Əl-Bəyyinə surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq – aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar); 2. (Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir. 3. Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır. 4. Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar). 5. Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur! 6. Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir. 7. Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar. 8. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür. Əz-Zilzal surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman, 2. Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman 3. Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!»- deyəcəyi zaman 4. Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar). 5. Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir. 6. O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar. 7. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. 8. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir. Əl-Adiyat surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a, 2. (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara, 3. (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə 4. Hücumları ilə toz-torpaq qaldıranlara, 5. O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki, 6. Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir! 7. Və şübhəsiz, o özü də buna şahiddir. 8. Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir. 9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü), 10. Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman, 11. Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır. Əl-Qariə surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə. 2. Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?! 3. Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır). 4. O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər. 5. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır. 6. Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs 7. Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır. 8. Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə 9. Məskəni və pənah yeri Haviyə olacaqdır. 10. Sən nə bilirsən ki, Haviyə nədir? 11. Olduqca qaynar və yandırıcı bir oddur. Ət-Təkasur surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir – birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı. 2. O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz). 3. Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz. 4. Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz. 5. Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk – şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz, 6. Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz). 7. Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz. 8. Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız. Əl-Əsr surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökümətinin zühur dövrünə) ki, 2. Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir, 3. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa. Əl-Huməzə surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına. 2. O kəs ki, mal yığıb onu dönə – dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz). 3. Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır). 4. (Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır. 5. Və sən nə bilirsən ki, Hutəmə nədir?! 6. O, Allahın yanar odudur. 7. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb - yaxar). 8. Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz). 9. Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar). Əl-Fil surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kəbəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?! 2. Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?! 3. Və onların üzərinə qatar–qatar quşlar göndərdi. 4. (O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı. 5. Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi! Əl-Qurəyş surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. Qüreyşin (həm bir – biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər). 2. Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün. 3. Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər. 4. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı. Əl-Maun surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? 2. Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar. 3. Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz. 4. Vay halına o namaz qılanların ki, 5. Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar. 6. Onlar riyakarlıq edər, 7. Və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər. (Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür.) Əl-Kovsər surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi – Zəhra (salamullahi – ələyha)-nın gündən–günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik). 2. Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!). 3. Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir. Əl-Kafirun surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri), 2. Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. 3. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz, 4. Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm. 5. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz. 6. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)». Ən-Nəsr surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman, 2. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman 3. Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir. Əbu Ləhəb surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona! 2. Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz. 3. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır. 4. Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir). 5. Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.) Əl-İxlas surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir. 2. Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır. 3. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil). 4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır». Əl-Fələq surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)! 2. Yaratdıqlarının şərindən (şərr sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən). 3. Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən. 4. Və düyünlərə üfürən (cadugər) qadınların şərindən. 5. Və paxıllıq etdiyi zaman paxılın şərindən». Ən-Nas surəsi 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə). 2. İnsanların hökmdarına və (mütləq) hakiminə. 3. İnsanların (həqiqi) məbuduna. 4. Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən. 5. O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır, 6. İstər cinlərdən olsun, istərsə də insanlardan». |