4-CÜ FƏSIL: MƏSCIDƏ EHTIRAM ETMƏK 4.1 MƏSCIDƏ EHTIRAM GÖSTƏRMƏYIN ZƏRURILIYI 60. Həzrət Məhəmməd (s): «Heç vaxt məscidə «musəycid» (məscidcik) deməyin. Çünki məscid Tanrıya ibadət olunan bir evdir. Heç vaxt Qurani-kərimə «musəyhif» (kitabça) deməyin. Çünki Allahın kitabı kiçik yad olunmaqdan çox-çox ucadır. Həmçinin, (heç bir) kişiyə «rüvəycil» (kişicik)‚ qadına da‚ «mürəyyə» deyə müraciət etməyin.» 61. İmam Əli (ə): «Müsəlman «rüvəycil»‚ məscid «müsəycid»‚ Quran «müsəyhif» adlandırılmamalıdır.» 4.2 MƏSCIDƏ EHTIRAM GÖSTƏRMƏYIN ZƏRURILIYININ SƏBƏBI 62. Əbu Nəsirdən nəql olunur ki: İmam Sadiqdən (ə) Məscidə ehtiramın zəruri olmasının səbəbi barəsində soruşdum. Buyurdu: «Çünki məscidlər Allahın evidir.» 4.3 MƏSCIDƏ EHTIRAM GÖSTƏRMƏYIN SAVABI 63. İmam Əli (ə): «Məscidə hörmət edən hər kəs Qiyamət günü Allah -Təala ilə fərəh və sevinc içində görüşər.» 4.4 MƏSCIDƏ EHTIRAM ETMƏYƏN ŞƏXSIN MƏZƏMMƏT OLUNMASI 64. İmam Sadiq (ə): «(Yunis ibn Yaquba müraciətlə) Məscidə ehtiram göstərməyən şəxs məlundur‚ məlun! Ey Yunis! Bilirsənmi, Allah-Təala nə üçün məscidlərin əziz və əzəmətli olmasına qərar verib? Nə üçün bu ayəni göndərib: «Şübhəsiz ki‚ (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!» Çünki yəhudilər və məsihilər öz ibadətgahlarına daxil olduqları zaman Allaha şərik qoşurlar. Buna görə də böyük Tanrı öz Peyğəmbərinə (s) məscidlərdə, yalnız bir Allaha ibadət olunmasına əmr etdi.» |