Ayə 45: وَسَكَنتُمْ فِي مَسَـاكِنِ الَّذِينَ ظَلَمُواْ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الأَمْثَالَ "Özünə sitəm qılanların məskənlərində də oldunuz. Onlarla necə rəftar etdiyimiz sizə aydın oldu. Hələ sizin üçün məsəllər də çəkdik. (Nə üçün ibrət götürmədiniz?)” Bildirişlər 1. Bir çox insanlar keçmişdəkilərin taleyindən ibrət götürmürlər. Onlar keçmişdəkilərin yerində oturduqları halda hər şeyi unutmuşlar. 2. Allah höccəti tamamlayır, bəhanələri kəsir. (O həm keçmiş ümmətlərin düçar olduğu əzabı bəyan edir, həm də müxtəlif misallarla məsələni aydınlaşdırır.) 3. Tarix və cəmiyyətə ilahi qanunlar hakimdir. Ayə 46: وَقَدْ مَكَرُواْ مَكْرَهُمْ وَعِندَ اللّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ الْجِبَالُ "Həqiqətən, onlar bütün hiylələrini işə saldılar. Amma onların məkr və hiyləsi Allaha məlumdur. Onların məkri ilə dağlar yerindən qopan deyil.” Nöqtələr Allah həm onların hiylələrindən xəbərdardır, həm onların hiylələrinin cəzasını verəcək, həm onların məkrini puça çıxara bilər, ya da özlərinə qaytarar. Bildirişlər 1. Sitəmkarlar qüdrət və qüvvət sahibi olsalar da, sonda Allahın qəzəbinə düçar olarlar. Ayə 47: فَلاَ تَحْسَبَنَّ اللّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ إِنَّ اللّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ "Düşünməyin ki, Allah peyğəmbərlərinə verdiyi vədə xilaf çıxar. Şübhəsiz, Allah yenilməzdir və intiqam sahibidir.” Nöqtələr İnsan öz qəlbindəki kin səbəbindən intiqam alırsa, Allahın intiqamı Onun ədalət və hikmətinə əsaslanır. Bildirişlər 1. Təhlükəli məqamlarda zəruri xəbərdarlıqlar olunmalıdır. 2. İlahi yardımların təxiri sizdə tərəddüd yaratmasın. 3. İnsanın ağıl və fitrəti olsa da, vəhydən faydalanmadıqda azğınlığa düçar olur. 4. Allah kafirlərə və sitəmkarlara möhlət verərkən vədinə xilaf çıxmır. Möhlət vermək Allahın sünnə və hikmətidir. 5. Qüdrət sahibi olan Allah nə üçün vədinə xilaf çıxmalıdır?! Ayə 48: يَوْمَ تُبَدَّلُ الأَرْضُ غَيْرَ الأَرْضِ وَالسَّمَاوَاتُ وَبَرَزُواْ للّهِ الْوَاحِدِ الْقَهَّارِ "(Qiyamət) Elə bir gündür ki, yer başqa bir yerlə, səmalar başqa səmalarla əvəz olar və hamı yeganə, qalib Allahın hüzurunda dayanar.” Nöqtələr Qurani-Kərimin müxtəlif ayələrində Qiyamət günü yerin haldan-hala düşəcəyi bildirilir. Həmin gün yerdə şiddətli bir lərzə yaranacaq, dağlar yerindən qopacaq, didilmiş yun tək səpələnəcək. Həmin gün yer üzü saf və hamar müstəvi şəklini alacaq. Səmaların dəyişikliyi isə günəşin sönməsi və ərş nizamının pozulması ilə müşayiət olunacaq. Hər halda, mövcud nizamın sonu var. Bildirişlər 1. Bütün yaranmışlar öz əməllərinin cavabını vermək üçün növbəti dəfə dirildiləcəklər. 2. Qiyamətdə sitəmkarlara mərhəmət yeri yoxdur. Ayə 49: وَتَرَى الْمُجْرِمِينَ يَوْمَئِذٍ مُّقَرَّنِينَ فِي الأَصْفَادِ "Həmin gün günahkarların buxov və zəncirlərlə bir-birinə bağlandığını görərsən.” Ayə 50: سَرَابِيلُهُم مِّن قَطِرَانٍ وَتَغْشَى وُجُوهَهُمُ النَّارُ "Onların libasları qətrandır və üzlərini atəş bürümüşdür.” Nöqtələr Əzab-əziyyət içində olan insan başqalarının fəryadını eşitdikdə daha çox əziyyət çəkir. Şadlıq o zaman ləzzətlidir ki, şad bir cəmiyyət arasında olasan. Quran buyurur: "Biz həmfikir fərdləri bir yerə toplayarıq, günahkarlar cəhənnəmdə, xeyir əməl sahibləri behiştdə cəm olar. Cəhənnəm əhli haqqında deyilir: "Sitəmkarlar özləri kimi olan zövcələri ilə birlikdə cəhənnəmə gedərlər.” Digər bir ayədə oxuyuruq: "Həmin gün çaşqın abid öz xəyali, uydurma məbudu ilə birlikdə cəhənnəmə atılar.” "Təkvir”surəsinin 7-ci ayəsində də uyğun nöqtələrə işarə olunur. "Əsfad” dedikdə məhbusların ayağına vurulan böyük taxta parçası nəzərdə tutulur. Qətran müəyyən ağaclardan alınan maddədir. Qətran əridilib möhkəmləndikdən sonra dəvənin dəri xəstəliyini sağaltmaq üçün istifadə olunur. Bu maddə pis qoxuludur və şölələnmə qabiliyyətinə malikdir. Qiyamət əzablarından biri günahkarların qandallanması və zəncirlənməsidir. Günahkarlar ya günahkarlarla, ya şeytanlarla bir-birinə zəncirlənər. Onların əllərinin, ayaqlarının, boyunlarının bir-birinə zəncirlənməsi də nəzərdə tutula bilər. Bildirişlər 1. Quran Qiyaməti elə təsvir edir ki, sanki bu səhnə gözlərimiz önündə qurulmuşdur. 2. Günahkarlar göz qarşısında cəzalanır. 3. Əməllərimizə təcəssüm gözü ilə baxsaq, bəlkə də açıq-saçıq şəhvət yaradan libasların pis qoxulu, qaynar libaslara çevriləcəyi nəticəsinə gələrik. لِيَجْزِيَ اللّهُ كُلَّ نَفْسٍ مَّا كَسَبَتْ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ "(Günahkarlar cəzalandırılar ki,) Allah hər kəsə gördüyü işin əvəzini versin. Çünki Allah tez hesab çəkəndir.” Bildirişlər 1. Kimsə cəzasız qalmaz. 2. Heç bir iş dünyada cavabsız qalmır. 3. İlahi cəza və mükafat öz əməllərimizə əsaslanır. هَـذَا بَلاَغٌ لِّلنَّاسِ وَلِيُنذَرُواْ بِهِ وَلِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُوْلُواْ الأَلْبَابِ "Bu (Quran) xalq üçün elə bir bildiriş və nəsihətdir ki, onun vasitəsi ilə xəbərdar olsunlar və bilsinlər ki, həqiqətən, O, yeganə məbuddur. Düşüncə sahibləri də öyüd götürsünlər.” Nöqtələr "İbrahim” surəsinin ilkin və son ayələri Quran və risalətin hidayətə təsirindən danışır. Birinci ayədə xalqın zülmətlərdən nura çıxarılması, son ayədə Quranın nəsihət olması məsələsinə toxunulur. Bildirişlər 1. Quran təbliğ qaynağıdır və təbliğatçılar bu qaynaqdan faydalanmalıdırlar. 2. Quran tövhid kitabıdır və bu kitab vasitəsi ilə müvəhhid tərbiyə olunmalıdır. 3. Təkcə bildiriş bəs etmir, qorxutmaq da lazımdır. (Bəli, təbliğdə məqsəd qorxutmaqdır.) 4. Bilmək bəs etmir, diqqət və xatırlatma da lazımdır. 5. Quranla ünsiyyət insanın mərifət və məlumatını artırır, həm də öyüd-nəsihətlə onu xeyir əməllərə təşviq edir. 6. Quran bütün insanlar üçün öyüd-nəsihətdir. Amma yalnız düşüncə sahibləri ondan öyüd götürür. Bəli, əgər Quranın öyüdlərini qəlbən dinləsək, müvəhhid və agah insan olarıq. İnşallah! |