QIRX YEDDİNCİ DӘRS
Nəql olunmuş rəvayətlərdə möminlərə paltar və bədənlərinin səliqə və təmizliyinə diqqət yetirmələri ilə yanaşı, gözəl ətirlərdən istifadə etmələrinə də təkid olunmuşdur. Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə möminlərin, ətirlərdən istifadə etməsi məsləhət görülməklə yanaşı, böyük savaba nail olacaqları haqda da danışılmışdır.
Peyğəmbər (s) buyurur:
«Gözəl iy qəlbə güc verir».(Üsuli-kafi, 6-cı cild. )
«Әtir vurmaq peyğəmbərlərin gözəl adət ənənələrindən olmuşdur».(Həmən mənbə. )
İmam Riza (ə) buyurur:
«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də gözəl ətirlərdən istifadə etmək olmuşdur».(Həmən mənbə. )
İmam Sadiq (ə) buyurur:
«Həqiqətən Allah gözəllik və zinətləndirməyi sevər, qəmginlik və qaraqabaqlığı xoşlamaz. Allah-taala Öz bəndəsinə nemət bəxş etdiyi zaman onun əlamətlərini Öz bəndəsində görmək istər. Onun qəmgin və qaraqabaq görməsini isə əsla istəməz. İmam Sadiq (ə)-dan bunun necə olduğunu soruşduqda buyurur: «Paltarını təmizləyib, gözəl ətirlər vurmuş olsun və evinin divarlarını ağardıb tozunu alaraq səliqə-səhmana diqqət yetirsin. Həqiqətən gün batmazdan əvvəl həyəti işıqlandırmaq həm yoxsulluğa son qoyur, həm də ruzinin artmasına səbəb olur».(Məkarimul-əxlaq, Təbərsi.)
Peyğəmbər (s) buyurur:
«Dünyanızda məni sevindirən iki şey var: Ailə qurub gözəl ətirlərdən istifadə etməniz, gözlərimə nur verən isə namazdır».(Biharul-ənvar, 76-cı cild, bab-19. )
Peyğəmbər (s) buyurur:
«Dörd şey peyğəmbərlərin gözəl adət ənənələrindən olmuşdur: Gözəl ətirlərdən istifadə etmək, ailə qurmaq, dişləri yumaq və vaxtaşırı hənadan istifadə etmək».(Həmən mənbə.)
Başqa bir hədisdə buyurur:
«Mələklər gözəl ətirləri iylədikləri üçün möminlər bu gözəl sünnəni tərk etməməlidirlər. Elə isə cümə günlərində ətir vurmağı unutmayın».(Üsuli-kafi, 6-cı cild. )
İmam Cəfər Sadiq (ə) buyurur:
«Gözəl ətirlərə nə qədər pul xərcələsəniz israfa yol vermiş olmazsınız».(Həmən mənbə)
İmam Musa Kazim (ə) buyurur:
«İnsan ətir vurmağı tərk etməməlidir. Әgər gündəlik ətirdən istifadə etməyə imkanı olmazsa, iki gündən bir, buna da qadir olmadıqda, heç olmasa həftədə bir dəfə ətirdən istifadə etməlidir».(Həmən mənbə)
İmam Cəfər Sadiq (ə) başqa bir hədisdə buyurur: «Peyğəmbər (s) ətirə çörəkdən daha çox pul xərclərdi».(Məkarimul-əxlaq, Təbərsi. )
Әli (ə) buyurur:
«Bu bir həqiqətdir ki, Peyğəmbərə (s) ətir və ya şirniyyat şeyləri gətirdikdə heç vaxt onu geri qaytarmazdı».(Üsuli-kafi, 6-cı cild. )
Әnəs ibni Malik deyir:
«Peyğəmbər (s) sovqat olaraq gətirilən ətirləri geri qaytarmazdı.»(Sünəni ibni Macə, 8-ci cild.)
Səhabələrdən biri deyir: «İmam Sadiq (ə)-dan sovqat olaraq verilən ətrin geri qaytarılmaması haqda soruşduqda buyurur:
«Belə bir böyük hörməti geri qaytarmaq yaxşı iş deyildir».(Vəsailüş-şiə, 1-ci cild. )
EV VӘ ӘTRAF MÜHİTİN TӘMİZLİYİ
İslam dini paltar və bədənin təmizliyinə diqqət yetirdiyi kimi, ev, ətraf mühit və məişət əşyalarının da təmizliyinə böyük əhəmiyyət verir. İstər Peyğəmbər (s), istərsə də onun sadiq davamçıları olan Məsum imamlar (ə) bədən və məişət təmizliyinə xüsusi diqqət yetirmiş və müsəlmanlara bu məsələyə ciddi yanaşmalarına təkid etmişlər.
Belə ki, istər əxlaq və davranış, istərsə də ictimai və məişət nöqteyi-nəzərindən hər bir müsəlmanın həyat tərzi başqalarına örnək və nümunə olmalıdır.
Bütün bunlarla yanaşı, təmizliyə riayət olunması haqda nəql olunmuş hədis və rəvayətlərdə natəmizliyə yol verilməməsinə və bunun nəticəsində bir çox xəstəliklərin qarşısının alınmasına xüsusi diqqət yetirilmişdir. Bunun üçün də nəql olunmuş bir çox rəvayətlərdə hər hansı bir əməlin bir çox qorxulu xəstəliklərin qarşısının alınmasına işarə olunmuşdur. Bəlkə də rəvayətlərin bir çoxunda Şeytan deyildikdə, müxtəlif virus və mikroblar nəzərdə tutulur.
Peyğəmbərin (s) buyurduğu «Bığlarınızı çox uzatmayın ki, Şeytan orada özünə yer etməsin» - hədisini buna misal göstərmək olar.
Bunun üçün də əgər hər bir müsəlman öz məişət və ictimai həyatında Peyğəmbərin (s) və Məsum imamların (ə) tövsiyələrinə əməl etsə, ətraf mühitin və özlərinin sağlamlıqlarını təmin edəcək və çox nadir hallarda xoşagəlməz hadisə və xəstəliklərlə qarşılaşmış olacaqlar.
Bu dərsimizdə ilk növbədə Məsum imamların (ə) ev və şəxsi əşyaların təmizliyinə riayət olunması haqda etdikləri tövsiyələrdən söhbət açacaq, daha sonra ətraf mühitin və ümumi yerlərin təmizliyinə riayət olunması barədə nəql olunmuş hədis və rəvayətlərin bir neçəsini gətirəcəyik.
Lakin hər şeydən əvvəl nəzərdən qaçırmamalıyıq ki, hər bir müsəlman fərdi təmizliyə riayət etməklə yanaşı, ətraf mühitin və başqalarının narahatçılığına səbəb olacaq natəmizliyə və hüquqlarının taptalanmasına da yol verməməlidir.
İmam Məhəmməd Baqir (ə) buyurur:
«Evi vaxtaşırı təmizləyib süpürgələmək yoxsulluğu aradan aparır».(Vəsailüş-şiə, 3-cü cild)
İmam Cəfər Sadiq (ə) buyurur:
«Qabların və evin təmizlənməsi ruzinin çoxalmasına səbəb olur».(Həmən mənbə.)
Peyğəmbər (s) buyurur:
«Şeytan özünə sığınacaq tapmasın deyə, yeməkdən əvvəl əllərinizi sildiyiniz bulaşıq dəsmalları və evi süpürdükdən sonra toz və zibili qapının arxasında saxlamayın».(Biharul-ənvar, 76-cı cild, bab-36. )
Başqa bir hədisdə buyurur:
«Şeytan özünə yer etdiyi üçün, istər axşam, istərsə də gündüz atılası zibili evlərinizdə saxlamayın».(Vəsailüş-şiə, 3-cü cild. )
Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
«Yağlı əl dəstmallarınızı evlərinizdə saxlamayın, çünki Şeytan orada özünə sığınacaq tapır».(Biharul-ənvar, 76-cı cild, bab-36. )
Həmçinin Peyğəmbər (s) buyurur:
«Şeytanlar evlərinizdə hörümçək torlarında sakin olarlar».(Vəsailüş-şiə, 3-cü cild. )
Әli (ə) buyurur:
«Evlərinizi hörümçək torlarından təmizləyin, onların qalması fəqr və yoxsulluğa səbəb olur».(Həmən mənbə.)
İmam Cəfər Sadiq (ə) buyurur:
«Peyğəmbər (s) çıraq olmadan qaranlıq evlərə girməyi qadağan edərdi».(Həmən mənbə.)
Başqa bir rəvayətdə deyilir:
«Gün batmazdan əvvəl ev və həyəti işıqlandırmaq ruzini artırır və yoxsulluğa son qoyur».(Həmən mənbə.)
Nəql olunmuş rəvayətlərdə yol (küçə, dalan), su kanallarına, meyvəli və kölgəsindən istifadə olunan ağacların dibinə, mənzil, məscid kənarına, ümumiyyətlə camaatın istifadə etdiyi və narahatçılıqlarına səbəb olacaq ümumi yerlərə sidik və nəcasət ifraz olunması qətiyyətlə yasaq olunmuşdur.
Demək, möminlər ətraf mühitin və yaşayışlarının dözülməz hala düşməsinə səbəb olacaq bu kimi xoşagəlməz işlərə yol verməməlidirlər.
İmam Cəfər Sadiq (ə) atasından nəql edərək deyir: «Peyğəmbər (s) camaatı içmək üçün istifadə etdikləri quyu və çaylara, həmçinin meyvə ağaclarının dibinə nəcasət ifraz etməyə yasaq edərdi».(Vəsailüş-şiə, 1-ci cild. )
Başqa bir hədisdə buyurur:
«Peyğəmbər (s) buyurardı: Kölgəliklərə nəcasət ifraz edənlər, ümumi su quyularından istifadə etməyi qadağan edənlər, ümumi yolları bağlayanlar Allahın lənətinə gələrlər».(Həmən mənbə.)
İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurdu: Ey müsəlman ümməti! Allah-taala iyirmi dörd şeyi sizlərə yasaq edir. Onlardan biri də çaylara sidik və meyvə ağaclarının dibinə nəcasət ifraz etməməyinizdir.»(Həmən mənbə.)
Bir şəxs imam Zeynəlabidin (ə)-dan soruşur: «Qərib bir insan harada dəsətəmaz alıb nəcasətini ifraz etməlidir?» İmam Zeynəlabidin (ə) sualın cavabında buyurur: Çaya, axar sulara və meyvəli ağacların dibinə və ümumiyyətlə camaatın narazılığına səbəb olacaq yerlərə sidik və nəcasət ifraz etməməlidir».(Həmən mənbə.)
1. Peyğəmbər (s) gözəl ətirlər haqda nə buyurur?
2. Әtir almaq üçün nə qədər pul xərclənməlidir?
3. Peyğəmbər (s) və Məsum imamlar (ə) yaşayış yerlərinin təmizliyi haqda nə fikirdə olmuşlar?
4. Nəcasətin ifraz olunması haralarda yasaq olunur?