İyirminci fəsil
Cihad behişt qapılarındandır
Allah-taalanın vacib əmrlərindən biri də cihaddır. Cihad dedikdə Allah düşmənləri ilə mübarizə, savaş nəzərdə tutulur. Qurani-məcidin bir çox ayələrində cihad və mücahidlərin əzəməti haqqında danışılır. Allah-taala "Adiyat” surəsinin ilk ayələrində mücahidlərin atlarının nəfəsinə (tövşüməsinə), onların ayağından qalxan toza and içir. Öz haqları və namusu yolunda sitəmkarlar və təcavüzkarlar qarşısında dayanmış millətlər bu yolda əzizlərini qurban verərək istiqlaliyyətlərini qoruyur, gələcək nəsillər tərəfindən sevilirlər. Amma xoş güzaran, ötəri ləzzətlər səbəbindən cihaddan boyun qaçıranlar, zillət libası geyənlər tədrici ölümə düçar olur, gələcək nəsillər tərəfindən məzəmmət edilirlər.
Söhbətimizin davamında nəzərdən keçirəcəyimiz buyuruqlar Allah yolunda cihadın əhəmiyyətini, mücahidlərin əzəmətini bəyan edir:
1. Qurani-məcid: "Allah Onun yolunda polad sədd tək möhkəm dayanıb vuruşanları sevir.”("Nəhcül-bəlağə”, xütbələr bölməsi, xütbə 192, s. 211)
2. Həzrət Peyğəmbər (s): "Cihad edin ki, övladlarınıza şərəf və əzəmət miras qoyasınız.”("Biharul-ənvar”, c. 1, s. 160, hədis 50) Həzrət Peyğəmbər (s) başqa bir məqamda buyurur: "Allah cihadı tərk edən insana zillət libası geyindərər, ömrünə ehtiyac, dininə zülmət kölgəsi salar. Allah mənim ardıcıllarıma cihad meydanında yeriyən polad sütunlar və nizə ucları ilə izzət verər.("Gülüstan”, 8-ci bab, söhbət qaydaları, s. 273, say 50)
3. Həzrət Əli (ə) buyurur: "Cihad behişt qapılarından bir qapıdır. Allah bu qapını öz xüsusi övliyalarının üzünə açmışdır. Cihad fəzilətli təqva libası, nüfuzedilməz ilahi zireh, möhkəm sipərdir. Allah cihadı tərk edən insana zillət və bəla libası geyindirər, onu insanların gözündə alçaldar.”(Surə 48, "Fəth”, ayə 29)
Unutmamalıyıq ki, bu gün İslam düşmənləri ilə mübarizə təkcə hərb sahəsinə aid deyil. İslamı əzəmətləndirən istənilən bir iqtisadi, elmi, ideoloji, siyasi təlaş cihad sayılır. Ən önəmlisi İslamın müqəddəs ilahi məqsədlərini həyata keçirməkdir. Əl-ələ verərək biganələrin məkrli planlarını puça çıxarmaq hər bir müsəlmana vacibdir. Düşmənlərin İslam məmləkətlərinə uzanmış çirkin əlləri hər yolla kəsilməlidir.
1. İbtidai cihad: ibtidai cihad dedikdə müsəlmanların imama qarşı silahlı qiyam qaldıranların, İslama və ədalətə dəvət məqsədi ilə kafirlərin və müşriklərin, müsəlmanlarla müqavilələrini pozanların üzərinə hərbi qüvvə göndərməsi nəzərdə tutulur.
Cihadın məqsədi fatehlik, məmləkətlərin istilası deyil. Müsəlmanlar millətlərin fitri haqlarını onlara qaytarmaq, insanları ilahi inanclarından məhrum edən kafirlər və zalımları yerində oturtmaq üçün cihada qalxırlar.
2. Müdafiə cihadı: müdafiə cihadı dedikdə müsəlman sərhədlərini pozmuş, hərbi müdaxiləyə cəhd göstərən, siyasi üstünlük əldə etməyə çalışan, mədəni və iqtisadi asılılıq vəziyyəti yaratmaq istəyən düşmənə qarşı silahlı müqavimət nəzərdə tutulur. Olsun ki, müsəlmanların ziddinə silahlı qiyam qaldıranlarla mübarizə də müdafiə cihadıdır.
Sual: Kimlərin cihadda iştirak etməsi vacibdir?
Cavab: Büluğ həddinə çatmış, ağıllı, sağlam kişilər cihadda iştirak etməlidir. Gözü görməyən, hərəkət edə bilməyən, vəzifəsini yerinə yetirməkdə aciz xəstə insanlara cihad vacib deyil. Əgər cihad üçün yetərincə qüvvə toplanarsa, bu vəzifə başqalarının ödəsindən götürülür. Əgər cihadın davamı üçün maddi dəstəyə ehtiyac olarsa, bütün varlıların öz imkanlarını işə salması vacibdir.
Sual: Əgər ata-ana övladının cihad və ya difayə (müdafiə cihadına) getməsinə razılıq verməzsə, bu vəzifə övladın üzərindən götürülərmi?
Cavab: Əgər övladın cəbhədə iştirakı vacib olarsa, yəni həmin dövrdə cəbhənin canlı qüvvəyə olan ehtiyacı yerində qalarsa, ata-ananın qadağası səmərəsizdir. Amma cəbhənin ehtiyacı ödənən vaxt övlad üçün cəbhədə iştirak etmək "kifayi vacib” olarsa, bu halda ata-ananın etirazına qarşı çıxmaq olmaz.
Sual: Əgər təcavüzkar bir şəxs insanı öldürmək, namusuna toxunmaq, əziyyət vermək üçün hücum çəkərsə vəzifə nədir?
Cavab: İstənilən bir yolla müdafiə olunmaq vacibdir. Hətta bu müdafiə hücum çəkən şəxsin ölümü ilə nəticələnərsə, müdafiə olunmaq vacibdir. Amma çalışmaq lazımdır ki, imkan həddində yüngül yollardan istifadə edilsin və sərtliyə yol verilməsin.
Sual: Əgər oğru insanın özünün və ya yaxınlarının malını oğurlamaq üçün hücum çəkərsə, insanın vəzifəsi nədir?
Cavab: İnsanın haqqı var ki, öz malını, canını, yaxınlarını müdafiə etsin. Amma bu işdə mərtəbələrə riayət etmək lazımdır. Əgər bu işdə yüngül müqavimətlə zərər aradan qalxarsa, sərt rəftar olunmamalıdır.
Sual: Əgər insan bir şəxsin onun canına və malına hücum məqsədində olduğunu düşünüb həmin şəxsə zərər yetirərsə və sonradan məlum olarsa ki, səhvə yol verib, onun vəzifəsi nədir?
Cavab: Vurulmuş zərər ödənməlidir. Amma insan günahkar sayılmır.
Sual: Başqa birinə məxsus yırtıcı heyvan insana hücum edərsə, müdafiə məqsədi ilə ona zərbə vurmaq olarmı?
Cavab: Əgər qorunmaq üçün başqa yol qalmazsa, həmin heyvanı vurmaq olar.