İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 1:00 PM
    İSLAM KƏLAM ELMİNİN İSLAM FƏLSƏFƏSİNƏ TƏSİRİ
    İslam kəlam elmində aparılan gərgin mübahisələr sonda heç bir nəticə vermədi, lakin həmin bəhslər islam filosoflarına «İlahiyyat» məsələlərində çox kömək etdi. İslam fəlsəfəsinin «xüsusi ilahiyyat» (ilahiyyat bil-mənəl-əxəss) məsələlərində yeni sahələr fəth etməsi və onun yunan fəlsəfəsindən ayrılaraq müstəqilləşməsi, onun islam kəlam elmindən ilham alması sayəsində mümkün olmuşdur. Mütəkəllimlərin, hətta özləri öhdəsindən gəlməmələrinə baxmayaraq, yeni üfüqlər açdıqları və xüsusi məsələlər irəli sürdükləri üçün filosofların boyunlarında haqları var.
    Onlar bir sıra məsələlər irəli sürərək filosoflara yol açmaqdan əlavə, başqa yolla da layiqli xidmətlər ediblər. Belə ki, onlar yunan təfəkkür-tərzi müqabilində təslim olmadıqları üçün mübarizəyə əl ataraq fəlsəfə və filosoflara qarşı çıxır, onları rədd etmək üçün kitablar yazır və onların nəzərlərini rədd edirdilər. Fəlsəfi fikirlərdə şəkk və tərəddüd hücumlarını da ilk dəfə onlar başlayıblar. Mütəkəllimlərin rəy və əqidələrinin filosofların nəzərləri ilə toqquşma və çarpışması və filosofların həmin çətin vəziyyətlərdən çıxmaq səyləri islam fəlsəfəsinin «ilahiyyat» bölümündə xüsusi oyanış yaratdı. Bu cür çətin təlaş və səylər qığılcımlar yaradaraq yeni üfüqlərin açılmasına səbəb oldu.
    ƏQLİ ŞİƏ MƏKTƏBİ
    Bu arada şiənin kəlam və fəlsəfə məktəbi diqqəti cəlb edir. Barəsində danışdığımız Mötəzilə və Əşəri məktəbləri sünni təriqətlərinə mənsub idilər. Şiələr füruidin məsələlərində müstəqil olduqları kimi, üsulidin, kəlam, fəlsəfə və bir sözlə, islam maarifinin digər sahələrində də tamamilə müstəqil idilər. Ədalət və tövhid məsələləri şiə kəlam və fəlsəfəsində də araşdırılıb və bu barədə çox dərin nəzəriyyələr irəli sürülüb. Bu məktəb dörd məşhur məsələdə, yəni ədalət, əql, ixtiyar və hikmətdə Mötəzilənin nəzərini himayə etdiyinə görə «Ədliyyə»dən hesab edilip. Amma qeyd etmək lazımdır ki, şiə məktəbində bu dörd məsələnin hər birinin məfhumu Mötəzilənin əqidəsi ilə fərqlidip. Məsələn, «ixtiyar» məsələsi şiə məktəbində Allahdan ixtiyarın alınması, insanın öz fəaliyyətində tam müstəqilliyi və bir növ allahvariliyi mənasını verən və təbii ki, şirk olan «təfviz» (həvalə və öhdəyə buraxma) kimi təfsir edilməjib. Burada, məktəbin müəllim və ideoloqları olan pak imamlar (ə) ilk dəfə olaraq «orta yol» prinsipini irəli sürdülər və «Nə cəbrdir və nə də təfviz, bəlkə iş, bunların ikisinin arasında olan kimidir» cümləsi məşhurlaşdı.
    Bu məktəbdə ədalət məsələsi, əməli və ya zati tövhidə heç bir xələl gətirmədən öz geniş mənasında təsdiqlənərək tövhidin kənarında yerləşdi. Doğrudan da düz deyiblər: «Ələvilər ədalət və tövhid, əməvilər isə cəbr və təşbih tərəfdarıdırlar.» Bu məktəbdə zati və ya əməli tövhidə heç bir xələl gətirilmədən ədalətin əsaləti, əqlin möhtərəmliyi, insanın azad və muxtar şəxsiyyəti və dünyanın həkimanə quruluşu sübuta yetirildi. İnsanın ixtiyar sahibi olması təsdiqləndi, amma bu onun ilahi hökmranlıqda şərik kimi görünməsi və Allahın iradəsinin insanın iradəsinə tabe olması nəticəsinə gətirib çıxarmadı. Başdan-başa bütün varlıqlarda qəza-qədər (ilahi təqdir) məsələsinin hakim olması isbat edildi, amma bu da, insanın ilahi təqdir müqabilində məcbur olması mənasını vermədi.
    Şiə kəlam məktəbində tövhidin bütün cəhətlərinə meyl göstərilirdi. Belə ki, bu məktəb, sifətlərin tövhid və çoxluğu məsələsində onlarla həmfikir oldu və Əşərilərin əqidəsini rədd edərək Mötəzilənin nəzərləri ilə razılaşdı. Şiə məktəbinin Mötəzilə ilə fərqi bu oldu ki, onlar sifətləri inkar edərək zatın sifətlərə canişinliyinə etiqad bəslədilər, şiələr isə sifətlərin zatla birliyi və zatın sifətlərlə eyniliyi əqidəsinə qail oldular ki, bu da, çox dərin ilahi maarif məsələlərindəndir. Əməli-tövhiddə isə şiələr Əşərilərin əqidəsini təsdiq etdi və lakin onlardan fərqli olaraq, bu məktəb Əşərilər kimi səbəb – nəticə qanununu rədd etmədi. Şiə kəlam məktəbində zati, sifati və əməli tövhid məsələləri dünyada misli görünməmiş yüksək tərzdə bəyan edildi.
    Mən «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının beşinci cildinin müqəddiməsində, islam filosoflarının Quran maarifi və hədis, xütbə və bu kimi digər islami mətnlərdən ilham almalarını izah etmişəm və burada artıq izaha ehtiyac duymuram.
    İslam filosofları bir tərəfdən düzgün deduksiya yolları ilə tanış olmaları, digər tərəfdən isə islam maarifindən ilham almaları ilə min illik səylər nəticəsində xüsusi ilahiyyat elmini (ilahiyyat bil-mənəl-əxəss) çox möhkəm təməl üzərində qurmağa nail oldular.
    Ədalət məfhumu islam filosofları tərəfindən gerçək həqiqət kimi təfsir edilir. Amma bu, müqəddəs ilahi zatın cəbr və qanuna məhkum edilməsi və Allah-taalanın mütləq hökmranlığına xələl gəlməsini tələb etmir. İşlərin yaxşı və pis olmalarının əqliliyi məsələsi də başqa cür təfsir edildi və həqiqəti kəşf edərək təqdim etmək dəyərinə malik nəzəri düşüncələr dairəsindən çıxarılaraq şərti-əməli və zəruri düşüncələr sıralarında yerləşdirildi. Buna görə də Allah-taalanın işləri üçün heç cür meyar və miqyas kimi qəbul edilmədi. Filosoflar mütəkəllimlərin əksinə olaraq, bu məfhumlardan heç vaxt ilahi maarif səviyyəsində istifadə etməyiblər.
    Hədəf və məqsəd məsələsi də hədəf, işin və onu görənin hədəfləri qismlərinə bölündükdən və hikmətin Allah barəsindəki mənasının inayət, lütf və şeyləri öz hədəflərinə çatdırmaqla bərabər olması bildirildikdən sonra tam aydınlaşdı. Filosofların fikrincə hər bir işin hədəfi var və müqəddəs ilahi zat, son hədəf, yəni hədəflər hədəfidir. «Həqiqətən, axır dönüş sənin Rəbbinədir!»
    Əlbəttə, bu bəhslərin hər biri çox geniş mövzuları əhatə edir, amma bu müqəddimədə onlar barəsində bundan artıq danışmaq olmaz.
    FİQH ELMİ SAHƏSİNDƏ ƏDALƏT
    İslam dünyasında «ədalət» məsələsinin irəli sürülməsinin kökünü, yalnız kəlam elmi və mütəkəllimlər arasında axtarmaq lazım deyil. Bu məsələnin başqa yerdə, yəni islam fiqhində də dərin kökləri vardır.
    İslam dünyası ilk vaxtdan kitab və sünnə əsasında formalaşmış və özünün ibadi, ticari, mədəni, hüquqi, siyasi və bu kimi bütün qanunlarını vəhy mənbəyindən almışdır. Hər hansı bir məsələnin hökmü, Quranda və ya düzgünlüyü qəti olan sünnədə aşkar şəkildə bəyan edilibsə, yaxud Peyğəmbər (s) və ya (şiə baxımından) məsum İmamlara (ə) əl çatırsa, heç bir şeyə ehtiyac yoxdur. Amma aşkar ayə və ya qəti sünnə olmayanda, yaxud məsuma əl çatmayanda ictihad və istinbat məsələsi ortaya çıxır.
    İctihadın nə vaxtdan ortaya çıxması, sünnülərdə hansı dəyişikliklərin, şiələrdə hansı irəliləyişlərin baş verməsi məsələsi çox geniş bir bəhsdir və burada onun barəsində danışmaq münasib deyildir. Bu işin Peyğəmbərin (s) zamanından və ya ən azı o həzrətin vəfatına yaxın vaxtlardan başlamasında heç bir şəkk-şübhə yoxdur. Amma həmin işin əvvəldən düzgün və ya səhv yerinə yetirilməsi də digər bir məsələdir ki, bu barədə başqa bir yerdə söhbət etmişəm.
    İslam fiqhi də digər elmlər kimi çox sürətlə inkişaf edərək irəlilədi və təbii olaraq, onda müxtəlif üslublar yarandı. Sünni təriqətində iki fiqh üslubu yarandı. Onlardan biri hədis əhlinə mənsub idi ki, daha çox Mədinənin fiqh alimləri arasında yayılmışdı. Digər üslub isə İraqdakı fiqh alimləri arasında yayılmış «rəy və qiyas» üslubu idi.
    Hədis əhlinin iş üsulu belə idi ki, onlar hər hansı bir məsələ ilə qarşılaşanda, ilk növbədə Qurana müraciət edir və orada həmin məsələnin hökmünü tapmayanda Peyğəmbərin (c) hədisinə müraciət edirdilər. Əgər həmin məsələ barəsində müxtəlif hədislər olsaydı, onlar hədisləri həmin sənədi nəql etmiş ravilər baxımından və onları müqayisə edərək hansına üstünlük verməklə seçirdilər. Amma həmin məsələ barəsində hədis tapmayanda və ya hədislərin birini digərindən üstün edən nişanə əldə bilməyəndə isə, səhabələrin söz və fətvalarına üz tuturdular. Bu yolla da bir şey edə bilməyəndə dini mətnlərdə olan nişanələrdən bir şey çıxarmağa çalışırdılar. Onların öz rəylərinə və qiyasa üz tutmaları çox nadir hallarda baş verərdi.
    Qiyas əhlinin yolu isə bundan fərqli idi. Onlar Quranda və ya qəti sünnədə bir hökm tapmayanda, nəql edilmiş hədislərə çox da əhəmiyyət vermirdilər. Çünki onlar hədislərin çoxunu uydurma və ya təhrif edilərək dəyişdirilmiş hesab edirdilər. Bu yolla gedənlər deyirdilər ki, bir fiqh alimi islamın qəti qanunlarında çoxlu işləməklə həmin qanunların ruhu ilə tanış olur və o, bənzətmə ilə lazım olan məsələnin hökmünü kəşf edə bilər.
    Rəy və qiyas əhli belə fikirləşirdi ki, «ədalət» və «ümumi mənfəət» fiqh alimi üçün yaxşı bələdçi ola bilər. Fiqh alimi, burada özünün ədalət və ümumi mənfəətin tələb etdiyi şeylər barəsində fikirləşmək məsuliyyəti daşıdığını hiss edirdi. «İstihsan» və «istislah» kimi terminlər də oradan yaranıb.
    HƏDİS ƏHLİ İLƏ QİYAS ƏHLİNİN MÜBAHİSƏSİ
    Hədis əhli qiyas əhlinin üslubunu əqlə istinad etməkdə ifratçılıqda və hədisə müraciətdə isə səhlənkarlıqda ittiham edir, başqa sözlə desək, onların bu əməlini gerçəkliklərin kəşf edilməsinə ötəri yanaşmaq kimi qiymətləndirirdi. Onlar deyirdilər ki, şəriət işləri pərakəndəliklərin toplanması və cəm şeylərin pərakəndə edilməsinə əsaslanır və bu adi əql səviyyəsindən xaricdir; əqlin sadəlövlük edərək şəriət hökmlərinin kök və ruhuna çata bilmək imkanına malik olmasını güman etməsi düzgün deyil. Qiyas əhli isə, bunun müqabilində hədis əhlini kütbeyinlik və qanmazlıqda günahlandırırdı.
    «Üsuli-fiqh»də ayrılmazlıq adlı bir qanun var. Bundan məqsəd əqli hökmün şəriət hökmündən ayrılmamazlığıdır. Həmin qanun bu təbirlə bəyan edilir:
    «Kullu ma həkəmə bihil əqlu həkəmə bihiş-şəru və kullu ma həkəmə bihiş-şəru həkəmə bihil əqlu».
    (Yəni: Şəriət əqlin, əql də şəriətin hökmlərini təsdiq edir.)
    Məqsəd budur ki, əql harada bir qəti xeyir və ya ziyan kəşf etsə, biz dəlil və səbəbdən nəticəyə çatmaq adlı məntiqi üslubla orada islam şəriətinin həmin xeyirin ələ gətirilməsi və ya zərərin uzaqlaşdrılması barəsində hökm verdiyini deyirik . Bu uslubla əldə olunan nəticə, hətta o barədə bizə nəql yolu ilə bir şey gəlib çatmamış olsa belə, məqbul sayılır. Həmçinin harada vacib, müstəhəb, haram və məkruh hökm varsa, dəlil və nəticədən səbəbə çatmaq adlı məntiqi üslubla həmin işdə xeyir və ya ziyanın olmasını kəşf edirik, hərçənd ki, bizim əqlimiz hal-hazırda həmin xeyir və ziyanı dərk etmir.
    İslam fiqh alimlərinin, xüsusilə rəy və qiyasa çox meylli olanların fikrincə, əql ilə şəriət arasında tam uyğunluq vardır; islam hökmləri bir növ ehkamçılıq kimi başa düşülən sirli, məchul və anlaşılmaz hökmlər deyildir və həmin hökmlərin dərk edilməsində və kəşfində əql və düşüncənin də rolu vardır.
    Bu alimlər, əvvəllər kəlam elminin bəhslərindən olan «işlərin yaxşı və pis olmasının əqliliyi» məsələsini «üsuli fiqh» elminə daxil ediblər. Onlar qeyd olunan məsələləri şəriət hökmlərinin «meyar» və «ölçüləri» kimi qəbul edərək deyirlər ki, həmin meyar və ölçülər içərisində əqlin hər şeydən aşkar və aydın dərk etdiyi şey ədalət və yaxşılığın yaxşılığı, zülm və haqsızlığın isə qəbahət və pisliyidir. Beləliklə ədalət və zülm islam fiqhində meyara çevrildi.
    Hədis əhli islamda fiqhi mənbəyin üç şey - kitab (Quran), sünnə və icma olmasını hesab edir. Amma rəy və qiyas əhli fiqh mənbəyinin dörd şeydən, yəni dediyimiz üç mənbə və bir də rəy və qiyasdan ibarət olmasını bildirir.
    Hədis əhli, rəy və qiyas əhlini bir neçə şeydə tənqid edirdi. Onlar misal çəkərək deyirdilər ki, rəy və qiyasa etimad etmək, insanı şəriət hökmlərinin kəşf edilməsində səhvə düçar edir. Rəy və qiyas əhli də bunun müqabilində onları mötəbərlik və düzlüyü məlum olmayan bir sıra hədislərə etimad etməkdə günahlandırırdılar.
    ŞİƏLİKDƏ FİQH ÜSLUBU
    Şiəliyin fiqh və ictihadı da onun kəlam və fəlsəfəsi kimi müstəqil şəkildə irəliləyib. Şiə fiqhində şəriət hökmlərinin zati xeyir və ziyanlara tabeliyi prinsipi və əql ilə şəriətin uyğunluğu qaydası təsdiq edildi və əqlin ictihaddakı haqqı qorundu. Amma rəy və qiyas, hədis əhli və sünnilər arasındakından da çox məzəmmət edildi.
    Hədis əhli və sünnilər qiyası, əqlin şəriət hökmlərinin əldə edilməsində dəlil kimi istifadəsində yararsızlığına görə səhv sayırdılar. Amma şiələrin onu səhv hesab etməsinin səbəbi bu deyildi və onlar həmin məsələyə iki cəhətdən irad tuturdular. Həmin səbəblərdən biri rəy və qiyasın elmə deyil, gümana əməl etməsi və eləcə də əqlə deyil, xəyala tabe olması, ikinci səbəb isə rəy və qiyasa müraciət edilməsinin zəruriliyi fikrinin, islamın ümumi əsas və meyarlarının yetərli olmaması mənasını verməsidir. Bu isə islama qarşı zülm və ya nadanlıqdır. İslamda bütün hökmlər barədə ümumi və külli şəkildə danışılıb və fərdlər sonsuz olduqları üçün onların haqqında ayrı-ayrı danışmaq mümkün də deyil. İslamın ümumi meyarları elə tənzimlənib ki, onları sonsuz sayda olan fərdlərə müxtəlif zaman, məkan və dəyişkən şəraitlərdə tətbiq etmək mümkündür. Buna görə də fiqh aliminin vəzifəsi hər bir cüzi məsələnin hökmünü Quran və ya sünnədən çıxarmaq deyildir. Həmçinin o, hər hansı bir məsələnin hökmünün olmaması bəhanəsi ilə təxəyyül və qiyasçılıqla məşğul olmaq vəzifəsi daşımır. Fiqh aliminin vəzifəsi «təfri» yəni cüzi məsələləri əsas kökə uyğunlaşdırmaqdır . İslamın əsas və ümumi qanunları kitab və sünnədə mövcuddur. Onların digər məsələlərə tətbiqi üçün yalnız xüsusi elmi hazırlıq lazımdır və o da ictihad, yəni islamın ümumi qanunlarının dəyişən və ötəri cüzi məsələlərə düşünülmüş tətbiqidir.
    «Üsuli-kafi» kitabında «Kitab və sünnədə ümumi qanunu olmayan məsələ yoxdur» adlı bir fəsil vardır.
    Deməli, ədalət və şəriət hökmlərinin zati xeyir və ziyanlara malikliyi prinsipi və təbii olaraq, işlərin yaxşı və pisliyinin əqliliyi və əqlin qənaətbəxş dəlil olması məsələləri şiə islam fiqhinin təməli kimi mötəbər tanınıb. Beləliklə «ədalət» məsələsi islam fiqhində də öz yerini tapdı.
    Şiə fiqhində əql və xəyal, başqa sözlə desək, əqli dəlil ilə məntiqi təmsil olan zənni qiyas arasında fərq qoyuldu. Onlar fiqhi mənbəyin dörd şey, yəni kitab, sünnə, icma və əql olmasını bildirdilər. Bu fiqh məktəbində rəy və qiyasın rədd edilməsinə baxmayaraq, əql və dəlil mötəbər sayıldı.
    İCTİMAİ-SİYASİ DAİRƏLƏRDƏ ƏDALƏT
    Bura qədər söylədiklərimiz, ədalət məsələsinin islam dünyasının elmi və fikri dairələrində elmi şəkildə irəli sürülməsinə aid idi. Söhbətimizin hamısı yaradılış və şəriət qanunlarında ilahi ədalət məsələsinin, islamın ilk əsrlərindən islam elmlərinə daxil olmasının necəliyi və bəzi firqələrin özlərini «ədliyyə» adlandırmaları, öz etiqadlarının əsaslarından birini «ədalət» etmələri və bunu özlərinə digərlərindən üstünlük saymaları həddinə kimi irəliləməsi barəsində idi. Məsələn biz şiələr, öz etiqadlarımızın əsaslarını sayanda onlardan birinin «ədl» (Allahın ədalətliliyi) olmasını qeyd edirik.
    Ədalət məsələsi islamın ilkin çağlarında elmi cəhətdən əlavə, icra mərhələsi baxımından da ümumi kütlə arasında səslənir və bir növ diqqət mərkəzinə çıxarılırdı.
    Həmin dövrdə hər bir müsəlmanın islama xarakterik olan ictimai düşüncələrinin ən sadə formalarından biri başçı, rəhbər, qazi, məhkəmə və boşanma mərasimində şahidlik edən şəxsin adil olması və bu kimi digər şeylər idi. Şiələrin fikrincə cümə və camaat namazı qılan pişnamaz da ədalətli olmalıdır. Hər bir müsəlman, həmişə ədalətli şəxsin tutmalı olduğu vəzifə müqabilində məsuliyyət hissi keçirirdi. Həzrət Peyğəmbərin (s) bu cümləsi hamının dilində əzbər idi: «Ən fəzilətli cihad, zalım başçı qarşısında ədalətli söz danışmaqdır». Bu qısa cümlə tarixdə necə də böyük şücaət və qəhrəmanlıqlar yaradıb!
    Ədalət məsələcinin elmi və əməli surətdə irəli sürülməsi tarixin çox geniş və əhatəli mövzularındandır və bəhsimizin mövzusundan xaric olduğu üçün ona girişmirik.
    ƏSAS QAYNAQ
    Elmi və əməli cərəyanlarla tanış olduqdan sonra oxucularda belə bir sual yarana bilər: Nə üçün islamın kəlam elmi hər şeydən çox ədalət barəsində danışıb? Nə üçün islam fiqhi üçün hər şeydən qabaq ədalət məsələsi qarşıya çıxdı? Nə üçün islamın siyasət aləmində hər şeydən qabaq ədalət kəlməsi eşidildi? Təbiidir ki, bütün sahələrdə ədalətdən bu səviyyədə söz getməsinin xüsusi səbəbləri vardır.
    Mənim fikrimcə islam cəmiyyətində ədalət məsələsinin irəli sürülməsinin əsas səbəbini və ya elmi və əməli bəhslərin kökünü ilk növbədə Quranın özündə axtarmaq lazımdır. Qəlblərdə ədalət toxumu səpərək onları sulayan və ruhlarda əqli, fəlsəfi, əməli və ictimai cəhətlərdən bu barədə düşüncələr yaradan Qurani-kərimin özüdür. Bəli, ilk dəfə yaradılış, şəriət, əxlaq və cəmiyyət haqqında ədalət və zülm məfhumunu irəli sürən Quran özü olub.
    Qurani-kərim varlıq aləmi və yaradılışın ədalət və bərabərlik, ləyaqət və tutumlar əsasında olmasına təkid edir. Bu ilahi kitab özünün bir çox ayələrində zülmü tam aydınlıq və qətiyyətlə Allah-taalanın müqəddəs vücudundan rədd edir, ilahi hökm və höccətin çatdırılmasını bir növ ədalət, onlara xəbərdarlıq etməməyi və bəşəriyyəti məhv etməyi isə bir növ zülm sayır, Onun şəninə layiq olan işləri və yaradılışın ədalətlə birgə olmasını haqq kimi təqdim edərək, Allahın faillik və tədbir məqamını ədalətin bərpası məqamı adlandırır.
    «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.» (Ali-İmran-18)
    Yaxud ədaləti Allahın yaradılışdakı tərəzisi adlandırır.
    «Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!» (ər-Rəhman-7.)
    Həzrət Peyğəmbər (s) həmin ayə barəsində belə buyurub: «Yer və göy ədalətlə qərar tapıb.»
    Quran, şəriətdə ədalət, yəni qanunların müəyyənləşdirilməsində ədalət prinsipinə riayət edilməsinə tam diqqət göstərib. Qurani-kərimdə bildirilir ki, peyğəmbər göndərilməcinin fəlsəfəsi, bəşəriyyətin ədalət və bərabərliyə ehtiyaclı olmasıdır.
    «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...» (əl-Hədid-25.)
    Məlumdur ki, ictimai quruluşlarda ədalət prinsipinin həyata keçirilməsi, ilk növbədə həmin qanun sisteminin ədalətliliyi, ikincisi isə onların əməli şəkildə icrasından asılıdır.
    Quran, bütün peyğəmbərlər barəsində bəyan etdiyi bu ümumi prinsipdən əlavə, islamın şəri və qanuni quruluşu barəsində belə buyurur: «De ki: «Allah ədaləti əmr etdi...»(əl-Əraf-29.)Yaxud, bəzi göstərişlər barəsində buyurur: «...Sizin bu işiniz Allah yanında daha ədalətlidir...»(əl-Bəqərə-282.)
    Qurani-kərim imamət və dini rəhbərliyi «ilahi peyman», «ədalətlə birgə olan» və «zülmə zidd» məqam hesab edir. Bu ilahi kitab həzrət İbrahim (ə)-ın imamlıq və rəhbərliyə ləyaqəti barəsində danışarkən belə bir nəticəyə gəlir:«...Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona: «Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm» -dedi. İbrahim isə: «Nəslimdən necə?»–deyə soruşdu. Allah (onun cavabında):» «(Sənin nəslindən olan) zalimlər mənim imamlığıma nail olmazlar», - buyurdu.» (əl-Bəqərə-124.)
    Quran, həmçinin əxlaqlı insanı «ədalət sahibi» adlandırır. O, tərbiyə, əxlaq və ruhi cəhətdən etimad edilməli olan insanların hakimlik və şahidlikləri barəsində danışdığı müxtəlif ayələrdə həmin şəxsləri dediyimiz kimi adlandırıb. Məsələn buyurur: «...İçərinizdən olan iki ədalətli şəxsin hökmü ilə...» (əl-Maidə-95.) Yaxud belə buyurur: «...İçərinizdən iki ədalətli şahid tutun...»(ət-Təlaq-2.)
    İslam dünyasında yunan əsərləri tərcümə edildikdən sonra, Əflatunun «Ədalət, bütün əxlaqi fəzilətlərin anasıdır» cümləsi məşhurlaşdı. Halbuki müsəlmanlar təqribən iki əsr qabaq, həmin sözü Quranın dilindən eşitmişdilər.
    Quranda, ədalət haqqındakı ayələrin çoxu ailə, siyasət, ictimaiyyət, hüquq və bu kimi digər ümumi ədalət məfhumları barəsindədir. Mən bu barədə təqribən on altı ayə əldə etmişəm.
    Quranda, tövhiddən məada, nübüvvətdən imamət və rəhbərliyə, şəxsi ideyalardan ictimai hədəflərə kimi hər şey ədalətə əsaslanır. Quranın buyurduğu ədalət tövhidin silahdaşı, məadın sütunu, peyğəmbərliyin hədəfi, imamət və rəhbərliyin fəlsəfəsi, insanın kamillik meyarı və cəmiyyətin sağlamlıq miqyasıdır.
    Quranın təqdim etdiyi ədalət, bir növ dünya görüşü olduğu üçün tövhid və ya məadla əlaqədar olduqda, insanın varlıq və yaranışa baxışını xüsusi şəklə salır. Bu məfhum nübüvvət və şəriətə aid olanda qanunu tanımaq üçün miqyas və meyar sayılır, başqa ifadə ilə söyləsək, əqlin, kitab və sünnə ilə bir sırada durması və fiqh və şəri deduksiyanın mənbələrindən biri sayılması üçün mötəbər zəminə hesab olunur. İmamət və rəhbərliklə əlaqədar olanda ləyaqət, əxlaqla bağlı olanda insani ideya, ictimai məsələlərdə isə məsuliyyət sayılır.
    Müsəlmanlar, Quranda həm dünya görüşü, həm qanunun tanınma meyarı, həm imamət və rəhbərliyin ləyaqətlilik ölçüsü, həm insani ideya və həm də ictimai məsuliyyət kimi əhəmiyyət verilmiş bu məsələyə, bu ilahi kitaba göstərdikləri hədsiz diqqətlə yanaşı laqeyid qala bilərdilərmi?
    Buna görə də, bizim fikrimizcə «Nə üçün müsəlmanların əqli və əməli hərəkatlarının hamısının əvvəlində ədalət məsələsi gözə çarpır?» deyə soruşulduqda, Qurana etinasız yanaşaraq başqa səbəblərin dalınca gedib özümüzü yormağa dəyməz.
    Şübhə yoxdur ki, müsəlmanların bu məsələyə həssaslıq göstərmələri, onun kəlam və fiqh elmləri və islamın digər ictimai sahələrinə daxil olmasının əsas səbəbi Qurandır. Amma bu məsələ barəsində müxtəlif mövqelərin yaranması və bəzilərinin onu qeydsiz-şərtsiz qəbul etmələri, digərlərinin isə onu bəzi yozmalarla qüvvədən salmaları bir sıra psixoloji, ictimai və siyasi səbəblərlə bağlıdır. Bizim fikrimizcə bu məsələnin islam cəmiyyətində yaranmasının əsas mənşə və qaynağı budur.
    Başqaları da, bu məsələyə digər cəhətdən baxaraq, onu başqa cür təhlil və izah edə bilərlər.
    Bildiyimiz kimi, bəzi məktəblərin davamçıları bütün ictimai cərəyanları tam başqa cür təhlil və izah edirlər. Onlar əvvəlcədən düşünülüb-hazırlanmış metodlar əsasında hansı yolla olursa-olsun, bütün hadisələri istədikləri çərçivədə dərk etmək istəyirlər.
    Belə məktəblərdə, bəhrələnmə və məhrumiyyətlər əsasında olan sinfi ziddiyyətlər və ictimai qruplaşmalar məsələsi bütün hərəkat və oyanışlarda mühüm rol oynayır. Həmin məktəblərin davamçılarının fikrincə, bəşəriyyətin ruhi, fikri, insani və qayğıkeşlik hislərinin bütün cilvələri, onun maddi ehtiyacları və iqtisadi əlaqələrinin təzahürüdür. Onların fikrincə hər şey ikinci dərəcəlidir, əsas təməl və özəl isə iqtisadiyyat və iqtisadi məsələlərdir; hər bir şəxsin əqli, insani və ruhi xüsusiyyətlərini onun ictimai sinfi qruplaşmasında axtarmaq lazımdır. Əgər Sədi «İnsanın həyat amili, onun qarnıdır» deyibsə, bu qrupun fikrincə nəinki həyat amili, bəlkə fikir, duyğu, zövq bir sözlə, müqəddəs adlandırılan hər bir şey qarındır və bütün yollar qarında bitir.
    Bu məktəblərin davamçılarının fikrincə, əgər biz cəmiyyətdə hər şeydən çox ədalətdən danışıldığını görürüksə, onun kökünü başqa yerdə deyil, iqtisadi və ictimai bərabərsizliklərdə axtarmalıyıq. Əgər fiqh və ya kəlam libasında iki qrupun bir-birinin qarşısında dayanmasını və onlardan birinin ədalətin əsasını dünya görüşü və ya qanun kimi müdafiə etməsini, digərinin isə bunun tam əksinə olaraq bütün əsalətləri inkar etməsini görürüksə, bilməliyik ki, bu əqli, fiqhi, və kəlami qruplaşmalar pərdəaltı digər bir qruplaşmanın, yəni məhkum və məhrum təbəqə və sinfə məxsus qrupun rifahda olan imkanlı təbəqə müqabilində qruplaşmasının nişanəsidir. Düşüncə qarına tabedir, əziyyət çəkən məhrum şəxsin ədalət prinsipini inkar etməsi qeyri-mümkün olduğu kimi, imkanlı və rifahda olanın da ədalət prinsipini müdafiə etməsi qeyri-mümkündür.
    Bizim fikrimizcə bu, tarixi birmənalı yozmaq və ona birtərəfli yanaşmaq tərzidir. İnsani meyllərdə maddi ehtiyacın çox mühüm və əsaslı amil olmasında heç bir şübhə yoxdur və islamdakı əqli, ictimai və siyasi qruplaşmalarda bəzən bir sıra iqtisadi amillərin nişanələri ilə də rastlaşmaq mümkündür.
    Amma insanı əhatə edərək onu təsir altına alan bütün cazibələri və bəşəriyyət tarixinin formalaşmasında təsirli olmuş əsas və mühüm amilləri iqtisadi ehtiyaclarda xülasə etmək olmaz. Bəlkə də insanın fərdi və ictimai həyatında hakim olan bütün əsas amillər barəsində danışmaq hələ ki, tezdir. Qəti olaraq isə bunu demək olar ki, maddi ehtiyacları insanın yeganə ehtiyacı kimi qəbul etmək olmaz!
    Mən bu meyarlarla Məmun, Mötəsim və Vasiqin kəskinliklə Mötəzilə məktəbi tərəfdarı olaraq ədalət prinsipini qəbul etmələrinin və bunun müqabilində, həmin təbəqə, qrup və qana mənsub olmuş Mütəvəkkilin isə müxalif cəhətə meyl göstərməsi və ədalət tərəfdarlarına qarşı əcdadının ədalət düşmənlərinə etdiyini necə izah edilməsini bilmirəm.
    Yaxud, dünyanın ən imkanlı və varlı şəxslərindən olmuş Sahib ibni İmadın, zəmanəsinin məhrum və imkansız alimlərinin əksəriyyətinin ədaləti inkar edərək Əşəri əqidəsi daşımalarına baxmayaraq, ədaləti kəskin müdafiə etməsinin də necə izah edilməsini bilmirəm.
    Sahib ibni İmad imkanlı vəzir olub və o, bu baxımdan misilsiz şəxsiyyətlərdən biridir. O, əvvəla, yüksək vəzifə sahiblərinin qəzəbinə gələn saray xadimlərinin əksinə olaraq, ömrünün axırına kimi vəzir işləyib və onun üçün həm kəmiyyət və həm də keyfiyyət baxımından misilsiz dəfn mərasimi keçirilib.
    İbni Xəlkan deyir: «Heç kəs Sahib ibni İmad kimi, həyat və ölümdən sonrakı xoşbəxtlik və bəxtiyarlığı bir yerdə toplaya bilməyib.»
    Həm vəzir və həm də alim olmuş Sahib ibni İmad da, yaşayışını vəzir həmkarları kimi tam rifah və rahatlıqla keçirib. Amma o, dünyadan mənfur gedən və adları da özləri kimi torpağa gömülən digər vəzirlərin əksinə olaraq, qəlblərdə yaxşı ad və məhəbbətlə qaldı. Onun ölümü digər həmkarları, yəni adətən tanınmaz və məhrum həyat keçirən və şöhrət, ehtiram və sevimliliyi öləndən sonra başlayan alimlər kimi olub.
    Sahib ibni İmad ömrünün axırına kimi vəzir işləməsindən və özünə gözəl alim adı qazanmasından əlavə, digər bir fövqəladə üstünlüyə də malik olub və o, budur ki, Sahib tarixin, atası və babası da vəzir olmuş yeganə vəziridir. Onlar vəzirliyi üç nəsl ardıcıl olaraq irs kimi qazanıblar. Onun öz adı İsmayıl, atasının adı İmad, babasının adı isə Abbas olub. Şairlər də onun barəsində şerlər deyiblər. Sahib ibni İmad bütün bu imkan və rifaha baxmayaraq, ciddi şəkildə ədalət tərəfdarı olub və o, özünün bu işi ilə fəxr edərək belə deyərmiş.
    Əgər mənim qəlbim parçalansa, onun içində heç kəs tərəfindən yazılmamış iki sətr yazı görərsiniz; bir tərəfdə ədalət və tövhid, digər tərəfdə isə Əhli-beyt məhəbbəti.
    Biz fiqhi ədalətdə də eyni ilə buna bənzər şeylər görürük. Məsələn, Harunun baş qazisi olmuş Əbu Yusif də ədalətin ciddi tərəfdarı olub. Zindana salınaraq dəfələrlə şallaqlanmış Əhməd ibni Hənbəl isə, ədalət üslubunu kəskin şəkildə məhkum edərək pisləyib.
    Bizim fikrimizcə, bəşəriyyətin əqli və fikri qruplaşmalarını bu meyar və miqyasları yeganə üslub hesab edərək ölçmək və yozmaq sadəlövhlükdür.
    Bu bəhsi kitabın müqəddiməsində gətirməkdən əsas məqsəd, Quranın fikir və düşüncələrin oyadılmasındakı rolunu göstərmək və məsələnin bu ilahi kitab baxımından əhəmiyyət və əsaləti aydınlaşdırmaq idi.
    Əlbəttə bu kitab ədalət məsələsini hərtərəfli və Qurana layiq şəkildə açıqladığını iddia etmir. İddiamız yalnız bu ola bilər ki, burada, Quranın ədalət barəsində irəli sürülmüş məsələləri yaradılış və ilahi ədalət baxımından bir qədər yeni üslub və nəzərlə irəli sürülüb.
    17-Cəmadiul-əvvəl, 1393-cü hicri- qəməri ili. (1972-ci il.)
    Mürtəza Mütəhhəri.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 817 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024