EY DOĞRU DANIŞAN! HƏZRƏT YUSİFİN (Ə) ƏHVALATI İbrahimin (ə) bərəkətli ömrü yüzə çatdı. Yoldaşı Saranın da yetmiş yaşı vardı. Onlar qocalmışdılar. Onlar hələ də övlad sarıdan sonsuz idilər. İsmayılın on dörd yaşı vardı və o, Məkkədə yaşayırdı. İbrahim (ə) il ərzində bir dəfə onu görməyə gedirdi. Siz əzizlər xatırlayırsınızsa Lutun əhvalatında onu fasid əhalisi olan şəhərdən xilas etmək üçün üç qonağın o diyara gəlişindən söhbət açmışdıq və əgər yadınızdadırsa, onlar öncə İbrahimin (ə) yanına gəlmişdilər. İbrahim (ə) Lutun camaatının etdiyi işlərə və onları gözləyən acı taleyə görə nigaranlıq hissi keçirmişdi. Allah-təala İbrahimin (ə) qəlbini şad etmək üçün ona Saradan bir övladı olacağını xəbər verdi; İshaq adlı bir övlad. O, gələcəkdə ilahi peyğəmbərlərdən biri olacaqdı və İshaqdan da bir övlad dünyaya gələcəkdi. O da peyğəmbər olub, böyük məqama çatacaqdı. Sara bu müjdəni eşidib, təəccübə gəldi və dedi: -Mən qocalmışam. Necə məndən uşaq doğula bilər? Ərim də qoca bir kişidir. Bu iş çox təəccüblüdür. Mələklər dedilər: -Allahın işinə təəccüb etmə! Həqiqətən Allah hər şeyə qadirdir. Beləliklə o möcüzə baş verdi. Doxsan yaşlı bir kişi və qoca qarının bir övladı dünyaya göz açdı. O, İshaq peyğəmbər idi; pak fitrətli və dəyərli bir insan. İbrahim (ə) İshaqın doğulmasına çox sevindi. Çünki, onun nəslindən çoxlu peyğəmbərlər yaranacaqdı və hamısı insanlara tövhid, yeganəpərəstlik və nur risalətinin bayraqdarı olacaqdılar. İshaq böyüdü və İbrahimin (ə) peyğəmbərlik əmanətini öhdəsinə aldı. Allahın risalətini öhdəsinə götürdü və onun təbliğində bütün peyğəmbərlər kimi əmanətdar oldu. Mələklərin müjdəsi həyata keçdi və Allah İshaqa Yəqub adlı bir övlad əta etdi. Allah-təala İbrahimin (ə) ailəsinə çoxlu bərəkət verdi. Yəqub da peyğəmbərliyə çatdı və Allahın əmanətini öhdəsinə alıb, onu yerinə yetirmək üçün ayağa qalxdı. Yəqub evləndi və Allah ona Şəmun, Lavi, Rubil, Yəhuda, Yəsakir, Zəbulun, Dan, Nəftali, Cad və Əşir adlı on oğul əta etdi. Ondan sonra Yəqub xalası qızı Rahilə ilə evləndi və ondan da iki övlada sahibi oldu: Yusif və Benyamin. Beləliklə, Yəqubun on iki oğlan övladı oldu. İbrahimin (ə) sülaləsi Fələstin torpaqlarında yaşayırdılar. Ora təmiz və səfalı bir yer, bitkilər, otlaqlar və zeytun ağacları ilə dolu olan bir diyar idi. Yəqub da atası İshaq və babası İbrahim (ə) Xəlilür-Rəhman kimi səxavətli və bağışlayan bir insan idi. Yoxsullara kömək, qonaq və qəriblərə qulluq edirdi. Ona görə də Yəqub hər gün bir qoyun kəsirdi. Onun ətindən yoxsullara yemək verirdi. Özü və ailəsi də ondan yeyirdilər. Orada saleh bir kişi yaşayırdı. Adı Dəmyal idi. O, çox yoxsul və kasıb bir insan idi. Təsadüfən həmin gün oruc idi. Öz iftarı üçün də yeməyə bir şeyi yox idi. Yəqubun onun üçün yemək göndərməsini gözləyirdi. Yəqub adəti üzrə bir qoyun kəsdi. Ətini yoxsullara payladı, özü və övladları da ondan yedilər. Onlar həmin gecəni tox yatdılar. Amma, kasıb Dəmyal ac yatdı. O, sonrakı gün üçün də oruc niyyəti etdi. Dəmyal o gün oruc olmuş və şama heç bir şey yeməmişdi. Aclıq onu çox incidirdi. Ac yatdı. Aclığın narahatlığına dözərək yatdı. Həmin gecə min illər bundan əvvəl baş verən həyacanlı əhvalatın hadisələri yaşandı. Yusifin doqquz yaşı vardı. Gözəl imanlı bir yeniyetmə idi. Gözlərindən nur parlayırdı. Ürəyi paklıq və xeyirxahlıqla dolu idi. Gözəlliyi üzündə və işıqlı gözlərində aydın idi. Ona görə də atası onu çox sevirdi. Övladlarının heç birini onun qədər sevmirdi. Yəqub Yusifin çöhrəsində peyğəmbərlik nuru görürdü və öz-özünə deyirdi: Yəqin ki, Allah məndən sonra Yusifi peyğəmbərliyə seçəcəkdir. Yusif gözəl idi. Amma, təkcə zahiri gözəllikdə yox. O, ruhi keyfiyyətlər və əxlaqi sifətlərdə də gözəl idi. Kimsə onu görsəydi elə bilərdi ki, göydən enən bir mələyin qarşısında durmuşudur. Ona görə də hamı onu sevirdi. Hamıdan çox atası Yəqub ona məhəbbət bəsləyirdi. Yusif şəffaf şeh damlalarına bənzəyirdi. Gözləri səma kimi işıqlı idi. Siması ulduz kimi parlayırdı. Ona görə də on qardaşı ona həsəd apardılar. Öncə ona həsəd etdilər, sonra kin və düşmənçilik bəsləməyə başladılar. Ondan sonra isə onun ölümünü arzuladılar və onun əlindən rahat olmaq üçün çoxlu planlar cızdılar. O gecə Yusif rahat yatdı. Qardaşlarının plan və hiylələrindən xəbərsiz idi. O, təəccüblü bir yuxu gördü. O, röya aləmində gördü ki, on bir ulduz, günəş və ay hamısı ona səcdə edirlər. Maraqlı bir səhnə idi. Görəni heyrətə gətirərdi. Yusif hiss etdi ki, ulduzların, günəşin və ayın şüurları vardır və onlar öz istəkləri ilə gəlib, ona səcdə edir, təzim göstərirlər. Heyrətli bir hadisə idi. Yusifi təəccüb bürümüşdü. O hiss etdi ki, nurani səma cisimləri onun qarşısında gülümsəyərək, onu tərifləyirlər. Bu yuxu Yusifin qəlbini işıqlandırdı, onun vücudunu silkələdi. Yusif oyandı. Onun duyğu və hissləri hələ də o yuxunun təsiri altında idi. Yuxu sanki onun qəlbini, sinəsini və bütün varlığını doldurmuşdu. Ulduzların, günəş və ayın təsviri onun üçün aydın idi. Elə bir qarşısında durmuşdular. O yuxu onun vücudunu sarsıtdı. Çünki, o, nə edəcəyini bilmirdi. Ona görə də heyran idi. Sərgərdan idi; atasının yanına gəlib dedi: -Ata! Yuxuda gördüm ki, on bir ulduz, günəş və ay mənə səcdə edirlər. Atacan! Gördüm ki, onların hamısı toplaşıb, mənə səcdə edirlər. Hiss etdim ki, o ulduzlar nə etdiklərini bilirlər. Hiss etdim ki, onlar üzümə gülümsəyirlər. Təzim edib, qarşımda səcdə edirlər. Yəqub Yusifin yuxusuna tamamilə qulaq asdı. Bildi ki, Yusif gələcəkdə böyük və dəyərli bir məqama çatacaqdır; çox böyük bir məqama. O, mehribanlıqla oğluna dedi: -Oğlum! Yuxunu qardaşlarına söyləmə. Onlar sənə qarşı çıxarlar. Çünki, Şeytan insanın açıq-aşkar düşmənidir. Oğlum! Qardaşlarını bu qəribə yuxudan xəbərdar etmə. Çünki, sənə həsəd apararlar. Şeytan onlara vəsvəsə edər. Ey Yusif! Allah səni öz risalətini təbliğ etmək üçün seçəcəkdir. O sənə yuxu təbiri öyrədəcəkdir. Allah sənə xeyir və bərəkət nazil edəcək. Səndən qabaq ataların İbrahim (ə) və İshaqa, həmçinin Yəqubun ailəsinə əta etdiyi kimi. Həsəd qardaşların qəlbində artdı. Onların Yusifə olan kinləri çoxaldı. Bəlkə yuxunu eşitmişdilər və bəlkə də atalarının ona olan fövqəladə məhəbbətlərini hiss etmişdilər. Onlar hər gün heyvanları otarmaq üçün çölə gedir və yalnız bir məsələ barəsində düşünürdülər: Yusifin şərindən necə xilas olmaq olar? Şeytan onlara vəsvəsə etdi. Öz ürəklərində olan hiylə ilə dedilər: -Onu özümüzlə otlağa gətirib, bir dəfəlik şərindən qurtularıq. Günlər ötürdü. Onlar zahirdə Yusif ilə dostluq edirdilər. Onun üzünə gülümsəyir, məhəbbət göstərirdilər ki, onlarla birgə otlağa gəlsin. O gözəl yaşıllıqlarda oynasın. Yusif günahsız və pak idi. O, öz gözəl ağ köynəyi kimi təmiz idi. Buna görə də onların sözlərinə və yalançı dostluqlarına inandı. Onlarla çölə, geniş, gözəl və yaşıl torpaqlara getmək istədi. Amma, Yəqub qardaşların Yusifə olan məkr və hiylələrindən qorxur və ona getmək icazəsi vermirdi. Bir gecə qardaşlar otlaqdan gəldilər. Yusifin üzünə gülümsəyərək, dedilər: -Ey Yusif! O otlaq və çəmənliklər, çöl və səhralar nə qədər gözəldir! Biz çox həzz apardıq. Çox oynadıq. Niyə bizimlə gəlmirsən? Yusif onlarla getmək istəyirdi. Amma, atasının sözünə baxırdı. Onun icazəsi olmadan heç bir iş görmürdü. Yusifin qardaşları dedilər: -Biz atamızla danışarıq ki, icazə versin və sən bizimlə gələsən. Yusif bu sözə sevindi. Hamısı şam süfrəsinin ətrafında oturdular. Sakitcə yeməklərini yeyirdilər. Qardaşlar öz mənalı nəzərləri ilə bir-biriləri ilə söhbət edirdilər. Onlar, hörümçək öz qorxulu evini toxuduğu kimi namərdcəsinə hiylələrini qururdular. Öncə gülümsədilər. Zahirdə Yusifə dostluq və məhəbbət göstərirdilər. Onlar atalarına dedilər: -Ata! Niyə bizi Yusifə əmanətdar bilmirsən? Biz onun xeyrini istəyirik. Atacan! Biz Yusifi sevirik. Onu çox istəyirik. Ata! Sabah onu bizimlə göndər ki, oynasın və ləzzət aparsın. Biz ondan muğayat olarıq. Atacan! Qoy o sabah bizimlə yaşıllıqlara və otlaqlara gəlsin. Oynasın, istirahət etsin. Biz onu qoruyarıq. Onu salamat qaytararıq. Yəqub Yusifin qardaşları ilə getməsini istəmirdi. Çünki, onlar ona həsəd aparırdılar. Şeytan onları aldada bilərdi. Onun başına bir iş gətirə bilərdilər. Ona görə də nigaranlıqla dedi: -Yusifi aparsanız mən darıxaram. Mən qorxuram ki, sizin başınız qarışar və Yusifi canavar yeyər. Övladlarım, mən Yusifi sevirəm. O, hələ uşaqdır. Siz ondan xəbərsiz ola bilərsiniz. Orada çoxlu canavarlar vardır. Onu parça-parça edərlər. Oğlanlar atalarının cavabında dedilər: -Biz on nəfər cavanıq. Necə canavar onu yeyə bilər?! Biz güclü kişilərik, onu qoruyacağıq. Əgər biz on nəfər ola-ola canavar onu yesə, biz ziyankarıq. Yusifin qardaşları hamılıqla and içdilər ki, Yusifi qoruyacaq və onu salamat qaytaracaqlar. Yəqub sakit qaldı və heç bir şey demədi. Onlar bildilər ki, ataları Allahın qəza və qədərinə razı olmuşdur. Səhər açılan kimi qardaşlar uzaq səhralara getməyə hazırlaşdılar. Oralarda otluq, yaşıllıq, yaşıl çöllər var idi və ürək oxşayan yellər əsirdi. Yusif qardaşları ilə getməyinə sevinərək içəri girdi. Qardaşlar onun üzünə gülümsədilər. O da onlara daha çox bağlanmışdı. Yusif bir mələyə bənzəyirdi. Onun o pak ürəyində məhəbbətdən, səfa və səmimiyyətdən başqa bir şey yox idi. Beləliklə, hamısı yola düşüb, heyvanlarını sürdülər. Amma, artıq səhraya çatdıqları zaman və xeymələr gözdən itəndən sonra o yalançı təbəssümləri də gizləndi. Suda duz kimi əridi. Yəhuda yaxınlaşdı və Yusifin üzünə möhkəm bir sillə vurdu. Onun başına qışqırdı. -Tez ol, Rahilənin oğlu! Yusif bu işə təəccübləndi. Qorxu ilə qardaşına baxdı. Elə bilirdi ki, onunla zarafat edir. Amma, belə deyildi. Yəhudanın gözlərindən şər qığılcımı saçırdı. Dişləri yırtıcı canavar dişi kimi görünürdü. Yusif qorxdu. O, sürətini artırıb, yoluna davam etdi. Bu zaman başqa bir qardaşın təpiyi ilə üzləşdi. Üzü üstə yerə yıxıldı. Baxdı ki, onu təpikləyənin kim olduğunu görsün. Gördü ki, Şəmundur. Yusif narahat olub, dərdli-dərdli dedi: -Ey Şəmun! Niyə? Mən sənin qardaşınam. Mən Yəqubun oğluyam. Rubil qışqırdı: -Sakit ol! Danışma! Sən Rahilnin oğlusan. Yusif ağlamağa başladı. Gözlərindən yaş süzülürdü. Onlara dedi: -Mən sizin qardaşınızam. Mən Yusifəm. Hamısı onun başına yığışdılar. Onlar qışqırırdılar: -Sən bizim düşmənimizsən; Yəqubun qəlbinə hakim olan düşmənimiz. Gözlərdən şər qığılcımı saçırdı. Onların biri xəncərini çəkdi. Onu öldürmək istədi. Yusif qorxub, qaçdı. Hara qaçacağını da bilmirdi. Ardınca qaçıb, onu tutdular. Kötəklədilər. Burnundan qan axırdı. Qardaşlar bir-birləri ilə fikir mübadiləsinə başladılar. Onların biri dedi: -Nə gözləyirsiniz? Onun şərindən qurtarmağımız üçün bu, ən gözəl fürsətdir. Başqa birisi Əfi ilan fısıltısına oxşar səsi ilə dedi: -Onu uzaq bir yerə aparaq. Orada buraxaq. Qoy canavarlar onu parça-parça etsinlər. Biz də əlindən rahat olarıq. Onların bəzisi etiraz edib dedilər: -O oradan qayıda bilər. Bu vaxt biz atamızın yanında rüsvay olarıq. Şəmun dedi: -Mənim sözümə qulaq asın. Onu karvanların keçdiyi yerə aparaq. Orada çox dərin bir quyu var. Onu həmin quyuya ataq. O, quyuda ya öləcək, ya da karvanlar onu quyudan çıxaracaqlar və uzaq bir yerə aparıb, başqa qullar kimi satacaqlar. Hamı Şəmunun təklifinə qulaq asdı. Onların gözlərində kişilikdən uzaq olan çirkin hiylə əks olunmuşdu. Yusifin qardaşları xəyanət və hiylədən başqa bir şey bilməyən canavarlara çevrilmişdilər. Yusif qorxu içində qardaşlarına baxırdı. O, özünü dəhşətli bir yuxuda güman edirdi. Amma, yox, bu, həqiqət idi. Qardaşları hələ çoxdan onun barəsində plan cızırdılar. Nəhayət öz məqsədlərinə çata bilmişdilər. Onu bu səhraya gətirdilər ki, heç kim onu görməsin. Yusifin başına nə gəldiyindən heç kimin xəbəri olmasın. Yusif göyə baxdı. Özündən soruşdu: «Görəsən doğrudanmı qardaşları Allahın onları gördüyünü bilmirlər. Onlar bilmirlərmi ki, Allah hətta onların gecə sirlərindən də xəbərdardır. O, qardaşlarının belə dediklərini eşitdi: -Sonra işimizdən tövbə edərik. Saleh və yaxşı insanlar olarıq. Hətta o ana qədər Yusif qardaşlarının etdiyinə inanmırdı. O, onları ciddi qəbul etmirdi. Amma, özünü quyunun dibində gördükdə bildi ki, Şeytan qardaşlarına hakim olmuş, onları insan formasında olan canavarlara çevirmişdir. Onların qəlblərində rəhm yox idi. Atasının hədiyyə etdiyi köynəyi onun əynindən çıxartdılar; ağ və gözəl köynəyini. Yusif qışqırır və onlara deyirdi: -Mən sizin qardaşınızam. Mən çadırıma, ata və anamın yanına qayıtmaq istəyirəm. Ey qardaşlar! Mən sizi çox istəyirəm. Niyə mənimlə belə rəftar edirsiniz? Ey Şəmun, Rubil, Yəhuda! Siz doğrudanmı məni bu qaranlıq quyuya atmaq istəyirsiniz? Yusif onları adları ilə çağırırdı. Amma, onların heç birinin ürəyində qardaşlarına qarşı məhəbbət yox idi. Onların biri atılaraq, ona möhkəm bir təpik vurdu. Yusif bütün taqətini əldən verdi. Daha quyunun ağzından asıla bilmədi və onun qaranlıq dibinə düşdü. Quyunun havası rütubətli və qaranlıq idi. Yusif quyunun ağzına, gözəl və saf səmaya baxırdı. O hiss etdi ki, ürəyi nurla doludur. Bir mələk onunla astadan söhbət edirdi: -Ey Yusif! Səbir elə! Bu quyudan çıxacaqsan və qardaşlarının sənə etdikləri işi onlara xatırladacaqsan. Qorxu və nigarançılıq Yusifin qəlbindən çıxdı. Onun Allaha imanı var idi və bilirdi ki, baş verənlər onun üçün bir imtahandır. Ona görə də Yusif səbir edir və sakitcəsinə macəranı gözləyirdi. Sükut hər yeri bürümüşdü. Yusif indi quyunun dibində altından su qaynayan daş parçasının üzərində oturmuşdu. O, göyə baxırdı. Get-gedə göyün mavi rəngi itdi. Bildi ki, günəş qürub etmişdir və qardaşları evə qayıtmışlar. O, atası üçün ağlamağa başladı və yatdı. Günəş gözlərdən itdi. Qardaşlar fikirləşirdilər ki, inandırıcı bir bəhanə tapıb, atalarına desinlər. Onların biri dedi: -Bu yerlər canavarla doludur. Atamıza deyərik ki, biz yarışmağa getdik və öz əşyalarımızı Yusifin yanında qoyduq. Canavar gəlib, onu yırtmışdır. Sonra Yusifin köynəyini qana bulaşdırıb, atamıza göstərərik. O gün kiçik bir quzu anasından doğulmuşdu. Yusifin qardaşları ataları şübhələnməsin deyə vəhşicəsinə anasının gözləri önündə quzunun başını kəsdilər və Yusifin köynəyini onun qanına bulaşdırdılar. Beləliklə, atalarının yanına qayıtdılar. Qaranlıq hər yeri bürümüşdü. Onlar gecənin qaranlığında qayıtmağa üstünlük verdilər. Onlar istəyirdilər ki, Yəqub yalan əlamətləri onların üzündə görməsin. Yəqubun hər şeydən xəbəri vardı. Oğlanlarının qayıtmasını gözləyirdi. O, uzaqdan qoyunların və onların ağlamaq səslərini eşitdi. Yavaş-yavaş göründülər. Amma, Yusif onlarla deyildi. Yusifdən başqa hamısı gəlmişdi. Atası gördü ki, onlar uca səslə ağlaşırlar; göz yaşı olmadan ağlaşmaq. Yəqub soruşdu: -Qardaşınız Yusif hardadır? Onlar daha da ağlaşmağa başladılar. Şəmun namərdcəsinə qana bulaşmış yalançı köynəyi atasına təhvil verərək dedi: -Biz yarışa getmişdik. Öz əşyalarımızı Yusifin yanında qoymuşduq. Bir canavar gəlib, Yusifi yemişdir. Onun qanlı köynəyini tapdıq. Atacan! Canavar Yusifi bizim olmadığımız zaman yemişdir. Yəqub köynəyə nəzər saldı. Gördü ki, köynək salamatdır və onun heç bir yeri cırılmamışdır. Bildi ki, onlar yalan deyirlər. O, ağlayaraq dedi: -Necə mehriban canavar olub ki, əziz Yusifimi yeyib, Amma, onun köynəyinə əl vurmamışdır. Qardaşlar bir -biriləri ilə fikir mübadiləsi etdilər. Öz-özlərinə dedilər: -Necə böyük səhv etmişik. Bu məsələ haqqında qəflətdə olmuşuq. Əgər köynəyi cırsaydıq, atamız bizim sözümüzə inanardı. Amma, onlar öz günahlarını etiraf etmək yerinə dedilər: -Ata, sən bizim sözümüzə inanmırsan? Axı biz heç vaxt yalan danışmırıq. Həqiqətən Yusifi canavar yemişdir və bu da onun qanlı köynəyidir. Yəqubu ağlamaq tutdu, gözlərindən yaş süzüldü. O dedi: -Sizin nəfsiniz bu işi sizin üçün hazırlamışdır. Mən naşükürlük etmədən səbir edib, dediklərinizin qarşınızda Allahdan kömək istəyəcəyəm. Yəqub dedi: -Mən səbir edib, dözəcəyəm və bilirəm ki, sizin nəfsani istəkləriniz sizə vəs-vəsə etmişdir. O gecə Yəqub yatdı. Amma, təkcə bir şey barəsində düşünürdü və o da bu idi ki, görəsən pak və saleh övladı, gözəl təbiətli oğlu Yusif hardadır? Elə o gecədən Yəqubun qəm-qüssəli və kədərli günləri başlandı. Gözəl Allah Yusifi tək qoymadı. Çünki, o, bütün pak insanların dostudur. Yusif qəmli idi, Amma, səbir edirdi. Bilirdi ki, baş verənlər onun üçün bir imtahandır. Ona görə də göyə baxır və hər an Allaha sitayiş edirdi. Yusif yuxuda gördü ki, on bir ulduz, günəş və ay quyuya giriblər. Quyu nur və işıqla doludur. Gülümsəyib, hörmət və təzimlə ona səcdə edirlər. Yusif yuxudan oyandı, mavi səmaya baxdı, bir dəstə ağ köçəri quş gördü. Atasından uzaq olduğu üçün ağlamağa başladı. Üç gün keçdi. Yusif quyunun içində yaşayırdı; dəniz dibindəki cəvahir kimi; qaranlığın dərinliklərində olan ləl kimi. Heç kim bu quyunun içində necə bir gövhər olduğunu bilmirdi. Allah-təala hələ ondan gözəlini yaratmamışdı. O, Yusifin ruhu idi; gözəl və əxlaqlı cavan. Allahdan başqa heç kimin o macəradan xəbəri yox idi. Yusif üç gün heç nə yemədi. Su içməklə kifayətlənirdi. O, oruc tutmağa adət etmişdi. Əvvəllər atası ilə oruc tutardı. Buna görə də dözərək aclığın çətinliyinə tab gətirirdi. Onun şəffaf və pak ruhu vardı, lap köçəri quşların qanadları kimi. Yusif həyatının üç gününü quyuda keçirdi. O, bu müddətdə səhraları dolaşan canavarların ulaşma səsindən başqa bir şey eşitmirdi. Lakin, birdən təəcüblü səslər eşitdi. Diqqətlə qulaq asdı. Bəli, ticarət karvanının səsi idi. Onu dəvələrin ayaqlarının və karvan adamlarının səsindən təyin etdi. Karvan quyunun yaxınlığında dayandı. Tacirlər öz xidmətçilərini su gətirmək üçün quyuya göndərdilər. O kişi öz vedrəsini quyunun dibinə atdı. Yusif bu anı gözləyirdi. Həmin kəndir quyudan xilas olmaq üçün azadlıq ipi idi. Ürəyində sevinc bulağı qaynadı. Doğrudan da, Allah öz bəndələrini unutmur. O, Yusifi həmin qaranlıq quyudan xilas etdi. Mirvari öz sədəfindən çıxdığı kimi, Yusif də quyudan çıxdı. O, ay kimi qaranlıqların arasından öz yolunu açırdı. Nurlu çöhrəsi o məkanı işıqlandırmışdı. Hətta xidmətçilər bu qəfil hadisədən qorxmuşdular. Onlar qışqırdılar: -Muştuluq! Bu yeniyətməyə baxın! Nə gözəl oldu! Karvan adamları elə bildilər ki, Yusif fərari qullardan biridir. Qaçarkən quyuya düşmüşdür. Ona görə də onun qəbiləsi, əsil-nəsəbi və başına gələnlər haqqında heç nə soruşmadılar. Onu, satmaq üçün Misrə apardıqları malların içinə qoydular. Karvan Misrə doğru gedən yolunu davam etdirdi. Onlar on iki gündən sonra Misrə çatdılar. Orada Yusifin əhvalatının yeni bir hissəsi başlayır. Yusif artıq Misirdə idi; üzərindən Nil çayı keçən və ona xeyir-bərəkət bağışlayan bir torpaqda. Tale yeniyetməlik yaşında olan Yusifi bu torpağa gətirib çıxarmışdı. O, tacirlərin Misirdə satmaq istədikləri mallardan biri idi. Yusif az danışmağa adət etmişdi. Amma, ürəyi məhəbbətlə dolu idi; ona lütf və ehsan edən gözəl Allaha olan məhəbbətlə. Tacirlər Yusifin sükutundan qorxurdular. Qorxurdular ki, o, danışmağa başlayar və onların qulu olmadığını söyləyər. Ona görə də az qiymətə olsa da belə onu tez satmaq istəyirdilər. Yusif özünün yeni bir ölkədə görürdü; qabaqca görmədiyi bir yerdə. O gördü ki, Nil çayı bu yerin cənub səmtindən axır. Qayıqlar onun mavi rəngli sularının üzərində hərəkət edirlər. Əkinçilər öz yerlərinə su çəkmək, əkin sahələrini suvarmaq üçün vedrədən istifadə edirlər. Karvan öz taxta və gümüş mallarını və həmçinin Yusifi satışa çıxartdı. Tacirlər Yusifi tez satmağa çalışırdılar. O gün Misrin Əzizi (ölkə başçılarından biri) həmin yerə gəlib, şəxsən karvana baxırdı. Təhlükəsizlik qüvvələri Əzizin ətrafını tutmuşdular. O, mallara və tacirlərə nəzər salırdı. Gözü Yusifə düşdü. Bu gözəl uşaq barəsində onlarla söhbət etdi. Ona dedilər ki, bu oğlan satış üçündür. Onun qiymətini soruşdu. Dedilər ki, biz onu iyirmicə dirhəmə satırıq. Əziz onun pulunu verdi. Onlar sevinib, Yusifi satdılar. Çünki, onu satacaqlarına o qədər də inamları yox idi. Beləliklə, Yusif bağ və bostanlarla əhatə olunmuş böyük bir saraya köçdü; hökumətin ikinci dərəcəli adamı olan Əzizin sarayına. Yusif saraya daxil oldu. Gözü gözəl bir qadına düşdü. Bildi ki, o, Əzizin və bu əzəmətli sarayın sahibinin həyat yoldaşıdır. Əziz həyat yoldaşına dedi: -Ona hörmət göstərin! Mən bu cavanın üzündə xeyir və yaxşılıq görürəm. Bizim üçün faydalı ola bilər. Onu övladlığa götürərik. Axı biz övlad sarıdan məhrumuq. Yusifi özümüzə övlad edərik. Züleyxa Yusifi süzdü. Gördü ki, gözəl və nurani bir cavandır. İşıqlı gözləri vardır. Elə bil göydən enən bir mələkdir. Həmin gün Yusif hamamda yuyundu. Təzə paltar geyindi. Kətandan və ipəkdən də nazik olan parçadan bir paltar geyindi. Misirlilər o zaman kətan əkir və onun sapından növbənöv paltarlar toxuyurdular. Yusif sarayda hörmətlə yaşayırdı. Amma, bununla belə ölkənin qanunlarına əsasən o, Əzizin və onun həyat yoldaşının qulu hesab olunurdu. Çünki, onlar Yusifin sahibi idilər. Beləliklə, Yusif Misrin ən böyük və ən əzəmətli saraylarının birində yaşayırdı. Amma, görəsən, Yusif bu yeni həyatından razı idimi? Yox, əsla! O, atasına və öz doğma diyarına bağlanmışdı. Burada çox rahat yaşayırdı. Yeganə Allaha ibadət edir və zərrə qədər də ona şərik qoşmurdu. Amma, burda insanlar bütə ibadət edir və padşaha pərəstiş edirdilər. Bunlarla yanaşı Yusif səbir və dözümlə Allaha və onun peyğəmbərləri olan İbrahim, İshaq və Yəquba imanla yaşayırdı. Yusif günlərini keçirirdi. Günü gündən imanı artırdı. Səfa və səmimimiyyət qabaqkından daha artıq gözlərində parlayırdı. Hamı onu sevirdi. Onun səfa və səmimiyyətini, şücaəti və gözəl əxlaqını sevirdilər. O da insanlara qarşı məhəbbətli idi. Onların xeyrini istəyirdi. Kasıb və yoxsullara kömək edirdi. Əgər əkinçi bir kişi yorulub əldən düşsəydi, ona kömək edərdi və ya qoca bir fəhləni görsəydi, onun köməyinə tələsərdi. Yusif belə yaşayır və hər il böyüyürdü. Onun ruhu və qəlbi də günbəgün böyüyürdü. Ondan məhəbbət və paklıq çeşmələri axırdı. İllər keçdi və Yusif böyüyərək on səkkiz yaşına çatdı. Onun qəlbində həqiqət nuru saçırdı. Hər gün onu daha artıq hiss edirdi. Elə bil günəş və ulduzlar nur saçırdılar. Yusifin Alllaha imanı vardı. Heç kəsi Allah kimi sevmirdi. Allahdan qorxduğu kimi heç kimdən qorxmurdu. O, Allahdan başqa heç kəsdən qorxmurdu. |