasa vahid xəbər formasında nəql olunmuş hədislərə aid edə bilərik. Demək, vahid xəbərin etibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mötəbərliyinə dəlalət edəcəkdir.
    Cavab: Qiraətlərin rəvayət olunduğu sübuta yetmədiyi bir halda təbii ki, vahid xəbərin də dəlil olması onları sübuta yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi rəy və ictihadları nəticəsində meydana gəlməsinin ehtimal verildiyinə işarə etdik. Bəzi alimlərin bu mətləbə əhəmiyyət verməsi bu ehtimalı bir daha təsdiq edir.
    Əgər qarilər arasında yaranmış ixtilafların əsas səbəbini ilk vaxtlar hərflərin nöqtəsiz, durğu işarələrinin olmamasında görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş nəzəriyyə bir daha özünü sübuta yetirir. İbni Əbi Haşim bu barədə deyir: Qarilərin qiraətlərində yaranmış ixtilafların əsas səbəbi, səhabələrin fəth olunmuş məntəqələrə göndərilərək, orada yerli əhaliyə Quran ayələrini nöqtə və işarələrsiz öyrətmələri olmuşdur. Yazıb-oxumaq savadı olmayan şəxslər Quranı başqalarından şifahi şəkildə dinləməklə əzbərləməyə çalışırdılar. Əzbərlədikləri hər bir ayə Quran nüsxələri ilə uyğun gəldikdə ona əməl edir, ziddiyyətli nəzərə çarpdıqda isə onu tərk etməli olurdular. Beləliklə də müxtəlif şəhər və məntəqələrdə bir-birindən fərqlənən qiraət üsulları meydana gəldi.
    Zərqani deyir: Müsəlmanlar İslamın zühur etdiyi ilk illərdə Quranın orjinallığını qoruyub saxlamaq və müxtəlif qiraətlərin qarşısını almaq məqsədilə, hərflərin üzərinə nöqtə və hərəkələr qoymadan oxumağa cəhd edirdilər. Lakin gözlənildiyinin tam əksi baş verdi. Qiraətlərdəki fərq daha çox hiss olunmağa başladı. Müxtəlif qiraət və tələffüzlərin çoxaldığını hiss edən müsəlmanlar hərflərə nöqtələr əlavə etməyə məcbur oldular. (Mənahilul irfan. 402-ci səh).
    2.Ravinin vahid xəbər formasının doğruluğuna dair mötəbər hesab etdiyi dəlilləri nə qiraətlərin ravilərinə, nə də qiraət üslublarının rəvayət olunmasına şamil etmək olar. Çünki, onların şərh-halı artıq etimad olunası şəxslərin olmadıqlarını sübuta yetirmişdir.
    3. Bütün qiraətlərin şəxsi rəy və ictihadlara deyil, yalnız rəvayətlərə istinad olunduğunu, bütün qarilərin etimad olunası şəxs olduqlarını fərz etsək də, onların tamamilə mötəbər olduqlarını qəbul edə bilmərik. Çünki, əldə etdiyimiz icmali elmin vasitəsilə belə məlum olur ki, qiraətlərin bir qismi əsla Peyğəmbər (s) tərəfindən bəyan olunmamışdır. Belə bir halda təbii ki, icmali elm qiraətlər arasında ixtilafın yaranmasına səbəb olmalı idi. Belə ki, qiraətlərin biri digərini təkzib edəcək və nəticədə hər biri öz etibarını itirməli olacaqdı. Qiraətlərdən birini digərindən üstün tutmaq yalnız o zaman düzgün ola bilər ki, əlimizdə onun etibarlığını sübuta yetirəcək kifayət qədər dəlil olsun. Əks təqdirdə qiraətlərdən birinin digərindən üstün tutulması şəriət qanunlarına əsasən, tamamilə zidd olacaqdır.
    Əgər bütün qiraətlərin mötəbərliyinə istinad etsək, yenə də həmin nəticəyə gələcəyik. Şəriət məsələlərinin həllində onlardan istifadə etməyə gəldikdə isə, burada üstün xüsusiyyətləri bəyan edən və məna baxımından bir-biri ilə ziddiyyət təşkil edən rəvayətlərə istinad etməli olacağıq. Çünki, əgər hər iki qiraətin mütəvatir olduğunu təsdiq etsək, onların hər ikisinin Allah tərəfindən nazil olmasını qəbul etməli olacağıq. Demək, qiraətlərin hər ikisi sənəd baxımından eyni, zahiri məna baxımından isə bir-biri ilə tamamilə müxtəlif olacaqdır. Bu isə qeyri-mümkündür.
    İcmali olaraq qiraətlərdən birinin mötəbər olmadığını bilsək, onda gərək hər ikisini inkar edib digər üsul və qanunlara müraciət edək. Çünki, zahiri mənanı nəzərə alaraq onlardan birini digərindən üstün və həmçinin üstün tutduğumuz qiraəti mötəbər hesab edə bilmərik. Belə ki, iki şeydən birini digərindən yalnız o zaman üstün tutmaq olar ki, onlardan hansınınsa mötəbər olub-olmamasında yəqinlik hasil etmiş olaq. Qiraətlərdən hər hansı biri ziddiyyətli olsa artıq, onlardan heç birini mötəbər saya bilmərik. Çünki, belə olduqda onlar sənəd baxımından bir-birindən fərqlənməyəcək.
    YEDDİ QİRAƏT ÜSLUBLARININ HƏR BİRİ İLƏ NAMAZ QILMAQ OLARMI?
    İstər sünnü, istərsə də şiə alimlərinin bir çoxu yeddi qiraət üslubu ilə, bəziləri isə mövcud olan on və ya daha çox qiraət üslubları ilə namaz qılmağı düzgün hesab edirlər.
    Lakin, namazda Quran ayələrinin düzgün tələffüz edilməsinin vacib şərtlərdən olmasını nəzərə alaraq deyə bilərik ki, qiraətə olduqca böyük əhəmiyyət yetirilməli, namazda bütün qiraətlərdən deyil, yalnız Peyğəmbər (s) və ya imamlar tərəfindən düzgünlüyü təsdiq olunan qiraətlərdən istifadə olunmalıdır. Demək, düzgünlüyü sabit olmayan hər hansı bir surə və ya kəlməni Quran adlandırmaq olmaz və insan, üzərinə düşən məsuliyyəti elə yerinə yetirməlidir ki, nəticədə ona olduğu kimi əməl etməsinə yəqinlik hasil etsin. Diqqət yetirsək məlum olar ki, ya gərək qiraətlərin sayı miqdarında namaz qılınsın, ya da ixtilafa səbəb olan kəlmə və ya ifadə müxtəlif tələffüz formalarında təkrar edilsin. Yalnız belə olduqda insan üzərinə düşən məsuliyyəti olduğu kimi yerinə yetirmiş olur. Məsələn, Fatihə surəsinin 4-cü ayəsi həm «Maliki yəvmiddin», həm də «Məliki yəvmiddin» şəklində oxunsun.
    Namazda Fatihə surəsindən sonra oxunan surələrə gəldikdə isə, gərək qiraətində heç bir ixtilaf olmayan surələr oxunsun.
    Bir anlıq imamların tövsiyələrinə nəzər salaq. Onlar zəmanələrində istifadə olunan qiraətlərin düzgünlüyünə nəzarət edir və öz davamçılarına bu qiraətlərdən istifadə etmələrini tövsiyə edirdilər. «Öyrəndiyiniz kimi oxuyun», «Sən də camaat oxuduğu kimi oxu». (Kafi-nəvadir fəsli. Quranın fəziləti).
    Qiraətlərdən bəzilərinin yasaq olunmasına gəldikdə isə, qeyd etməliyik ki, bu barədə onlar tərəfindən rəvayət nəql olunmamışdır. Və əgər nəql olunsaydı təbii ki, mütəvatir və ya vahid xəbər formasında bizlərə gəlib çatardı.
    Buradan belə bir nəticəyə gəlirik ki, namazdakı Quran qiraətlərini yeddi və ya on üsluba ayırmaq heç bir məna kəsb etmir. Yəni insan, qondarma və qeyri-mötəbər qiraətləri çıxmaq şərti ilə, namazda istədiyi qiraətlərdən istifadə edə bilər. Məsələn, «Maliki yəvmiddin» ayəsini«mələkə yəvməddin» kimi oxumaq düzgün deyildir.
    «İnnəma yəxşəllahə min ibadihil uləmau» ayəsindəki Allah kəlməsini zəmmə ilə «yəxşəllahu» və «uləma» kəlməsini fəthə ilə «uləmaə» kimi oxumaq tamamilə yanlış və səhv qiraət üsuludur. Bu qiraəti Əbu Hənifə, Xəzaidən nəql etmişdir. (Ayənin mənası belədir: «Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar.» Xəzainin şəraitindən isə bunun tam əks mənasını əldə edirik. Yəni, «Alimlərdən qorxan yalnız Allahdır.»)
    Qeyd olunanlardan belə bir nəticəyə gəlirik ki, imamların zamanında mövcud olmuş, düzgünlüyü onlar tərəfindən təsdiq olunan qiraətlərdən gündəlik namazlarda istifadə etmək tamamilə doğru və düzgündür.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 638 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024