ON BİRİNCİ DƏRS
1.
«Mənzilətun beynəl-mənziləteyn»in mə’nası nədir?
2.
Nə üçün mö’təzilə nöqteyi-nəzərində əmr be mə’ruf və nəhy əz münkər üsulidindən
sayılır?
4. MƏNZİLƏTUN
BEYNƏL-MƏNZİLƏTEYN
Doqquzuncu
dərsin əvvəlində qeyd olunduğu kimi, mö’təzilə firqəsinin yaranmasının ən mühüm
səbəbi böyük günahlara mürtəkib olanlar və onların aqibəti barədə idi. Mürciə
firqəsi böyük günahlara mürtəkib olanları mö’min hesab etdikləri halda, xəvaric
onları kafir sayır. Amma mö’təzilə ardıcılları belə şəxslərin imanla küfr
arasında olduqlarına e’tiqadlıdırlar. Yə’ni, onlar nə mütləq şəkildə kafir, nə
də kamil şəkildə mö’min deyillər. Bu məzhəb nöqteyi-nəzərindən belə şəxslərin
yeri «mənzilətun beynəl-mənziləteyn» adlandırılmışdır. (İman və küfr arasında
yerləşən bir mövqe).
Mö’təzilə
məzhəbinin məşhur alimlərindən olan qazi Əbdül Cəbbar (H.Q. 415) bu barədə belə
deyir: «Böyük günahlara mürtəkib olanlara nə kafir demək olar, nə də mö’min.
Belə şəxslər fasiq adlanırlar. Buna görə də onların hökmü nə kafirlərin, nə də
mö’minlərin hökmü ilə eyni deyildir. Burada üçüncü bir hökm vardır ki, biz onu
«mənzilətun beynəl-mənziləteyn» tə’biri ilə ifadə edirik. Deməli, böyük günaha
mürtəkib olan şəxs nə kafirin məqamına malikdir, nə də mö’minin.»(Qazi Əbdül Cəbbar, «Şərhül-üsulil-xəmsəti».)
Mö’təzilə
məzhəbi böyük günaha mürtəkib olanları fasiq adlandıraraq, onları mö’minlərin
cərgəsindən xaric etməsinin səbəbi belə izah edirlər: İman yalnız qəlbi
e’tiqaddan ibarət deyildir və bu e’tiqaddan doğan göstərişlərə əməl etmək də
imanın bir hissəsidir. Buna görə də əgər bir şəxs qəlbdə inanıb dildə iqrar
etsə, lakin əməldə böyük günahlara mürtəkib olsa, onu mö’min hesab etmək olmaz.
Bu şəxslər digər tərəfdən mütləq şəkildə kafir də sayılmırlar.
Deməli,
onun yeri küfr ilə imanın arasındadır. Buna görə də Qazi Əbdül Cəbbar
mükəlləfləri savab və ya cəzaya layiq olmaq baxımından iki dəstəyə
bölmüşdür:
1.
Savaba layiq olanlar; bunlar Allah övliyalarıdır.
2.
Cəzaya layiq olanlar; bunlar da Allahın düşmənləridir.
O
daha sonra ikinci dəstəni də yenidən iki dəstəyə bölür:
1.
Ağır cəzaya malik olanlar; kafirlər, münafiqlər və mürtədlər.
2.
Nisbətən az cəzaya layiq olanlar; bunlar fasiqlər, yə’ni böyük günahlara
mürtəkib olan şəxslərdir.(Qazi Əbdül Cəbbar, «Şərhül-üsulil-xəmsəti».)
MÖ’TƏZİLƏ
ARDICILLARININ «MƏNZİLƏTUN BEYNƏL MƏNZİLƏTEYN» HAQDA SÜBUTLARI
Mö’təzilə
ardıcılları böyük günahlara mürtəkib olan üçüncü dəstənin hökmünü, yə’ni onların
küfr ilə iman arasında olduğunu isbat etmək üçün iki dəlil gətirmişlər.
Birinci
dəlil:
Müsəlman
firqələri böyük günah edən şəxslərin necə adlandırılması məsələsində
ixtilaflıdırlar. Xəvaric onları fasiq və müşrik hesab edir, Zeydiyyə məzhəbi
onları ilahi ne’mətlər qarşısında küfr etdikləri üçün fasiq adlandırır, Həsən
Bəsri və ona tabe olanlar bu kimi şəxsləri münafiq sanır və mürciə firqəsi
onlara fasiq mö’min adı verir. Göründüyü kimi, müsəlmanlar böyük günahlara
mürtəkib olan şəxsləri necə adlandırmaqda ixtilafa düçar olmuşlar. Amma onların
hamısı həmin şəxsin fasiq olmasında fikir birliyinə malikdirlər. Buna görə də
biz, müsəlmanların fikir yekdilliyini nəzərə alıb, böyük günahlara mürtəkib
olanları fasiq adı ilə tanıyırıq, lakin onları münafiq, müşrik yaxud ne’mətə
kafir olan və ya mö’min adlandırmaqdan çəkinirik.
İkinci
dəlil:
Şəriətdə
mö’min kəlməsi öz leksik mə’nasında deyil, istilahi mə’nada işlədilir.
Ümumiyyətlə bu söz tə’rifə layiq olan şəxslərə deyilir. Çünki, Allah-taala hər
yerdə mö’min kəlməsini gözəl sifətlərlə yanaşı zikr etmişdir. O cümlədən:
«Həqiqətən,
mö`minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi
səadətə qovuşmuşlar!)» (Mu’minun-1.)
Yenə
buyurur:
«Mö`minlər
yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri
qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların
imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.» (Ənfal-2.)
Yaxud
başqa bir yerdə:
«Həqiqətən,
mö`minlər ancaq Allaha və Onun Peyğəmbərinə iman gətirən, ümumi bir iş üçün
Peyğəmbərlə bir yerdə olduqda ondan izn almamış bir yerə getməyən
kimsələrdir...» (Nur-62.)
Bu
barədə ətraflı mə`lumat əldə etmək üçün Qazi Əbdül Cəbbarın
«Şərhül-üsulil-xəmsə» kitabına müraciət edə bilərsiniz.
Birinci
dəlilin araşdırılması:
Aydındır
ki, İslami firqələr böyük günaha mürtəkib olan şəxsin fasiq olmasında fikir
yekdilliyinə malikdirlər. Amma bu fikir birliyi bundan artıq heç bir şeyə
dəlalət etmir. Başqa sözlə desək, müsəlmanların bu fikir birliyinə əsaslanıb,
yalnız böyük günah edən şəxslərin fasiq olduğunu isbat etmək olar. Amma belə
şəxslər üçün üçüncü bir mövqe nəzərdə tutmaq, onları həm kafir, həm də mö’min
hökmündən xaric etməyə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu məsələdə ortaq
bir məxrəcə gəlmək mümkün deyildir. Halbuki, mö’təzilə firqəsi həmin şəxsin
mö’minlə kafir arasında qərar tutduğunu isbat etmək üçün dəlil axtarırlar.
Müsəlmanlar
arasında böyük günahlara mürtəkib olan şəxsin mö’min, kafir və ya müşrik
adlandırılması ilə bağlı yaranan ixtilaflardan da aydın olur ki, belə şəxslər
nəhayətdə bu iki yerdən birinə malikdir və onlar üçün ayrı bir ünvan axtarmaq
yersizdir.
İkinci
dəlilin araşdırılması:
İkinci
dəlil araşdırılarkən iki məsələni diqqət mərkəzində saxlamaq lazımdır:
1.
Görəsən iddia etmək olarmı ki, hədis və rəvayətlərdə xüsusi mə’nada işlənən bir
söz, leksik mə’nadan istilahi mə’naya keçsin? Məsələn, Peyğəmbərin (s) buyurduğu
«Əssəlatu me`racul mu`min» hədisində, «səlat» kəlməsinin
«me’racul-mö’min» mə’nası üçün yaradılmasını iddia etmək olarmı? Necə iddia
etmək olar ki, Qur’an ayəsində mö’min kəlməsi mədh və əzizləmə mə’nasında
işlənməklə yanaşı, öz leksik mə’nasından mö’təziləçilərin nəzərdə tutuduğu
istilahi mə’naya keçmişdir?!
2.
Qur’an ayələrinə müraciət etməklə, nəzərə almaq lazımdır ki, mö’min kəlməsi heç
də mədh və əzizləmə ilə yanaşı deyildir. Qur`ani-kərimin Nisa surəsinin 92-ci və
Əhzab surəsinin 36-cı ayələrini də buna misal çəkmək olar.
5.
Əmr be mə’ruf və nəhy əz münkər;
Mö’təzilə
məzhəbinin e’tiqadi prinsiplərindən beşincisi əmr be mə’ruf və nəhy əz
münkərdir.
Əmr
be mə’ruf və nəhy əz münkərin vacib olmasında müsəlmanlar arasında heç bir
ixtilaf yoxdur. Sadəcə olaraq, onun necəliyi və şərtləri barədə fikir ayrılığı
vardır.
Bütün
İslam firqələri əmr be mə’ruf və nəhy əz münkəri füruidindən sanır, onu fiqhi
məsələlər arasında araşdırırlar. Amma mö’təzilə ardıcılları onu üsulidin
məsələlərindən hesab edirlər. Çünki əvvəldə qeyd olunduğu kimi, onlar əməli də
imanın bir hissəsi sayırlar. Buna görə də əməli bir məsələ olan əmr be mə’ruf və
nəhy əz münkər mö’təzilə məzhəbi nöqteyi-nəzərindən əqidə üsullarından hesab
olunur.
MÖ’TƏZİLƏ MƏZHƏBİNİN
BAŞQA ƏQİDƏLƏRİ
Mö’təzilə
ardıcıllarının, bütün mö’təzilə firqələrinin müvafiq olduqları beş üsuldan
əlavə, müttəfiq olmadıqları bə’zi əqidələri də vardır. Burada həmin üsulların
bə’zisini xülasə şəkildə bəyan edirik:
1.
İnsan, gördüyü bütün işləri öz ixtiyarı ilə həyata keçirir, onun əməlinin yaxşı
və ya pis olması onun özünə aid edilir. Hər bir şəxs bu əməllərin əsasında cəza
və ya mükafata layiq görülür. Allah pak və münəzzəhdir və heç vaxt insanların
günah, mə’siyət, küfr və zülmləri Ona nisbət verilməz.
2.
Qur’an Allahın kəlamı və onun yaratdığıdır.
Allahın
kitabı Həzrət Məhəmməd (s.ə.v.v.)-in peyğəmbərliyə məb’us olunması ilə eyni
zamanda vücuda gəlmişdir və qədim deyildir.
3.
«Riza» (razılıq) və «qəzəb» xüsusiyyəti sifət deyil, vəziyyətdir. Çünki bu
xüsusiyyətlər sabit vəziyyət deyillər və dəyişəndirlər. Buna görə də Allahı bu
iki sifətlə vəsf etmək olmaz. Unutmaq olmaz ki, Allahın zatı sabitdir. Deməli,
qəzəb və razılıq kimi sifətləri ilahi savab və cəza (yə’ni behişt və cəhənnəm)
hesab etmək lazımdır.
4.
Allahın ədaləti tələb edir ki, O, heç bir əməli Öz ədalətinin xilafına görməsin.
Aqil şəxs özünün xeyir və məsləhətinə olan şeydən başqa bir iş görməz. İlahi
hikmət də bəndələrin xeyrinə olan şeyləri tələb edir. Buna görə də Allahın öz
bəndələrinə zülm etməsi, şər işləri vücuda gətirməsi, məsləhət olan işlərdən göz
yumması qeyri-mümkündür. Allahın Öz bəndələrini qeyri-mümkün olan işlərə
mükəlləf etməsi mümkün deyildir. Hətta əql də hökm edir ki, Allah heç bir
məxluqa, taqəti çatmayan işlər əmr etməz.(Miyan Məhəmməd Şərif, «Tarixi fəlsəfə dər islam».)
1.
«Mənzilətun beynəl mənziləteynin» əqidəsinin tə’rifini deyin.
2.
Mö’təzilə küfr ilə imanın arasında olan yeri necə sübut edirlər?
3.
Mö’təzilənin «mənzilətun beynəl-mənziləteyn» əqidəsini isbat etməkdə istifadə
etdikləri dəlilləri bəyan edin.
4.
Nə üçün mö’təzilə ardıcılları əmr be mə’ruf və nəhy əz münkəri üsulidinin bir
hissəsi hesab edirlər?
5.
Mö’təzilə məzhəbinin, insanın yaxşı və ya pis əməllərdə ixtiyarlı olub-olmaması
barədə nəzəri necədir?
ON
İKİNCİ DƏRS
1.
Əş’əri məzhəbinin banisi kimdir?
2.
Əş’əri məzhəbi yaranan zaman ictimai-tarixi şərait necə idi?
Əş’əri
məzhəbi Əbul Həsən Əli ibni İsmail Əş’əriyə mənsubdur. O, Siffeyn müharibəsində
həkəmiyyətin qarşı tərəfini öhdəsinə alan Əbu Musa Əş’ərinin nəvələrindəndir.
Əbul Həsən Əş’əri 260-cı Hicri ilində Bəsrədə dünyaya gəlmiş və 324, yaxud
330-cu Hicri ilində vəfat etmişdir. Atası Əbi Bişr adı ilə tanınan İsmail ibni
İshaq əhli-hədisin məşhur tərəfdarlarından idi. Atasının ölümündən sonra anası,
mö’təzilənin böyük rəhbərlərindən olan Əbu Əli Cəbai ilə izdivac etmişdi. Əbul
Həsən o vaxtdan e’tibarən anası ilə birlikdə atalığının evində yaşamış və
cavanlıq vaxtlarından onun tərbiyəsi altında böyümüşdür. Əş’əri uzun müddət onun
şagirdi olmuş və mö’təzilə məzhəbini qəbul etmişdi. Amma təqribən qırx yaşında
ikən, mö’təzilə məktəbindən əl çəkərək yenidən əhli-hədisə üz gətirmiş və bu
məzhəbin təbliğatçısı olmuşdur. O, Cəbaidən təhsil aldığı dövrlərdə əhli-hədis
əqidəsinin zəif nöqtələrini anladığına görə, mö’təzilədən üz döndərdikdən sonra
mö’təzilə kəlamı üslubundan istifadə etməklə və əqidəvi araşdırmalarda əqli
bəhslərdən faydalanmaqla həmin zəif nöqtələri müəyyən dərəcədə islah etmək
istəmişdir. Həqiqətdə o, mö’təzilənin əqlə ifratçı dərəcədə üstünlük vermələri
ilə əhli-hədisin zahiri mə’naları əxz etmələri arasında olan orta mövqeli bir
məzhəb yaratmaq fikrində olmuşdu. Buna görə də əhli-hədisin əqidəvi əsaslarında
və onların kəlami nəzərlərində müəyyən dəyişikliklər etmiş və öz adı ilə tanınan
əş’əri məzhəbini yaratmışdı. Bundan sonra onun ardıcılları əş’ərilər
adlandırılmışdı.
Əbül
Həsən Əş’əri həyatının üçüncü bölməsində (yə’ni mö’təzilə məktəbindən üz
döndərdikdən sonra) bir çox kitablar yazmışdı ki, tarixçilərdən bə’ziləri
onların sayını 300 cildə qədər saymışlar. İbni Əsakir öz «Tarix» kitabında onun
yazdığı 93 kitabın adını qeyd etmişdir. Əlbəttə, bizim zəmanəmizə onun yazdığı
əsərlərdən yalnız bir qismi gəlib çıxmışdır. Bu kitablardan «Əl-ibanətu ən
üsulid-diyanə», «Məqalatul-islamiyyin vəxtilafil müsəllin», «İadətul-burhan»,
«Ət-təbyin», «Əş-şərhü vət-təfsil», «Əl-lümə’ti fi rəddi əla əhliz-ziyəci
vəl-bidə’», «İstihsanul xozi fi elmil kəlam» və bu kimi digər məşhur əsərlərin
adını çəkmək olar. Bu kitablar arasında «Əl-ibanə», «Məqalatul-islamiyyin» və
«Lümə’» daha çox əhəmiyyət kəsb edir. Çünki onlar əş’əri məzhəbinin e’tiqadının
məzmununu bəyan edir.
Belə
nəzərə çarpır ki, Əş’əri «İbanə» kitabını mö’təzilə məzhəbindən qayıtdığı və
əhli-hədisin əqidəsini müdafiə etdiyi zamanda yazmışdır. Çünki bu kitabla Əhməd
ibni Hənbəlin «Əs-sünnə» kitabının arasında heç bir fərq yoxdur. Amma «Lümə’»
kitabı «İbanə» kitabı ilə əsaslı şəkildə fərqlənir və orada Əş’ərinin xüsusi
nəzərləri bəyan edilmişdir.
ƏŞ’ƏRİNİN MÖ’TƏZİLƏ
FİRQƏSİNDƏN AYRILMASININ SƏBƏBLƏRİ
Əbul
Həsən Əş’ərinin mö’təzilə firqəsindən çıxmasının səbəbləri barədə müxtəlif
fikirlər qeyd edilmişdir. Onun böyük kəramət və fəzilət sahibi olduğunu deyən
əş’əri məzhəb ardıcıllarından bir dəstəsi iddia edirlər ki, Əş’əri bir gecə
Rəsuli-Əkrəmi (s) yuxuda görür. Yuxuda həzrət Peyğəmbər ona göstəriş verir ki,
mö’təzilədən əl çəkib əhli-hədis məzhəbinə qoşulsun. Amma yuxu heç vaxt höccət
ola bilməz və bu iddianın isbat olunması ümumiyyətlə mümkün deyildir. Buna görə
də demək olar ki, əgər bu məsələnin düzgünlüyü qəbul olunsa belə, yenə də Əbul
Həsən Əş’əri Peyğəmbərin (s) göstərişinə əməl etməmişdir. Çünki o həzrətin
göstəriş verməsi (onun iddiasına görə) əhli-hədis məzhəbinə qoşulmaqla əlaqədar
idi. Halbuki, o əməldə əhli-hədisin e’tiqadları ilə çox-çox fərqli olan yeni bir
məzhəbin əsasını qoymuşdu.
Əş’ərinin
mö’təzilə məzhəbindən çıxmasına bəraət qazandırmaq üçün gətirilən ikinci dəlil
onunla ustadı Əbu Əli Cəbai arasında olan bə’zi ixtilaflardır.
Tarixçilər
miləl və nihəl kitablarında Əş’əri ilə Cəbai arasında Allahın sifətləri, ədaləti
və s. məsələlər ətrafında baş verən bir çox mübahisələr nəql etmişlər. Belə ki,
Əbu Əli Cəbai Əş’ərinin tutduğu iradlara cavab verməkdə aciz qalmış və
mübahisəni davam etdirə bilməmişdir. Buna görə də Əş’əri mö’təzilənin bütün
İslami e’tiqadları əql əsasında qurmaq üçün göstərdiyi sə’yləri yanlış və
azdırıcı hesab edərək onlardan uzaqlaşmışdır.
Əgər
bu mübahisələrin baş verməsi düzgün olsa – onun səhih olmadığına da heç bir
dəlil yoxdur – demək olar ki, Cəbainin, Əş’ərinin iradlarına cavab verməkdə aciz
qalması onun mö’təzilədən uzaqlaşmasında mühüm rol oynamışdır. Amma iddia etmək
olmaz ki, onun bu firqədən ayrılmasının bütün səbəbləri məhz həmin məsələlərlə
bağlıdır. Çünki, Əş’əri sonradan əhli-hədis məzhəbində etdiyi islahatları
mö’təzilə firqəsində də edə bilər və bu məzhəbdə qalmaqla da öz iradlarına cavab
tapa bilərdi. Bu məqsədlə mö’təzilənin tamamilə əqli olan yollarında bir qədər
islahat aparıb bə’zi nəqli ünsürləri ona əlavə etmək də kifayət idi. Bu da məhz
Əş’ərinin əhli-hədisin tam mə’nada nəqli və zahiri olan yolları barəsində etdiyi
işlərdir ki, bə’zi əqli üslubları ona artırmışdır.
Üçüncü
dəlil Abbasi xəlifələrinin mö’təzilə firqəsi ardıcıllarının əleyhinə göstərdiyi
təzyiqlər idi. Abbasi xəlifələrinin vaxtından Mə’munun dövrünə qədər, rəsmi
məzhəb əhli-hədis məzhəbi olmuşdur və mö’təzilə ardıcılları öz ayinlərini gizli
şəkildə yayırdılar. Amma Mə’mun mö’təzilə firqəsini rəsmiyyətlə tanıdı və iş o
yerə çatdı ki, hətta camaatın əqidəsinin mö’təzilənin məramları ilə müvafiq
olub-olmaması barədə əqidə təftişinə başlandı. Bu vaxtdan Mütəvəkkilin vaxtına
qədər əhli-hədis hökumət tərəfindən ağır təzyiqlərə mə’ruz qaldı və hətta Əhməd
ibni Hənbəl Qur’anın məxluq olmasına e’tiqad bəsləmədiyi üçün 30 şallaq
zərbəsinə məhkum edildi.
Mütəvəkkilin
vaxtından Abbasi xilafətinin axırına qədər vəziyyət yenidən dəyişdi; əhli-hədis
məzhəbi yenidən rəsmiləşdi və bu dəfə mö’təzilə ardıcılları çoxlu təzyiqlərə
mə’ruz qaldılar. Bu zaman tanınmış və məşhur şəxsiyyət olan Əbul Həsən Əş’əri
rəsmi məzhəbi qəbul etdi və mö’təzilə firqəsindən uzaqlaşdı. O Bəsrənin came
məscidində minbərə çıxdı və camaatın hüzurunda rəsmi şəkildə mö’təzilə
məzhəbinin ardıcılı olmaqdan imtina edib dedi: «Məni tanıyanlar mənim kim
olduğumu bilir, məni tanımayanlar bilsin ki, mən Əbul Həsən Əli ibni İsmail
Əş’əriyəm. Mən bundan əvvəl Qur’anın məxluq olmasına inanır və deyirdim ki,
Allah insanın gözünə görünməz; e’tiqadım bu idi ki, şər işlərin faili mən
özüməm. İndi isə bu fikirlərimdən peşman olub, əvvəllər belə bir əqidəyə malik
olmağımdan tövbə edir, mö’təzilə məzhəbindən çıxır və onun rüsvayçılıqlarına
nifrət edirəm.»
Əş’ərinin
mö’təzilə məktəbindən uzaqlaşmasının dördüncü səbəbi bu ola bilər ki, Əş’əri
əhli-hədis məktəbinə qayıtmaqla, onların əqidələrini islah etmək fikrində idi.
Əvvəldə qeyd olunduğu kimi, mö’təzilə məktəbi gizli fəaliyyətlə məşğul olduğu
halda, əhli-hədis məktəbi rəsmiyyətlə tanınmış və camaatın əksəriyyəti ona tabe
olmuşdu. Həm əhli-hədisin əqidə baxımından irad və zəif nöqtələri ilə, həm də
mö’təzilənin əqli üslubları ilə tanış olan Əbul Həsən Əş’əri qərara alır ki,
həmin əqli üsulları əhli-hədisə daxil etməklə onların e’tiqadlarını islah
etsin.
Əhli-hədisin
rəsmi məzhəb olduğuna, mö’təzilə məzhəbinin isə həqiqətdə batil bir əqidə kimi
tanındığına diqqət yetirməklə, Əş’əri öz məqsədinə nail olmaq və əhli-hədisin
əqidəsini islah etmək üçün çıxış yolunu yalnız bunda görürdü. Yə’ni, o,
mö’təzilə firqəsindən əl çəkib rəsmi şəkildə ona nifrətini bildirmək, zahirdə
əhli-hədis məzhəbini qəbul edib bu məktəb ardıcıllarının rəğbətini qazanmaq və
nəhayət, bir islahatçı kimi öz nəzərlərini həyata keçirmək məqsədilə bu yolu
seçmişdir. O, bu məqsədlə də mö’təzilə firqəsindən qayıtdıqdan sonra «Əl-ibanətu
ən üsulid-diyanə» kitabını yazdı ki, burada əhli-hədis əqidələrini tamamilə
qəbul etdiyini və həmin əqidələrə inandığını e’tiraf edir. Bir qədər sonra
yazdığı «Lümə» kitabında isə əhli-hədis əqidələrində etdiyi dəyişikliklərlə
yanaşı, onlarla tam fərqli olan xüsusi nəzəriyyələrini də qeyd etmişdir.(Sübhani, «Bühusun fil-miləl vən-nihəl», 2-ci cild.)
Şübhəsiz,
əgər dördüncü amili Əş’ərinin mö’təzilə firqəsindən üz döndərməsinin yeganə
səbəbi hesab etsək, kifayət qədər qənaətbəxş olmaz. Çünki o halda Əş’əri
məsləhət xatirinə və yalnız zahirdə mö’təzilə məzhəbindən üz döndərmiş olur.
Amma əvvəla, öz məzhəbini haqq və səhih bilən bir şəxsin onu təbliğ etməməsindən
əlavə, camaat arasında rəsmi şəkildə ona öz nifrətini bildirməsi və onu batil
hesab etməsi mümkündürmü?
İkincisi,
Əş’əridən yadigar qalan kitablardan aydın olur ki, o, mö’təzilənin nəzər və
əqidələri ilə həqiqi mə’nada müxalifətçilik etmişdir və onun bu məzhəbdən üz
döndərməsi zahiri xarakter daşımırdı.
Belə
nəzərə çarpır ki, yuxarıdakı dəlillərdən hər birini (birinci dəlildən başqa)
Əş’ərinin mö’təzilə firqəsindən uzaqlaşaraq əhli-hədisə üz gətirməsində tə’sirli
hesab etmək olar. Belə ki, Əbul Həsən Əş’əri, Əbu Əli Cəbai ilə apardığı
mübahisələrdə mö’təzilə firqəsinin üsullarının zəif cəhətlərini başa düşmüş və o
məzhəbə qarşı e’timadını itirmişdi. Həmçinin əhli-hədis məzhəbinin rəsmiləşməsi
ilə onu həqiqətdə qəbul etdiyini bildirdi. Amma bu firqənin əqidə üsullarındakı
zəifliklərlə əvvəldən tanış olduğu üçün əhli-hədis məzhəbini qəbul etməklə, onun
əqidəvi prinsiplərini bir növ islah etmək qərarına gəlmişdi.
Sonrakı
dərslərdə Əş’ərinin fikirlərini və bu məzhəbin əqidə üsullarını
araşdıracağıq.
1.
Əş’əri məzhəbinin banisinin tərcümeyi-halını xülasə şəkildə bəyan edin.
2.
Əbul Həsən Əş’əri əvvəllər kimin tərbiyəsi altında böyümüşdü və hansı məzhəbə
meyl göstərirdi?
3.
Əş’ərinin əhli-hədis məzhəbinə üz tutmasının səbəbləri nədir?
4.
Mütəvəkkil Abbasinin dövründən sonra mö’təzilə ardıcılları ilə necə rəftar
olunurdu?
ON
ÜÇÜNCÜ DƏRS
1.
Əş’əri məzhəbinin kəlami üslubu necədir?
2.
Əş’əri məzhəbinin hansı səciyyəvi xüsusiyyətləri vardır?
Əbul
Həsən Əş’ərinin qarşısında iki müxalif məktəb və nəzəriyyə mövcud idi:
1.
Əqli qaydalara meyl edən mö’təzilə məktəbi; bu məktəb ardıcılları e’tiqad
üsullarının qəbul və isbat olunmasında, hədislərin məzmun və möhtəvasının isbat
olunmasında əsas me’yarı əql hesab edirdilər.
2.
Əhli-hədis kimi zahirə istinad edən firqələr; onlar ayə və hədislərin zahirinin
tələbinə uyğun əməl edir, bu işdə azacıq da olsa belə, əqli təhlilləri caiz
bilmirdilər. Bu firqələr əsas e’tibarilə əqlin e’tiqadi üsullarda, onların şərh
və bəyan olunmasında rol oynaması ilə müxalif idilər. Buna görə də əhli-hədisin
nəzərində mö’təzilə bid’ətçi kimi tanınmışdı. Əbul Həsən Əş’əri bu iki məzhəb
arasında mö’tədil bir mövqe və üslub seçmək qərarına gəlmişdi.
Buna
görə də bir tərəfdən mö’təzilənin əqlə ifrat dərəcədə meyl göstərməsi ilə
mübarizə aparmalı idi. Əvvəlki dərslərdə qeyd olunduğu kimi, Bəsrə məscidində
mö’təzilənin əqli əsaslarla izah etdiyi bir sıra əqidələrlə müvafiq deyildi,
digər tərəfdən də əhli-hədisin zahiri mə’nalara qapılmaq meylləri qarşısında
dayanmalı və əqli bəhsləri dini təfəkkürə daxil etməli idi. Əş’əri üçün bu
mübarizə mö’təzilənin ifratçılığı ilə mübarizədən qat-qat ağır idi. Çünki o
zamanlar mö’təzilə gizli təbliğat dövrünü keçirir, əhli-hədis isə əksəriyyətin
rəsmi məzhəbi hesab olunurdu. Buna görə də onunla açıq-aşkar müxalifətçilik
etmək üçün münasib şərait yox idi və müxalifət edənlər çox asanlıqla bid’ətçi
kimi tanıtdırılırdı.
Bununla
belə, Şeyx Əş’əri öz məqsədinə nail olmaq və əqli qaydaları dini mövzulara daxil
etmək üçün «İstihsanul-xovzi fi elmil-kəlam» kitabını yazdı və onda əhli-hədis
firqələrinin əqlin e’tiqadi məsələlərə daxil edilməsinə qarşı söylədiyi
e’tirazlara cavab verməyə başladı. O, bu kitabda yazırdı: Camaatın bir dəstəsi
(zahiriyyə və sair əhli-hədis) son dərəcə nadanlıq göstərirlər; e’tiqadi
məsələlərdə əqli təfəkkür və qaydalardan istifadə etmək onlara çox ağır gəlir.
Buna görə də onlar kor-koranə təqlid və iman yolunu seçirlər. Onlar sə’y edirlər
ki, üsulidini əql yolu ilə bəyan etməyə çalışanları bid’ətçi adlandırıb məhkum
etsinlər. Hərəkət, sükunət, cism, rəng, məkan, cövhər, ərəz və ilahi sifətlər
barədə bəhs aparmağı günah və bid’ət hesab edərək deyirlər ki, belə bəhslər
düzgün olsaydı, Peyğəmbər (s) və onun səhabələri də mütləq bu işi
görərdilər.
Həmçinin
deyirdilər ki, Peyğəmbər (s) vəfatından əvvəl dini baxımdan lazım olan bütün
mətləbləri kamil şəkildə izah etmiş və ardıcıllar üçün deyilməmiş bir söz
qalmamışdır. Həzrət Peyğəmbər (s) yuxarıda qeyd olunan mətləblərdən heç birinə
işarə etmədiyi üçün aydındır ki, onların ətrafında bəhs etmək bid’ət hesab
olunacaqdı.(Miyan Məhəmməd Şərif «Tarixi fəlsəfə dər islam», 11-ci fəsil, doktor Nəsrullah Purcəvadi və Əbdül Hüseyn Azərəngin tərcüməsi.).
Əhli-hədis
öz müddəasını belə izah edirdi ki, bu kimi kəlami məsələlər, ya şəxsən
Peyğəmbərin özünə və səhabələrə mə’lum idi və eyni halda bunun barəsində sükut
edərək, onları araşdırmamışdılar, yaxud onlar bu məsələlərdən xəbərsiz idilər.
Əgər onlar bilərəkdən bu məsələləri bəyan etməmişlərsə, onda o həzrətə tabe
olaraq, biz də bu məsələdə sükut etməliyik. Əgər Peyğəmbər (s) və səhabələr bu
məsələləri bilməmişlərsə, onda biz də bu barədə heç bir şey əldə edə bilmərik.
Buna əsasən hər iki halda bu kimi məsələlər barəsində bəhs aparmaq bid’ət
olacaqdır.
Əş’əri
bu kimi sualları cavabsız qoymadı və kəlami-əqli məsələləri müdafiə etməyə
çalışdı. O, əhli-hədisin gətirdiyi dəlillərin müqabilində üç cavab
vermişdi:
Birinci
cavab: (Çaşqınlıq və cədəl yolu ilə verilən cavab) «Peyğəmbər (s) hər bir
şeyi bəyan edibsə və heç nəyi (bəyan etməkdə) əsirgəməyibsə, bununla belə, ondan
sonra bu kimi məsələlər barədə bəhs edən şəxsləri bid’ətçi adı ilə məzəmmət
etməmişsə, demək belə məsələləri araşdırmağın heç bir eybi yoxdur. Əgər hər bir
şeydə Peyğəmbərin sözlərinə istinad ediriksə, onda hansı əsasla o həzrətin
bid’ətçi adlandırmadığı şəxsləri bid’ətçi hesab edə bilərik?! Çünki bu əməlin
özü Peyğəmbərin xatırlatmadığı məsələlər barəsində bəhs etməkdən ibarətdir və
Peyğəmbərin (s) məzəmmət etmədiyi şəxslərin əməlini məhkum etmək olmaz.»
İkinci
cavab: Peyğəmbər (s) heç bir kəlami bəhslərin bəyanını əsirgəməyib, həmçinin
ayə və rəvayətlərdə kəlam elmində mövcud olan cism, ərəz, hərəkət və sükunət
kimi bəhslərin hamısı qeyd olunmuşdur. Onlar müəyyən və dəqiq şəkildə zikr
olunmadığına baxmayaraq, o bəhslərin əsas prinsipləri Qur’anda və sünnədə bəyan
olunmuşdur.
Şeyx
Əbul Həsən Əş’əri bir çox rəvayət və ayələrə istinad edir ki, onun əqidəsinə
görə, kəlami bəhslər orada öz əksini tapmışdır. O cümlədən: «Ən’am» surəsinin
75-79-cu ayələrini, yə’ni İbrahim peyğəmbərin ulduzun və günəşin batması ilə
əlaqədər apardığı bəhsi Qur’anda hərəkət və sükunət bəhsinin işıqlandırılmasına
dəlil hesab edir. Həmçinin «Ənbiya» surəsinin 22-ci ayəsi və «Mu’minun»
surəsinin 91-ci ayəsini «təmanö’» bürhanı ilə əlaqədar olduğunu qeyd edir.
Əş’əri axırıncı cavabda əhli-hədisin əqidəvi məsələlərdəki mövcud üslubundan,
yə’ni Qur’an və sünnənin zahiri mə’nasını əxz etmək yolundan istifadə etməyə
çalışmış və onlara isbat etmək istəmişdir ki, əqli və kəlami bəhslər şəriətin
diqqət yetirdiyi məsələlərdəndir.
Üçüncü
cavab: Peyğəmbəri-Əkrəm (s) bu mətləblərdən xəbərsiz deyildi və onları tam
incəliklərinə qədər bilirdi. Amma onun həyatında bu kimi məsələlərlə əlaqədar
bir şey qarşıya çıxmadığından, onlar barəsində bəhs etmək zərurəti
yaranmamışdı.
Peyğəmbərin
(s) səhabələri o həzrətin həyatı dövründə irəli gələn dini məsələlərin çoxu
barəsində bəhs edib və dəlil gətirmişlər. Bunu da nəzərə almaq lazımdır ki, qeyd
olunan məsələlər ətrafında Peyğəmbərdən (s) birbaşa və aşkar hədis nəql
olunmamışdır. Peyğəmbərdən (s) aşkar göstəriş verilmədiyinə görə, bu kimi
məsələlər barədə müəyyən hökmlər çıxartdıqları zaman, onların arasında ixtilaf
yaranmışdı. Məsələn, əgər Qur’anın məxluq olub-olmaması, yaxud fərdin cövhəri və
s. məsələlər Peyğəmbərin (s) sağlığında tam təfsilatı ilə qarşıya çıxsaydı,
şübhəsiz o həzrət sair məsələlər kimi, onları da izah edərdi.
Buna
əsasən, Qur’anın məxluq olub-olmaması barədə Peyğəmbərdən (s) aşkar bir kəlamın
nəql olunmadığını fərz etsək, onda Qur’anın məxluq hesab edilməsi bid’ət olsa,
elə həmin dəlillə demək olar ki, onun qədim və qeyri-məxluq olması da
bid’ətdir.(Əvvəlki mənbə və (Sübhani «Bühusun fil-miləl vən-nihəl», 2-ci cild.)
Əbul
Həsən Əş’əri bu bəhsin axırında belə nəticə alır ki, İslam dini heç də əqidəvi
bəhslərdə ağıldan istifadə etməyin ziddinə çıxmamışdır, əksinə e’tiqadi
məsələlər barəsində əqli və istidlali bəhsləri zəruri hesab etmişdir.
ƏŞ’ƏRİ MƏZHƏBİNİN
ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ
Qeyd
olunanlardan belə nəticə alırıq ki, əş’əri məzhəbinin iki mühüm xüsusiyyəti var
idi:
1.
Əqlin əqidəvi məsələlərdə dəxaləti:
Əş’əri
çalışırdı ki, Qur’an və sünnəni əsas me’yar götürməklə yanaşı, ayələrin,
hədislərin, əqidə prinsiplərinin tanınmasında və dərk olunmasında əqli
qaydalardan da istifadə etsin və həqiqətdə əhli-hədis məzhəbində islahat
apararq, onu əqlyönlü bir məzhəb şəklinə salsın. Baxmayaraq ki, o, «hüsn və
qübhi əqli» (ağlın yaxşı və pisi ayırd etmək qüdrətinə malik olması) kimi əqli
bir məsələni heç vaxt qəbul etməmişdir.
2.
Mö’tədil mövqe:
Əş’ərinin
fikri bu idi ki, əhli-hədisin təfrit nəzərləri ilə mö’təzilənin əqlə əsalət
verməkdə olan ifrat nəzəriyyələri arasında mö’tədil bir məktəb yaratsın.
Məsələn, o, qəza və qədər, cəbr və ixtiyar kimi bəhslərdə əhli-hədisin cəbrə
meyilli olan nəzərləri ilə mö’təzilənin təfviz nəzəriyyəsi arasında «kəsb»
nəzəriyyəsini irəli sürmüşdü. Yaxud, xəbəri sifətlər barəsində əhli-hədisin
həmin sifətlərin zahiri mə’nasını götürərək, Allah üçün əl, üz və s. isbat etmək
əsasında olan nəzəriyyəsi ilə mö’təzilə firqəsinin bu sifətlərin yozulması
nəzəriyyəsi arasında «xüsusiyyətsiz» qeydi ilə xəbəri sifətləri isbat edərək
bəyan etdi.
Qeyd
olunanlardan əş’əri məzhəbinin səciyyəvi xüsusiyyətləri, habelə Əbul Həsən
Əş’ərinin əqidəvi bəhslərin kəlami cəhətdən araşdırması və onun əqli-kəlami
bəhsləri işıqlandırması, eləcə də mö’tədil, əql, məntiq və istidlalla müdafiə
olunası bir məzhəbi tə’sis etmək üçün seçdiyi yol idi. Amma onun öz məqsədinə
çatmaqda nə qədər müvəffəqiyyət qazandığına, öz məzhəbinin əqidəvi prinsiplərini
əqli və bürhani istidlal üzərində qura bilməsinə gəldikdə isə, bu məzhəbin
əqidəvi və fikri əsaslarının araşdırılmasından aydın olur.
Özünü
mö’təzilə və əhli-hədis məzhəblərindən ayıran əş’əri firqəsinin əqidəvi əsasları
aşağıdakılardır:
1.
Allah və ilahi sifətlər məsələsi;
2.
İnsanın ixtiyarı;
3.
Əqli gözəllik və qəbahət; (ağlın yaxşı və pisi ayırd etmək qüdrətinə malik
olması)
4.
Allahın gözlə görünməsinin mümkün olub-olmaması;
5.
Qur’anın məxluq olub-olmaması;
6.
İnsanın bacarığından artıq işlərə mükəlləf olub-olmaması;
7.
Və’də və vəid;
8.
Allahın işlərinin əqli, yaxud qeyri-əqli üsullar əsasında olub-olmaması;
9.
Allah tərəfindən bəndələrlə əlaqədar ən səlahiyyətli işə riayət etməyin vacib
olub-olmaması.
Altıncı
dərsdə Əş’ərinin xəbəri sifətlərlə əlaqədar nəzərləri araşdırıldı; gələn dərsdə
isə əş’əri məzhəbinin nəzərlərinin ən mühümləri ilə tanış olacaqsınız.
1.
Əbul Həsən Əş’əri öz məktəbinin bünövrəsini qoyan zaman hansı təfəkkürlərlə
qarşılaşmışdı?
2.
Əhli-hədis hansı bəhslərin işıqlandırılmasını bid’ət saymışdır?
3.
Əş’əri əhli-hədisin kəlami bəhslərlə müxalifətçilikləri qarşısında hansı
dəlillərdən istifadə edirdi?
4.
Əş’əri məzhəbinin mö’təzilə ilə olan ixtilafları hansı üsullarladır?
5.
Əş’əri məzhəbinin xüsusiyyətlərini bəyan edin. |